Səfərdən qalmayan söz sarvanı - Ənvər Məmmədxanlı  

 

 

Bu il 110 illiyi qeyd olunan Xalq yazıçısı Ənvər Məmmədxanlı ədəbiyyatımızda öz yeri, tərzi, çəkisi olan ədiblərimizdəndir. O, Azərbaycan ədəbiyyatında lirik-fəlsəfi-psixoloji nəsrin banilərindən sayılır. Ə.Məmmədxanlı ədəbiyyatda öz sözünü deməyə ilk irihəcmli əsəri olan "Burulğan" povesti ilə başlayıb. "Burulğan" Bakı neftçilərinə həsr olunmuş, "istehsalat mövzulu" əsər olsa da, burada əsas diqqət obrazların psixoloji-emosional baxımdan açılmasına, beləliklə, müəllifin mövqeyinin konkretləşməsinə yönəlmişdi. Baxmayaraq ki, yazıçı özü bu əsərinə kifayət qədər tənqidi yanaşırdı.

Ə.Məmmədxanlı "anadan yazıçı kimi doğulmuşdu" və həyatdan "təmənnası ancaq ədəbiyyat idi". Oxuduğu-işlədiyi hər sahə - istər Sənaye Texnikumu olsun, ya zavodda texnik, eləcə də Azərbaycan Neft İnstitutunda təhsil, "Azərnəşr"də redaktor, ya Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyanın tərkibində müxbir kimi döyüş yolu keçməsi - ona zəngin həyat təcrübəsi qazandırmış, aldığı həyat bilgilərini sevə-sevə əsərlərinə köçürmüşdü. Elə buna görə də, əsərləri həyatın bütün sferalarını əhatə edirdi. Onun əsərlərinin fərqli, cəlbedici havası var. Yaradıcılığına daldıqca "Bakı gecələri"nə vurulursan, "Karvan dayandı" ilə fəxr edirsən, "Buz heykəl"ə mat qalırsan, "Şərqin səhəri" düşündürür...

Əslində onun sevimli ədəbi övladı hekayə idi. Ə.Məmmədxanlını yazıçı kimi formalaşdıran, məşhur edən məhz hekayələri olmuşdu. Ən gözəl nümunələri 1930-40-cı illərdə qələmə almışdı. "Bakı gecələri", "Buz heykəl", "Ay işığında", "Baş xiyabanda" və digərləri həmin dövrdə yaranmışdı.

Mənim Ə.Məmmədxanlı irsi ilə tanışlığım, əksər yaşıdlarım kimi, "Buz heykəl"dən başlamışdı. Məktəbdə keçdiyimiz, yarım əsr ötsə də (mənim üçün) xatirimizdə dünən oxumuşuq kimi təzə qalan həmin o "Buz heykəl"dən. Analıq abidəsindən, himnindən. Zamanla məktəb proqramından uzaqlaşıb sinifdənxaric oxuya yaxınlaşdıqca Ə.Məmmədxanlı yaradıcılığı ilə böyük tanışlıq başladı.

"Bakı gecələri" yazıçının ən parlaq əsərlərindən olub, hər cür "müsabiqə"dən və müqayisədən kənardır. O, hamının bildiyi sözü elə deyir ki, elə bil indiyə qədər deyilməyib. Bu əsərində Bakının gecələrini narın ruh adamı, duyğu yazıçısı kimi hekayət edir. "Danışır da" demək olar, amma mən belə demək istədim, bunu uyğun bildim. "Bakı gecələri" poeziyaya yaxın hekayədir, əsər bir "kəlağayı kimi işlənib".

Cənub mövzusu həmişə Şimali Azərbaycanda ədəbiyyatın əsas xətlərindən olub. Ə.Məmmədxanlı da bu mövzudan kənarda qalmayıb, Güneyə silsilə əsərlər həsr edib. Əsərlərində nəql edilən hadisələr, əhvalatlar xəyali deyil, əyanidir. Elə götürək Təbrizin təsvirini. Müharibə vaxtı orada xidmət edən yazıçı "şəhərlərin gözü və gözəli Təbriz"in rəsmini belə çəkirdi: "Güneydəki başı qarlı uzaq və böyük dağlar ilə qırmızı torpaqlı, kiçik və yaxın dağlar arasındakı bu şəhər Təbriz idi" ("Babək" romanı). Əslində, adi təsvirdi. Amma bu təsviri qiymətli edən canlı görən hekayəçi, şimaldakının həsrəti, hər ikisinin Təbriz sevgisi idi. "Baş xiyabanda" və "Karvan dayandı" hekayələri də Cənub silsiləsindəndir.

