Teatra həsr olunan iki gün  

 

 

İki gün ərzində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tərəfdaşlığı ilə Teatr Forumunun keçirilməsi ölkənin mədəni həyatında çoxdan görmədiyimiz bir canlanma yaratdı. Ulu öndər Heydər Əliyevin 100 illiyinə Azərbaycan peşəkar teatrının 150 illik yubileyinə həsr olunmuş bu möhtəşəm mədəniyyət tədbiri həqiqətən böyük bir hadisəyə çevrildi. Ölkənin bütün teatr xadimlərinin iştirak etdiyi forum teatra yaxından bələd olan bir dramaturq kimi məndə çox zəngin təəssürat yaratdı. Bu təəssüratın zənginliyi ilk olaraq ondan qaynaqlandı ki, Mədəniyyət Nazirliyinin yeni komandası Azərbaycan teatrının mövcud problemlərini məhz illərlə bu sahədə çalışan insanların dilindən eşitmək, teatrımızın real vəziyyətini öyrənmək, bəlkə elə teatrla məşğul olan insanları yaxından tanımaq, onların nələr düşündüyünü bilmək istəyindən irəli gəlirdi.

Forumun proqramı çox doğru-düzgün, peşəkarcasına  qurulmuşdu. Panel müzakirələrə çıxarılan mövzular müasir teatrın  bütün problemlərini, onun qarşısında duran vəzifələri,  yüksək bir sənət kimi onun cəmiyyət həyatına təsir yollarını çözməyə, təhlil etməyə imkan yaradırdı. Forumun işində bir şəffaflıq, problemlərə münasibətdə cəsarət, açıq fikir mübadiləsi, deyilənlərə mədəniyyət naziri Adil Kərimli başda olmaqla bütün komandanın diqqət kəsilməsi onların bütün müzakirələrdə fəal iştirakı yaxşı işlərə rəvac veriləcəyinə ümidimizi artırdı.

Əlbəttə, forum oldu-olmadı Azərbaycan teatrı var, yaşayır, yaşayacaq da, amma necə? Biz olanlarla kifayətlənə bilərikmi? Əlbəttə, yox. Yüz əlli yaşlı teatrımızın gələcəyini, inkişaf meyllərini və yollarını müəyyən etmək, onu ilk növbədə ölkənin mədəni həyatının aparıcı qüvvələrindən birinə çevirmək, eyni zamanda dünya teatrının mühüm bir parçası kimi görmək  istəyimiz var.

Forumun işində çox demokratik bir şərait yaradılmışdı. İstər panel iştirakçıları, istərsə də 500 nəfərdən çox forum iştirakçısı müzakirə edilən məsələlərə münasibət bildirməkdə, təklif verməkdə tam azad idilər. Hər bir fikir, hər bir çıxış səviyyəsindən asılı olmayaraq hövsələ ilə, diqqətlə dinlənilirdi. Forumun təşkilatçıları gələcəkdə doğru-düzgün qərarlar qəbul etmək üçün bütün deyilənləri hövsələ ilə, səbirlə dinləməyə hazır idilər. Görmüşük ki, birinci şəxslər istənilən tədbirin müəyyən hissəsindən sonra məclisi tabeliyində olan əməkdaşların öhdəsinə buraxıb, deyək ki, daha vacib işlərinin dalınca gedirlər, bu gün Mədəniyyət Nazirliyinin fəaliyyətinə rəhbərlik edən Adil Kərimli isə həmin stereotipi qırdı - bütöv bir komanda ilə Forumun sonunadak iclas zalını tərk etmədi. İlk baxışda xırda görünən bu keyfiyyət əsas verir ki, forumda səsləndirilən teatr problemləri maksimum həllini tapacaqdır.bütün bu vəzifələrin yerinə yetirilməsində, konkret desək,  Azərbaycan teatrının müasir tələblər səviyyəsində inkişaf etməsində istedadlı gənc qüvvələrdən lazımınca istifadə olunacaq. Elə müasir milli dramaturgiyamızın inkişaf tendensiyaları mövzusundan bəhs edən çıxışımda da gənc qüvvələrə güvəndiyimi dilə gətirdim. Bugünün və yaxın gələcəyin milli dramaturgiyasını onlar yaradacaqlar.

