Mahmud Kaşğarinin "Divanü lüğət-it-türk"
əsəri
Son məktubun
izi ilə
Bu
yaxınlarda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı, filologiya elmləri
doktoru, professor Asif Rüstəmli mənə Dilçilik
İnstitutunun arxivində saxlanılan 12 səhifəlik məqalənin
surətini təqdim etdi. Məqalənin 11 səhifəsi
1935-ci ildə, 1 səhifəsi isə 1937-ci il
iyulun 1-də yazılmışdı. Müəllifi
1934-37-ci illərdə EA-nın Dil və Ədəbiyyat
İnstitutunun Dil seksiyasında birinci dərəcəli elmi
işçi kimi çalışan, əslən Özbəkistandan
olan Xalid Səid Xocayev idi.
11 səhifəlik məqalə XI əsrdə
yaşamış türk-uyğur alimi Mahmud Kaşğarinin
"Divanü Lüğət-it-Türk" əsərinin ərəbcədən
tərcüməsinin Azərbaycanda çap olunması nəzərdə
tutulan kitabına Xalid Səid Xocayevin rus dilində
yazılmış müqəddiməsi idi.
88 il bundan əvvəl kiril əlifbası ilə
makinada yazılmış yazının soluxmuş hərflərini
oxumaq çətin idi. Ona görə məqaləni
tərcümə etməyə başlamazdan əvvəl rus
dilində olan bu mətni Ədəbiyyat İnstitutunun Elmi nəşrlər
və proqnozlaşdırma şöbəsinin çox təcrübəli
əməkdaşı Sevil xanım Əfəndiyevadan
kompüterdə yenidən yazmağı xahiş etdim. 12
səhifəlik məqaləni Sevil xanım hətta mətndəki
orfoqrafik səhvləri də düzəltməklə yenidən
yazıb mənə verdi.
Məqalənin üstündəki bir səhifəlik
yazı isə Xalid Səidin Kabardin-Balkar Vilayət Komitəsinin
əməkdaşı Kumıkova cavab məktubu idi. Məktub 1937-ci il, iyulun 1-də yazılmış, lakin
Kumıkova göndərilməmişdi. Məktubun
məzmunundan aydın olurdu ki, bu, Xocayevin Kumıkova
yazdığı birinci məktub deyil.
AMEA-nın
2013-cü ildə Ədəbiyyat İnstitutunun
yaradılmasının 80 illiyi ilə əlaqədar akademik
İsa Həbibbəylinin baş redaktorluğu ilə çap
olunmuş xüsusi nömrəsində Xocayevin həmin
göndərilməyən məktubu haqqında oxuyur:
"Xocayevin
1 iyul 1937-ci ildə Kabardin-Balkar Vilayətinə, yoldaş
Kumıkova yazdığı sonuncu məktub "Divanü
Lüğət-it-Türk" haqqında idi və elmi katib
O.M.Sokolovskayanın 9 iyulda məktub üzərində
yazdığı dərkənarda qeyd edilirdi ki, Xocayev həbs
olunduğu üçün məktub göndərilmir və
Xocayevin sənədləri saxlanılan qovluğa qoyulur".
Həbs
edilən Xalid Səid kim idi və nə
üçün həbs edilmişdi? Xocayevin 1934-cü ildə
Dilçilik İnstitutuna işə qəbul olunarkən
yazdığı ərizədən sətirlər: "Mən
Üzbəkistanın Taşkənd şəhərindən
olub, orta və ali təhsilimi İstanbulda
ikmal etmişəm. 1918-ci ildən indiyə qədər Azərbaycanın
orta və ali məktəblərində
türk dili və ədəbiyyatı tədrisilə məşğul
olmaqdayam. Hazırda dəxi İctimai-İqtisadi
İnstitutun Hüquq fakültəsində Türk dili (Azərbaycan
dili - Ü.H.) və Ali Pedaqoji İnstitutda ərəbcə və
farsca tədrisilə məşğulam. Hal-hazırda
Akademiyada müqavilə ilə lüğət üzərində
işləyirəm". Söhbət
"Divanü Lüğət-it-Türk"ün tərcüməsindən
gedirdi. Deməli, ərəb və fars
dillərini kamil bilən Xocayev lüğət üzərində
bəlkə də 1934-cü ildən qabaq işləməyə
başlayıb və bu nəhəng ensiklopedik lüğətin
tərcüməsini artıq 1936-cı ildə başa
çatdırıb və onun bu fəaliyyətindən
Kabardin-Balkar Vilayətinin əməkdaşı xəbərdar
imiş. Odur ki, Kumıkov "Divan"ın
kumık və ya qaraçay-balkar dilinə tərcümə
edilməsi üçün imkanlar araşdırır və
bu barədə 4 mart 1937-ci ildə Xocayevə məktubla
müraciət edibmiş.
