Qələmsiz yazılanlar

status-esselər

 

 

Sosial şəbəkələr yaxşı-pis cəhətləriylə həm də insanları qiymətləndirmək vasitəsidir. Qəliz, ekstremal situasiyalarda, hay-küy içərisində insanların davranışlarını müşahidə edib, tərbiyə, nəciblik, kübarlıq kimi keyfiyyətlərin süni, yoxsa gendən gəldiyini müəyyənləşdirmək olur.

lll

Yaradıcı adamları qınamaqdan, aşağılamaqdan asan və təhlükəsiz bir şey yoxdur. Bütün problemləri yıx onların üstünə, ittiham elə, vəssalam, günahkar tapıldı!

Şairə-yazıçıya, jurnalistə təlimat vermək bəlkə də, bir az asandır, amma bəstəkar və rəssam, rəqqasə və aktyor, baletmeyster və s. neyləməlidir, bunu fəhm etmək qəliz və çətindir. Məsələn, rəssama məsləhət vermək eşqinə düşəndə gərək fırçanı götürüb nümunəvi çıxış yolunu da göstərəsən axı...

lll

Həqiqi istedadlar həm də böyük ürək sahibi olurlar, kindən, nifrətdən uzaq durub bağışlamağı bacarırlar.

lll

İstinad etmək peşəkarlıqdır, kübarlıq və mədəniyyət göstəricisidir

Genişlənən informasiya məkanında, az qala, hər kəsin jurnalistikaya iddia etdiyi indiki dövrdə ən təəssüf doğuran məqamlardan biri də başqasının əməyini sahiblənmək, yazdıqlarını öz adına çıxıb istinadsız yaymaqdır. Son illər daha çox sosial mediada və yeni yaranan media subyektlərində müşahidə olunan bu tendensiyaya bəzən özünü peşəkar adlandıranların da "yaradıcılığında" rast gəlinir və təəssüf doğurur.

Belə xoşagəlməz nümunə ilə növbəti dəfə bu gün səhər üzləşdik.

Dünən terror aktına məruz qalmış millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını bu gün səhər zəng edərək Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevə verib. Bır sıra media subyektləri kübarlıq və peşəkarlıq göstərib materialı istinadla yaydıqları halda, bir çox saytlar bu açıqlamanın, ümumiyyətlə, necə və haradan peyda olduğunu eyninə belə almadan ata malı kimi mənimsəyiblər.

Heç bir peşəkar ölçülərə sığmayan bu addım jurnalistlərin etik davranış qaydalarına birmənalı olaraq ziddir. Hansısa informasiyanı, materialı istinadla vermək heç kimə əskiklik gətirmir, əksinə, bu peşəkar prinsiplərə əməl edən jurnalistin və media subyektinin özünə hörmət qazandırır. İstinad etmək peşəkarlıqdır, kübarlıq və mədəniyyət göstəricisidir.

Bütün həmkarlarımızı bir-birinin əməyinə hörmətlə yanaşmağa çağırırıq.

lll

Millət vəkili, əziz Fazil Mustafaya şəfa arzulayıram.

Keçmiş olsun!

Belə hadisələrin sifarişçilərinin niyyətinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq olduğu aydın məsələdir.

Bəzilərinin o dəqiqə ya emosionallıqdan, ya da qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir.

Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq. Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək, iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub.

Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq.

Tanrı dövlətimizi qorusun!

lll

Xırdalan qəbiristanlığında doğmaların məzarını ziyarət edərkən unudulmaz şairimiz Şahmar Əkbərzadənin məzarına rast gəldim. Ruhuna dua oxudum, yaradıcılığını xatırladım, şairin məşhur "Laçın dağlarına məktub" şeirindən bir neçə bəndi məzarı başında səsləndirdim.

Ruhu şad olsun!

lll

Görürəm, Dövlət Kukla Teatrı Suqovuşanda, Talışda Novruz şənliyində  konsert proqramı ilə çıxış edəndən sonra indi də Salyan və Lənkərana qastrola gedir, yerli teatrsevərlərə "MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH" tamaşasını göstərəcəklər. Şuşa Dövlət Musiqili Dram Teatrı Qusarda, Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə, "Yuğ" teatrı Şamaxıda çıxış edəcək.

Teatrlara nəfəs, aktyorlara həvəs gəlib.

Enerjiniz tükənməsin, şövqünüz azalmasın!

lll

Bayram gününün 3 pozitiv hadisəsi:

30 ildən sonra Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib, aşıq havaları səsləndirilib, kəndirbazlar, pəhləvanlar, eləcə də ölkənin tanınmış incəsənət nümayəndələri çıxış ediblər. Azərbaycan Dövlət Kukla Teatrının "Oyuq" teatr-studiyasının ifasında "Can Qarabağ" adlı rəngarəng konsert proqramı təqdim olunub.

