Dəniz suyundan istifadə:
dövrün tələblərinə cavab verən mühüm
addım
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu
ilə içməli
su istehsalı sahəsində pilot layihə
həyata keçiriləcək.
Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama
əsasən, Bakı
şəhəri və
ətraf ərazilərin
su təminatının
yaxşılaşdırılması üçün dəniz suyundan istifadə olunacaq. Artıq sərəncamın icrası ilə bağlı müvafiq dövlət orqanlarına
tapşırıqlar verilib.
Coğrafiya İnstitutunun Xəzər
dənizinin sahillərinin
və iqlim geomorfologiya şöbəsinin
müdiri, professor Əmir
Əliyev deyir ki, Azərbaycan ərazisində qlobal istiləşmələrlə əlaqədar
olaraq yağıntıların
miqdarı xeyli azalıb və bu da nəticədə
xeyli su qıtlığına gətirib
çıxara bilər:
"Bu layihə bizə
imkan verəcək ki, Xəzər dənizinin suyundan daha səmərəli istifadə edək. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması problemi
var və bunun həllinə nail olmaq lazımdır. Dəniz suyunu duzsuzlaşdırma texnologiyası bütün
dünyada son illər
çox geniş istifadə edilir. Xəzər dənizinin Şərq sahillərində, Qazaxıstan
ərazisində 1960-cı illərdə
bir zavod tikilib. Orada yaşayan əhali
dəniz suyundan içməli su kimi də, təsərrüfat
üçün də
istifadə edirlər.
Zavodlar, fabriklər duzsuzlaşdırılmış
Xəzər suyundan yararlanır. Xəzər dənizinin
duzsuzlaşdırılmasının bir xüsusiyyəti də var ki,
daha şirindir, tərkibində duz azdır. Ona görə də
burada duzsuzlaşdırmaq
üçün sərf
olunan enerji az olacaq".
Ekspert əlavə edib ki, Azərbaycanda belə bir təcrübə
artıq var: "Salyanda Xıdırlı zavodu qurulub, İsrail texnologiyası əsasında tikilən zavoddur. Burada bir sutkada 55
min tona qədər su duzsuzlaşdırılır
ki, bundan da suvarmada çox
geniş istifadə olunur. Yaxınlarda bu zavodda olmuşam, Xəzər dənizindən 20 kilometr kənarda yerləşən
zavoda kanal vasitəsilə su verilir, oradan da götürüb həmin zavodda istifadə edirlər.
Belə zavodların, xüsusilə
Abşeronun dənizsahili
ərazisində yerləşdirilməsi
çox mühümdür.
Burada müasir texnologiyaya əsaslanan zavodların tikilməsi su ehtiyatlarına qənaət
etməyə imkan verəcək. Bakı şəhərinə
isə içməli
su əsasən, Şabran və Qəbələ tərəfdən
gəlir. Bu sular da çox
baha başa gəlir. Hazırda onların miqdarı
xeyli azalıb. Bu baxımdan, əgər
Xəzər suyundan istifadə etsək, bundan həm suvarmada texniki su kimi istifadə
etmək olar, maşınların yuyulması,
kanalizasiya sistemində
istifadə etmək olar. Mən xaricdə ezamiyyədə
olanda baxırdım ki, "krant"ın birindən texniki su, birindən də içməli su gəlir. Biz də həmin texniki sudan
istifadə etsək, xeyli qənaət etmiş olarıq. Həmçinin, istilik sistemində
də bundan istifadə etmək olar".
"Xəzər dənizinə
çirkli kanalizasiya suları tökülür,
suyun duzsuzlaşdırılması
zamanı bu amil nəzərə alınacaqmı" sualına
gəlincə professor bildirib
ki, əslində Xəzərə axan kanalizasiya suları mütləq təmizlənməlidir,
dənizə təmiz
su getməlidir: "İkincisi də, biz həmin suyu sahildən yox, 5-6 kilometr içəridən
götürərik, çirkli
su heç ora gedib çatmır
ki. Orada təmiz dəniz
suyu olur. Əslində o kanalizasiya suları
da bir neçə
dəfə filtrdən
keçirilərək, təmizlənərək
dənizə tökülməlidir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, dəniz suyundan içmək və texniki məqsədlər üçün istifadə məqsədəuyğundur. Dəniz suyunun şirinləşdirilməsi praktikası dünyada çoxdan tətbiq olunur: "Bakıda da belə bir pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub. Amma mən bir vətəndaş olaraq təklif verərdim ki, Bakının yeraltı sularından da istifadə olunsun. Çünki Bakıda kifayət qədər yeraltı su ehtiyatı var. Onlar hamısı dənizə axır. Dənizə axmasındansa, onlardan istifadə etmək daha məqsədəuyğun olardı. Həm də o suya çəkilən xərc duzsuzlaşdırılmış suyun maya dəyərindən ucuz başa gələr".