Xalid Səid
Xocayev 132 saylı məktəbdə mənə 6 il ingilis dilindən dərs deyən Bəhicə
Xocayevanın atası idi.
Son dəfə onunla 2006-cı ildə "Elm və həyat"
jurnalının redaksiyasında
görüşmüşdüm.
842 il elm aləminə məlum olmayan bu nadir əsər
1914-cü ildə İstanbulda bir bukinist mağazasından
tapılmışdı. Uzaq Çində anadan olmuş
uyğur aliminin əsərinin surətinin məhz Cənubi Azərbaycan
türkü tərəfindən köçürülməsi,
daha sonra əsərin məhz İstanbulda tapılıb qədim
kitabların xiridarı olan osmanlı türkü Əli
Əmirli tərəfindən 33 qızıl tümənə
alınıb məhv olmaqdan "xilas olması", hələ
əsərin ilk dəfə ərəb dilindən dilimizə
çevrilib məhz Azərbaycanda mükəmməl çapa
hazırlanması da bəlkə də sirri xudadır. Lakin bu ensiklopedik əsərin 1937-ci ildə Azərbaycanda
nəşri baş tutmamış, onu dilimizə ərəbcədən
tərcümə edərək çapa hazırlayan Xalid Səid
həbs edilərək, tələm-tələsik pantürkist
damğası vurularaq oktyabr ayında güllələnmişdi.
Tarixdə
əqidəsinə, kəşflərinə, əsərlərinə
görə işgəncələrlə
öldürülmüş, əsərləri tonqallarda
yandırılmış dahilər az deyil.
Kaşğarinin lüğətinin də taleyi
ürəkaçan olmayıb. Elm aləminə
8-9 əsr məlum olmayan bu ensiklopedik əsər 1914-cü ildə
təsadüf nəticəsində tapıldıqdan sonra
Türkiyədə, Azərbaycanda onun türk dilinə tərcüməsi
türkoloq alimlərin diqqət mərkəzində oldu.
1937-ci ildə işıq üzü görməli bu
ensiklopedik əsər AMEA-nın Dilçilik İnstitutunun
arxivinə verildi. Nə yaxşı ki, əsəri də
Xocayev kimi "məhv" etmədilər.
Nəhayət, 1939-41-ci illərdə Kaşğarinin əsəri
Bəsim Atalay tərəfindən üç cilddə
Türkiyədə ilk dəfə türkcə çap olundu.
Tapıldıqdan sonra ikinci həyatına Azərbaycanda
X.S.Xocayevin tərcüməsi ilə 1937-ci ildə
başlamalı olan türkcə-ərəbcə lüğət
nəhayət 2006-cı ildə çox nəfis şəkildə
Bakıda Türkiyə prezidenti Süleyman Dəmirəlin
xeyir-duası ilə filologiya elmləri namizədi Ramiz Əskərin
Bəsim Atalayın tərcüməsi əsasında Azərbaycan
türkcəsində 4 cilddə işıq üzü
gördü.
Ramiz Əskərin 4 cildin hər birinə
yazdığı müqəddimələrdə diqqəti
çəkən məqamlar çoxdur. Oxucularımız
üçün maraqlı olacağını güman etdiyimdən
mən həmin müqəddimələrdən bəzi məqamları
nəzərə çatdırmağı faydalı hesab edirəm.
Məsələn, Bəsim Atalayın 1939-cu ildə Türkiyədə
çap etdirdiyi "Divanü Lüğət-it-Türk"ün
birinci cildinə yazdığı ön sözdə Xocayevin tərcüməsindən
bəhs etməsi, onu xatırlamasını öyrənməklə
yanaşı, bir alim kimi Atalayın alicənablığından
xəbər verir. Bu fakt isə keçən əsrin
30-40-cı illərində Azərbaycan, Türkiyə elmi dairələrində
açıq, geniş olmasa da, müəyyən qədər əlaqələrin
olduğunu söyləməyə, türkologiya ilə məşğul
olanların bir-birlərinin tədqiqatlarından məlumatlı
olmasından xəbər verir.
