O sevgi və o məsuliyyət  

 

Milləti böyük edən onun eşqidir. Azərbaycan ona görə böyük deyil ki, övladlarının sayı 50 milyonu çoxdan aşıb. Yalnız ona görə də böyük deyil ki, gec-tez mütləq qovuşub bütövləşəcək Güneyi ilə Quzeyi bunca geniş, bunca zəngindir. Bu yurdu və milləti böyük edən daim varlığında nəbz kimi döyünmüş, ürək kimi çırpınmış azadlıq duyğusu, istiqlal eşqidir.

Böyük millət olmağın yolu o sevgidən başlanır.

Və başında o sevda olanları ən müdhiş qovğalar da düz yolundan, pak amalından heç vaxt döndərə bilməz. Bu gün millətin qəlbindəki və ruhundakı həmin vulkan yenə içəridə qaynamada, yenə püskürməyə hazır olmaqdadır.

1940-cı illərdə Güney Azərbaycanda əl-əl gəzən "Vətən yolunda" qəzeti tez-tez ustad bir aşığın qoşquları ilə bəzənirdi. Həmin sətirləri insanlar sadəcə oxumurdular, elə misralara baxınca hər kəlməni onun avazında eşidən kimi olurdular.

Bu el aşığı və el aşiqi inanırdı ki, Güneydə çağlamağa başlayan azadlıq bulağı ən yaxın zaman içində bir nəhrə çevriləcək:

 

Qabağı tutulmaz qaynar bulağın,

Nuru sönməz el yandıran çırağın,

Keşiyində durmaq ana torpağın

Böyük vəzifədir hər bir insana.

 

Tarix boyu şəhərlərimizin tacı olmuş, istiqlal rəmzi bilinmiş Təbriz and kimi səslənən həmin yadigar misraları doğurmuş Aşıq Hüseyn Cavanın da, düşüncəsi və könlü onunla eyni ahəngdə olan yüz minlərlə və milyonlarla yurdsevərin də ümid çırağı oldu.

Dünən belə idi, bu gün dünənkindən daha artıq o cürdür.

Və hamımızın ən ali istəyidir ki, o millət çırağı bütün parlaqlığı ilə yansın və şöləsi  bütün Güney boyu, bütün İran boyu, bütün dünya boyu hər azərbaycanlının varlığında əks-sədalansın.

O çırağın ən gur şəfəqlər saçacağına inamı və əminliyi yaradansa tariximizdə həmişəlik qalan çıraqçılardır. Ancaq bütöv yurda və millətə azadlıq nuru bağışlayan millət çırağını yandıran Pişəvəri kimi Vətən iftixarları məgər yalnız tarixdirlərmi? Onlar - Pişəvərilər bu gün də hər birimizin varlığında deyildirlərmi?

Seyid Cəfər Pişəvəri Cavadzadə (1892-1947) adı və yolu rəmz olan şəxsiyyətlərdəndir. Onun haqqında az yazılmayıb, hələ bundan sonra da çox yazılacaq. Əslən Cənubdan olanlar, onun silahdaşları da yazıb, heç ömründə Təbrizi görməmiş, Seyid Cəfər Pişəvərinin vəfatından sonra dünyaya gələnlər də.

Və bu millət fədaisindən bəhs edənlər heç vaxt onun haqqında vaxtın dünənində qalan, yalnız yaşanmış tarixin bir parçası olan şəxsiyyət kimi bəhs etməmişlər. Onu yeni günlərin içərisində görərək, davam edən yolunun təzə nəsillər tərəfindən bir qədər də inamla irəlilədilməsi üçün onu köhnəlməyən öyüdləri və çağırışları ilə müasir həyata gətirmişlər.

Həm də anlaşılan həqiqət budur ki, Pişəvəri özü də, onun sözü və yolu da böyük amalların gerçəyə çevriləcəyi ən xoşbəxt günlərə qədər elə həmin təhər qalacaq və daha sonrakı zamanlar içərisində də mənəvi öndər kimi istiqlalın yeni üfüqlərinə doğru can atan soydaşlarının yanında olacaq.

Elə Səttarxan da belə, elə Bağır xan da belə, elə Xiyabani də belə və onların daha neçə əqidə, məslək qardaşı da həmin sayaq.

