Bitməyən bir eşq hekayəti
XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN "ƏBƏDİYAŞAR MƏHƏBBƏT" KİTABINA SÖZARDI
2023-cü
il çağdaş Azərbaycan tarixində silinməz izlər
qoymuş iki önəmli şəxsiyyətin, iki örnək
insanın - böyük siyasi xadim, keçmiş Azərbaycan
SSR-nin (1969-1983) və müstəqil
Azərbaycan Respublikasının (1993-2003) dövlət rəhbəri
Heydər Əliyevin və xanımı, görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan
olmalarının 100 illik
yubileyidir.
Əliyevlər
fenomeni haqda çoxsaylı tarixi-publisist əsərlərin
müəllifi, Xalq yazıçısı Elmira Axundovanın
növbəti kitabını oxuyanların ilk qənaəti, yəqin
ki, belə olacaq: onları tale bir-biri üçün
yaradıb! Zərifə və Heydər Əliyevlərin ailə
ittifaqı yalnız iki unikal insanın şəxsi xoşbəxtliyi
zəminində qurulmayıb, həm də
minlərlə insanın həyatında və taleyində,
Azərbaycan xalqının XX əsrdəki mədəni-mənəvi
mövcudluğunda əcib, xeyirxah iz qoyub.
Uzun illərin
dostu, filoloq və diplomat həmkarım, tanınmış
yazıçı-publisist Elmira Axundova "Zərifə və
Heydər Əliyevlər: Əbədiyaşar məhəbbət" kitabını ərsəyə gətirmək
üçün xeyli müddət material toplayıb. Tək
Azərbaycanda deyil, keçmiş SSRİ-nin müxtəlif
guşələrində Əliyevlər ailəsini yaxından
tanıyan onlarla insanla görüşərək
xatirə və təəssüratlarını qələmə
alıb. Həmsöhbətlər arasında siyasi xadimlər
və rəhbər partiya işçiləri,
tanınmış alimlər və görkəmli sənət
adamları, yaxın qohumlar, iş yoldaşları, xidməti
personal təmsilçiləri var. Zərifə və Heydər
Əliyevlər təmasda olduqları bu insanların hər
birinin yaddaşında silinməz izlər qoyub, qeyri-adi məhəbbətlərinin
işıq və istiliyini
onlarla da paylaşıblar. Azərbaycan xalqının
tarixində və taleyində Heydər Əliyev fenomenini
çoxcildlik "Şəxsiyyət və zaman" sənədli
romanında ictimai-siyasi çalarlarla rəsm edən Elmira
xanım yeni kitabında şəxsi həyat tarixçəsinə
əsaslanaraq iki görkəmli şəxsiyyətin
qarşılıqlı münasibətləri zəminində həssas
və insani mövzuya
toxunub.
Müəllifin
rusca qələmə aldığı bu əsəri ana
dilimizə böyük məmnuniyyət və məsuliyyət
duyğusu ilə çevirdim...
lll
Heydər Əliyevi ilk dəfə 1970-ci ildə görmüşdüm. O zaman Azərbaycan Dövlət Universiteti adlanan,
hələ Cümhuriyyət yadigarı olduğunu bilmədiyimiz
ilk universitetimizin yarıməsrlik yubiley təntənələrinə
gəlmişdi. Zərifə xanımı isə heç
zaman görməmişdim.
Amma hələ o vaxtlar
- 1970-ci illərin
sonlarında yenicə tanınmağa başladığım ədəbi-elmi
mühitdə onun haqqında heyranlıqla dolu rəylər,
bir-birindən maraqlı fikir və xatirələr
eşitmişdim. Xüsusən də nisbətən geniş əlaqələrə
malik yaşlı həmkarlarım Zərifə xanımın
bütün SSRİ miqyasında görkəmli oftalmoloq - alim
olmaqla yanaşı nəcib, xeyirxah, rəhmdil və ürəyiyumşaq
insan kimi tanındığını, sadəliyi və səmimiliyi
ilə seçildiyini, çətinliyə düşənlərə
daim yardım əli
uzatdığını,
bütün keyfiyyətləri
ilə respublikanın birinci şəxsinə, həyat yoldaşı
Heydər Əliyevə layiq
olduğunu deyirdilər. O
zaman hələ mühafizəkarlığı ilə
seçilən kommunist dövlətində - Sovet
İttifaqında "birinci xanım" - "first lady"
institutu rəsmən mövcud olmasa da, Zərifə xanım
öz nüfuzu ilə bu adı cəmiyyətdə
və xalq arasında qazanmışdı.
