Ümidli yaradıcılıq üfüqləri
Nəsibə
Eldarova (15 yanvar 1959-cu il). 1982-ci
ildə İncəsənət İnstitutunun Dram və kino
aktyorluğu fakültəsini bitirib. "Azərbaycanfilm"
kinostudiyası nəzdindəki kino-aktyor (1982-1989), Dövlət
Gənclər (1989-2009) teatrlarında işləyib. 2009-cu ildən Gənc Tamaşaçılar
Teatrının truppasındadır. 7 mart 2014-cü ildə
Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Yaradıcı sənətkar kimi amplua "çərçivəsinə"
sığmır, cəsarətlə onun sərhədlərini
sındıra bilir və çox mürəkkəb
janr-üslublarda da sərbəstliyi, təbiiliyi,
reallığı ilə seçilir. Coşqun daxili ehtirası, əlvan
dramatik ifadə vasitələri, dinamik enerjisi aktrisaya nəfəs
genişliyi, diapazon möhtəşəmliyi, faciə
qaynarlığı tələb edən Karmen ("Karmen",
Prosper Merime), Marqarita, Ledi Maqbet, Gertruda ("III
Riçard", "Maqbet" və "Hamlet", Vilyam
Şekspir), İblis ("İblis", Hüseyn Cavid)
obrazlarının ifasında yüksək peşəkarlıq
göstərib. Daxili imkanlarının ənginliyi və ifadə
vasitələrinin zənginliyi, fərqli janrlarda sərbəst
yaradıcılıq iqlimi yarada bilməsi sayəsində
lirik-poetik, həzin faciə çalarlı Leyli ("Leyli və
Məcnun", Məhəmməd Füzuli), sarkazmlı,
ironiyalı komediyada ictimai burulğanlarda sərt sosial mənsubiyyəti
ilə diqqət çəkən Jivka ("Nazirin
xanımı", Branislav Nuşiç), bədii tip olaraq
müxtəlif janrların elementlər toplusu, estetik səciyyələri
əsasında işlənmiş Smeraldina ("İlan
qadın", Karlo Qotsi), qaravəlli estetikasında Zalxa
("Toy", Sabit Rəhman), iblislik həddinə çatan
ehtiaslarının quluna çevrilən Klementina
("Herostratı unudun", Qriqori Qorin), Hamletin özünə
verdiyi suala ziddiyyətli, burulğanlı taleyində cavab
axtarmaqda dəfələrlə büdrəyən Aktrisa
("Olum, ya ölüm", Nazim Hikmət) surətlərinə
öz istedadının imkanları və qaynarlığı
ilə cazibəli səhnə həyatı verə bilib. Milli
karnaval estetikasına məxsus məsxərəli, məzhəkəli,
hoqqavari, baməzə oyun-tamaşalarda Vankə, Ərəbzəngi,
Həvva ("İtkin ər", "Yeddi məhbusə"
və "Varlı qadın", Əli Əmirli), Xala
("Əbləhlərin toyu", Rəhman Əlizadə)
rollarını tamam fərqli ifadə vasitələri ilə
təqdim edir.
Nəsibə
Eldarovanın GTT-də ifa etdiyi əsas rollar: Hafizə ("Pəri
cadu", Əbdürrəhim bəy Haqverdiyev), Gövhər
xanım ("Məhv olmuş gündəliklər",
İlyas Əfəndiyev), Zübeydə ("Buzovna kəndinin
əhvalatları", Elçin), Zəhra ("Mənim
ağ göyərçinim", Tamara Vəliyeva), Xoşbəxt
("Ünvansız qatar", Əli Əmirli), Saqana
("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli), Marqarita,
Dayə ("III Riçard" və "Romeo və
Cülyetta", Vilyam Şekspir).
Yasəmən
Malik (13 mart 1961-ci il). Əvvəllər
Məmmədova soyadı ilə çıxış edib.
1984-cü ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Dram və kino
aktyorluğu fakültəsini bitirib. Gəncə
(1985-1986), Sumqayıt (1986-1993), Musiqili Komediya (2002-2003), Şəki
(2003-2008), Dövlət Gənclər (2009) teatrlarında
işləyib. 1 may 2009-cu ildən Gənc
Tamaşaçılar Teatrının truppasındadır.
