Xalq yazıçısı Kamal Abdulla:
"Mən həmişə mümkün olmayana can
atmışam"
"Çox istərdim
ki, cümhuriyyət dövründə də yaşayım, o
iki ilin ləzzətini hiss edim... amma indi müstəqil Azərbaycanda
yaşamaqdan çox məmnunam"
Xalq
yazıçısı Kamal Abdulla Kulis.az-a müsahibə
verib. Müsahibəni təqdim edirik.
-
Kamal müəllim, necəsiniz?
- Sağ
olun. Yavaş-yavaş yaşayırıq,
çalışırıq.
- Standart
sualla başlayaq elə. Yaradıcılıqda nə
yenilik var?
- Beyində
gedən proseslərə yenilik demək olarsa, hansısa proseslər
beyində gedir. Real yenilik demək olarsa, sizin
saytınızda çap olan eyniadlı hekayəm əsasında
yazdığım "Gülçöhrə xanım və
Əsgər ağa" adlı telefilm ssenarimi qeyd edə bilərəm.
- Oxudum,
orada İran mövzusuna toxunmuşdunuz və əksər əsərlərinizdəki
kimi yenə keçmiş zamanlara
qayıtmışdınız.
- Konkret
İran mövzusu deyil. Ancaq içindən
İran xətti keçir.
- İran məsələsi indi aktualdır deyə bu
mövzuya müraciət eləmisiniz?
- Yox. O
dövrdə bir azərbaycanlı ziyalısı, azərbaycanlı
iş adamı üçün İran, əlbəttə ki, əhəmiyyətə
malik bir məkan idi. Əlaqələr daha
geniş idi. İran tacirləri Azərbaycandan
gəlib Rusiyaya keçirdilər və hətta Parlaman
İrandan Rusiya və yaxud başqa ölkələrə gedən
tacirlər üçün əlavə vergi qoymuşdu.
Onlar da narazı idilər. Yəni,
bu ticarət yolu ilə o qədər çox gəlib gedirdilər
ki, əlavə vergiyə ehtiyac duyulmuşdu. İran deyəndə hekayədə onun azərbaycanlılar
yaşayan hissəsindən söhbət gedir. Bir azərbaycanlının orada dostuna pənah
aparması o dövr üçün təbii idi. Nə qədər insanlarımız Türkiyəyə,
İrana köç etdilər. Qələmə
aldığım bu insanların taleyi İrandan keçdi,
biri geri qayıtdı, o biri Fransaya getdi və sonra onlar bir daha
görüşə bilmədilər.
Süjet özü mənə görə çox
maraqlıdır. Xoşbəxt sonluqla bitən "Arşın mal alan" filmi, əlbəttə ki, insanı
düşüncələr aləminə atır. O filmin son
kadrları səni elə bir hala salır ki, sən
düşünməyə bilmirsən ki, bəs bu xoşbəxt
adamların sonrakı həyatı necə oldu? Çünki
sonra inqilab gəlir, Azərbaycan başdan ayağa
şumlanır, mənəviyyat şumlanır, müxtəlif
insanlar məhv edilir. Təkcə fiziki yox,
mənəvi cəhətdən məhv edilir. Ona görə mən istədim qəhrəmanların
o filmin xoşbəxtliklə bitən kadrlarından sonrakı
həyatını təsvir edim.
- Sizin
yaradıcılığınıza az-çox bələdəm.
Belə başa düşürəm ki, siz
heç vaxt gündəmə uyğun nələrsə yazmaq
peşində olmursunuz.
-
Yaxşı bələdsən.
- Bunun mənfi
tərəfləri varmı, mövzuları nələrə
uyğun seçirsiniz?
- Məndən
gündəmə münasibət gözləyən insanlar
var, tənqidçilər var, özünü ədəbiyyat
adamı sayan adamlar var. Mən deyim ki, nədən
yazırsansa yaz, ən uzaq, ən fantastik, ən detektiv əsər
yazsan belə, yenə də sən gündəmin içindəsən.
Məsələn, "Dəvə
yağışı" hekayəmdə göydən yerə
yağış əvəzinə dəvə yağır
yazmışam. Bu gündəmdə olmaq
demək deyilmi? Əgər bunu başa
düşmürlərsə, bu, mənim günahım deyil.
Yəni, elə bir məqam gəlir ki, göydən sən
yağış yerinə yağan dəvə gözləyirsən,
şir gözləyirsən...
