Şəhid anası

 

Vətən müharibəsi şəhidi Ayhan Haqverdiyevin anasını xəstəxanada hər kəsdən təcrid edilmiş palatada COVİD-19-la mübarizə aparan vaxtı tanımışdım. Öz dərdini unudub məni bağrına basmışdı, ana-bacı olmuşdu mənə. O anları yada salmaq istəmirdim, daha tab gətirəcək ürək qalmayıb məndə. Çünki o virus məndən can parçamı, canımı alıb aparıb.

Bu gün aldığım xəbərlə o qədər sarsıldım ki, hələ də özümə gələ bilmirəm. Bütün o anları yenidən yaşadım və nəfəsimin kəsildiyini hiss elədim. Bu yazını özüm üçün yox, şəhid anası İntizar ana üçün yazıram.

"Şəhidlər ölməz" deyib hər şeyi unuduruq. "Vətən sağ olsun" deyib kənardan şəhidləri qürurla anırıq. Şəhidlərimiz qürur yeri, and yerimizdir, ancaq o şəhidlərin anaları, ataları, övladları nə çəkirlər, çoxumuz bilmirik. Od düşdüyü yeri yaxar, deyirlər.

İntizar bacı çox cavan idi. Çox tez ailə qurmuşdu. Ayhan onun ilk övladıyıdı. Hələ təzəcə məktəbi bitirib əsgərliyə gedibmiş ki, müharibə başlayıb və cəbhəyə aparıblar... Ağlaya-ağlaya danışırdı ki, şəhid olmazdan iki-üç gün öncə gedib gördüm, əlimlə apardığım yeməklərdən yedirtdim, o qədər öpdüm, qucaqladım ki... Şəhid oldu. Qadın palataya sığmırdı, qıraqdan baxanda onun ciyərinin necə yandığını hiss etmək olurdu. İlahi, övlad dərdi ağır olur axı, sən necə qıyırsan analara?..

Ehh, nə bilim... Elə hey danışırdı oğluyla bağlı xatirələrdən, min bir əziyyətlə böyütmüşdü... Deyəcək sözləri çox idi, bizpalatada digər yoldaşımla  birgə dinləyirdik, öz aləmimizdə təskinlik verirdik. Övlad itkisinin təskinliyi olmurmuş heç, sonradan bildim. Fikri də qalmışdı digər oğluyla qızının yanında. Deyirdi, yaşaya bilmirəm, ancaq onları da tək qoya bilmirəm. Onun arxamca son baxışı heç ağlımdan çıxmır. Söz vermişdim oğlu haqqında yazı yazacaqdım. Amma mən uzun müddət özümə gələ bilmədiyim üçün verdiyim sözü yerinə yetirə bilmirdim. Onun da gözü yolda qalmışdı. Gücümü toplayıb şəhidimiz Ayhan Haqverdiyev haqqında - İntizarın min bir sözlə əzizlədiyi, oxşadığı nazlı balası haqqında yazı yazdım və "525-ci qəzet"də dərc olundu. O qədər sevinmişdi ki...

Bu gün təsadüfən statusuna baxdım, bir əhvalın soruşmaq istədim, mesaja qızı cavab verdi. Dedi ki: "Anamın ürəyi dayandı". Övlad itkisinə dözmədi, dözə bilmədi gözəl gözlü İntizar ana. Mənim ona vəfa borcum qaldı.

Ömrümün yetdiyi qədər Ayhanını unutdurmayacağıma söz verirəm. Bəlkə də, sən indi oğluna qovuşduğun üçün çox xoşbəxtsən, amma mən sənin üçün çox üzüldüm, şəhid anası!

 

 

 

Şəhid anası

 

 

Oğul acısıyla bitdi bir ömür,

Göynədi qəlbində həsrət yarası,

Paltarından aldın ətrin, qoxusun,

Qovuşdun oğluna, şəhid anası.

 

Ruhun rahatlığın tapar yəqin ki,

Qəlbin arzusuna çatar yəqin ki,

Oğlun öz qoynunda yatar yəqin ki,

Qovuşdun oğluna, şəhid anası.

 

Dözmədi ürəyin oğul dağına,

Sığındın torpağın buz qucağına,

Basmısan oğlunu indi bağrına,

Qovuşdun oğluna, şəhid anası.

 

Aysel NƏSİRZADƏ

525-ci qəzet.- 2023.- 26 aprel.- S.16.