General  

 

1941-ci ildə Sovet qoşunları Cənubi Azərbaycan ərazisinə daxil olub Milli hökumətin qurulmasına yardım etmişdi. Ancaq bu hadisələr müharibənin əvvəlində baş vermişdi, məğlubiyyət xofu uzaqlaşmağa başlayan 1943-cü ildən sonra Sovet siyasəti dəyişməyə başladı və İranda yaradılmış (ötən məqalədə haqqında danışılmış) Azərbaycan Milli hökumətini tarixin arxivinə atmaq fikri yarandı. Müharibə bitəndən sonra isə Mikoyanların təsiri istisna edilmədən Stalin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsinin Gürcüstan və Ermənistan üçün potensial təhlükə yaradacağını nəzərə almaqla birmənalı şəkildə rədd etdi. 1946-cı ilin aprelində Tehranda Sovet-İran sazişində Cənubi Azərbaycan məsələsi İranın daxili işi kimi dəyərləndiriləndən sonra İran qoşunları Cənubi Azərbaycana hücuma keçdi, minlərlə insan güllələndi, edam edildi, zindanlara atıldı, minlərlə soydaşımız SSRİ-yə sığınmaq arzusuyla Naxçıvan sərhədinə gəldi. Mircəfər Bağırovun kömək arzusuyla yalvarış səviyyəli xahişlərinə heç bir əhəmiyyət verməyən Stalinin cavabı qısa oldu:"5-6 milyon azərbaycanlıya görə mən Üçüncü Dünya müharibəsinə başlaya bilmərəm!" Bir neçə günün içində 10 minə yaxın insan sərhədi keçdi,  Naxçıvana gələn qaçqınların ardı-arası kəsilmirdi. Vəziyyətdən istifadə edən İran, ABŞ və İngiltərə kəşfiyyat orqanları bu qaçqınların sırasına öz agenturasını qoşaraq SSRİ-yə cəsuslarını yerləşdirməyə  başladılar.

Belə bir qarışıq dövrdə Heydər Əliyevin kim olduğu, hansı potensiala malik olması aydın sezilməyə başladı. Sovet-İran sərhədinin Naxçıvan hissəsində  cəsusların tutulması, ifşa edilməsi öz sayına görə SSRİ-nin digər bütün ərazilərdən kəskin fərqlənirdi və bu, diqqəti cəlb etməyə bilməzdi. 1947-ci ildə artıq baş leytenant olan Heydər Əliyev Naxçıvan DTK-sının 5-ci şöbəsinin rəisi təyin olunur.

Bu, o zamanlar idi ki, İkinci Dünya müharibəsindən sonra SSRİ-nin xarici siyasəti kəskin dəyişikliklərə məruz qalırdı. Siyasi termin kimi yeni yaranmış "dəmir pərdə" bütün Sovet sərhədlərində, xüsusilə daha şübhəli və "etibarsız" hesab edilən cənub hüdudlarında endirildi, burada daha qalın və keçilməz olmaq şərtilə tətbiq edildi. Eyni zamanda müharibədə SSRİ-nin müttəfiqi olmuş, lakin onun müharibədən sonra bütün müttəfiqlik şərtlərindən imtina etdiyini və  siyasi xəyanətkarlığını görən ABŞ, İngiltərə və digər Qərb ölkələri "soyuq müharibəyə" başladılar: ideoloji təxribat, güclü təbliğat, dissident hərəkatını və daxildəki siyasi əleyhdarları dəstəkləyən psixoloji fəaliyyət gücləndirildi. Türkiyə və İran kimi müttəfiq ölkələrlə sərhəddə yerləşən, əhalisi milli və dini tellərlə onlara sıx bağlı olan, eyni zamanda neft və qazla zəngin, çoxsaylı hərbi hissələr, aerodromlar, texnikalar yerləşdirilmiş, əlverişli geostrateji mövqeli Azərbaycan Qərb üçün böyük maraq obyekti idi. Həm 1937-ci ildə keçirilən repressiyalarda, həm də müharibədə digər respublikalara nisbətən xeyli artıq itkilərə məruz qalmış Azərbaycan xalqının daxili narazılığı da bu respublikada  iğtişaşlar törədib onu Türkiyə, yaxud İranla birləşdirməyə, bununla da SSRİ-ni daxildən parçalamağa  yaxşı əsas verirdi. Bu məqsədlə Azərbaycana göndərilən təxribatçı qrupların sayı və keyfiyyəti artırılmağa başladı. Belə bir kəskin şəraitdə SSRİ-nin xüsusi xidmət orqanları da cavab tədbirləri görmək, agentlər şəbəkəsi yaratmaq, həmin kəşfiyyatçıları qonşu dövlətlərin xüsusi xidmət qurumlarında yerləşdirmək, vəziyyətə tam nəzarəti təşkil etmək məcburiyyətində idi.

