İkilikdə söhbətdən əvvəl və sonra
O gün
- 1975-ci il oktyabrın 23-də onlar 2 saatdan
artıq söhbət etdilər. İkiləri
idilər. İki ağıllı, təcrübəli
şəxsiyyət və söhbətlərinin mövzusu da
Azərbaycan üçün çox vacib olan ilk Milli
Ensiklopediyanın ətrafında cərəyan edən hadisələr.
Azərbaycana
rəhbərliyinin artıq beşinci ili
tamam olmuş Heydər Əliyev və Xalq şairi, Azərbaycan
Ensiklopediyasının baş redaktoru Rəsul Rza üzbəüz
idilər.
Əslində
bu görüş və söhbət indi yox, 5 il
əvvəl də, elə Heydər Əliyev respublikanı
idarə etməyə yenicə başladığı aylarda
da ola bilərdi.
Bu söhbətin ertəsi günü Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro
iclası olacaq və Rəsul Rza vəzifədən kənarlaşdırılacaq.
Ensiklopediyaya hansı hücumların olduğundan Heydər
Əliyev bu yeni vəzifəyə başlamasından xeyli əvvəl,
Dövlət Təhlükəsizlik Komitəsinin sədri
olduğu vaxtlardan xəbərdar idi. Çünki
ensiklopediya ilə əlaqədar açıq və gizli
imzalı məktubların çoxu elə ora
ünvanlanırdı.
Səbəbsiz
deyil ki, 1969-cu ilin 14 iyulunda Mərkəzi Komitənin Birinci
katibi seçilən Heydər Əliyev respublika həyatının
ən müxtəlif sahələrinə aid
baxışlarını əks etdirən ilk geniş nitqində,
bir ay sonra baş tutan avqust plenumunda Azərbaycan
Ensiklopediyasından da söz açmışdı, amma dərinə
getmədən, 1-2 cümlə deyərək keçmişdi
başqa mətləbə.
Respublikaya başçılıq etdiyi son 5 ildə isə
Ensiklopediya və Rəsul Rza ilə bağlı qara-qura
yazıların ardı kəsilməmişdi.
Yəni
respublikanın özünün niyyəti olsaydı, bu məsələni
Büroya çoxdan çıxarar, 1975-dəki nöqtəni
bir neçə il əvvəl də qoya
bilərdi.
Mərkəzi Komitədən umduqlarını ala bilməyəndə
Ermənistandan və Azərbaycandan həmin həlləm-qəlləm
yazı müəllifləri məktubları daha çox
Moskvaya yönəltməyə başlamışdılar.
Kreml də müraciətlərdə əksini
tapanları araşdımaq üçün Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
yanında Partiya Nəzarəti Komitəsinin məsul nəzarətçisi
A.Sokolovu Bakıya ezam etmişdi.
Partiya Nəzarəti Komitəsi sovet dövründə
çox ciddi, həm də təhlükəli bir təftiş
səviyyəsi sayılırdı və boşuna deyil ki, ən
yüksək partiya xadimlərini də xoflandıran bu qurumu
xalq arasında "Kremlin prokurorluğu"
adlandırırdılar.
Və A.Sokolovun da tərtib etdiyi arayışdan aşkar
göründüyü kimi, o, Moskvadan məsələni
vicdanla araşdırıb əsl həqiqətləri üzə
çıxarmaq üçün deyil, onlara edilən
müraciətdə göstərilən nöqsanlara təsdiqedici
sübutları üzə çıxarmaq
tapşırığı ilə göndərilibmiş.
Şərin əsas baisi pərdə arxasında idi. Zərbənin
yekəsi Sovet İttifaqının baş Ensiklopediyasından
gəlirdi. Böyük Sovet
Ensiklopediyası redaktorunun müavini Levon Şaumyan idi - Stepan
Şaumyanın oğlu və qatı bir millətçi.
Və təbii ki, xəbis xislətinin mahiyyəti
olan erməniçiliyini bütün qart görsənişləri
ilə Azərbaycana qarşı Böyük Sovet
Ensiklopediyasının içərisində
yürüdürdü. Azərbaycanla
bağlı hər bir yazı, illah da yurdumuzun müstəsna
şəxsiyyətləri ilə əlaqədar mətnlər
qısaca verilir, əvəzində ermənilərə aid
materiallara səxavətlə meydan açılırdı.
Azərbaycanın bir çox böyük şəxsiyyətləri
ki Böyük Sovet Ensiklopediyasında əks olunmağa
miqyasları ilə tam layiq idi, Levon Şaumyan bunların
qarşısına sədd çəkirdi. Təsəvvür edin ki, Yusif Məmmədəliyev
kimi görkəmli alimə, Böyük Sovet Ensiklopediyasında
haqqında ayrıca məqalə verilməsinə
bütün ölçüləri ilə qanuni haqqı olan
şəxsiyyətə etinasızca yer ayrılmırdı.