-
Hazırda iri həcmli əsər üzərində işləyirsinizmi?
- Son
romanım "Laokoon laokoon, yaxud bir romanın gerçək
yazılma tarixi" adlı əsərdir. Onun
janrını mən belə müəyyənləşdirmişəm
- romanvari. "Yarımçıq əlyazma"nın faktiki olaraq yazılma tarixi ilə
bağlı bir romandır. Mənə elə gəlir ki, bunu
qələmə almağın özü maraqlı bir proses
idi. Ən azından "Yarımçıq əlyazma"nı qiymətləndirən insanlar
üçün maraqlı ola bilər. Bu roman
necə yarandı, necə üzə çıxdı? Ondan çıxan xətlər Dədə Qorqud,
Şah İsmayıl Xətai xətləridir.
Maraqlıdır ki, ədəbiyyatdan uzaq adam,
Dədə Qorqudu tanımayan adam Dədə Qorqud
dünyasına girəndə hansı əhvalı, hansı
hissi keçirə bilər? Bax, mən
çalışmışam bunu romanda qələmə alım.
Mənə elə gəlir ki, Dədə Qorqud
dövrü ədəbiyyatımızın ənliksiz,
kirşansız, süslənməmiş bir
dövrüdür. Yəni, o metaforalardan
uzaq, bədiyyatın cilalanmamış, klassik şeirimizə
xas olan bəzəkləri olmayan dövrünün içinə
girəndə sən özün də təmizlənirsən.
Dədə Qorqudun təmiz bətninə daxil
olanda, sən özün də paklanırsan.
- Əsərlərinizdə paralel zaman
anlayışları çoxdur, fərqli zamanlara çox
müraciət edirsiniz. Mənə maraqlıdır ki,
keçmişə qayıdışınızın əsas
səbəbi nədir?
- Paralel
zamanlar və məqamlar,insanların ikiləşməsi,
keçmişdən bu günə ötürülən
"mesajlar" və başqa bizə mistik görünən
məqamlar mənim üçün çox cəlbedici və
maraqlıdır. Biz sanki güzgüyə
baxırıq, biz güzgüyə baxanlarıq. Amma güzgüdən bizə baxanlar da var. Biz
onları görmürük. Kimdilər?
O biri dünyanınmı adamlarıdı, yoxsa təhtəlşüurumuzun
dərinliyindəkilərmidi? Sartr və Kamyu
kimi bir güzgünün iki tərəfində qərar
tutublar?! Güzgüyə baxan tərəf
ayrı, güzgüdən baxan tərəf bir ayrıdı.
Və onlar tez-tez yerlərini dəyişirlər.
Biri o birinin yerinə keçir. Maraqlı deyilmi? Məncə,
maraqlıdı.
-
Özünüz hansı dövrdə yaşamaq istəyərdiniz?
- Mənə
elə gəlir ki, hər bir dövrün müsbət və
hardasa məni qane eləməyən tərəfləri ola bilər. Bayaq müraciət etmək dediniz,
"müraciət etmək" sözü bir az
mənə yad kimi göründü. Mən
müraciət etmirəm. Mən
yazıram, hara gedib çıxıram, özüm də
çox zaman bilmirəm. Buna dövrlərarası
səyahət də demək olar.
Məsələn, mənim romanımda doqquz qata qədər
getmək olur.
Yəni, bir qata enirsən, ondan keçirsən
o biri qata. Bir də görürsən ki, səkkizinci
qatdasan. Amma əsas məsələ həmin
səkkizinci qatdan əvvələ qayıtmaqdır. Bu
qatlar dövr də ola bilər. Ədəbi-bədii istiqamətdən baxdıqda,
bir ədəbiyyatçı üçün son dərəcə
maraqlı məqamlardır.
Mən xüsusi olaraq qarışma məqsəd qoymuram. Obrazla
bağlı, məncə, yazan bəndə "o
düşündü", "ona elə gəldi" kimi
ifadələrdən qaçmalıdır. Xüsusilə, qədim dövrə aid mətnlərdə.
Asan deyil, amma buna nail olmaq lazımdır.
"Ona elə gəldi"ni sən qəhrəmanın
üzünü, gözünü, hərəkətini təsvir
edərək verməlisən. Bu qəhrəman
fikrə gedir, yada salır keçmişini, təhtəlşüurunda
gedən prosesləri anlamağa çalışır. Ona görə də, o hansısa qata enməyə məhkumdur.
