"Bu cavan oğlan
böyük adam olacaq..."
Dünyada
tarixi qələmə alanlar çox olsa da, tarix
yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix
yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu
öndər Heydər Əliyev də tarix yaradan nadir
insanlardan, dahi şəxsiyyətlərdəndir. Ümummilli
lideri dünyanın bir çox görkəmli ictimai siyasi
xadimləri, müdrik insanları ilə müqayisə edənlər
çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri,
yüksək vəzifələrdə olduğu illəri qələmə
alırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər
barədə daha çox məlumata malikdirlər.
Ancaq
Ulu öndərin həyatının əsl dəyərini, zamanı qabaqlamaq istedadının
və tarix yaratmaq bacarığının əsl mahiyyətini
dərk etmək
üçün yalnız rəhbər vəzifələrdə
çalışdığı illəri araşdırmaq
kifayət deyil. Onun mənalı həyatının hər
günü, hər anı, qəhrəmanlıqlarla və
mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamını
mat qoyan yaddaşı, qeyri-adi natiqlik qabiliyyəti,
istedadının müxtəlif formalarda təzahürü şəxsiyyətin
formalaşması mərhələləri, tarixi hadisələrlə
zəngin unudulmaz salnamədir.
Xoşbəxtlikdən
mənə də belə bir insanla eyni tarixi mərhələdə
dünyada yaşamaq, onun həyata keçirdiyi nəcib əməllərin,
qətiyyətli addımları ilə böyük bir ölkəni
bəlalardan qurtarmasının,
ümumxalq məhəbbəti qazanıb bəşəriyyətin
yaddaşında görkəmli siyasi xadim kimi əbədiləşməyinin şahidi olmaq nəsib olub. Daha
böyük xoşbəxtliyim onda olub ki, on ilə yaxın
müddətdə bilavasitə onun rəhbərliyi altında
işləmək, tapşırıqlarını həyata
keçirmək, xalqımızın rifahı naminə reallaşdırdığı
nəhəng layihələrin icraçılarından biri
kimi onunla dəfələrlə görüşmək,
ünsiyyətdə olmaq
imkanım olub.
İstərdim
ki, həmin xatirələri, həmçinin onunla bir dövrdə
yaşayan insanlardan eşitdiyim söhbətləri, bu dahi
insan haqqında müxtəlif dövrlərdə oxuduğum
kitab və qəzet-jurnal materiallarını, müsahibələri
toplayaraq gələcək nəsillərə bir yadigar
saxlayam. Qoy bizdən sonra gələn insanlar bilsinlər ki, Azərbaycanın
firavanlığı, xoşbəxtliyi, beynəlxalq nüfuzu,
əmin-amanlığı, "dünyaya günəş kimi
doğması" elə-belə, sadəcə tarixin hədiyyəsi
deyil. Bu uğurların qazanılmasının təməlində
dayanan, onu damla-damla, addım-addım, kərpic-kərpic quran
Heydər Əliyev hansı çətinliklərin öhdəsindən
gəlib. O, həm
də öz həyatını böyük çətinliklərdən
keçərək qurmuşdur.
Bu böyük şəxsiyyətin bütün dövrləri
gərgin zəhmətlə keçən ömrünün mərhələləri
haqqında kitab yazmaq qərarına gəlmişəm. Kitabda onun şərəfli
ömür yolu
ölkəmizin tərəqqisi fonunda qələmə
alınmışdır ki, gələcək nəsillər
xalqımızın belə bir
fenomenal şəxsiyyəti yetişdirmək qüdrətindən
daim qürur duysunlar. Həmin kitabdan bəzi hissələri
"525-ci qəzet"in hörmətli oxucularına təqdim
etmək itəyirəm. İlk məqalə bu dahi insanın uşaqlıq və
gənclik illərinin bəzi məqamlarını
özündə əks etdirir.
Onun muəllimi
olmuş Lətif Huseynzadə (1903-2008) bu ailə və Heydər
Əliyevlə bağlı xatirələrinin birində qeyd
edir:
"Heydərin atası Əlirza kişi Naxcıvanda
nufuzlu şəxslərdən biri idi. O, mənim atamla dostluq edirdi. Atam Hacı Talıb başmaqcı idi, öz
emalatxanası vardı. Əlirza kişi
tez-tez emalatxanaya, atamın yanına gələr və onlar
şirin-şirin sohbət edərdilər.1936-cı tədris
ili başlayan vaxtda o, oğlu ilə birlikdə bizə gəldi.