 

Müharibədən qalib çıxan SSRİ-nin öz sərhədlərini genişləndirmək siyasəti müharibədən sonra formalaşmağa başlayan Stalin-Molotov doktrinasının əsasını təşkil edirdi. 1945-ci il iyunun 7-də SSRİ xalq xarici işlər komissarı V.Molotov Türkiyənin SSRİ-dəki səfiri S.Sarperi dəvət edərək Boğazlara birgə nəzarət, Bosfor və Dardanel rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın "SSRİ-yə qaytarılması" haqqında Sovet hökumətinin tələblərini elan etmişdi. Üstəlik, Mikoyanların təhriki ilə "Türkiyə ilə SSRİ arasında bufer zona yaradılması məqsədilə" Ermənistanda yaşayan  azərbaycanlıların kütləvi şəkildə Azərbaycana köçürülməsi, onların yaşadığı torpaqlarda xaricdən gələn ermənilərin yerləşdirilməsi haqda dövlət səviyyəsində qərar qəbul edilmişdi.

Belə bir mürəkkəb siyasi şəraitdə - 1948-ci ildə, 25 yaşlı Heydər Əliyev xüsusi xidmət orqanlarında məsul vəzifədə idi. Gözləri qarşısında baş verən bu soyqırım siyasəti və etnik təmizləmə, xalqımızın başına gətirilən olmazın oyunlar və məşəqqətlər, minillərlə yaşadığı torpaqlardan zorla deportasiya edilməsi bu gənc oğlanın yaddaşında dərin izlər buraxırdı.  Öz valideynlərinin də beləcə doğma ocaqlarından qovulması haqda eşitdiyi söhbətlər, onların rastlaşdığı haqsızlıqlar barədə ağsaqqalların danışdığı acı xatirələr uşaqlıqdan ürəyində özünə yer eləmişdi. Ancaq hələ 1948-ci il idi, onun nə isə etmək imkanı yox idi, qarşıda isə çətin həyat yolu, ermənilər də daxil olmaqla onun millətini sevə bilməyən, yaxud sevmək səviyyəsində olmayan düşmənlərin yaratdığı maneələr, sınaqlar dayanırdı, 40 ilə yaxın bu imtahanlardan, labirintlərdən keçə-keçə düşmənlərini neytrallaşdırmağı, xalqına qarşı belə təxribatların həyata keçirilməsinə imkan verməməyi bacaracaqdı.

Bu hamar olmayan ömür yolunda çox təxribatlar görəcəkdi, 1967-ci ildə də, 1976-cı ildə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi ilə bağlı sərsəm çağırışlar olacaqdı, müxtəlif xarici təzyiqlərin təsiri altında Azərbaycan torpaqlarından bəzi hissələri ayırıb Ermənistana birləşdirmək barədə mitinqlər təşkil ediləcəkdi, ancaq bu təxribatların hamısı Markaryanların, Qriqoryanların güllələnməsi kimi hadisələrlə yekunlaşacaq, Azərbaycandan bir qarış torpaq da qoparıla bilməyəcəkdi. Ancaq 1987-ci ildən sonra... Bu barədə növbəti məqalələrdə ətraflı danışılacaq.