Azərbaycan Ensiklopediyasından bununla
bağlı BSE-yə şifahi və yazılı şəkildə
dəfələrlə müraciət etmişdilər, nəticə
verməmişdi. Amma əksinə, Ermənistanda
nəşr ediləcək yerli ensiklopediyada qatı və
ziyankar millətçiliyin meydan sulaması üçün
bütün şərait yaradılmışdı.
Və 1970-ci ildə iyimi min tirajla nəşr edilmiş
Azərbaycan Milli Ensiklopediyasının I cildinin xalqa
çatmamasının əsas səbəbi də elə erməniçilik
idi. Yıxıcı əllər Moskvadan uzanırdı,
qapını onlar kilidləyirdilər.
Levon Şaumyanın Böyük Sovet Ensiklopediyasında
tutduğu birinci müavin məqamı sadə bir kürsü
deyildi, dövlət əhəmiyyətli vəzifə idi. Levon
Şaumyan o vaxt həmin vəzifəyə təyin ediləndə,
təbii ki, onun o səmtə yönəldilməsi və təyin
edilməsi erməni siyasətinin nəticəsi idi. Erməni lobbisinin dirijor çubuğu ilə
SSRİ-də vəziyyətə bilavasitə təsir etmək
imkanı olan qüvvələr səfərbər edilmişdi
və Levon Şaumyan həmin vəzifəyə gətirilmişdi.
Məqsəd də müttəfiq respublikalarda nəşr
ediləcək ensiklopediyalara, xüsusən Azərbaycanda
buraxılacaq ensiklopediyaya bu vəzifənin verdiyi səlahiyyətlər
sayəsində erməniçiliyin maraqları
baxımından təsir göstərmək imkanlarından
mümkün qədər yararlanmaq idi.
Bütün bunlar yalnız tarix olduğu
üçün yada salınmır. Ona görə xatırlanır ki,
bunların içərisində dərs var, ibrət var. Levon
Şaumyan o vəzifəyə təyin ediləndə Kremldə
qımıldananlar da olubmuş ki, ermənidir, burada işləyərkən
hansısa milli hissiyyatları işə öz mənfi təsirini
göstərə bilər. Ancaq dərhal o
qımıldananların ağzından vurublarmış ki, bu
yazığın heç Ermənistana dəxli yoxdur. Ermənistanın üzünü görməyib,
orada doğulmayıb, orada təhsil almayıb, heç erməni
dilini də bilmir. Sonrakı gedişatsa
göstərdi ki, erməni elə ermənidir. Hansı şəraitdə
böyüyür-böyüsün, harada tərbiyə
alır-alsın, hətta erməni dilini bilib-bilməməsinin
də bu məsələyə dəxli yoxdur. Onların hər birinin içərisində ifrat və
xəstə millətçilik mərəzi daim
farağatdır. Düymənin
basılmasını gözləyir ki, hərəkətə
gəlsin, fəaliyyətə başlasın. Əlbəttə ki, bütün bunlar irinli hisslərdir
və mən istəməzdim ki, millətimizin
övladlarında bu duyğular olsun. Ancaq dərs
götürülməli, öyrənilməli önəmli
bir cəhət var: millətinin maraqlarına daim sədaqətli
ol, həmişə və hər yerdə Azərbaycanın mənafeyini
qoru, Azərbaycanın haqlarını müdafiə et, Azərbaycanın sözünü deməyi
bacar. Erməni kimi bunu kiminsə haqlarını
tapdalamaq yolu ilə etmə. Amma hər yerdə,
hər məqamda, hər işində, gücün çatan
hər mərtəbədə sonacan azərbaycanlı ol, Azərbaycan
maraqlarını həmişə hər şeydən
üstün tut.
...1975-ci il sentyabrın 10-da Azərbaycan KP MK-ya Mərkəzdən
Partiya Nəzarəti Komitəsi sədrinin birinci müavini
Qustovun imzası ilə tələb səciyyəli qərar
göndərilir: "Məsələyə baxaraq nəticələri
haqda Sov.İKP MK Partiya Nəzarəti Komitəsinə məlumat
verin".
Heydər Əliyev Ensiklopediya ətrafında
qalmaqalları belə bir hökmedici ədalı məktub gələnə
qədər toxtada bilmişdi. İndi isə
"divar qurtarmışdı". Kremldən
yollanmış bu hökmedici məktubdan sonra məsələni
Mərkəzi Komitənin Bürosuna çıxarmaqdan
savayı yol qalmırdı.
A.Sokolovun
arayışı isə elə ağır ittihamlarla dolu idi və
yazının tərzindən də anlaşılan bu idi ki, həmin
iradlara qarşı tərəfin nə cavab verəcəyi
onları az maraqlandırır, irəli
sürülən ittihamların hamısını elə
sırf həqiqət sayırlar.
O
ittihamlara görə isə Rəsul Rza sadəcə işdən
çıxarılmaqla canını qurtarmamalıydı.
