Millət gərək bunu bilə
Bu, bir qəsd idi və çox ağır qəsd idi. O vaxt o qəsd baş
tutsaydı, tariximizdə qara bir ləkə kimi qalacaqdı. Dövlətçiliyimizin (müstəqilliklə
sovetin tərkibində olmanın arasında yerdən göyəcən
fərq varsa da, hər halda dövlətçilik dövlətçilikdir
və o da, bu da bizimkidir, öz tariximizdir) və
ziyalılığımızın tarixindəki heç vaxt
silinib getməyəcək ləkə kimi. Elə bir üzqaralığı ki, Vaxtın
suları nə qədər axsa da, daha onu yuya bilməyəcəkdi.
Bu, məşum 1937 olub-keçəndən, onun fəlakətli
tozanağı yatandan sonrakı yeni bir 37 olacaqdı.
Allah
üzümüzə baxdı ki, olmadı!
Və həmin
bəladan qurtulduqsa, o qasırğa bizdən qoparmaq istədiyini
ala bilmədən sovuşub getdisə, səbəbkar Heydər
Əliyevdir!
Sirlər, mübhəmlik yalnız tarixin uzaqlarında
deyil. Bəzən məsafəcə yaxın olduğumuz
zamanın hələ dərinlərə çökməmiş
qatlarında elə gizlinclərlə rastlaşırsan ki, qədim
əyyamların əsrarı onların yanında toya getməli
sayıla bilər.
Hədəfdə Rəsul Rza idi.
Bu böyük düşüncə və söz
adamına qarşı ilk gəncliyindən başlayaraq
çox hücumlar olmuşdu.
Həmlələrə səbəb də şeiri idi,
düşüncələri idi, qəliblərə
sığmazlığı idi.
Onun həyatı neçə qələm
qardaşının ömrü kimi 1937-1938-ci illərdə də
qırıla bilərdi, iştirakçısı olduğu
1941-1945-ci illər müharibəsində də bir mərmi
partlayışından, bir güllə uçuşundan da bitərdi,
1940-cı illərin sonlarında sovetlərin yeni siyasi
repressiya dalğalarıyla da tamamlanardı.
Həndir-hamar dövranın o bataqlıqlarından
salamat qurtarmışdı, yaşamışdı,
yaratmışdı, ad-san sahibi olmuşdu, ölməz əsərlər
doğurmuşdu və əski qorxunc zəmanə ilə
müqayisədə sanki dünyanın haphamar olduğu bir
dönəmdə öhdəsindən gəlinməsi
müşkül iblisliklə qarşı-qarşıya
qalmışdı.
Moskvadan və
içəridən - özümüzünkülər
dən
uzanan kirli caynaqların irinli niyyəti onu sonacan
sındırmaq idi!
Məkr
buna köklənmişdi!
Azərbaycanı vurulması sanki labüdləşmiş
həmin ləkədən xilas edən Heydər Əliyev oldu.
Nişangahda
Rəsul Rza, onun düşüncə
tərzi
və millətə hədiyyə etməkçün
çalışdığı ilk Milli Ensiklopediyamız idi.
Bütün xıltlar 1970-ci illərin əvvəllərində
artıq hamıya görünəcək qədər əyaniliklə
üzə çıxdısa da, sualtı təhlükəli
axınların varlığından Heydər Əliyev
artıq 1960-cı illərin sonlarından xəbərdar idi və
o çağlar Azərbaycanın Dövlət Təhlükəsizliyi
Komitəsinə rəhbərlik etdiyindən belə
üstüörtülü, bir gün hökmən partlayıb
aşkara çıxacaq mətləblərdən hali olmaq
onun elə birbaşa vəzifə borcu idi.
...Bunlarsız
millət yoxdur, bunlarsız yurd yurd olmur, vətən vətən
olmur - milləti millət eləyən böyük şəxsiyyətləridir,
parlaq simalarıdır. Milləti millət eləyən
varlığında duyğu daşıyan, işıq
daşıyan, güc daşıyan böyük şəxsiyyətlərdir.
Milləti millət edən, milləti tarix
içərisində yaşadan, yüksəldən
şanlı nəsillərdir. Amma milləti
millət edən həm də nəsil-nəsil keçən
böyük kitablardır. Azərbaycan
insanı "Kitabi-Dədə Qorqud" dastanlarını,
Qorqud oğuznamələrini oxumasaydı, bu cür olmazdı.
