"Bütün həyatımı
sənətimin üzərində qurmuşam"
Müsahibimiz sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi, ADMİU-nun kafedra müdiri aşıq Samirə Əliyevadır.
- Samirə xanım, 10 yaşından etibarən aşıq sənətilə
məşğulsunuz. Amma
ali təhsilinizi
musiqi yox, rejissorluq ixtisası üzrə almısınız.
Bunun səbəbi nə idi?
- O zaman aşıq sənəti üzrə ali təhsil
yox idi, yalnız xalq çalğı alətləri
vardı. Mənsə rejissorluğun kütləvi
tədbirlər üzrə
istiqamətini seçdim.
Çünki aşıq sənəti
sinkretik sənətdir,
özündə rejissorluğu
da, aktyorluğu da, ifaçılığı
da, bəstəkarlığı
da birləşdirir.
Mən də imtahan verib şükür ki, qəbul olaraq rejissorluq ixtisas üzrə təhsil aldım.
- Bu təhsiliniz sizə sonrakı yaradıcılığınızda
nələr qazandırdı?
- Çox şey. Bilirsiniz ki, aşıq sənətində dastançılıq
ənənəsi var. Bu dastançılığı
nümayiş etdirəndə
mütləq rejissorluqdan
məlumatın olmalıdır.
Tək dastançılıq da deyil, bəzən qrup şəklində ifa edir və
ya tədbirlər hazırlayırıq. Bu zaman dinamikanı itirməmək, tamaşaçını
yormamaq üçün
mütləq rejissorluq
bacarıqları olmalıdır.
Dastançılıqda isə
iş lap çətindir.
Çünki bu, bir aktyorun tamaşasıdır
və aşıq səhnəni o qədər
güclü qurmalıdır
ki, tamaşaçı
o dastandakı obrazları
canlı hiss etsin, inansın, darıxmasın.
- Aşıq sənətinə
marağınız necə
yarandı?
- Valideynlərim Tovuzdandır.
O bölgə haqqında
deyirlər ki, hər evdə bir saz var. Oranın
insanları sevincini də, dərdini, kədərini də sazla bölüşürlər.
Ona görə bizimçün
elə də qeyri-adi seçim deyildi. Uşaq vaxtı qərar
veriləndə ki, musiqi təhsili alım, tərəddüdsüz
seçim saz aləti oldu. Sonradan müəllim də dedi ki,
istedadı var. Özümün
də, sırf saza olmasa da,
ümumən musiqiyə
həvəsim vardı.
Həm də o dövrdə adət, dəb idi ki, hər
kəs bacardıqca uşağını musiqiyə
qoyurdu, mənimçün
də aşıqlıq
sənətini, sazı
seçdilər. Nə gözəl
ki, seçdilər.
- Və siz daha
çox "Aşiq Samirə" kimi tanındınız...
- "Aşıq" sözü elə "aşiq" sözündən
gəlir. Mən də sənətimə
aşiqəm. Mənim haqqımda
da deyirlər ki, sənətinə aşiq Samirə. Hərdən
düşünürəm ki, görəsən, bu sənətdə, səhnədə olmasaydım,
necə olardı?
Sonra deyirəm ki, səhnəsiz qalmaq problem
deyil, amma sənətsiz qala bilmərəm. Ən azından
bunu müəllim kimi davam etdirməliyəm.
Sazsız özümü təsəvvür
edə bilmirəm.
Bütün həyatımı sənətimin üzərində
qurmuşam. Sazımın
üstündə 1991-ci il yazılıb. Hərdən
mənə deyirlər
ki, siz elə
cavansınız? Deyirəm, o, aşıq Samirənin dünyaya gəldiyi tarixdir. Biri var anamın
dünyaya gətirdiyi
Samirə, bir də var sənətin
bəxş etdiyi, böyütdüyü Samirə.
- Bəs yorulub geriyə çəkilmək
istədiyiniz anlar olub?
- Bəzən olur, amma çox ani gəlib gedir. Şükür Allaha ki,
"bitirdim" deyib geriyə çəkildiyim,
1-2 ay uzaq qaldığım
anlar olmayıb. Həmin hiss gələndə
uğurlarımı, görəcəyim
işləri, planlarımı
yada salıram. Çünki bu işlər
tək özümüz
üçün deyil,
həm də sənət üçündür.
Ustadlarımızın dövründə təbliğat başqa cür idi, bizim
nəsildə başqa
cürdür. Əvvəlki dövrlərə baxdıqda
indi milli musiqini yaşatmaq, təbliğ etmək çətindir. Nə yaxşı
ki, dövlət qayğısı var, təbliğatımız üçün
geniş şərait
yaradılır. Yoxsa, elektron
səslərin ağuşuna
düşdüyümüz bu zəmanədə bizim üçün daha çətin olardı. Yaxşı,
mən dayandım, o dayandı, bəs bu sənəti kim yaşadacaq,
kim gələcək nəsillərə ötürəcək,
kim sevdirəcək? Bunu özümün vəzifə
borcum bilirəm və düşünürəm
ki, atıb getməyə haqqım yoxdur.
- Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
dərs deyirsiniz, həmçinin, Aşıq
sənəti kafedrasının
müdirisiniz. Vəzifə ilə sənət
necə davam edir?