O vaxtlar mən Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə
müdiri işləyirdim. Əlirza kişi
dedi: "Heydər müəllim olmaq istəyir, bu elə mənim
də arzumdur". Heydərin o vaxt on
üç yaşı vardı, pedtexnikuma isə on dörd
yaşdan qəbul edirdilər. Digər tərəfdən
artıq dərslər başlanmışdı, sentyabrın birindən on gun
kecirdi. Biz o vaxtlar tələbələri musabiqə
yolu ilə qəbul edirdik, onları sorğu-sual edir, bilik səviyyələrini
yoxlayırdıq. Mən ona baxdım: gözəl,
görkəmli, xoşrəftar, muəllim üçün zəruri
olan xarici görünüşə malik bir oğlan idi.
Onu yoxlamaq qərarına gəldim. Dildən, ədəbiyyatdan
suallar verməyə başladım. O, suala Azərbaycan
dilində gözəl, bır dəfə də rus
sözü işlətmədən hərtərəfli, əla
cavab verdi. Bəziləri kimi
rus kəlmələrini Azərbaycan sözlərinə
qatıb danışmadı. Bir sözlə, Heydər mənim
çox xoşuma gəldi və mən onu texnikumun direktoru
Kazım Talıblının yanına apardım: "Bu
oğlan Azərbaycan ədəbiyyatını, tarixi
yaxşı bilir, mütaliəni sevir, gözəl nitq qabiliyyəti
var. Zənnimcə, ondan yaxşı müəllim olar",- dedim. O da Əlirza kişini
tanıyırdı, ancaq tərəddüd edirdi: onun
13 yaşlı oğlunu qəbul edə bilərikmi, axı artıq
dərslər də başlayıb. Mən oz
sözümün üstündə durdum: "Bu
uşağı itirmək olmaz, o cox
hazırlıqlıdır". Direktor təklif
etdi ki, onu riyaziyyatdan da yoxlayaq. Yeznəm Tofiq Bektaşi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu
idi və pedaqoji texnikumda dərs deyirdi, çox tələbkar və ciddi
müəllim olduğundan
hamı ondan ehtiyat edirdi. 13
yaşı olmasına və Tofiq müəllimin zəhminə
baxmayaraq Heydər onun suallarına da ətraflı və dəqiq
cavab verdi. Tofiq də onun
bilik səviyyəsindən çox razı qaldı.
...O da elə
ilk günlərdən ən yaxşı tələbələrimizdən
oldu. Hətta yuxarı kursların ötkəm tələbələri
də Heydərə böyük hörmətlə
yanaşır, boy-buxununa, yerişinə,
davranışına, zəkasına görə
yaşıdlarından çox fərqlənən bu oğlana
"general" deyirdilər."
Haşiyə:
Ancaq Heydər "general" təxəllüsü ilə
artıq neçə il idi ki, bütün
Naxçıvanda tanınırdı. Heydər Əliyev
hələ orta məktəbdə, Naxçıvandakı 1
saylı Beynəlmiləl məktəbdə oxuduğu
dövrdə onu "general" çağırardılar.
5-ci, ya 6-cı
sinifdə oxuduğu vaxtlarda bir dəfə dərsə
atasının dəmiryolçu şinelini geyinib gəlibmiş.