İlk gənclik
illərindən indiyə qədər dostluq etdiyim
tanınmış cərrah-oftalmoloq və maraqlı bədii əsərlər
müəllifi, tibb elmləri doktoru, professor Paşa Qəlbinur
hələ o zamanlar, yəni 1980-ci illərin əvvəlində
Bakıda və Moskvada dəfələrlə
görüşdüyü, ünsiyyətdə olduğu Zərifə
xanım haqda böyük heyranlıq hissi ilə
danışırdı. Həm də tək Zərifə
xanımı deyil, Tibb İnstitutunda birlikdə
çalışdığı böyük bacısı Ləzifə
xanımı, qardaşları Tamerlan və Cəmil Əliyevləri
də yaxşı tanıyırdı. Həmkar olmaqdan
başqa ailələri - baba və nənələri arasında
əlaqə XX əsrin əvvəlində, hələ
tam bir Azərbaycan şəhəri
olan İrəvanda başlanmışdı.
Yadımdadır ki, poetik təbiətli gənc Paşa
respublika rəhbərinin xanımından danışanda onu
gözə görünmədən nəcib işlər
görən xeyirxahlıq mələyi, şəfqət ilahəsi
ilə müqayisə edirdi. Yüzlərlə insana təmənnasız
yardım əli uzadan Zərifə xanım gənc həmkarından
da diqqət və qayğısını əsirgəməmişdi. Sonralar Paşa Qəlbinur
"Vətən sevgisi" adlı xatirə
yazısında bacarıqlı həkim - oftalmoloq kimi
yetişməsində akademik Zərifə Əliyevanın
rolundan bəhs edərək yazmışdı:
"Zərifə xanım Moskvada nəşr olunan və
keçmiş Sovet İttifaqının ən nüfuzlu tibbi
nəşrlərindən sayılan "Vestnik oftalmoloqii"
jurnalının redaksiya heyətinin üzvü idi. Baş redaktor isə
Ümumittifaq Göz Xəstəlikləri Elmi-Tədqiqat
İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Mən bu elm ocağında əvvəl aspiranturada,
sonra isə doktoranturada təhsil almışdım. Zərifə
xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, yaxud
jurnalın redaksiya heyətinin
yığıncaqlarında görüşürdük. Bu qısa görüşlərdə həmişə
çox səmimi olurdu. Elmi işimlə, qayğılarımla maraqlanırdı.
Bir dəfə
mənə dedi ki, Heydər Əliyeviç də sənin
uğurlarını izləyir, elmi nailiyyətlərin haqda evimizdə
söhbətlər olur. Mən bir az utanaraq Heydər
Əlirza oğluna və ona təşəkkür etdim.
Bir müddət sonra Göz Xəstəlikləri
İnstitutunun təqdimatı ilə
elm sahəsində Ümumittifaq Lenin komsomolu
mükafatına layiq görüləndə Heydər
Əlirza oğlu Moskvadan zəng
vurub məni təbrik
etdi".
Heç
şübhəsiz, Siyasi Büro üzvü, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Heydər Əliyevin gənc
oftalmoloq- alimin elmi ilə belə
yaxından maraqlanmasında Zərifə xanımın rolu,
xidmətləri olmaya bilməzdi. Mənə elə gəlir ki, bu
alicənab xanım heç vaxt dövlət idarəçiliyi
məsələlərinə qarışmasa da, ölkənin
və xalqın gələcəyi ilə bağlı hadisələr
və insanlar haqqında Heydər Əliyevə söz demək,
fikir və mülahizələrini açıq bildirmək, pozitiv rəy yaratmaq, yaxud haqsız
hücumlardan qorumaq missiyasını
bütün həyatı boyu
davam etdirmişdi.