Seyid Cəfər Pişəvəri nə qədər yaşayıb?

Zahirən bu suala cavab verməkdən asan iş yoxdur. Bax kağızlara, sənədlərə, müxtəlif şəhadətnamələrə, dəqiq rəqəmi bil.

Onda qalmış da Seyid Cəfər Pişəvəri kimi məşhur adam ola. Amma keçirdiyin hər gün, hər ay, hər il məgər yaşayışdırmı?

İllah da Seyid Cəfər Pişəvəri kimi nahamvar taleli, məşəqqətli, acılı həyat sürmüş bir insanın ömrü ola!

1930-cu ilin 27 dekabrında Rza şahın xəfiyyələri onu həbs edərək İranın ən qorxunc və əzabsaçan zindanlarından olan "Qəsr-i Qacar"a atdılar. Seyid Cəfər ömrünün 10 ilini bu zillətxanada keçirəsi oldu. Hesabla guya bu 10 il də yaşamaqdan sayılır. Lakin necə idi "Qəsr-i Qacar"dakı həyat? ("Həyat" kəlməsini belə bir məkana aid etdiyimə görə sözdən üzr diləyirəm). Oranın necəliyini Pişəvəri zindan xatirələrində qələmə alıb. Belə nəql edir: "Ən ağır və ən geniş tətbiq edilən işgəncə növü qaranlıq kamerada tək saxlanılmaqdan ibarət idi.

Birnəfərlik qaranlıq otaq istər qış fəslinin soyuq günlərində, istərsə də yay fəslində xəfələyici və üfunətli idi. Xüsusilə yayda bu otaqlar müxtəlif həşərat ilə dolu olurdu. Bundan əlavə, palaz, yorğan-döşək və hətta paltardan da istifadə olunmasına yol verilmirdi. Burada saxlanılan məhbuslara adi xörəklər də vermirdilər. Bəzi məhbusları bu qaranlıq otaqda bir gün, iki gün deyil, aylar və bəlkə illərlə də saxlayırdılar. İnsan bir canlıdır. O, ağac, daş və ya kərpic deyil. O, danışmaq, zarafat etmək, dərdləşmək, kitab oxumaq, çay içmək, papiros çəkmək istəyir. O öz yoldaşları və tanışları ilə məaşirətdən ləzzət almaq, faydalı bir şəxs kimi cəmiyyətin tərəqqisi yolunda çalışmaq istəyir. O, işləyib balaları üçün həyat şəraiti fərahəm etmək istəyir. Bütün bu adətləri birdən-birə yaddan çıxarmaq heç də asan deyil. Yekrəng, məqsədsiz və yorucu həyata heç də aylar və illərlə dözmək olmaz. İnsanın bədəni polad olsa da, bu təzyiq qarşısında dağılır. O öz qüdrət və iradəsini itirir. Bir neçə dəqiqəlik azad buraxılmaq, nəfəs almaq üçün imkan əldə etmək xatirinə ən ağır günahları belə boynuna götürməyə, hətta ölümə, edama belə razılıq verir. Dost və tanıslarımın bir çoxu altı, yeddi və səkkiz aylarla bu cür çətin şəraitdə yaşayıblar. Onlardan bir neçəsi ağır ürək naxoşluğu, revmatizm və sair xəstəliklərə tutulmuşdu. Mən özüm cürbəcür xəstəliklərdən başqa gözlərimin nurunun yarıdan çoxunu da itirmişəm. Bir qayda olaraq, məhbusların xörək qabları yuyulmur. Bəzən yuyulduqda vəziyyət daha da pisləşir. Belə ki, min ədəd kasanı böyük bir qab içində natəmiz su ilə yuyub hamısını kəsif, köhnə bir parça ilə silirlər. Bundan əlavə, cürbəcür adamların yatdığı köhnə yorğan-döşək bir məhbus getdikdən sonra digərinə verilir. Bunları dezinfeksiya etmirlər.

