Nəğmə-nəğmə parlayan bəstəkar imzası: Firəngiz Babayeva
Azərbaycan bəstəkarlıq məktəbinin
dəyərli nümayəndələrindən
biri, onlarla sevilən mahnının müəllifi Firəngiz Babayeva həm də özünün təvazökar xarakteri, sakit, səssiz təbiəti ilə tanınır və sevilir. Ondan bəhs edən
hər kəs "olduqca təvazökardır"
deyir. Bu təvazökarlığı bütün
həyatı və yaradıcılığı boyunca
bəstəkarı izləyib.
Hər zaman səssizcə öz yaradıcılığı
ilə məşğul
olan Firəngiz xanım yalnız misilsiz mahnılarıyla, yazdığı gözəl
musiqilərlə tanınıb.
Firəngiz Seyfəl qızı
Babayeva 1949-cu il oktyabrın 24-də
anadan olub. Ta uşaq yaşlarından özünü göstərən
həvəs və maraq onu Bülbül
adına musiqi məktəbinə gətirib. Məktəbli qız hələ
16 yaşında ikən
- 1965-ci ildə musiqi məktəbinin fənn müəllimi Gülər
Rzayevaya musiqi həvəsindən və
öz yazdığı
melodiyalardan bəhs edir. Bundan bəstəkar, professor Azər Rzayev də xəbər tutandan sonra gənc qızın yazdığı notları
Azərbaycan Televiziyasındakı
həmkarlarına göstərir.
Beləliklə, 1967-ci ildə 11-ci sinif şagirdi Firəngiz Babayevanın
ilk mahnısı lentə
yazılır. Bu, Mikayıl Müşfiqin sözlərinə yazılmış
"Ulduzlar nəğməsi"
mahnısı idi.
Mahnını dövrün məşhur
müğənnilərindən Gülağa Məmmədov
oxuyurdu.
Bəstəkar özü həmin
məqamı belə xatırlayır: "Kiçik
pyeslər yazırdım,
ancaq mahnı yazmaq ən böyük arzum idi. Bir dəfə sevimli
şairimiz Mikayıl Müşfiqin şeirlər
kitabını vərəqləyirdim.
"Ulduzlar" şeirini gözüm tutdu. Özümü sınadım. Pianonu dilləndirdim, mahnının
ilk notlarını kağıza
köçürtdüm. Beləliklə "Ulduzlar" mahnısını
yazdım".
Gənc yaşlarından musiqilər
yazmağa başlayan bəstəkar onları Bəxtiyar Vahabzadənin, Rəfiq Zəkanın və başqa şairlərin sözlərini
uyğunlaşdırırdı. Lakin bir
gün "Şüştər"
muğamının üstündə
həzin, kövrək
bir musiqi yazsa da, uzun
müddət musiqiyə
uyğun, ürəyinə
yatan sözləri tapa bilmir. Bu musiqiyə şeir axtarışı onu Fikrət Qoca yaradıcılığına gətirib
çıxarır və
o, Fikrət Qocanın
"Gecə yaman uzundur" şeirini həmin kövrək notlarla qovuşduraraq, illərdir, neçə-neçə
nəslin dilində əzbər olan, uşaqdan-böyüyə hər
kəsin sevərək
dinlədiyi o məşhur
mahnını yazır.
Mahnını 1968-ci ildə görkəmli
pianoçu Gülarə
Əliyevanın yenicə
yaratdığı "Dan ulduzu" ansamblı ifa edir. 1969-cu ildə Flora Kərimovanın ifasında
mahnı lentə yazılır və efirlərə çıxır.
Mahnının lentə yazılması maraqlı hadisə ilə yadda qalıb. Əsər lentə alınarkən
dövrün məşhur
cərrahı və bəstəkar İbrahim Topçubaşov da orada imiş. O, mahnının bəstəkarını
ilk dəfə idi ki görürdü və mahnı yazılıb bitəndən
sonra 20 yaşlı musiqiçiyə maraqlı
bir sual verir: "Siz bu mahnının mənasını bilirsiniz?"
Qəfil
gələn sual gənc qızı duruxdurur və o, verəcək cavab tapmır. Bu zaman İ.Topçubaşov fikirli
halda deyir: "Vaxt gələr ki, bu mahnının
ağırlığını, mənasını bilərsiniz".
Gözümün işığına
Hər kiprik bir yük
olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən
də
Bir gecə böyük olur,
Gecə yaman uzundur.
Sonralar Fikrət
Qoca xatirələrində
qeyd edir ki, mahnını ilk dəfə eşidəndə
onun musiqisinin uzaq 1963-cü ildə şeiri yazarkən ürəyimdə səslənən
musiqi ilə eyni olduğuna heyrət etdim. Çünki həmin misraları qələmə alanda mən məhz bu musiqini eşidirdim.
Məəttəl qaldım ki,
bu musiqi mənə nə qədər tanışdır.