Quyunu bacardıqca dərin qazmaq istəyənlərin qəsdi
elə bu idi.
Rəsul
Rzanı bacardıqca ağır cəzalandırmağa nail
olmaqla başqalarına da dərs verməyi, Azərbaycandakı
sərbəst düşüncəyə, milli təəssübkeşliyə
də ağır zərbə endirməyi hədəf
götürmüşdülər.
O
arayış ki A.Sokolovun imzası ilə Moskvadan göndərilmişdi,
surətini Rəsul Rzaya verməmişdilər, sadəcə
bir neçə dəqiqə ərzində oxuyub tanış olmasına imkan
yaradılmışdı. Görünür, elə
bu da Mərkəzin tapşırığı imiş və
onlar bu arayışa geniş, hər müddəanı inkar
edəcək əsaslı cavab yazılmasında, ya da
heç ümumən nə şəkildəsə
cavablandırılmasında maraqlı deyilmişlər.
Tozanaq
yatandan sonra Moskvaya, Siyasi Büro üzvü, Partiya Nəzarəti
Komitəsinin sədri Arvid Pelşeyə məktub göndərən
Rəsul Rza bu məqamı ayrıca vurğulayırdı:
"Sokolov yoldaşın arayışında Azərbaycan
Sovet Ensiklopediyasının işindəki bəzi faktlarla
yanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli
izah edən əsassız müddəalar var.
Sokolovun arayışı ilə tanış olmaq
üçün mənə çox məhdud vaxt verildiyinə
görə yalnız yadımda qalan maddələri təkzib
edə bilərəm".
İndiyədək işıq üzü görməmiş
arayışın əsas müddəalarından isə,
çox istəyirəm, üstündən xeyli vaxt keçsə
də, insanlarımız agah olsun.
Bu, yalnız tarix olduğu üçün maraqlı
deyil.
Bu, Azərbaycanın iki böyük övladı - Heydər
Əliyevi və Rəsul Rzanı da əsl əzəməti
ilə görmək üçün daha bir pəncərədir.
Rəsul Rza həyatının ən çətin
sınaqlarından olan bu hücum qarşısında şax
dayanır.
Və Heydər Əliyevin qətiyyəti, iradəsi,
Kreml səviyyəsində sözükeçərliyi
şairi daha ağır fəsadlardan xilas edir. Çünki
o arayış ki o cür tərtib edilmişdi, arxasınca qətiyyən
xoş olmayan tərpənişlər vəd edirdi.
Bu arayışla və həmin arayış əsasında
çıxarılacaq qərarla həmin məkrin quduz təşkilatçıları
yalnız Rəsul Rzaya deyil, bütövlükdə Azərbaycan
ziyalılığına ağır zərbə endirməyi
düşünürmüşlər. Azərbaycan rəhbərliyində
Heydər Əliyev deyil, daha zəif iradəli bir adam olsaydı, bədxah niyyətlərinə
yetişə də bilərdilər.
"Məxfi"
qrifli o sənəd elə ilk cümləsindən baltanı
kökündən vuran və Ensiklopediyadakı
nöqsanların elm, araşdırmaçılıq çərçivəsindən
çıxaraq maliyyə cinayətləri həddinə
yetişdiyindən dəm vuran qeyzli ittihamlarla
başlayırdı: "Sov.İKP MK PNK-ya daxil olan məktubda
xəbər verilir ki, 1965-ci ildən, Azərbaycan Sovet
Ensiklopediyası yarandığı vaxtdan bəri 5 milyon manata qədər dövlət vəsaiti sərf
edilsə də, baş redaktor, respublikanın Xalq şairi Rəsul
İbrahim oğlu Rzayevin günahı ucbatından bircə
cild də buraxılmamışdır".
Arayış
boyu istiqaməti məhz maliyyə pozuntuları səmtə
istiqamətləndirərək məsələni
kriminallaşdırmaq cəhdi açıqca duyulur: "ASE
Baş Redaksiyasının yaranmasından təqribən 10 il
ötsə də, indiyədək ensiklopediyanın bir cildi də
buraxılmamışdır. Halbuki yalnız redaksiyanı
saxlamaq, nəşriyyat və poliqrafiya məsrəfləri 3
milyon 230 min manat təşkil etmişdir ki, bu da bütün
10 cildin buraxılması üçün irəlicədən
müəyyənləşdirilmiş məbləğdən
530 min manat çoxdur. Bundan əlavə,
redaksiyanın yeni binasının inşası
üçün 673 min manat sərf edilmişdir.
Hazırlanaraq
1970-ci ildə 20 min
tirajla çap
edilmiş birinci cild zay hesab edilmişdir".
Bir tərəfdən
yazır ki, heç bir iş görülməyib, o biri yandan
da etiraf edir ki, hələ 1970-ci ildə 20 min sayda birinci cild
buraxılıb.
Həmin
cildin zay hesab edilməsinə gəlincə isə, bu da
rişəsini Moskvadan, erməniçilikdən alan fitnə idi.
