Olanlardan, keçənlərdən...
MƏŞƏDİ
İBADIN İKİ HAMBAL və İKİ ABBASI SƏRGÜZƏŞTLƏRİ
İli dəqiq
yadımda deyil...
Televiziyada
o vaxtlar hələ cavan olan və
yaradıcılığının yüksəliş
dövrünü yaşayan Səyavuş Aslanov (onda hələ
Aslan deyildi) haqqında veriliş gedirdi və o verilişin bir yerində aktyorun
"O olmasın, bu olsun" komediyası mövzusunda etdiyi
improvizasiya, necə deyərlər, yaddaşıma necə
"mıxlandısa", indinin özündə də
bütün təfərrüatı ilə xatırlayıram.
Deməli,
verilişin şirin yerində Səyavuş müəllim studiyaya
daxil olur və üzünü bizə - yəni
tamaşaçılara tutub deyir:
-
Bilirsiniz mən kiməm? Mən Məşədi
İbad rolunu oynamağa həsrət qalan Səyavuş
Aslanovam.
Elə bu
məqamda o
biri tərəfdən Arif Quliyev
hay-həşirlə gəlir ki, bəs mən də
hambal roluna tamarzı Arif Quliyevəm. Qərara gəlirlər
ki, əllərinə fürsət düşüb, həmin əsərdən
bir səhnəni oynasalar, pis olmaz.
Kiçik
montaj keçidindən sonra S. Aslanov Məşədi İbad qiyafəsində
studiyaya qayıdır və "Məşədinin
adaxlıbazlığa gəlməsi"
səhnəsində, çox güman ki, əvvəlcədən
yazılmış ssenari üzrə belə bir improvizasiya
başlayır: deməli, Məşədi elə əsərdəki
kimi hasarın uca olduğunu görüb hambal tarmaq qərarına
gəlir və elə bu məqamda
küçədən keçən kök,
lopabığ bir erməni
hambalını saxlayıb soruşur (qeyd edim ki, həmin rolu
da elə Səyavuş müəllimin özü
oynayırdı. Sadəcə kadrlar
elə montaj olunurdu ki, onlar ekranda
ayrı-ayrılıqda
görünürdülər):
- Sən
kimsən, alə?
Hambal
deyir:
- Mən
erməni hambalı Aşotam.
Məşədi
şəstlə cibindən bir abbası çıxarıb
ona uzadır:
- Al bu
abbasını, yat ayağımın altında.
Erməni
hambalı əvvəlcə bir
abbasıya, sonra da Məşədiyə baxıb
qayıdır ki, bəs bu, riskli işdir, belimi
sındırıb məni şikəst edə bilərsən, gərək bir
abbası da sığorta pulu verəsən. O deyir- bu deyir, bu
deyir - o deyir, əlqərəz, xeyli çənə-boğazdan
sonra hambal Məşədidən iki abbası qoparıb
könülsüz halda hasarın dibində onun ayaqları
altına yatır. Məşədi hambalın belinə çıxıb Sərvərlə
bizə tanış olan "razborkaya" başlayır. Nəhayət, duetin "Qurban olasan
ayağımın altındakı hambala..." məqamı
yetişir. Məşədi
hirslə
hambalın kürəyini təpiklələyəndə
aşağıdan tanış
olmayan hənir eşidir və
çevrilib baxanda görür ki, ayağının
altındakı Aşot yox, Arif Quliyevin oynadığı
yazıq görkəmli milli hambaldır. Təəccüblə
soruşur:
- Sən
kimsən, ayə? Sən hardan
çıxdın?
Arif
Quliyevin hambalı yazıq-yazıq deyir;
- Məşədi,
burdan keçirdim, qəfildən Aşot hambal məni səslədi.
Yaxınlaşanda dedi ki, gəl məni əvəz elə,
belim yaman ağrıyır. Sən bir abbası
verəcəm.
Məşədi
cəld soruşur;
- Verdi abbasını?
