Yol ayrıcında iki Kişi
O gün
müasir Azərbaycanın tarixindəki bir dövr bitir,
başqa bir dövr gəlirdi.
Bu hadisə
yayda baş verdi - 1969-cu il iyulun 14-də.
Əslində isə həmin günə
hazırlıqlar ilin əvvəlindən
başlanmışdı. Artıq yanvarda Kremldə
qət edilmişdi ki, Bakıda respublikanı idarə edən
birinci şəxs dəyişdirilməlidir.
İndi - iyulun 14-də son nöqtə qoyulurdu. Üzdən
baxanda təyinat edilən vəzifə nə qədər
sanballı olsa da, hadisə özü mahiyyətcə qeyri-adi
deyildi. Həmişə hansısa vəzifəyə
kimsə gəlib, kimsə gedib. Ancaq bu hadisənin, vəzifədən
bu gedişin, vəzifəyə bu gəlişin bütün
başqa məziyyətləri və
xırdalıqlarından savayı, dərin qatda gizlənən,
çoxlarının xəbərsiz qaldığı ibrətli
bir tərəfi də var ki, özündə öyüd, dərs
daşıdığına görə gərək mütləq
hekayət edilə və gərək hökmən bilinə.
Vəzifələr, kürsülər gəldi-gedərdir,
əməllər və dəyərlər yaşayandır.
Vəzifədən gedən Vəli Axundov, onun yerinə
gələn Heydər Əliyev idi.
Aralarındakı
il təfavütü çox olmasa da, onlar
fərqli yaş nəsillərinin təmsilçiləri sayıla
bilər. Vəli Axundov 1916-cı ildən idi,
Heydər Əliyev ondan 7 yaş kiçik. Vəli Axundov 1941-1945 müharibəsinin əzab və
sarsıntılarından da keçmişdi ki, bu da bəlli
yaşın üstünə əlavə yaş
artırır.
Onlar ailəvi yaxın olmuşdular. Özlərindən
daha əvvəl gələcək zövcələri Sara və
Zərifə rəfiqəlik etmişdilər, hər iki
xanımın ixtisasca oftalmoloq olması, hər ikisinin kökdən-əsildən
gələn kübarlığı aralarındakı ülfəti
və mehribanlığı daha da dərinləşdirmişdi.
Ev-eşik olandan sonra tədricən bu istilik gətirib
çıxardı ailəvi yaxınlığa.
Əvvəl Vəli Axundov respublikanın birinci şəxsi
oldu, ardınca Heydər Əliyev.
Nə o vaxt, nə bu vaxt səmimiyyət,
qarşılıqlı ehtiram dəyişmədi, soyumadı.
...1996-cı
il iyunun 21-də Azərbaycan Elmlər
Akademiyasında Vəli Axundovun 80 illiyinə həsr edilmiş
yubiley mərasimi keçirilirdi. Vəli Axundov artıq 10 il idi ki, həyatda yox idi. Azərbaycan
Prezidenti Heydər Əliyev kürsüdə idi və bu, sadəcə
nitq deyildi. O, çıxış etmirdi, dərs verirdi. Tarix və
insanlıq dərsi!
Bu yuvarlaq
ildönümünün ölkə
başçısının iştirakı ilə deməli,
bir dövlət tədbiri kimi keçirilməsi sırf onun
özünün təşəbbüsü idi və bunu da
açıqca bəyan edirdi: "Təəssüflər
olsun ki, belə bir yubileyin keçirilməsi haqqında mən
heç bir təşkilatdan, şəxsdən təşəbbüs
almamışam. Bu gün bu salona
ziyalılarımız, Vəli Axundovu tanıyanlar, ona hörmət
edənlər, onun qohum-əqrəbası toplaşıblar.
Amma heç kim təşəbbüs
göstərmədi ki, Vəli Axundovun yubileyi
yaxınlaşır, onu qeyd etmək lazımdır. Yada salmadılar. Mən çox
düşündüm. Uzun illər siyasi fəaliyyətim
zamanı mən belə hallarla rastlaşmışam. Hər dəfə də insanların bir-birinə,
xalqımızın dəyərli insanlarının xatirəsinə
belə biganəliyi məni narahat edibdir və bu gün də
narahat edir. Ona görə də mən bu
addımımla istəyirəm xalqımızı, millətimizi,
cəmiyyətimizi tariximizə, insanlara lazımi münasibət
göstərmək istiqamətinə yönəldim.
