Komalara şükür

Esse

 

Hər il bu aylar evin hər küncünü dibçəklərlə bəzəyirəm. Dibçəklərdə gül-çiçək yox, tərəvəz şitilləri olur. Bu il istisna deyil. Amma nədənsə bu dəfə daha həvəsliyəm. Məsələn, pomidorun bu növünü xeyli axtarandan sonra Buzovnada bir istilikxanadan tapmışam. Dibçəklərin rəngi fərqli olsun deyə neçə mağaza gəzmişəm. İndi isə hər səhər onları eyvana çıxarır, axşam tək-tək evə yığıram bunu usanmadan, zövqlə edirəm. Özüm bezməsəm , deyəsən, hərdən çevrəmdəkiləri dibçəklərimlə bezdirirəm. Məsələn, gübrə satan dayı mənim əlimdən əməlli-başlı zara gəlib. edim?  Şitillərə nəsə olar deyə hər işimi ehtiyatlı tuturam, ən xırda detalı da əlli kərə soruşuram. O gün dayı mənim təlaşımı görüb deyir ki, niyə bu qədər əziyyət çəkirsən? Yayda pomidorun kilosu əlli qəpik olur. Dayı elə bilir ki, mənim dərdim əlli qəpik dərdidir. Əslində, onu da qınamıram, gül deyil, çiçək deyil, pomidor şitilini bəhər götürmək üçün əkirlər . Amma yalan deyim, bu sözlər məni xeyli düşündürdü.

Düşündüm ki, yaxşı materialist olmamışam. İlahi, o, yaşamaqdırmı? Həyatda hər şeyin karını hesablamaq, reallıqla yaşamaq, prosesdən çox nəticəyə aludə olmaq... Ümumiyyətlə, həyatı olduğu kimi dərk edən, anlayan insanları başa düşməkdə həmişə çətinlik çəkmişəm. Ayıq başla yaşamağın çətin olduğunu çox deyiblər axı. Heyf deyil özünü üç-beş pomidor şitili ilə aldatmaq? Düzdür, yaşamaq mənim kimi "yalançı"lar üçün çox da yaxşı şeylər vəd etmir, ancaq biz özümüzü həyatın gətirdiyi çətinliklərin ümidinə qoymuruq. O bizi acı reallığı ilə ağladırsa, biz mütləq tezliklə gülümsəmək üçün nəsə bir yalan uydura bilirik. Son dövrlərdə keçdiyim çətinliklərin fonunda çiçəkləməyə hazırlaşan şitillər az qala ən böyük sevincimə çevrilib. Axı yaxamı gündə məni bir çətinliklə sınayan aprelin əlinə belə asanlıqla verə bilmərəm. Beləcə problemlərim çoxaldıqca dibçəklərimin sayı da artır. Bu, sadəcə baş qatmaq üçün üz tutduğum bir vasitə deyil, həm məsuliyyətdir. Amma daha zövqlü məsuliyyət.

Hərdən əsəbi halda oturub heç bir şey etmək istəməyəndə qəfil yadıma düşür ki, şitillərə su, yaxud da balığıma yemək verməliyəm. Balığa verdiyim yemək sanki məni doyurur. Bəlkə buna görədir ki, təbiətlə vəhdətdə olmağın insana faydaları haqqında qalaq-qalaq kitablar yazılıb. Məncə, səbəb çox sadədir. Düşünəndə ki, sən kiməsə, lap elə nəyəsə lazımsan, onda həyata daha möhkəm bağlanırsan. Yoxsa ki insan övladı neynir ailə-uşağı? Hər kəs öz dövranını rahatca, kefi istədiyi kimi sürüb, vaxtı gələndə də torpağa qarışardı. Deməli, insan həm də özündən başqa canlıları yaşatmaqla var olur.

Onu deyirdim axı. Reallığın zərbələrindən qaçmağın yollarından biridir dərdi saymamaq. Hələ mən pessimizmdən danışmıram, eləcə reallıqdan danışıram. Çox vaxt idealist, xəyalpərəst insanların həyata uduzduğunu deyirlər. Məncə, bu, hamı üçün keçərli deyil, hər taledə rəngini dəyişən iddiadır. Elə adamlar var ki, xəyalpərəstlik, həyata səthi baxmaq onların yeganə nicat yoludur. Bilmirəm, bu, anadangəlmə xüsusiyyətdir, yoxsa sonradan qazanılan vərdiş?! İstənilən halda özünü əlinə keçən ən xırda səbəblə belə ovundurmaq insanın özünə edə biləcəyi yaxşılıqlar siyahısında ilk sıralara yazılmalı.

Ernest Heminqueyin "Qoca dəniz"ində çox sevdiyim bir məqam var. Deməli, qayığa olan sonuncu hücumdan sonra tamam əzilib məğlub edildiyini anlayan qoca qayığın arxasına keçib sınıq sükan dəstəyini yerinə taxır. Dəstəyin işə yaradığına sevinir, köhnə kisəni çiyninə salıb, sahilə yön alır. Qayığın yaxşı üzdüyünü görəndə: "Gözəl qayıqdır, möhkəmdir. Sınıb-eləməyib. Bircə sükanı işdən çıxıb, onu da düzəltmək asandır"-deyə özünə təsəlli verir. Halbuki günlərlə dənizdə balıqla apardığı ağır müharibəni elə dənizə uduzub qayıdırdı.

Həqiqətən bəzi savaşlardan qalan yaraları sarımağın, ağrı-acıları ovutmağın tək əlacı elə sınıq sükan dəstəyidir. Guya Raskolnikov bədbəxtliyini anlayıb da nə edə bildi? Ən azından qocanı son səhifələrdə həbsxana divarlarının arasında yox, öz komasında görə bilirik. Dərdə boyun əymək bir məharət, özünü ovundurmağı bacarmaq isə bəzən edə biləcəyin yeganə işdir. Komalara şükür...

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 15 aprel.- S.18.