Arif
Quliyevin hambalı:
- Hə, verdi...
Məşədi
İbad eləmir tənbəllik, əyilib milli hambalın
başına yağlı bir qapaz endirir və deyir:
- Kül
sənin hambal başua! Səni hərifləyib.
Məndən iki abbası almışdı o əclaf.
(Bu yerdə
Arif Quliyevin hambalı deməliydi
ki, Məşədi, nə təhər olur ki, mənə -
öz milli hambalına halal bir abbasını vermir, onu
dağa-daşa salır, erməni hambalına möhtac
qoyursan, amma ona - erməni Aşota
ikisini birdən verirsən?
Amma demədi...
Hər halda, məqam idi, gərək deyəydi.)
Nə isə...
Allah hər iki sənətkara rəhmət eləsin.
TÜLKÜNÜN
"TÜLKÜLÜYÜ"
Sən demə, tülkü doğrudan da dünyada ən
hiyləgər, porsuq isə ən təmizkar heyvan imiş.
Deyəcəksiniz ki, nə olsun? Elə insanlar da belədir - hiyləgəri
var, yaltağı var, pintisi, təmizkarı var...
Burada məsələ başqa cürdür. İş orasındadır
ki, porsuqların
təmizkarlığı onlara öz yuvalarını
tülkülərə "peşkəş" edib digər
tülkülər üçün də yeni yuvalar qurmağa
həsr olunmuş əziyyətli bir ömür yaşamaqdan
başqa heç nə vəd etmirmiş (?)
Belə
ki, tülkü heç vaxt
özünə yuva qurmur, amma hiyləgərliyi sayəsində
hazır yuvanı dədəsinin malı kimi "özəlləşdirib"
nağıl dili ilə desək, orada şad-xürrəm
ömür sürür.
Bütünlüklə real müşahidələrə
əsaslanan bu tragikomik əhvalatı dünyanın ən
kiçik və sözsüz tamaşası formatında sizə
təqdim edirəm.
Tülkü porsuğun yuvasının ərazisində
pusqu quraraq vuzual müşahidəyə başlayır. Porsuq
yuvanın içində və qarşısında təmizlik
işlərini başa çatdırıb ov dalınca ərazini
tərk edən kimi tülkü ora soxulub yuvanın
qarşısını və içini murdarlayır və
qaçıb öz pusqu yerinə qayıdır. Müəyyən vaxt keçdikdən sonra porsuq kefi
kök damağı çağ şenlənə- şenlənə
"evə" qayıdanda yuvasını belə vəziyyətdə
görüb elə fəryad qoparır ki, hətta
tülkü də bir balaca səksənir. Sonra
baiskarı "söyə- söyə" yuvanı təmizləyib
əvvəlki vəziiyyətə gətirir...
Ertəsi
gün əhvalat eyni ssenari üzrə təkrar olunur...
3-cü gün isə porsuğun əsəbləri
dözmür, hər gün yuvanı təmizləməkdənsə
təzə yuva tikməyə üstünlük verir və
baiskara qarğış edə-edə şələ küləsini
də götürüb ərazini birdəfəlik tərk
edir.
Tülkü isə qalib görkəmdə, təntənə
ilə "öz" yuvasına daxil olur
Nevə
deyərlər,
"Nə yoğurdum, nə yapdım, hazırca
kökə tapdım"!
Amma Allah
kəssin belə kökə qazanmağı!
ƏSRİN
"KƏŞFİ", YAXUD ÇOX MÜRƏKKƏB
"MÜRƏKKƏB MƏSƏLƏSİ"
Təvəllüdü ötən əsrin 70-ci illərinin
əvvəllərinə qədər olanlar yaxşı
xatırlayar - biz ibtidai siniflərdə oxuyanda satışda
diyircəkli və avtomat qələmlər hələ yox idi,
ona görə də "perolu qələm" deyilən
yazı ləvazimatı ilə yazırdıq. İndiki qara karandaşlar
uzunluğunda dairəvi səthə malik taxta çubuqlar idi - bir ucunda peronu
taxmaq üçün yer düzəltmişdilər və biz
mağazadan aldığımız dəmir peroları ora
keçirib qələmə çevirir, sonra peronu mürəkkəbə
batırıb yazırdıq.