 

Ə.Məmmədxanlının əsərləri həm də orijinal finalı ilə seçilir. Süjet öz bədii həllini finalda tapır. Yazıçı sonda oxucunu təəccübləndirməyi, gələcəyə yeni başlanğıc, bir ümid yeri qoymağı sevir. "- Elədir, həmişə yollardayam, sarban - sinəmdən keçən arzular karvanıyla yol gedirəm... və gedəcəyəm son nəfəsimə kimi..." ("Karvan dayandı") Bitirmək həmişə çətindir. Yarımçıq, uğursuz bədii sonluq ən gözəl əsəri də heç edə bilər.

1944-cü ildə yazıçı "Karvan dayandı" hekayəsini yazır. Ə.Məmmədxanlı bu əsəri ilə sübut etdi ki, insanın adı, əqidəsi, qüruru, şəxsiyyəti canından qabaqdır. Əsər oxucunu son hərfinə qədər "buraxmır". Sehirli səsə sahib Odunçuoğlu tam azad bir insandır. Müəllif dövründən dolayı xiffətini çəkdiyi azad ruhu öz qəhrəmanında yaşadır. O, yəqin ki, xəyali bir obrazdır, çünki bu qədər mətin, dönməz, heç bir halda yumşalmayan, əyilməyən, sınmayan, əqidəsinə sadiq birinin real olduğuna inanmaq çətindir. Hətta, anidən düşündüm ki, ona Daşdəmir, Qorxmaz, Polad adları daha çox yaraşardı (Bu da artıq mənim fantaziyam olsun...) "Xan gülümsəyərək içəri girmişdi, gəlmişdi onun qoluna girmişdi, özüylə bərabər qonaq otağına aparmışdı və yuxarı başda öz yanında ona yer göstərmişdi". O isə xalqın məhəbbətini seçir. Dinmir, etiraz, üsyan etmir, qorxmur, dinməz-söyləməz qapıya doğru gedir. Əslində, hər yazıçıya xas xüsusiyyətdir; arzuladığını, görmək istədiyini gerçək kimi qələmə vermək...

İndi bir qədər "Ə.Məmmədxanlı hekayə ustasıdır" postulatından uzaqlaşıb onun teatr və kino sahəsindəki xidmətlərindən danışaq və bu, daha geniş söhbətin mövzusudur. Tənqidçi C.Cəfərov 1963-cü ildə yazırdı: "Hekayə ustası Ənvər dramaturgiya və romançılıqda da yeni və mənalı söz demək iqtidarındadır... Ədəbi təcrübə göstərir ki, istedadlı yazıçılar həyatı rəngarəng gördüklərindən bir janr daxilində qala bilmirlər, çünki bu halda öz istedadlarını daha yaxşı ifadə edə bilir, daha əhatəli bir təmas yaradaraq ona daha mükəmməl təsir göstərə bilirlər". Ə.Məmmədxanlının daha sonra iri epik formalara müraciət etməsi, janrdan- janra keçib özünü müxtəlif növlərdə sınaması, əsla onun əsərlərinin keyfiyyətini aşağı salmadı, təsir qüvvəsini azaltmadı. Və yazıçı bütün janrlarda "öz janrına" - lirik təhkiyəsinə sadiq qaldı. Onun sərt realizmi də yetərincə romantikdir. Əsərlərində həm fikir, həm estetika qoşa addımlayırdı. 1957-ci ildə respublikanın baş teatrında tamaşaya qoyulan "Şərqin səhəri" dramı "Azdramanın tarixində bir səhifə" oldu. Belə deyirlər ki, teatr həyatın inikası yox, böyüdücü şüşəsidir. Dünya dəyişir, insanın xisləti isə həmin cürdür. Səhnə işıqları, səhnə tərtibatı öz yerində, tamaşanı tamaşa edən ilk növbədə dramaturqun ideyalarıdır. Pyes SSRİ Dövlət mükafatına layiq görülsə də, hansısa naməlum səbəbdən əsərin müəllifi mükafatdan kənarda qalmışdı. Uzun zaman fasiləsindən sonra Xalq artisti Lütvi Məmmədbəyov özündə cəsarət taparaq Adil İsgəndərovdan sonra "Şərqin səhəri"nə yeni həyat verdi. Dramaturq televiziya variantına başlanğıcda etiraz etsə də, sonda - əsasən Səməndər Rzayevin Ağalarov rolunda möhtəşəm çıxışına görə - bu tamaşadan məmnun qalmışdı. "Səninlə mənimki qalsın sonraya, Bakı. Vaxt gələr, mən qayıdaram. Bax, məhşər o zamandır", - deyən Ağalarov obrazı sanki aktyorun boyuna biçilmişdi. Qalmışdı obraza uyğun açar salmaq, düzgün "parol" tapmaq ki, aktyor bunun öhdəsindən yüksək səviyyədə gələ bilmişdi.

