Ulu öndər Heydər Əliyev: məhkəmə-hüquq islahatlarının müəllifi

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması çərçivəsində bütün qurumlarda olduğu kimi, ədliyyə orqanlarında və məhkəmələrdə də Ulu öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Zəngin dövlətçilik ənənələrinə malik olan ölkəmizin tarixində Ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti, onun iradəsi, uzaqgörənliyi, siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın kesməkeşli dövrlər keçmiş tarixinə qızıl hərflərlə yazılıb. Xalqımız tarix boyu xəyal etdiyi milli dövlətçiliklə bağlı arzularını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı,  müstəqil, hüquqi Azərbaycan dövlətini qurdu. Elə bu səbəbdəndir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda da yüksək ehtiramla qeyd olunur.

30 ildən artıq bir dövrdə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsinə elə bir irs həkk etmişdir ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi Öndər Heydər Əliyevin hər kəsə örnək olan şərəfli ömür yolu və fəaliyyəti daim öyrənilməli və gələcək nəsillərin də ondan bəhrələnməsi üçün şərait yaradılmalıdır. Məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar, müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl təkmilləşdirilmə tədbirləri və yeniliklər məhz Heydər Əliyevin dühasının parlaq təzahürüdür.

Əbədiyaşar liderin hər zaman qanunçuluq, haqq və ədalət tərəfdarı olduğunu, fəaliyyətinin bütün dövrlərində məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının fəaliyyətinə qayğı göstərdiyini də xüsusi qeyd etmək lazımdır.

Yubiley ərəfəsində Ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir. Fəxr edirik ki, digər ölkə vətəndaşları kimi biz hüquqşünaslar da Ulu öndərin 100 illiyi münasibətilə təşkil edilən konfranslarda və ağacəkmə kampaniyalarında iştirak edir, böyük ehtiramla  unudulmaz dahi rəhbərimizin yubiley mərasimlərinə qatılırıq.

Ümummilli liderimizin 1969-1982-ci illəri əhatə edən çətin bir dövrdə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq sisteminin möhkəmləndirilməsinə nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, keçmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik olan xarizmatik lider Heydər Əliyev idi. O dövrün elə bir mürəkkəb vəziyyətində - 1993-cü ilin yayında Ulu öndər xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına başlayan Heydər Əliyev sarsılmaz iradəsi və fenomenal idarəçilik qabiliyyəti ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış totalitar rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

30 il öncə - 1993-cü ildə Ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə demokratik hüquqi dövlət qurmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquqi nizam-intizam təmin edilməlidir. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər  bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu.

Böyük strateq, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev  hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyev yeni Konstitusiya layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək, bununla bağlı xüsusi yaradılmış komissiyaya şəxsən rəhbərlik etdi.

Yeni Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Hərtərəfli fəaliyyət, gərgin zəhmət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli Liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, humanizmini bir daha təsdiqləyir. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu növbəti dəfə dünyaya sübut etdi.

 

Əfv və amnistiya institutlarının Ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır.

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalasmasına da xüsusi diqqət yetirmişdir. Reallıqları dərindən təhlil edən və nəzərə alan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə  "Məhkəmələr və hakimlər haqqında" yeni qanun qəbul edildi, ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

Ulu öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Bu sistemin üstünlüyü ondan ibarətdir ki,  hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin, məhkəmə qərarlarından şikayət vermək hüququ təmin edilir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verilir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.

İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi və beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olundu. Bununla da Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu.

Həyata keçirilən yeniliklər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60 faiz təzələndi. Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəlmişdir. Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması güclü ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır.

Bu gün Azərbaycan ədliyyəsinin tarixinə nəzər salanda görürük ki, nazirliyin əsaslı surətdə təsis edilməsi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə ölkədə ədliyyə işinə böyük önəm verən dahi rəhbər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlanılmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürüdür.

Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, qloballaşan dünyada Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik. Hər kəs bacardığı iş üzrə, sahə üzrə dövlətə və dövlətçiliyimizə öz töhfəsini verməlidir.

 

Toğrul AXUNDOV

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

525-ci qəzet.- 2023.- 27 aprel.- S.8.