Qeyd etdiyim kimi, uzun müddət tək, qaranlıq otaqda qalmaq çox ağır və təhlükəlidir. Müttəhim, nəhayət, canından doyur, istənilən günahı boynuna alır, öz dedikləri üçün dəlil və sübut da gətirir. Yuxusuz saxlamaq və ya polisin dili ilə desək, yuxunu almaq da ayrı bir işgəncə növüdür. Dostlarımdan biri deyirdi ki, ətrafımda dörd nəfər adam qoymuşdular. Gözlərimi yummaq istədikdə onlar çənəmin altına yumruq ilə vurub məni ayıldırdılar. Başım şişmişdi, əsəblərim titrəyirdi, ürəyim döyünürdü. Xüsusilə üçüncü gecə büsbütün dəli olmuşdum. Haray çəkmək istəyirdim. Hətta hazır olmuşdum ki, bir neçə dəqiqə yatmağıma icazə verilsin, sonra aparıb məni güllələsinlər, odun içinə atsınlar".

Seyid Cəfər Pişəvəri hələ yüzdən birini təsvir etdiyi bu müsi-bətlərə sərasər 10 il tab gətirdi, əyilmədi, dönmədi, sınmadı.

Qəhrəman deyilmi?!

1940-cı ilin 22 aprelində, nəhayət ki, həbsdən azad edilir. Və dərhal sürgün edilir Kaşana. İl yarım da orada can çürüdür. Bütün bu sarsıntı və məşəqqətlərdən əvvəlki ömrünün 10-12 ilini də inqilabçılıqda, gizli siyasi fəaliyyətdə keçirmişdi.

O həyat da nə həyatdır, hər halda Karl Marksdan yaxşı bilən olmaz. Cavan silahdaşı, məsləkdaşı Pol Lafarq Marksın yanına gəlib qızını istəyəndə etiraz etmişdi: "Axı sən inqilabçısan!"

Pol Lafarq təəccüblənmişdi ki, "axı siz özünüz də bu yolun yolçusu, bu əqidənin sahibisiniz".

Marks kədərlə cavab vermişdi: "Elə ona görə də istəmirəm! Mənim öz həyat yoldaşımı tutduğum bu yolla, bu təhər yaşayışla bədbəxt etməyim yetər. İstəmirəm qızım da eyni taleyi yaşasın".

...Məgər Pişəvərinin həyatı həmin həbs və sürgündən sonramı yaxşı oldu?

Yenə həyəcanlı, qayğılarla, çarpışmalarla, sıxıntılarla dolu günlər. Sonda da sovet təhlükəsizlik orqanlarının törətdiyi sui-qəsd. Daddığı bütün ağrı-acıları, əzabları, möhnətləri tərəzinin bir gözünə qoyun, sənədlərindəki 55 illik ömür yaşaması haqda bilgini də tərəzinin o biri gözünə. Bu 55 ildən nə qalacaq ortada?

Ancaq gün var min aya dəyər! Gün nədir, an var ki, 55 ildən 50 dəfə uzun ömürdən də şirindir! 1945-ci ilin 12 dekabrında - 21 azərdə Təbrizdə Cənubi Azərbaycanın istiqlalını elan edəndə, Milli Hökumət qurulanda Pişəvəri bəxtiyarların bəxtiyarı idi!

Kürsüdən əqidə yoldaşlarına, millətinə azad Azərbaycanın rəhbəri kimi üz tutduğu anlar onun üçün feyzlər qoynunda yaşanmış neçə-neçə firavan, məsud ömrə bərabər idi.

"Sizin analarınızın südü o vaxt sizə halal ola bilər ki, siz onların namusunu hifz edəsiniz.

Yaşasın Azərbaycanın rəşid, məmləkətinə, xalqına və öz doğma ata və analarına sadiq qalan əsgər və zabitləri!"

Cəsur Vətən balalarına müraciətlə belə deyəndə, qarşı tərəfdən sonsuz coşqu duyanda Pişəvəri bir an içində min ömrün səadətini yaşayırdı!

Fəqət bu müstəqillik vur-tut 1 il çəkəcək, istiqlal əlimizdən alınacaq, ardıcıllarının yüzləri, minləri dar ağaclarından asılacaq, Pişəvərinin özünün də yaxşı bələd olduğu dəhşətli zindanlara tolazlanacaq, məşəqqətli sürgünlərə göndəriləcək.

Bütün bunları görmək, bilmək, yaşamaq da ömrün yüküdür axı, bu qəmlər də Pişəvərinin iliyinə qədər işləmişdi axı!

Nə qədər yaşayıb o?

İnsanın gerçək ömrü onun fikirlərinin, istəklərinin, yolunun, izinin, irsinin yaşadığı qədərdir.

