Fəlsəfə qıtlığı,
yoxsa düşüncə yoxsulluğu?
"TUTAR - QATIQ, TUTMAZ - AYRAN"
2019-su ildə "Xəzər TV"nin
"Könül dünyamız" verilişində Səyyarə
xanımın qonağı idim. Veriliş mənim yeni
çapdan çıxmış "Kinonun fəlsəfəsi"
kitabımın müzakirəsinə həsr olunmuşdu.
Səyyarə
xamım söhbətə çox maraqlı sualla
körpü saldı: "Əlisəfdər müəllim, nə
üçün, kinonun nəzəriyyəsi, yaxud
estetikası yox, məhz fəlsəfəsi?!"
Mən belə cavab verdim ki, çoxları fəlsəfəyə
mürəkkəb, çətin elm kimi bir qədər kənardan
və uzaqdan baxsalar da, əslində bu elm bizim
düşüncə və həyat tərzimizin dəyişməz
atributlarından biridir. Uşaq artıq dünyanı dərk eləməyə
başladığı andan fəlsəfi düşüncə
və həyat tərzi orbitinə daxil olur - gördüklərini
yadda saxlamağa, bir-birindən fərqləndirməyə,
anlayışları sözə, fikirlərini cümləyə
çevirməyə başlayır, pisi yaxşıdan,
gözəl olanı eybəcərdən, babasını nənəsindən
məhz ağlın köməyi ilə fərqləndirir...
İndi isə hamıya tanış olan
belə bir situasiyaya baxaq: axşam evə gedib televizoru
yandıran, yaxud telefonu açıb internetə daxil olan kimi
müxtəlif kommunikasiya kanalları ilə bizə yönləndirilmiş
informasiya hücumuna məruz qalırıq. Ən
çox təklif olunanlar isə audiovizual materiallar, yəni
filmlər, kliplər, reklam çarxlarıdır və hər
bir kanal səylə bizə çatdırmaq istəyir ki, guya
aktual, doğru olduğuna görə məhz onun təklif
etdiyi materiala baxmaq lazımdır. Bax, bu
cür hücumların təsirindən qorunmaq,
özünü itirib təsir altına düşməmək,
bu materialların hansının sənət, hansının
psevdosənət, hansının xeyirli, hansının zərərli
olduğunu müəyyən etmək üçün istinad
edə biləcəyimiz biliklər məhz fəlsəfi biliklərdir.
Deməli, fəlsəfə bizim həyatı,
reallığı, insan şüurunun, əməyinin məhsulu
olan hər şeyi düzgün qavramağımız
üçün bilməli olduğumuz bilgilərdir. Bu mənada kinonun fəlsəfəsi də ekran əsərlərini
- film, klip, reklam çarxı olsun fərqi yoxdur - düzgün
qavramaqda və qiymətləndirməkdə, nəyə
baxmağın vacib olduğunu müəyyən etməkdə
bizə kömək edir.
Cavabım Səyyarə xanımı qane elədi və
söhbət öz axarına düşdü.
Fəlsəfənin insan şüurunun məhsulu olan hər
şeylə sıx bağlı olduğunu sübut edən
faktlar çoxdur. Onlardan biri və ən təkzibolunmazı
elmi dərəcələrin adlarında aparılan dəyişiklikdə
özünü göstərir. Əvvəllər
hər hansı bir elm sahəsində birinci alimlik dərəcəsi
"elmlər namizədi" kimi təsbit olunmuşdu. Normal təfəkkür və dil qanunları müstəvisində
bu söz birləşməsindən heç nə başa
düşmək olmurdu. Doğrudan da,
fizika elmləri namizədi nə deməkdir? Fizika özü bir elmdirsə, cəm şəkilçisi
ilə nə üçün onun bölmələri də
ayrıca elm kimi təqdim olunur? İfadənin
sonundakı mənsubiyyət şəkilçisi nəyi
bildirir - bu elmi dərəcəni daşıyan şəxsin
fizika elminə mənsubluğunu (??!!), yoxsa tədqiqat
işinin fizika elminə aid olunmasını?