Burada isə qeyd edək ki, həmin müdhiş hadisələrdən təxminən 50 il sonra, xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan və ürəyində o nisgili yaşadan Heydər Əliyev 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 656 ¹-li tarixi bir fərman imzaladı: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı  növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımıncı araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram: 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılsın.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV".

...1949-cu ilin mayında isə onu Leninqrada - SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin operativ rəhbər heyətin yenidən hazırlanması məktəbinə oxumağa göndərdilər.

Adı məşhur olmayan (DTK-nın məktəbi olduğuna görə maksimum gizli fəaliyyət göstərirdi) və ilk baxışda cəlbedici görünməyən (yenidən hazırlanma məktəbi) bu təhsil ocağı o zaman SSRİ-nin onurğa sütununu təşkil edən "KQB"nin ən nüfuzlu məktəbi, deməli, fövqəldövlətin bəlkə də birinci təhsil müəssisəsi idi. Ora göndərilmək çox böyük etimad, orada ucqar bir əyalətdən gələrək yeganə azərbaycanlı kimi rus dilində oxumaq isə ondan da mürəkkəb, olduqca ağır məsələ idi. Ancaq həyatın çətinliklərinə qarşı mübarizə aparmağı bacaran 26 yaşlı bu gənc yalnız əla qiymətlərlə və məktəb rəisi, polkovnik Pinçukun imzaladığı xasiyyətnamə ilə məktəbi bitirir: "Baş leytenant Əliyev məktəbdə oxuduğu müddətdə özünü yalnız müsbət tərəfdən göstərmiş, dərslərə və tədris materiallarının öyrənilməsinə ciddi yanaşmış, inadla işləmişdir. Oxuduğu müddət ərzində dərs əlaçısı olmuş, adı şərəf lövhəsinə yazılmışdır. Yoldaş Əliyev operativ məsələlərin həllində əsas mahiyyəti bacarıqla üzə çıxardır, əməliyyat şəraitində sərbəst və düzgün hərəkət edir, doğru qərarlar qəbul edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə tərtib edir. Xidməti vəzifədə irəli çəkilməyə layiqdir".

1951-ci ildə Heydər Əliyev daha bir təhsil müəssisəsinə daxil oldu - Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə. Yaxşı xatırlayıram ki, mən BDU-da prorektor vəzifəsində çalışdığım 1992-ci ildə arxivin müdiri Heydər Əliyevin şəxsi işini gətirib mənə vermişdi (bu barədə növbəti məqalələrdə ətraflı danışacağam). Bu sənədlərin arasında bir maraqlı sənəd də Heydər Əliyevin apellyasiya imtahanı tələbi idi. O, universitetin Tarix fakültəsinə qəbul zamanı bütün fənlərdən "əla" qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya "yaxşı" qiymət verdiklərinə görə etirazını bildirir.

O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində çalışırdı. Şahidlər danışırlar ki, boy-buxunlu, qədd-qamətli Heydər Əliyev xüsusi geyimdə universitetin koridorlarında qətiyyətlə addımlayanda hamı kənara çəkilib abituriyendən çox hansısa rəhbər vəzifədə çalışan şəxsə oxşayan bu adama hörmətlə yol verir, ehtiram göstərirdilər. Rektor da bu üzündən nur, müdriklik yağan qətiyyətli və sanballı cavan oğlanı hörmətlə qəbul edir, universitetə daxil olmasında problem yarandığını zənn edərək məsələni aydınlaşdırmaq üçün qəbul komissiyasının məsul katibini yanına çağırtdırır. Yalnız bundan sonra Cəfər Xəndan bilir ki, abituriyent artıq universitetə qəbul olunub. Belə olanda Heydər Əliyevin apellyasiya tələbinə təəccüblənir. Ona izah edir ki, qiymətin "əla" və ya "yaxşı" olmasının nəticəyə heç bir təsiri yoxdur. Amma Heydər Əliyev xahiş edir ki, apellyasiyaya şərait yaradılsın. Ömrü boyu hər işdə mükəmməlliyə, ən yüksək səviyyəyə nail olmağı və öz haqqı uğrunda mübarizə aparıb qalib gəlməyi bacaran bu nadir şəxsiyyət əmin idi ki, SSRİ-nin ən yüksək ali məktəbini rus dilində "əla" qiymətlərlə başa vurduğuna görə bu imtahandan da "yaxşı" ala bilməz. Apellyasiya yoxlaması nəticəsində onun yazı işinin həqiqətən "əla" qiymətə layiq olduğu aydın olur və imtahan vərəqində düzəliş edilir. Mən arxivdən gələn sənədlərin arasında həmin ərizəni və imtahan vərəqini öz gözlərimlə görmüşəm.

