Daşnak-bolşevik zülmünün Lənkərandakı
izləri
(Əvvəli ötən sayımızda)
Tədqiqatçı-alim
Mirhaşım Talışlı yazır ki, 1918-ci ilin
mart-aprel günlərində erməni quldur dəstələri
Sütəmurdov kəndində 13 ağsaqqalı qətlə
yetirib, rayonun Şıxəkəran, Xolmili və Mamusta kəndlərində
də qanlı cinayətlər törədiblər.
Müəllim Şükür Şükürovun məlumatına
görə, xalqımızın qanına susamış
quldurlar Mamusta kəndində Bəhram Cəfər oğlunun
gözünü çıxarmış, qulağını kəsmiş
və onu diri-diri yandırmışdılar. Erməni
quldur dəstələri kənddə axtarış apararkən
gənc qız Cavahirin köməyinə gələn
cavanları qətlə yetirmişdilər.
Şükür müəllim deyir ki, bir dəfə o
illərin canlı şahidi Cavahir Abdullayevanı (Məmmədova)
sorğu-suala tutdum, hadisəni onun dilindən eşitmək istəyirdim. Cavahiri
ağlamaq tutdu. Anam mənə
acıqlandı. Sən demə, silahlı əsgərlər
kənddə axtarış apararkən Qurbanovların evinin
yanında Cavahiri yaxalayırlar. Nəhmətin
oğlanları Məmmədhəsən, Məmmədhüseyn,
həmçinin Bəhram Cəfərov, Mənsim Əliyev,
İsaq Cəfərov, Hacıəli Əliyev və daha bir
neçə nəfər qızın köməyinə
atılır və onu qaçırdırlar. Cavahir
xəndək içi ilə kəndin şərq tərəfinə
- Qoçasələ meşəliyinə tərəf
qaçır. Denikinçi rus və erməni
əsgərləri tutduqları cavanları Paşa Mikayıl
oğlunun dərz-çəltik komasına salaraq
yandırırlar. İtaətsizliyə
görə Əbülhəsən Əkbər oğlu
Hümmətovu qılıncla doğrayırlar. Davud müəllimin atası meşə yolu ilə
evinə qayıdarkən onu da qanına qəltan etmişdilər.
Ağagül Əlihəsən oğlu və
daha bir neçə mamustalı da bu faciənin qurbanı
olmuşdular. Bundan sonra kəndə od
vurulmuşdu. Yanğın nəticəsində
babam Şükürün öz oğlu Yunusa
bağışladığı səkkiz otaqlı ikimərtəbəli
evi də yandırmışdılar.
Ağabacı
nənəmin hekayəti
Ağabacı
nənəmin yaddaşında 1918-ci il mart
ayı "qaçhaqaç" dövrü kimi
qalmışdı, ömrünün axırınadək
üzü gülmədi nənəmin - nə çəkdisə,
ürəyində çəkdi. Hüzr məclislərində
isə elə bayatı çəkərdi ki... Deyərdin,
axı, Ağabacı nənəmdə bu sözlər
hardandı. Sən demə, dərd güc
gələndə lal dilləri də açarmış.
Ağabacı nənəmə dərd gələndə
otağa çəkilər, başını taxta sandıqdan
çıxartdığı paltarların üzərində əyərək
səssizcə ağlayardı. Biz nəvələr
isə pəncərədən nənəmizin seyrini vurar,
heç nəyi anlamazdıq. İllər
keçəndən, yaşa dolandan sonra hiss elədik ki,
Ağabacı nənəm qəlbində dağ boyda kədər
gəzdirirmiş. Ürək gərəkdi
ki, bu boyda ağrını gəzdirə bilsin.
1918-ci il mart soyqırımı gözlərinin
qabağında olmuşdu. Gözlənilmədən ətraf
kəndləri dəniz tərəfdən top atəşinə
tutmuşdular. Əri Ağacan Əzimov kəndin
cavanları ilə kənddən kənara çəkilərək
erməni - denikinçi dəstələri ilə
vuruşurdu. Atışma
qızışanda qadınlar uşaqlarını yanına
alıb Osakücə meşəliyinə tərəf üz
tutmuşdular. Ağabacı nənəm
uşaqlardan yalnız ikisini - Babacan və Zülfünü
çiyninə alıb qaça bilmişdi. Hələ bir yaşına çatmamış
körpəsi Əliağanı isə Allahın ümidinə
buraxaraq həyətdəki yekə nil ağacının oyuğunda
gizlədə bilmişdi. Ağabacı nənəm
ətraf sakitləşəndə evə - oğluna tərəf
qaçır. Görür ki, körpə
hələ də sakitcə uyuyur. İllər
keçdi, övladları yaşa doldu. Dörd
oğul övladından təkcə Əliağa Əhədov
müharibədən qayıtdı. Babacan,
Zülfü və Əjdər 1941-1945-ci illərdə
faşistlərlə vuruşmada həlak olmuşdular. Nənəmin
sandıqdan çıxartdığı geyimlər isə
1942-ci ildə müharibənin qurbanı olmuş sonbeşik
oğlu Əjdərin nişan paltarları
imiş...