...Mən
Vəli Axundovu təxminən 1953-cü ildən
tanıyırdım və hətta sonralar lap yaxından tanış olmuşdum, bir yerdə işləmişdik.
Onun elmi fəaliyyəti, səhiyyə sahəsində
gördüyü işlər qiymətlidir. Ancaq Azərbaycan
Respublikasına on il rəhbərlik etmək
onun gördüyü bütün işlərin
hamısından ağır, çətin olubdur, bir daha qeyd
edirəm, bütün xidmətlərindən şərəfli
və üstün olubdur.
Mən o illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik
etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi
altında işləmişəm. Bəzən onun dərdlərini də
hiss edirdim, çətinliklərini də. Ona
görə də bəzən dərdini açıb söyləyərkən
mən onun dərdinə şərik olurdum və imkan dairəsində
çalışırdım ki, ona kömək edim. O
vaxt Vəli Axundov Birinci katib, yəni Azərbaycanın birinci
rəhbəri olarkən mən respublikanın dövlət təhlükəsizliyi
orqanının başçısı kimi həmişə
prinsipial mövqedə dururdum və işlərin prinsipial surətdə
həyata keçirilməsinə
çalışırdım. Onun bütün məsələlərdə,
hamıdan fərqli olaraq, həmişə sağlam mövqe
tutduğunun şahidi olmuşam.
O dövr
ağır, çətin bir dövr olub və Vəli Axundov
bütün imkanlardan istifadə edərək Azərbaycana
layiqli rəhbərlik edibdir. Vəli Axundovu
tanıyan adamlar bilirlər, - mən də onu yaxından tanıyan
adamam, - o, çox hazırlıqlı insan idi, geniş
dünyagörüşünə malik idi.
...Vəli Axundov o vaxt onun ətrafında olan rəhbər
şəxslərin hamısından həm biliyinə görə,
həm insani mədəniyyətinə görə, həm alicənablığına
görə, həm də özünün və ailəsinin təvazökarlığına
görə seçilirdi və onların hamısından
üstün idi.
Mən bu gün deyə bilərəm ki, ona olan şəxsi
insani münasibətimi heç vaxt dəyişmədim".
Dərs və ibrət olan da elə budur, öyrəniləsi,
örnək götürüləsi cəhət, insan-insan
ötürülməyə yaraşan həmin nəciblikdir.
Bir vəzifədən gedənə o biri gələnin qənim
kəsildiyinə, bir uzaqlaşanın ardınca ortalıqda
yeni görünənin hansı föhşlər söylədiyini
azmı eşitdik?! Nə qədər deyilsə də ki, həyat
bumeranqdır, taleyin çarxı girdədir, etdiklərinin
özünə qayıtmaq qaçılmazlığı da
var, kimdir buna qulaq asan!
Amma
onların hər ikisinin - o iki müstəsna şəxsiyyətin
çox baxımdan ülgü olan ömürlərinin və
yollarının bu dürüstlüyü də gərək
unudulmaya, yaşadıla, davam etdirilə, hər kəsə
görk ola!
Bu, ən
inanımlı şahidin - Vəli Axundovun qızı
Nigarın mənə söylədiyidir: "Atam Heydər Əliyevə
çox inanır, ona qardaş qədər etibar edirdi!".
...Vəli
Axundov həmin vəzifəyə 10 il əvvəl,
1959-cu ildə, elə indi kürsüdən
ayrıldığı iyul ayında gəlmişdi. O vaxt da,
üstündən böyük zaman sovuşandan sonra, artıq
Vəli Axundovun həyatda olmadığı çağlarda
da yaxından-uzaqdan tanıyanlar bu nurlu insan haqqında söz
açanda sayğılarını gizlətməmişlər.
Elə onun respublikanın rəhbəri vəzifəsindən
getməsi xahişi ilə yazdığı ərizəni
müəyyən tərəddüddən sonra müsbət
cavablandırmağı qət etmiş Moskvanın da Vəli
Axundov haqda fikri bütövlükdə müsbət idi.
Tamamilə kənarlaşmasını istəmirdilər,
hələ 1969-un yanvarında ona karyerasını SSRİ-nin
Belçikadakı fövqəladə və səlahiyyətli
səfiri kimi davam etdirməyi tövsiyə etmişdilər.