Sovet
dövründə Sumqayıt, Gəncə şəhər
partiya komitələrinin
birinci katibi, Azərbaycan KP MK
katibi vəzifələrində çalışmış və
Heydər Əliyevin ən yaxın silahdaşlarından
olmuş diplomat həmkarım Həsən Həsənovun
danışdığı bir
epizod da çox
səciyyəvidir. Zərifə
xanımın milli mənəviyyat və dövlətçilik
işinə ilk baxışdan nəzəri cəlb etməyən,
amma çox lazımlı, faydalı töhfəsindən xəbər
verir. Həsən müəllim Gəncədə
işə başlayanda şəhərdəki tarixi abidələr
sırasında yarıuçuq vəziyyətə
düşmüş bir neçə məscidi də təmir
etdirmişdi. Amma məlum səbəblər üzündən
bu "özfəaliyyətini" xüsusi nəzərə çarpdırmamışdı.
Bir
müddət sonra Zərifə xanımın
çalışdığı Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun bir
qrup əməkdaşı
o zaman hələ tarixi
Gəncə adı bərpa
edilməmiş
Kirovabadda olmuşdu. Əslində, Zərifə xanım
özü də gəlməli imiş,
lakin son məqamda
proqram dəyişmişdi. Görünür, şəhərdəki abadlıq
və quruculuq işləri ilə maraqlanan
əməkdaşlar
geri qayıdandan sonra
çox təəccübləndikləri bir
yenilik - qısa
zamanda Gəncədəki
digər tarixi abidələr kimi məscidlərin də
yüksək zövqlə
təmir və bərpa edilməsi haqda ona məlumat
vermişdilər. Həmin günlərdə Azərbaycan
KP MK birinci katibinin Gəncəyə gəlişi gözlənilirmiş.
Təbii ki, şəhər partiya komitəsinin
hazırladığı səfər proqramında Heydər
Əliyevin tanış
olacağı
"obyektlər"
arasında təzə təmirdən çıxmış dini abidələr
yox idi. Çünki bu məsələ öncədən
"yuxarılarla" razılaşdırılmadığı
üçün Həsən müəllim işin çox da
açılıb-ağardılmasını istəmirmiş. Amma
gözləmədiyi
halda MK-dan zəng
vururlar ki, bəs
yeni təmir edilmiş məscidlərlə
tanışlığı niyə proqrama
salmamısınız? Yoldaş Əliyev onlara
da baxmaq istəyir. Sonra məlum olmuşdu
ki, məsələ haqda ölkə başçısına
xəbər çatdıran da, onu Gəncənin yeni həyat
verilmiş dini abidələri ilə tanışlığa təşviq
edən də Zərifə xanımdır. Məhz Zərifə
xanımın təşəbbüs və istəyi ilə
MK-nın birinci katibi sovet dövrü üçün
qeyri-ordinar görünən bir addım atmış, məscidlərlə
tanış olmuşdu.
Xatırlatdığım
epizodlar kitabda yer almasa da, Zərifə xanımın nəciblik,
təşəbbüskarlıq və vətənpərvərliyinə
dəlalət edən analoji
nümunələr
onlarladır.
lll
Çoxsaylı
sənəd və xatirələrə, şəxsi təəssüratlara
əsaslanan əsər üzərində işləyərkən
Elmira xanımın görüşüb söhbət etdiyi
tanınmış elm, mədəniyyət, incəsənət
xadimlərinin, siyasətçilərin, sıravi adamların
hamısı Zərifə xanımın əsas insani keyfiyyətləri
sırasında nəciblik, sadəlik və səmimiliyini
vurğulayıblar. Mərhum Prezident Heydər
Əliyevi yaxından tanıyanlar sərtliyinə, tələbkarlığına
baxmayaraq, eyni xüsusiyyətlərin onun da təbiətinə
xas olduğunu təsdiq edə bilərlər. Birgə
iş prosesində dəfələrlə bunun
şahidi olmuşdum.
Təbii
ki, yaş, mövqe və həyat təcrübələri arasındakı böyük fərq
və iyerarxik asılılıq dövlət
başçısı ilə münasibətlərimin
sırf rəsmi müstəvidən kənara
çıxmaması təəssüratını yarada
bilər. Əslində, yəqin ki, belə olmalıdır və
burada qeyri-adi, gözlənilməz heç nə yoxdur. Amma
Prezident Heydər Əliyev yüksək insani taktı, səmimiyyəti
nəticəsində bu sətirlərin müəllifi ilə
yalnız iş haqqında, rəsmiyyət dilində danışmamışdı.
