Şekspir dünyası
Riçard ona xas olan lovğalığını
dirçəldib, ordusundan tələb edir ki,
"Bretonların köpüyünü"
öldürsünlər. Bunu öyrənən
Derbi səfərbərlik işindən imtina edir. Riçard göstəriş verir ki, onun boynu
vurulsun, lakin Norfolk deyir ki, edamı hələ gözləmək
olar. Vuruş başlayır və
Riçard belində döyüşə girdiyi atını
itirir.
Nəticədə Riçard və Riçmond Bosvort
çölündəki döyüşdə
qarşılaşırlar və Riçard
öldürülür. Derbi, tacı qaydaya salır və onu
Riçmonda təqdim edir ki, tezliklə VII Henri adı
altında kral olsun. Hakimiyyət beləliklə
Yorklardan - Ağ qızılgüldən, Lankasterlərə -
Qırmızı qızılgülə keçdi.
Riçmond
göstəriş verdi ki,
döyüşdə həlak olan kübarların
hamısı ehtiramla dəfn edilsin. Sonra o, elan
etdi ki, VI Eduardın qızı Elizabetə evlənəcəkdir.
Beləliklə, "Ağ və Qırmızı
qızılgüllərin" birləşməsi baş verdi.
Qızılgüllərin müharibələrinə son
qoyuldu və Tüdor sülaləsinin bir əsrdən
artıq davam edən hakimiyyəti başlandı.
Bu tarixi pyesdə Şekspir ilk dəfə elə bir
personaj yaratdı ki, o hekayətlərdə olanlardan daha
böyük idi. Pyes göstərir ki, Riçard
bütünlüklə qəsdə nəzarət edirmiş.
Qloster hersoqu kimi hakimiyyətə
dırmaşmağının hər bir addımını o,
diqqətlə qiymətləndirirdi. Onun
ambisiyasının başlıca silahı heç də
zorakılıq deyildi, öz dili idi, məhz dil onun qabiliyyətini,
həyasızlığını və total mənəviyyatsızlığını
qidalandırırdı.
Dul kraliça Marqaret istisna olmaqla, Riçard
qadınları dəfələrlə təhqir etmişdi, həm
də daim özünün intiqam arzularını
qızışdırırdı. O, işgəncəyə məruz
qalan bir bədəndə və daim çarpaz hörülən
öz sərsəm ağlında yaşayırdı.
Riçardın
qadınlara münasibəti, ümumiyyətlə, qəddar
idi, heç o, yazıq Ledi Annaya şirniklənəndə də,
öz qardaşı qızı Yorklu Elizabetə şəhvət
hissləri bəsləyəndə də, öz təbiətini
dəyişdirməmişdi. O, yalnız Marqaretdən
ölümcül şəkildə qorxurdu. Bəzi
tarixçilər ona seksual maço kimi baxır, onun bu
qüsuruna qarşı VII Henrinin ləyaqəti qoyulurdu.
Lakin pyes, əsasən, bir personaj ətrafında
qurulmuşdu, bu rol isə bütünlükdə Riçarda
məxsus idi.
Baxmayaraq
ki, İngiltərədən kənarda Şekspirin tarixi pyesi az oynanılmışdı, lakin "III
Riçard" hər yerdə siyasi şər
üçün olan bir metafora idi. "Hamlet",
"Otello" və "Kral Lir" kimi, "III
Riçard" da aktyorların məşhurlaşmasına
köməklik göstərmişdi. Görkəmli
ingilis aktyoru Lourens Olivye bu rolu 1944-cü ildə Londonda
oynamışdı və onun səhnə
yaradıcılığında Riçard obrazı xüsusi
mərhələ təşkil etmşdi. "Kral
Con", iki hissəli "IV Henri", "V Henri" pyesləri
və onların qəhrəmanı olan taxt-tac sahibləri bizdə
geniş oxucu kütləsinə yaxşı tanış
olmadığından, onların təhlilinə vaxt
ayırmayıb, azərbaycanlı oxucunun və daha çox
televiziya tamaşaçısının nəzərində əllaməlikləri
ilə məşhurlaşmış, arvadlarını edam
etdirməklə "şöhrət" qazanmış, XVI əsrin
birinci yarısında 38 il ərzində İngiltərə
kralı olmuş VIII Henriyə həsr olunmuş, Şekspirin
eyni adlı pyesini nəzərdən keçirmək istəyi
yaranır.