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramı xüsusi coşqu ilə qeyd edilib. Ağalı sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayıblar. Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə canlı yayımlanan konsert proqramı, səslənən milli musiqi və ifa olunan rəqslər böyükdən-kiçiyə hər kəsə əsl bayram ab-havası yaşadıb.

Baş prokuror Kamran Əliyev 85 illik yubileyi ilə əlaqədar Azərbaycan SSR Prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovun bağ evinə gedərək onunla görüşüb, Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycanın yubiley medalı ilə təltif edib.

lll

"...Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır".

Nankorluq və satqınlıq Prezident İlham Əliyevin nifrət elədiyi xüsusiyyətlərdəndir. Dövlətimizin başçısı Talış kəndindən Novruz bayramı münasibətilə xalqımıza ünvanladığı təbrikində bu məqamı xüsusi vurğuladı.

Bu naqis cəhətlər xislətdə varsa, ha gizlətsən də, ha pərdələsən də, itməyəcək, bir gün mütləq üzə çıxacaq.

Ermənistan cəmiyyətinin bu genetik xəstəlikdən yaxa qurtarması vacibdir. Onlar bu xislətinə görə tarix boyu nifrət qazanıblar. Riyakar sifətləri, yaltaq xüsusiyyətləri ilə bir müddət özlərini şirin salsalar da, sonda gen öz sözünü deyib - girəvə düşən kimi "sevdiklərinə" xəyanət ediblər, "dost" dediklərinin kürəyinə bıçaq sancıblar.

Belə əməllər, naqis, ikiüzlü davran

ışlar gec-tez ilahi ədalətin mühakiməsiylə qarşılaşır və qarşılaşacaq.

lll

Sosial şəbəkə təbriklərlə, xoş sözlərlə aşıb-daşanda necə gözəl görünür.

Kindən, nifrətdən uzaq!

Həmişə belə olsun!

Yaz yuyub aparsın bütün neqativləri!

lll

Torpaq və ilaxırın sinonimliyi düşündürücüdür.

Su da, od da, hava da... axırda torpağa çevrilir.

Ən axıra torpaq qalır.

Torpaqsız olmayaq!..

lll

Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Anar müəllim 20 ilə yaxın "Qobustan" jurnalına rəhbərlik edib, ilk üzv olduğu ictimai qurum Jurnalistlər İttifaqı olub. Mətbuat Şurasının diplomunu doğum günü münasibətilə Anar müəllimə təqdim etdik, xoş arzularımızı və minnətdarlığımızı bildirdik.

lll

"Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub".

Bu sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıyla Bakıda keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə deyib.

Albaniya Prezidentinin çıxışıyla başlayan tədbirdə keçmiş prezidentlər, Baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai xadimlər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, dövlət başçısı kimi misilsiz xidmətlərindən danışıb, onu müasir Azərbaycan dövlətinin memarı adlandırıblar.

Belə sanballı tərkibdə, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakıyla keçirilən bu tədbiri Ulu öndər Heydər Əliyevin 100 illiyinə layiqli və sanballı töhfə adlandırmaq olar.

lll

Əziz teatr xadimləri!

Siz fədakar insanlarsınız!

Fəaliyyətiniz, sənətiniz zərif təzimə və ehtirama layiqdir.

Milli Teatr Gününüz mübarək!

lll

Hər şey adiləşir; şüşə üzlüklü göydələnlərdən min cürə yeni icadlaracan.

Adiləşməyən, köhnəlməyən dörd ünsürdən biri Sudur!

Sucan ömrünüz olsun!

lll

Zamanın sürətlə fırlanan təkərlərini ləngitmək imkanınız olsa, Bülbülün "Təsniflər"ini dinləyin.

Xəfif xiffət, nostalji yaradacaq!

Keçmişin ağır və ləngərli yerişi lənglik yox, uzaqgörənlik, müdriklikdir, yaşamaqdan, sənətdən daha çox zövq almaqdır.

Sürət isə bəzən məğlubiyyətdir.

lll

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və bunun kimi digər təbii fəlakətlər bəşəriyyət üçün çox ağır sınaqlardır. Bu cür sınaqlardan yaxın və uzaq gələcəyə dair düzgün, insani nəticələr çıxarmaq təbii fəlakətin yaşatdığı ağrı-acını nisbətən xəfiflədə bilər.

Belə nəticələrdən biri də bu ağır və ağrılı günlərdə insanların, xalqların bir-birinə qarşı qəzəb, kin-küdurət hissindən arınmalarıdır. İndiki müsibətli məqamda biganəlik göstərmək, hətta qisas duyğusu ilə davranmaq, yaxud vədəsiz günahkar axtarışına çıxıb hirs-hikkə ifadə etmək son dərəcə ziyanlıdır. Yalnız ayrı-ayrı insanlar yox, bütöv cəmiyyətlər, müxtəlif ölkələr arasındakı münasibətlər üçün də keçərlidir bu fikir.