Aktirsanın məlahətli səsi var və bəzi
tamaşalarda obrazın mahnılarını canlı ifa edib. Enerjilidir və zərif, məlahətli
Nisə xanımı, hikkəli, dediyini yeritməyə
çalışan Şəhrəbanu xanımı ("Lənkəran
xanının vəziri" və "Müsyö Jordan və
dərviş Məstəli şah", Mirzə Fətəli
Axundzadə), ehtirasının əsiri olan, qəlbi intiqam
hissi ilə alovlanada quduz canavara çevrilən Pərini
("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), məsum,
sadə qəlbli Gülzarı, qaynar təbiətli,
hazırcavab və işgüzar, sədaqətli, şux
ovqatlı Nabatı ("Tamahkar", Süleyman Sani Axundov),
zavallılığı, mərhumiyyətlərə
düçar olması miskin cəmiyyətdə daha
qabarıq görünən Zeynəbi ("Danabaşlar",
Cəlil Məmmədquluzadə), mənən şikəst,
şöhrət naminə ərinə xəyanət etməyə
belə hazır olan, düşük təbiətli Mariya
Antonovnanı ("Müfəttiş", Nikolay Qoqol), bir qədər
təkəbbürlü, bir qədər şıltaq, saf qəlbli
Asyanı ("Arşın mal alan", Üzeyir bəy
Hacıbəyli), həyata, ətrafda baş verən hadisələrə
tərəddüdlü baxışlarla yanaşan Nərgizi
("Oqtay Eloğlu", Cəfər Cabbarlı), xoşbəxtlik
arzularının "burulğanında"
çırpınan Aytəni ("Bayramın birinci
günü", Nazim Hikmət), mürəkkəb
psixoloji-dramatik tərəddüdlər içində
çaşqınlıqla vurnuxan Qadını ("Xoşbəxt
hadisə", Slovomir Mrojek), içkiyə aluda olan ərinin
acı-ağrıları qəlbində
sızıltılı yük olan Temirin arvadını ("Dəyirman",
Mövlud Süleymanlı), cəmiyyətin haqsızlıqlarında
başı müsibətlər çəkən, sabaha
yaşamaq imidi öləziyən Ermeki ("Gün var əsrə
bərabər", Çingiz Aytmatov) eyni coşqu və
ilhamla, eyni ehtiraslı sənət sevgisi, eyni peşəkarlıq
coşqusu ilə oynayıb.
Gənc
Tamaşaçılar Teatrının kollektivinə və
yaradıcılıq üslubuna tez bir zamanda uyuşan Yasəmən
Malikin bu sənət ocağında ifa etdiyi əsas rollar:
Züleyxa ("Əcəl atı", Vaqif Əlixanlı),
Telli, Mələk ("Ünavansız qatar" və
"M.C.C. Mən səni sevirəm", Əli Əmirli),
Türfə ("Pələng ili", Firuz Mustafa), Yelizaveta
Qorbunova ("Kod adı: "X.D.A.", Mehriban Ələkbərzadə),
Saqana ("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli).
Zemfira
Əbdülsəmədova (15 mart 1961-ci il).
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram və kino aktyorluğu fakültəsini
bitirib. Şəki (1982-1985), Musiqili Komediya
(1985-1989), Dövlət Gənclər (1989-2006) teatrlarında
işləyib. 2015-ci ildən GTT-nin
truppasında çalışır.