Lazım biləndə, yaxud zərurət yarananda şəxsi
motivli məsələlər, keçdiyi mürəkkəb
ömür yolu, ailəsi, yaxınları haqda da söhbət
açmışdı. Bir neçə dəfə müxtəlif münasibətlərlə
mərhum həyat
yoldaşı Zərifə xanımı yada
salmışdı. Onun yüksək insani keyfiyyətlərini
- həyat yoldaşına və övladlarına
bağlılığını, nəcibliyini, alicənablığını,
xeyirxahlığını xatırlamışdı. Hər
dəfə belə söhbətlər zamanı Prezidentin sərt,
cingiltili səsinin yumşaldığını,
üzünün ifadəsinin dəyişdiyini, xəyalən keçmişə
qayıtdığını hiss
etmişdim.
Bir dəfə
əhvalının yaxşı vaxtında 1970-ci illərdə
MK-nın birinci katib olduğu dövrdə rəsmi şəxsə
qarşı avtoxuliqanlıq etdiyinə görə yaxın
qohumlarından birinin
maşınını
cərimə meydançasına qoydurduğunu xatırladı:
- Özü
də
tapşırdım ki, o
maşına heç bir
diqqət yetirməsinlər. Nə bilim,
üstünə tent çəkməsinlər, aparıb kölgədə
saxlamasınlar. Qoy günün, küləyin,
yağışın altında qalıb
çürüsün. O vaxt avtomobil böyük roskoş
(cah-calal)
sayılırdı. Hər adam ala
bilmirdi. Qohumlar çox narahat olmuşdular. Düşünürdülər
ki, maşın birdəfəlik əldən getdi. Amma qorxularından mənə bir
söz deyə bilmirdilər. Gedib mərhum
Zərifə
xanıma minnətçi düşmüşdülər.
Çünki yaxşı bilirdilər ki, belə məqamlarda
yalnız Zərifə xanım mənə söz deyə bilər.
Həm də
birinci dəfə
deyildi. Başqa işlər də
olurdu. Qohumlar mənim
idi, amma çətinliyə düşən kimi Zərifə xanımın yanına
qaçırdılar. Arxayın idilər
ki, ürəyiyumşaqlığına,
xeyirxahlığına görə hər şey edəcək.
Yanına gələnləri əliboş
qaytarmayacaq.
XİN-də işlədiyim dövrdə belə
ərköyün
qohumlardan biri mənə sifariş
göndərmişdi.
Guya xahiş edirdi,
əslində, xahişdən çox
tapşırıq, bəlkə də,
əmr idi. Nə etməli olduğum barədə Prezidentdən məsləhət istəyəndə sərt səslə dedi:
-
Heç nə eləmə! Yadında saxla: mənim yaxın
qohumum oğlum, qızım, nəvələrimdir. Onların
da aydın məsələdir ki,
sənə bir işi
düşməz.
Bir qədər
susandan sonra gözləmədiyim halda soruşdu:
- Sən Zərifə xanımı görmüşdün?
- Xeyr, cənab
Prezident. Amma haqqında çox eşitmişəm.
- Bilirsən,
- dedi. - Qohum da özü üçündür. Övlad - uşaq da. Amma yaş keçdikcə başa
düşürsən
ki, insana qalan ömür-gün yoldaşıdır. Yeganə dost
da ömür-gün
yoldaşıdır. Rəhmətlik Zərifə xanım
da belə insan
idi. Həqiqi dost idi. Çox təəssüf ki, onu da
vaxtsız itirdik... Mənə
elə gəlir ki, Zərifə xanım bir an da olsun Heydər Əliyevin
fikrindən çıxmır, asossiativ şəkildə
hər yerdə, hər zaman xatırlanırdı. Və Zərifə
xanımla bağlı olan hər xatirə onun
üçün əziz idi,
unudulmaz idi.
2000-2005-ci
illərdə BMT baş katibi Kofi Annanın siyasi məsələlər
üzrə müavini vardı: sloven əsilli Danilo Türk. Həm də BMT-də milli azlıqlar məsələsinə
baxırdı. Sonralar Sloveniyanın
prezidenti seçildi. 2013-cü ildə rəsmi səfərlə
ölkəmizdə də olmuşdu.
Deməli,
Nyu-Yorkda, Baş Assambleyanın Danilo Türkün də
çıxış etdiyi iclasından sonra Heydər
Əliyev birdən məndən soruşdu:
- Sən
dilçisən, ədəbiyyatçısan. Bəlkə,
bilərsən: bunun familiyası niyə Türkdür? Türklərlə nə
əlaqəsi var?