Ensiklopediya kimi mühüm siyasi və elmi əhəmiyyətli
bir nəşr belə iri həcmdə və miqdarda çapa
məsləhət görülmüşdüsə, demək,
bu, yalnız daxili bir qərar əsasında gerçəkləşməmişdi. Tərkibinə
respublikanın ən sanballı alimlərinin daxil olduğu
redaksiya heyətinin və nəşrə icazə verən
xüsusi komissiyanın qərarı bu yerdə həlledici
olmuşdu. Onların rəyi qalır: "Cildin əsasları
siyasi və elmi cəhətdən düzgündür.
...Komissiya
üzvlərinin və başqa mütəxəssislərin rəyi
əsasında komissiya belə heab edir ki, cildin
çıxmasına heç bir maneə yoxdur".
Həmin
komissiyanın üzvlərini isə bütün Azərbaycan
tanıyır: Elmlər Akademiyasının ovaxtkı prezidenti
Həsən Abdullayev, akademiyanın vitse-prezidenti Məmməd
Arif Dadaşzadə, akademiklər Əlisöhbət Sumbatzadə,
Əbdülkərim Əlizadə, Məmmədağa Şirəliyev,
müxbir üzvlər Əliheydər Orucov, Zelik Yampolski, filologiya elmləri
doktoru Cahangir Qəhrəmanov, Ensiklopediyanın "Azərbaycan
tarixi" redaksiyasının müdiri Yaqub Mahmudov.
Ensiklopediyanın
bütün tirajının kitablaşdırılaraq
satışa buraxılması, xalqa çatması
üçün zahirən 1971-ci il
fevralın 8-də imzalanmış bu rəydən mötəbər
və daşdan keçən xeyir-dua olmazdı.
Anardan həmin
yekun rəyin hamı tərəfindən imzalandığı
nüsxəsini əlində tutduğu gündəki Rəsul
Rzanı soruşuram, "Xoşbəxt idi", - deyir.
O
arayışa da, o nigaran günlərə və təşvişli
saatlara da qayıdacağam.
Hələliksə
dönürəm daha səksəkəsiz, daha
qayğısız, daha ümidli günlərə...
...Hər
millətin tarixində və taleyində xoşbəxt ulduz
saatları olur. Hansısa xalqa bu, min ildə bir
dəfə nəsib olur, hansısa xalqın bəxtində belə
ulduz saatlarının bir neçə əsrdən bir təkrarlanması
var. Azərbaycana bütün tarixi boyu təqribən hər əsrdə
belə məsud ulduz saatlarını yaşamaq nəsib olub.
XX əsr bu baxımdan xüsusən
seçilir. Azərbaycanın tarixi
alın yazısında XX yüzildə ulduz saatlarını
bir neçə on ildən bir təkrar-təkrar yaşamaq bəxtiyarlığı
da varmış. Həm də bu ulduz
saatları ulduz yağışları ilə müşayiət
edilib. 1950-1960-cı illər Azərbaycanının
elm, mədəniyyət, incəsənət, ədəbiyyat mənzərəsini
göz önünə gətirəndə bu ulduz
yağışının əyani şahidi oluruq. Bu yüzil içərisində Azərbaycanın o
qədər parlaq, o qədər zirvə şəxsiyyətləri
yaşayıb-yaradıb ki, onlardan hətta biri millətin
bütöv bir əsrini doldurmaq ucalığındadır.
Əslində 1950-60-cı illər yalnız Azərbaycanda
deyil, oçağkı Sovet İttifaqının digər
respublikalarında, elə əslində bütün dünyada
da diqqətəlayiq yüksəlişlərlə
müşayiət olunan bir tarix parçasıdır. İkinci Dünya müharibəsinin bitməsindən
artıq xeyli vaxt keçmişdi, ölkələr, xalqlar
dirçəlirdilər, yeni fərəhlər, təzə
ruh yüksəkliyi ilə sabaha doğru irəliləyirdilər.
Və səbəbsiz deyil ki, o çağlar
yalnız Azərbaycanda deyil, Sovetlər Birliyinə daxil digər
respublikalarda da özünütəsdiqin, özünüifadənin
ən bariz görüntüsü olan milli ensiklopediyalar
yaranmağa başlamışdı. Böyük
Rəsul Rzanın rəhbərlik elədiyi Azərbaycan
Ensiklopediyası bu baxımdan bir örnək idi. Köhnə ensiklopediyaçılar mənə
1980-90-cı illərdə Rəsul Rzalı
çağların xatirələrini söyləyiblər.
Danışırdılar ki, həmən
dövrdə Belorusiyada (indi Belorus), Moldaviyada (indi Moldova),
Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda
da ensiklopediyalar hazırlanırdı və oradan tez-tez bizə
zəng vururdular, məktub göndərirdilər, ara-sıra təcrübə
mübadiləsinə də gəlirdilər.