Forumdakı çıxışımda iki təklifdə bulundum: özəl və ya müstəqil teatrlara dövlət qayğısının vacib olduğunu dedim, həm də o özəl və ya müstəqil teatrlara ki, onlar həqiqətən işləyir, teatr mühitində onlar maraqlı tamaşaları ilə gündəmdədirlər. Mənim bu təklifimin əsası var. Teatrı təmənnasız məhəbbətlə sevən, dövlət teatrlarına yaxın düşə bilməyən xeyli istedadlı adam məhz müstəqil teatrlarda birləşirlər. Belə teatrlar sözün həqiqi mənasında sənət yaratmaq istəyindədirlər, amma bir entuziazmla çox uzağa gedə bilməzsən. Son illərin təcrübəsi göstərir ki, bir vaxt bir-birinin ardınca açılan özəl teatrlar bir-iki tamaşadan sonra fəaliyyətlərini dondurmağa məcbur olurlar. Elə buna görə də həmin teatrlara dövlət qayğısı gərəkdir. Əlbəttə, hər şeyi dövlətin boynuna qoymaq da çıxış yolu deyil, amma  Mədəniyyət Nazirliyi həmin teatrların ən yaxşılarına maliyyə dəstəyi göstərmək üçün öz nüfuzundan istifadə edib adamlarına təsir eləyə bilər. Bir var çoxunun tanımadığı teatr kömək üçün müraciət edir, birvar Mədəniyyət Nazirliyi.

İkinci təklifim "ƏSA" teatrına dövlət statusunun verilməsi ilə bağlı idi. Bu teatr yeganə inklüziv sənət ocağıdır, həm də özünü təsdiq etmiş bir teatrdır. Əlbəttə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyibu teatrı tam himayəyə götürə bilər. Axı, bu teatrın aktyor truppasının əsas hissəsi fiziki qüsuru olan insanlardır.

Forumda teatr xadimlərinin bir-birindən maraqlı, mövcud problemləri bütün kəskinliyi ilə açıb söyləyən, hətta problemlərin həlli yollarını göstərən çıxışlar oldu. Azərbaycan teatr tarixinin bilicisi, öz aramızda onu canlı teatr ensiklopediyası adlandırırıq,  professor İlham Rəhimlinin mövcud teatr problemlərinin kökünə varması, dediyi hər cümlənin alqışlarla qarşılanması göstərdi ki, həqiqətən, həlli o qədər də asan olmayan ağrılı məsələlər var, həm sənət, həm də məişət müstəvisində. Xalq artisti Nurəddin Mehdixanlının teatrımızın mövcud vəziyyətini peşəkarcasına təhlil etməsi və son dərəcə işgüzar təklifləri də forum iştirakçılarının alqışları ilə qarşılandı.

Onu da deyim ki, panel müzakirələrdə teatra aid bütün sənət növləri ilə məşğul olan mütəxəssislər - dramaturqlar, rejissorlar, aktyorlar, teatrşünaslar, teatr direktorları - ekspert  kimi əhatə olunmuşdular. Nəticədə, teatra aid bütün məsələlər açıqlanmış oldu. İndi qalır müzakirəyə çıxarılan vəzifələrin yerinə yetirilməsi. Bunun üçünbütün deyilənlərin saf-çürük edilməsi, yəqin ki, peşəkarlardan ibarət işçi qrupun yaradılması və teatrımızın inkişaf konsepsiyasının hazırlanması.

 

Əli ƏMİRLİ

525-ci qəzet.- 2023.- 18 aprel.- S.13.