- Slovenlər
də əksər Balkan xalqları kimi Osmanlıya bac-xərac
ödəyiblər, -
dedim. - Ola bilsin ki, qanında türk
qarışığı var. Ya da əcdadları türklərlə
yaxınlıq elədiyinə, Osmanlının xidmətində dayandığına görə
xalq elə o vaxtdan istehza ilə, bəlkə də, nifrətlə
nəslinə "türk"
adı verib...
- Bunlar
ehtimallardır. Görünür, sən də dəqiq
bir şey bilmirsən. Amma Sloveniya çox gözəl
ölkədir, -
deyə ani pauzadan sonra sözünə davam etdi. - 1976-cı
ildə Zərifə xanımla orada dincəlmişdik. Lyublyananın yaxınlığında, Bled
gölünün sahilində. Titonun iqamətgahında qalırdıq...
Gözləri uzaq bir nöqtəyə zillənmiş
Prezidenti Zərifə xanımla bağlı düşüncələrindən
ayırmamaq üçün sakitcə otaqdan
çıxdım.
Budapeştdə
işləyəndə bir dəfə maraq üçün Bled gölünə getdim. Həqiqətən də, çox füsunkar yerlər
idi. İnsana rahatlıq və sükun təlqin
edirdi. Ətrafdakı gözəlliyə Heydər
Əliyevin və Zərifə xanımın gözləri ilə
baxmağa çalışdım...
18 oktyabr 2002-ci ildə Dövlət Müstəqilliyi
Günü "Gülüstan" sarayında ilk dəfə
"ailəvi formatda" qeyd edildi. Hamı həyat
yoldaşı ilə gəlmişdi. Prezident Heydər Əliyev təbrik nitqi söyləyəndən sonra
zalda gəzib əksəriyyətini ilk dəfə
gördüyü xanım qonaqlarla tanış olurdu. Bizə
yaxınlaşanda həyat yoldaşım Şəhla xanımı təqdim etdim.
Əlini
sıxıb gülümsər ifadə
ilə:
- Sən
də ədəbiyyatçısan?
- deyə
soruşdu.
- Xeyr, həkiməm.
- Həkimsən?
Hansı sahə üzrə?
-
Kardioloqam.
- Həkimlik
yaxşı peşədir, - deyə bir anlıq fikrə gedən
Prezident təqdiredici ahənglə başını tərpətdi. - Yoxsa... ədəbiyyatçılar həmişə göynən uçurlar...
Təbii ki,
daş mənim bostanıma atılmışdı.
Amma mənə elə gəlir ki, həmin anlarda Prezident
Heydər Əliyevin öz xəyalı da səmalarda idi. Unudulmaz Zərifə xanımın yanında...
lll
2001-ci il aprelin 28-də Rəşid Behbudov adına
Mahnı Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın xatirə gecəsi keçirildi. Aradan iyirmi
ildən çox vaxt ötməsinə baxmayaraq, həmin gecənin
həzin-nisgilli atmosferi, ilk dəfə tamam fərqli ampluada
gördüyüm Prezident Heydər Əliyevin kövrək səsi,
yaşaran gözləri və ağrılı xatirələrin
təsiri altında tez-tez dəyişən siması indi də
yadımdadır. Ədəbi-musiqili gecənin
rejissoru Cənnət xanım Səlimova rəsmiyyətdən
qaçaraq tədbirə ailəvi ton, səmimiyyət və
doğmalıq atmosferi verməyə
çalışmışdı. Sanki Zərifə
xanımı tanıyan, sevən adamlar ailə mühitində
toplaşıb onu yad edirdilər. Əslində
də belə idi.
Prezident salona daxil olarkən ənənəvi alqış səsləri eşidilmədi. Elan olunmasa da, ortaya bir dəqiqəlik sükut çökdü. Sonra həzin musiqinin müşayiəti ilə rejissor Eldar Quliyevin Zərifə xanımın ömür yolundan bəhs edən "Elegiya" filmindən parçalar göstərildi. Filmdə Zərifə xanıma həsr olunan sənət əsərləri, ailəvi fotoşəkillər, onunla birgə işləmiş həmkarlarının xatirələri əksini tapmışdı.