Bu dolaşıq sualların cavablarını
tapmağı filologiya elmləri doktorlarının
ixtiyarına buraxıb keçirəm elmlər namizədlərinin
varisləri olan fəlsəfə doktorlarına.
Elə bəri
başdan deyim ki, bu gün hər hansı bir elm sahəsində
köhnə terminlə desək, namizədlik dissertasiyası
müdafiə edən şəxsə həmin sahə üzrə
fəlsəfə doktoru adının verilməsini mən nəzəri
cəhətdən düzgün addım hesab edirəm,
çünki fəlsəfə - elmlər elmi, yəni
bütün elmlərin açarıdır və bu kontekstdə, məsələn,
kimya üzfə fəlsəfə doktoru ifadəsi kimyanın
fəlsəfəsi sahəsində uğurlu elmi işin müəllifi
anlamı verir. Bu isə o deməkdir ki, bu sahədə elmi
iş yazmaq üçün təkcə kimyanın fəlsəfəsini
yox, ümumiyyətlə, fəlsəfəni mükəmməl
şəkildə bilmək tələb olunur. Belə
bilgisi olmayan şəxsin ümumiyyətlə, elmi-tədqiqat
işi aparması absurddur.
Çox
gözəl! Elə isə sual olunur: Elmlə məşğul
olmaq istəyənlərin, yaxud olanların fəlsəfi
biliklərinin diaqnostikası necə aparılır və
ümumiyyətlə, aparılırmı? Əgər
aparılırsa, o, müasir tələblərə cavab
verirmi?
Adyunkturaya
qəbul imtahanlarından birinin fəlsəfə fənnindən
olması təskinlik üçün kifayət deyil,
çünki bu, cavabını tələb edən növbəti
sual doğurur: 3 qəbul imtahanından niyə məhz ingilis
dili imtahanı kənar müdaxiləni istisna edən dövlət
imtahan mərkəzində keçirilir?
Fəlsəfə təbiət, cəmiyyət və
şüurun qanunauyğunluqları haqqında elmdir. Təbiətin,
cəmiyyətin və şüurun ümumi qanunlarını
mükəmməl şəkildə bilməyən bir şəxsin
təbiət (coğrafiya, biologiya, fizika, kimya), məntiq
(riyaziyyat), cəmiyyət (tarix, sosiologiya, psixologiya) elmləri
sahəsində uğurlu tədqiqat işləri apara biləcəyinin
ehtimalı çox azdır.
Mən dəfələrlə stajlı alimlərin fəlsəfənin
çətin, mürəkkəb və hətta
lazımsız bir şey olması barədə söhbətlərinin
şahidi olmuşam. Fəlsəfənin dərinliklərinə enməyin
"dəlilik" sindromu yaratması barədı miflər
uyduranları da az görməmişəm.
Görəsən, onlar bəyənmədikləri,
anlamağa çətinlik çəkdikləri fəlsəfənin
doktoru adını necə, nəyin hesabına qazanıblar və
bu adı hansı haqla daşıyırlar?
Fəlsəfi bilik yoxsulluğunun,
qıtlığının hansı absurd situasiyalara gətirib
çıxara biləcəyinə dair bir əhvalat
danışım.
Beş il əvvəl, necə deyərlər,
saqqızımı oğurlayıb məni bir dissertantın
elmi rəhbəri olmağa razı saldılar. İnstitutu
yenicə bitirmiş gənc oğlan idi. İlk
tanışlıq günü soruşdum ki, neçə dil
bilirsən? Məlum oldu ki, Azərbaycan
dilindən başqa, heç bir dili bilmir. Dedim,
sənin araşdırdığın sahə üzrə
öz dilimizdə elmi ədəbiyyat yox dərəcəsindədir.