 

1957-ci ildə bütün çətinliklərə baxmayaraq, DTK-da 2-ci şöbənin rəisi kimi məsul vəzifədə ola-ola, ailə qayğısı çəkə-çəkə (1954-cü ildə evlənmişdi və bir uşağı var idi) mühazirə və seminarlarda müntəzəm iştirak edir və həyatının digər bütün sınaqlarında olduğu kimi, buradan da üzüağ çıxaraq Tarix fakültəsini "əla" qiymətlərlə başa vurur.

1958-ci ildə SSRİ, o cümlədən, Azərbaycan DTK-sının rəhbərliyində radikal dəyişikliklər baş verdi. 35 yaşlı Heydər Əliyevə böyük etimad göstərildi - o, Azərbaycan DTK-sının Əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsinə təyin olundu. Həmin dövrdə DTK-da işləmiş general Ziya Yusifzadə müsahibələrinin birində bununla bağlı belə bir xatirə danışır: "O, əks-kəşfiyyat rəisi olanda, əsasən, respublikanın daxilində iş aparırdı. Ancaq deyək ki, bu və ya digər agent cəlb edildikdən və başqa ölkəyə göndərildikdən sonra, qayda belədir ki, kim cəlb edibsə, bir müddət bu agentlə özü məşğul olmalıdır, onu özü "aparır", sonra onu xarici ölkənin rezidenturasına ötürür. Heydər Əliyev xaricə müxtəlif yollarla gedirdi. Ayrı-ayrı cəmiyyətlərin xətti ilə nümayəndə heyətinin tərkibində, xüsusi şəxs qismində gedə bilərdi. Məsələn, Berlinə agent "Axito" ilə görüşmək üçün o, başqa ad altında, xüsusi şəxs kimi getmişdi. Yaxud agentlə görüşmək məqsədilə Fransaya getmək üçün o, həyat yoldaşı ilə birgə "Rossiya" teploxodunda kruizə çıxan böyük bir turist qrupunun tərkibinə qatılmış, gəmi Marsel limanına yan alandan sonra "açıq qapılar" saatı elan ediləndə  yaranmış əlverişli əməliyyat şəraitindən istifadə edərək agentlə görüşmüşdü. Heydər Əliyev çekist doğulmuşdu, xüsusi tədbirləri çox vaxt özü hazırlayıb həyata keçirirdi. Özü də DTK-da bir qayda var idi, rəhbər işçi tabeliyində olanlara nümunə kimi arabir özü əməliyyat keçirməli idi."

Bir zamanlar çox gizlin saxlanılsa da, bu gün Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Alagöz", "Duel", "Duqlas", "Naturalist", "Radist"  kimi əməliyyatlar barədə bəzi mənbələrdə məlumatlar vardır. Mən istəyərdim ki, gənclərimiz bu çoxşaxəli əməliyyatlar barədə oxusunlar və görsünlər ki, xalqımızın bu istedadlı oğlu nə qədər yüksək peşəkarlığa və intellektə malik olmuşdur. Digər tərəfdən həmin təfsilatlı məlumatlarda onun bir vətəndaş kimi mövqeyini, milli mənafeləri müdafiə edən iş üslubunu, fədakarlığını və risk etmək cəsarətini görüb bu fenomenal insana heyrətlənməmək mümkün deyil.