...Bu əhvalat Parisdə baş verib. 2002-ci il idi, Avropa Şurasının Fransa paytaxtında keçirilən komitə iclasında iştirak etmək üçün növbəti dəfə bu şəhərlər gözəlinə qonaq idim. Axşam saatlarında şəhərin mərkəzindəki qəhvəxanalardan birində Fransadakı səfirliyimizdə çalışan dostlar və əslən Cənubi Azərbaycandan olan tanışlarımızla şam edirdik. Çoxdan Parisdə yaşayan o cənubluların arasında bir vəkil soydaşımız da vardı. Söhbət yaddaşın qüvvətliliyindən-zəifliyindən düşdü.

Həmin ilk dəfə görüşdüyüm, yaşı təxminən 60-dan bir az artıq kimi görünən vəkil soydaşımız hafizəsinin möhkəmliyinə əyani sübut olaraq ana dilində bir şeir dedi.

Uşaqlar üçün yazıldığı dərhal hiss edilən sadə, amma son dərəcə qəlbəyatan bir şeir idi. O qədər xoşuma gəldi ki, hətta xahiş elədim bir də söyləsin, dəftərçəmdə yazım. Qayıtdı ki, bu şeiri 56 il əvvəl Pişəvəri zamanında məktəbdə əzbərləmişdim, dərsliyimizdə vardı, o vaxtdan bəri yadımdadır.

Elə bu şeir söhbətimizin səmtini dəyişərək ana dilinin ölkənin və millətin həyatındakı yeri və əhəmiyyəti barədə fikir bölüsməyimiz üçün ipucuna çevrildi.

Həmin vəkil qayıtdı ki, fars dili çox zəngin bir dildir, mənə elə ana dili kimidir, İranda yaşayan xalqların hamısı üçün də mənim kimi. Ona görə də, yaxşı ki, İranda təhsil bütünlüklə fars dilindədir, pərakəndəlik yaranmır, hamı farsca oxuduğundan bu dili incəliklərinə qədər bilir. Azərbaycan türkcəsini onsuz da öz aramızda danışırıq, orta məktəbi də öz dilimizdə oxusaydıq, farscanı bəlkə də belə mükəmməl bilməzdik.

Fikirlər haçalandı, mübahisə yarandı.

Dedim ki, bayaqdan yaddaşınızın güclü olmasından danışırdınız, öyünürdünüz ki, 56 il əvvəl məktəbdə öyrəndiyiniz ana dilində olan şeir, onillərlə təkrarlamasanız da, beyninizdədir. Amma sizdə ana dilində təhsil, Azərbaycan türkcəsində dərsliklər yalnız bircə il olub, sonra Milli Hökumət devrilib, bu böyük işlər yarımçıq qalıb. İndi təsəvvür edin ki, siz ana dilində 1 il deyil, azı 10 il təhsil almış olaydınız, onda bu möhkəm yaddaşınızda ana dilində bir deyil, bəlkə də yüzlərlə şeir yaşayacaqdı. O şeirlər sizi indiki tərzdə deyil, tamam ayrı bir şəkildə düşünməyə kökləyəcəkdi. İmkan verməyəcəkdi ki, indi bizə ana dilinin təhsildə o qədər də gərəkli olmadığını sübut etməyə çalışasınız...

Bu köhnə və bir qədər kədərli xatirəmin böyük Pişəvəriyə yalnız zahirən deyil, fəlsəfəsi ilə çox aidiyyəti var.

O müstəsna şəxsiyyəti düşünərkən biz hər dəfə sadəcə "Pişəvəri" barəsində deyil, PİŞƏVƏRİLİK haqqında danışmalı, düşünməli, yazmalı oluruq.

Doğma mətləblər haqqında çox danışanda, çox düşünəndə, çox yazanda bütün bunlar elə hərəkətə çevrilir.

Bir zamanlar zindan divarları arasında sıxılan, düşündüklərini yazıya almaq üçün mürəkkəbsiz qalan Seyid Cəfər Pişəvəri arada havaya çıxarılarkən dustaqxananın həyətində bitən bənövşələri dərər, sıxıb suyunu çıxarar, qələmini o suya batırıb yazarmış.

