Nəsillərə örnək ömür
Azərbaycan dünyada hər zaman öz istedadlı
şəxsləri, sözün
əsl mənasında
şəxsiyyətləri ilə
məşhur olub. Onlardan biri, mövlud gününü hər il aprel
ayında sevə-sevə
qeyd etdiyimiz görkəmli Azərbaycan
rəssamı, SSRİ Rəssamlar
İttifaqının üzvü
Hüseyn Axundovdur.
1921-ci il aprelin 28-də
Bakının Balaxanı
kəndində dünyaya
göz açmış
və 94 il bədii obraz və ifadələrilə
dolu həyat sürmüş Hüseyn
müəllimin ilham pərisi ona hər zaman parlaq Abşeron təbiəti, qum və günəşin hərarəti, dəniz və səmanın təbii çalarları,
üzüm meynəsi,
əncirin ənbəri,
tut ağacının kölgəsi
barədə tez-tez pıçıldayaraq, sənətkarın
heyrətamiz yaradıcılıq
dünyasını yaratmışdır.
Hüseyn Axundov hələ orta məktəbin yeddinci sinfində oxuyarkən bacısı onu Azərbaycan Rəssamlıq Texnikumuna aparmağa başlayır və orada qardaşının
rəsm çəkməyə
nə qədər vaxt və enerji
sərf etdiyini görür. Rəssamlıq texnikumunda onun emalatxana qonşuları Ağa Mirzəzadə, Əbdül Xalıq, Mikayıl Abdullayev, Oqtay Sadıxzadə və başqaları kimi Azərbaycanın gələcək tanınmış
rəssamları idi.
1939-cu ildə Hüseyn
Axundov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq
şöbəsinə daxil
olur və müvəffəqiyyətlə də təhsil alırdı. Lakin təkcə iki kursu bitirə bilir: müharibə ona mane olur. O, müharibənin ilk günündən
cəbhəyə yollanır,
mərdliklə vuruşur,
Moskvanın müdafiəsində
və bir çox başqa döyüşlərdə iştirak
edir və ağır yaralanır.
1943-cü ildə o da
ikinci dəfə ağır yaralanır. Həmin döyüşdə
bir alman snayperi sovet birləşmələrinin qət
etməli olduğu ərazini atəşə
tutub. Axundovun həmyerlilərindən biri Əbdül Hüseynov yolun kiçik bir hissəsini sürünmək
istəsə də, güclü atəşə
məruz qalıb, yaralanıb və huşunu itirib. Özünə gələndə isə Hüseyn Axundovun ona ilk tibbi yardım göstərdiyini - yarasını
sardığını görüb.
Və iki saatdan sonra
Hüseyn özü ağır yaralanıb.
Bundan sonra iki həmyerlinin
yolları ayrılır
və iyirmi beş ildən
sonra onlar tamamilə təsadüfən
Moskva metrosunda qarşılaşırlar. İki əsgər
dostun sevincini ifadə etmək mümkün deyildi. Maraqlısı odur ki, rəssamın 90 illik yubileyi Moskvada təntənəli şəkildə
qeyd olunanda Əbdül Hüseynov da həmin tədbirə
dəvət olunub.
1944-cü ildə Hüseyn
Axundov "İgidliyə
görə" medalı
ilə, 1985-ci ildə
isə II dərəcəli
Vətən Müharibəsi
ordeni ilə təltif edilib. Mükafat öz
qəhrəmanını tapmışdı.
Daha sonra bir neçə
xatirə medalları ilə də təltif edilmişdi.
Kursk yaxınlığında
ikinci yaradan sonra Hüseyn Axundov xəstəxanaya göndərilir. Və taleyi
elə gətirdi ki, müalicə aldığı xəstəxana
onun doğma Bakı şəhərində
yerləşirdi.
Xəstəxanadan çıxandan sonra
Hüseyn Axundov bir rəssam kimi əfsanəvi və sözün əsl mənasında ustad sənətkara çevriləcək, 86 dilə
tərcümə olunaraq
136 ölkədə nümayiş
etdiriləcək film üzərində
işləmək üçün
"Azərbaycanfilm" kinostudiyasına
dəvət alır. Söhbət təbii ki, 1945-ci ildə premyerası olan "Arşın mal alan"
filmindən gedir.
Axundov son müalicəsini
almadan özünü
ən maraqlı işə həsr etdi. Minimum vəsaitlə
- axı hərbi vaxt idi, bütün
vəsait cəbhənin
ehtiyaclarına gedirdi
- maksimum nəticə
əldə etmək lazım idi və çox şey rəssamın əməyindən asılı
idi. Yaradıcı
kollektivin birgə fədakar əməyi sayəsində ərsəyə
gələn iş bütün gözləntiləri
üstələdi.
Eyni zamanda
1945-ci ildə Moskvaya qayıdan Hüseyn Axundov məşhur
VGİK-i bitirərək,
diplomlu kino rəssamı olur və "Mosfilm" kinostudiyasında işləmək
təklifi alır. Beləliklə, tarixdə ilk azərbaycanlı
olaraq bu kinostudiyanın işçi
heyətinə daxil olur.
Təbii ki, Axundovun özü
də o zaman bu haqda düşünmürdü,
amma fakt faktlığında qalır. Beləliklə,
Hüseyn Axundova işlədiyi illər ərzində Qriqori Aleksandrov, İvan Pıryev və Aleksandr Ptuşko kimi görkəmli sovet kino ustaları
ilə işləmək
nəsib olur.