1958-ci ildə Nikita Xruşşovun "yumşalma" siyasəti nəticəsində  Aleksandr Şelepinin SSRİ DTK-sına rəhbər təyin olunması ilə şəxsi heyət qarşısında yeni vəzifələr qoyuldu: əhalinin müəyyən təbəqələri arasında cəza yox, profilaktika tədbirləri həyata keçirmək. DTK veteranları xatırlayırlar ki, bu qərar Dövlət Təhlükəsizliyi orqanlarında əsl inqilab oldu. Azərbaycan əks-kəşfiyyatının rəisi, podpolkovnik Heydər Əliyev yeni siyasəti ürəkdən dəstəkləyirdi, sözügedən xəttin həyata keçirilməsində fəal iştirak edirdi. Gənc əks-kəşfiyyat rəisinin natiqlik məharəti, əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət yaratmaq bacarığından xəbərdar olan Komitə rəhbərliyi, DTK-nın sıravi əməkdaşlarına yeni siyasətin mahiyyətini başa salmaq üçün zona müşavirələrində çıxış etməyi tez-tez ona həvalə edirdi.

Belə müşavirə iştirakçılarından biri - DTK veteranı Bəxtiyar Süleymanlı xatırlayır: "1960-cı ilin martında bizdə böyük ixtisarlar getdi. Zəngilan və Cəbrayıl şöbələri Füzuli şöbəsinə qatıldı. Heydər Əliyev DTK Kollegiyasının üzvü kimi Füzuliyə zona müşavirəsinə gəldi. İmişli, Jdanov, Cəbrayıl, Zəngilan rayon şöbələrinin əməkdaşları onun çıxışını dinləməyə yığışdılar. Yuxarıda adı çəkilən siyasətin mahiyyətini o, bizə maddə-maddə, hərfbəhərf başa salırdı, əsas diqqəti də ona yönəldirdi ki, işimizdə əyintilərə yol verməyək, insanpərvərliyi unutmayaq. O vaxt bu, orqanlarda inqilab idi. Tutalım ki, biz kiminsə haqqında siqnal aldıq: guya X və ya U sovet hakimiyyətinin əleyhinə danışıb, millətçi fikirlər söyləyib, xaricdəki həyat tərzini tərifləyir və s. Əgər əvvəllər buna görə onu dəmir barmaqlıqlar arxasına sala bilərdilərsə, indi hər şeyin diqqətlə yoxlanması tələb olunurdu. Heydər Əliyev söyləyirdi ki, agenturanın içində də şəxsi və ya qərəzli məqsədlərdən ötrü sovet adamlarına qara yaxanlar tapıla bilər, biz gərək işimizdə qanunlara arxalanaq, əyintilərə və 37-ci ilin faciələrinə yol verməyək".

Bir dəfə Heydər Əliyev Azərbaycan yazıçıları ilə şəxsi ünsiyyət yaratmaq fikrinə düşdü. Yaradıcı ziyalılarla cəza orqanları arasındakı gərgin münasibətləri nəzərə alsaq, o vaxt üçün bu görünməyən addım idi. Hadisənin şahidi olmuş şəxslərdən biri belə danışır: "1950-ci illərin sonu - 60-cı illərin əvvəlində mən bölmə rəisi işləyirdim və yaradıcı ziyalılarla iş üzrə kurator idim. Yazıçılar İttifaqı ilə DTK-nın arası bir o qədər də yaxşı deyildi.

...Günlərin bir günü Heydər Əliyev məni yanına çağırıb Yazıçılar İttifaqının rəhbərliyi ilə əlaqə yaratmağı, münasibət qurmağı tapşırdı. Açığını deyim ki, bu, çox çətin məsələ idi. İki ay ərzində mən tanınmış yaradıcı ziyalılarla olan köhnə əlaqələrim, şəxsi münasibətlərimdən istifadə edərək Azərbaycan ədəbiyyatçıları ilə münasibətləri yavaş-yavaş bərpa edirdim. Gördüyüm işlər barədə şöbə müdirinə vaxtaşırı məruzə edirdim. Bir dəfə Heydər Əliyev sözün həqiqi mənasında məni mat qoydu: "Mehdi müəllimlə danış, yazıçıların qarşısında mühazirə ilə çıxış etmək istəyirəm". Mən karıxdım. O, nəsə demək istədiyimi başa düşüb soruşdu: "Bir şübhən var?" - "yoldaş Əliyev, orada Azərbaycan dilində çıxış etmək lazım gələcək". O gülümsədi: "Bu barədə narahat olma".

