"Tacın qaytarılması" təqdim
edildi
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
yazıçı Səyyad
Aranın "Tacın
qaytarılması" romanının
təqdimat mərasimi
keçirilib. Tədbirdə
AYB-nin sədri, Xalq yazıçısı
Anar, millət vəkili, akademik Nizami Cəfərov, müəllifin qələm
dostları, tanınmış
ədəbiyyat və
ictimaiyyət nümayəndələri,
oxucular iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan AYB katibi Elçin Hüseynbəyli S.Aranın
yaradıcılığı haqqında fikirlərini bölüşüb, "Tacın
qaytarılması" romanının
məziyyətlərindən bəhs edib. O bildirib
ki, roman İkinci Qarabağ müharibəsinə,
xüsusən isə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Qarabağın
tacı" adlandırdığı
Şuşanın işğaldan
azad edilməsinə həsr olunub.
Millət
vəkili, akademik Nizami Cəfərov çıxışında Vətən
Müharibəsinə, Qarabağ
Zəfərinə həsr
olunmuş bu cür əsərlərin
yazılmasının vacibliyindən
söz açıb, təəssüflə qeyd
edib ki, şanlı qələbəmizdən
üç il keçməsinə baxmayaraq,
hələ bu haqda yalnız iki roman yazılıb və onlardan biri Səyyad Aranın "Tacın qaytarılması" əsəridir.
Əsərin bədii keyfiyyətlərini
yüksək qiymətləndirən
akademik, müəllifə
və əsərin gələcək taleyinə
uğurlar arzu edib.
Tənqidçi Vaqif Yusifli S.Aranın Qarabağ müharibəsinə həsr
olunmuş "Başdaşı"
və "İrəvana
gedən yollar" romanlarını xatırladaraq,
"Tacın qaytarılması"
əsərini müəllifin
müharibə mövzulu
trilogiyasının hələlik
son hissəsi kimi qiymətləndirib. Nizami Cəfərov, Vaqif Yusifli və Elçin Hüseynbəyli
çıxışlarında bu romana bədii
film çəkilməsinin vacibliyindən bəhs edib, kino işçilərini
bu haqda düşünməyə çağırıblar.
AYB katibi Səlim
Babullaoğlu da roman barədə düşüncələrini
dilə gətirərək,
S.Aranın son dərəcə
mühüm bir mövzuda diqqətçəkən
əsər ortaya qoyduğunu qeyd edib.
Mənzər Şahniyarlı, Mübariz
Əhmədoğlu, Qəşəm
Nəcəfzadə, Mübariz
Mənsimoğlu, Jalə
Cəfərova, Səxavət
Talıblı, Əli
Nur, Narıngül
Nadir, Sevil Gültən,
Aqil Əhmədov və başqaları da təqdim olunan əsər haqqında fikirlər söyləyib, müəllifə
yeni yaradıcılıq
uğurları diləyiblər.
Sonda çıxış
edən Səyyad Aran əsərin yazılma prosesindən danışıb, bu mövzuda əsər yazmağı bir ədəbiyyatçı kimi
özünün mənəvi
borcu hesab etdiyini vurğulayıb və kitabını tədbir iştirakçıları
üçün imzalayıb.
ŞAHANƏ
525-ci qəzet.- 2023.- 27 aprel.- S.9.