- Müəllimlik mənimçün
ən ali
peşədir. Əgər
nə zamansa elə bir an
gəlsə, səhnədən
gedə bilərəm,
amma müəllimlikdən
yox. Vəzifədə
işləmək isə
mənimçün çətin
deyil, çünki müəllim yoldaşlarımla
burada tanış
olmamışıq, çox
gənc yaşlarımızdan,
məktəb illərindən
tanışıq, bu sənətdə ilk zamanlardan
birgə addımlamışıq,
dəfələrlə bir
səhnəni bölüşmüş,
yol yoldaşı olmuşuq. Hamımız bir-birimizin həm
xasiyyətinə, həm
savadına bələdik
deyə, heç bir çətinliyimiz yoxdur. Ona görə də
bizimçün əsas
məsələ əl-ələ
verib gücümüzü
bir yerə yığaraq bu sənəti tələbələrə
doğru-düzgün tədris
etməkdir. Yeganə amalımız
bu sənətin inkişafıdır.
- Bu sənətin gələcəyini
necə görürsünüz?
- Daha parlaq. Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti ilk ali təhsil ocağıdır ki, aşıq sənətinin
tədrisinə yer ayırıb. İldən-ilə bu sənətə
axın edən tələbələrin sayının
artması, eləcə
də onların arasında böyük ümid verənlərin olması gələcək
inkişafdan danışmağa
əsas verir. Burada gənclərimizə aşıqlıq
sənəti tamam başqa cür, peşəkar səviyyədə
tədris olunur. Tələbələr burada not dərsi
də alır, bəstəkar mahnılarını
sazda ifa etməyi öyrənirlər.
Həmçinin, nəzəriyyə də tədris olunur və gənclər burada hərtərəfli, bu günün və gələcəyin tələbinə
uyğun yetişirlər.
Biz müəllimlər də burada işləyə-işləyə inkişaf etmişik, elmi nailiyyətlər qazanmışıq. Ustad-şəyird ənənəsinə söykənərək
çalışırıq ki, bu sənəti
daha da inkişaf
etdirək. ADMİU-da ayrıca aşıq sənəti kafedrasının olması
isə bu inkişaf üçün
böyük sütundur.
Ona görə əminliklə
deyirəm ki, bu sənətin gələcək inkişafına
töhfələrimiz çox
olacaq.
- Son zamanlar siz istər el havalarını, istərsə də bəstəkar mahnılarını yeni aranjimanda ifa edirsiniz. Ənənəyə qayıdış, keçmişə sadiqlik bu sənətdə nə qədər önəmlidir və bunu tələbələrinizə necə aşılayırsınız?
- Aranjiman olsa belə, biz ana xəttə toxunmuruq, sadəcə digər alətlərin müşayiəti də oraya əlavə olunur, təbii ki, üstünlük aşığın ifasında olmaqla. Sazın üstünlüyü mütləq olmalıdır. Bunları nəzərə alıram və tələbələrimizə də deyirik ki, aranjiman edəndə, nəyisə ifa edəndə bunlara diqqət yetirin. Ona görə də tələbələrimiz harasa çıxışa gedəndə, ya da nəsə ifa edəndə hərə gəlib öz müəllimi ilə məsləhətləşir. Hər müəllim də öz dəstə-xəttinə görə yol göstərir. Amma hər birimizin əsas şərti klassik ənənəni qorumaqdır. Yeniliklər gözəldir, ənənəyə, klassik üsluba sadiq qalmaqla.
- Biz sizi aktrisa kimi də görmüşük efirdə. Bu sənəti necə, davam etdirmək fikriniz varmı?
- Bayaq da dediyim kimi, aşıq həm ifaçı, həm aktyor, həm saz çalan, həm natiqdir. Aktyorluq isə təbii ki, çox dərin sənətdir. Amma aşığıqsa, az-çox bacarığımız olmalıdır. Aktrisa kimi çox istəyərdim ki, tariximizdə iz qoyan, tarix yazan xanımlarımızdan birinin obrazını yaradım. Məsələn, Xurşidbanu Natəvan obrazı inanıram ki, mənə çox yaraşar. Həmçinin, dastanlarımızda da gözəl xanım obrazlarımız var. Vaxt gələr, dastanlarımıza filmlər çəkilərsə, onlardan da birini canlandırmaq istəyərəm. Məsələn, "Nizami Gəncəvi İli"ndə "Leyli və Məcnun" dastanı səhnələşdirildi və mən orada Leyli obrazını canlandırdım.
- Yaradıcılığınız, həm də müəllim kimi fəaliyyətinizlə bağlı nə kimi planlarınız var?
- Bir çox aşıq havaları var ki, istəyirəm onları yeni aranjimanda, kliplərlə təqdim edim. Müəllim olaraq isə planım budur ki, tələbələrimlə birgə aşıq musiqilərimizi ifa edək. Düzü, buna başlamışıq. "Ana yurdum", "Misridən Cəngiyə" kimi layihələrimizdə tələbələrimizlə birgə çıxış etmişik. Bu, tələbələrə həm həvəs, həm də təcrübə olur. Həmçinin, tamaşaçılarımız da tanısınlar ki, necə aşıqlarımız gəlir meydana. Bir də çox istərdim ki, gənc aşıqlar üçün müsabiqələr olsun. Nə qədər çox olarsa, bir o qədər rəqabət güclü olur, gənclər də öz üzərilərində ciddi işləyir, çalışırlar, nəticədə sənət inkişaf edir, yeni-yeni simalar, sənətkarlar meydana gəlir. İnşallah, gələcəkdə çalışarıq ki, həm universitetimizin nəzdində, həm də dövlət səviyyəsində aşıq müsabiqələri təşkil edək və bu sənəti yarışmalarla gündəmə gətirək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 26 aprel.- S.13.