Sahib Məmmədov qeyd edib ki, dəniz suyunun duzsuzlaşdırılması xüsusən İsraildə geniş tətbiq olunur: "Onlar suyu həm kimyəvi, həm də mexaniki üsulla təmizləyirlər. O qədər keyfiyyətlə təmizləyirlər ki, həmin sudan içməli su kimi rahatca istifadə olunur. Tərkibindəki zərərli qatışıqlar çıxır. Biz Oğuzdan, Taxtakörpüdən içməli suyu gətirib burda ağac sulayırıq və ya sənaye məqsədi üçün istifadə edirik. Həmin suyu içməyə, dənizin suyunu isə texniki məqsədlərə yönəltmək olar".
Millət vəkili Tahir Rzayev qeyd edib ki, bu gün nəinki dünyada, Azərbaycanda da istər əkin suyuna, istərsə də içməli suya çox ciddi ehtiyac duyulur. Suya olan ehtiyacın ödənilməsi üçün vacib olan bütün tədbirlərin görülməsi nəzərdə tutulur: "Bu baxımdan dəniz suyunun duzdan azad edilməsi və içməli su kimi istifadə olunması haqqında pilot layihənin həyata keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncam reallığı əks etdirmək, həm də bu sahədə olan çətinlikləri aradan qaldırmaq baxımından vacib və əhəmiyyətlidir. Bir çox xarici ölkələrin təcrübəsi var. Onlar bu üsulla müəyyən göllərin, dənizlərin suyunu saflaşdırırlar və onu içməli su, eləcə də əkin suyu kimi müəyyən qaydada istifadə edirlər. Biz də bu ölkələrin təcrübəsindən yararlana bilərik. Əgər sözügedən pilot layihə uğurla nəticələnərsə və dəniz suyundan içməli su kimi istifadə edilməsi uyğun olarsa, gələcəkdə müəyyən sahələrin də dənizətrafı rayonlarda yerləşən əkin sahələrində dəniz suyundan təmizləndikdən sonra istifadə olunması reallığa çevrilə bilər. Hesab edirəm ki, bu çox mühüm bir pilot layihədir. Çünki bu gün dünyadakı çətinliklər, suya olan tələbat nəzərə alındıqda, həmin layihə belə problemlərin qarşısının alınması üçün vacib bir tədbirə çevriləcəkdir. Bilavasitə insanların içməli suya olan tələbatının aradan qaldırılması baxımından vacib layihədir və arzumuz budur ki, uğurla həyata keçirilməsi mümkün olsun".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Tərlan Əliyevin dediyinə görə, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam ölkənin su təhlükəsizliyinin, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Prezidentin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq əhalinin həyat səviyyəsi gündən-günə yüksəlir, ölkənin ekoloji vəziyyəti yaxşılaşdırılır, insanlar üçün sağlam mühit yaradılır. Azərbaycan vətəndaşlarının fasiləsiz, təmiz və keyfiyyətli içməli su ilə təmin edilməsi sahəsində son illər içməli su sektorunda həyata keçirilən islahatlar sürətlə davam etdirilir. Bakı şəhəri və regionlarda icra edilən layihələr çərçivəsində sutəmizləyici qurğular, anbarlar, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülmüş bütün işlər insanların sağlamlığına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib".
Tərlan Əliyev bildirib ki, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması da su təminatının yaxşılaşdırılması faktorundan xeyli asılıdır. Belə ki, qlobal iqlim dəyişiklikləri davamlı olaraq yağıntının azalmasına və su çatışmazlığına səbəb olur, bu da ölkədə kənd təsərrüfatı üçün əsaslı problemlər yaradır. Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu danılmazdır: "Azərbaycanda aqrar sahənin inkişafı az qala bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının təqribən 90 faizə qədəri suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə etməklə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, eləcə də suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması yolu ilə əldə edilə bilər. Digər tərəfdən, ölkə ərazisində müşahidə edilən su qıtlığı suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni zərurətə çevirir. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə ölkədə suvarma qrafikləri tərtib olunmalıdır. Yeni iqtisadi münasibətlər fonunda, digər sahələrdə olduğu kimi, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlər də dəyişib. Bu münasibətləri yeni iqtisadi şəraitə uyğunlaşdırmaq üçün qanunvericilik bazası yaradılıb və müvafiq normativ-hüquqi aktlar qəbul edilib. İstifadə olunan suvarma sistemlərində suyun düzgün paylanmasını aparmaq, eləcə də tələbatı ödəmək üçün kənd təsərrüfatı bitkilərinin müxtəlif bölgələr üzrə əkilməsini və suvarma rejimlərini bilmək torpaq istifadəçiləri üçün çox vacibdir. Suvarma suyunun torpağa verilməsi ilə onun fiziki və kimyəvi tərkibi dəyişir, üzvi maddələrin asanlıqla parçalanması prosesi gedir və bununla da torpağın hava, duz və istilik rejimi tənzimlənir. Bütövlükdə isə dəniz suyunun duzsuzlaşdırılması üsulu ilə istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin əsasını təşkil edəcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 27 aprel.- S.13.