Rəsul Rza Azərbaycan Ensiklopediyasına rəhbərlik
elədiyi 1960-cı illərdə bir şair olaraq artıq Azərbaycan
ədəbiyyatında məktəb idi, onun
işığına toplaşan, onun poeziyada
açdığı yolu tutub gedən xeyli cavanlar vardı. Amma
Ensiklopediya çərçivəsində də Rəsul Rza
bir məktəb yaratmağa müvəffəq olmuşdu.
Bunu da mənə müxtəlif vaxtlardakı söhbətlərimizdə
işin içində olanlar - Rəsul Rza dövründə
Ensiklopediyada çalışmış Validə İmaməliyeva,
Nəriman Həsənəliyev, Gülbəniz Qocayeva, Elmira Məmmədova
və digərləri həmişə fəxrlə
danışıblar.
Elə bir məktəb ki, onun bəhrəsini Azərbaycan
sonrakı çox onillərdə gördü.
Və 1965-ci ildə, əslində heç 1965-ci ildə
də yox (çünki Ensiklopediyanın yaradılması haqqında
qərar altmış beşinci ilin dekabr ayında
verilmişdi), 1966-cı ildən əməli fəaliyyətə
başlamışdılar.
Əvvəlcə Elmlər Akademiyası Rəyasət
Heyətinin binasında yerləşmişdilər. Sonra onlara
keçmiş Çkalov - indiki Niyazi küçəsində
(Filarmoniyanın bir qanadı bu küçədə
olduğundan əksəriyyət elə düşünür
ki, küçə görkəmli dirijorumuzun şərəfinə
bu cür adlanıb. Amma təəssüf ki, belə deyil.
Küçə özbək şairi, dramaturqu və ictimai xadimi Həmzə
Həkimzadə Niyazi adınadır. Lakin Həmzə
Niyazinin (1889-1929) adını şəhərin başqa yerindəki
ayrı bir küçəyə də vermək
mümkündür. Bu küçə isə
sən deyən uzun olmasa da, Maestroya yaraşan məkandadır.
Uyğunsuzluq gərək rəsmən aradan qalxa və
küçənin adı sonacan dəqiqləşdirilə:
"Dirijor Niyazi", ya "Maestro Niyazi" küçəsi!)
ayrıca bina verilmişdi və ancaq 1965-ci
ilin dekabrından, artıq Ensiklopediyanın yaranması
haqqında qərar çıxandan iş artıq Rəsul
Rzanın beynində, içərisində
başlamışdı. O, ensiklopediyanın gələcəyini,
necə olacağını, onun milli çöhrəsini
artıq görürdü. Və 4-5 ilin içərisində
birinci cild də hazır oldu, 1970-ci ildə iyirmi min tirajla nəşr
edildi. Amma yayılmasına imkan vermədilər (O
çağlar qayda belə idi ki, nəşrə "Hə"
veriləndən sonra bütün tiraj çap olunurdu, tam
tirajdan əvvəlcə 100 nüsxə cildlənib
hazırlanır, rəsmi ünvanlara göndərilirdi, nəşrin
yayılmasına mane olacaq bir səbəb yoxsa, tam tirajın
qalan hissəsinin vərəqləri də səhifələnir,
tikilir, cildlənir, kitab həyata vəsiqə alırdı.
Moskvadan,
Böyük Sovet Ensiklopediyasından, birbaşa Levon
Şaumyandan gələn qərəzli etirazlara baxmayaraq,
ensiklopediyaçılarımız birinci cildə milli
çöhrəmizin dürüst göstərilməsinə
xidmət edən xeyli vacib məqamları daxil etmişdilər.
Amma sonrakı gedişat göstərdi ki, hələ
hazırlanmış məqalələri o biçimdə cildə
daxil edərək nəşri də başa çatdırmaq
kitabın ayaq açması üçün yetərli
deyilmiş. Düşmən güclü, əlləri çox
uzaqlara və dərinlərə işləyən idi.
...Rəsul Rza bəlkə də o gün həyatının
ən məsud gününü yaşayırmış. Anardan bunu da
soruşmuşam ki, Rəsul Rza ilk nüsxəni evə gətirəndə
ovqatı necəydi?
"Çox
sevinirdi", - dedi.
Məgər
çox, ya həddən artıq sevinmək deyimləri illərcə
yolunu həsrətlə gözlədiyi balasının, nəhayət
ki, bütün maneələri adlayaraq dünyaya gəldiyini
görən valideynin yaşadığı köksəsığmaz
hissləri dolğunluğu ilə ifadə edə bilərmi və
ümumən həmin andakı yaşantıları
bütövlüyü ilə çatdıra biləcək
bir söz varmı ki!
Ancaq günləri həftələr, həftələri
aylar, ayları illər əvəz edir və nəşrin
yayılmasına imkan verilmir. Səbəb də o
idi ki, Moskvadan ciddi basqılar vardı.