Bir-birini əvəz edən aparıcılar Zərifə xanımın həyat yolu, elmi fəaliyyəti, yüksək insani keyfiyyətləri: nəcibliyi, xeyirxahlığı haqda danışdılar. Ona ithaf olunmuş şeirlərdən parçalar oxundu. Tanınmış müğənnilərin ifasında xüsusi həssaslıqla seçilmiş və xatirə gecəsinin ruhu ilə həmahəng səslənən muğam və xalq mahnıları səsləndi. Sevil xanım Əliyevanın Fikrət Qocanın sözlərinə bəstələdiyi "Ana" mahnısı sanki salondakı şəkillərdən bizə baxan Zərifə xanımın obrazını daha da canlandırdı. Onu xalqımızın ən gözəl mənəvi xüsusiyyətlərini özündə birləşdirən əsl Azərbaycan qadını, ailəsinə qırılmaz tellərlə bağlanan, övladları ilə nəfəs alan, həyat yoldaşının yaxın dostu və silahdaşı olan qayğıkeş ana, gözəl ailə xanımı, sədaqətli ömür-gün yoldaşı kimi gözlərimizdə daha da ucaltdı.
Prezidentin nitqi xüsusilə təsirli idi. Adətən,
polad kimi cingildəyən səsi həmin axşam bəzən
titrəyirdi, hətta bir-iki dəfə gözlərində
yaş parıldadığını da gördüm. Mənə elə gəldi ki, son dərəcə həssas
insan kimi tanıdığım Prezident Heydər Əliyev elə
bil xatirə gecəsinin çox nisgilli, kədərli
alınmasından bir qədər narahat olmuşdu.
İştirakçıların salondan yalnız təəssüf
hissi, qəm-qüssə ilə deyil, əksinə, Zərifə
xanımın doğum günündə bu nəcib, xeyirxah
qadının adına, əməllərinə,
şəxsiyyətinə layiq işıqlı duyğularla
ayrılmasını istəyirdi. Ona görə də
üzünü hamıya, ilk növbədə isə
proqramı hazırlayanlara tutub dedi:
"Təbiidir ki, bu,
xatirə gecəsidir və siz də xatirə gecəsində
onun bizdən ayrılması ilə əlaqədar həm
sözlərinizlə, həm
çıxışlarınızla, həm də ifanızla
bizim üçün bu ayrılığın nə qədər
çətin olduğunu göstərmək istədiniz.
Ona görə də burada bir kədər, qəm,
qüssə əhvali-ruhiyyəsi yarandı. Ancaq eyni zamanda bu gün onun anadan olan
günüdür. Biz Zərifə
xanımı xatırlayaraq bu gün onun uşaqları, onun nəvələri,
onun dostları ilə ad gününü qeyd edirik. Ona görə də mən istərdim ki, artıq bu
əhvali-ruhiyyə salondan götürülsün".
Bu
sözləri deyəndə isə mərhum Heydər
Əliyev əməlli-başlı kövrəldi:
"İndi Allahın yazısı belə gətirib ki, o,
aprel ayında doğulub, aprel ayında da həyatdan gedibdir. Xatirimdədir, Moskvada xəstəxanada müalicə
edilərkən, onun artıq ağır xəstəliyə
düçar olduğunu bilərkən mən arzu edirdim ki, o,
doğum gününə qədər, anadan olan gününə
qədər yaşasın. Ancaq mənim bu
arzum yerinə yetmədi və aprelin 15-də o vəfat
etdi".
Xatirə gecəsində ölkəmizin
tanınmış mədəniyyət, elm, incəsənət
xadimləri də iştirak edirdilər. Tədbirin
sonunda onların hər biri Heydər Əliyevə
yaxınlaşıb Zərifə xanımla, birinci ledinin həyatlarında
oynadığı xeyirxah rolla bağlı yaddaşlarında
yaşatdıqları maraqlı epizodlar
danışırdılar. Prezident xatirə
bölüşənlərin hər birini diqqət və
maraqla dinləyir, bəzən hansısa əlavələr
edir, xoş xatirələrə görə minnətdarlığını
bildirirdi. Zərifə xanımın xatirə
gecəsi yaddaşımda həm də ömürlük
eşqin, bitməyən bir sevginin təntənə gecəsi
kimi qalıb. Prezident Heydər Əliyev həyatının
bütün sahələrində olduğu kimi, sevgisində,
xanımına bağlılığında, onun
işıqlı xatirəsinə sədaqətində də,
həqiqətən, bir örnək, nümunə idi.
lll
Başqa bir tarixi də yaxşı xatırlayıram. 16 may 1998-ci il.