Necə tədqiqat aparacaqsan? Dedi ki, elektron
tərcümə proqramlarının köməyindən
istifadə edəcəm. Bir müddət sonra
araşdırdığı mövzunun hansısa bir tezisi ilə
bağlı 3 səhifəlik bir məqalə gətirdi ki,
baxıb rəy verim. Baxdım və gördüm ki, alim
olmaq istəyən bu şəxs heç ana dilini də fərli-başlı
bilmir, çünki mən - 40 ilin yazarı onun gətirdiyi bu
mətnin nə olduğunu müəyyən edə bilmirdim - nə
cümlələrin içindəki sözlər, nə də
cümlələrin özləri bir-biri ilə uyuşurdu,
mübtədası olan cümlənin xəbəri qeybə
çəkilirdi, xəbəri olan cümlənin mübtədası
yoxa çıxırdı...
Nə isə, anladım ki, ən yaxşı halda bu
dissertant mənə əməllicə başağrısı
olacaq, ən pis halda isə tragikomik bir oyunun
iştirakçısına çevriləcəm. Ona görə də oturub
rektofun adına kamali-səliqə ilə
bir ərizə yazdım ki, səhhətimdə yaranan problemlər,
işimin çoxluğu və digər qayğılar mənə
bu dissertantın axtarışlarını düzgün məcraya
yönəltməyə, onların intensivliyini tezləşdirməyə
mane olur və bu səbəbdən xahiş edirəm məni
onun elmi rəhbəri vəzifəsindən azad edəsiniz.
Bu da olsun növbəti "nə isə".
Riyazi məntiqdə
çevriliş eləmiş məşhur ingilis filosofu Bertand
Russel fəlsəfə və elmin fərqini belə ifadə
edir: "Elm bizim bildiklərimiz, fəlsəfə isə bilmədiklərimizdir".
Əgər nəzərə alsaq ki, bilmədiklərimizi
aşkar etmək bildiklərimiz üzərində müəyyən
əməliyyatlar aparmaqdan qat-qat çətindir,
dünyanın dərk olunması prosesində fəlsəfənin
əhəmiyyəti barədə aydın təsəvvür
yaranar.
Alim "Fəlsəfənin dəyəri nədir?"
sualına cavabında fikirlərini
daha da dərinləşdirərək qeyd edir ki, fəlsəfənin
iki oblast üzrə dəyəri vardır. Onlardan
biri hələ elmi sferaya düşə bilməyən
şeylər üzrə düşüncələrə
yardımçı olmaqdır. İş
burasındadır ki, elm insanları maraqlandıran, həm də
maraqlandırmalı olanların çox az
mislini əhatə edir, insanları bütün yerdə
qalanlarla maraqlandırmaq işini isə fəlsəfə
öz üzərinə götürməli olur. Böyük
önəmə malik çoxlu elə nəsnələr var
ki, elm onlar haqqında çox az bilir. Ona görə də insan düşüncələrinin
hansısa bir çərçivədə ilişib
qalması düzgün deyil. Fəlsəfənin
daha bir dəyəri dünyanın quruluşu haqqında təxəyyülün
hüdudlarını genişləndirməsindədir. Və nəhayət, fəlsəfənin önəmli
sayıla biləcək dəyərlərindən biri də bəlli
olduğunu saydığımız bir çox nəsnələr
üzrə bilmədiklərimizi bizə anlatmasındadır.
O, bir yandan bizi öyrənə biləcəklərimizi
qavramağa yönəldir, digər tərəfdən bilik
saydığımız çoxlu nəsnələrin
yanlış olduğunu anladır.
Bu fikirlərdə fəlsəfənin əhəmiyyəti
o qədər dəqiq ifadə olunub ki, nə isə əlavə
eləməyə ehtiyac qalmır. Doğrudan da, fəlsəfə
bütün cikinə-bikinə bələd olduğumuzu
düşündüyümüz dünyanı bizə
başqa qiyafədə göstərir, ayrı-ayrı nəsnələr,
dəyərlər, anlayışlar barədə fikir və qənaətlərimizi
dəyişir.