Ramiz
Əskərin müqəddiməsindən sətirləri yada
salaq: "Bəsim Atalayın yazdığına görə,
Xalid Səidin əsas nöqsanı sözləri klassik
Xaqaniyyə türkcəsi ilə deyil, müasir Türkistan
şivələrinə uyğun şəkildə verməsidir".
Bu bir cümlə Bəsim Atalayın Xocayevin tərcüməsindən
ətraflı məlumatlı olduğunu göstərir.
8 əsr sonra xoş bir təsadüf nəticəsində
tapılmış türkcə-ərəbcə ensiklopedik
lüğət ilk dəfə akademik səviyyədə Azərbaycanda
işıq üzü görməli idi. Lakin Ramiz
Əskərin yazdığı kimi, "Xalid Səid
Divanın tərcüməsi ilə məşğul
olduğuna görə bolşevik repressiyasına tuş gəlmiş
və bunu həyatı bahasına ödəmişdir. Xalid Səidin ruhu qarşısında sayqı ilə
baş əyirik".
Yenə
Ramiz Əskərin müqəddiməsindən öyrənirik
ki, Kaşğarlı Mahmudun ərəbcə
yazdığı lüğəti Kaşğarinin vətəni
Uyğurustanda (indiki Sincanda, Çində) məşhur
uyğur şairi Kutluq Şevki keçən əsrin 30-cu illərində
Türkiyədə çap olunmuş əsərin basma
nüsxəsini əldə edir və şair Məhəmmədəli
ilə birlikdə uyğur dilinə çevirmək istəyir.
Lakin onlar tərcüməni başa
çatdıra bilmirlər, bu işə girişdiklərinə
görə çinli cəlladlar tərəfindən qətlə
yetirilirlər.
İkinci dəfə əsəri uyğur dilinə
İsmayıl Damollam çevirmək istəyir. Lakin alimin
ölümü əsərin ərsəyə gəlməsinə
mane olur. Damollam yalnız birinci hissəni tərcümə
edə bilir.
Üçüncü dəfə 1952-54-cü illərdə
şair və tarixçi Əhməd Ziyayi lüğəti
tam tərcümə edib. Tərcümə
çapa gedərkən Çində yerli millətçiliyə
qarşı kampaniya çərçivəsində
müsadirə edilərək yandırılır.
Əhməd Ziyayi isə bu tərcüməyə görə
20 il ağır həbs cəzasına məhkum
olunur.
"Divanü Lüğət-it-Türk"ün tərcüməsi
1960-63-cü illərdə Çin Elmlər
Akademiyasının Sintsyan filialının direktor müavini
Uyğur Sayrami tərəfindən hazırlanır. Lakin 1966-cı ildə
Çində geniş vüsət alan
"mədəni inqilab" zamanı yandırılır.
Yalnız Mao Dze Dunun ölümündən sonra Pekin
dördüncü tərcümənin nəşrinə icazə
verir. Uyğur Sintsyan İctimai Elmlər
Akademiyasının təşəbbüsü ilə yazma
nüsxəsinin faksimilesi və o dövrədək tərcümə
olunmuş nəşrlər də gözdən keçirilərək
tərcümə hazırlanır və 1981-84-cü illərdə
Urumcidə 3 cilddə 10000 nüsxə tirajla nəşr
edilir.
Türk
dillərinin ilk qrammatikası kimi doqquz min kəlmənin
anlamını açıqlamış Kaşğarlı
Mahmudun əsəri bu gün Türkiyə türkcəsində,
özbək, uyğur, qazax, alman, ingilis, fransız, fars,
Çin dilinə çevrilmişdir.
Divanda 40-a yaxın dil və ləhcə illüstrasiya
olunmuşdur.
318 atalar sözü, 240 bənd və beyt
şeir verilmişdir.
Mahmud
Kaşğari sanki min il bundan əvvəl türkdilli xalqlara
mesaj göndərirdi ki, türkmən də, qırğız
da, tatar da, təxminən 40-a yaxın türk dilinin ləhcələrində
danışanların hamısı bir kökdən - türkdən
olanlardır, ona görə əsərinin adını məhz
nə tatar, nə qırğız, nə uyğur və s.
deyil, "Divanü Lüğət-it-Türk"
qoymuşdur.