Pişəvərinin həmin yazıları və düşüncələri vaxtdan güclü çıxıb, bu günə də çatıb, sabahlara da yetişəcək.

Çünki o rəngləri solmağa qoymayan Vətən yavruları həmişə olub və mütləq bütün gələcəklərdə də olacaq!

Böyük yolların əvvəli olduğu kimi, ardı da mütləq olur!

Hər adam haqqında hətta layiq olduğu tərifli sözü belə dilə, qələmə gətirməkdə çox vasvası olan böyük Mirzə Ələkbər Sabir bütöv şair ömrü boyunca yalnız bir nəfəri ürək dolusu vəsf edib, bircə kişi haqqında ən tərifli kəlmələri ucadan bəyan etməkdən qızırğanmayıb.

Sabir, millətinin şərəfini müstəsna rəşadəti ilə ucalara yüksəltmiş cəsur sərkərdəyə, "Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!" söyləyirdi, məhz belə mərd, uzaqgörən, tədbirli övladların sayəsində millətin istiqbalının lağlağı deyil, istiqlal içərisində parlayacağına ümid bəsləyirdi. 1908-ci il oktyabr ayının 20-si idi, "Molla Nəsrəddin" toplusunun 42-ci sayı işıq üzü görmüşdü və orada "Məczub" imzası ilə "Səttarxan" adlı bir şeir də dərc edilmişdi.

Gün o gün, vaxt o vaxt idi ki, tək Qafqazlarda deyil, dünya boyunca qəzet-jurnallar Səttarxanı öyürdü. Rusiyada çıxan "Novoe vremya" onu "xalq qəhrəmanı" adlandırır, İtaliya mətbuatı "Səttarxan İranın Qaribaldisidir" yazırdı.

"Məczub" "cəzb" sözündəndir. "Cəzb olunmuş", "məcnun" deməkdir və Səttarxanın, onun fədailərinin insanın ixtiyarını əlindən alacaq qədər qəhrəmanlığı idi ki, Sabiri cazibəsinə salmış, bunca coşqulu misralar yaratmağa və şeiri də "məczub" deyə imzalamağa sövq etmişdi:

 

İştə Səttarxan, baxız, bir növ iqdamat edib,

Bir vəzir ü şahı yox, dünyanı yeksər mat edib,

İrz-i islamı, vətən namusunu yüz qat edib,

Hörmət-i heysiyyət-i milliyətin isbat edib,

İndi dünyanın təvəccöh nöqtəsi İranədir,

Afərinim himmət-i vala-yi Səttarxanədir.

 

Bir başqa millət və istiqlal aşiqi, Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadə 1905-1911-ci illər Məşrutə inqilabının öndəri Səttarxanı "millətin bətnindən yetişmiş olan qəhrəman", "İran tarixi-təcəddüdünün unudulmaz bir siması" adlandırır, 1914-cü ilin noyabrında "İqbal" qəzetinin 786-cı sayında "Sərdar-i milli"nin vəfatı dolayısı ilə dərc olunan vida məqaləsində onunla Təbrizdə, inqilabın qələbəsindən dərhal sonra baş vermiş görüşünü xatırlayır, qəlbinə çox yatmış sözlərini yada salırdı.

Səttarxan Məhəmməd Əmin Rəsulzadəyə belə deyibmiş: "Artıq bizim vəzifəmiz bitdi. Bizimki əsgərlik idi. Vəzifəmiz dəxi köhnəni yıxmaq və dağıtmaq idi. Bu yolda əlimizdən gəldiyini elədik. Yıxa bildiyimiz qədər yıxdıq. İndi tikmək zamanı gəlmişdir. Bunun üçün başqa qüvvətlər, yəni alimlər və mütəfənninlər lazımdır. Böylə emar ediciləri hər yerdə olsa tapmalı və onların arxasında durmalı və "işləyin" deməliyiz".

Və Rəsulzadə etiraf edirdi: "Doğrusu, Xanın bu sözləri məndə böyük bir təsir oyatmışdı. Bu təəssüratım o zaman "Tərəqqi" sütunlarına da keçmişdi".

Yox, Səttarxan kimi millətpərvərlərin vəzifəsi əslində heç zaman bitmir. Bu -ocağın daim yana bilməsi üçün alovun durmadan insan-insan, nəsil ötürülməısi kimidir.