Tanımayan
tamaşaçı üçün aktrisanın təkcə
Ülviyyə Heydərovanın "İnanıram"
(quruluşçu rejissor Elşad Rəhimzadə) əsərinin
bir hissəli monotamaşasında Şəhid anası rolunu
görməsi kifayətdir ki, Zemfira xanımın peşəkarlıq
ustalığı barədə müəyyən qənaətə
gəlsin. Qarabağ müharibsəində şəhid
olan bircəcə oğlunun dəfn edildiyi tək ağac
altındakı məkanda baş verən söhbətlərində
aktrisa psixoloji, lirik, dramatik, fəci, hayqırtılı,
göz yaşları doğuran naləli notları coşqun
daxil ehtirasla, cilalanmış səmimi emosiya ilə
oynayır. Ağacla dialoqa "girdiyi"
məqamda ifaçının mürəkkəb ifadə vasitələrindən
ustalıqla, fəryadlı yanğıyla, cazibəli məharətlə
istifadə etməsi möhtəşəm heyranlıq
doğurur. Zemfira xanım əsgər
torbası, onun içindən çıxardığı hər
bir əşya ilə cavabsız hərəkət dialoqunda
(başqa sözlə, hərəkət və söz
monoloqunda) məhəbbət, qayğı, səmimiyyət
dolu kövrəkliklə ünsiyyətə girir,
danışır. Özü sual verib
özü də titrək, yanğılı səslə
cavablandırır. Və həmin anlarda
faciəni yaşaya-yaşaya, gözlərində, səsində
ümid işartılarını vüsətlə
tamaşaçılara çatdırması canlı, real, təsiredici
həyat hadisəsi ovqatı bağışlayır. Aktrisa ifa etdiyi rollarda, obrazın xarakterindən,
tamaşanın janrından asılı olmayaraq, personajın
psixoloji "diaqnozunu" dəqiq müəyyənləşdirməkdə
həssasdır.
Zemfira Əbdülsəmədovanın ifa etdiyi əsas
rollar. Şəki
teatrında: Gülbahar ("Anamın kitabı", Cəlil
Məmmədquluzadə), Cülyetta ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Nayman ana ("Əsrə bərabər
gün", Çingiz Aytmatov), Selebin ("Teymurləng",
Kristofer Marlo); DGT-də: Leyli ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy",
Cəlil Məmmədquluzadə); Gənc
Tamaşaçılar Teatrında: Hacı Kəmyabın
arvadı ("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqveridyev), Roza nənə
("Tanrıya on dörd məktub", Erik-Emmanuel Şmitt),
Şirin nənə ("Şirinlər", Pierre Cullifod),
Ögey ana ("Göyçək Fatma", Azərbaycan xalq
nağılı).
Leyli Vəliyeva
(17 iyul 1969-cu il). 1994-cü
ildə Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. Tələbəlik illərindən
Bakı Kamera Teatrında işləyib (1991-2009). 2009-cu ildən GTT-nin truppasında
çalışır. 14 dekabr 2002-ci ildə Azərbaycan
Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
İfa etdiyi personajların gərgin hadisələrdə
keçirdiyi sarsıntılarını, psixoloji dəyişmələrini,
fiziki gərginliyini, çılğınlıqlarının
həddi keçməsini oynayanda da təmkinini, daxili ritmini,
diqqətcilliyini və həssaslığını qoruyub
saxlayır. Sözsüz səhnələrdə
baxışlarla, hərəkət monoloqu ilə oynamaqda
müəyyən səriştəsi var. GTT-nin truppasına
keçəndən sonra bu kollektivin janr-üslüb prinsiplərini,
poetika səciyyələrini lazımınca və
peşakarlıq səriştəsi ilə mənimsəyib.
Teatrın müxtəlif yaş nəslinə mənsub
aktyorlarla səhnədə həssaslıqla ünsiyyət
qurmağı bacarır. Plastik cazibədarlığını
bir-birindən fərqli obrazları müxtəlif formalarda təcəssüm
etdirir. Buna görə səhnədə mürəkkəb
səciyyəli hərəkətləri Ziba, Şərəfnisə
("Lənkəran xanının vəziri" və
"Müsyö Jordan və dərviş Məstəli
şah", Mirzə Fətəli Axundzadə), Qedda, Fru Alvinq
("Qedda Qabler" və "Kabuslar", Henrik İbsen),
Nastenka ("Bəyaz gecələr", Fyodor Dostoyevski),
Dezdemona ("Otello", Vilyam Şekspir), Xumar ("Şeyx Sənan",
Hüseyn Cavid), İokasta ("Şah Edip", Sofokl), Luiza
("Məkr və məhəbbət", Fridrix Şiller)
obrazlarının xarakterinə uyğun tərzdə, sərbəstliklə,
emosional cazibəylə realizə edə bilir.
