"Qoşa Qarın adamları və şeytanları"

ƏFLATUN AMAŞOVUN EYNİADLI ROMANI HAQQINDA QEYDLƏR

 

...Qoşa Qar yüz illərdi, min illərdi ki, dərdini içində tək çəkirdi.

Uca Tanrının özünə məskən etdiyi ənginliyi-Göyü çiynində saxlayan bu sıldırım qayalıqlı dağ kədərini heç vaxt, heç vədə bir kimsəylə bölüşmür, murdarlıqlara nifrətini gizlətmir, namərdlikləri bağışlamırdı.

Qoşa Qar nədənsə, bəzən hansı günah səbəbindənsə dərd verdiyi bəndələrə də rəhm etmir, yeri düşəndə onların kədərin əzabında qovrulmalarını belə sükutla, səssizliklə qarşılayır, o adamları yaxına buraxmamaqla dağ paklığını, müqəddəsliyini yaşadırdı.

Amma Qoşa Qara sığınanlar bunu bilə-bilə nə vaxtsa oradan baş götürüb didərginliyə üz tutanda belə, dərdlərini vida vədəsində bu dağa söyləyirdilər və babalarının ruhlarından törəyən Göy Quşun yüz illərlə uçub axırda da buradakı qayalıqlardan birinə qonacağına, o andan da bu məkana xoşbəxtliyin "ayaq açacağına", özlərinin də məskunlaşdıqları qürbət ellərdən nə vaxtsa geri dönəcəklərinə, bəxtəvər bəndələrə çevriləcəklərinə qəlbən inanırdılar.

Zaman isə beləcə insan düşüncəsi-inamı, ümidi ilə yaşa dolurdu. O Qoşa Qardan, o sıldırımlı qayalıqlardan isə nə bir çarə, nə bir kömək, hələ ki, görünmürdü. Çünki Göy Quş hələ yol gəlirdi, mənzil başına hansı günün hansı saatında yetişəcəyini özündən savayı heç kim bilmirdi

...Dünyaya göz açandan bəxti qara gələn-hələ ana bətnindəykən atası ölən, qüsurlu  doğulması səbəbindən də anasını itirib baba-nənə ümidinə qalan Qızeytarda da arzu-istəyinin Göy Quşun Qoşa Qara dönən an göyərəcəyinə bir əminlik vardı. Bu inamı onda altaylı şaman Abanurun tələbəsi Xəmmədin babası Alı kişiyə söylədiyi və yaddaşında ilişib qalan sözlər yaratmışdı.

Bax, elə buna görə də Qızeytar gəzə bilmədiyindən illərlə pəncərənin yanında qoyulan taxtın üstündə uzanıb gözlərini saatlarla Göy Qayaya dikməkdən, Göy Quşun yolunu gözləməkdən usanmazdı. Amma o quşun gəlməsi və özü ilə də o qızcığazı götürüb aparması, ayağa qalxıb rahatca gəzməsilə dünyanın sevincinə, xoşbəxtliyinə qovuşması şair demişkən, görünməz aylara, illərə qalmışdı...

 

lll

 ...Bir nəslin Qoşa Qarın ətəyində, Qurd Ölən Yerdən ta MələklərinYoluna qədər uzanan ucsuz-bucaqsız yaylaqlarda binə olduğu tarixi bilinməyən bir dönəmdən mehr-məhəbbət dolu günlər yaşaması şeytana xoş gəlmədiyindən qəbiləni nifaq salmaqla iki yerə parçalayır. Düşmənçilik Qoşa Qarı qan çanağına çevirir  bundan qəzəblənən Tanrının həftələrlə yağdırdığı yağış yurdu yuyub aparır, yerin təki boşalır və torpaq insanları udur. İnsanlıq Allah dərgahına əl açıb imdad diləyir, günahlarını bağışlamağı istəyir. Yaradansa bu yalvarışın qarşısında təslim olur, faciənin-nəslin kökünün kəsilməsinin Qoşa Qara bitişik Göy Qayanı yerin təkindən  yaratmaqla qarşısını alır. Camaat həmin müqəddəs məkanda-Göy Qayada məskunlaşır, artıq bu yeri dərddaş bilir, dar məqamda ona üz tutub imdad diləyir. Göy Quşun gəlişi ilə də nəsil arasında barış, sülh, əmin-amanlıq yaranacağına ümid bəsləyir.  