Ə.Məmmədxanlının əsərlərinə minor lad hakim olsa da, "Şirvan gözəli" pyesi ilə sübut etdi ki, çox rahatlıqla yaradıcılığının yönünü dəyişə bilər. Onun, demək olar, yeganə şaqraq əsəri həmin bu lirik komediyasıdır. Belə köklü dəyişiklik, müasirlik Stalinin ölümündən sonra ölkədə baş qaldıran yeni ab-havanın təsirindən də ola bilərdi. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdü.

Ə.Məmmədxanlının ssenariləri əsasında çəkilmiş filmlər kinostudiyamızın qızıl fonduna daxil edilib. O, Moskvada Ali Kinemotoqrafiya İnstitutunun müdavimi kimi bu sahənin də peşəkarı idi. "Alma bağları", "Fətəli xan", "Babək" filmlərinin ssenarisi ona məxsusdur. Kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun" filminin də ssenari müəllifi Ə.Məmmədxanlıdır. Kino-variant Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında yazılmış, müəyyən qədər də Nizamidən götürülmüşdür. Lakin ssenari müəllifin poetikasına və üslubuna uyğun ifadəli, canlı dil ilə qələmə alındığına görə böyük ekranda tam fərqli və yeni bir məhəbbət dastanını izləmək mümkün olmuşdu. Yazıçı məlum süjetdən bir vasitə kimi istifadə etmiş, xəyalındakı Məcnunu yarada bilmişdir. Ə.Məmmədxanlı Qeysi Məcnun kimi deyil, nakam aşiq, incə qəlbli şair, mütəfəkkir, filosof kimi təqdim etmişdi. Film 1961-ci ildə rus dilində çəkilsə də, sonradan dilimizə dublyaj edilmişdi. Yaradıcı heyət dövrün tələblərinə cavab verən ekran işi ərsəyə gətirmiş, film kino aləmi və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.

"İntizar" 20 dəqiqəlik kino-novelladır. "Ananın çırağı" hekayəsi əsasında 1969-cu ildə çəkilmiş, Mərkəzi Televiziya ilə Ümumittifaq miqyasında nümayiş olunmuşdu. Ssenaridə 20-ci illər abreviaturası ilə qeyd edilən dövrdən və həmin dövrün inqilabi hadisələrindən danışılır. Bu lentə "Vətən" kino-teatrında baxmağım yaxşı yadımdadır. Qış tətilimizdə məktəbdən kollektiv getmişdik. Xatırlayıram ki, filmdən çox təsirlənmişdim. Filmin epizodlarından hardasa bizim yaşda oğlan, pəncərədən görünən çaxnaşma, əli məşəlli kütlə indi də gözümün qabağındadır. Bir də, başı qarayaylıqlı, əliçıraqlı qadın... İnqilabi hadisələr zamanı oğlunu itirən, canından can ayrılan ana ağrısını xəfiflətmək üçün bir oğlan uşağını övladlığa götürür, ona öz balası kimi baxır, layiqli insan olması üçün çalışır. Ümumiyyətlə götürəndə, Ə.Məmmədxanlı öz doğma mövzularından demək olar ki, kənara çıxmır. Ana məhəbbəti, cənub mövzusu, inqilab, neft, tarixə müraciət...

Ə.Məmmədxanlı ömrünün son 20 ilini "Babək dünyasının qiyabi sakini" olaraq yaşamışdı. Xalq qəhrəmanının həyat və mübarizəsinə çox uzaqlardan - "hicri ilə ikinci yüzilliyin sonları, miladi ilə doqquzuncu yüzilliyin əvvəllərindən" başlayan yazıçı sonradan mövzunu yığıb-yığışdıra bilməmiş, özünə tələbkarlığı və sənətkar vasvaçılığı da bir tərəfdən "mane" olmuşdu. Hətta, "Babək" filmini bir il ərzində 35 milyon tamaşaçı izləməsinə, Naxçıvanın böyük bir rayonunun həm də filmin şərəfinə onun adı ilə əbədiləşdirilməsinə baxmayaraq, ssenarist ekran işini bəyənməmişdi. O, Babəkə bir neçə janrda yanaşmış, tarixiliyi saxlamaqla, dövrü, mühiti bədii əks etdirmişdi. Mövzu uzaq, dərin və çəkdikcə çəkirdi. Yazıçının ölümündən sonra da onun "Babək"i yaşayır. 2018-ci ildə roman Türkiyədə nəşr olundu. Elə tarixi əsərlər var ki, əfsanəsi qəhrəmanını üstələyir. "Hərb və sülh" romanı, "Vaqif" dramı kimi... Hələ "Paris Notrdam" da var ki, kilsəni sökülməkdən xilas etmişdi. Babəkin tarixdən ədəbiyyata adlaması böyük istiqlalçı C.Cabbarlının adı ilə bağlıdır. Dramaturq özünün "Od gəlini" faciəsini sərkərdə Babəkə həsr etmişdi. Pyesin ilkin adı "Babək" olsa da, sonradan yazıçı özünəməxsus romantik pafosla onu "Od gəlini" adlandırmışdı. Ə.Məmmədxanlının "Babək"indən fərqli olaraq, "Od gəlini"ndə "sənədləşdirilmiş tarix və tarixi şəxsiyyətlər" yoxdur. Əsər daha çox tarixi-romantik dram kimi qiymətləndirilir. C.Cabbarlı da bu mövzu üzərində 3 il çalışmış, rejissor A.Tuqanov bu tamaşanı "həyəcan baxımından ən güclü" əsər hesab etmişdi.