Sonradan yadıma düşdü ki, bu, şeiri
yazarkən özlüyümdə
səslənən musiqidir".
Bu mahnıdan sonra
Firəngiz Babayeva dəfələrlə Fikrət
Qoca sözlərinə
müraciət edir. "Dəcəl
ürəyim", "Gəl,
səhərim!", "Göylər
mavi nəğmədir",
"Gül açıb",
"Ürəklə oynamazlar"
və sair kimi insan qəlbini
riqqətə gətirən,
duyğularımızın tərcümanı məşhur
mahnılar beləcə
yaranır. Amma maraqlıdır ki,
bu gözəl mahnıların müəllifləri
bir-birini tanımırdılar,
çünki heç
cür üz-üzə
gəlməmişdilər. Ta
1983-cü ilə kimi.
İlk mahnının
- "Gecə yaman uzundur" nəğməsinin
yaranmasından düz
15 il sonra müəlliflər görüşürlər
və Fikrət Qoca bu təvazökar,
öz təbirincə
desək, "şüşə
kimi zərif" bəstəkar haqqında məqalə də yazır.
Firəngiz Babayevanın ən
çox müraciət
etdiyi şairlərdən
biri olan Xalq şairi Fikrət Qoca onunla ilk görüşünü
xatırlayarkən deyirdi:
"Biz onunla bir neçə mahnı işləmişik. Onu görəndə
məndə dəqiq bir fikir yarandı
ki, çox zərif bir insandır. Lap şüşə
qədər zərif..."
1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü olan Firəngiz Babayeva indiyədək M.Müşfiq,
B.Vahabzadə, R.Zəka,
F.Qoca, C.Cabbarzadə, R.Zəbioğlu, H.Məmməd,
D.Nəsibli, Ə.Yusifli,
B.Vəziroğlu və
başqa Azərbaycan şairlərinin sözlərinə
"Bəxtimin ulduzu",
"Bilə-bilə", "Canım Araz", "Gəl, əzizim!",
"Gözlərə inan",
"Könlüm", "Mənim Arazım",
"Yadıma sən düşdün" və
bu kimi bir-birindən
populyar mahnılarla adını estrada sənətimizə yazdırmağı
bacardı.
Həmçinin, "Piano üçün pyeslər" (1992),"Xalq
çalğı alətləri
orkestri üçün
"Sözsüz mahnılar"
(1993),"Tar və simfonik
orkestr üçün
konsert" (1995), "Piano üçün
prelüdlər" (1997), "Kamança ilə piano üçün sonatina"
(2013-2014) və başqa
əsərlərlə də
Azərbaycan musiqi sənətinin zənginləşməsinə
xidmət edib.
Musiqi könlün
qidası, ruhun dinclik mənbəyidir. Musiqi ilə
məşğul olmaq
isə təkcə öz ruhunu deyil, yüzlərlə, minlərlə, bəlkə
də milyonlarla ruhu rahatlığa qovuşdurmaq, könüllərə
dinclik bəxş etməkdir. Bu mənada, əsl musiqiçi ömrü yaşayan, yazdığı
əsərləri ilə
insanların duyğularına
tərcüman olmağı
bacaran, cəmi yeddi notun əsrarəngiz
düzülüşləri ilə bir dünyalıq
hissləri ifadə etməyə qadir sənətkarları xoşbəxt
hesab edə bilərik. Yuxarıda adını çəkdiyimiz
və çəkmədiyimiz
onlarla mahnıları,
əsərləri ilə
əsl musiqiçi ömrü yaşayan bəstəkar Firəngiz Babayeva da həmin
xoşbəxtlərdəndir. Həm də ona görə
xoşbəxtdir ki, üstündən yarım
əsrdən çox
zaman keçməsinə
baxmayaraq, yazdığı
əsərlər yaşayır
və öz müəllifini də yaşadır.
Heç
şübhəsiz ki,
bir yerlərdən qulağımız "Gəl,
səhərim" sözlərini
eşidəndə qəlbimiz
onun melodiyası
ilə birgə pıçıldayır:
Gəl,
səhərim, səhərim,
Qəlbim sənə bağlı.
Gəl oyansın şəhərim,
Nəğməli, vüqarlı.
Ya da könlümüz oynaq musiqi həsrəti
çəkəndə ruhumuz
öz "Töhfə"sini
gecikdirmir:
Səhər kimi şəfəqlərə
Günəş olub doğulsun.
Hər könülə, hər ürəyə
Bu nəğməmiz töhfə olsun.
Bu gül nəfəsli nəğmə,
Bahar həvəsli nəğmə
Ən xoş, ən xoş
Töhfəmiz olsun,
Ürəkdən sevənlərə.
Bir şairin
sevənlərə ən xoş töhfəsi
şeirləridirsə, bir bəstəkarın
da o şeirlərə
yazdığı və duyğularımıza hopdurduğu
nəğmələridir. Elə nəğmələr ki, onları canlandıran insanı əbədi
yaşada bilər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 20 aprel.- S.11.