Soyqırımı günlərində kənddə təkcə
Əhməd Əkbərovun beşatılanı varmış. O, köməksiz
insanları müdafiə edə-edə onları Osakücə
meşəliyinə tərəf apara bilmişdi. Ağabacı nənəm danışardı ki,
Əhməd Əkbərov qohumumuz Hacı Hacıhüseyn Gəncəli
oğlunun öldürüldüyünü eşidib
qeyri-ixtiyari hadisə yerinə qaçır. Hacı Hacıhüseyn kəndin hörmətli,
nüfuzlu ağsaqqallarından idi. Aclıq
illərində o, qonşu Astraxanbazara (indiki Cəlilabad rayonu)
gedərək, oradan gətirdiyi taxılı savabına
imkansız ailələrə paylayardı. Gecə qaranlığında atəşin
parıltısına erməni quldurları Əhmədin gizləndiyi
yeri gülləyə tuturlar. Əhməd
gülləsi tükənədək vuruşmuşdu. Onun ölümünə bütün kənd
ağlayırdı.
Ağabacı
nənəmin dediyinə görə, dənizdən top mərmilərindən
biri Molla Davudun evinə düşmüşdü. Xoşbəxtlikdən mərmi partlamamış,
tüstülənə-tüstülənə
sönmüşdü. Amma təsirindən
Molla Davud "Yasin" oxuyan yerdə keçinmişdi. Bir yaşında olan qızı Balabəyim
beşikdə yatmışdı. Köməyə gələn
qonum-qonşu tüstüdən boğulmaqda olan körpəni
tələm-tələsik beşik qarışıq evdən
çıxarmağa nail olmuşdular. Balabəyim
1968-ci ildə 50 yaşında vəfat edib.
Girdəni
bir kənd idi...
Veravul məktəbinin
direktoru Şahrza Abdullayev mart soyqırımı hadisələrindən
ürək ağrısı ilə danışardı:
- Girdəni
kəndində, Ləkər körpüsünə tərəf
uzanan yerdə, Əli meydanı adlanan ərazidə bazar yerləşirdi,
- dedi. - Qəzanın Ucarud tərəfindən
və digər yerlərdən gələnlər bazara öz
mallarını çıxarırdılar. Vilvandan olan Boylu qızı Gülbanu ilə Girdəniyə
gedirmiş. Yolda arabanı gülləyə
tuturlar, ata və qızı vəhşicəsinə qətlə
yetirilir.
Tarixi
faktlar göstərir ki, Ləkər körpüsü ətrafında
10 nəfər öldürülmüş, Girdəni kəndində
5 ev yandırılmışdı. Təsadüfi deyildir, buradakı qanlı
döyüşlər barəsində söz də
qoşulmuşdu.
Girdəni
bir kənd idi,
Dörd yanı gülbənd oldu.
Xaraba
qalsın Ləkər,
O da bir səngər
oldu.
Veravul da
çətin günlər yaşayıb
Ermənipərəst Şıvkunov el arasında
hörməti, nüfuzu olanları aradan götürməkdən
çəkinmirdi. Qonşu Veravul kəndində yaşayan
istefada olan qvardiya polkovniki Mirməhəmmədrza xan (Miri bəy)
Mirfərəculla bəy oğlu Talışxanovu (şair
Ağamir Cavadın babası) ətraf yaşayış məntəqələrində
də yaxşı tanıyırdılar. Müəllim
Vaqif Cavadov nənəsi Miri bəyin qızı Mirşərəf
xanımın dediklərinə əsaslanaraq
danışardı:
- Nənəm
deyərdi ki, yay günü həyətimizə bir əsgər
girdi. Həyəcanlı idi, ağamı - Miri bəyi
soruşdu. Ağama dedi ki, Şıvkunov səni
öldürəcək, aradan çıxmaq lazımdır. Ağam qulluqçunu göndərib Mirmusa xanı
çağırtdırdı. Mirmusa gələn kimi
ağam üzünü ona tutaraq dedi:
-
Uşaqları da götür amburə meşəsində (dəmirağac
meşəsi - müəl.) gizlən, Şıvkunovun əsgərləri
meşəyə girməyə ehtiyat edərlər.
Mirmusa xan etiraz etdi, ağama buyurdu ki, onsuz getməyəcək. Ağam ciddi görkəminə
mülayim ifadə verdi,
qarşısındakı kitabı vərəqlədi, dedi:
- Şıvkunov harada olsa, məni tapacaq. Siz aradan
çıxın, mənə görə başqaları əziyyət
çəkməsin. Həyatımın çoxunu
yaşamışam...