"VIII
Henri" pyesi
Bu əsər Şekspirin sonuncu tarixi pyesi olmaqla,
1612-1613-cü illərdə yazılmışdı. Bu vaxt təsvir olunan hadisələrdən
bir əsrə yaxın, kral Henrinin qızı kraliça
Elizabetin ölümündən isə 10 il
keçmişdi. Hələ 1628-ci ildə əsərin
"Birinci folioya" daxil edilməsinə baxmayaraq,
Şekspirin onun yeganə müəllifi olması uzun müddət
sual altına qoyulmuşdu. Təəssüf
ki, bu gün də pyes nadir hallarda tamaşaya qoyulur.
Pyesin proloqu xəbərdar edir ki, bu, heç də
kübarlar üçün xoş hekayət deyildir,
onların "qüdrətli olmaları adətən səfilliklə
qarşılaşır". Belə kübarlardan biri olan Bakinqem
Henrinin bir az əvvəl fransız
monarxı ilə görüşdüyünü eşitdikdə,
kralın kardinal Uolsinin hakimiyyəti altında olduğundan
şikayətlənmişdi. O, Uolsini korrupsiyalanmış, xəyanətkar
adlandıraraq və "bu müqəddəs
tülkünü" kral qarşısında ittiham edəcəyi
hədəsi ilə məhkum etmişdi. Norfolk
onu xəbərdar etmişdi ki, lord-kansler kimi Uolsinin qüdrəti
onu təhlükəli bir düşmənə çevirəcəkdir,
lakin bu, xeyli sonra baş verəcəkdir. Həqiqətən
də, Bakinqem dustaq edildi və Londonun Tauerinə göndərildi.
Henri hazırlaşmışdı ki, Bakinqemin etiraf bəyanatını
alsın, lakin əvəzində kraliça Katerinadan
eşitdi ki, Uolsi tərəfindən qoyulmuş yeni vergiyə
görə paytaxtda bunt başlanmışdır. Kral vergi barədə
çox şey bilmirdi və kardinal da öz məsuliyyətini
inkar etdi, "cahil dilinə" görə məzəmmət
edildi. Uolsi həyasızcaslıqla cəhd
etdi ki, yenidən vəzifəyə qayıtmaq
üçün etimad əldə etsin. Katerina
Bakinqemə qarşı təbil kimi səslənən ittihama
şübhə ilə yanaşırdı. Henri buna
baxmayaraq, onun mühakimə edilməsinə göstəriş
verdi.
Lordların və ledilərin olduğu York Yerinə
kardinal "ağaları" gəldi, orada kraliçanın
xidmətçi ledisi Anna Boleyn də iştirak edirdi. Henri buraya
maskada gəldi və Annanı rəqsə dəvət etdi.
Maskasını kənara atıb, Annanı
"dan şəfəqinə bənzər qız"
adlandırdı.
Bakinqemin boynunun vurulmasına hazırlaşılanda, onun
dostlarının xahiş xarakterli dualarında təsirli bir
nitq eşidildi, səs yayıldı ki, kral Katerinadan
ayrılmaq istəyir. Henri iddia edirdi ki, o, qardaşının
dul qadını ilə nikahda qala bilməz, onda belə sual
meydana çıxırdı, bəs niyə ona evlənmişdi?
Uolsi ona fransız kralının bacısına
evlənməyi məsləhət görmüşdü, lakin
bir kübarın qeyd etdiyi kimi, royal vicdan bu dəfə
"digər bir ledi üçün çox bərk titrəmişdi".
Henri Uolsiyə göstəriş verdi ki,
özünü müdafiə etməyə Katerinaya icazə
versin. Lakin o, həm də Annaya, öz sevgisinin sübutu kimi
markiza titulu verdi.