Gənc
Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar: Xumar
("Şeyx Sənan", Hüseyn Cavid), Zalxa ("Xırs
quldurbasan", Mirzə Fətəli Axundzadə), Səriyyə
("Ünvansız qatar", Əli Əmirli), Leylinin
anası ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), Ranevskaya ("Albalı bağı", Anton
Çexov), Kleya ("Ezop", Gilerma Fiqeyredu), Fərmanın
anası ("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqverdiyev), Ledi Kapuletti ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Mirondalina ("Mehmanxana sahibəsi",
Karlo Qoldoni), Ana ("Mavi yuuxular", Şolom Aleyxim və Mark
Şaqal), Matilda fon Tsand ("Dəlixanada qətl", Fridrix
Dürrenmatt).
Gülər
Nəbiyeva (15 iyul 1970-ci il). 1994-cü
ildə Mədəniyyət və İncəsənət
Universitetinin Dram və kino aktyorluğu fakültəsini
bitirib. 1992-2009-cu illərdə Bakı
Kamera Teatrında işləyib. 2009-cu ildən
GTT-nin truppasında çalışır. 24 dekabr
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artist fəxri adına layiq
görülüb.
Kamera
teatrı poetikasında hazırlanmış tamaşalarda
janr-üslub "hədlərini" cəsarətlə, bədii-estetik
məntiqlə, obrazın psixoloji-dramatik təsvirinə,
rejissorun ali məqsədinə uyğun tərzdə
keçirdi. Səhnədə temperament
qaynarlığı, cazibəli lirizmi, kövrək həzinliyi,
lazımi anlarda gərgin sərtliyi ifasına əlvanlıq
verir. Kamera teatrında Mirzə Fətəli Axundzadənin
komediyalarında avam, koloritli məişət tipi Xanpərinin
("Müsyö Jordan və dərviş Məstəli
şah"), lirik-dramatik, savadsız olsa da,
bacısının xoşbəxtliyi üçün
hoqqalı kələklər quran Şölə
xanımın və saf qəlbli, Teymur ağanı sevməsini
həzin, kövrək boyalarla rəsm etdiyi Nisə
xanımın ("Lənkəran xanının vəziri"),
burnundan uzağı görməyən, eyni zamanda enerjili,
qaynar təbiətli sosial səciyyələrlə işlənmiş
Pərizadın ("Xırs quldurbasan"), ürkək-ürkək
duyğulara qovuşmaqda, aydın səadət üfüqünü
tapmaqda çətinlik çəkən Qorxacaq qadın
("Ruh", Kamal Abdulla) rollarını işlədiyi
teatrın estetikasına uyğun tip-xarakter səviyyəsində
yüksək məharət oynayıb.
Plastik
cazibəsi, dinamik hadisələrə xas olan müəyyən
sürət-ritmlərdə peşəkarlıqla davrana bilməsi
mürəkkəb dramatik, müəyyən fəci elementli, fərqli
və təzadlı dünyagörüşlü,
ayrı-ayrı dövrlərdə cəmiyyətin müxtəlif
təbəqələrinin təmsilçisi olan İzzət
("Məkkəyə yol", Cəlil Məmmədquluzadə),
Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), İzzət
Vəzirova ("Kod adı: "X.D.A.", Mehriban Ələkbərzadə),
Susanna ("Aydın", Cəfər Cabbarlı), Zahidə
xatun ("Əlincə qalası", Dilsuz Mustafayev),
Şarlotta ("Albalı bağı", Anton Çexov),
Kleya ("Ezop", Gilerma Fiqeyredu), Meni ("Mavi yuuxular",
Şolom Aleyxim və Mark Şaqal), Deyanira ("Mehmanxana sahibəsi",
Karlo Qoldoni), Monika Ştetler və Mene Roze ("Dəlixanada qətl",
Fridrix Dürrenmatt), Anna, Emilya ("III Riçard" və
"Otello", Vilyam Şekspir), Regina, Tea ("Kabuslar" və
"Gedda Qabler", Henrik İbsen), Ledi Milford ("Məkr və
məhəbbət", Fridrix Şiller) obrazlarında ifadə
vasitələrinin əlvanlığını "xəsisliklə",
lakin dəqiq estetik cazibədə təqdim edib.