Fəlsəfənin
mürəkkəb problemləri bir yana, onun əlifbasından
bixəbər şəxs "gözəl" və
"yaxşı" anlayışlarının fərqini də
bilməyəcək, bu anlayışları bir-birinin əvəzinə
işlədəcək. Dünyanı
düzgün qavramaq isə, fiıosof Niyazi Mehdinin təbirincə
desək, əslində, anlayışların bildirdiklərini
düzgün qavramaqdan başlayır.
Təsadüfi hallar nəzəriyyəsi ehtimal, əminlik
kateqoriyaları, bilavasitə fəlsəfi dayaqlar üzərində
qurulmuş metodlar dəqiq elmlər sahələrində
aparılan tədqiqatlarda uğurla tətbiq olunur. Son dövrlər
humanitar elmlərdə, xüsusilə də tarix və ədəbiyyatşünaslıqda
da belə metodlardan yan keçmək olmur. Qədim əlyazmaların
taleyi, yaxud müəllifinin kimliyi barədə yekdil fikir
olmayan əsərlərin əsl müəlliflərinin
aşkar edilməsi, müxtəlif təxəllüslərdə
yazmış ədiblərin halal müəlliflik hüququnun
tanınması və s. sahələrdə qeyri-müəyyənliyin
aradan qaldırılması və həqiqətə daha
yaxın versiyaların irəli sürülməsi məhz
yuxarıdakı parametrlərə əsaslanan riyazi
statistikanın sayəsində mümkün olmuşdur. Bir misal çəkim. Ötən
əsrin sonlarında "Sakit Don" romanının
M.Şoloxov yox, başqa müəllif tərəfindən
yazılması barədə versiya irəli
sürülmüşdü. Əsərin əsl
müəllifinin kimliyi ilə əlaqədar yaranan sualları
məhz riyazi statistika aradan qaldırdı. Bu əsər
və yazıçının digər əsərlərinin mətnləri
frazeoloji struktur, cümlə quruluşu, ayrı-ayrı
sözlərin işlənmə tezliyi və digər parametrlər
üzrə tutuşduruldu, müxtəlif versiyaların əminlik,
ehtimal səviyyələri riyazi məntiqlə
araşdırıldı və belə bir nəticəyə gəlindi
ki, romanın müəllifinin Şoloxov olması ehtimalı
göstərilən şəxslə müqayisədə
qat-qat çoxdur.
Dolaşıq məsələlərdən biri də rasional yox, intuitiv təfəkkürə söykənən yaradıcılıq sahələri - bədii ədəbiyyat, musiqi, rəngkarlıqla fəlsəfənin ilişgiləri ilə bağlıdır. İlk baxışdan elə təəssürat yaranır ki, bu əlaqələr çox kövrəkdir, yaxud ümumiyyətlə, mövcud deyil, çünki yaradıcı subyekt ətraf aləmi qavrayıb əks etdirməkdə azaddır, ən pis halda isə klassik, səlis məntiqin yox, qeyri-səlis məntiqin paradiqmalarına üz tutmalıdır. Təcrübə isə tam əksini deyir. Əvvəla, qeyri-səlis məntiq çoxlarının düşündüyü kimi düşüncə sistemsizliyi anlamı vermir, əksinə, düşüncənin, mühakimələrin reallığa uyğunluğunu həqiqətə çevirir. Digər tərəfdən, real faktlara əsaslanaraq sübut olunub ki, fəlsəfi bilgiləri qıt olan şəxslər bədii ədəbiyyatı, incəsənət əsərlərini düzgün qavramaqda çətinlik çəkir, daha çox bayağı şoulara, psevdosənət nümunələrinə meyl edirlər.
Bizim hər günümüz, hər saatımız doğruluğu şübhə doğurmayan qəti hökmlərin yox, hardan başlayıb harada bitməsi məlum olmayan gümanların, ehtimalların diktə, təsir və təzyiqi altındadır və yaşadığımız problemli dünyada bizə hücum çəkən bu problematik mülahizələri, situasiyaları "doğru - yalan" şkalasında qiymətlındirmək macalımız o qədər azdır ki, yeganə təskinliyimiz "Tutar qatıq, tutmaz ayran" təskinliyidir.
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2023.- 21 aprel.- S.17.