Boy-buxunlu Heydərə şinel necə
yaraşıbsa, uşaqlar heyranlıqla onun tamaşasına
dayanıblar və kimsə "bu lap generala
oxşayır,"-deyir. O gündən bu cavan,
yaraşıqlı oğlana hamı "general" deməyə
başlayır. Naxçıvanda hər kəsin adı ilə
yanaşı bir ləqəbi, təxəllüsü,
ayamasının olduğu vaxtlarda belə sözlərə
"birtəhər" baxan Heydər "general" təxəllüsünü
təbəssümlə qəbul edir. Daxilindəki duyğular ona bu adı nə zamansa doğruldacağını
diqtə edirdi. 1967-ci ildə bu hadisə baş verdi…
2-ci
haşiyə: Generallıq və müəllimlik bu adamın
boyuna biçilmişdi. 1929-cu ildə Azərbaycanda əlifba
islahatı baş verəndən, yəni ərəb
qrafikasından latın əlifbasına keçid olandan sonra, məktəb
üzünə həsrət
qalmış digər insanlar bir yana,
mollaxanalarda təhsil almış az-çox savadlılar
da birdən-birə savadsızlara çevrilmişdilər,
yeni əlifbanı oxuya bilmirdilər. Maraqlıdır ki, təkamül
yolu ilə həyata keçirilməli olan əlifba
islahatı Sovet qaydalarına görə "inqilabi
yolla" baş tutmuşdu: 1929-cu ilin sonlarında birdən-birə
elan olundu ki, 1930-cu il yanvarın
1-dən latın qrafikasına keçilir. Əhali kütləvi
savadsızlaşdığına görə
"Savadsızlığın ləğvi"
kompaniyasına start verildi və bu işə hətta məktəblərin
yuxarı siniflərində oxuyan əlaçı şagirdlər
də cəlb edildi. Görünüşünə, zəkasına
görə yuxarı sinif şagirdlərindən seçilməyən
6-cı sinif şagirdi Heydər də 1935-ci ildə, 12
yaşından etibarən müəllimlik etməyə,
yaşlı insanlara latın əlifbası ilə
yazıb-oxumağı öyrətməyə başladı...
Tükənməz
enerjili və
hərtərəfli istedad sahibi
olan gənc Heydər texnikumda fəaliyyət
göstərən bütün
dərnəklərin üzvü idi-ədəbiyyat, dram,
təbiətşünaslıq, təsviri sənət dərnəklərində hamıdan çox məşğul
olan da o idi. Çəkdiyi gözəl rəsmlər,
hazırladıqları tamaşalarda oynadığı rollar
bir tərəfə, ədəbiyyat dərnəyində bədii
qiraət üzrə keçirilən tədbirlərdə gur və
aydın səsi ilə söylədiyi şeirlər
hamını heyran qoyurdu. Tələbə yoldaşları
danışırdılar ki,
Heydər Hüseyn Cavidin,
Sabirin, Süleyman Rüstəmin, türk şairləri
Ziya Göyalpın, Tofiq Fikrətin, Namiq Kamalın və başqalarının
şeirlərini xüsusi həvəslə və şövqlə
söyləyirdi. Müəllimi Lətif Hüseynzadə xatirələrində
yazır ki, o, texnikumun kitabxanasında olan kitabların bəlkə
də
hamısını oxumuşdu. Nə
vaxt onu görsəydim, qoltuğunda kitab olardı.
Maraqlıdır ki, o vaxtlar Azərbaycan dilində kitablar az
olduğuna görə daha çox kitab oxumaq xatirinə
Heydər rus dilini müstəqil öyrənməyə
başlamışdı.
Bir qədər sonra rus dilini yaxşı mənimsədiyinə
görə texnikumun rus dili müəllimi Həsən bəy
Qazıyev Heydər Əliyevə Lev Tolstoyun "Hərb və
sülh" romanını orijinaldan oxumağı məsləhət
bilmişdi. Tələbə
yoldaşları danışırdılar ki, o bu romanı
oxuduqdan sonra
böyük yazıçının portretini də
çəkmişdi. Sonra həssas və güclü
mühakiməsi olan yeniyetmə Heydər dostlarına oxuyub
tamamladığı romandan - uzaq keçmişdə baş
vermiş müharibədən, 1812-ci ildə yandırılan
Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə
danışırdı...
O vaxtlar
heç kəsin ağlına gəlməzdi ki, Moskvanı görməsə də
oxuduğu kitablar, gördüyü kinolar əsasında onlara
həmin şəhərdən belə həvəslə
danışan və SSRİ-nin ucqar bir yerində texnikumda təhsil
alan bu cavan oğlan 45 il sonra həmin Kremldə ən nüfuzlu
şəxslərdən biri olacaq, Moskvanın siyasətini, beynəlxalq
nüfuzunu müəyyən edən həlledici qərarlar qəbul
edəcək, dünyanın 6-da bir hissəsində elm, təhsil, səhiyyə, nəqliyyat
kimi ən ağır və məsuliyyətli sahələrə
rəhbərlik eləyəcək… Yalnız müdrik Lətif
müəllim istedadı, davranışı, mühakiməsi ilə
çox fərqlənən bu gəncə baxıb tez-tez
müəllim yoldaşlarına
deyərdi: "Bu cavan oğlan böyük adam
olacaq..."