Azərbaycan insanı Azərbaycan
nağıllarıyla, Azərbaycan atalar sözləri ilə
böyüməsəydi, bu millətin yox, ayrı millətin
balası olardı. Azərbaycan insanı
Nizaminin "Xəmsə"sini vərəqləyə-vərəqləyə
böyüyür, Məhsətinin rübailərini mütaliə
edə-edə böyüyür, Xaqaninin qəsidələrini
duya-duya böyüyür; Nəsiminin şeirlərindəki
hikmətə dalır, Füzulinin "Leyli və Məcnun"unun
sehrinə düşür - olur azərbaycanlı. Azərbaycanlı azərbaycanlı olmaq
üçün gərək Vaqifi oxusun, gərək Sabiri
oxusun, gərək Cavidi oxusun. Mirzə Cəlili oxumadan,
Əbdürrəhim bəy Haqverdiyevi tanımadan azərbaycanlı
azərbaycanlı ola bilmir. Azərbaycanlı
azərbaycanlı olmaq üçün gərək
Müşfiqin kitabını oxusun, gərək "Duyğu
yarpaqları"nın duyğu seli onun
içərisinə axsın. Bir azərbaycanlı
əsl azərbaycanlı olmaq üçün gərək Səməd
Vurğunun kitabını açsın. Səməd
Vurğunun "Azərbaycan"ının şirəsi onun
varlığına hopsun. Bir azərbaycanlı əsl azərbaycanlı
olmaq üçün gərək Rəsul Rzanın "Rənglər"iylə
sehrlənsin, "Rənglər"in bütün
çalarları onun duyğularına, düşüncələrinə
səpilsin ki, dünyanı bir azərbaycanlı olaraq seyr
etsin, bir azərbaycanlının görməli olduğu
bütün çalarları ilə görsün və
anlasın. Ən qədim çağlardan bu
günə qədər dünyanın hər yerində
olduğu kimi, Azərbaycanda da yüzlərlə deyil, minlərlə
kitab yazılıb. Ancaq o minlərlə
kitabdan onu, iyirmisi, otuzu, əllisi, uzaq başı yüzü
bu milləti millət edən təməl kərpiclərdir.
Hər bir millət övladı yaxşı azərbaycanlı
olmaq üçün, yaxşı azərbaycanlı nədir,
əsl azərbaycanlı olmaq üçün o kitablar
qatarını hökmən gərək mütaliə edə.
Böyük Azərbaycan övladlarının
yazdıqları bu kitabların heç biri sadə kitab deyil.
Bu kitablar vətən dərslikləridir, millət
müntəxəbatlarıdır. Və hər
bir millətin bütöv millət olmaq üçün,
özünü yaxşı tanımaqdan ötrü, tarixin
içərisindən keçdiyi yolu, kimliyini sonacan dərk
etməsindən dolayı onun bir böyük kitaba da
ehtiyacı var - özünün milli ensiklopediyasına. Və o milli ensiklopediya da əslində bu milləti
millət edən və əsrlər boyu yaranmış həmin
kitabların bünövrəsində dikəlir. Hansı xalqın öz milli ensiklopediyası yoxdursa,
gərək onu mütləq yaratsın. Çünki
bu, xalqın kimlik kitabıdır. Hansı xalqın milli
ensiklopediyası varsa, onu yaratmaqla, ortaya qoymaqla iş bitmir. Gərək o xalq var olduğu müddətcə həmin
kitabı daim təkmilləşdirsin, müdam onun üzərində
işləsin, cilalasın və daha yüksək bir səviyyəyə
çatdırmaq üçün səy göstərsin.
Hər xalqın milli ensiklopediyası o xalqı
tarix içərisində göstərən bir
güzgüdür. Xoşbəxtdir o xalq
ki, həmin güzgünü onu tarix içərisində əyri
göstərməyəcək qədər doğru düzəldib.
Elə dürüst ayna ki, xalqı olduğu
kimi göstərir. Gələcək nəsillərə
də məhz olduğu ucalıqda təqdim edir.
Bu, Azərbaycan
xalqının təməl kitabları, millət dərslikləri
hesab ediləsi bitiklər cərgəsində yer alan ilk Milli
Ensiklopediyamızı araya-ərsəyə gətirməyə
çalışarkən böyük Rəsul Rzanın
çəkdikləri, onu xilas etməkçün
böyük Heydər
Əliyevin dar macalda edə bildikləri haqqında
hekayətdir.
..."Ensiklopediya" bir qədim yunan sözüdür
ki, onu biz də işlədirik, dünyanın neçə
xalqı da öz lüğətinə daxil edib. "Ensiklopediya"
kəlməsi ən qədim zamanlarda yaransa da,
ensiklopediyanın özü xeyli sonrakı zamanların bəhrəsidir.
Amma ensiklopediyalar da cürbəcür olur.
