Azərbaycan universitetləri beynəxalq reytinq cədvəlində

 

"MÜASİR DİLLƏR" ÜZRƏ ƏN YAXŞILAR SIRASINDA YER ALAN ADU-nun BU UĞURU DAHA YÜKSƏK NƏTİCƏLƏRƏ ÜMİD YARADIR

 

QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib olunur. 2004-cü ildən etibarən nəşr edilən reytinq hazırda 1600-ə yaxın dünya universitetinin fəaliyyətini - akademik nüfuz, sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı üzrə qiymətləndirir. Bu günlərdə QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.  Bunlardan biri Azərbaycan Dillər Universitetidir (ADU). Universitet "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitet qrupuna daxil olub.

ADU-nun Tədris məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor  Sevinc Zeynalova deyir ki, dünyada aparıcı, ən etibarlı və ən çox baxılan reytinqlər "QS reytinqi","THE (Times Higher Education)" və "Şanxay reytinqi" (Shanghai Ranking) hesab olunur. QS reytinqi Beynəlxalq Reytinq Ekspert Qrupu (IREG) tərəfindən təsdiqlənir və dünyada ən çox oxunan universitet reytinqlərindən biri kimi qəbul edilir. QS (Quacquarelli Symonds) şirkəti 2009-cu ildən artıq öz metodologiyası və yanaşmasına əsasən reytinq cədvəlini hazırlayır, dünya universitetlərinin hər il həmin reytinq üzrə qiymətləndirməsini aparır. Belə ki, QS World University Rankings müxtəlif universitet reytinq nəşrləri arasında "ən nüfuzlu" kimi qiymətləndirilir: "QS sistemi üç istiqaməti əhatə edir: dünya üzrə ümumi reytinq, müxtəlif fənlər və sahələr, eyni zamanda da müstəqil regionlar üzrə. QS sahələr üzrə dünya universitetlərinin reytinqini 5 kateqoriyaya uyğun qiymətləndirir və bu 5 kateqoriya 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında aşağıdakı indikatorlar nəzərə alınıb. Ümumi balın 40 faizini təşkil edən akademik nüfuz tədris və tədqiqat keyfiyyətinə baxır. Sözügüdən qurum təhsil sahəsindən 130000-dən çox ekspert rəyini toplayır və dünyada ən böyük akademik rəy sorğusunu yaradır. Bu istiqamətdə ADU-nun Daxili keyfiyyət təminatı sistemi üzrə təhsil proqramlarının mütəmadi olaraq monitorinqi, güclü və zəif tərəflərin aşkar edilməsi; risklərin ölçülməsi, eləcə də inkişaf istiqamətlərinin proqnozlaşdırılması;fənn proqramları və sillabusların tələbəyönümlülük istiqamətində təkmilləşdirilməsi; bununla bağlı sorğuların keçirilməsi (həm təhsilverənlər, həm də təhsilalanlar arasında) və onların təhlili kimi tədbirlər tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. ADU Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) tətbiq edən ilk dövlət universitetidir. Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir. Azərbaycan Dillər Universiteti (ADU) bakalavr pilləsində təhsil, filologiya, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssis hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir".

Sevinc Zeynalovanın sözlərinə görə, təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə ADU üçün ilk növbədə xarici  ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. İkili diplom layihələri üzərində iş, innovativ proqramların, müəllim-tələbə mübadiləsi tədrisin keyfiyyətinin artırılmasına bilavasitə təsir göstərir. Bu gün Azərbaycan Dillər Universitetində istər müəllim heyətinin, istərsə də tələbə kontingentinin peşəkar inkişafının, bilik və bacarığının artırılması məqsədilə yerli və xarici ekspertlər tərəfindən bır sıra tədbirlər həyata keçirilir. ADU-da  fəaliyyət göstərən 20-dən çox ölkəni təmsil edən mərkəzlər sayəsində həmin ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını və s. öyrənmək şansı var. Tələbələrimiz müxtəlif proqramlar, ikili diplom layihələri çərçivəsində digər ölkələrdə təhsil alırlar. Universitetimizə marağın səbəblərindən biri də əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirməyimizdir. İldən-ilə yeni ixtisasların yaranması, tədris dili ingilis dilində olan ixtisaslarına yer verilməsi, zamanın tələbinə uyğun "Ermənişünaslıq" ixtisasının qəbul planına salınması buna bariz nümunədir: "Son illərdə ADU-nun qəbul planında olan göstəricilərə diqqət yetirsək (orta hesabla 98,5 faiz) bir daha universitetə marağın artdığının şahidi oluruq.İşəgötürənlər arasında nüfuz. Bu qiymətləndirmədə məzunların uğurlu karyeraya necə hazırlandığı və onların bacarıqlara, kompetensiyalara yiyələnməsi nəzərə alınır. Təhlil məzunlar arasında aparılan sorğuya əsasən müəyyən edilir. Son illərdə Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin yüksək səviyyədə təhsil alması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Azərbaycan Dillər Universiteti (ADU) bakalavr pilləsində təhsil (pedaqoji), filologiya, dil və ədəbiyyat müəllimliyi, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssis hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir. ADU bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə tədqiqat, qabaqcıl təlim və ixtisaslaşmış təhsil proqramlarını təklif edir. 2023-cü ilin statistik məlumatlarına görə, ADU-da təhsilalanlar hazırda 6722 bakalavriat, 584 magistrant və 120 doktorantdan ibarətdir. Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir. Universitetdə istedadlı tələbələrə, magistrant və doktorantlara yüksək qiymət verilir və ən qabaqcıl təhsilalanlar müxtəlif proqramlar vasitəsilə karyeralarını qurmağa təşviq olunurlar. Həmçinin, rektor Kamal Abdullanın qərarı ilə 2017-ci ildən təşkil olunan "Bir günlük xəlifə" layihəsi çərçivəsində təhsilalanların idarəetmə prosesində iştirakına imkanlar yaradılır. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər".