Əslində bu təkilf Azərbaycanın sovet
tarixində özünəməxsus bir ilk idi. Birinci dəfə idi ki, bir azərbaycanlıya səfir
vəzifəsini tapşırmaq istəyirdilər. Özü də belə məsul məqamı ona
Avropada, bir kapitalist ölkəsində etibar etmək niyyəti
vardı və bunun özü Sovet İttifaqı rəhbərliyi
səviyyəsində Vəli Axundovun şəxsiyyətinə
müsbət münasibətin bariz ifadəsi idi. Ancaq Vəli Axundov həmin vəzifədən imtina
etmişdi və görünür, bu, daha çox
sağlamlığı ilə bağlı idı. Artıq səhhət böhranları - ürək
çatışmazlığı, yüksək şəkər
onu narahat edirmiş və fevralın ortalarından mayın əvvəllərinədək
Moskvada 3 ay müalicə də almışdı. Nigar xanım xatırlayır ki, Moskvanın Vəli
Yusif oğlunu səfir məqamında görmək istəyi
dilucu təklif də deyilmiş, hətta təkid imiş.
SSRİ xarici işlər nazirinin birinci müavini Vasili
Vasilyeviç Kuznetsov bununla bağlı iki dəfə
Kunsevoda müalicə alan Vəli Axundovun
yanına gəlibmiş. O, imtinasını fransız dilini
bilməməsi ilə əsaslandıranda Vasili Kuznetsov
qayıtmışdı ki, nə olsun, Valerian Zorin də səfirdir,
Parisdə oturub, fransızca da bilmir; səbəb gətirəndə
ki, uşaqlarım hələ kiçikdir, təhsilləri
yarımçıq qalacaq, dərhal bunun da müqabilində
söyləmişdilər ki, əksinə, orada ən
yaxşı kolleclərdə, ən prestijli ali məktəblərdə
oxuya biləcəklər; deyəndə ki, axı həm də
xəstəyəm, yenə gülümsəmişdilər:
"Siz gedib Brüsseldə sovet səfirliyinin yerləşdiyi
malikanənin gözəlliyini görsəniz, həyat
eşqiniz də artacaq, xəstəlikləriniz də
yadınızdan çıxacaq, üstəlik, orada -
Belçikada ən yaxşı müalicə almaqçün
də bütün imkanlarınız olacaq" (Vəli
Axundovdan müsbət cavab alınmadığından 1969-cu
ilin 28 mayında Belçikaya SSRİ XİN Protokol İdarəsinin
rəisi Fyodor Moloçkov səfir göndərilmişdi və
tərifli səfarətxana binasında işləmək onun
qismətindəymiş. Təyinatın tarixinə və ora
XİN-də hansı vəzifəni daşıyanın
göndərilməsinə ona görə diqqət yönəldirəm
ki, Kreml məsələni elə mayda həll etmək istədiyindən
Vəli Axundovla o aralarda intensiv danışıqlar
aparılırmış, nəticə hasil olmayanda da həmin
xüsusi önəm verilən vəzifəyə yetərincə
təcrübəli və yüksək ranqlı diplomatı
yollamışdılar). Nigar xanımın sözlərinə
görə, Vasili Kuznetsov, yəqin ki, aldığı
tapşırığa əsasən Vəli Axundovu səfir
getməsindən ötrü razı salmaqçün inad edərkən
bunu da deyirmiş ki, orada bizə sizin kimi təcrübəli,
inanılmış bir şəxsiyyət lazımdır.
ABŞ-ın Belçikadakı səfiri Prezident Riçard
Niksonun ailə üzvüdür, cavan bir adamdır, siyasətdə
sizin yanınızda o, bir uşaq kimidir, biliyinizlə,
nüfuzunuzla o, sizin kölgənizdə
qalacaq.
Moskvanın NATO mənzil-qərargahının yerləşdiyi
Brüsseldəki sovet səfirinin ağır siyasi çəkili,
həm də milli bir kadr olması ilə əlavə
üstünlük qazanan Vəli Axundov kimi bir şəxs
olmasında israrı anlaşılandır. Ancaq nə
illah eləsələr də, Vəli Axundov yola gəlmir (yenə qızının ailə söhbətlərindən
xatırlamasına görə həmin dövrdə Vəli
Axundova SSRİ Səhiyyə nazirinin müavini vəzifəsini
də təklif ediblərmiş).