Onlar dünyaya millətə xidmət üçün ezam olunurlar və bu xidməti yalnız ömürləri içərisində deyil, həyatdan gedəndən sonra belə yadigar qoyduqları sözlərlə, əməllərlə, dərslərlə davam etdirirlər. Yolu yaşadıqca Səttarxan da sağdır, bitməyən vəzifəsini yenə irəlilətməkdə, ürəkdaşlarını, məsləkdaşlarını daxilən səfərbər etməkdədir!..

 

Yox, düşmən deməsin ölübdür Sərdar,

Onun köksündəki ürək bizdədir.

Yanaşı durmasa bu gün bizimlə

Onun götürdüyü tüfəng bizdədir.

Biz heç vaxt sınaqdan namərd çıxmadıq,

Çünki Babək qanı qanımızdadır.

Nə ölüm, nə əcəl qorxutmaz bizi

Səttarxan hər zaman yanımızdadır.

 

Əlbəttə ki, Pişəvərinin  silahdaşlarından, özü də bir inqilabçı fədai olmuş unudulmaz şairimiz Balaş Azəroğlunun bu köhnəlməz sözləri gerçəyin özüdür.

...Bu misralarsa unudulmaz şairimiz Söhrab Tahirin yadigarıdır və o, ömrü boyu köksündə daşıdığı ən müqəddəs arzusunun gerçəkləşəcəyi məsud günlərdə yenə bizimlə olacağına əminliklə "Vətən birləşəndə, Xalq birləşəndə, Mən də öz  qəbrimdən boylanacağam" deyirdi və gələcəkdəkilərə həm nəsihətini verir, həm vəsiyyətini edirdi:

 

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm də bu tayın.

Qoy bütün dünyaya belə yayılsın,

Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,

Ruhum o taydadır, qəbrim bu tayda.

Dözümlü xalqıma heykəl qoyulsun,

Ortadan qurumuş bir dəli çayda.

 

Ömrünün sonunadək dilindən birlik harayı əskik olmayan şair Söhrab Tahir Seyid Cəfər Pişəvərinin yanında, onun dəftərxanasında işləmişdi. Bu duyğuların həmişə çırpınan ürəyi kimi onunla birgə olmasının bir tarixi səbəbi haqqında o, maraqlı əhvalat danışırdı.

Deyirdi ki, yeniyetmə oğlan idim, günlərin birində Pişəvəri mənə dedi ki, sənə çox vacib iş tapşıracağam. Elə bir iş ki, sən bu haqda heç kimə heç nə deməməlisən. Otağında ikimiz idik və masasının siyirməsindən Milli Hökumətin möhürünü çıxararaq qoydu qarşıma. Qayıtdı ki, bizim kağız-kuğuz işlərimiz çoxdur, hər gün elə olur ki, bəzən yüzlərlə sənədə möhür vurmaq lazım gəlir. Sən qonşu otaqda oturub bu işi görəcəksən. Ancaq möhür də elə səndə qalacaq. Anana de, sənə qalın parçadan köynək tiksin, sinə tərəfdə içəridən də cibi olsun. İdarədən gedəndə də möhürü həmin gizli cibinə qoyub özünlə aparacaqsan. Möhürü göz bəbəyin kimi qoru!

İxtiyar çağlarında, ömrün yorğun günlərində bir dəfə həmin coşqun inqilab ruhu ilə daşan günləri yada salaraq Söhrab Tahir dedi ki, köynəyimin astarında, möhürü saxladığım içəri cibim ürəyimin üstündə idi. Neçə aylar Milli Hökumətin möhürü ilə gecə-gündüz birgə olmuşam. Üstündən onillər keçib. Ancaq indi   əlimi sinəmə aparanda həyəcanlanıram, məndə elə hiss yaranır ki, o möhür yenə ürəyimin başındadır.

Vaxtın sınaqlarından çıxmış danılmaz bir həqiqət unudulmasın: düzgün qoyulmuş istənilən sualın saysız miqdarda yanlış, ancaq bir ən düzgün cavabı var. Tarixin çox fırtınaları və sınaqlarını arxada qoymuş xalqımızın və yurdumuzun qarşısında bütün gələcək üçün ən ümdə suallar isə qovuşmaq, hər cəhətdən  yekdilləşmək, bütöv olmaq üçün nələr etmək, necə olmaq, hansı yolları və məsafələri qət etməkdir.