Mən Mehdi Hüseynin yanına getdim və Heydər Əliyevin ideyası barədə danışdım. O, bu təklifi maraqla qarşıldı və sanballı bir auditoriya təşkil etdi. Biz sədrin kabinetinə daxil olanda orada iynə atsaydın, yerə düşməzdi, çoxları ayaq üstə durmuşdu. Əliyev çıxışına Azərbaycan dilində başladı. Elan etdi ki, gördüyünüz kimi, Azərbaycan dilində də danışa bilər, ancaq elə mövzu və məsələlər var ki, onlar barədə rus dilində danşsa yaxşıdır. Və düz iki saat danışdı, özü də elə maraqlı ki, bizim hər şeyi bəyənməyən ziyalılarımız ona böyük diqqətlə qulaq asdılar. Onu hörmətlə yola saldılar və bir neçə gündən sonra yazıçıların qəzetində görüş barədə hesabat çıxdı. Yazıçıların Heydər Əliyevlə tanışlığı belə baş verdi".

Bu baxımdan tanınmış yazıçı Mövlud Süleymanlının xatirələri də çox maraqlıdır: "...ilk dəfə Heydər Əliyevi 1963-cü ildə görmüşəm... O zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin 2-ci kursunda oxuyurdum. Bir-iki ilə artıq tələbələr seçilib bir-birimizi tanıyıb, birləşib "dərdləşməyə" başlamışdıq. Kirayədə qaldığımız evlərdə, yataqxana hücrələrində gizlin görüşlər keçirir, "başımız çıxmayan" siyasət haqqında ağızdolusu danışır, milli azadlıq, iqtisadi problemlər barədə get-gedə daha dərin mətləblərə varırdıq; gündəlik, aylıq, hətta illik proqramlar işləmişdik, üzvlük haqqınacan müəyyənləşdirmişdik. Günlərin birində bu gizlin işlərimizdən "KQB" xəbər tutdu... Mənim o vaxt iyirmi yaşım vardı, bir az-az, bir az çox, hamımız o yaş ərəfəsindəydik. İndiki ağlımızla ölçsək, buracan düşünə bilmişdik, buracan, yəni bir addımlıq. Elə də oldu, addımımızı atan kimi tutulduq...

İkinci gedən mən oldum, bir də jurnalistika fakültəsindən Hüseyn... Səhər tezdəndi, yataqxananın dördüncü mərtəbəsindəki qapımız döyüldü: - Balakişiyev kimdir? ...Qorxudan keyləşmiş kimiyəm. Mənəm, - deyirəm... Baş verən çox şeyləri dərinliyinəcən anlamasam da, KQB-nin əslində nə demək olduğunu bilirəm: KQB-nin zərbəsi insanın canına yox, ruhuna tuşlanıb, deyirəm, öz-özümə, elə cəmiyyətin də ruhuna tuşlanıb. Bir var ölüm, bir də var məhv olmaq... beləcə, məhv etməsə, əl çəkməyəcək.