Məhkəmə zalında Katerina özünü uzun
müddət kəskin surətdə müdafiə etdi. Uolsi
müdaxilə edəndə, o, "mənim ən qəzəbli
düşmənim" deyərək, öz
acığını kardinalın üstünə
tökdü və qadın mühakimənin davam etməsindən
imtina etdi. Katerina məhkəməni tərk etdikdən
sonra, Henri onun kübarlığını tərifləmişdi,
lakin yenə də öz arvadını
boşamağının ədalətli bir iş olduğunu
deyirdi. Qadının uduzmasının əsl səbəbi isə
krala kişi cinsindən olan varis
doğmaması idi, başqa heç bir şey deyildi. Roma boşanmanı bəyənmək barədəki
rəyini alçaldıcı qaydada gecikdirirdi, ona görə
də kral, Uolsinin sürgünə göndərdiyi ser Tomas
Kranmeri yanına çağırdı.
Katerina da özünə dəyən zərbəyə
görə həmçinin Kranmerdən xahiş etdi ki, öz
rolunu oynayanda onun naminə mühakimə tonunu dəyişsin. Kraliça xəbər
tutmuşdu ki, o da kralın mövqeyinə təslim
olmağı məsləhət görür, onun bu sözlərinə
gülüb demişdi ki, "mənə nifrət edən bu adam xəstəliyimin səbəbinin öz əlinə
düşməsinə" çalışır. Henri Annaya "vurulmağa başlayandan" papa
kralın öz arvadını boşamasına razılıq
vermirdi. Başqa bir kübar da deyirdi ki,
artıq Henri Kranmerin xeyir-duası ilə Anna ilə evlənmişdir.
Kralın evlənməsindən bixəbər olan Uolsi
yenə də and içirdi ki, "mürgüləyən
lüteran olan" Annaya deyil, Henri fransız kralının
bacısına evlənəcəkdir. Lakin Henri Uolsinin
dövlət kağızları arasında onun var-dövləti
barədə üzə çıxan faktları
açıqladı. Kardinala
ünvanladığı sözlərdə kral öz loyallığına
aid olan məsələləri açıb göstərdi.
Uolsi hiss etdi ki, artıq məhv olur.
Lordlar gəldi ki, onun böyük möhürünü
müsadirə etsinlər, bu vaxt təbəqələr isə
onu "al qırmızı günahlarına" görə
təhqir edirdilər ki, onun mülkünü ələ
keçirəcəklər. Kranmer isə
Kentenberinin yeni arxiyepiskopu oldu və Annanın taclanmasına
hazırlaşdı. Vinçester yepiskopu
isə Kranmerin, bu barədə xüsusi and içdiyi bir
düşməninə çevrildi.
Katerina Pireneylərdən gətirdiyi cehizin ümidinə
qalmışdı. Uolsi isə artıq
ölmüşdü, Katerinanın ona heç
yazığı da gəlmədi, kardinal bədbəxt isə
Allahdan qorxaraq, dünyadan köçmüşdü.
Katerina deyirdi ki, Uolsi öz vicdanını külə döndərdi:
"Mən yaşadıqca ona nifrət edəcəyəm".
Qadın musiqi çalınmasını
xahiş etdi və "ruhunun rahatsızlığına"
görə yuxuya daldı.
Oyananda hesab etdi ki, ruhlar "ona əbədi xoşbəxtlik
vəd edir və başına qoymağa əklil gətirirlər". O, öləndə əyanları
vasitəsilə Henridən xahiş etmişdi ki, öz birgə
uşaqlarına (yəni qızı Mariyaya) və onun nökərlərinə
qayğı göstərsin. Onlara demişdi ki,
"ona deyin ki, mən öləndə ona xeyir-dua verəcəyəm"
və öz ümidini ifadə edirdi ki, "o, kraliça
olmasa da, yəqin ki, kraliçaya bənzər qaydada dəfn
ediləcəkdir".