Nəhayət,
1939-cu ilin yayında həmin cavan oğlan Naxçıvan şəhər pedaqoji məktəbini əla qiymətlərlə
bitirdi, özü də keçdiyi 30 fənnin
hamısından ən yüksək-"əla"
qiymət almaqla bitirdi, ancaq texnikuma daxil olarkən ürəyində
müəllim olmaqla bağlı pöhrələnən istəkləri inkişaf edib xeyli dəyişmişdi-o, daha
böyük ideallarla yaşayırdı, hazırda müəllim
olmaq istəməsə də, xəbəri yox idi ki, ulu
tanrı ona bir ölkənin
müəllimi olmaq, xalqına yol göstərmək, dar
gündə onun harayına çatmaq kimi tale
yazmışdı, o, Azərbaycanın ilk və yeganə
"Xalq müəllimi" fəxri adına sahib olacaqdı...
Gələcəkdə
bu günləri yada salıb deyəcəkdi: "Mən həmişə
Naxçıvanda təhsil aldığım illəri
xatırlayıram. Bu illər mənim yaddaşımdan
heç vaxt silinməyəcək... Mən burada mükəmməl
təhsil almışam, özü də elə həvəs və
aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində
oxumaq mənim üçün çətin olmayıb".
Hələlik
isə müəllimlik sənəti ilə vidalaşıb
başqa yolu seçməli idi, gələcəkdə müəllim
peşəsini dünyanın ən yaxşı peşəsi
adlandıraraq onlara məhəbbətini,
qayğısını göstərməyə imkanı olsun
deyə...
...1939-cu
ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Heydər Əliyev təhsilini davam etdirmək üçün Bakıya
yollanır. Arzusu memar olmaq, uşaqlıqdan sevdiyi rəssamlığı
bir qədər də inkişaf etdirərək şəhərlərin
salınmasında iştirak etmək, inşaatın incəsənəti
olan memarlığı öyrənmək
idi. Bu məqsədlə Azərbaycan Sənaye
İnstitutunun (ASİ-indiki Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil olur.
Ancaq bu arzusu da gerçəkləşmir,
qardaşının evində yaşaması (maddi ehtiyac səbəbindən
başqa yerdə yaşamaq imkanı yox idi) o ailədə bəzi
narahatlıqlara səbəb olduğu üçün
1940-cı ilin sonlarında Naxçıvana qayıtmalı
olur. Naxçıvandan gələn həyəcanlı xəbərlər
də (kiçik bacı-qardaşlarının maddi durumunun çətinliyi) bu qürurlu oğlanın qərarını
qətiləşdirdi: "uşaqlar ayaq üstə durana kimi
onlara həyan olum, sonra gəlib oxuyaram", -
düşündü. Memarlıq fakültəsinin dekanı da onu
yola salarkən istedadlı tələbəsinə dedi: "Sən
yaxşı memar ola bilərsən. Getməsən,
daha yaxşı olardı. Ancaq narahat olma,
nə vaxt qayıtsan, yerin hazırdır".
Ancaq qayıda bilmədi, bir qədər sonra başlanan
müharibə, sonrakı əmək fəaliyyəti onun bu
planlarını da pozur, Heydər Əliyev ASİ-də təhsilini
yarımçıq qoymalı olur. Ən maraqlısı budur ki, sonralar
o, Dövlət Təhlükəsizliyi Komitəsinin
Akademiyasında və Bakı Dövlət Universitetinin Tarix fakültəsində də təhsil
alır və aldığı 4 ixtisasın hər biri onun
taleyində öz rolunu oynayır. Yuxarıda qeyd edildiyi kimi,
müəllimlik peşəsi milyonların örnəyi olanda,
ASİ-dəki təhsili Azərbaycan dövlətinin
qurulması, iqtisadi modelinə dizayn verilməsi, mədəni
inkişafının istiqamətləndirilməsi kimi monumental memarlıq nümunəsinin
yaradıldığı illərdə, DTK-də öyrəndikləri
Azərbaycanı üzləşdiyi
təhlükələrdən qoruduğu, dövlətin təıhlükəsizliyini
təmin etdiyi dövrdə, tarix isə xalqımızın
yeni tarixini yazdığı zaman gərəyi oldu...