Və xəstəxanadan çıxandan sonra onu Baş
katibin qəbuluna çağırmışdılar və
görünür, Leonid Brejnevlə söhbətində
özü Azərbaycan Elmlər Akademiyasında işləmək
istədiyini dilə gətirmişdi. Buna da razılıq
verilibmiş ki, artıq yeni vəzifə üçün tədarüklərə
başlanmışdı. Bakıya
qayıdınca qısa müddətdə akademik də
seçilmişdi. Qızı Nigar
xanım bunu da yada salır ki, əslində atam Elmlər
Akademiyasının prezidenti vəzifəsini istəmişdi,
"hə" də verilmişdi. Çünki
bilavasitə elmlə məşğul olmağa çox həvəsliydi
və Birinci katib olduğu vaxtlarda da elmdən
ayrılmamışdı, sabiq həmkarları ilə mütəmadi
təmasdaydı.
Öz təşəbbüsüyləmi,
ya belə məsləhət olduğu üçünmü həmin
günlərdə bir axşam
Elmlər Akademiyasının ovaxtkı prezidenti Rüstəm
İsmayılov MK-ya yox, Vəli Axundovun Hökumət
bağındakı mənzilinə təşrif gətirir və
hələ Birinci katib vəzifəsində olan Vəli
Axundovdan rica edir ki, köməyinizə ehtiyacım var. Bu yaxınlarda
60 illiyimdir, mümkünsə yubileyim Akademiya prezidenti
olduğum vaxtda keçirilsin, sonra gedim. Vəli Axundov da
"onsuz da mənim məsələm danışılıb,
razılıq verilib" düşüncəsiylə Rüstəm
İsmayılovun sözünü yerə salmır...
Yüksək
vəzifədən ayrılmağın, nə qədər
etiraf edilməsə belə, həmişə mənəvi
sıxıntı, bəzənsə lap sarsıntı
doğuran tərəfi də var. Ancaq Birinci katib vəzifəsindən
ayrılması qəfil qəbul edilən bir qərar
olmadığından, özü bunu könüllü olaraq
istədiyindən, ikincisi də, həmin gedişat 7 aya qədər
çəkdiyindən Vəli Axundov üçün hər
halda ağrısız keçmişdi.
Ancaq Azərbaycanda
yeni Birinci katibin kim olacağı məsələsi
haqqında rəy bu cür xeyli irəlicədən müəyyənləşməmişdi,
son seçimə qədər hansı namizədin daha
münasib olacağı ətrafında çək-çevir
xeyli davam etmişdi.
Vəli
Axundovun rəhbərliyi dövründə Ali Sovetin sədri vəzifəsini
daşıyan Məmməd İskəndərovun da, Nazirlər
Sovetinin sədri Ənvər Əlixanovun da ürəyindən
həmin kürsüyə sahib olmaq keçirmiş və həm
də elə sadəcə evdə, ya kabinetdə əyləşərək
bunu səssizcə arzulamırlarmış, əl altından
iş də görürlərmiş, həm də yetərincə
canfəşanlıqla.
Hələ bir neçə başqa iddialı da
varmış.
1969-cu il iyulun 14-ü idi. Yay
günündə əksəriyyəti məzuniyyətdə
olan Mərkəzi Komitə üzvləri və üzvlüyə
namizədləri çətinliklə də olsa cəmləyərək
plenumu keçirməkçün yetərsayı düzəldə
bilmişdilər.
İclası
Birinci katib Vəli Axundov aparırdı və plenumu açan
kimi 2 moskvalı qonağı - Sov.İKP MK katibi İvan
Kapitonovu və Sov.İKP MK bölmə müdiri Yuri
Starçenkonu təqdim edir, gündəliyə də vur-tut
bircə - təşkilati məsələ
salındığını bildirir və sözü verir MK
katibinə. İvan Kapitonov birbaşa mətləbə
keçir, son 10 ildə Birinci katib vəzifəsini
daşıyan Vəli Yusifoviçin fəaliyyətini müsbət
qiymətləndirir, respublikanın bütün istiqamətlərdə
inkişafı üçün onun az güc sərf etmədiyini
diqqətə çatdırır, ancaq son vaxtlar səhhətinin
pisləşdiyini, belə yüksək vəzifə tutaraq
böyük və mürəkkəb işi yerinə yetirməyin
onunçün çətinlik törətdiyini deyir və
bununçün də Birinci katib vəzifəsindən getməsi
ilə bağlı istefa ərizəsi yazdığını
bildirir. Deyir ki, tibb elmləri doktoru, professor olan
Vəli Axundov özü Sov.İKP MK-ya müraciət edərək
elmi işlə məşğul olmaq istədiyini xahiş
edib. Partiyanın Mərkəzi Komitəsi
onun bu müraciətini nəzərə almaq qərarını
verib. Bilirsiniz ki, o, təzəlikcə
akademiyanın həqiqi üzvləri sırasına qəbul
edilib, bu gün isə Azərbaycan Elmlər
Akademiyasının ümumi yığıncağında
ümumi məsələlər üzrə vitse-prezident
seçilib.
