Üç meymunun gerçək üzü

 

 

Türkiyədə daha çox rast gəldiyimiz, amma son zamanlar bizim dilimizə daxil olan bir ifadə var: "Üç meymunu oynamaq". Ötən illərdə hətta kiçik suvenirlərini görmüşdüm o görməyən, eşitməyən, danışmayan meymunların. Əlləri ilə gözlərini, qulaqlarını ağzını bağlayan bu üç meymun həm Türkiyədə, həm bizdə həqiqətlərə gözünü qapadıb, gerçəkləri dinləmədən söyləmədən hiyləgərliklə aradan çıxmağı, el dilində desək,"ağrımayan başına dəsmal bağlamamağı" təmsil edir. İndiki dövrümüzə görə dəyərləndirsək, "yaşamağın yolunu elə o üç meymun tapıb" deyə düşünə bilərdim, əgər həmin meymunların gerçək, bizim mənalandırdığımızdan tamamilə fərqli hekayəsini bilməsəydim.

"Üç meymun"un kökləri qədim Yapon Koşin Folk ənənələrinə gedib çıxır. Sən demə, bu meymunlar yaponca adları belə olan üç ağıllı, alim meymunlardır. Biri Mizaru, o biri Kikazaru, sonuncusu isə İvazaru adlanır onlar insanlara heç görməməyi, kar lal olmağı təbliğ etmirlər. Bu şirin, sevimli meymunların niyyətləri özləri kimi sevimli nəcibdir:

İki əli ilə gözlərini bağlayan meymun Mizaru pis gözlə baxmamağın simvoludur.

Qulaqlarını bağlayan Kikazaru insanlara pis sözləri, pis söhbətləri dinləməməyin, eşitməməyin mesajını ötürür.

Əlləri ilə ağzını yuman meymun İvazaru isə pis söz danışmamağı, şər atmamağı, yalan söyləməməyi öyrədir.

İlk olaraq Yaponiyada ortaya çıxan bu "Üç meymun" fəlsəfəsinin əslində, Hindistanda yarandığı, buddist rahiblər tərəfindən öncə Çinə, oradan da Yaponiyaya getdiyi deyilir. Hindistanda isə üç meymun fəlsəfəsi Vadjira düşüncəsindən gəlir. Görməsək, eşitməsək, danışmasaq, şeytan da bizə toxunmaz, işimizə qarışmaz. Vadjira üç gözü bir çox əli olan mavi üzlü qorxunc tanrıdır daima əlləri ilə ağzını, gözünü qulaqlarını qapadır. Belə etməklə insanlara bu mesajı ötürür: pisliklərdən uzaq durun. Bəlkə bu mesaj sözlə deyilsə, bu qədər anlamlı təsirli olmazdı, diqqət çəkməzdi. Gözə xitab edən ağılda qalan "Üç meymun" fiquru ilə bu mesajın insanlar üzərindəki təsiri daha güclü olub ki, günümüzə qədər gəlib çıxmağı bacarıb. Amma necə?

Bəs niyə bu gün həmin fiqurlar əslində olduğu anlamdan uzaqlaşaraq tamamilə fərqli biçimə keçiblər? Bəlkə də, bu, dəyişən zamanla bağlıdır. Çox vaxt müasir olmaq adı altında bizə öz köklərimizdən, mənəvi kimliyimizdən, hətta bəzən insani duyğularımızdan belə uzaqlaşaraq hissiz, duyğusuz, vecsiz bir varlıq olmağımız təbliğ edilir. Sanki bilərək, istəyərək insanlar vecsizliyə sürüklənirlər. Lakin biz gözlərimizi, qulaqlarımızı pisliklərə qapadıb, yaxşılıqlara, gözəlliklərə açsaq, dilimizdən yalan sözlər, kobud ifadələr deyil, səmimi, xoş kəlmələr süzülsə, onda dünya daha gözəl və daha yaşanılası bir yer olar...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 20 aprel.- S.12.