Mən bu
yazını hazırlayarkən Bəhicə müəllimənin
vətəndən çox uzaqlarda - Kanadadan İsa Həbibbəyliyə
ünvanladığı məktubdan sətirləri bir daha
xatırladım: "1937-ci ildə güllələnmiş
atamın yer üzündə heç bir nişanəsi - qəbri
qalmayıb". Bu, həqiqətdir. Lakin
96 il yaşamış Bəhicə müəllimə
xalq düşməni kimi tanıdılmış atası
Xocayevin soyadını Ziya Məmmədovla ailə qursa da,
ömrünün axırınadək qürurla
yaşatdı. Ruhu şad olsun. Bu gün müstəqil Azərbaycanda onun
atasının mətbuatda çıxan, arxivlərdə
saxlanılan irsi tədqiq olunaraq çap olunur, layiqli yerini
tutur. "Elm və təhsil" nəşriyyatı
tərəfindən 2023-cü ildə Xocayevin "Yeni əlifba
yollarında əski xatirə və duyğularım"
adlı sənədli əsəri çapdan
çıxmışdır. Əsər
ilk dəfə 1929-cu ildə Bakıda nəşr
olunmuşdur. 1929-cu ildə nəşr
olunmuş kitabı çapa hazırlayan və redaktoru
filologiya elmləri doktoru Almaz Ülvidir. Mətni 1929-cu il nəşrindən yenidən işləyəni
Nüşabə Adıgözəlzadədir. Maraqlıdır
ki, özbək Xalid Səidin bu əsəri vətəni
Özbəkistanda Daşkənddə "Mümtoz
söz" nəşriyyatında 2019-cu ildə nəşr
olunmuşdur.
Onun vaxtilə Azərbaycan mətbuatında çap
olunmuş məqalələri, hekayələri və
bayatıları da vardır.
Bakıda yaşadığı binaya kiçik də
olsa, xatirə lövhəsi vurulub. Yaxşı olardı
ki, xatirə lövhəsi ilə yanaşı, Zərgərpalan
küçəsi 12 nömrəli ikimərtəbəli
binanın üzərində Xalid Səidin barelyefi də onun
xatirəsini ədəbiləşdirsin.
lll
Xalid Səid
Xocayev
Mövzumuzun şərhinə başlamazdan əvvəl
Böyük Oktyabr inqilabının əsrlərlə
çarizmin müstəmləkəsi altında inləyən
SSRİ zəhmətkeşlərinin, xüsusilə də
Şərq xalqlarının milli mədəniyyətinin
inkişafı üçün yaratdığı
imkanları qeyd etmək lazımdır.
Kapitalizmin apardığı müstəmləkəçilik
siyasəti öz qarşısına nəinki məğlub və
məzlum xalqları kölə halına salıb fiziki məhkum
və məhv etmək, həm də amansızcasına mənəvi
cəhətdən onların mədəniyyətini, ədəbiyyatını,
dilini məhv etmək, axırına çıxmaq məqsədini
qoymuşdu.
Bu, inkarı mümkün olmayan danılmaz bir həqiqətdir.
Keçmiş çar Rusiyasının bütün
xalqlarının müstəmləkəçilikdən
xilaskarı Böyük Oktyabr inqilabı olmuşdur və bu
inqilab məhkum xalqlara azad olmanın, rifahın yeganə
yolgöstərəni idi.
Bu gün Sovet İttifaqında yaşayan xalqlar Oktyabr
inqilabı olmasaydı, onlar nəinki illər, aylar, hətta
günbəgün inkişaf edərək mədəniyyətin
yüksək pilləsinə çata bilməzdilər.
Bir çox xalqlar öz dillərinin, öz mədəniyyətinin
olmasını belə arzulaya bilməzdi. Lenin-Stalin
milli siyasətinə rəğmən, milyonlardan ibarət
müxtəlif xalqlar ağır və amansız zülmdən
azad olmuşlar.
Ən azsaylı və mədəni cəhətdən
geridə qalmış xalqlar indi sürətlə irəliləyir
və formaca milli, məzmunca sosialist mədəniyyətlərini
yaradırlar və bu məsələnin həlli yollarında
onlar üçün bütün imkan və şərait
yaradılmışdır. Bu xalqlar həm də
Leninin mədəni irsdən istifadəni həyata keçirmək
vəsiyyətlərini tam həyata keçirmək
imkanlarına malikdir.