Bir var hansısa sahə üzrə bilikləri əhatə
edən ensiklopediya, amma bir də var bizim indi
düşündüyümüz mənada və həm də
elə "ensiklopediya" sözünün həqiqi
anlamında uyğun ensiklopediya. Elə
sözün özünün əvvəlində
"tsikl" hissəciyi ki dayanır, "dairə",
"tam çevrə" deməkdir. Sözün
ikinci hissəsi "paydeiya", yəni "öyrətmək,
təhsil vermək"dir.
"Ensiklopediya" sözünün mənası
bütün çevrə üzrə, yəni "hərtərəfli
biliklər, təhsil vermək, maarifləndirmək" deməkdir.
Ona görə də hətta müsəlman Şərqində
XIX yüzildə, XX yüzilin əvvəllərində də
ensiklopediyalara "dairətu-l-məarif" deyiblər, yəni
"maarifləndirmə dairəsi", "maarifləndirmənin
geniş bir çevrəsi". Sahələr
üzrə olan ensiklopediyaya bənzər məlumat
kitabları hələ eramızdan əvvəl II minillikdə
Qədim Misirdə yaranırdı, eramızdan əvvəl
XII-XI yüzilliklərdə Qədim Çində ortaya
qoyulurdu. Ancaq "ensiklopediya"
sözünün ilkin mənasına sadiq olan, yəni
bütün sahələri əhatə edən, haqqında bizə
daha dolğun bilgilər çatan ilk ensiklopediya eramızdan
öncə 239-cu ildə Çində ortaya qoyulub. Qədim Çində yaradılmış həmin
kitabın müəllifinin adı Lüi Buvey adlı bir şəxs
olub. O, həmin dövrdə bəlli olan ellik elm sahələrinə
aid bütün anlayışları əhatə edən bir
ensiklopediya yaratdığına o qədər əminmiş
ki, hətta bəyan edibmiş: "Kim bu ensiklopediyaya əlavə
ediləcək bir söz taparsa, mən həmin sözün
müqabilində ona bir kiloqram qızıl verərəm".
"Cənab Lüinin bahar və payız salnaməsi"
adlandırılan o əsər artıq eramızın 77-ci
ilində yaranacaq və bizim müasir ensiklopediya
anlayışımıza daha uyğun olacaq kitablar silsiləsinin
ortaya çıxması üçün, bir növ, təkançıya
çevrilir.
Eramızın 77-ci ilində Böyük Plineyin rəhbərliyi
altında yazılıb-bitirilmiş, 2500 fəsildən ibarət
37 cildlik o kitablar silsiləsini yüz müəllif ortaya
qoymuşdu və bu, klassik ensiklopediyanın əvvəlinci
mükəmməl örnəyi sayılmaqdadır. Müsəlman
Şərqində isə ilk ensiklopediyanın yaranma tarixi gedib
çıxır X əsrə, "İxvanu-s-səfa" cərəyanına,
"Saflıq qardaşları" hərəkatına.
"İxvanu-s-səfa" ətrafında bir silsilə
mütəfəkkir insanı, alimləri birləşdirirdi
ki, onlar da Şərqin, müsəlman dünyasının ilk
ensiklopediyasını doğurmuşdular.
Və o ağsaçlı zamanlardan bugünəcən
çox sular axıb keçib, çox ensiklopediyalar
yaranıb. Hər ensiklopediyanın da bir insan kimi öz tarixi,
öz taleyi.
...Azərbaycana
həmişə yaşayacaq kitablar yadigar qoyub getmiş
ölməzlər qafiləsində uca yeri olanlardan biri də
şair Rəsul Rzadır. Ancaq ona yalnız
şair demək də düz səslənmir. Rəsul Rza ömrü boyu millət quruculuğu,
düşüncə, zövq memarlığı ilə məşğul
oldu. Şairlik onun bu milləti daha saf, daha
kamil, düşüncəsini daha aydın etmək
yolundakı vəzifəsini yerinə yetirmək
üçün vasitələrdən sadəcə biri idi.
Rəsul Rza hələ gənclik çağlarında
yazdığı bir şeirində ömrü boyu sədaqətlə
yerinə yetirəcəyi missiyanı dəqiq nişan
verən məramını bəyan edirdi:
Rza, durma,
Rza, yaz! Yaza yaz,
Qarşı gündən gülümsəyən
yaraşıqlı yaza yaz.
"Mən güllü bir may səhərində
doğuldum" deyən Rəsul Rza həmişə beləcə
üzünü bahara tutdu. İstədi ki, yazdan
gələn nəfəs genliyi həmişə milləti ilə
birgə olsun, bahara xas yenilikçi bir ruh həmişə
millətini idarə etsin, necəliyi aydın təsəvvür
edilən gələcəklərə aparsın. Və Rəsul Rzanın bu millət, Azərbaycan
qarşısındakı ən böyük xidmətlərindən
biri də yaratdığı, xalqın və yurdun ən uzaq
gələcəklərinə hesablanmış ilk Milli Ensiklopediyamız
oldu.