Azərbaycan
və rus dillərini mükəmməl bilən (o dövrdə
bütün sənədləşmə işləri rus dilində
aparılırdı), savadlı, gözəl xətti olan səliqəli,
üstəlik boy-buxunlu, təmkinli və ağıllı
cavan oğlan (o zamanlar 17 yaşı təzə tamam olmuşdu) Naxçıvan MSSR Xalq
Daxili İşlər Komissarlığının arxiv
şöbəsində çox lazımlı kadr idi. Arxiv rəisinin
müavini kimi fəaliyyətə başlayan gənc Heydərin
gözəl xətti o illərdə Naxçıvanda
keçirilən pasportlaşdırma prosesində çox
lazımlı oldu, ancaq təzə pasport alanlar bilmədilər
ki, onların bu sənədini Azərbaycanın gələcək
rəhbəri və Sov.İKP MK Siyasi Bürosunun üzvü,
xalqın ümummilli lideri olacaq bir insan yazıb. Onda hələ 1941-ci ilin əvvəlləri idi, gələcəyin
bu dühası öz istedadı və bacarıqları ilə
dövlət adamlarının diqqətini təzə-təzə
cəlb etməyə başlamışdı.
SSRİ-nin
cənub sərhədlərində ən təhlükəli və
şübhəli hissə hesab edilən
Naxçıvan-İran sərhəddində baş verən
hadisələr, alman kəşfiyyat orqanlarının bir
neçə dəfə Sovet ərazisinə məhz buradan
agentlər daxil etməsi, müharibə başlandıqdan
sonra vəziyyətin bir qədər də mürəkkəbləşməsi
NKVD-ni (sonralar
KQB və MVD adları ilə məşhurlaşan bu təşkilat
o zamanlar bir yerdə idi və rus dilində belə
adlanırdı, tərcüməsi-Daxili İşlər Xalq
Komissarlığı) milli siyasətini dəyişməyə
məcbur etdi. Məsələ burasında idi ki,
İkinci Dünya Müharibəsində formal olaraq öz
neytrallığını elan edən ikiüzlü İran
siyasəti Faşist Almaniyası ilə gizli əməkdaşlıq
sayəsində Zaqafqaziya və Orta Asiyanın bir sıra yerlərini
öz ərazisinə qatmaq planı hazırlamışdı.
SSRİ üçün ikinci cəbhənin açılması
təhlükəsi NKVD tərəfindən müəyyənləşib
Stalinə məruzə edildikdən sonra Sovet hökuməti
öz müttəfiqlərinə-İngiltərə və
ABŞ-a müraciət etməklə bərabər ən zəif
nöqtə olan Naxçıvanda NKVD-ni milli kadrlarla gücləndirmək
barədə qərar qəbul etmişdi. 1941-ci ildə
Azərbaycanlılara indiyədək etibar edilməyən, rus
dilli, slavyan, yəhudi, gürcü və erməni əsilli kadrlardan ibarət
olan Dövlət Təhlükəsizliyi orqanlarına NKVD-nin
arxiv şöbəsinin müdir müavini işləyən
Heydər Əliyev cəlb edildi. Əlbəttə,
18 yaşı yenicə tamam olan cavan oğlan əvvəlcə
ştatdankənar sınaq müddətinə və kiçik
tapşırıqları icra etmək üçün dəvət
olunmuşdu. Ancaq bir qədər sonra
qeyri-adi bacarıqları və işgüzarlıq keyfiyyətləri,
çevik təfəkkürü və iti zehni onunla ünsiyyətdə
olanları heyrətləndirməyə başladı.
Bu vaxt Sovet-İran sərhəddində bir-birini əvəz
edən gözlənilməz hadisələr baş verirdi. 1941-ci il
iyulun 19-da Böyük Britaniyanın Nazirlər Kabineti
Faşist rejiminin müttəfiqi İranın şimalına
qoşun yeritmək haqqında qərar qəbul etdi. 1941-ci il avqustun 25-də
SSRİ Naxçıvan ərazisindən Cənubi Azərbaycana
qoşun yeritdi. Cənubi Azərbaycanda Milli Hökumət elan
edildi və Seyid
Cəfər Pişəvəri
ora rəhbər seçildi.
Naxçıvan Sovet texnikasının, silahların, ərzaq
və başqa yüklərin İrana daşınması,
partiya, dövlət, mədəniyyət işçilərinin,
təbii ki, həm də kəşfiyyat əməkdaşlarının Cənubi Azərbaycana
ötürülməsi
üçün əsas məkana çevrildi.
