Qəmbər Hüseynlinin məzarı ətrafında uşaq parkı salınıb

 

Dünyada tanınmış bəstəkarlarımızdan olan Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli (1916 - 1961) taleyin ona bəxş etdiyi 45 illik ömrü ərzində Azərbaycan musiqi sənətinə özünəməxsus incəliyi ilə seçilən xeyli mahnı, romans, orkestr əsərləri, hətta bir opera bəxş edib. Onun şair Tofiq Mütəllibovun sözlərinə yazdığı "Cücələrim"  nəğməsi isə dünyanın yüzdən çox ölkəsində müxtəlif dillərdə səslənərək, bəşəriyyətin əbədiyaşar əsərləri sırasına düşüb. Hətta bütün zamanların ən böyük kinoaktyoru sayılan Çarli Çaplin deyib ki,  "Cücələrim" melodiyasını yazan xalq çox böyük istedad sahibidir.

"Cücələrim"in uşaqların ən sevimli mahnısı kimi tanındığını nəzərə alaraq,  bəstəkarı Gəncənin mərkəzi hissəsinə yaxın olan o vaxt "Pionerlər parkı" adlanan bağda dəfn ediblər. 2018-ci ildə isə onun qəbirüstü xatirə abidəsi yenilənib.

Qəmbər Hüseynlinin anadan olmasının 107-ci ildönümü münasibətilə bəstəkarın  qəbirüstü abidəsi önündə, şəhər rəhbəri Niyazi Bayramov başda olmaqla, Gəncənin ictimaiyyət nümayəndələrinin, sənət adamlarının balaca sakinlərinin iştirakilə yaddaqalan tədbir keçirilib.

Çıxış edənlər bəstəkarın qısa, lakin dolğun həyat yaradıcılıq yoluna nəzər salıb, onun mahnı romanslarının, digər əsərlərinin dəyərli xüsusiyyətlərindən danışıblar.

"Qəmbər Hüseynli günü"nün ruhuna uyğun olaraq, məktəblilərin ifasında  bəstəkarın incə təranələr, milli motivlərlə dolu əsərləri səslənib.

Tədbirin xoş bir davamı kimi, abidənin ətrafındakı ərazidə  bəstəkarın adını daşıyan uşaq əyləncə məkanının açılışı olub. Burada uşaqların əylənməsi üçün rəngarəng attraksionlar yaradılıb, sağlamlığa faydalı idman avadanlıqları da quraşdırılıb.

Beləliklə, "Cücələrim"in bəstəkarının məzarı Gəncədə uşaqların sevinc səslərinin ən gur eşidildiyi parkla əhatə olunub.

 

 

 

Zakir MURADOV,

Gəncə

525-ci qəzet.- 2023.- 18 aprel.- S.10.