O, rəssam kimi "Bahar" (1947), "İdiot"
(1958), "Sampo" (1958), "Bəyaz gecələr"
(1959), "Pasportsuz adam"
kimi filmlərin yaradılmasında iştirak
edir, bununla da rəsmdə dekorasiya eskizlərini inkişaf etdirir.
Onun yaradıcılığının
başqa bir istiqaməti də möhtəşəm kino
afişalarıdır. Hüseyn Axundov
inanılmaz sürətlə
işləyirdi, bəzən
ayda üç afişa hazırlamağa müvəffəq olurdu.
Hüseyn Axundov 1970-ci illərin ortalarına qədər
"Mosfilm"də çalışıb. Orada nəinki
rəssam qismində çalışmış, həm
də aktyor kimi epizodik rollar
oynamışdır. Bu baxımdan "I" əməliyyatı
və Şurikin digər sərgüzəştləri"
(1965), "Pasportsuz adam"
(1965), "ŞKİD Respublikası"
(1966), "Altıncı" (1981), "Yol polisi müfəttişi"
(1982) kimi filmləri qeyd edə bilərik.
Təəssüflər olsun ki, onun adı təkcə
"I" əməliyyatı" filmində aktyor kimi qeyd edilib,
qalan bütün filmlərdə onun adı titrlərə salınmamışdır. Sovet dövründə titrlərə
düşmək müşkül
məsələ idi.
1970-ci illərin ortalarından
Hüseyn Axundov bütün vaxtını
sırf rəssamlığa
həsr edir. Şübhəsiz,
istedadına görə
Hüseyn Axundov
SSRİ Rəssamlar İttifaqına
üzv qəbul edildi, bir çox
Moskva sərgilərində
- Manejdə, Kuznetsk körpüsü
sərgi qalereyasında,
Mərkəzi Rəssamlar
Evində fəal iştirak edir.
Hüseyn Axundov əla portret rəssamı kimi xarakterik cəhətləri dərhal
qavrayaraq, qara flomasterin yüngül ştrixləri ilə onları kağıza köçürürdü.
Günlərin bir günü Berlində Axundov sərgidə iştirak edərkən onun blits-portret işləri üçün uzun növbə düzülmüşdü. Cəld şəkildə
xarakterik qrafik portret çəkmək bacarığı sözün
əsl mənasında
heyrətamiz idi.
Bəzən onun mətanətli gözü
nəinki aşkar olanı, hətta gizlədilənləri, hətta
bir neçə ildən sonra insanın necə ola biləcəyini
də görə bilirdi.
O, öz əsərlərində
kompozisiya sabitliyi ilə erkən Abşeron məktəbinin
parlaq koloritli iğtişaşını birləşdirərək,
heyrətamiz natürmortlar
yaradırdı. Parlaq, gözəl
işıq və rənglə doymuş, orijinal və canlı mənzərələri
də ifadəli idi. Xarakterik olan da budur...
II Dünya müharibəsi
rəssamın ruhunda silinməz izlər qoysa da, Hüseyn
Axundov heç vaxt müharibə rəsmləri çəkməyib.
O, müharibəni çox
qanlı və məkrli hesab etdiyi üçün onu sənətə sürükləmək fikrindən
daşınmışdı. Bununa belə, ömrünün
çox hissəsini Rusiyada keçirməsinə
baxmayaraq, doğma təbiətinin gözəlliyini
məmnuniyyətlə "sənətə sürüklədi".
Əlamətdar haldır ki, vətənindən uzaqda yaşasa da, ona məhəbbətini, xalq adət-ənənələrinə,
Azərbaycana xas olan hər şeyə
hörmətini itirməmişdi. Azərbaycanda keçən uşaqlıq
və gənclik illəri onun bütün gələcək
həyatının özəyinə
çevrilmiş, onu daim yaradıcılığa
sövq etmişdir.
Hüseyn Axundovun ən əlamətdar işlərindən
biri onun Bolşoy Xaritonevski zolağında Volkov-Yusupovlar
kameralarında bərpa
işlərində iştirakıdır. Azərbaycanlı rəssam təkcə icraçılardan biri deyil, bütün əsərlərin baş
rəssamı idi.
Bu, son dərəcə məsuliyyətli
bir iş idi, çünki federal əhəmiyyətli mədəni
irs obyektlərindən
biri olan Yusupov sarayı dövlət və
diplomat, sənətsevər, ən böyük kolleksiyaçılardan biri
olan knyaz Nikolay Borisoviç Yusupova (1750-1831) məxsus idi.
Deməli, məsuliyyət böyük
idi, lakin Hüseyn Axundovun təcrübəsi və istedadı ona bu işin də
öhdəsindən gəlməyə
kömək etdi. O, məşhur
İqor Qrabardan sonra bu kameralarda
bərpa işləri
həvalə edilmiş
ikinci rəssam idi.
Hüseyn
Axundov 2015-ci il
fevralın 6-da 94 yaşında
Moskvada vəfat edib. O, həm bioloji, həm də yaradıcılıq
baxımından uzun ömür yaşadı. Bu gün Hüseyn
Axundovu yad edərkən, istər-istəməz
yaxşı dərk edirik ki, o, müasir
rəssamlar üçün
bir örnək, əsirlər boyu yaşayacaq bir məktəbdir.
Hikmət
ƏLİYEV
Azərbaycan Memarlıq və
İnşaat Universiteti,
Dayanıqlı şəhərsalma və region planlaşdırılması ixtisası
üzrə II kurs magistrantı
525-ci qəzet.- 2023.- 18 aprel.- S.14.