Təbii ki, qələmsiz heç nə yazmaq
mümkün deyildi. Amma bu perolu qələmləri
batırdığımız içi mürəkkəblə
dolu mürəkkəbqabılar 1-ci sinifdən 5-ci sinifə qədər
nəinki bütün şagirdlərə, hətta onların
valideynlərinə, müəllimlərə qədər
hamıya başağrısına çevrilmişdi.
Mağazalarda müxtəlif formalı, çeşid-
çeşid belə qablar satılırdı. O qablar hər axşam evdə
mürəkkəblə doldurulur, səhər isə biz o qabları ya əlimizdə,
ya da çantamıza qoyub məktəbə aparır, evə qayıdanda da eyni qayda ilə
yenidən özümüzlə götürürdük (evdə
tapşırıqları həll etməli idik axı). Problem
də elə bu aparıb-gətirmə "əməliyyatı"
ilə bağlı idi - qablar qapaqsız
hazırlandığından azca tərpəniş olan kimi
mürəkkəb çölə sıçryaraq qab
çantamızdadırsa - dəftər- kitabımızı,
əlimizdədirsə - üst
başımızı, əllərimizi,
paltarlarımızı qara günə qoyurdu. Evdə analar
qızlarının ağ
döşlüklərini, oğlanlarının köynəklərini
yumaqdan, biz uşaqlar danlanmaqdan bezirdik, mürəkkəb isə
öz kefindəydi, ləkələmə missiyasını
uğurla davam etdirirdi. Hərçənd mən,
8 - 9 yaşlı uşaq öz uşaq ağlımla bilirdim
ki, bu problemi asanca həll etmək olar. Amma
mənim ağlım kimə lazım idi ki? Sovet cəmiyyətində bir dəfə qəbul
olunmuş qaydanı heç də asanlıqla dəyişmirdilər.
Lakin nəhayət,
kimsə vurub şeytanın qılçını
sındırdı və o an da tilisim
sındı, hər şey öz yerini aldı.
Sən
demə, illər boyu neçə uşağın
döyülməsinə, neçə valideynin əsəblərinin
korlanmasına səbəb olan bu həngaməni - mürəkkəb
problemi 2-3 saniyə ərzində həll etmək
üçün heç o qədər də
ağıllı olmaq da lazım deyilmiş - yetər imiş ki, daha 1 mürəkkəbqabı
alıb birini məktəbdə, birini də evdə saxlayasan!
İlahi, görəsən, "əsrin kəşfi"
nədən bu qədər gecikmişdi?
BİR
OĞURLUĞUN TARİXÇƏSİ
2010-cu ilin erkən yazında Bakının mobil telefonlar
satışı şəbəkəsinə o vaxtlar dəbdə
olan "Nokia" markalı telefonun yeni modeli daxil olmuşdu. Müxtəlif
rəngli korpusları olan bu yastı, bir qədər də
enli telefonların qiyməti də sən deyən baha deyildi.
Ona görə də yaxşı
alınırdı. Həmin telefonların güzəştli
şərtlərlə kredit satışı başlayanda
birini də mən aldım ki, dost-tanış yanında,
avtobusla yol gedəndə çıxarıb bir az
lovğalanım, çünki ondan əvvəlki telefonum həm
fiziki, həm də mənəvi cəhətdən o qədər
köhnəlmişdi ki, ortaya çıxarılası deyildi.
Əlqərəz, nə başınızı
ağrıdım, bir axşam işdən çıxıb
avtobusla evə gedirdim. Salon həmişəki kimi basırıq
idi. Mən ikinəfərlik
oturacağın salona tərəf olan hissəsində əyləşmişdim.