Və
1969-cu il iyul plenumunun, həmin günün
tarixiliyi bir də onda idi ki, sovet dövründə ilk dəfə
olaraq vəzifədən gedən respublika rəhbərinə
təşəkkür elan edilirdi.
Və İvan Kapitonov gəlir əsas mətləb
üstünə.
...Heydər
Əliyev 2 ildi ki, DTK sədri olsa da, hələ nə Mərkəzi
Komitə Bürosunun, nə də ümumən Mərkəzi
Komitənin üzvü idi. O, sadəcə Mərkəzi Komitə
üzvlüyünə namizəd idi. Əgər
Heydər Əliyevin Birinci katib vəzifəsinə seçiləcəyi
haqda xeyli irəlicədən planlar olmuş olsaydı, yəqin,
onun bu istiqamətdə bir-iki pillə irəliləyişini də
əvvəldən təmin edərdilər. Onu yalnız bu plenum ərəfəsində Kremlə
çağırmış, məsələsini Siyasi
Büroda müzakirə etmişdilər.
Odur ki, Dövlət Təhükəsizlik Komitəsinin sədri
Heydər Əliyevin bu vəzifəyə gətirilməsi bir
çoxları üçün gözlənilməz olacaq. Amma 1950-ci illərdən
Heydər Əliyevlə DTK-da işləmiş 92 yaşlı
polkovnik Oqtay Mansurov deyir ki, o vaxt Heydər Əliyevin Birinci
katib seçilməsi kimlərisə heyrətləndirsə də,
bizimçün gözlənilməz olmadı. Çünki
Heydər Əliyev Azərbaycan DTK-sının sədri vəzifəsində
Bakıdan Moskvaya aparılmış, SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin birinci müavini təyin edilmiş Semyon
Kuzmiç Sviqunu əvəz etmişdi. Semyon Sviqunun Heydər Əliyevə
münasibəti çox yaxşı idi, digər tərəfdən,
o, Leonid Brejnevlə də yaxın idi və Heydər Əliyevin
istər bizdə DTK sədri, sonra da Birinci katib vəzifəsinə
irəli çəkilməsində onun zəmanəti
olmamış deyildi. O biri tərəfdən də, SSRİ
DTK-sının sədri Yuri Andropov da Heydər Əliyevi
yaxşı tanıyırdı, ona xüsusi rəğbəti
vardı, deyilənlərə görə, bu təyinatda onun
da təsiri olmuşdu (Heydər Əliyevin DTK sədri təyin
edilməsində Semyon Sviqunun da rəyinin və zəmanətinin
olmasını, amma bu məsələdə Vəli Axundovun da
rolunu Heydər Əliyev özü də etiraf edirdi. Amma Nigar Axundova digər ilginc təfərrüatı,
atasının bu barədə SSRİ DTK-sı sədri Yuri Andropova
müraciətini də çatdırır. Vəli
Axundov Yuri Andropova zəng vuraraq Heydər Əliyevdən
söz açır, deyir ki, bizim DTK sədri vəzifəsinə
belə bir çox münasib namizədimiz var. Andropov da
qayıdır ki, axı siz ənənəni bilirsiniz, o vəzifə, həmçinin, Mərkəzi
Komitənin katibi, Komsomolun Mərkəzi Komitəsinin ikinci
katibi yerləri Mərkəzinkidir. Vəli
Axundov davam edir ki, Yuri Vladimiroviç, icazə verin, o, sizin qəbulunuza
gəlsin, söhbət edin, əminəm ki, bəyənəcəksiniz.
Çox savadlı, təşəbbüskar, fəal
kadrdır. Xoşunuza gəlsə, biz ənənəni
pozaq, yox, fikriniz başqa olsa, sizin qərarla
razılaşarıq.
Heydər Əliyev uçur Moskvaya, Andropovla
görüşür və həmsöhbətini öz
parlaqlığı ilə valeh etməyi bacarır).
...DTK
generalı respublikanın partiya rəhbərliyinə gətirilirdi.