Alaqaranlıq dəhliz boyu iki adamın arasıyla hara getdiyimi bilmirəm. Qaranlıq düşdüyü hiss edilir. Birdən qapı açılır, getdiyim yerdə, məni içəri ötürürlər, özümə gələnəcən xeyli çəkir... İri pəncərəli geniş otaqdı, mən harda olduğumu anlaya bilmirəm. Yaxın gəl! - Başda əyləşmiş iri cüssəli adam bərkdən gülüb məni yaxına çağırdı... Mən xırda, titrək addımlarla yaxınlaşdım: "Sovet hökumətini yıxmaq istəyən uşağa bax..." Mən baxışları iliyə işləyən bu zəhmli adamın gülməyini belə anladım, qorxuma pərtlik də qarışdı... Amma belə deyilmiş. Bir-iki sorğu-sualdan sonra onun əksinə sevindiyini - rəğbətini hiss etdim. Bayaqdan bu hissimi ifadə etmək istəyirəm, bu cür təfərrüata varmağım da ona görədir. Onun kim olduğunu da yanından çıxandan sonra bildim: Heydər Əliyev... Onun səsində, sözündə, görünüşündə qəzəb yox idi. O vaxtdan əlli ildən çox keçib, sizi inandırıram ki, mənim hissim doğrudu... Aradan əlli ildən də çox keçib, səsi hələ də qulaqlarımdadı: "...sizin gizlin fəaliyyətinizdən Moskvanın da xəbəri var, amma mən sizi Moskvaya verməyəcəyəm! Ağıllı olun, dünya dillərini öyrənin, gələcəyə hazır olun! Sizin dediklərinizinsə hələ vaxtı çatmayıb".

Elə də oldu, sıxıntıdan, təqibdən qurtardıq. Şəxsən məni heç vaxt unutmadı, dəstəyini, köməyini də əsirgəmədi. "Şeytan"a, "Dəyirman"a, "Səs" romanına və s. əsərlərimə görə üstümə yeriyən qaragüruh hücumundan qorudu... Bu müddət ərzində mən dərindən inandım ki, o, bizə kömək etmək istəyirdi, etdi də! Yarım əsr bundan öncə cəzası ancaq ölüm olan xatalarda bulunmuş gənclərə üz tutub dediyi sözləri bir də eşidirəm: "...Burda, mənim yerimdə bir başqası ola bilərdi, güllələtdirərdi hamınızı! Bu xalqa sizin kimi oğullar lazımdı..." Gerçəyi budu, "...bir başqası "nın kim olduğunu tanımağımızdı, gerçək olan. Sabahlara hazır olmağımızdır! Qazandığımız bu uğurların, - azadlığın, müstəqilliyimizin qaynağı nədi bəs! Ulu öndərin uzaqgörənliklə yaşadığı və gənc nəslə yaşatdığı duyğular deyilmi?! Ümummilli liderimiz Heydər Əliyev elə o zamandan içlərdə gedən azadlıq duyğularını hiss edb sevinirdi".

1964-cü il dekabrın 23-də Heydər Əliyev Azərbaycan DTK-sının sədr müavini təyin edilir. SSRİ rəhbərliyi səviyyəsində həll edilməli bu məsələ ilə bağlı göndərilən xasiyyətnamədə yazılırdı: "SSRİ DTK-sı ilə kapitalist ölkələrindən olan xaricilərlə bağlı, birgə keçirilən bir sıra ciddi çekist əməliyyatında şəxsən iştirak etmişdir. Onun bilavasitə iştirakı ilə respublika DTK-sında İran kəşfiyyat orqanlarına qarşı bir neçə mühüm tədbir həyata keçirilmişdir... 1962-1964-cü illərdə onun rəhbərliyi altında şöbənin operativ heyəti tərəfindən həyata keçirilən xeyli sayda profilaktik tədbirlər nəticəsində bir çox arzuedilməz halların qarşısını almaq və yanlış fikirdə olan sovet vətəndaşlarını doğru yola gətirmək mümkün olmuşdur".

DTK veteranı Əkrəm Səlimzadə yazır ki, "DTK sədri Semyon Kuzmiç Sviqunun heç vaxt belə müavini olmamışdı: təşkilatçı, diqqətcil, bacarıqlı, təmkinli. Respublika DTK-sından Mərkəzə gedən bütün ən vacib sənədləri Heydər Əliyev hazırlayırdı. Üstəlik, etibarlı və hörmətcil idi. Sviqun olan yerdə heç vaxt danışmazdı. Hamı bilirdi ki, Heydər Əliyevin çox parlaq natiqlik istedadı var idi, Sviqunda isə bu məsələ xeyli zəif idi. Onun heysiyyətinə toxunmamaq üçün hətta Semyon Kuzmiçin "danışmaq istəyirsinizmi?" sualına belə cavab verərdi:"Sizin dediklərinizə əlavəm yoxdur".