Annanın
uşaq doğduğunu və özünün həyatının
təhlükədə olduğunu eşidib, Katerina buna belə
reaksiya verdi ki, İngiltərə ondan və
arxiyepiskop Kranmerdən xilas olanda yaxşı olacaqdır. O, xəbərdar
edirdi ki, "Kranmer kralın əli və dilidir". Qardiner isə demişdi ki, bu dil kökündan
çıxarılmalıdır. Kral
Kranmeri qəbul etdi, keşişə qarşı hazırlanan
qəsdə görə ona xəbərdarlıq etdi və həm
də onu həvəsləndirdi ki, möhkəm dayansın və
kral öz dostluğunun sübutu kimi düşmənlərinə
göstərmək üçün ona üzük
bağışladı.
Sarayın
köhnə ledisi Henrini məlumatlandırdı ki, Anna
doğmuşdur və bu vaxt kral soruşdu ki, doğulan
oğlan uşağıdırmı, qadın cavab verdi ki, yox, körpə, qız
uşağıdır. Kral Kranmeri dəvət
etdi ki, onun qızını xaç suyuna çəksin və
uşağının xaç atası olsun.
Saray Annanın körpəsi Elizabetin xristianlığa qəbul
edilməsinə görə
yığışmışdı, bu vaxt həm də elə
bil ki, bununla kralın hakimiyyəti bərpa olunmuşdu. Kranmer isə
"min-min dəfələrlə şöhrətlənsin"
deyərək, körpənin Britaniyaya şöhrət gətirəcəyini
vurğulayaraq, əks mövqedən peyğəmbərlik edənlərlə
vuruşurdu. Bu qadın kraliça kimi
öləndə öz varislərinə "sülh, xoş əhval-ruhiyyə,
məhəbbət, həqiqət, terror bəxş
etmişdi". Şadlanan Henri vəd etdi
ki, "mən göylərdə olanda arzu edəcəyəm.
Görüm, körpə uşaq nə
edir".
Alim Herald Blumun sözlərinə görə, "VIII
Henri" pyesi dramatik poemaya yaxındır. Şekspir
melanxolik talelərə malik olan Bakinqemi, Uolsini və
Katerinanı katolitsizmin axırıncı nümayəndələri
kimi göstərir, hakimiyyətdən düşməklə
bu məzhəbin yerini Protestantizm tutdu. Uolsi
və Katerina ölümlə üzləşirlər, bu ərəfədə
həm də "Əlvida çıxışı"
etdilər.
Anna Boleyn isə bir vaxtlar gənc
aktrisalar üçün sevimli rol idi, burada heç bir faciə
eyhamı yox idi, ancaq Henri ilə nikahdan üç il sonra bu, artıq gözlənilirdi. Daha maraqlı rollar isə Katerinaya və Uolsiyə məxsus
idi, onların hər ikisi həmin titullara yiyələndikdən
sonra öz qüvvələrinə çox
inanmışdılar. Katerina musiqiyə
olan məhəbbəti ilə yanaşı, özünü
doğma qızına və məqsədlərinə həsr
edirdi, pyesə isə VIII Henri hakimiyyətinin siyasətində
olmayan bir ruhi impuls verirdi. Londonlular
kralın sərt münasibətinə baxmayaraq, Katerinaya rəğbət
bəsləyirdilər, bu günə kimi qəbrini ziyarət
edib, uyuduğu yerin üstünə onun simvolu olan nar meyvəsi
qoyurlar. Axı o,
uşaqlığını Qrenadadakı Alqambra sarayında
keçirmişdi, orada isə mavrların bağcılıq
irsi kimi iri narlar yetişdirilirdi. Ümumiyyətlə,
Şərqdə nar çox sevilən meyvə idi,
çiçəkləri də al qırmızı olmaqla
kiçik ulduz təsiri bağışlayırdı,
Çar Solomonun Bibliyaya daxil olan "Şərqilər şərqisi"
kitabında onun çox sevdiyi kəndli qızı Sulamiti
"ən gözəl meyvələr verən nar
bağına" bənzədir, oxuduğu nəğməsində
deyir ki, sevgilisinə baxanda elə bil ki, "nar
ağacının çiçəklənməsini"
görür. Narla müqayisə etdiyi sadə
bir qız, qadınları sevməkdə böyük təcrübəsi
olmasına baxmayaraq, onu cuşə gətirirdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2023.-15 aprel.- S.22.