Bu, səkkizinci qata qədər gedib
çıxır və düşünmüşəm ki,
özümə də qəribə gəlib ki, mən oradan
necə qayıtmışam? Baxıb
görürəm ki, çox normal şəkildə
qayıdış etmək mümkündür.
- Belə
başa düşdüm ki, yaşadığınız bu
dövrdən də məmnunsunuz.
-
Çox istərdim ki, Cümhuriyyət dövründə də
yaşayım, o iki ilin ləzzətini hiss edim. Bu
təbii ki, mümkün deyil. Amma indi
müstəqil Azərbaycanda yaşamaqdan çox məmnunam.
- Əsərlərinizdə mistika xüsusi yer tutur. Maraqlıdır
ki, Kamal Abdullanın həyatında mistika nə dərəcədə
yer alır?
- Biz həyatımızda,
əlbəttə ki, mistika adlı bir aləmlə
qarşılaşmışıq, bu bizim uşaqlıq
dövrümüzdür. Məsələn, anam
mənə deyəndə ki, "a bala, az şuluq elə, az
atıl, düş, balkon uçacaq", mən elə
bilirdim ki, balkonumuz həqiqətən qanad açıb
uçacaq. Yəni o sözlərin
içindən doğan metaforik mənalar, sözlərin
özü ilə gətirdiyi mistika dolu poetizmlər
uşaqlıq dövrünün məhsuludur. Mənə deyiləndə ki,
"ayağının altına bax, yıxılarsan", mən
əyilib ayağımın altına baxardım. Bizim həyətdə
mənim bir qoca nənəm vardı, mən ona "nənə"
deyirdim, bizim ailəyə yaxın adam idi. Adı Badam nənə idi. O mənə qəribə
əhvalatlar danışardı, nağıllar danışardı,
məni qorxudardı. Damdabaca ilə
qorxudardı. Mən də, damdabacadan
çox heç nədən qorxmazdım, amma sonradan
anladım ki, bu elə adi damda bacadır. Damın
bacası olar da. Amma "damdabaca"
sözü bir yerdə deyiləndə qorxulu bir şey idi.
Mənim
"Əsgər Ağa və Gülçöhrə
xanım" hekayəmdə qorxulu bir məqam var: "Adı
özündən uzun olan Gülüqahqah xanım".
Sonradan özüm də özümə sual verdim ki, adı
özündən uzun olan bu məxluq kim
ola bilər? Bu hekayədə onun pəhlivanları,
sehrbazları, əyan-əşrəfi var. Amma sonralar
anladım ki, mən, əslində, özümdən xəbərsiz
taxtabitidən yazmışam. Adı
özündən uzun Gülüqahqah xanım bir taxtabiti,
tarakan imiş. Uşaqlıqda Əsgər
ağanı damdabaca ilə, Gülçöhrə
xanımı da adı özündən uzun Gülüqahqah
xanımla qorxudurmuşlar. Ona görə,
təəssüf ki, çoxumuz həmin uşaqlıq
dövrünün mistikasını unuduruq, ona qayıda
bilmirik, ya da ehtiyac duymuruq.
Mənə elə gəlir ki, o məqam, o abu-hava bizim həyatımızda
bu gün də var, bizim təhtəlşüurumuzda biz
böyüdükcə yenə də qalır.
-
Uşaqlıq dövrünün saf mistikası hamıya bəllidir.
Bəs Kamal Abdulla ömrünün
uşaqlıqdan sonrakı dövrlərində mistika ilə
qarşılaşmadı?
- Ola bilər,
mən ona vəfasız çıxdım, mən onu heç
axtarmadım ki, qarşılaşım. Həyatda
qarşılaşdığım və sevdiyim adamların
hamısı, elə bil ki, taleyin sənə
bağışladığı bir sirr, mistikadır. Bunun peşində olmadım, amma bunun təsirilə
bəzi şeirlər yazdım. Çox zəif
şeirlərdi. Həmin şeirləri məktəb
illərindən bəhs edən "Tarixsiz gündəlik"
adlı povestimə daxil etmişəm. Kimlərinsə
bəyənəcəyi şeirləri sonradan yazdım. Əsl mistika həyatıma sonralar daxil oldu.
- Mən
sizin şeirlərinizi də oxumuşam, bir şeirinizdə
yazmısınız, "Sən çətin tapasan
axtardığını, sən axtardığını itirməyiblər".