Bu gün tək-tək evlərdə varsa da, Azərbaycanda
çox insan bu kitabı görməyib. Bu, Azərbaycanın
ilk Milli Ensiklopediyasıdır. Bu, Rəsul
Rzanın bütün həyatı boyu gördüyü,
oxuduğu, yaratdığı kitabların ən əzizidir.
Və bu kitab Rəsul Rzadan həyatının
on ilini alıb. Ancaq həmin on ilə qətiyyən on il demək olmaz. Həmin on il
gerçəkdə iyirmi ilə, otuz ilə bərabərdir. Rəsul Rza ətrafına topladığı məsləkdaşları
ilə bu kitabı yaradıb. Bu kitabsa həmin arxada qalan on ildə -
həqiqətdə iyirmi ilə, otuz ilə bərabər olan
həmin müddətdə Rəsul Rzanın bütün səhhətini
laxladıb, ömrünü əlindən alıb. Azərbaycanın sovet dövründə işıq
üzü görmüş, ancaq yayılmağına imkan
verilməmiş ilk Milli Ensiklopediyası. Müasirlərimizin
çoxu heç o kitabı görməyib, əvəzində
sovet dövründə buraxılmış qırmızı
cildli Azərbaycan Ensiklopediyasını yaxşı
tanıyır.
...1969-cu il avqust ayının 5-də bu kitabın əlyazması
mətbəəyə yığılmağa göndərilib.
Az sonra bu cild hazır olub. Ancaq
mətbuatda haqqında çox soraqlar dərc edilmiş, yol gəldiyini
təxminən hamının bildiyi Azərbaycanın o ilk
ensiklopediyası hər kəsin kitab rəfində olmaq
imkanından məhrum qalıb. Haqqında
mətbuatda çox soraqlar dərc edilmiş, yol gəldiyi təxminən
hər kəsə bəlli olan bu kitabın hər kəsin
kitab rəfində görünməsinin yolu qəfilcə
bağlanıb. Üstündən 20 il,
30 il sovuşacaq. Müstəqilliyimiz 70 ilin həsrətindən
sonra təzədən bərpa ediləcək və bu kitab da
yenidən qayıdacaq. Yox, bu kitab olduğu
kimi nəşr edilməyəcək. Bu
kitabın dərsləri qayıdacaq. Azərbaycan
Milli Ensiklopediyasının məhz bu cür olmalı
olduğunu hər kəs anlayacaq və başlayacaqlar Azərbaycan
ensiklopediyasını məhz həmin ülgüyə
uyğun ölçüb-biçməyə.
Ancaq Rəsul
Rza ensiklopediyasının yolu elə yarandığı vaxtdan
açılmış olsaydı, milli düşüncəyə,
milli yüksəlişə onun nə qədər faydaları
dəyərdi! Aradakı 20-30 ili də
boş yerə itirməzdik, həmin 20-30 il də daha
böyük yüksəlişlərə təmələ
çevrilərdi. Dövr qoymadı, siyasət
qoymadı, o dövrdə içərisində yaşamağa
məhkum olduğumuz quruluş qoymadı, hakim məfkurə
qoymadı. Ancaq az nüsxədə
olsa da, bu kitab yaşayır və qoynunda mərdanə bir
tarixi yaşadır.
...Erməniçiliyin
xalqımıza vurduğu ən ağır zərbələrdən
biri də Rəsul Rza kimi böyük millət
övladının, böyük mütəfəkkirin həyatdan
erkən getməsinə bais olmasıdır. Rəsul Rza yeni
yaranan Azərbaycan Milli Ensiklopediyasına baş redaktor təyin
ediləndə cavan bir adam idi - 55
yaşı vardı. Rəsul Rza qaynar həvəslə,
böyük ümid və niyyətlərlə işə
başlayırdı. Ətrafına cavanları
toplayırdı, çevrəsinə iş bilən
insanları cəmləyirdi. Azərbaycanın tarixində hələ
misli olmamış bir işi yerinə yetirməli - Azərbaycanın ilk Milli
Ensiklopediyasını yaratmalı idilər.