Həmin axşam Respublika Sarayında (indi Heydər Əliyev
sarayı) Dağıstandan gəlmiş böyük bir
nümayəndə heyətinin iştirakı ilə görkəmli dövlət, ictimai
və elm xadimi Əziz Əliyevin 100 illiyinə
həsr olunmuş təntənəli yubiley gecəsi
keçirildi. Əgər amansız xəstəlik həyatdan vaxtsız aparmasaydı,
75 yaşlı Zərifə Əziz qızı da
atasının yubiley mərasimində
iştirakçıları arasında ola bilərdi...
Prezident Heydər Əliyev geniş nitq söylədi. Burada Əziz Əliyevin təkcə
dövlət xadimi, milli ruhlu
ziyalı, elm təşkilatçısı kimi Azərbaycan
və Dağıstan qarşısındakı xidmətlərinə
qiymət verilmirdi. Təkcə naməlum faktlar əsasında onun çətin,
mürəkkəb, amma şərəfli ömür yoluna nəzər
salınmırdı. Təkcə gördüyü böyük işlərdən və üzləşdiyi
sınaqlardan, repressiya maşınının dişləri
arasından necə xilas
olduğundan söz açılmırdı.
Yaxınlarla
ürək söhbəti təsiri bağışlayan bu səmimi nitq həm
də munis bir sevgi etirafı idi. Salona toplaşmış 2500
nəfərin nəfəs çəkmədən dinlədiyi,
televiziya vasitəsilə milyonlarla insana çatdırılan
sevgi etirafı... Çətin sınaqlardan çıxan,
amma sınmayan, əksilməyən, şər və bədxahlıq
üzərində qələbə çalan, yalnız iki
insanın deyil, minlərlə insanın həyatını dəyişən sevgi
etirafı..
Heydər
Əliyev danışırdı və zal qəddar sistemə
qarşı mübarizədə yeganə silahı yalnız
bir-birinə inam olan iki gəncin məhəbbət hekayəsini dinləyirdi:
"Zərifə
xanımla 1948-ci ildə tanış
olmuşdum. Az sonra mən Leninqrada
oxumağa getdim. 1950-ci ildə oradan Bakıya
qayıdandan sonra şübhəsiz ki, öz ailə həyatımı
qurmaq, evlənmək fikirndə idim. Ancaq mənim
mənzil-məişət şəraitim buna imkan vermirdi.
Anam və qardaşlarımla İçərişəhərdə
zirzəmidə kirayədə yaşayırdım. Şərait yox idi və mən mənzil
almağımı gözləyirdim.
1952-ci ildə ikiotaqlı mənzil aldım. Lakin o vaxt mənə
Əziz Əliyevin ailəsi ilə ünsiyyətdə olmaq
qadağan edilmişdi. Xatirimdədir, 1951-ci ildə
Əziz Əliyev işdən çıxarılanda Zərifə
xanımla görüşdük və o mənə dedi:
"Deyəsən, biz bir daha görüşə bilməyəcəyik,
çünki atamı işdən çıxarıblar və
ona qarşı siyasi ittiham irəli sürüblər. Sən isə dövlət təhlükəsizlik
orqanlarında işləyirsən və bu sənə zərər
gətirə bilər. Odur ki, deyəsən bizə birlikdə
olmaq qismət deyilmiş". Mən, əlbəttə, eti- razımı bildirdim və
münasibətlərimiz
davam etdi".
1948-ci ildən
başlanan və tədricən qarşılıqlı məhəb-
bətə çevrilən tanışlıq bir-birindən ciddi maneələri, müxtəlif hədə
və riskləri aşaraq 1954-cü ildə xoşbəxt və
nümunəvi ailə həyatına çevrildi.
Zərifə
xanım və Heydər Əliyevlərin cəmi otuz
ildən çox birlikdə keçən ömür
tarixçəsini izləyəndə düşünürsən:
"Nə yaxşı ki, dövrün və cəmiyyətin
bütün maneələrinə rəğmən belə oldu
və davamı nəsillər üçün nümunəyə
çevrilən, insanlara işıq və nur bəxş edən
intəhasız bir eşq hekayəti yaşandı...
Vilayət
QULİYEV
525-ci qəzet.-
2023.- 15 aprel.- S.16-17.