Bir zamanlar sabahın böyük həsrətlər şairinin müstəqilliyin rəmzlərindən olmuş həmin möhürü döyünən ürəyinin bir parçası sayaraq  sinəsində gəzdirdiyi kimi   hər  soydaşımızın - hamımızın və hər birimizin də ali millət suallarına dürüst cavablar tapmaqçün yararlanacağı ən yanılmaz Açar böyük və bütöv Azərbaycan idealını hər an sözümüzdə, fikrimizdə, əməlimizdə daşımaqdır.

...Onu düşünərək ki, belə yazıları hər növ adam oxuya bilər, bir para adları açıq yazmıram.

2016-cı ildə Güney Azərbaycana, Təbriz şəhərinə xoş bir səfərimiz oldu. Dini İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dəvəti ilə baş tutan, faydalı görüşlər, unudulmaz gəzintilər və ziyarətlərlə zəngin olan bu səfər bir təfərrüatı ilə də  unudulmazlaşdı. İş elə gətirdi ki, Təbrizdə bizim qaldığımız hotelə məşhur "Traxtur" futbol komandası da gəldi.  İki gün sonra oyunları vardı. İlk dəfə görsək də həmin cavanların əksərini elə qaibanə üzdən tanıyır, adlarını-soyadlarını bilirdik və bunu özlərinə də söyləyəndə xeyli məmnun qaldılar.

"Traktor" bir əcnəbi sözdür ki, məfhumu ilə birgə çoxdandır dilimizə köçüb və həm də tələffüzümüzə rahatca yatmayan, səslənişcə də sən deyən zərif olmayan kəlmədir. Ancaq Təbrizin bu adı daşıyan futbol komandası ilə həmin söz dünya boyu bütün azərbaycanlılar üçün doğmalaşıb, el "doktor"u "doxtur" edib dilinə yatızdırdığı kimi bunu da sevərək "Traxtur"a çevirib.

Hər dəfə "Traktor" komandası meydançaya çıxanda Təbrizdə, Bakıda, ya dünyanın hansısa başqa bir şəhərində, kəndində bu oyunu izləmək imkanı olanlar sanki vahid dalğaya köklənirlər və oyunun davam etdiyi dəqiqələr Azərbaycan sevgisi ilə dolur. "Traktor" son illərin heyrətli və sevimli bir hadisəsidir ki, azərbaycanlılığın, azərbaycançılığın, birgəliyimizin ən parlaq rəmzlərindən birinə çevrilib.

Təbrizdə olduğumuz vaxt "Traktor"un bir gün sonra keçirilən matçını stadionda deyil, elə həmin mehmanxanada televiziyada izələsək də, eyni oteldə qalmağımızın faydası bu oldu ki, 2 gün ərzində futbolçularla müfəssəl təmas imkanımız yarandı. Futbolçulardan biri ilə söhbət edirdik, indiyədək heç bir Azərbaycan futbol komandasının qazana bilmədiyi belə şöhrətə necə çatdıqlarının, nədən belə bir güclü komandaya çevrilmələrinin sirrini soruşdum.

Söylədi ki, hər komanda kimi bizə də oyunlara hazırlaşmaq üçün ayrılan bəlli məşq saatları var. Ancaq biz həmin saatlardan da uzun vaxt boyu məşq edirik. Hər bir idmançının fiziki imkanlarının həddi var. Oyun ərzində çox güc itirib təbii olaraq axıra yaxın adətən yorulursan. Ancaq biz oyunun sonuna yaxınlaşdıqca özümüzü içəridən daha artıq səfərbər etməyə çalışırıq, yorğunluğumuzu qovub qələbəyə daha artıq can atırıq. Səbəb sizsiniz. Sizin kimi milyonlarla insandır ki, onların qarşısında bizim məsuliyyət borcumuz var. Hər dəfə oyun başlananda, dəqiqələr keçdikcə stadiondan ucalan sədalar bizə qüvvət verir, bizi ilhamlandırır, elə düşünürük ki, biz sadəcə futbol oynamırıq, həm də millətin ürəyindəki arzularla bağlı olan mühüm iş görürük. Hər dəfə qol vuranda, uğurlu hücum edəndə, oyunu qələbə ilə başa çatdıranda içərimizdə bu hiss də yaranır ki, xalqın hansısa başqa, daha böyük zəfərlərə aparan istəklərinə uyğun millət işi gördük. Fikirləşirik ki, biz də insanlarımızın bu yolda daha sıx birləşmək üçün şövqünün artmasına, ülvi məqsədlərinə yetişmək  üçün daha yekdil olmasına  töhfəmizi veririk. Bizi idarə edən, güclü edən, hər dəfə bütün gücümüzlə yalnız qələbə uğrunda mübarizə aparmağa yönəldən xalqın, milyonlarla azarkeşimizin qarşısındakı məsuliyyət duyğumuzdur.