Hazırda
SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının dilçilik seksiyasında Mahmud
Kaşğari-nin unudulmuş və 9-10 əsrlik tozdan təmizlənərək
"Divanü Lüğət-it-Türk" əsərinin tərcüməsi
Böyük Oktyabr inqilabının keçmiş müstəmləkə
xalqlarının mədəni irsinə qayğı və diqqətin,
yaradılmış imkan və şəraitin göstəricisidir.
Bu əsəri səliqə-sahmana salıb
dilçilik sahəsində, xüsusilə də dilçilik
və türk dillərinin öyrənilməsi ilə məşğul
olan, çalışan mütəxəssislərin istifadəsinə
verilməsi Leninin - mədəni irsdən istifadə
haqqındakı vəsiyyətlərinin həyata keçirilməsinə
bir nümunədir.
Bu məqalədən
məqsəd oxucuları mədəni irsimiz - kitabın məzmunu
və ümumtürk dillərinin quruluşu ilə tanış etməkdir.
Kitabın
məzmunu
Kitab adından göründüyü kimi, "Divanü
Lüğət-it-Türk" XI əsrə qədərki
ümumtürk dillərinin tam lüğətindən ibarətdir. Lakin
kitabın məzmunu adından daha çox
anlayışları ehtiva edir. Əsər,
heç də qəbul edildiyi kimi, yalnız sözlərin
izahı ilə səciyyələnmir. Sözlərin
izahı ilə yanaşı, əsərdə digər bir
çox məsələlərə də yer verilir. Məsələn,
kitaba aşağıdakı məsələlər də
daxil edilmişdir:
1) Kitabda
tətbiq olunmuş metodlar - üsullar haqqında məlumat; 2)
Etnoqrafiya haqqında geniş məlumat; 3) Qrammatika, xüsusilə
morfologiya haqqında çox geniş və dəqiq məlumatlar;
4) Bu dövrdə türk dilləri arasında mövcud olan fərqlərin
sistem və xüsusiyyətləri; 5) Lüğət -
sözlərin mənası.
Kitabın bir hissəsi - əsərdə tətbiq olunan
metodlar haqqında məlumat kitabı bütün və əhatəli
xarakterizə edir. Kitabdakı bütün sözlər dəqiq
və bütünlüklə izah olunur, hətta kitaba
salınmayan sözlər və onların əsərə
salınmama səbəbləri də anladılır. Etnoqrafik məlumatların bir qisminin müxtəlif
nöqteyi-nəzərdən çox mühüm tarixi əhəmiyyəti
vardır. Bu məlumatlar XI əsrə qədər
hansı türk xalqlarının harada
yaşadığını, sonralar hara və hansı yollarla
məskunlaşdığını müəyyən etməyə
kömək edəcək.
Etnoqrafiya hissəsində şəkillər, müxtəlif
türk tayfalarının, o cümlədən, XI əsrdə
yaşamış oğuzların öz əşyalarına
vurduğu möhür (damğa) nümunələri
verilmişdir.
Bu məlumatlar hazırda müxtəlif əyalətlərdə,
respublikalarda yaşayan türklərin XI əsrdə
yaşamış hansı türk qəbilələrindən
olduğunu təyin və müəyyən etmək
üçün çox qiymətli və ciddi, mühüm təməl,
əsas ola bilər.
Bu, həm də keçmişdəki kənd və
şəhərlərin nə vaxt
salındığını, bu kənd və şəhərlərin
etnoqrafik bazasını müəyyənləşdirməyə
geniş imkanlar yaradan tarixi sənəddir. Kitabın
qrammatikaya aid şöbəsi məna tutumuna görə ən
böyük diqqətə layiqdir. Bu
qrammatika bölməsini görmədən Mahmud
Kaşğarinin XI əsrdə türk dilinin qrammatikası
haqqında bu qədər dərin və bu dərəcədə
tam əsərinin mövcudluğunu təsəvvür etmək
olmazdı.
Məhz bu qrammatikaya görə tədqiqatlar bizə bu qədər
məlumatlar verə bilmişdir.
Təəssüflə qeyd etməliyik ki, bu qrammatik məlumat-lar
yalnız morfologiyaya aiddir, sintaksis bura salınmayıb, daxil
edilməyib. Sintaksis haqqında "Sintaksisin mirvarisi" adlı
ayrıca bir kitab vardır. Bu haqda
qrammatikanın sonunda məlumat verilir. Lakin
bu əsər haradadır, kimdədir, təəssüf ki,
heç bir məlumat yoxdur. Yeri gəlmişkən,
bütün türkoloq alimlərdən bu kitabın
axtarışı ilə bağlı onlardan asılı olan
bütün soraqların aparılmasını xahiş edirik.