İki
gün sonra yaraqlı-yasaqlı bir dəstə atlı
həyət qapısında görünəndə Miri bəy
"Quran" oxuyurmuş. Alov bir andaca kəndin
üstünü alır, sonra qəfil güllə əks-səda
yaradır. Güllə səsindən, alov
tüstüsündən bilirlər ki, Şıvkunovun quldur dəstəsi
kəndə girib.
Miri bəy son nəfəsinədək Şıvkunovu
sülhə, ədalətə, Allahın qəzəbindən
qorxmağa çağırıbmış. Şıvkunov
isə Miri bəyin sözlərini qulaq ardına vuraraq, onu
amansızcasına qətlə yetirib.
Başından dəyən güllədən Miri bəy
otağın ortasında "Quran" üstünə
yıxılmışdı. Alnında
qılınc yarası vardı. Onu
sürüyə-sürüyə həyətin ortasına
çəkmişdilər. Kitablarını
isə ortaya çəkib süngü ilə
deşik-deşik edərək yandırmışdılar.
İbi İbayevin partizan dəstəsinin gəlişindən
sonra Şıvkunovçular aradan çıxmışdılar. Buna baxmayaraq,
hər iki tərəfdən ölən və yaralananlar
olmuşdu.
Veravul
ağsaqqalı Rəsul Məşədi Rza oğlu Xəlilov
o illəri xatırlayaraq dedi:
- Kəndimizin
və ətraf yaşayış məntəqələrinin
sakinləri Osakücə meşələrinə çəkilmişdilər.
Mən onda on bir yaşında idim. Yadımdadır, iki gecə Osakücə meşəsində
qaldıq. Sonra xəbər gəldi ki,
düşmən bizə tərəf gəlir. Oradan Moloja meşəliyinə tərəf
qaçdıq. Buradakı meşə sahəsində
üç gün gecələdik. Möhkəm
qar yağmışdı. Soyuq iliyimizə
işləyirdi. Sonra eşitdik ki, kənd
fəalı Abbas Hüseynov Cil kəndi yolunda bir qrup naməlum
şəxslə üz-üzə gəlib. Quldurlar Abbasın müqavimət göstərdiyini
görüb onu güllə ilə vurmuşdular. Tahir Qulamoğlu da bu faciənin qurbanı olmuşdu.
Qadınlar kişilərdən geri qalmayıblar
Maraqlıdır ki, lənkəranlı qadınlar da erməni daşnakları ilə mübarizə aparmış, hünərdə heç də kişilərdən geri qalmayıblar. Rayonun Tükəvilə kəndindən Vəsmican Məmmədova, Veravul kəndindən Səkinə xanım at çapmış, tüfəng oynatmış, yaşadıqları kəndi qaçaq-quldurlardan, erməni daşnaklarından qorumuşlar. Tükəvilə kəndindəki özünümüdafiə dəstələrindən birinə Vəsmican Məmmədova rəhbərlik edirmiş (Bax: M. Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat, B.2017, səh. 475).
Vəsmican Əmirqulu qızı Məmmədova 1896-cı ildə Lerik rayonunun Mondigah kəndində anadan olmuş, əri, Lənkəranın Tükəvilə kəndindən olan Novruz Əbdül oğlu Məmmədovla kəndin qaçaq-quldurlardan, erməni daşnaklarından qorunmasında iştirak etmiş, 1918-1920-ci illərdə ayrı-ayrı vaxtlarda camaat tərəfindən təşkil olunmuş dəstəyə rəhbərlik etmişdi. 1977-ci ildə dünyasını dəyib. Məzarı Lənkəranın Tükəvilə kənd qəbiristanındadır.
Qanlı səhifələr unudulmur
Lənkəranda 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsi hər zaman hüzn və hörmətlə yad edilir. 2002-ci il martın 31-də Lənkəranın vağzalyanı meydanının yaxınlığında soyqırımı qurbanlarına həsr edilmiş Xatirə-park kompleksi salınıb. 2007-ci ildə park yeni tərtibatda qurulub.
2017-ci ilin mayında Lənkərandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda IV Beynəlxalq elmi konfrans keçirildi.
Konfrans iştirakçıları həmin gün rayonun Sütəmurdov, Şıxəkəran kəndlərində, Gərmətük qəsəbəsində olub, erməni daşnaklarının 1918-ci ildə qırğın törətdikləri yerlərə baş çəkərək, soyqırımı qurbanlarının xatirəsini yad etdilər.
Son vaxtlar erməni millətçiləri
bütün dünyaya səs salaraq, törətdikləri vəhşilikləri
ört-basdır etməyə çalışırlar. Tarix
sübut edir ki, qanlı faciələr erməni
daşnakları tərəfindən törədilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,
biz yalnız tarixi ədalətin bərpa edilməsini,
işğal və soyqırımı siyasəti yürüdənlərin
beynəlxalq ictimaiyyət qarşısında ittiham
olunmasını istəyirik.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin
baş redaktoru
525-ci qəzet.- 2023.- 19 aprel.- S.15.