"Kardeş kalemler"in aprel sayı Xalq yazıçısı Elçinə həsr olunub

 

Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin aprel sayı Türk dünyasının böyük ədibi, Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr edilib.

Dərginin ənənəvi "Redaktordan..." başlıqlı ön sözündə dərginin baş redaktoru Yaqub Öməroğlu aprel sayı haqqında oxuculara məlumat verir. Elçinin ümumtürk ədəbiyyatındakı yerindən, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı rolundan bəhs edən müəllif bildirib ki, Avrasiya Yazarlar Birliyi olaraq bundan əvvəl "Bengü" nəşriyyatında Elçinin hekayələrindən ibarət kitab çap etdirilib. Y.Öməroğlu Elçinin 80 illik yubileyinə həsr olunan bu dərgidən sonra isə ona həsr olunmuş növbəti kitab nəşr etdiriləcəyinin müjdəsini verir.

Həmçinin, baş redaktor dərginin fevralın 6-da Türkiyədə baş verən 11  bölgədə on minlərlə insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələsinə həsr olunmuş mart sayından söz açaraq bildirir ki, bütün türk dünyasından "Əsrin faciəsi" adlanan zəlzələ ilə bağlı ədəbi nümunələr yazılmağa davam edir. Onlardan bəziləri bu sayda da oxuculara təqdim olunur.

"Kardeş kalemler" dərgisinin aprel sayı da məhz sözügedən zəlzələyə həsr olunmuş şeirlərlə başlayır. Türkiyədən Kojageldi Kultegin, Mehmet Gözüküra, Gülay Sormageç, Mehmet Karahan, Fatih Sultan Yılmaz, Tatarıstandan Bibinisa Mahim Muhiddin qızının bu mövzudakı şeirlərini dərginin bu sayında oxumaq olar.

Dərginin Qırğızıstan bölməsində dünyaca məşhur yazıçı Çingiz Aytmatovun bacısı Roza Aytmatova ilə geniş müsahibə çap edilib. Müsahibədə Roza Aytmatova uşaqlığından, yazıçılıq fəaliyyətindən, aldığı mükafatlardan, ədəbi görüşlərindən, eləcə qardaşı Çingiz Aytmatovdan bəhs edib.

Qeyd etdiyimiz kimi, "Kardeş kalemler"in aprel sayının böyük hissəsi Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr olunub.

Bu münasibətlə dərgidə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Yeni ədəbiyyat çağdaş ədəbi tənqidin önəmli yaradıcısı" (tərcümə Sərdar Acar), professor Məryəm Əlizadənin "Açın pərdəni, Elçin gəlir" (tərc. Məhəmməd Güntay), professor Abid Tahirlinin "Elçinin ən böyük müttəfiqi" (tərc. S.Acar), mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin "Elçinə məktub: Ölüm Hökmü! Kimə? Nəyə?" (tərc. S.Acar) məqalələri yer alıb.

Elçinin əsərləri bütün türk dünyasında sevilir yüksək dəyər görür. Onun əsərləri haqqında təkcə Azərbaycanda deyil, Azərbaycan sərhədlərindən kənarda, xüsusən, Türkiyədə bir çox məqalələr, tezislər yazılıb, çap etdirilib.

Buna görə "Kardeş kalemler" dərgisinin Elçinin yubileyinə həsr etdiyi bu sayda təkcə azərbaycanlı müəlliflərin deyil, türkiyəli müəlliflərin Elçinin yaradıcılığının müxtəlif istiqamətləri haqqındakı maraqlı məqalələrini oxuya bilərsiniz. Bunlardan professor Salim Çonoğlunun "Elçin və "Stalinin Ölümü" adlı hekayəsi üzərinə", Mətin Savaşın "Nadir İbadlı və son xəstəsi Safçayın bəslədiyi qızıl alma ağacı", Onun Bəllinin "Elçinin "Çingiz xanın daşları" adlı hekayəsində özünə yadlaşan insan", Yasin Yavuzun "Todorovun Fantastik qurması işığında Elçinin "Hər şey keçib gedir..." adlı hekayəsi", Cem Sevincin "Monomit qurğusu bağlamında "Mahmud ilə Məryəm" romanının şərhi" kimi məqalələr Elçin yaradıcılığını türkdilli oxuculara geniş şəkildə təqdim edir.

Dərginin Azərbaycan bölməsində həmçinin, Mir Cəlalın Elçin yaradıcılığına həsr olunmuş "Tənqid və nəsr haqqında" məqaləsi də oxucuların ixtiyarına verilib.

"Kardeş kalemler" dərgisi təkcə Elçin haqqındakı məqalələri yayımlamaqla qalmayıb, həmçinin, səhifələrində Elçinin həyatının, fəaliyyətinin müxtəlif dövrlərindən olan fotoşəkillərə də yer verib.

Türkiyə bölməsində məşhur uyğur şairi Məhəmmədəmin Obulqasımovun (Almasbek Hakani) 80 illik yubileyiyad olunub. Dərgidə onun haqqında geniş məqalə ilə professor Hikmət Koraş çıxış edib.

Dərginin sonundakı ənənəvi "Xəbərlər" bölməsində TÜRKSOY Yazarlar Birliyinin qurulması, Azərbaycanın Xalq yazıçısı Anara "TÜRKSOY Altın Onur Nişanı"nın verilməsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyənin Azərbaycandakı səfirliyinə zəlzələ ilə bağlı başsağlığı ziyarəti və sair kimi xəbərlər yer alıb.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.-15 aprel.- S.18.