Kitabdakı morfologiyaya aid bölmə müasir
türk dillərinin elmi tədqiqi üçün
böyük əhəmiyyətə malikdir.
Kitabda sözlərin morfoloji təhlili üçün
tətbiq olunan metod müasir türk sözlərinin ən sadə
köklərini müəyyənləşdirməyə imkan
verir.
İkisaitli sözlərlə başlayan kitabda
beşsaitli, hətta XI əsrdə mürəkkəb
formalı, altısaitli sözlər, bu gün isə sadə
forma almış müasir sözlər
araşdırılır.
Kitab bizə bugünədək tədqiqi mümkün
olmayan, son dövrlərdə yaradılmış feil növlərini,
onların ilkin formasını, tarixi dəyişkənliyini tədqiq
edib aydınlaşdırmağa geniş imkanlar yaradır.
Feillər, feili isimlər, sifətlər və digər
derivatların elmi tədqiqində Kaşğari elə
yüksək pilləyə çatmışdır ki,
türk dilləri üzrə ondan sonra gələn alim və
tədqiqatçılar belə səviyyəyə
qalxmağı bacarmayıblar.
Bu kitabı hərtərəfli öyrənmədən
bu gün mövcud olan türk dillərinin tarixi və elmi
qrammatikasını yazmaq olmaz. Mənim bu sözlərim
kitabın əhəmiyyətini şişirtmək,
mübaliğə etmək kimi sayılmamalıdır.
Oxuculardan xahiş edirəm ki, mənim fikrimdə
yanılmadığımı təsdiq etmələri
üçün əvvəlcə kitabı oxusunlar...
Kitabın lüğət şöbəsi isə digər
hissələrə rəğmən kitabın ən vacib və
əsas hissəsini təşkil edir.
Bir sıra texniki səbəblərdən mən
kitabdakı sözlərin tam və dəqiq sayını
göstərə bilmədim, lakin onların sayını
müəyyənləşdirmək, təsəvvür etmək
üçün sözlərin tam üç cild olduğunu
göstərmək kifayətdir. Müəllif
yalnız sözlərin izahı ilə kifayətlənmir.
Hər bir söz izah edildikdən, sözün
frazeologiyası onun əhəmiyyəti göstərildikdən
sonra həmin sözün iştirak etdiyi dördsətirlik
şeir parçası ilə tamamlanır. Bu baxımdan kitab xüsusi məna və əhəmiyyət
kəsb edir.
Müəllif tərəfindən frazeologiya və
dördsətirlik şeir formasında verilən sitatlar bir tərəfdən
həmin sözün əhəmiyyətinin və
izahının dəqiqliyini, digər tərəfdən XI əsrdə
türklərin xalq ədəbiyyatı (folkloru) haqqında zəngin
və qiymətli materialdır, bu isə türkologiya elmini
materialla təmin edir.
Lüğət materialının əhəmiyyəti
bununla məhdudlaşmır. Bu material XI əsrdə
yaşamış türklərin mədəniyyəti
haqqında mühüm və qiymətli məlumatlar verir.
Lüğətdə iqtisadiyyat, əkinçilik,
hərbi biliklər, sənaye, təbabət, dəftərxana,
müxtəlif peşələrə aid xeyli terminlər
vardır. Bu məlumatlar nəinki XI əsr
türklərinin mədəni səviyyəsi, həm də
daha qədim türklərin tarixi haqqında aydın təsəvvür
yaratmağa imkan yaradır.
Beləliklə, kitabın lüğət tərkibi
müxtəlif türk xalqlarının başlanğıc
dövrü tarixi haqqında yeganə mənbə və
çox zəngin xəzinədir.
Kaşğarinin
"Divanü Lüğət-it-Türk" əsərindən
istifadə imkanı
Müasir
və gələcək nəsillərə bu əsərdən
istifadə etmək iki əsas səbəbdən çox
çətin olacaq: 1) dil məsələsi və 2) əsərin
quruluş sistemi.