Rəsul Rza ömrü boyu Azərbaycan maraqlarını
hər şeydən uca tutdu. Ömrü boyu! Və
ona görə də bu cür bir Ensiklopediyanı yadigar qoyub
getdi. 1970-ci ildə yaranmış həmin
Ensiklopediyanın indi tək-tək nüsxələri
qalır. Kitabxanalarda yox, ayrı-ayrı
insanların evlərində. Kitabxanalarda Rəsul
Rzadan sonra Cəmil Quliyevin rəhbərliyi ilə
buraxılmış ensiklopediyanın cildləri qalır.
O cildlər çoxdan köhnəlib. Çünki
onların hamısının üstündə sovet
dövrünün qıpqırmızı möhürü
var. Ona görə də müstəqillik dövründə
Azərbaycan Milli Ensiklopediyasını təzədən,
artıq yeni milli baxışla nəşrə
hazırladılar. Ancaq Rəsul Rzanın
yaşıl cildli Ensiklopediyası da sovet dövründə
çıxmışdı. Demək, insan
içəridən azaddırsa, öz millətinə, yurduna
sonacan bütün varlığı ilə
bağlıdırsa, hətta dövrün məngənələri
də onu sıxıb taqətdən salmaqda aciz olur. Sözünü deyir, tarixdə qalacaq işini
görür.
Rəsul
Rzagilə tənə vururdular ki, bu qədər müddət
işlədilər, on il ərzində
ortaya bir məhsul qoya bilmədilər. Ancaq Rəsul
Rza kənarlaşdırılandan sonra bir-birinin ardınca
qısa müddətdə dalbadal cildlər çıxır.
Köhnə ensiklopediyaçılar bunu mənə
söyləyirdilər, yalnız mənə də söyləməyiblər,
mətbuat səhifələrində, kitablarda ayrı-ayrı
xatirələrini dərc etdiriblər. Təsdiqləyiblər
ki, Rəsul Rza dövründə artıq Ensiklopediyanın 6
cildi bütün mərhələləri keçərək
çap üçün hazır imiş.
1975-ci ildə
Rəsul Rza Ensiklopediyadan kənarlaşdırılandan, komanda
dağılandan sonra yeni hazıra nazir komanda həmin işlənib
bitirilmiş materialı özünün döşünə
yatan şəkildə redaktə edərək, dəyişərək,
ixtisarlara salaraq, təhrif edərək ortaya qoydu, öz halal məhsulu
kimi təqdim etdi (Vur-tut 2 ay qabaq Ensiklopediyaya baş redaktor təyin
edilmiş Cəmil Quliyev 1975-ci il dekabrın 24-də Mərkəzi
Komitəyə ünvanladığı məktubda indiyədək
görülmüş işlərin üstündən xətt çəksə də, bu cür mənfi
qiymətləndirdiyi materiallardan gen-bol istifadə etməklə
bir neçə ay sonra birinci cildi çapa imzalayacaq: "Bu və
ya digər məqalənin elmi-nəzəri baxımdan
aşağı səviyyəli olması, ASE-də
buraxılmış ciddi siyasi səhvlər hələ dərdin
yarısıdır. Əsas bəla odur ki, ASE-də 10 il boyunca ensiklopediya qanunları və prinsipləri
pozulmuşdur. Digər tərəfdən, bizim
fikrimizcə, ümumrespublika səviyyəli ideya-siyasi hadisə
olaraq ensiklopediyanın rolu və əhəmiyyəti
düzgün dərk edilməmişdir. Ensiklopediyanın
respublikanın ictimai-siyasi və iqtisadi həyatındakı
yeri o qədər də dəqiq müəyyənləşdirilməmişdir.
Faktiki olaraq ensiklopediya bir adamın ixtiyarında
olmuşdur".
Yazılara
isə qiyməti belədir: "Ensiklopediya qanunları və
prinsiplərinə uyğun olaraq onları əsaslı, dərin
və hərtərəfli şəkildə yenidən işləmədən
çapa məsləhət görmək olmaz. Əldə olan
materialları lazımi səviyyəyə çatdırmaq
üçün böyük və ağır zəhmət tələb
edən iş görülməlidir".
Az qala
yararsız hesab etdiyi mətnləri qayçılayıb,
budayıb öz istədikləri şəklə salan, ayaq
tutmasına Rəsul Rzagilin minbir müsibətlə nail
olduqları bir çox mühüm məqalələrdən
imtina edən və tezliklə artıq öz məhsulları
kimi ensiklopediyanı nəşr edən yeni baş redaktor və
komandasının əksər üzvləri yaşadılar, dəyişən
zəmanənin də sakini oldular və hər halda çox da
böyük vaxt keçməyəndən sonra həqiqətin
necə öz yerini tapmasına şahid kəsildilər.