"Traktor"çularla görüşümüzün ertəsi günü bizi Üskü  bölgəsinin Səhənd kəndistanında yerləşən nağılvari gözəllikli bir məskənə apardılar. Kəndovan adlı o kənd dağlara qısılıb. O kənddə ta qədimlərdən üzü bəri daşı daş üstünə qoyaraq, ya kərpic kəsərək ev tikmirlər. Özünəməxsus keyfiyyəti olan qayaları ovaraq komalarını elə dağın sinəsində, o qayaların içində qururlar. Lap quşlar özünə yuva quran kimi. Hətta kəndovanlılar o dağlarda eyni üsulla xarici qonaqların həvəslə gecələdikləri beşulduzlu hotel də yaradıblar. Kəndin dar cığırlarından adlayaraq zirvəyə doğru qalxırdıq, qayalar köksündəki komaların qarşısında rastlaşdığımız mehriban, gülərüz, bu cür həyat tərzlərindən xoşbəxt olan kəndovanlılarla söhbətləşirdik və lap yuxarılarda ev sahibindən bir komaya girib-baxmaq üçün icazə istədik. İçəri girən kimi bu saya, xüsusi bəzək-düzəksiz, yalnız gündəlik həyatı təmin etmək üçün tələb olunan əşyanın sıralandığı komada diqqətimi çəkən iri televizor oldu. Ev yiyəsi də istər-istəməz yaranan təəccübümü gözümdəncə hiss edərək dilləndi: "Bunu "Traxur"a görə almışam. Yan-yörəmizdə çoxunun televizoru yoxdur. Hər oyun göstəriləndə hamı axışır bizə. Darısqallıq olsa da, yığışıb baxırıq. "Traxtur" bizə ruh verir, hər dəfə onlar oyunu udanda biz də bəxtiyar oluruq. Stadiona gedib onlara sevgimizi çatdırmağa imkanımız yoxdur. Ancaq elə burda, ekranın qabağında da kənd camaatı ürəyinin bütün məhəbbəti ilə qışqıranda, alqışlayanda, əl çalanda elə zənn edirik ki, sevgimiz o uşaqlara hökmən çatır. Elə güman eləyirik ki, bizim sevgimiz də onlara uzaqdan-uzağa mütləq güc verir".

Kəndovanda, lap yuxarılardakı qayalarının arasında kəklikotu toplaya-toplaya ara-sıra xəfif dumanda itən kənd adamlarını seyr edə-edə onu düşünürdüm ki, millətimizi güclü, inamlı edə bilən, onu bütün ali niyyət və arzularına çatdıracaq ən başlıca düstur elə iki sözdə, iki anlayışdadır - bu xalqın önündə getməyə, onun sözünün, iradəsinin, diləklərinin ifadəçisi olmağa qadir övladların Azərbaycan insanı qarşısında bir an belə səngiməyən məsuliyyəti və bu xalqın əsl, sadiq balası olan hər kəsin o məsuliyyət yükünü ləyaqətlə daşıyanlara təmənnasız və tükənməz sevgisi.

Həmin məsuliyyət və sevgi bizimlə olduqca ən uzaqlarda sayrışan və əlçatmaz kimi görünən hədəflərimiz də həmişə yaxınımıza gələcək, zəfərlər də daim bizimlə olacaq, Səttarxanlıq, Xiyabanilik, Pişəvərilik... kimi vətənpərvərlik, millətsevərlik, yenilməzlik, mübarizlik duyğuları və dərsləri də hər zaman dayağımız, hayanımız, ayrılmaz yol yoldaşımız olaraq qalacaq!

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 27 aprel.- S.10-11.