Türkiyəmizin, zəlzələ zonasındakı qardaş-bacılarımızın acısını bölüşən, əlində olanı qızırqalanmayan, bununla az da olsa mənəvi rahatlıq tapan hər kəsə təşəkkür düşür. Fərqli səbəblərdən qaynaqlanan düşmənçiliyi unudaraq dərhal yardım əlini uzadan insanlar da, dövlətlər də dərin minnətdarlıq duyğusu oyadır.

Bir quş dimdiyindəki su misalını unutmayaq.

Dünyamızın gələcəyinin təminatı mərhəmət, sevgi və qarşılıqlı anlayış göstərməkdədir.

lll

Ələkbər Sönməz gözəl şairdir, Kəlbəcərin Başlıbel kəndindəndir. Kəlbəcərin işğalından sonra 113 gün mühasirədə qalıblar. Əzizimiz, gözəl jurnalist Vüsalə xanım Məmmədova isə Başlıbel faciəsi haqqında təsirli filmin müəlliflərindəndir. Zəfərimizdən sonra birlikdə Başlıbelə gediblər. Vüsalə xanım Yazıçılar Birliyində Ələkbər Sönməzin "Bir ömrü mən belə yaşadım" kitabının təqdimatında şairin 30 illik həsrətdən sonra doğma kəndi ilə görüşü barədə təsirli çıxış etdi.

Şair "Qanlı Kaha" şeirini də o zaman Vüsalə xanıma müraciətlə yazıb.

lll

Bayrağımızı yandıranı alqışlayan, qucaqlayan, təbrik edən, qəhrəmana çevirən ətrafındakılar nə qədər rəzil durumda olduqlarını hiss etmirlər, kin-nifrət gözlərini pərdələyib.

Allah heç bir toplumu belə eybəcər vəziyyətə salmasın.

lll

Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olundu.

Adil Kərimlini mən uzun müddətdir tanıyıram. Hələ İctimai Televiziyada hüquq və beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışdığı vaxt Koreya Respublikasına birgə səfərimiz zamanı onu yaxından müşahidə etmək fürsətim olmuşdu. Gənc olmasına baxmayaraq, onun əhatəli biliyi, hazırlıqlı davranışları məndə böyük rəğbət doğurmuşdu.

Sonrakı illərdə göstərdiyi fəaliyyət də, məncə, kifayət qədər təqdirəlayiqdir. Azərbaycanın "Avrovizion"da təmsilçiliyi yönündə görülən işlərdəki rolu, Heydər Əliyev Mərkəzində çalışarkən mühüm mədəni tədbirlərin keçirilməsində fəal iştirakı yüksək qiymətləndirilib. Haqqında hər zaman müsbət fikirlər eşitmişəm. Son vaxtlarda da mədəniyyət nazirini əvəz edərkən yaradıcılıq təşkilatları ilə görüşlərindən hiss olundu ki, onun fəaliyyət prinsipləri Nazirliyə dinamika, yeni və konseptual yanaşma tərzi gətirəcək. Eyni zamanda yeni təyin olunan və Adil Kərimli ilə bərabər çalışacaq nazir müavinləri - həm Səadət Yusifova, həm də Murad Hüseynov mədəniyyət ictimaiyyəti arasında maraqla, rəğbətlə qarşılanan şəxslərdir. Fikrimcə, Nazirlikdəki yeni rəhbərliyin fəaliyyəti, nəhayət bu sahə ilə bağlı gözləntilərin doğrulmasına yol açacaq və ciddi irəliləyişə təkan verəcək. İnanıram ki, nazir Adil Kərimli başda olmaqla, çağdaş dünyagörüşünə, dinamik iş üslubuna malik bu komanda effektiv fəaliyyət göstərmək, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, sözügedən sahədəki sanballı adların diqqətdə saxlanılmasına da həssaslıqla yanaşacaq, layiqincə diqqət göstərəcək. Mədəniyyət Nazirliyindəki yeni rəhbər komandanın üzvlərini səmimiyyətlə təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm!

lll

"Azərbaycana can fəda!"

Səfər yoldaşım, Əməkdar həkim, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevlə Antalyada Dünya Ahıskalı Türklər Birliyinin iftar süfrəsinə qonaq olduq. Mərasimə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qatılmışdı. Nazir açıq havada, təxminən 2000 nəfərin iştirak etdiyi məclisdə bir-bir bütün masalara yaxınlaşdı, qonaqlarla səmimi görüşdü. Bizimlə qısa söhbətində isə "Azərbaycana can fəda" deyib ayrıldı. Bu sözləri təkcə 44 günlük Zəfərimizdə Azərbaycanın yanında olmuş Türkiyə rəsmilərindən deyil, sadə insanlardan da tez-tez eşidirik.

Biz də Türkiyəmizin yanındayıq. Onu həmişə güclü, sarsılmaz, bütöv görmək arzusundayıq. Bütün çətinliklərdən dəyanətlə çıxacağına əminik.

Türkiyəmizə can fəda!

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

525-ci qəzet.- 2023.- 21 aprel.- S.8;9