 

lll    

 

...Göy Quşun Göy Qayaya gəlişinin intizarını təkcə Qızeytar çəkmirdi. Babası Məmməsöyün kişinin də, nənəsinin də bu yurdda yaşamaqları cəhənnəm əzabı idi. Alıöylü nəsli babaya da, nənəyə də düşmən gözü ilə baxırdı. Çünki Məmməsöyünün ilk və son sevgisini qohum-əqrəba qəbul etmirdi. Məmməsöyün də onsuz yaşamağı, yad eldən gətirdiyi "bu qara yığvallıdan" ömrünün sonunadək aralı düşməyəcəyini deyirdi.

Məmməsöyünün at belində iki qızını canavar parçalaması, üçüncüsünün Qızeytarı dünyaya gətirdiyi anlarda həyatını itirməsi, çağanın isə şikəst doğulması, üstəlik də, körpənin atasının ölümü Alıöylü nəslinin ürəyinə rəhm salmamışdı. Kim bilir, Göy Qayada bir nəslin bir ailəyə yönələn qəddarlıqları, həmçinin, bir-birinin ardınca bu obada baş verən faciələr bir qəbilənin bəlkə də iblisləşməsindən irəli gəlirdi...

Amma altaylı şaman Abanurun şagirdi Xəmməd Alının Göy Qayaya Göy Quşun gəlməsi ilə bağlı söyləməsinin nə vaxt "göyərəcəyi", o quşun Qızeytarı da özü ilə aparacağı vaxta hələ çox qalırdı. O vədəyə kimi buralardan çox sellər-sular axacaq, çox yellər əsəcəkdi... Babası Məmməsöyün kişi nəvəsi Qızeytarı sağlam həyata qaytarmaq üçün Bozyar atını qaraçılara bağışlayacaq və bunun qarşılığında möcüzə baş verəcəkdi-Qızeytar sapsağlam olacaq, dünyaya sanki yenidən göz açacaqdı. Sonra isə "Babasının xeyir-duasını alıb Toyçu Alxanın "Atdandırma"sının qəmli sədaları altında Söynalı Qızeytarı bəzədiyi ata mindirib" ər evinə aparıb özünə ömür-gün yoldaşı edəcəkdi. Qızeytar da babasının ona cehiz adı ilə verdiyi köhnə beşaçılanla oğru-quldurun qarşısına çıxacaq, onların yerindəcə cavabını verəcək, əri Söynalı isə Qoşa Qarın ətəklərindəki meşələri qoruyacaq, yeri düşəndə isə bu ətrafa hücum çəkən ermənilərlə döyüşəcəkdi... 

Bax, belə bir məqamda bu ailə fələyin nə saydığından, nələr edəcəyindən xəbərsiz yaşayırdı... Qızeytarın oğlu Musanın balaca bacısının qamçı ilə gözünü çıxaran kəndxudanın oğlunu öldürməsi və bu faciə ilə bir qəbilənin, bir nəslin ikiyə bölünəcəyi, yeni bir qan düşmənçiliyinin başlayacağı isə heç kimin ağlına, yuxusuna  gəlməzdi...

"Qoşa Qarın adamları və şeytanları"nda təsvir olunan bu hadisənin sonluğu isə Alıöyün ağsaqqallarının faciə ilə bağlı verdiyi qərarla daha da dramatikləşir: yeni bir ikitirəliyin başlanmasının, yeni qan axıdılmasının qarşısının alınması üçün ənənəvi "ölümə ölüm" hökmü verilir, kəndxudanın oğlunu qətlə yetirən Musanın da qarşı tərəfdən həyatına son qoyulması qərara alınır.