1969-cu il 1930-40-cı illər deyildi. Artıq Dövlət
Təhlükəsizlik Komitəsinin adında köhnə zəhm yox idi. Ancaq necə olsa da, əski yaddaşla cəmiyyətdə
bir KQB xofu hələ də yaşayırdı. Ona
görə də Heydər Əliyevin təyinatından 4
gün sonra yayımlanan buraxılışlarında
"Amerikanın səsi" və "Azadlıq"
radioları Azərbaycanda Mərkəzi Komitə rəhbərliyinə
kadrın partiya orqanlarından deyil, çekistlər
sırasından gətirilməsinə xüsusi diqqət
ayırır, bunu Kremlin respublikaları Mərkəzə daha
artıq bağlamaq və tabeçiliyi bir qədər də
artırmaq siyasətinin nəticəsi kimi qiymətləndirirdilər.
Kremlin Çexoslovakiya hadisələrindən sonra, eləcə
də 1950-ci illərin sonları, 1960-cı illərdə
bütövlükdə Sovet İttifaqında, o cümlədən,
ayrı-ayrı milli respublikalarda açıqfikirliliyin, sərbəstliyin
artmasından narahatlığı vardı. Elə Azərbaycanla
əlaqədar İmam Mustafayev və Vəli Axundov dönəmlərində
respublikanın Mərkəzlə münasibətlərdə
müstəqilliyinin artırılması cəhdlərinə
də Kreml, təbii ki, laqeyd deyildi.
Azərbaycanda
Mərkəzi Komitəyə başçılığın
niyə partiya işçisinə deyil, bir gün də bu sahədə
çalışmamış xüsusi xidmət orqanları əməkdaşına
etibar edilməsinin doğura biləcəyi suallarla əlaqədar
İvan Kapitonov plenumda deyirdi: "Sizə açıq
söyləməliyəm ki, respublika Kommunist Partiyası Mərkəzi
Komitəsinə Birinci katib vəzifəsinə namizəd məsələsi
Sov.İKP MK-da, eləcə də Azərbaycan KP MK
Bürosunda xeyli müddət və diqqətlə nəzərdən
keçirilib. Birinci katib vəzifəsinə
namizədlərin miqdarı kifayət qədər çox idi
və bu da tamamilə anlaşılandır. Çünki respublikada yaxşı kadrlar
çoxdur və deyilişi mümkünsə, seçim
imkanı geniş idi. Bu məsələni
hərtərəfli və dərindən öyrənəndən
sonra biz hazırda DTK sədri işləyən Heydər Əliyevin
namizədliyi üzərində dayandıq. Siz hamınız onu yaxşı
tanıyırsınız, düşünürəm ki, mənim
onun haqqında müfəssəl danışmağıma
lüzum yoxdur, ancaq hər halda bir neçə kəlmə
demək istəyirəm. Obyektiv olaraq Heydər Əliyevin
bu böyük üstünlüyü var ki, o, hələ cavandır, 1923-cü ildə anadan
olub, beləliklə, 46 yaşı var. Birinci katib vəzifəsinə
isə 3-5 illiyə deyil, daha uzun müddət işləyə
biləcək yoldaşı seçməliyik. Ali təhsilli
Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsini bitirib, sizin respublika partiya təşkilatında
tərbiyə alaraq böyüyüb, son 25 ildə siyasi
işdə - dövlət təhlükəsizliyi
orqanlarında çalışıb. Zənnimcə, sübut
etməyə ehtiyac yoxdur ki, orqanlarda iş elə bizim partiya,
siyasi işimizdir".
Bu məqamı - çekist işinin elə partiya
işi, siyasi fəaliyyət olmasını İvan Kapitonovun
bir daha məxsusi vurğulaması səbəbsiz deyildi. Plenumda yalnız bircə nəfər
- Mərkəzi
Komitə üzvlüyünə namizəd, Şamaxı Rayon
Partiya Komitəsinin birinci katibi Sabir Şəfiyev (o, 1965-ci
ilin yanvarından 1970-ci ilin 18 iyununadək Şamaxıda
birinci katib işlədikdən sonra uzun illər Pedaqoji
İnstitutda müəllimlik etdi) hər halda sual vermişdi
ki, doğrudanmı, bizim partiya kadrları arasında uyğun
namizəd yoxdur? Yerlərə qayıdandan sonra
bizdən xəbər alınanda ki, məgər Mərkəzi
Komitə üzvləri arasında Birinci katib vəzifəsinə
bir münasib namizəd tapılmadımı, nə cavab verək?
