Bakıda Teatr Forumu keçirilir

 

"AZƏRBAYCAN TEATRI - 150: İNKİŞAF PERSPEKTİVLƏRİ" MÖVZULU FORUM "HEYDƏR ƏLİYEV İLİ" ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL EDİLİB

 

 Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaşlığı ilə "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu işə başlayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil edilən Forumda nazirlik rəsmiləri, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri, xarici qonaqlar və jurnalistlər iştirak ediblər.

Əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında geniş məlumat verib. Bildirib ki, Birinci Teatr Forumu "Heydər Əliyev İli" çərçivəsində mədəniyyətin inkişafında böyük xidmətləri olmuş Ulu Öndərin 100 illiyi ərəfəsində keçirilir. Nazir müavini Mədəniyyətin inkişafına, xüsusən teatr sənətinə öz diqqət və qayğısı ilə bütün dünya liderlərinə örnək şəxsiyyət olan Ümummilli Liderin teatr və sənət haqqında ölməz fikirləri olduğunu da vurğulayıb: "Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemlidoğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqli dəyərləndirməliyik".

Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən A.Kərimli bildirib ki, bu gündən mədəniyyət könüllüləri də öz fəaliyyətinə başlayır.

O əlavə edib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: "Teatr sənəti daim təkmilləşməli, yeniləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək".

A.Kərimli mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunmuş bu cür forumların davamlı keçiriləcəyini diqqətə çatdırıb və bildirib ki, ilin sonunda ümumi Mədəniyyət Forumunun təşkili planlaşdırılır: "Aprelin 20-21-də Kino Forumu keçiriləcək. Bu çağırışları ilin sonunda Mədəniyyət Forumu adı altında yekunlaşdırmağı düşünürük".

Professor Məryəm Əlizadə çıxışında ilk dəfə teatrla bağlı Forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişaf naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna ümumi nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.

Çıxışın davamında M.Əlizadənin "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Forum panel müzakirələrlə davam etdirilib. Forumun ilk günündə keçirilən "Azərbaycan teatrında ənənələr trendlər" adlı birinci paneldə müzakirə üçün "Azərbaycan teatrının inkişafında yeni hədəflər", "Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları", "Müasir teatr tənqidinin funksiyası" mövzuları seçilib.

"Milli teatrda müasir rejissor aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma" adlı ikinci panelin müzakirə mövzuları isə "Müasir teatrda universal aktyor tipi" "Müasir rejissurada yeni təmayüllər" olub.

Yazıçı-dramaturq Əli Əmirli ƏSA Teatrına dövlət teatrı statusu verilməsini təklif edib. O bildirib ki, ƏSA Teatrı ölkədə fəaliyyət göstərən yeganə inkluziv teatrdır. Bu səbəbdən ona dövlət teatrı statusu verilməlidir.

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov bölgə teatrlarına dərəcələr verilməsi, teatr işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli teatrların kommunal ödənişlərdən azad olunması teatr jurnalının təsis edilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Panel müzakirələrində region teatrlarının problemləri, təyinat məsələləri, tamaşalarda rol alan uşaq aktyorların gələcək inkişafı kimi mövzularda da təkliflər səsləndirilib.

Forum öz işini bu gün davam etdirir.

Qeyd edək ki, Forum müddətində aparılan fikir mübadiləsi müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 12 aprel.- S.9.