Fürsətcillərin "bəsit", "dayaz",
"ensiklopediya qayda-qanunlarına uyğun olmayan" ləkəsi
vurduqları mətnlər yenidən həyata qayıtdı,
onların budayıb öz dar təsəvvürləri
ölçülərinə
uyğunlaşdırdıqlarını isə müstəqillik
dövrünün ilk saf küləkləri gərəksizləşdirdi,
sovurub dünənə çökdürdü.
Rəsul Rza komandasının nəşr edilmiş, ancaq
ayaq tutmasına macal verilməmiş tək cildi ortadadır. Bir damla bir dəryanın
necəliyini nişan verdiyi kimi, böyük Rəsul Rzanın
rəhbərliyi ilə hazırlanmış və işıq
üzü görmüş Ensiklopediyanın birinci cildi də
onu göstərir ki, digər cildlər də bu siqlətdə
nəşr edilmiş olsaydı, millətimiz necə
böyük bir sərvəti qazanacaqdı.
...Rəsul
Rzanın baş redaktoru olduğu Ensiklopediyanın sərgüzəştli
taleyinə həsr etdiyim televiziya verilişində
qonağım olan yazıçı Anar ideologiya üzrə Cəfər
Cəfərovdan sonra Mərkəzi Komitə katibi olan yeni
şəxsin yolunun lap əvvəlindən "Qobustan"a və
Ensiklopediyaya qənim kəsildiyini, ancaq onun və digərlərinin
bütün həmlələrinə rəğmən, Heydər
Əliyevin "Qobustan"ı qoruya bildiyini, əslində,
xilas etdiyini deyir, əlavə edirdi ki, Ensiklopediyada isə təzyiqin
birbaşa Moskvadan gəlməsi səbəbindən, həm də
bu hücumların çox güclü və əhatəli
olmasına görə eyni dəstəyi göstərmək,
sonacan müdafiə etmək çətinləşdi.
Anar həmin Mərkəzi Komitə katibinin adını
çəkmir, amma onun Danil Quliyev olduğu hər kəsə
onsuz da aydındır.
(Ona Danil adını atası Usta Piri həlak olmuş bir
erməni dostunun xatirəsini öz evinin içərisində
yaşatmaqçün vermişdi. Elə Danil
Piriyeviçin özündə də erməni sevgisi sonra həmişə
ilk müşahidədən sezildi - ailəsindən tutmuş
yazılarınacan).
Heydər Əliyev onu ideologiya üzrə katib vəzifəsinə
o vaxt təsadüfən gətirməmişdi. Əvvəlcə İmam
Mustafayev və Mirzə İbrahimovun Azərbaycan dilini dövlət
dili elan etmək səyləri, ardınca Şıxəli
Qurbanovun Novruz təşəbbüsləri Kremldə belə
bir rəy şəkilləndirmişdi ki, oralarda millətçilik
artmaqdadır və Mərkəzdə yaranan bu qənaətin
respublikaya ciddi zərbələri dəyə bilərdi. Məqsəd ondan ibarət idi ki, müəyyən
bir müddət üçün - ermənilərin də əl
altından qızışdırıcılığı ilə
yaradılmış düşüncəni söndürənədək
nisbətən neytral, hec vəchlə milli təəssübkeş
təəssüratı oyatmayacaq birisi bu vəzifəni tutsun.
Bir neçə il sonra Danil Quliyev də
daha bir oxşar, hər halda nisbətən mühafizəkarlığı
az olan digəri ilə əvəzləndi.
Hər
addımında tədbirli, lazım olan anadək səbir etməyi
bacaran Heydər Əliyev o müvəqqəti fasilənin
hesabına Mərkəzlə münasibətləri tənzimləyəndən
sonra, nəhayət ki, ideologiya üzrə Mərkəzi Komitənin
katibi vəzifəsinə əslində irəlicədən sənaye,
ya tikinti üzrə həmin vəzifəni tutması
planlaşdırılan Həsən Həsənovu gətirdi.
Bu qəfil gediş ilk baxışdan çoxlarına gözlənilməz
gəlsə də, lap az keçmiş
Heydər Əliyev-Həsən Həsənov tandeminin milli
oyanış və yüksəlişə ölçüyəsığmaz
töhfələr sayılası bir-birindən cəlbedici
işlərinin şahidi olaraq heyran qaldılar.
Həsən Həsənov ideologiya üzrə katib
işləyəndə Danil Quliyev Partiya Tarixi İnstitutunun
direktoru idi. Həsən
müəllim danışır ki, bir gün Danil mənə
müraciət etdi ki, Azərbaycan Kommunist Partiyasının
tarixini yazmışam, istəyirəm kitab Heydər
Əliyevin müqəddiməsi ilə nəşr edilsin, sən
də redaktor olasan. Rica etdi ki, bu arzusunu Heydər
Əliyevə çatdırım. Heydər
Əliyevə bunu söyləyəndə dərhal
qayıtdı ki, mən nəyə görə o kitaba müqəddimə
yazmalıyam, öz institutlarında məsələni həll
etsinlər. Həsən Həsənov bunu da nağıl
edir ki, bir dəfə Partiya Tarixi İnstitutuna getmişdim,
masanın üstündə qovluq vardı, Danil hansısa
iş üçün otaqdan çıxmışdı, mən
də qovluğun üstündə "Azərbaycan Kommunist
Partiyasının tarixi" yazıldığını
görüncə götürüb vərəqləməyə
başladım. Kitabın axırındakı
adlar göstəricisinə baxandasa onu gördüm ki, adların-soyadların
əksəri ermənilərdir, tək-tük azərbaycanlı
var.