Ə.Məmmədxanlının şair təbiəti əsərlərinin dilini də şairanə edir. Əsərlərinin dili mənsur şeiri xatırladır. Nəsrlə yazılıb, poeziya kimi oxunur. Onun kədəri də işıqlıdır. "Şair" Ə.Məmmədxanlının lüğət fondu xüsusi zənginliyi ilə seçilir, qulağa xoş gəlməklə dilin də estetikliyini artırır. Elə ifadələr var ki, müəllif onları bilərəkdən obrazların dilinə daxil edir: "Ada, çöllü balası, otur gedək, yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni çiynindən, papağını başından çırpışdırarlar". Və yaxud: "Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır". "Onun təqdimində ana dili olduğu gücdə görünür", ucaldıqca ucalır, gözəlləşdikcə gözəlləşir. "Dənizdən həzin bir külək əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, doğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona baxırdı və qız şəhərin o qızıl işıqları önündə sirli bir rəqsə başlayırdı". Oxuduqca Azərbaycan dilinə bir daha, dönə-dönə vurulursan. Yazıçı doğma dilin əsl bilicisi kimi ona sahib çıxır, təəssübünü kiməsə buraxmırdı.

Ə.Məmmədxanlının zəmanə cəhətdən bəxti gətirməmişdi. Necə deyərlər, uyğun olmayan zamanda, uyğun olmayan yerdə dünyaya gəlmişdi. Əslində, bu tək onun yox, bütün müasirlərinin talesizliyi, faciəsi idi. Amma nisbət həmişə var və bu nisbət gənc yazıçının xeyrinə deyildi. Şəxsi həyatında uğursuzluqla üzləşən Ə.Məmmədxanlı qlobal tənhalığını batırmaq, həyatı tuta bilmək üçün mehrini dəftər-qələmə saldı. "Neçə-neçə bədii niyyətlər xəyalında növbəyə dayanıb öz icrasını gözləyirdi". Bununla da, həm özünü xilas etdi, həm də ədəbiyyatımızı lirik prozasız qoymadı. Ümumiyyətlə götürəndə isə, Ə.Məmmədxanlı yaradıcılığını bəyənən, sevən oxucunu cəsarətlə yüksək zövq sahibi kimi xarakterizə etmək olar.

O, bir az-bir az öz qəhrəmanlarına bənzəyirdi, özündən həm Məcnuna, həm Bəhruza, eləcə də Yunisə, Odunçuoğluna pay vermişdi. Hər qəhrəmanın da dərdi bəs qədərdir və özünə bəsdir. "İnsanlar həmişə elə özlərini yazırlar". Özün haqqında danışanda da dayanmaq çətindir. Belə fikir də var ki, (haqsız da sayılmaz) yazıçı haqq dünyasına köçəndə əsərləri yetim qalır. Yəni, unudulmaq, yaddan çıxmaq, daha nəşr olunmamaq qorxusu var. Ə.Məmmədxanlı bu sınaqdan üzüağ çıxmış, yaradıcılığı zamana, zövqə, "dəb"ə dayanıqlığı ilə bu gün də layiq olduğu fəxri yerindədir.

Ə.Məmmədxanlı zövqlü və mükəmməl tərcüməçi idi. Avropa və rus klassiklərindən etdiyi çevirmələrində az qala əsərin müəllifi səviyyəsinə yüksəlirdi. Ədib ədəbiyyatımızın, mədəniyyətimizin, dilimizin inkişafı üçün çalışırdı. Onun yaradıcılığı həm də maarifləndirici idi. "Azərbaycan ədəbiyyatının böyük dəryasında öz adası" olan Ə.Məmmədxanlı həm də, təmkinli yaradıcılığı ilə "şəxsiyyətinin ucalığında dayanan sənətkar idi". Ona zamanın içində üzən buz adası da deyirlər. Mənə görə isə o, həyatın aylı tərəfində yaşayıb yaradırdı. Günəşli tərəf isti olsa da, aylı tərəf daha gözəl görünür.

 

Dilarə ADİLGİL

525-ci qəzet.- 2023.- 12 aprel.- S.12;13.