Respublikanın "ağsaqqalı" Mir Cəfər
Bağırov vaxtaşırı Pişəvəri ilə
Naxçıvanda görüşüb onu təlimatlandırırdı. Bununla
yanaşı, Hitler Almaniyası da öz təcrübəli kəşfiyyatçıları
ilə yanaşı ələ aldığı yerli cəsuslar,
təxribatçı, əksinqilabçı, diversant və
terrorçuların əhəmiyyətli hissəsini
Naxçıvandan maliyyələşdirirdi. Bəzi tədqiqatçıların
yazdığına görə, müharibənin ilk illərində
Naxçıvan qızğın döyüşlərin
getdiyi Belarusdan və Ukraynadan az əhəmiyyəti olmayan strateji məkana
çevrilmişdi.
Belə bir mürəkkəb şəraitdə Naxçıvanda Xalq Komissarları Sovetinin şöbə müdiri vəzifəsində çalışan və bütün etimadları yüksək səviyyədə doğruldan, təşəbbüskar, prinsipial, savadlı Heydər Əliyevi Dövlət təhlükəsizliyi orqanlarında ştatlı əməkdaş kimi görmək istəyən DTK rəhbərliyi onunla ciddi söhbət etdikdən sonra ərizə yazdırdılar: "Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı sistemində əməliyyat işində işləməyə böyük həvəsim var. Ona görə məni Azərbaycan SSR DTXK-nın məktəblərindən birinə qəbul etməyinizi xahiş edirəm".
Ulu öndər xatirələrində qeyd edir ki, mən bu orqanlarda işləmək istəmirdim, NKVD-nin Arxiv şöbəsinin müdirinin əmək haqqı daha yüksək idi, o zamanlar verilən "ərzaq kartoçkaları" da burada daha artıq idi, 1943-cü ildə vəfat edən atasından sonra kiçik bacı-qardaşlarına himayədarlıq etmək onun boynuna düşdüyünə görə bu amil olduqca əhəmiyyətli idi. Digər tərəfdən, 1937-ci il repressiyalarından sonra NKVD-nin xalq arasındakı reputasiyası xeyli aşağı düşmüşdü, hamı bu quruma antimilli cəza aparatı kimi baxırdı. (Doğrudur, Heydər Əliyev böyük olmayan bir zaman kəsiyində yaddaşlarda qalan bu mənfi obrazı dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan əsl milli təhlükəsizlik qurumuna çevirə bildi).
...Ancaq dövlət
işçilərinin təkidli tələbi, böyük
qardaşının məsləhəti və digər amillər
öz işini gördü. Heydər Əliyev Naxçıvan
MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin xalq komissarı
müavininin adına bu ərizəni
yazarkən 1944-cü il yanvarın 27-si idi. Bu orqanlara ştatlı əməkdaş kimi işə
götürülən ilk Azərbaycanlılardan biri olan Heydər
Əliyev cəmi 22 il sonra respublika DTK-sının sədri
olacaqdı və Azərbaycan DTK-sında milli kadrların 1
faizdən 90 faizə qədər artmasını təmin edəcəkdi.
Hələlik isə Naxçıvan
DTXK-sının yeganə Azərbaycanlısı növbəti
yoxlama mərhələsində idi, 1944-cü ilin mayına
kimi dörd aylıq çək-çevirli araşdırmalardan
sonra şübhəli heç nə tapmayan "başbilənlər"
müsbət fikirlərini bildirdilər və
onu leytenant rütbəsi ilə Sərhədyanı
rayonların əks-kəşfiyyat
təminatı bölməsinə əməliyyat müvəkkili
vəzifəsinə götürdülər. Həyatının
yeni mərhələsinə qədəm qoyan 21 yaşlı leytenantın sərhəd səfərləri,
qeyri-leqal sovet kəşfiyyatçıları ilə təmasları,
rəqib agenturasını ifşa etməsi kimi maraqlı və
cəlbedici fəaliyyəti ilə
bərabər başqa millətlərin
arasında baş çıxarmaq, ən həlledici məqamlarda
dövlət mənafeyinə xələl yetirməmək
şərtilə milli maraqları qorumaq, bununla yanaşı
heç kəsdə şübhə doğurmamaq kimi çətin
missiyaları da yaranmışdı.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.-
2023.- 14 aprel.- S.10-11.