Elnur Kərimov
(11 sentyabr 1981-ci il). Bakı
İncəsənət Gimnaziyasını bitirib (1999) və Mədəniyyət
və İncəsənət Universitetinin Dram və kino
aktyorluğu fakültəsində təhsil alıb (1998-2003).
Tələbə vaxtından, 1 may 2001-ci ildən Gənc
Tamaşaçılar Teatrının aktyorudur. 1 avqust 2018-ci
ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri
adına layiq görülüb.
Sənətə ciddi və yaradıcı münasibəti,
səhnə etikasının qorunmasına ehtiramı, sürətli
danışığı, çılğın emosiyası
ilə seçilən aktyordur. İti yaddaşı,
səhnədə sərrast diqqəti, hadisəyə uyğun
sərbəst və mənalı davranışı
yaradıcılıq fəaliyyətinə həm cazibə, həm
də əlvanlıq verir. Fərqli
xarakterli sənət adamları, səhnədə müxtəlif
yaş nəslinə mənsub yöndaşları ilə səmimi
ünsiyyət qurmaqda səriştəlidir. Həyatda qılıqlı, səmimi olmağa
çalışması yaradıcılığına
müsbət təsir göstərir. Teymur ağa, Bayram
("Lənkəran xanının vəziri" və
"Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə),
Oqtay ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Aqil ("Mənim ağ göyərçinim",
Tamara Vəliyeva), Valeh ("Sarıköynəklə Valehin
nağılı", İlyas Əfəndiyev), Fərman
("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqverdiyev), Romeo ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Markiz Forlipopoli ("Mehmanxana
sahibəsi", Karlo Qoldoni), Əlibaba ("Əlibaba və
qırx quldur", ərəb xalq nağılı əsasında)
kimi baş rollarda tamaşanın ideya
ağırlığını, janrın tələbinə
uyğun estetik prinsipləri, rejissorun müəyyənləşdirdiyi
ali məqsədin məna dəyərini inam, qətiyyət və
mətanətlə çəkir.
Elnur Kərimovun
uğur qazandığı digər əsas rollar: Mirzə
Dadaş ("Dələduz", Nəcəf bəy Vəzirov),
Əcinnə ("Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev),
Çərkəz Murad ("Ana", Hüseyn Cavid),
("Qaraca qız", Abdulla Şaiq), Əli ("Çimnaz
xanım yuxudadır", Süleyman Rüstəm), Namiq,
Ömər İtməz ("Nənənin kələyi"
və "Məhəbbət bir bəladır", Əhməd
Orucoğlu), Sultan Süleyman ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), Mikayıl Müşfiq ("Ölüm
hökmü", Elçin), Tural ("İki tonqal"
Aygün Həsənoğlu), Kral IV Henri ("III
Riçard", Vilyam Şekspir), Syuqbek ("Qohumlar", Vera
Suqrayeva və Əli Əmirli), Yuhannes ("Viktoriya", Knut
Hamsun), Sabir ("Yarımçıq qalmış...",
Yefim Abramov və Leyla Bəyim), Trafimov ("Albalı
bağı", Anton Çexov).
Elgün
Yəhyayev (3 yanvar 1987-ci il). Mədəniyyət və İncəsənət
Universitetinin Teatr və kino aktyorluğu fakültəsində
təhsil alıb (2004-2008). Universiteti bitirən
ildən Gənc Tamaşaçılar Teatrının
truppasında çalışır.
Hələlik əsas yaradıcılıq
xarakteristikasının yönü hansısa üslubda daha
yüksək peşəkarlıqla tamam formalaşmayıb. Yəqin ki,
tezliklə öz seçimini edəcək, çünki cəsarətli
və inadcıldır, səmərəli
axtarışları sevir. Şəxsi
müşahidələrimdən görünən odur ki,
qabiliyyət və bacarığı birmənalı şəkildə
rejissorların diqqətini çəkir. Nağl-tamaşalarda,
komediyalarda, dramatik əsərlərdə, realist və romantik
teatr estetikasında aktyorluq bacarığını,
yaradıcılıq zövqünü, sənətə məhəbbət
eşqini cəsarətlə nümayiş etdirə bilir.
