Təkliyin simfoniyası

esse

 

 

 Bu axşam təkəm... evdəki əşyaları filanı nəzərə almasaq təmtək... Təklik başqa duyğular kimi nisbidir, adam yüz adamın içində tək-tənha ola bilər. Ya da bir tək özüylə ordu... Gecənin sakitliyi otaqlara da çöküb, bir az əvvəl bu sükutu paltaryuyan maşının, indi isə soyuducunun zəif ahəngdar səsi pozur...

Şəhərə elə bu gün səhər gəlmişəm. Elə taksidə tək olmadığıma baxmayaraq tək idim. Təkliyimi maşının açıq pəncərəsindən salona dolan yaz küləyinin səsi pozur... Küləyə dərin təşəkkür keçir içimdən... Sürücü bütün yol hərəkəti qaydalarına dəqiq əməl etməklə həm dəqiq susur... Arxa oturacaqdadı iki xanım mürgü vurur, bir az yaşlısı isə başını pəncərəyə söykəyib yatıb deyəsən... Gözlərimin önündə yol sürətlə "qaçır", tuta bilmirəm... Göz altından sürücüyə nəzər yetirirəm, deyəsən o da yuxu ilə əlbəyaxadır, canıma qorxu düşür, tez qoluna toxunub əlimdə tutduğum əsginası mənzil başına çatmamışdan ona uzadıram... Oyanır, dirçəlir, hətta azca gülümsəyir .., sonra harda düşəcəyimi soruşur mən cavablandırıram...

Bahar fəslidir, kənd , şəhər qız kimi təravətli gözəldir. Yer , Göy "yaşıla çalır"... Hara baxırsan sevgi qoxuyur, təzə yarpaqlayan ağaclar başını küləyin ahəngiylə əsdirir, otlar "saçlarını yan darayır"... Hərdənbir qış öz hikkəsini göstərməyə çalışsa da, günəş göy üzündən "gözünü ağardır"...

Adamlar da yaz ovqatlıdı, çox adam artıq əynini "yüngülləşdirib" ... Heç bahara mane ola bilmir, o öz ilıq nəfəsi, şirin təbəssümü, füsunkar geyimi, nazlı şıltaq ədasıyla qarşımızdadır!..

Evimin qapısını açarla açıb içəri daxil oluram, içəridən xoş isti hava vurur məni, otaqlar səs eşidib "yüyürüb" gəlir üstümə... İlahi, bu necə sevinməkdi, heç insan belə sevinməz... Bir andaca bir-birimizə sarılırıq, evimlə bir neçə saniyə nəfəs-nəfəsə, ürək-ürəyə qalırıq... Mən onun qəlb çırpıntılarını eşidirəm!..Darıxmaq belə olur, elə, belə...

 

...Boğulur evdə darıxmaq,

Tozlanır rəfdə darıxmaq...

Bu bədən, bu can darıxmaq...

Darıxmaq, hər yan darıxmaq...

 

Hər şey son dəfə qoyub getdiyim kimi qalıb, pəncərədən qalın pərdələri kənara itələyib günəş şülarına yol açıram... otaq işıqlanır, günəş sevinir...  Əvvəlcə təkliyimə qonaq edirəm özümü, çaydanı qaynadıb, saxsı çaynikdə kəklikotulu çay dəmləyirəm. Səhər evdən ac çıxmağım özünü göstərir, amma bir stəkan çayla keçindirirəm. Hələ ki, təkliyimi musiqiyə çevirirəm, daxilimdə bir orkestr.., musiqi səsi ətrafa yayılır, ürəyim ritmə düşür, qara ciyərim gülümsəyir, sinirlərim xumarlanıb dincəlir...

 

Orkestr çalır... Rəqs etmək bacarığım olmasa da, təkliyimə qoşulub aramla fırlanıram, arada bir-birimizin ayaqlarını tapdayır, tez də gülümsəməklə üzr istəyirik... Əşyalar da qalxıb bizə qoşulur, tavandakı işıqlar gözünü qıyıb baxır, bahar divar kağızlarından əl edir bizə...

Bu gecə təkliyimə qonağam, tənhalığı otaq-otaq dağılıb, qapı-qapı toplayıram...

 

Tək olanda

qərib olur adam,

səsi tavandan, əli divardan yıxılır...

bir addım səsinə,

bir insan nəfəsinə qurmuşam saatı...

ehey, sən...

bağrın çatlamırmı təklikdən...

 

Şahnaz ŞAHİN

525-ci qəzet.- 2023.- 13 aprel.- S.14.