Yusif Küseyir oğlu: şəxsiyyət və fəaliyyətinə dair mülahizələr

 

Yusif Küseyir oğlunun haqqında bugünədək bir sıra araşdırmalar aparılsa da, təəssüf ki, onun şəxsiyyəti ilə bağlı dəqiq məlumatlar əldə olunmayıb. Maraqlıdır, görəsən, necə olub ki, Yusif Küseyir oğlunun şərəfinə inşa edilmiş türbə dövrümüzədək gəlib çatsa da, onun özü haqqında məlumatlar tarixin qaranlıq səhifələrində "itib-batıb"?!

Onun barəsində fikir yürütmək üçün hələlik istinad edə biləcəyimiz ən etibarlı mənbə 1162-ci ildə, hələ Şəmsəddin Eldənizin hakimiyyəti illərində Naxçıvan-Marağa memarlıq məktəbinin ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin tikdiyi Yusif Kuseyir oğlu türbəsinin qapısı üstündəki yazıdır. Belə ki, həmin yazıda onun "xacə ər-rəis əl-əcəl" ("xacə, tanınmış rəis") titulları göstərilib. Tədqiqatçılara görə, "xacə" titulu daşıması onun tacirlər gildiyasının başçısı, tanınmış alim, "rəis" titulu isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəisi - rəhbəri olduğunu göstərir. Türbə üzərindəki yazıda onun adına əlavə edilmiş "Şeyxlərin başçısı" ifadəsinə gəlincə, bu, Yusif Küseyir oğlunun şəhərdə yaşayan ali dini təbəqəyə mənsub olduğunu deməyə əsas verir. Tanınmış alim F.Səfərlinin qənaətləri bu yöndədir.

Tarixçi E.Kəlbizadəyə görə, "nəzərə alsaq ki, Atabəy Şəmsəddin Eldəniz Naxçıvan vilayətini 1136-cı ildə İraq Səlcuq Sultanı Məsudun Azərbaycan canişini Çavlanın ölümündən sonra öz torpaqlarına birləşdirib, Yusif ibn Küseyirin Atabəylər dövlətində təqribən 15 ilə yaxın bir müddətdə yüksək vəzifə tutduğunu söyləmək olar".

Ümumilikdə götürdükdə, haqqında dövrümüzədək məlumatlar gəlib çatmadığı üçün onun şəxsiyyəti ilə bağlı aydın təsəvvürə malik olmasaq da, əlimizdə olan mənbələrə istinadən deyə bilirik ki, Yusif Kuseyir oğlu Naxçıvanda XII əsrin ortalarında yüksək mövqe - rəis vəzifəsini tutmuşdu.

Fikrimizcə, bu nüans, yəni onun yüksək mövqe - rəis vəzifəsini tutması faktı böyük memar Əcəmi Naxçıvaninin nəyə görə başqa şəxslər üçün deyil, məhz Yusif Küseyir oğlu üçün belə bir memarlıq abidəsini inşa etməsi sualına aydınlıq gətirir.

Bizim onun məhz "rəis" tituluna diqqəti cəlb edərək oxucularla bölüşmək istədiyimiz başqa bir məqam daha vardır. Hesab edirik ki, Yusif Küseyir oğlu həmin vaxtlar məhkəmədə müəyyən işləri idarə etmiş çox ehtimal ki, hakim kimi məhkəmə proseslərində ədalət mühakiməsini həyata keçirmişdi. Bu fikri əsaslandırmaq üçün müəyyən məqamlara nəzər salaq. Elmi araşdırmalara əsasən Naxçıvan sərhəd vilayətində yerləşən xüsusi rejimli bölgə olduğundan buraya demək olar ki, həmişə Eldənizlər xanədanı üzvlərindən olan valilər təyin edilirdi.

Rəsmi sənədlərdə valinin xidməti vəzifələrinə digər məsələlərlə yanaşı, habelə cinayətkarların cəzalandırılması da xüsusi olaraq aid edilirdi. Vali öz vilayətinin dünyəvi hakimi hesab olunurdu. Ona tövsiyə edilirdi ki, hökm çıxararkən cinayətkarları cəzalandırarkən vicdanına əsaslansın doğru hərəkət etsin. Hakimlər (qazılar) valiyə tabe idilər. Vali onların işinə nəzarət edir, qazılar da həmişə valinin köməyinə arxalanırdılar.

Qeyd edək ki, sözügedən dövrdə şəhərlər valinin adından şəhər rəisləri tərəfindən idarə olunurdu. Məlumdur ki, rəislər, bir qayda olaraq, yerli tanınmış nəsildən seçilir onların vəzifəsi həmişə irsi olurdu. Həmin illərdə ətrafdakı mahal kənd rəisləri şəhər rəisinə tabe idilər. Akademik Z.Bünyadovun "Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)" əsərində bu məqam vurğulanır.