1965-ci il martın 31-də Heydər Əliyevə polkovnik rütbəsi verilir. Ziya Yusifzadə xatırlayır ki, Sviqun Moskvaya - SSRİ DTK-sı sədrinin birinci müavini vəzifəsinə gedəndə öz yerinə tərəddüd etmədən Heydər Əliyevi məsləhət bilir. Brejnevin yanında sözü keçən Sviqunun tövsiyəsi, əlbəttə, dəyərli idi.  Ancaq əhalisi müsəlman, İran və Türkiyənin bir addımlığında olan Azərbaycanda DTK-nın başında rus çekisti dayanmalı idi - bu da birmənalı qanunauyğunluq idi. Bu "qanunauyğunluqdan" yararlanan və başqa xətlərlə bu vəzifəyə iddialı olan çox güclü fiqurlar var idi.  Ancaq hamı etiraf edirdi ki, bu namizədlərin arasında Sviqunun namizədi kimi sanballı şəxsiyyət yox idi. Beləliklə, 1967-ci il iyunun 22-dən Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində fəaliyyətə başladı. Bir qədər sonra isə bu orqanların ilk azərbaycanlı generalı kimi tarixə düşmək xoşbəxtliyi verən ali rütbəyə layiq görüldü.

Ucqar əyalətdə yaşayan sadə bir ailədən çıxaraq öz istedadı,  zəhmətsevərliyi və məqsədyönlü fəaliyyəti ilə 44 illik ömür ərzində o vaxtkı SSRİ-nin ən mürəkkəb bir təşkilatında zirvəyə qədər gəlib çatmaq, yalnız dövlət başçısının sərəncamı ilə verilən ali rütbəyə - general tituluna layiq görülmək həmin illərdə əfsanə görünən xəyallardan idi. Xəyallar gerçəkləşdikcə onun insanlar arasında nüfuzu, dostları artır, bununla yanaşı, paxılları, bədxahları, mane olmaq istəyənləri də çoxalırdı. Mən istəyərdim ki, onun bu şərəfli, çətin həyat yolu barədə belə yazılardan təfsilatı ilə məlumat alan hörmətli oxucular o zirvəyə paxıllıqla baxan bəzi bədxahların yazdıqları kimi düşünməsinlər ki, Heydər Əliyev Əziz Əliyevin kürəkəni, Həsən Əliyevin qardaşı olduğuna, Andropovun oğlunu guya macar üsyançılarının əlindən xilas etdiyinə görə belə ali mərtəbələrə yüksələ, böyük bir xalqın Ümummilli liderinə çevrilə bilib. Xeyr!!! Kimsə onun qolundan tutub hansısa zirvəyə aparmayıb! Kimsə onun ətrafdakı insanları heyrətləndirən, yüksək keyfiyyəti ilə hamını təəccübləndirən nəcib əməllərini onun əvəzinə etməyib. Addım-addım irəlilədiyi bu yolun, damla-damla doldurduğu bu uğur ümmanının əsl səbəbkarı hər şeydən əvvəl uca tanrının ona bəxş etdiyi şəxsi keyfiyyətləri, parlaq istedadı, işgüzarlıq qabiliyyətləri, fəhmi, qeyri-adi düşüncə tərzi, dərin təfəkkürüdür. Bu dəyərləri də bəxş edən xaliq bəndəsinə verdiyi keyfiyyətləri nəcib əməllərə, insanların, el-obanın xeyrinə sərf  etdiyini görəndə ona gözlənilməz  qapılar açır, yeni yollar göstərir.

Yeni uğurları və həyatının sonrakı mərhələləri haqqında növbəti yazılarımızda.

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 18 aprel.- S.8-9.