Mənə maraqlıdır ki, nə
axtarırdınız?
- Mən
nə axtardığımı bilsəydim, bəlkə,
tapardım. Bəzən insan nə
axtardığını bilmədən elə
axtarışdadır, özü özüylə
axtarışdadır. Dəbdəbəli
çıxmasın, yəqin ki, özüm özümü
axtarmışam. Məsələn, dost
axtarmamışam, çünki dostlar həmişə mənim
yanımda olub, dostu çox olan adam
olmuşam. Bəzilərini itirmişəm, Allah
rəhmət eləsin. Bəziləri bu
gün də yaşayır, mənim yanımdadırlar. Məsələn, Ramiz Rövşən mənim ən
yaxın dostlarımdan biridir. O ünsiyyəti
üçün darıxdığım və son dərəcə
can atdığım insanlardan biridir. Başqa insanlar da var.
Nazim var, Muxtar var... Mən özümdən
yaşlı adamlarla dostluq etməyi də bacarmışam, məsələn,
Azad Mirzəcanzadə mənim yaxın dostum olub. O mənə
öz dostluq münasibətini
bağışlamışdı. Böyük
alim Rafiq Əliyev var, onunla da biz dostuq, qardaşıq. Yəni, yaşlı adamlarla dostluq eləmək
daxili məsuliyyətimi artırır. Bunların
ikisiylə də birgə kitabımız var, həm Azad müəllimlə
birgə kitab yazdıq, həm Rafiq müəllimlə.
- Kamal
müəllim, tənqid məsələlərinə keçək.
Sizin romanlarınızın dili çox
müzakirə olunur, ancaq hekayələrinizdə o dildən
çox istifadə olunmur. Tənqidlər
olur ki, Kamal Abdulla dili bilmir, Kamal Abdulla dilin belini qırır.
Bu üslub məhsuludur, yoxsa başqa bir məqsədlə
belə yazırsınız?
- Yenə
mənə demək çətindir ki, bu üslubdur, yoxsa bilərəkdən
qoyulan bir məqsəddir. Çünki roman
yazanda sən hansısa ahəngin içinə girirsən.
Əsas olan üslub yox, daha çox ahəng və
intonasiyadır. Sən suyun dərinliyinə
baş vurarkən nəfəsini dərindən alıb da girə
bilərsən, elə-belə də girə bilərsən.
Demək istədiyim budur ki, romanın içinə
girəndə nəfəsi dərindən alıb girirsən.
Çünki roman həcmcə böyük bir
məkanı əhatə edir. Ona görə
də, sən o ahəngə, intonasiyaya girəndə eləcə
də nəfəsin buna çatmalıdır.
Fikir versəniz, görərsiniz ki,
"Yarımçıq əlyazma"da orta əsrlərin
dili, Dədə Qorqudun dili və müasir dil bir birindən fərqlidir. Şah
İsmayılla bağlı yerlər mənim aləmimdə,
təxminən, XVI və XVII əsrlərin Azərbaycan dilinin
timsalıdır. "Dədə
Qorqud" hissəsindəki dil abidənin dilinə
yaxındır. Hətta bir dəfə bir
türk alimi yazmışdı ki, Kamal Abdulla Dədə
Qorqudun 13-cü boyunu tapıb çap edib və bu alim
romanı Dədə Qorqudun 13-cü boyu kimi təhlil
etmişdi. Biləndə ki, bu, bir
romandır, rəngi ağarmışdı. Yəni, bu qədim dillə mən o qədər
eynilik yarada bilmişdim ki, o alim belə düşünə
bilmişdi. Sənin isə sualına bir az
kəskin desəm, belə cavab verərdim ki, mənim bir
cümləmin ağırlığına girə bilməyən
adamlar məni dildə ittiham edirlər, bu onların
vicdanının boynuna, özləri bilərlər, amma mən
onlara həm də belə cavab verərdim. Mən
Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında
yazıram. Bu nə deməkdir?!
Bilirsinizmi, bir var hamımızın öyrəşdiyi Azərbaycan
dili, bir də var, hər cümlənin özünün bir
etalonu olur və eyni zamanda bu etalonun variantları olur Variant
olur ki, digər cümlə quruluşunun sərhəddində
durur. Bax, mənə o sərhəddəki
variant, etalonun potensialı maraqlıdır. Məsələn, çox ağıllı adamlar
bir dəfə dedilər ki, "Hamı səni sevənlər
burdadır"- nə deməkdir? Səni sevənlərin
hamısı burdadır"- belə olmalıdır! Mənim Şah İsmayılla bağlı pyesimin
adı belə idi.