Mənim fikrimcə, hiss olunur ki,
yaradıcılıq imkanları milli oyun-tamaşa
estetikasına daha uyğundur. Eyni zamanda
Avropa karnaval estetikasının və nağıl-tamaşa
poetikasının prinsiplərinə əsaslanan Karlson
("Balaca və damda yaşayan Karlson", Astrid Lndqren), Təlxək
("Yatmış gözəl", Blangi Marvin), Noe Kleypol
("Oliver Tvisyin macəraları", Çarlz Dikkens), Balu
("Mauqli". İşləyəni Pərvin
Nurəliyeva), Karl ("Uzuncorab Pippi", Astrid Lindqren), Təlxək
("Yatmış gözəl", Blangi Marvin) rolları qənaətbəxşdir,
ifaçıya uğur gətirib. Açıq-aydın
hiss olunur ki, Elgünün daha mürəkkəb rollar
oynaması üçün kifayət qədər potensial
imkanı var. Aktyor tamaşadan-tamaşaya özünə
inamla bu yaradıcılıq imkanlarını cilalayır,
yeni-yeni ifadə vasitələri, jestlər, hərəkət
plastikası tapa bilir. Ən əsası isə
odur ki, tapdıqlarını realizə etməkdə qətiyyətlidir.
Elgün
Yəhyayevin ifa etdiyi digər əsas rollar: Həmzad Qurban
("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə),
Dursun və Muxan ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Səməd ("M.C.C. Mən səni sevirəm",
Əli Əmirli), Sail ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), Ramil ("Yarımçıq qalmış...",
Yefim Abramov və Leyla Bəyim), Nurməmməd ("Məlik
Məmməd", Azərbaycan xalq nağılı), 10-cu
aktyor ("Eşq-i Nigar", Amaliya Ömərova), Makartur
("Dəlixanada qətl", Fridrix Dürrenmatt),
Güclü şirin ("Şirinlər", Pierre Culliford),
Pablo və Majordan ("Don Kixot", Migel de Servantes), Gözətçilərin
rəisi ("Bremen musiqiçiləri", Yuru Entin və
Vasili Livanov), İlya Şamrayev ("Qağayı", Anton
Çexov), Şəhərli ("Buratinonun macəraları",
Aleksey Tolstoy).
Ramil Məmmədov
(30 may 1987-ci il). 2009-cu ildə
Mədəniyyət və İncəsənət Universitetinin
Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2010-2012-ci illərdə İrəvan Dövlət Azərbaycan
Dram Teatrında aktyorluq edib. 2013-cü ilin
yanvar ayından Gənc Tamaşaçılar Teatrının
truppasında çalışır.
Teatrın
rejissorları risk edərək 10 il ərzində
ona xeyli mürəkkəb baş rollar tapşırıblar və
nəticə də ümumən sevindiricidir. Oynadığı
əksər rollar gəncin daha uğurlu yaradıcılıq
axtarışlarına malik olduğuna güclü inam
yaradır. Tragikomediya janrında Molla Abbas
("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə),
poetik teatr estetikasında Orxan ("Ana", Hüseyn Cavid),
nağıl-qaravəlli oyun-tamaşa üslubunda Əhməd
("Tənbəl Əhməd", Azərbaycan xalq
nağılı), fəlsəfi-psixoloji, çağdaş
avanqard izmlərə uyğun yozumda Eynşteyn ("Tanrıya
on dörd məktub", Erik-Emmanuel Şmitt), alleqorik mətndə
realzim ünsürləri prinsipində Qrinç
("Qrinç", Ran Hovard) kimi baş rolları ifa edib.
Oyununda tamlıq, cazibə, işlətdiyi ifadə
vasitələrində qətiyyət, özünə inam, cəsarətli
improvizə bacarığı var.
Plastikası zərif, mənalı və ürəyəyatımlıdır. Oynadığı
tamaşalarda, janrından, mövzusundan asılı olmayaraq, məlahətli
və cazibəli təsir bağışlayır. Roldan-rola inamla cilaladığı bu
yaradıcılıq keyfiyyəti səhnə ilə
tamaşaçı salonu arasında səmimiyyət
yaradır.