Romanda hadisələrin məcrasının bu məqamında yazıçı diqqəti bir azdan yaşanacaq faciə fonunda Göy Qayanın sinəsinə, həndəvərinə sığınan şeytanın bu yerin müqəddəs məkanında-məsciddə söyləmələrinə yönəldir. Bununla da şeytanın insanları Uca Tanrının yolundan çıxarmalarında hansı gücə sahib olmasını göstərir. Yəni bəzən bəndə qudurğanlığının qarşılığında onun həmcinsinin cinayətə əl atmasının heç də iblis əməli olmadığından xəbər verir. Belə bir əminliyi isə az vaxt sonra güllələnəcək Musa ilə məsciddə olduğu zaman şeytanın bu müqəddəs məkana ayaq basıb Molla Ayvazla etdiyi söhbət də təsdiqləyir. Şeytan adıçəkilən nüfuzlu din xadimi ilə, belə demək mümkünsə, dialoqunda iblislərin də bu dünyada, eləcə də Yer üzünün bir parçası olan Göy Qayada yaşam haqqı olduğunu bildirir və əlavə edir: "Bəs sabahkı qətlin günahını kimə yükləyəcəksiniz, Molla Ayvaz? Onudamı mənim, şeytanların adına yazacaqsınız? Mən onu cinayətə sürükləmişəmsə, bəs siz kimsiniz onda? Tanrının yaratdığı, yer üzünün əşrəfi sandığı Adəm övladımı? Yoxsa hər addımda mənim kələyimə uyan məxluqmu?".

Əslində, yazıçı əsərdə bədii obrazını yaratdığı şeytanın bu ritorik sualları ilə oxucunu düşünməyə, Molla Ayvazın əməllərini xatırlayıb ona dəyər verməyə, iblisin söz (sual) fəndgirliyini anlamağa məcbur edir. "Bəs siz kimsiniz"in cavabı isə tezcə də düşüncəyə hakim kəsilir: Molla Ayvaz nüfuzu, xətir-hörməti hesabına neçə qoşa qarlını hökumətin cəngindən qurtaran, bazar günləri məscidini mədrəsəyə çevirib uşaqları elmə-savada qovuşduran, hətta Tiflisdən müəllim çağırıb onlara rus dilini  öyrədən Adəm övladıdır ki, Dırdı İsmeeldən fərqli olaraq şeytanın onu iblisləşdirməyə gücü çatmır.

lll     

...Gözlərinin önündə bir azdan yaşanılacaq oğul faciəsi Qızeytar doğulanda Uca Yaradanın verdiyi əzabdan da qat-qat ağrılı olur. Camaatın gözü önündə oğlunun kiminsə əli ilə açılan atəşlə ölməkdənsə, özü-özünü güllələməkdən başqa bir çarəsi qalmır. Lakin o vaxta kimi hadisənin başqa bir axarla cərəyan edəcəyinə ümidini də üzmür: Musanı ölümün əlindən alması niyyətilə üzünü Göy Qayaya tutub ondan imdad diləyir: "Dərdimə ilac elə. Səninləyəm, Göy Qaya, eşitmirsən, dərmanın yoxdursa, çağır gəlsin Göy Quşu, tez gəlsin, məni də dərdlərinə bələyib buralardan genitsin...".

Ancaq bu yalvarış heç bir nəticə vermir. Qızeytar "ölüm meydanı"nda özünü babasının cehiz verdiyi beşaçılanla qətlə yetirməzdən öncə "Göy Qaya tərəfdən quş qaqqıltısına bənzər gələn səsdən diksinir, gözlərini oğlunun baxışlarından ayırıb qeyri-ixtiyari səs gələn tərəfə boylanır... Bu, Qızeytar arvadın uşaqlığından gözlədiyi elə həmin Göy Quş olur..."