Bəli, bu etalondur, Amma onun variasiyaları var,
formaları var. Bax bu, "Hamı səni sevənlər
burdadır" variantlardan biridir. Burda dilin
intonasiyası, dilin ahəngi, dilin rəngi görünür.
Etalon rəngsizdir, burda isə hər şey var. Mənim
yazımda bir adam mənə göstərə
bilməz ki, sən bu cümləni pozmusan. Cümlənin on
variantı varsa, onlara pozuntu kimi görünən haman variantlardan biridir.
- Ədəbiyyatın əsas funksiyalarından biri onun həm
də məişət dilinə təsiridir.
- Bəli,
mən yazdığım elə məişət
insanlarının bir-biri ilə danışdığı
dildir.
- Bu dil
televiziya, media, kitab vasitəsiylə insanların dilinə də
düşür, yəni kütləviləşir. Siz onda bir yazıçı kimi dili korlamış,
ya "sarvat" eləmiş olmursunuz?
- Mənə
elə gəlmir. Mənə elə gəlir ki,
mən dilin rəngarəngliyini, şəhdi-şövqünü
göstərirəm, Azərbaycan dili təkcə Sovet
dövrünün dili ütülü
yazıçılarının dilindən ibarət deyil.
Azərbaycan dili yelpazə kimi
açıldıqda bir tovuz quşu kimi cürbəcür rəngləri
bərq vuran dildir. Məsələnin başqa tərəfi
də var. Dil öz-özündən məhv ola
bilməz. Dili ayrı-ayrı adamlar korlaya bilməz.
Olsa-olsa bu adamlar öz nitq mədəniyyətlərini
təqdim edirlər, bütövlükdə mədəniyyətlərini
göstərirlər. Dil və nitqin
bir-birindən fərqli olmasını, nəhayət, anlamaq gərəkir.
Dil insanın şüurunda bizdən xəbərsiz
yaşayan bir dəyərdir. Dil şüur əlamətidir,
xalqa məxsusdur. Nitq isə fərdə məxsusdur.
Bir dəfə mənə xəbər verdilər ki,
bizim bir hörmətli deputatımız deyir ki, mən
küçədə gedirdim, yanımdakı üç,
dörd gənc rus dilində danışırdı, dilimiz əldən
gedir. Jurnalistlər bu sualla üstümə gəldilər.
Məni divara dirədilər. Nəhayət, cavab verəsi oldum. Dedim ki, əgər
bir dil üç nəfərin küçədə rusca
danışmağı ilə əldən gedəcəksə,
o dil dünəndən əldən getsə
yaxşıdır. Bunun dilə dəxli yoxdur,
bu, o həmin adamın öz mədəniyyətinin, nitqinin
göstəricisidir.
Bakıda küçədə, evdə, hər yerdə
ingilis dili də özünü göstərməlidi, rus dili
də, ispan dili də. Dillə nitq dediyim kimi ayrı-ayrı dəyərlərdir.
Bunun dilə dəxli yoxdur. Bu,
insanın özünün nitq mədəniyyətinin,
başqa cür desək, ümumi mədəniyyətinin
göstəricisidir.
- Son ərəfələrdə
Azərbaycan dilinin Türkiyə türkcəsiylə dəyişdirilməsi
haqqında ədəbi mühitdə müzakirələr
getdi. Sizin bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan
dili azərbaycan dili, türk dili isə türk dilidir. Bunlar bir ailəyə mənsub dillərdir, qohum dillərdir,
amma qohum dillər olsa da, sən əmin oğlundan da fərqlənirsən,
öz qardaşından da fərqlənirsən,
düzdümü? Biz uzun müddət
Türkiyədən kənarda qalmışıq. Bizim dilimiz bir istiqamətdə inkişafını
davam etdirib, türk dili başqa istiqamətdə. Bu dil qədim dövrdə eyni olub, məsələn,
Dədə Qorqudun dili ikimiz üçün də eynidir.
Hətta bəlkə başqa türk xalqları
üçün də eynidir. Hər bir
dil özü özlüyündə gözəldir. Mən təsəvvür edə bilmirəm ki,
bunların hamısını bir yerdə necə birləşdirmək
olar?! Bəli, orası da var ki, elə etmək
lazımdır ki, bizim get-gəlimiz, bizim mədəni,
iqtisadi, siyasi münasibətlərimiz elə olmalıdır
ki, biz elə bilək ki, biz birik. Bütün
Avropa ağıllı şəkildə buna doğru gedir.