Tarixi qaynaqlar onu deməyə əsas verir ki, rəislər şəhərin ictimai həyatında mühüm rol oynamış, dövlət nümayəndələri ilə əhali arasında vasitəçilik etmişlər. Rəislər öz tabeliyində olan şəhər mahallarda həmçinin dünyəvi hakim kimi fəaliyyət göstərirdilər. Lakin o da qeyd olunmalıdır ki, onlar tam müstəqil məhkəmə hakimi deyildilər. Çünki məhkəmə ilə bağlı səlahiyyətlərini yerinə yetirərkən onlar öz fəaliyyətlərini dini hakim olan qazılarla imamlarla əlaqələndirməli, onların məsləhətlərinə əməl etməli, dövlət başçısının müvafiq fərmanlarından istifadə etsələr , şəriət normaları çərçivəsindən kənara çıxmamalı idilər.

Atabəylər dövlətinin ilk dövrlərində Yusif Kuseyir oğlunun Naxçıvanda fəaliyyət göstərən şəhər rəislərindən biri olması bizə əsas verir ki, Naxçıvan şəhərini valinin adından idarə etdiyi üçün onun məhkəmə işləri ilə məşğul olması hakim olaraq məhkəmələrdə ədalət mühakiməsini həyata keçirməsi mülahizəsini irəli sürək.

Düzdür, şəhərdə yaşayan ali dini təbəqəyə mənsub olduğunu deməyə əsas verən "Şeyxlərin başçısı" titulu Yusif Küseyir oğlunun dünyəvi hakim kimi deyil, daha çox dini hakim kimi fəaliyyət göstərməsi fikrini daha çox inandırıcı göstərə bilər. Rəislərin dünyəvi hakim kimi fəaliyyət göstərməsi isə bu fikirlə ilk baxışda sanki ziddiyyət təşkil edir. Lakin bu, onun rəis kimi dünyəvi hakim olaraq fəaliyyət göstərməsi mülahizəsini yürütməyimizi istisna etmir. Başqa sözlə, rəisin ali dini təbəqəyə malik olması onun dünyəvi hakim olmağına heç bir maneə yaratmır. Əksinə, məhkəmə ilə bağlı səlahiyyətlərini həyata keçirərkən şəriət normaları çərçivəsindən kənara çıxmaması üçün rəisin mükəmməl dini biliklərinin olması son dərəcə zəruri idi.

Yeri gəlmişkən qeyd edək ki, onun ali dini təbəqəyə mənsub olması ilə bağlı paradoksal görünən başqa məqamlar da vardır. Məsələn, hörmətli tarixçi E.Kəlbizadənin maraqlı araşdırmasından da məlum olduğu kimi, Yusif Kuseyir oğlu türbəsinin "giriş hissəsi orta əsrlərin islam qanunlarında nəzərdə tutulduğundan fərqli olaraq qibləyə, yəni cənub-şərq istiqamətinə deyil, qərb istiqamətində baxır". Müəllifin fikrincə, "bəlkə, Memar Əcəmi abidəni Şeyxlərin rəisi olan Yusif Küseyir oğlunun öz vəsiyyətinə əsasən bu cür tikib. Ola bilərdi ki, o, məşhur şeyxlərdən birinin tələbəsi olsun məzarının məhz ustadının məzarına istiqamətlənmiş olmasını vəsiyyyət etsin. Orta əsrlərdə belə faktlara bir çox hallarda rast gəlinib. Məsələn, dünyanın fatehi olan Əmir Teymur ölərkən ustadının ayaq tərəfində dəfn olunmasını istəyib".

Göründüyü kimi, ilk baxışda ziddiyyətli görünən müəyyən halların tamamilə sadə izahlarının olması mümkündür.

Yusif Küseyir oğlunun hakim kimi fəaliyyət göstərməsinə dair mülahizəmiz həqiqətə yaxın olan bir ehtimaldır. Qənaətimizə görə, bu görkəmli şəxsiyyətin haqqında yazılı məlumatlar mütləq olmuşdur və hazırda haradasa qalmaqdadır. Onları tarixin qaranlıq səhifələrindən gün işığına çıxarmaq üçün sadəcə olaraq daha ciddi elmi araşdırmalar aparılmalıdır. Məhz bu vaxt bizim irəli sürdüyümüz sözügedən ehtimalın həqiqiliyi öz təsdiqini tapa bilər. Ümidvarıq ki, tarixçilərimiz həmin ehtimalın izi ilə gedərək bu məsələni daha tutarlı dəlillərlə aydınlaşdırmağa nail olacaqlar.

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

525-ci qəzet.- 2023.- 20 aprel.- S.13.