Prorektor bildirib ki, ADU-da mütəmadi olaraq tanınmış yerli və beynəlxalq elm və ictimai xadimləri, universitetin uğurlu və fəxri məzunları, dilşünas və ədəbiyyatşünas, həmçinin diplomat və səfirlərlə (səfir saatı) görüşlər təşkil olunur. Təbii ki, bu istiqamətdə görülən işlər, müəssisələrarası qurulan əlaqələr tələbələrin gələcək karyera inkişafına müsbət təsir göstərir.

Savadlı gənclərin, yüksək intellektə sahib olan abituriyentlərin universitetimizə marağını artırmaq, mövcud olan ixtisaslarla tanış etmək məqsədilə orta məktəblərlə əlaqələr genişləndirilir, müxtəlif tədbirlər həyata keçirilir. Humanitar elmlərin digərlərinə nisbətən elmi-metrikasının (ölçülməsi) çətinliklə əldə edilməsini nəzərə alsaq, göstərilən faiz böyük uğur kimi hesab oluna bilər. İngilis dili beynəlmiləl dil olduğuna görə sitatlar məhz bu dildə daha çox oxucu kütlə qazanır. Təsadüfi deyildir ki, ADU-nun "Strateji İnkişaf Planın"dakı SWOT analizində güclü tərəflərdən biri də xarici dilin sıx əməkdaşlığa imkan verməsi və dilyönümlü ixtisasların olmasıdır. Son uğurlu addımlardan biri Universitetin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin metodiki dəstəyi ilə "Google Akademiya"da, beynəlxalq nüfuzlu məlumat bazalarında alim və tədqiqatçıların akademik profillərı yaradılır və bu platformada elmi istinadların, H-indeksinin, İ-10 indeksinin monitorinqi keçirilir. Elmi istinadların artması,elmi məqalələrin tərtibi qaydaları və onların impakt-faktorlu jurnallarda nəşrinin təşviq olunması məqsədi ilə mütəmadi maarifləndirici tədbirlər, elmi seminarlar keçirilir: "Azərbaycan Dillər Universitetində "ADU-nun Elmi Xəbərləri", "Dil və ədəbiyyat" jurnalları çap olunur. Universitet əməkdaşları "JSTOR" və "EBSCO" kimi beynəlxalq məlumat bazalarından yararlanmaq imkanlarına malikdirlər. 2023-cü il üçün fəaliyyət planına əsasən ADU-nun akademik heyətin elmi tədqiqatlarının beynəlxalq elmi platformalarda daha yüksək indeksləşdirilməsinə nail olmaqdır. Bununla bərabər akademik dürüstlüyü qorumaqla sərbəst (açıq) istifadəni təşviq edən siyasət və strategiyaları irəli sürülür. Xarici və ortaq imkanlardan maksimum dərəcədə istifadə edərək, elmi məlumat kolleksiyalarının rəqəmsallaşdırılmasının sürətləndirilməsi də hədəflərimizdəndir. Qiymətləndirmədə digər 10 faiz ali təhsil müəssisəsinin çoxşaxəli beynəlxalq əlaqələri, əcnəbi tələbələrin və xarici müəllim heyətinin sayına görə ölçülür. Bu göstərici təbii ki, universitetə marağın artmasına səbəb olur. ADU beynəlxalq təhsil və təlim modellərinə əsaslanan, geniş tərəfdaşlıq imkanları ilə bənzərsiz proqramlar təqdim edən bilik ocağıdır".

Sevinc Zeynalovanın dediyinə görə, nüfuzlu dövlət universitetlərindən biri olaraq, Azərbaycan Dillər Universiteti bir çox daxili imkanlara malikdir. Bu baxımdan, ADU-nun əsas missiyası dünya standartlarına uyğun uzunömürlü, fasiləsiz təhsil əldə etmiş yüksək səviyyəli peşəkar dil mütəxəssisləri və digər ixtisaslara yiyələnmiş kadrlar yetişdirmək, eləcə də universitetimizi ölkədə və dünya arenasında layiqincə təmsil etməkdir: "Günümüzdə iş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində yenilik hesab olunan digər bir tendensiya hibrid kadrların yetişdirilməsidir. Yeni yanaşmalar xarici dillərin tədrisinin bu sahədə tətbiqini zəruri edir. Universitetimizdə tədris olunan xarici dil müəllimliyi, dilşünaslıq, tərcüməçilik və s. ixtisaslar günümüzün və gələcəyin peşəkar kadrlarının yetişdirilməsində əsas faktorlardan birinə çevrilib. Əminliklə qeyd edə bilərik ki, sadalanan ixtisasların inkişafı istər bakalavriatura, istərsə də magistratura pilləsində öz aktuallığını itirmədən, mütəxəssislərin təfəkkürünün geniş imkanlarını üzə çıxararaq işsizlik riskinin qarşısının alınmasında mühüm rol oynayacaq. Ölkənin vətəndaşlarının əksəriyyətinin yeniliklərə açıq düşüncə tərzi, sürətlə inkişaf etməyə meyilli olmasını nəzərə alaraq Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi universitetlərin dil baxımından təkmilləşməsi təşəbbüsləri və paralel olaraq müvafiq ictimai təbliğatların aparılması fonunda qısa müddətdə və uğurla həyata keçirilə bilər. Azərbaycan Dillər Universiteti olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 14 aprel.- S.15.