Sən özünü Almaniyada olarkən Fransadakı kimi hiss
edirsən, Fransada İtaliyada olduğun kimi hiss edirsən.
Bəli, türk dilləri ailəsi var. Amma bu gün kimlərsə
Azərbaycan dili Türkiyədəki türk dilinin eynidir
deyirsə və hansısa təkliflər irəli
sürürsə, mən bunu deyə bilmərəm.
- Müasir
yazarların əksəriyyəti Azərbaycan dilinin
kasadlığından şikayətlənirlər.
- Onlar
daha çox öz mütaliə dərəcələrinin
kasadlığından şikayətlənsinlər. Dilin dərinliyinə və genişliyinə baş
vura bilməmələrindən rahatsız olsunlar. Azərbaycan dilinin şəhdi-şövqünü
yaradan insanlar olub. Onu bacarıb ifadə edən
yazıçılarımız olub. Mirzə Cəlil, Əbdürrəhim
bəy, Üzeyr bəy olub. Hər bir dil həm
zəngindir, həm də bəsitdir. Dədə
Qorqudun dili necə bir dildir? Mən hesab edirəm ki,
çox sadə və bəsitdir, amma eyni zamanda bu bəsitliyin
klassik ölməz bir "qədd tutması" var. Qazi
Bürhanəddinin dilində belə bir ifadə var: qədd
tutmaq. Elə durmaq ki, kişi kimi ləyaqətlə
qədd tutmuş olasan. Qorqudun dili qədd tutub,
amma çox sadə dildir. Dədə
Qorqudda hissiyyata getməyin yeri yoxdur. Mən
"Yarımçıq əlyazmada"
çalışmışam ki, başqalarının necə
düşünəcəyini təsvirdən qaçım.
Orada, düşüncəyə yer varsa, bu, yeni
qəhrəman tipinin yaranması deməkdir. Məhz bu zaman ədəbiyyatda yeni qəhrəman,
düşünən insan yaranır, psixoloji sarsıntı
keçirən insan tipi üzə çıxır. Məsələn, Beyrək belə birisidir. O həm
sədaqətli, həm cəsarətli, həm də hiyləgərdir.
Bu, psixoloji mürəkkəblikdir. Amma aşkar yox, gizli mürəkkəblikdir.
Mən Dədə Qorqudda əsl psixoloji sarsıntı
keçirən bir obraz tanıyıram, o da Təpəgözdür. Basata olan
etirafında o nə deyir? Deyir ki, mən adam
əti yeməyimə görə, adamları
öldürdüyümə görə istəyirdim, Sallaxana
qayasından özümü atım və öldürüm. Dastanımızın bütün digər qəhrəmanları
yekrəng, sadə psixoloji tutuma malikdilər.
- Ötən
gün Aqşin Yeniseyin bir yazısını oxudum, orada
amerikalı ədəbiyyatşünas Frederik Ceymsonun fikirlərindən
yola çıxaraq deyir ki, üçüncü dünya
ölkələri heç vaxt böyük ədəbiyyat
yarada bilməz, yarada bilməyəcəklər, çünki
onlar daha çox milli problemləri ilə əlləşirlər.
Siz nə cür
düşünürsünüz? Üçüncü
dünya ölkələrindən biri kimi böyük ədəbiyyat
yarada bilmişikmi, ya da yarada biləcəyikmi?
- Mən
bu suala cavab vermək istəməzdim.
- O zaman
belə soruşum: ümumiyyətlə, Azərbaycan ədəbiyyatında
böyük ədəbiyyat yaranıbmı, yaranacaqmı?
- Biz hər
şeydən əvvəl özümüzə belə bir sual
verməliyik ki, böyük ədəbiyyat nə deməkdir?
Dünyada müxtəlif ölkələrdə yaşayan
insanların yaratdığı ədəbiyyat çox zaman
öz vaxtında böyük ədəbiyyat sayılmayıb,
bir az sonra sayılıb. Yəni,
böyük ədəbiyyatın kriteriyaları nədir?