İfa
etdiyi əsas rollar: Dursun və Muxan ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Mirzə ("Leyli və Məcnun", Məhəmməd
Füzuli), Gülməmməd ("Məlik Məmməd",
Azərbaycan xalq nağılı), Mixaylo ("Ünvansız
qatar", Əli Əmirli), Lord Qrey ("III Riçard",
Vilyam Şekspir), Molli ("Quliver cırtdanlar ölkəsində",
Conatan Svift), Mastino ("Çipallino", Canni Rodari), Vlom
("Uzuncorab Pippi", Astrid Lindqren), Fərhad
("Yarımçıq qalmış...", Yefim Abramov və
Leyla Bəyim), Erenjen ("Qohumlar", Vera Suqrayeva və
Əli Əmirli), Adolf Fridrix ("Dəlixanada qətl",
Fridrix Dürrenmatt), Rulle ("Balaca və damda yaşayan
Karlson", Astrid Lindqren), Qarçamel ("Şirinlər",
Pierre Culliford), Oğlan ("Çirkin ördək
balası", Hans Xristian Andersen).
Səbinə Məmmədzadə (4 yanvar 1991-ci il). Bakı Xoreoqrafiya Akademiyasının Xalq rəqsləri sinfində təhsil alıb (1997-2009). 2013-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fkültəsini bitirib. Təhsilini başa vurduğu ildən Gənc Tamaşaçılar Teatrının truppasında çalışır.
Teatrda fəci-dramatik, lirik-psixoloji, komik-satirik baş qəhrəmanları ifa etməklə qabiliyyət və bacarıqlarını cəsarətlə sübut etmiş gənc aktyor və aktrisalar var. Onlardan biri də Səbinə Məmmədzadədir. Sevindirici haldır ki, gənclərin böyük əksəriyyətinin səhnə görkəmləri yapışıqlı, sifət ifadələri mənalı, yaradıcılıq eşqləri coşqun, səmimiyyətləri inandırıcı, işləmək ehtirasları aşıb-daşandır. Sadaladığım bu keyfiyyətlər, üstəlik, məsum məlahəti, nurlu çöhrəsi Səbinə xanımın yaradıcılığında daha geniş üfüqlərin açılacağına ümid bəsləməyə zəmin yaradır. İnanırıq ki, bu qabiliyyət və bacarıq coşqun istedada və onun daha da pardaxlanmasına çevriləcək. Aktrisanın ifasında Firəngizin ("Oqtay Eloğlu", Cəfər Cabbarlı) dramatik, tərəddüdlü-psixoloji ahəngdə, Leylinin ("Leyli və Məcnun", Məhəmməd Füzuli) ülviyyətli eşq bürümündə, poetik zərifliklə, Çipallinonun ("Çippalino", Canni Rodari) şən, oynaq, səmimi və bir qədər məzəli şirinliklə, Qırmızıpapağın ("Qırmızıpapaq", Yevgeni Şvarts) tərəddüdlü-psixoloji dramatizmlə, Arzunun ("Arzu və Murad", Sevinc Elsevər) ülviyyət və səmimiyyət aşılanmış emosionallıqla, Çeburaşkanın ("Çeburaşka", Edvard Uspenski) nağılvari ovqatla, coşqun hərəkət plastikası ilə tamaşaçılara təqdimi yaradıcılıq uğuru kimi diqqəti cəlb edir.
Aktrisanın Gövhərtac
("Xortdanın cəhənnəm məktubları",
Əbdürrəhim bəy Haqverdiyev), Çiçək
("Danışan gəlincik", Abdulla Şaiq), Ledi
Şour ("III Riçard", Vilyam Şekspir), Nərgiz
("Ağ ölüm", Vasili Siqarev), Divşən ("Məlik
Məmməd", Azərbaycan xalq nağılı), Leyla,
Bagira ("Mən öləndə ağlama"
və "Mauqli", Pərvin Nurəliyeva), Styu
("Qrinç", Ran Hovard), Əsmət ("Tənbəl
Əhməd", Azərbaycan xalq nağılı), Kema
("Qohumlar", Vera Suqrayeva və Əli Əmirli)
rollarında da uğurla çıxış edib.
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2023.- 19 aprel.- S.12-13.