Rəsul Rza güclü milli ruha malik bir insan idi. Həyatı
boyu, bütün yaradıcılığı uzunu onun əsas
hədəflərindən biri xalqın milli yaddaşını
qorumaq və irəlilətmək idi. Poeziyasında,
publisistikasında, auditoriyalar qarşısında hər
çıxışında, insanlarla hər təmasında
özü üçün müəyyənləşdirdiyi
bu ali vəzifəni yerinə yetirmək
üçün hər an çalışırdı. İndi ensiklopediyaya gəlmişdi. 1960-cı illərdəsə Azərbaycanda da, Azərbaycanın
daxil olduğu Sovet İttifaqında, əslində
dünyanın çox ölkələrində də bir yeniləşmə
dalğası keçirdi. Rəsul Rza da Azərbaycanda həmin
yeniləşməni poeziyada hərəkata çevirmənin
önündə gedənlərdən idi və
işığına getdikcə daha çox silahdaşlar, məsləkdaşlar
toplanırdı və Rəsul Rza bu yenilikçi duyğularla
gəncliyin, yenilikçilərin arxasında dayanan, onların
dayağı olan əsas simalardan idi.
Və
1965-ci il idi, Rəsul Rza gəlmişdi
ensiklopediyaya, baş redaktor idi, yəni sadəcə,
gücü sözündə olan şair deyildi, indi həm də
əlində səlahiyyətlər vardı. Demək,
o vətənsevər və millətpərvərin milli ruhu və
yaddaşı dirçəltmək, inkişaf elətdirmək
üçün ixtiyarına daha artıq imkanlar
düşmüşdü. İşinə
bu həvəslə, bu şövqlə başlayırdı.
55 yaşı vardı. O illərə aid
şəkilləri qalır. Rəsul Rzanın
ensiklopediyaya təzə gəldiyi vaxtlardır, yan-yörəsindəkilər
gənclərdir. Müzakirələr aparırlar, gələcək
işlərinin bünövrəsini tökürlər və
Rəsul Rza həmin fotolarda yaşından da cavan və gümrah görünür. Ancaq 10 il, 15 il sonranın da fotoları qalıb. 10-15 il sonrakı fotolarda da yenə Rəsul
Rzadır, ancaq həminki Rəsul Rza deyil. Sanki aradan 30 il keçib - qocalıb, yaşlaşıb,
ixtiyarlaşıb.
Nə idi Rəsul Rzanı vaxtsız qocaldan, nə idi
onun əsəblərini gərən, nə idi içəridən
onun səhhətini gəmirən?
Rəsul Rza Azərbaycan Ensiklopediyasında fəaliyyətə
başlayandan, bu ensiklopediya necə olmalıdır, hansı
şəxsiyyətlər haqqında və nə tərzdə
məqalələr yazılmalıdır, Azərbaycan tarixinin
hansı unudulmuş hadisələri mütləq burada əksini
tapmalıdır fikirlərini elan edəndən və bu fikirləri
asta-asta yayılandan sonra düşmənlər baş
qaldırmağa üz qoydu. O düşmənlərin bəziləri
burada - Azərbaycanda idi. Amma daha çoxu kənarda
idi. Soraq onlara gəlib
çatmışdı və içəridəkiləri də
müəyyən mənada idarə edən elə onlar idi.
Rəsul Rza Azərbaycan Ensiklopediyasının rəhbəri
idi, ancaq Moskvada Böyük Sovet Ensiklopediyası vardı və
həmin BSE-nin baş redaktorun müavini Azərbaycan
xalqının qəddar düşməni Stepan
Şaumyanın oğlu Levon Şaumyan idi.
Və Azərbaycan Ensiklopediyasının çöhrəsi
görünməyə başlayandan, bir çox məqalələr
yazılıb hazır olandan sonra xəbər, əlbəttə
ki, onlara çatdırılırdı və onlar da müxtəlif
xətlərlə mübarizələrə
başlamışdılar. Ermənistanda tarixçi, qatı
millətçi (təbii, erməni ayrı cür də ola bilməz) Suren Yeremyan bir ucdan Moskvaya
yazırdı. Buradan - Azərbaycandan xəbərlər
alırdı, Mərkəzə mərdümazar məktublar
yollayırdı. Özünün bir
ayrı, amma həm də müxtəlif "donos"ları
da təşkil edirdi. Azərbaycanda da
müəyyən qüvvələr bekar dayanmamışdılar.
Burada da yazırdılar, Dövlət Təhlükəsizlik
Komitəsinə yazırdılar, Mərkəzi Komitəyə
yazırdılar. Bununla ürəkləri
soyumurdu, Moskvaya açıq-gizli imzalarla və imzasız məktublar
göndərirdilər.
Nədən yazırdılar, nədən şikayətlənirdilər? Rəsul Rza
istəyirdi ki, bu ensiklopediya millət üçün əsl
dərsliyə çevrilsin. Bu millətin
tarixi, bu yurdun keçmişi ilə bağlı
ayrı-ayrı kitablarda, hətta ciddi sayılan tədqiqat əsərlərində
əksini tapmış yanlışlar bu ensiklopediyada
olmasın. Bu ensiklopediyada yurdun
keçmişini göstərən xəritələr olsun.
Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları burada təqdim olunsunlar. Azərbaycanın
yeni dövründə Sovet ideologiyasının bir az kəc baxdığı, amma bu millətin,
bu yurdun tarixində xidmətləri olan şəxsiyyətlər
haqqında da ensiklopediyada məqalələr olsun. Rəsul Rza çalışırdı ki, bu
ensiklopediyanın dili, üslubu da örnək olsun. Azərbaycan dilinin terminologiyası saflaşsın,
ana dilinə daha çox uyğunlaşdırılsın.
Yəni bir tərəfdən həm milli ruhun
bariz ifadəçisi, digər tərəfdən də bu
xalqa geniş biliklər verən əsər ortaya
çıxsın.
Azərbaycanda milli ensiklopediya qurmaq təcrübəsi
yox idi. Yol yeni başlanırdı, siftəni onlar edirdilər.
Təcrübələri işi görə-görə
qazanırdılar. Hər yeni gün gərgin
zəhmətlə dolu idi. İş-güclə
ləbələb günlər, o yandan da hər
künc-bucaqdan quduz həmlələr. Təbii
ki, bütün bunlar Rəsul Rzanı
qayğılandırırdı, sağlamlığına təsir
edirdi, elə yaradıcılığına da mane olurdu.
Tək Rəsul Rzaya yox ki, elə ətrafında
toplanmış o cavanlara da.
1965-ci ildə fəaliyyətə
başlamışdılar. Möcüzəli
sürətdir. 1969-cu ilin avqustunda ilk cild
artıq mətbəəyə göndərilir. Əlbəttə, layihə şəklində.
Sonra mətn üzərində işləyəcəkdilər
və heç bir maneə olmasaydı, artıq 1970-71-ci ildə,
yəni Ensiklopediya fəaliyyətə başlayandan 5 il sonra ilk cild insanlara çatacaqdı. Ancaq layihə cild ortaya çıxandan sonra
düşmənlərin sayı birə-beş artır.
Erməniçilik bütün gücü ilə
fəaliyyətə başlayır və hətta Levon
Şaumyan Bakıya qədər gəlir.
Rəsul
Rza mərd adam idi. Bir tərəfdən
ürəyiyumşaq idi, təbiətcə mülayim idi, amma
digər tərəfdən də məqamı yetəndə
son dərəcə sərt, boz olmağı bacarırdı,
sözü adamın yeddi qatından keçəcək qədər
cod şəkildə deməyə qadir idi.
O
hücumlar ki ən müxtəlif səmtlərdən gəlirdi,
hamısının cavabını verirdi. Ancaq verilən hər
cavab da güc aparırdı axı!
Cavabı verirdi, dəymişi tökülüb kalı
qalan o cür adamcıqlar suyu süzülə-süzülə
çıxıb gedirdi. Amma dəf edilsə də, həmin umulmaz
həmlələrin, qısma-boğmaların zədəsi Rəsul
Rzanın öz içərisində də qalırdı.
Və bütün bunlar onunla nəticələnir ki,
1975-ci ildə Rəsul Rza Ensiklopediyadan ayrılası olur. Əsasən
Ensiklopediyanın bütün tərkibi də dəyişir,
istiqamət də başqalaşır və yaşıl cildin
əvəzinə tezliklə qırmızı cild işıq
üzü görür. Elə 1976-cı
ildə. Təbii ki, 1975-ci ildə işi təhvil
alaraq 1976-cı ildə yeni kollektivin ensiklopediya yaratması
mümkünsüz idi. Çox dərəcədə
əvvəlki ensiklopediyanın məhsullarından istifadə
eləmişdilər. Ancaq bir çox
hazır olanları məzmunca, ideyaca, istiqamətcə həqiqətdən,
dürüstlükdən aralayaraq, dəyişdirərək.
Rəsul
Rza yadigarı yaşıl cildli ensiklopediya ilə Rəsul
Rzadan az sonra işıq üzü
görmüş qırmızı qapaqlı ensiklopediyanın
fərqləri çoxdur. Vərəq-vərəq
çevirdikcə şahid olursan. Fəqət
ilk fərq ensiklopediyaların ilk cümləsindədir.
Rəsul Rzanın rəhbərliyi ilə
hazırlanmış və "Azəri-sovet
Ensiklopediyası" adlanan bu kitab "Baş redaksiyadan"
adlı önsözlə başlanır. Önsözün birinci
cümləsi belədir: "Dünya mədəniyyətinin
müasir səviyyəsi, elm, texnikanın sürətli
inkişafı, kibernetika, radioelektronika və nüvə
texnikasının bütün insan fəaliyyəti sahələrinə
nüfuz etməsi soraq, məlumat kitabçalarına maraq və
ehtiyacı get-gedə daha da artırır".