İvan Kapitonovun həmin sözləri elə raykom
katibinin "Nə cavab verək?" sualına birbaşa cavab
idi.
Mahmud Kaşğari "Divan-i lüğət-it
türk"də yazırdı ki, türk dilini öyrənin,
çünki onlar üçün uzun sürəcək
hakimiyyət vardır.
Moskvadan gələn MK katibi respublikaya rəhbərin 3-5
ilə deyil, daha uzun müddətə seçildiyini söyləyirdi.
O yay
günündə kimin ağlına gələrdi ki, həmin
gün başlanan Heydər Əliyev epoxası Azərbaycanda
onillərlə davam edəcək, növbəti əsrə də
keçərək gələcəyə doğru uzanacaq.
Sonralar Heydər Əliyev bir neçə dəfə,
müxtəlif vaxtlarda Fransa nümayəndə heyətləri
ilə görüşlərində zarafatqarışıq
bir əda ilə söyləyəcək ki, mən Azərbaycan
rəhbərliyinə Bastiliyanın alındığı
gün başlamışam.
Həqiqətən də belə idi. 1969-cu il
iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin növbəti plenumu o məşhur tarixi hadisədən
düz 180 il sonra keçirilirdi.
Və indi başlanan yolun nə qədər zəfərli
olacağını yaxın tarix göstərəcək.
Hələliksə Mərkəzi Komitənin plenumu davam
edirdi və həmin tarixi gündə daha 2
çıxış səslənəcəkdi.
Əvvəlcə artıq kürsüsünü təhvil
vermiş Vəli Axundov danışır. Deyir ki, son
dövrdə mən vicdan əzabı çəkirdim. Bir tərəfdən böyük təcrübəm
var, bilirəm nə etmək lazımdır, digər tərəfdən
səhhət imkan vermir. Elə bunu rəhbər tutaraq mən Leonid
İliç Brejnevə Birinci katib vəzifəsindən azad
edilərək elmi işə keçməyimə icazə
verilməsi xahişi ilə müraciət etdim. Deməliyəm
ki, Leonid İliç mənim xahişimə böyük diqqət
və insanpərvərliklə yanaşdı və əvvələn,
10 il ərzindəki işimi yüksək
qiymətləndirərək dedi ki, tələsmək
lazım deyil, hələ bir qədər də işləmək
olar. Yalnız mən müalicənin nəticəsi ilə
bağlı arayışı göstərəndən sonra o,
elmi işə keçməyimə razılıq verdi. Bu 10 il mənim həyatımın
ən gözəl illəridir. Mən bununla fəxr
edirəm və mənə bəslənmiş inama, etibara
görə minnətdaram. Bu yaxınlarda
bizim Mərkəzi Komitənin Büro iclasında 4 ayın
yekunlarını müzakirə edərkən mən kadrlara
partiyanın Mərkəzi Komitəsinin və şəxsən
Leonid İliç Brejnevin qayğıkeş münasibətindən
bəhs etdim. Bu gün bir daha həmin fikri təkrar edirəm:
kadrlara, insanlara biz qayğı ilə yanaşmalıyıq.
Respublika rəhbərliyindən ayrılan,
dünyanın çox üzlərini görmüş
müdrik şəxsiyyətin bu son cümləsi yolu yeni
başlayacaq Birinci katibə də, hər birinin tabeçiliyində
neçə-neçə insan çalışan və həmin
plenumda iştirak edən hər bir nəfərə də onun
nəsihəti, vəsiyyəti idi.
Və o gün Vəli Axundov böyük yola
çıxan cavan Heydər Əliyev haqqında
düşüncələrini də bölüşür. İllər təcrübəli
dövlət xadiminin bu müşahidələrinin
doğruluğunu da dolğunluğu ilə sübuta yetirəcək:
"Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin yaxşı Birinci katibi olmaqçün
bütün - həm siyasi, həm işgüzar keyfiyyətlərə
malikdir. O, irihəcmli işi qısa müddətdə mənimsəməkçün
yetərincə savadlı, erudisiyalı, hərtərəfli
hazırlıqlıdır. O, bizim bütün kadrlara bərabər
münasibət bəsləməkçün kifayət qədər
partiya düşüncəli və obyektivdir. Azərbaycanda
isə, keçmişi və indini nəzərə alsaq, kadr
məsələləri həlledici məna daşıyır.