...Qızeytar arvad öz qətlinə fərman verir. Göy Qayaya qonan Göy Quş  beşaçılanın səsi eşidilən andaca Qızeytarın ona tərəf uçan ruhunu qanadlarına büküb Mələklərin Yolundan Göy Qayaya enən işıq şüasına qoşulub göyün yeddinci qatına yollanır və ünvanı bilinməyən ənginlikdə mələklərin biri də beləcə artır... 

 

lll    

 

Əsərdə  Güllünün jurnalist tədqiqatı sayəsində Qojanın əlyazması NKVD arxivində aşkarlanır və bununla da düşüncəsi, əxlaqı iblislərin təsiri altına düşən bir insan-Dırdı İsmeel obrazı gözlərimiz önündə canlanır...

Dırdı İsmeel Qoşa Qarda "quruluş üçün təhlükəli", "pantürkizm vurğunu" olan neçə-neçə başıpapaqlını  NKVD-yə yazdığı donoslarla Qazaxıstan səhralarına sürgün elətdirmiş, gəlinləri ərsiz, uşaqları atasız, ailələri başsız qoymuşdu. "Kəndin kənarındakı daxmasında yalqız yaşayan, yatağının böyründə kağızı, qələmi əskik olmayan", Allah xofundan uzaq bu Allah bəndəsi uşaqlıqdan arzu-istəyi göyərməmişdi: Göy Qayadan yıxılıb şikəst olmuşdu, sevdiyi Yetəri isə ona çox görmüşdülər. 

Taleyi kəm gələn, bəxti üzünə gülməyən belə adamın şeytana təslim olması elə də çətin deyldi. Həmin dövrün o cür ab-havası isə şeytan üçün bir fürsət, bir məqam idi. Çünki iblis alın yazısına talesizlik yazılan, xislətilə insanlığa qənim kəsilən Dırdı kimilərini asanlıqla ələ keçirib erməni müstəntiqinin əli ilə ocaqlar söndürürdü...

 

lll

 

Əflatun Amaşov Dırdı İsmeelin "pantürkizm mübarizəsindən" danışarkən bir məqamı da xatırladır: Uzun bir dövr üzərində quş və dağ-qaya təsviri olan palaz söz-söhbətinin- Altayda sürgündə olan zaman Xəmməd Alının şaman Abanurdan eşitdiklərinin-NKVD-də erməni müstəntiqinə verdiyi ovaxtkı ifadəsinin sirri, nəhayət, üstündən qərinələr, əsrlər ötəndən sonra Güllünün Tiflis arxivindəki axtarışı ilə açılır: "Mən, Xəmməd Alı, deyirəm ki, bu palaz Altaydakı müəllimim şaman Abanurdan mənə yadigardır. Üstündə gördüyünüz quş da böyük türkün ruhunun ifadəsidir".

Beləliklə, zamanın acı rüzgarı nə qədər təhlükəli, qorxulu olsa da, bir millətin istək-arzusunu soldura, əkdiyi toxumun cücərməsinin, göyərməsinin qarşısına ala bilmir. Palaz üzərindəki təsvirin-quşun Göy Quş, qayanın Göy Qaya olması təsdiqlənir, bu fikir haqlı olaraq türk qələbəsinin, türk ruhunun birləşməsi, böyük Turanın qurulması simvolu kimi yozulur və bugümüzdə ən ali nöqtəyə yüksəlir. Bu yolda xəmməd alılar türk ruhunun, molla ayvazlar İslam, elm, əxlaq, mərifət daşıyıcısı, iblisləşən dırdı ismeellər isə bu dəyərlərin dağıdıcısı kimi tanınır...  

 

 

Vaqif BAYRAMOV

525-ci qəzet.- 2023.- 28 aprel.- S.15.