Bəlkə də üzdən quru cümlə təsiri
buraxır. Amma ensiklopediyanın başlıca məqsədləri,
hədəfləri haqqında bircə qısa cümlə ilə
yığcam məlumat verir. İndi baxaq
bu biri - qırmızıcild ensiklopediyaya. Rəsul Rzadan
sonra çıxan ensiklopediyada da, təbii ki, "Baş
redaksiyadan" sərlövhəli önsöz var. Oxuyuram
birinci cümləsini: "Oxuculara təqdim olunan bu ilk "Azərbaycan
Sovet Ensiklopediyası" Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi və eyni zamanda SSRİ Nazirlər Sovetinin qərarı
ilə nəşr olunur. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsi Azərbaycan Sovet
Ensiklopediyasının yüksək ideoloji və elmi səviyyədə
hazırlanmasına daim qayğı göstərir. Azərbaycan
Sovet Ensiklopediyasının nəşri Kommunist
Partiyasının Lenin milli siyasəti sayəsində Sovet Azərbaycanında
iqtisadiyyat, elm, texnika və mədəniyyətin hərtərəfli
yüksəlişi nəticəsində mümkün
olmuşdur".
Fərqi özünüz görürsünüz. Rəsul
Rzanın yaşıl cildli ensiklopediyasının ilk cümləsi
elə, ondan sonra işıq üzü görən
qırmızı cildli ensiklopediyanın elə
qırmızı ruhu ifadə edən əvvəlinci cümlələri
bu cür.
Erməniçiliyi
hiddətləndirən, Rəsul Rzaya, Azərbaycan Milli
Ensiklopediyasına diş qıcatmağa sövq edən
hansı səbəblər idi? Rəsul
Rzanın rəhbərliyi ilə hazırlanmış Azərbaycan
ensiklopediyasının birinci cildində 180 azərbaycanlıdan
bəhs edilirdi, vur-tut 15 ermənidən. Rəsul
Rza ensiklopediyadan kənarlaşdırılandan sonra isə
birinci cilddə azərbaycanlıların sayı 180-dən
150-yə enib, ermənilərin sayı isə qalxıb 51-ə.
Başqa sözlə, bu nəticə çıxır ki, Azərbaycanda
hər üç məşhurdan biri ermənidir.
...Günlərin
birində Moskvadan həmin o Stepan Şaumyanın oğlu,
Böyük Sovet Ensiklopediyasında baş redaktorun müavini
işləyən Levon Şaumyan zəng vurur Bakıya, Rəsul
Rzaya. Deyir, axı siz niyə belə edirsiniz?
26 Bakı komissarından söhbət açanda Stepan
Şaumyanla bağlı məqalə cəmi min işarədir,
amma Məşədi Əzizbəyov haqqında məqalə beş min işarə.
Rəsul Rzanın acıdilliyi düşür işə,
qısa cavab verir və kəskin cavabından sonra da dəstəyi
qoyur yerə.
Deyir ki, bəli, elədir, dediyiniz kimidir, səbəb
də odur ki, bu, Azərbaycan ensiklopediyasıdır.
...Rəsul Rza qarşısına məhz sırf milli Azərbaycan
ensiklopediyası hazırlamağı məqsəd
qoyduğundan hər məqalədə həmin
ölçünü gözləyirdi. Böyük Sovet
Ensiklopediyasında bəlli dağ haqqında məqalə
vardı: Ararat. Rəsul Rzasa demişdi ki, bizim
ensiklopediyaya məqaləni "Ağrıdağ" adı
ilə salın. Bunun sorağı
yetişir Moskvaya, etiraz edirlər ki, yox, "Ararat"
olmalıdır.
Rəsul Rza orta bir həll üsulu tapır. Məqaləni
elə "Ağrıdağ" adı ilə ensiklopediyada
saxlayır, amma "Ararat" sözünü də daxil
edirlər. "Ararat"ın altında
yazırlar ki, "Bax Ağrıdağ məqaləsinə".
Təbii ki, bunların hər biri elə məsələlər
idi ki, erməniçiliyə neştər sancırdı. Onlar da dinc
dayanmayacaqdılar, bunun intiqamını almaq üçün əlləşəcəkdilər.
İndi
özünüz müqayisə edin: Rəsul Rzanın baş
redaktor olduğu həmin yaşıl cildli ensiklopediyada birinci
cilddə Ağrıdağ haqqında yazılır ki,
Türkiyə ərazisində dağdır. Ancaq
Rəsul Rzadan sonra çıxan üzü qırmızı
ensiklopediyada yazılır ki, Ararat Türkiyənin şərqində
erməni yaylasında dağ silsiləsidir. Yəni erməni verilir qabağa.