Danil Quliyev kabinetə qayıdanda soruşdum ki, mənə
dediyin kitab budur? Təsdiq etdi. Qayıtdım
ki, axı sənin burada yazmağından belə
çıxır ki, Azərbaycanda Kommunist Partiyasını
yaradan, irəlilədən əsas liderlər ermənilər
olub. Dedi ki, bəli, elədir. Ona görə
mənim bu əlyazmamı Moskvada çox bəyəndilər
ki, əsl beynəlmiləlçi əsərdir. Amma ermənilərlə gürcülərin
yazdığı kitabları bəyənmədilər ki,
onlarda çox millətçilik var.
Şərhə
nə ehtiyac!
Həmin
bu Danil Quliyev 1975-ci il oktyabrın 27-də Ensiklopediyada təzə
baş redaktorun kollektivə təqdim edildiyi, Rəsul
Rzanın da qatıldığı, amma şairin bir kəlmə
də danışmadığı son iclası da idarə
etmişdi və o iclasın da acı xatirələri
qalır.
Ensiklopediyada
həmin günədək edilənləri heçə endirərək
insafsızca tənqidə məruz qoyur və rusca Büronun qərarını
oxuyandan sonra keçilmiş yola, görülmüş
bütün işlərə bu qansız sözlərlə
yekun vurur: "Beləliklə, gəlib belə bir şərəfsiz
sonluğa yetişdik".
1975-ci ildən, bu sözlərin söyləndiyi vaxtdan
yarım əsrə yaxın vaxt keçir.
Tarixin yanılmayan tərəzisi hər kəsin şərəf
çəkisini dürüst müəyyənləşdirib.
Tarix Rəsul Rzanın Rəsul Rza yerini, Danil Quliyevin də
ona layiq yerini (bəlkə daha düzü, yersizliyini) dəqiq
işarələyib.
...O
narahat günlərin zərrə-zərrə xatirələrin
qovuşuğundan yaranaraq gözlərim önündə
bütün əyaniliyi ilə sıralanan anlarını
düşünəndə müdrik Heydər Əliyevə qəlbimdən
növbəti dəfə minnətdarlıq duyğuları
keçir.
Rəsul
Rza kimi sözü nakəsi qılınc kimi kəsməyə
qadir olan bir uca şəxsiyyət Ensiklopediyadan ayrılarkən
həmin vida iclasında deyilənlər müqabilində kəlmə
kəsmədisə, baş verənləri
soyuqqanlılıqla qarşıladısa, səbəb Heydər
Əliyevlə 4 gün öncəki 2 saatdan artıq çəkən
söhbət idi.
O gün,
1975-ci ilin 23 oktyabrında, sabahkı Mərkəzi Komitə
Bürosundan əvvəl iki saatdan artıq müddətdə
onlar nələrdən danışmışdılar?
Ya nələrdən
danışmamışdılar!
Ogünkü
söhbət sözbəsöz kağıza
köçürülü halda adamın qarşısında
ola. İki misilsizin tarixlə
daşan həmin mükaliməsi qədər təsirli bir
hekayət, bir roman olarmı heç?!
...Rəsul Rza evə gəlib və o görüş, o söhbət barədə heç bir təfərrüatı bölüşməyib. Nə o gün, nə sonralar. Anara bircə bunu deyib ki, xahiş etdim Büro iclasına gəlməməyimə icazə versin. Heydər Əliyev də deyib ki, bizdə adətən belə olmur, ancaq eybi yoxdur, siz gəlməyin.
O gün, həmin söhbətdən sonra, zənnimcə, hər ikisi ağır yükdən qurtulmuşdu. Heydər Əliyev anlada bilmişdi ki, bu gün üçün bu vəziyyətdən ən az itki ilə belə çıxa bilirik.
Rəsul Rzaya da uzandıqca əsəbləri daha çox tarıma çəkən şiddətli gərginliyin, nəhayət ki, sona çatması bir təskinlik gətirmiş, namüəyyənliyin bitməsi rahatsızlığını alıb aparmışdı.
Amma bir gün ötüncə 2 saatdan artıq çəkən həmin söhbətin davamı sayılası və riqqət oyadan bir zəng də olacaq ki, Heydər Əliyevin hansı ürəyin sahibi olduğunu Rəsul Rzaya bir daha pıçıldayacaq...
17 aprel, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 19 aprel.- S.10-11.