Əvvəla, bu əsər türkcə-ərəbcə
lüğətdir, yəni türk sözlərinin ərəb
dilində izahı və anladılmasıdır. Bu baxımdan ərəb
dilini kamil bilməyənlərin əsərdən istifadə
edə bilməyəcəyi aydındır. Hətta ərəb dilini bilmək də hələ
lüğətdən istifadəni asanlaşdırmır,
çünki əsərdə istifadə olunan üsul ərəb
dilinin xüsusiyyətlərinə xasdır, ona görə də
lazım olan sözü əlifba sırası ilə
axtarıb tapmaq mümkün deyil, sözü yalnız ərəb
sözləri qruplaşmasında tapmaq olar. Bu iki səbəb də (dil və üsul) müasir
və gələcək nəsillərə lüğətdən
istifadəyə böyük maneçilik və əngəl
yaradır. Ona görə biz dil üzrə
mütəxəssislərin istifadə edə bilməsi
üçün əsərə yeni forma və sistem tətbiq
etməyə məcburuq.
Kitabın əhəmiyyətini və istifadəsi
üçün onun ən-gəllərini nəzərə
alaraq SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialı əsərin yeni sistemlə işlənməsini qərara
aldı və kitabın tərcüməsi üçün
bütün şərait və imkanları yaratdı.
Əsərin türk dilinə tərcüməsi ilə
kitabdan istifadə zaman yaranan ilk maneə aradan qalxır. Lakin
yuxarıda qeyd etdiyimiz kimi, tək tərcümə hələ
bütün məsələni həll etmir. Kitabın quruluş sistemində bəzi dəyişik-liklər
etmək lazımdır. Bu dəyişiklikləri izah etmək
üçün oxucunu qısa da olsa həm tərcüməylə,
həm də kita-bın yenidən işlənməsi
zamanı tətbiq olunmuş metodla tanış
etmək lazımdır.
Kitab yeni
sistemlə işlənəcək:
1)
Kaşğarinin giriş sözü
a) müraciət və onun izahı
2)
Kitabın köhnə sisteminin şərhi, izahı
haqqında məlumat
3) Fonetika
(hərflər)
4) Feili
isimlər haqqında ümumi məlumat
5)
Sözün quruluşu haqqında məlumat
6)
İsimlərdə şəkilçilər
7)
Sözlərin quruluşundakı ardıcıllıq
haqqında məlumat
8) Səs
dəyişmələri və bir hərfin digəri ilə əvəzlənməsi
haqqında
9) Kitaba
salınmayan sifətlər haqqında
10) Kitaba
düşməyən qeyri-müəyyən feil forması
haqqında
11) Kitaba
düşməyən bəzi sözlər haqqında
12)
Türk xalqları (tayfaları) haqqında etnoqrafik məlumat
13)
Türk dilləri haqqında ümumi məlumat
14)
Türk dilləri arasında bənzərsizliklər
haqqında.
Bütün bu mövzular Kaşğarinin müqəddiməsinə
daxil-dir və həmin sıra ilə şərh edilmişdir. Kitabın yeni
qaydada quruluşunda üç cilddə səpələnmiş
bütün qrammatik məlumatlar bir araya toplanaraq müəllifin
- Kaşğarinin müqəddiməsindən sonra kitabın əvvəlində
veriləcək. Qrammatika ilə
bağlı bütün bölmələr və fəsillər
də kitabın əvvəlində veriləcək. Kitabın tərtibatındakı birinci dəyişiklik
bundan ibarət olacaq.
İkinci dəyişiklik isə tamam başqa səpkidə
olacaq. Əsərdə feillər keçmiş zamanda
verilir, frazeologiyada da keçmiş zamanda göstərilir və
bu forma yalnız təfsirdən ibarətdir.
Feilin qeyri-müəyyən məsdər forması
(indiki, gələcək) şərh olunmur. Mətnə
uyğun olaraq yeni qaydada qeyri-müəyyən feillər
göstərilərək, bu hissə kitaba əlavə kimi
olacaq.
Üçüncü dəyişiklikdə isə
bütün sözlər müasir qayda üzrə əlifba
sırası ilə veriləcək.
Dördüncü dəyişiklik yenə də texniki tərtibat
xarakterli olacaq.
Bütün sözlər eyni zamanda həm ərəb
əlifbası, həm də düzgün yazılışa
riayət etməklə yeni əlifba ilə yazılacaq. Yeni əlifba ilə yalnız bəzi sözlər təkrarlanmayacaq.