Mən həmişə bu sözü deyirəm
ki, ümumiyyətlə, qiymət verməkdə sən gərək
deməyəsən ki, bu əsər yaxşıdır, ya
pisdir. Bu əsər böyükdür,
yaxud kiçikdir. Sən gərək mədəniyyət
çərçivəsində deyəsən ki, bu mənim
yazıçımdır, ya mənim yazıçım deyil.
Bu kriteriyadan yanaşanda həm sən
qarşıdakına hörmət edirsən, həm öz
oxucuna hörmət edirsən, həm də özünü
göstərirsən ki, sən də adamsan.
Suala
qayıtsam, kiçik xalqların da böyük ədəbi
nümunələri ola bilər. Elə bircə Çingiz Aytmatovu göstərmək
yetər.
- Kamal
müəllim, siz bizim məmur
yazıçılarımızdan birisiniz...
-
Yazıçı ruhən məmur olmur axı (cümləmi
tamamlamağa icazə vermir). Niyə siz o saat bir
yarlık vurursuz? Yazıçı
yazıçıdır. Göte saray vəziri
olub, Nizami sifarişlə yazıb. Hamı
hansısa vəzifəni daşıyıb.
-
Sualım başqa məcraya yönlənəcəkdi
(gülürəm). Sizin bəlli bir vəzifəniz
olub və illər boyudur vəzifədəsiniz, amma məhsuldarlığınızı
da itirmirsiniz. Bunun səbəbi nə ola
bilər?
- Mənim
həyatda çox müəllimim olub. Hətta
bəzən tələbəm olub ki, ondan öyrənmişəm.
Bu o demək deyil ki, tələbəm mənə
dərs deyib. Mən onun reaksiyasından
öyrənmişəm. Mənim həm
auditoriyada, həm də evdə gözəl müəllimlərim
olub. Məsələn, ictimaiyyətimizin
yaxşı tanıdığı Yəhya Məmmədov
vardı. Gözəl dilçimiz
Ağamusa Axundov vardı, onlar mənim həm qohumum olublar, həm
müəllimim.
Yəhya
müəllimin gözəl bir sözü vardı, deyərdi,
adam gərək vəzifəni
axtarmasın, gərək vəzifə adamı axtarsın.
Mən bu sözləri həmişə qulağımda
sırğa eləmişəm. Mən heç vaxt vəzifə
axtarmamışam, hansı vəzifəyə irəli çəkilmişəmsə,
mənim planlaşdırmadığım şəkildə
olub. Ulu öndər Heydər Əliyev də
məni Slavyan Universitetinə rektor təyin edəndə belə
olub. Azərbaycan prezidenti İlham Əliyev
qiymət verib məni dövlət müşaviri təyin edəndə
də belə olub. Mənim xəbərim
olmadan mənim işimə qiymət verib ediblər.
Bu gün
əgər mən həm romanımı yaza bilirəm, həm
də universitetimiz QS kimi ciddi beynəlxalq təşkilatın
reytinqində 1650 universitet sırasında 300-cü yerə
çıxırsa, özünüz təsəvvür edin
ki, bunlar necə ola bilir?
- Bəlkə,
vaxtınızı yaxşı bölə bilirsiniz. Xüsusi
bir iş, yazı rejiminiz var?
- Mən
vaxtı özüm bölmürəm. Hekayə
yazılmağa gələndə, heç nə onun
qabağında dura bilmir. Roman əhvalı
gələndə mən gecə də beynimdə onunla əlləşirəm,
səhər də duranda, yuxunun özünün içində
də. Ona görə də yazı
prosesinin özü mənim üçün son dərəcə
asan və sadədir.
- Bizim
müəlliflər, şairlər niyə böyük beynəlxalq
mükafatlar ala bilmir?
- Mən
dəfələrlə demişəm, bu gün də deyirəm
ki, ay gənc, ay yazar, ay ədəbiyyat adamı, sənin fitri
istedadın var. Bu fitri istedadın arxasında dünya mədəniyyəti
bilgisi durmalıdır. Azərbaycan ədəbiyyatı
bilgisi durmalıdır və hökmən ingilis dili, rus dili
durmalıdır. Bunları öyrənmək
lazımdır. Ona görə də
zamanında yaradıcılıq fakultəsini yaratdıq.
Mənim yazdıqlarım bu gün Almaniyada, İtaliyada,
Amerikada, Rusiyada və əlbəttə ki, Türkiyədə
çap edilir.
Nəşriyyat və tərcüməçilərlə
münasibətim var.