Ya Azərbaycanın tarixi şəxsiyyətləri,
tarixi hadisələri, tarixi məkanları ilə
bağlı məlumatların hər birində Rəsul Rza
sırf milli maraqlar baxımından, azərbaycançı
mövqedən çıxış edirdi.
Sonrakı ensiklopediya isə mövqeyi, fəlsəfəni
büsbütün dəyişir.
Rəsul
Rzanın redaktəsi ilə çıxan ensiklopediya Azərbaycan
Dövlət Universiteti haqqında yazır ki, bu ali təhsil ocağı Bakı Dövlət
Universiteti adıyla 1919-cu ildə təsis edildi, 1922-ci ildə
Azərbaycan Dövlət Universitetinə çevrildi. Bəs Rəsul Rzadan sonra çıxan ensiklopediya
tarixi necə təhrif edir? Yazır ki,
Bakı Dövlət Universiteti 1919-cu ildə bilavasitə
bolşeviklərin təsiri ilə yaradıldı və bu
işdə Səmədağa Ağamalıoğlu ilə
Əliheydər Qarayevin böyük xidmətləri oldu.
Əlbəttə ki, ağ yalan və
tarixi utanmazcasına saxtalaşdırmaqdır.
Bir deyil, beş deyil, belə məqamlar onlarla, yüzlərlədir.
Rəsul Rza Azərbaycan milli tarixşünaslıq
elminin oçağkı nailiyyətləri səviyyəsində
olsa belə, bu xalqın keçmişini, dünənini,
olduğu böyüklüyü ilə, əyintisiz göstərməyi
qarşısına məqsəd qoymuşdu. Daha artıq -
Rəsul Rzanın sükançısı olduğu
ensiklopediya Azərbaycanın orta əsrlər, qədim tarixini
öyrənən, bu xalqın etnogenezini araşdıran alimlərə
cəsarətli ideyalar verirdi. Demək,
tarixşünaslığımızın gələcək
inkişafı üçün pəncərələr
açırdı.
Pəncərələr
qapandı və o vaxt 1970-ci illərdə gerçəkləşməli
olan bir çox başlanğıclara Azərbaycan tarix elmi
20-30 il sonra qayıdası oldu...
...1937-də xəbis ürəklərinin istəklərini sonacan yerinə yetirməyə girəvə tapmayanlar və onların mənəvi övladları nəfəs dərmədən döşəyirdilər. Unudulmaz Heydər Əliyev artıq ayrı bir zaman kəsiyində - müstəqillik çağlarında çox açıb-ağartmasa da, hər halda kədərli bir gerçəyi dilə gətirdi ki, təklif gözləmədən KQB-yə donoslar yollayanların xeylisi elə həmkarlarınız idi, qələm adamlarının özləriydi.
Görən, Rəsul Rza, ensiklopediya barədə yazılanlar neçə qovluqmuş?
Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini olanda da, bu idarəyə başçılıq edəndə də, respublikaya rəhbərliyinin ilk illərində də Heydər Əliyev şişən qovluqlardakı çirkabın hərəkətinin qarşısını gücü çatan qədər alırmış. Ancaq 1970-ci illərin ortalarına doğru Ensiklopediyaya doğru küləklər artıq Moskvadan əsməyə başladı.
Yoxlama komissiyaları artıq Kremldən gələndə, qərəzlə araşdırıb gedərək qəti tədbirlər görməyi tələb edəndə bu, artıq bıçağın sümüyə dirənməsi idi. Bu, artıq kor dalan idi. O pırtlaşıq labirintdən necə çıxmalı?
O rəy ki Moskva yazmışdı, bu, Xalq şairini Ensiklopediya ilə birgə uçuruma yuvarlatmaq hökmü idi.
Heydər Əliyev tarixi yalnız tarixçi olduğu üçün yaxşı bilmirdi, o, dövlət rəhbərliyinə 25 illik yol keçdiyi elə təşkilatdan gəlmişdi ki, orada çox şeyin alt qatını, örtülü üzünü də görmək imkanında olmuşdu.
Gözəlcə anlayırdı ki, indi yalnız onun edə biləcəyi fədakarlıq təkcə Azərbaycanın görkəmli bir sənətkarı uğrunda mübarizə deyil, bu, ləyaqət məsələsidir, bu, millətin və respublikanın bu gün və gələcək üçün şərəfini qorumaq məsələsidir.
Onu olduğu böyüklüyü ilə görə bilməkçün gərək Azərbaycan insanı bu həqiqətləri bilə!..
14 aprel, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.-
2023.- 15 aprel.- S.
10-11.