Biz onu vicdanlı, ləyaqətli kommunist kimi
tanıyırıq. Dzerjinski deyirdi ki,
çekistin alovlu ürəyi, aydın zəkası və təmiz
əlləri olmalıdır. Bütün
bu keyfiyyətlər Heydər Əliyevdə var və mən
tamamilə əminəm ki, o, Azərbaycan partiya təşkilatının
şanlı ənənələrinə sadiq qalaraq Birinci
katib vəzifəsində bu keyfiyyətlərin
hamısını gerçəkləşdirə biləcəkdir".
Bundan sonra belə yığıncaqlarda sözü o verəcək. Hələliksə
o da söz verilənlərdəndir.
Və
artıq seçilmiş Birinci katib kimi Heydər Əliyev ilk
çıxışını edir, ilk andını içir
və həmişə sadiq qalacağı vədini verir:
"Mən bu vəzifəyə başlayarkən öz məsuliyyətimi
anlayıram. Qarşımda dayanan məsələlərin
mürəkkəbliyi və çətinliyini dərk edirəm və sizi əmin
etmək istəyirəm ki, nəyim varsa, sərf edəcəyəm
ki, sizin böyük və yüksək etimadınızı
doğruldum".
Demir ki, bütün qüvvəmi, bacarığımı, biliklərimi və daha nələrimi, nələrimi. Söyləyir ki, "nəyim var", sərf edəcəyəm. Yəni bütün canım, varlığım işinki olacaq.
1969-cu ilin 14 iyulu idi, böyük yolun ilk addımını atarkən belə deyirdi və ömrünün sonunacan da o cür qaldı.
Və 1969-cu il iyulun 21-də artıq Birinci katib kimi Heydər Əliyev ilk sənədi imzalayır. Bu, sələfi Vəli Axundovun əvvəlki tibbi və məişət xidmətindən istifadə haqqının qüvvədə saxlanması haqda sərəncamdır...
...İndi illərin də uzağında, əsrin, hətta minilliyin o tayında qalmış həminki gündə - 1996-cı ilin 21 iyununda mən də oradaydım. Elmlər Akademiyamızın binasında Vəli Axundovun 80 illiyi qeyd edilirdi, onların ikisinin də yol ayrıcında dayandığı 1969-cu ilin 14 iyulundan 27 il keçirdi. Bu 27 ildə çox şeylər dəyişmişdi. Artıq dünya da başqa idi, Azərbaycan da, elə insanlar da.
Heydər Əliyev danışırdı, dəyişmiş dünyada dəyişməyən dəyərlərdən bəhs edirdi və söylədikləri məni çox duyğulandırırdı. Artıq Azərbaycandan gedib Kremldə işlədiyi çağları yada salırdı, deyirdi ki, Moskvada olduğum vaxtlarda Vəli Axundov mənə hərdən məktub da göndərirdi, bayramlar, ayrı-ayrı hadisələr münasibətilə təbrik edirdi.
Məktub nədir? Bir neçə cümləlik əl boyda quruca kağız. Ancaq Bakıdan, köhnə həmkarı və simsarı Vəli Axundovdan gələn o məktubların hər biri Sovet İttifaqı kimi nəhəng dövlətin başında duranlardan olan Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti qəlbən sevindirirmiş, riqqətə gətirirmiş. Çünki bu məktubların hər biri etibarın, sədaqətin nişanəsi idi. Etibarın, sədaqətin də, etibarsızlığın və dönüklüyün də nə olduğunu isə Heydər Əliyev ömrü boyu adladığı enişli-yoxuşlu yollardan çox yaxşı bilirdi. Və elə həmin etibar, sədaqət idi ki, onu 1996-cı ilin 21 iyununda, müstəqilliyin ilk illərinin yüz cür qayğıları və sınaqları ilə əhatə olunduğu bir dönəmdə təşəbbüskarının da özü olduğu bu mötəbər məclisə gətirmişdi.
Görkəmli dövlət və millət adamı Vəli Axundovun 80 illiyi keçirilirdi. Heydər Əliyev kürsüdə idi. Yox, o gün o, unudulmaz Vəli Axundovdan danışmırdı. Etibardan danışırdı, sədaqətdən danışırdı, ləyaqətdən danışırdı.
O gün o iki böyük kişi yenə birlikdəydilər.
Yenə dərs verirdilər...
11 aprel, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 13 aprel.-
S.10-11.