Metronun "20 Yanvar" stansiyasına çatanda şeytan məni
yoldan çıxartdı - təzə telefonumu şəstlə
cibimdən çıxarıb başladım onunla
"oynamağa" - ora-burasını sığallayıb,
gah mesaj pəncərəsini açıb baxdım, gah
yaddaşındakı şəkilləri, musiqi
fayllarını nəzərdən keçirdim və salon
avtobusa minən təzə sərnişinlərin hesabına
artıq "boğulmağa" başlayanda fikirləşdim
ki, "prezentasiyanı" yekunlaşdırmaq olar. Bu dəfə
lənətə gəlmiş şeytan məni ikinci dəfə
yoldan çıxartdı - nəyə görəsə
telefonu pencəyimin sağ yox, sol - yəni salona tərəf
olan cibinə qoyub, gözlərimi zillədim pəncərədən
çölə ki, yolun qalan hissəsini dağı arana,
aranı dağa qata-qata başa vurum.
Əlqərəz,
az getdik, düz getdik, dərə-təpə düz getdik, gəlib
çatdıq mənim
düşəcəyim dayanacaqdan əvvəlki dayanacağa. Fikirləşdim ki, axşam
bazarlığının təfərrüatlarını dəqiqləşdirmək
üçün evə zəng vursam, pis olmaz. Əlimi pencəyimin sağ cibinə atdım -
telefon-filan yox idi. Yadıma düşdü ki, telefonu sol
cibimə qoymuşam, ona görə də arxayın-arxayın onu
çıxarmaq üçün sol cibimə girdim, amma telefon
orada da yox idi. Həyəcanlandım, lakin
özümü inandırdım ki, yəqin yaddaşım məni
aldadır, telefonu pencəyimin qoltuq cibində, orda olmasa,
şalvarımın dörd cibindən birində, orda da olmasa
çantamda tapacam və intensiv şəkildə
başladım ciblərimi eşələməyə. Telefon yağlı əppək olub çəkilmişdi
göyə. Əməlli-başlı dilxor oldum, hələ
desən bir az tərlədim də. Son ümid yerim çantam idi. Onu açıb
başımı az qala bütünlüklə içinə soxdum - orda
telefondan başqa hər şey vardı. "Bəlkə
mən xəyalən dağdan arana, ordan da təzədən
dağa tullananda əlimdən yerə düşüb?"
- deyə özümə son təskinliyi
verib başladım qan-tər içində ayaqlarımın
altını, yan-yörəmi yoxlamağa və elə bu məqamda
sol tərəfdən qadın səsi gəldi:
- Ay
qardaş, telefonunu axtarırsansa, axtarma. Bayaq sən
pəncərədən çölə baxanda cavan bir
oğlan pencəyinin sol cibini eninə-uzununa boşaltdı.
- Hə,
hə, mən də görürdüm - bunu deyən isə
kişi səsi idi, amma hansı tərəfdən gəldiyini müəyyən
etməyə macal tapmadım, çünki artıq
çevrilib qadın səsi gələn tərəfə
baxırdım: orta yaşlı bir qadın idi, özündən
çox razı halda, fəxrlə mənə elə
baxırdı ki, sanki məni bu mənasız, əzablı axtarışlardan xilas elədiyinə
görə ona ürəkdən təşəkkür etməli,
hələ desən, bir dəstə çiçək də
boyun olmalı idim.
Hansı hisslər keçirdiyimi, ümumiyyətlə,
halətimi rəhmətlik nənəmin məşhur bir
frazası ilə ifadə etmək lap yerinə düşərdi. Amma mən
bunu etməyəcəm. Ona görə də davam edirəm:
qəfildən məni dəli bir gülmək tutdu və
başa düşdüm ki, indi bu qadının
cavabını verməsəm, gülməkdən bayıla bilərəm.
Və gülə-gülə dedim:
Yox, yaxşısı budur nə dediyimi özünüz
tapın.
Əlisəfdər
HÜSEYNOV
525-ci
qəzet.- 2023.- 14 aprel.- S.14.