Əsərdəki sitatlar, zərb-məsəllər,
şeir parçaları da həm ərəb, həm də
türk əlifbası ilə veriləcək. Kaşğari bu sitatları özü tərcümə
edib. Biz tərcümə zamanı
yalnız ərəb mətninə diqqət yetirməyi
düzgün hesab edirik. Kaşğarinin əlavələri
isə mötəri-zədə veriləcək.
Bəzən ərəb dilindən tərcümə
türk dilinin xüsusiyyətlə-rinə görə bəzi
əlavələri tələb edir. Ona görə bu əlavələr
tərcüməçi tərəfindən mötərizəyə
alınacaq. Müasir türk dilinə tərcümə
də xüsusi mötərizədə göstəriləcək.
Mətnlər isə həmişə
dırnaqda olacaq.
Beləliklə, müxtəlif məqsədlərlə
aşağıdakı mötərizə formalarından
istifadə olunacaq. ( ), { }, ]
Kitabın
tərcüməsi zamanı rast gəlinən çətinliklər
XI əsrdəki türk sözləri müasir türk
dilinə tərcümə edilərkən, şübhəsiz,
bəzi çətinliklər yaradacaq. Dil tərəfdən
çətinliklə yanaşı, ən çətini odur
ki, ərəb hərfləri ilə türk sözlərinin
fonetikasını olduğu kimi vermək mümkün deyil.
Ərəb hərflərinin bu xüsusiyyətinə
görə bir çox türk sözlərinin düzgün tələffüzünü
müəyyənləşdirmək mümkün olmur.
Terminologiya məsələləri də bu və digər
çətinlikləri yaradır. Bu gün bizdə
mövcud olan terminlər kitabın tərcüməsini təmin
etmir. Belə ki, ismi faul, ismi maful və s. terminlər
bizdə yoxdur. Bu günədək bizdə
istifadə olunan bu terminləri saxlamaqla, bu çətinlikləri
qismən həll etmiş olarıq.
Ümidvarıq ki, bütün türkoloq mütəxəssislər
öz məsləhətləri və göstərişləri
ilə bizə bu məsul işi reallaşdırmağa
kömək edəcəklər.
SSRİ
EA-nın Azərbaycan filialının elmi işçisi Xalid
Səid Xocayev
1935-ci il, Bakı şəhəri
KABARDİN-BALKAR
VİLAYƏT KOMİTƏSİNDƏ KUMUKOV YOLDAŞA
Sizin
4.III.37-ci il tarixli məktubunuzu aldım və
çox məmnuniyyətlə oxudum. Gec cavaba görə
üzr istəyərək, Sizə
aşağıdakıları məlum edirəm:
1) Mahmud Kaşğarinin əsərinin
yeganə nüsxəsi İstanbulda tapılmış və
orada haman nüsxənin sayı
artırılmışdır.
2) Mən əsərin tərcüməsinə
və işlənməsinə 1935-ci il,
sentyabrın 1-də başlamış və 1936-cı ilin
aprelində qurtarmışam.
3) Hazırda əsərin çapa
hazırlanması işləri ilə məşğulam və
ümid edirəm ki, bu ilin iyul ayının 1-nə Leninqradda
kitabın redaktorları akademik Kraçkovskiyə və
professor Malova göndərə biləcəyəm.
4) AzFAN-da kitabın yalnız bir
nüsxəsi vardır. Ona görə əsəri
göndərə bilmərəm.
Əsərin
xüsusiyyəti və məzmunu ilə Sizi tanış
etmək üçün özümün bu məsələyə
aid məqaləsini göndərirəm.
5) Leninqrada gedərkən (iyulun 25-də)
Nalçikdə məmnuniyyətlə dayana bilərəm və
əgər Sizin arzunuz və marağınız olsa, əsərdə
müəllifin kumık və qaraçay-balkar dillərinə
münasibəti haqqında Sizi ətraflı məlumatlandıra
bilərəm.
Məktubu bitirərkən, bu işdə Sizə hərtərəfli
kömək etməyə hazır olduğumu bildirirəm.
Qardaş kimi səmimi salamlarımı qəbul etmənizi
xahiş edirəm.
Xocayev
X.S.
1/VI-1937
Bakı,
Qasım İsmayılov küçəsi, ev
12
Tərcümə edən: Ülkər
Hüseynova
525-ci qəzet.- 2023.- 20
aprel.- S.14-15.