Mən
tanıdığım adamlara vaxtilə dedim, gəlin sizə
həmin münasibət xəttlərini verim, gedin siz də
yararlanın. Gələn olmadı. Bilmirəm niyə. Bəlkə də,
özlərinə inam və əsassız iddiaları
buraların sərhəddinə qədərdi?! Amma gələcəkdə indi yaxşı
tanımadığımız və qiymət vermədiyimiz o
gənclər o mükafatları bura gətirəcəklər.
- Azərbaycan
ədəbiyyatı ilə dünya ədəbiyyatını
müqayisə edəndə hansı mənzərə ortaya
çıxır?
- Bu
sualı bir dəfə mənə, təxminən, 35 il bundan əvvəl bir jurnalist vermişdi. Yaponya səfərindən sonra o soruşdu ki, Yaponya
ilə bizi müqayisə etsəniz, biz hardayıq? Dedim,
biz Yaponiyadan nə arxadayıq, nə qabaqda. Biz
başqa-başqa qalaktikalardayıq.
-
Müasir ədəbiyyatımız haqqında nə
düşünürsünüz?
- Mən
indi saytlar vasitəsilə onunla tanış
oluram. Xüsusilə də, sənin rəhbərlik
etdiyin saytdan, "Ədəbiyyat" qəzetindən,
"525"-ci qəzetdən. Bu gün
bizim gənclərimiz hansısa xarici bir
yazıçının adını əzbər deməyi
sevir. Onlara oxşamağa
çalışmaq elə də pis deyil. Bu
yol ilə o gənclər axırda özünü tapacaq,
düşünürəm.
- Kamal
müəllim, siz və sizin nəsildaşlarınız bir
sıra yeniliklər etdiniz,
romançılığımızda yaxşı nümunələr
ortaya çıxdı. İndi elə hiss olunur ki, axsamalar
var, səbəb nə ola bilər?
- Əsasən,
özündən müştəbehlik! Başqasından
bəhrələndiyini gizlətməyə
çalışmaq. Mən bilirəm ki,
"Yarımçıq əlyazma" nə qədər
adamın ilham mənbəyi oldu... Bunu aşkar
etiraf edənlər də oldu. Qarayaxanlar
da. Amma mən bilirəm axı bu romanın
çalarları hansı bağlı daxıllardan
çıxır...
- Azərbaycan
ədəbiyyatının hansı dövrü sizin
üçün qızıl dövrdür?
- Əlbəttə ki, XX əsrin əvvəli.
- Siz həm
də Xalq yazıçısı fəxri adını
daşıyırsınız. Dünyada bu cür
fəxri adlar artıq ya yoxdur, ya da əhəmiyyətini
itirib. Bəs sizin üçün bu ad nə deməkdir?
- Bu ad mənə
başqalarının göstərdiyi hörmət və
etimadın bir nümunəsidir. Mən böyük fəxrlə
bu adı daşıyıram. Yəni, mən heç təsəvvür
eləməzdim ki, nə zamansa Xalq yazıçısı
olaram. Düzdü, bu cür adlar dünyanın heç bir
yerində yoxdur. Azərbaycan çərçivəsində
bu adı daşımaq qürürverici və məsuliyyətlidir.
-
"Kitabi-Dədə Qorqud"la bağlı Rafiq Əliyevlə
kitabınız çap olundu, bu kitab yazıçılar
üçündür, yoxsa filoloqlar üçün?
- Bu kitab informasiya nəzəriyyəçiləri və filoloqlar üçündür. Rafiq müəllimlə ortaq fikirlərimizi bir yerə gətirdik və belə bir kitab ortaya çıxdı. Dədə Qorqud hissəsi informasiya nəzəriyyəçiləri üçündür, informasiya nəzəriyyəçilərinin ideyaları filoloqlar üçündür. Bu kitabın belə bir ikili funksiyası var.
- Son
olaraq bir sualım da var. Bu gün siz nə cür mətn
yazmaq istərdiniz?
- Elə
bir mətn ki, əvvəldən axıra qədər
oxunanların mənası axırdan əvvələ qədər
oxunanların mənasına bərabər olsun.
-
Mümkündürmü belə güzgülü mətn?
- Xeyr,
mümkün deyil.
- Bəs o zaman?
- Mən
həmişə mümkün olmayana can atmışam. Mümkün olanı o birilər onsuz da yazır.
Ulucay AKİF
525-ci qəzet.-
2023.- 14 aprel.- S.12-13.