Fəlsəfə qıtlığı, yoxsa düşüncə yoxsulluğu?  

Musiqini başa düşmək, yoxsa duymaq dilemması

 

(Əvvəli 21 aprel tarixli sayımızda)

 

Mənə elə gəlir ki, son vaxtlar efirdə, mətbuatda cəfəng, absurd fikirlərin tüğyan etməsi, guya analitik üslubda  yazılmış bir çox məqalələrdə görünür mənası onları işlədənlər tərəfindən düzgün anlaşılmayan sözlərin, ibarələrin geni-bol işlədilməsi fəlsəfi biliklərin qıtlığının nəticəsidir. Əks təqdirdə Azərbaycanda az qala 100 adamdan biri "dahi" elan edilməz, "gözəl", "yaxşı" , "böyük", "incə", "duzlu", "müqtədir" və s. sözlərdən düzəldilmiş əcaib epitetlər dilimizi korlamaz, məntiqin elementar tələblərini bilməməyin nəticəsi olan məntiqsiz, mənasız, yaxud səhv fikirlər kitabdan-kitaba keçib gözlərimizi döyənək eləməzdi.

Mən istənilən qədər misal gətirə bilərəm. Amma bu, xeyli vaxt aparar. Ona görə də gəlin səxavətlə işlədilən bir hökmə -  "Filan musiqi əsərini başa düşmək olmur (yaxud "başa düşmək çətindir") hökmünə baxaq.

Başa düşmək - çatdırılan informasiyanı, mahiyyəti anlamaq, dərk etmək anlamı verir və bu kontekstdə yuxarıdakı hökm ilk baxışda doğru hökm təsiri bağışlayır. Lakin mən indi desəm ki, bu hökm doğru yox, yalan hökmdür, üstəlik onun doğru olmasının ehtimalı 0-a bərabərdir, çoxlarınız təəccüblənəcək - "Bu, necə ola bilər, axı? Biz belə cümlələri efirdə o qədər eşitmişik ki! Hətta mətbuatda, elmi kitablarda da belə cümlələrə rast gəlmək olar!"

Elə isə bir az səbr nümayiş etdirib birlikdə fikirləşək.

Bir şeyi başa düşmək, anlamaq anlayışlar (yaxud konkret bir anlayış) üzərində aparılan və sonu nəyi isə  bilməklə bitən əməliyyatdır. Məsələn, "kitab" sözünü biz ona görə başa düşürük ki, beynimizdə artıq kitab anlayışı var və biz həmin sözü həmin anlayışla identifikasiya edib (bu, avtomatik baş verir) kitabı tanıyırıq. Mücərrəd anlayışları bildirən sözlərdə də belədir. "Vicdanlı adam" söz birləşməsinin birinci tərəfi mücərrəd söz olsa da, onun da bildirdiyi anlayış, məna var. Biz eşitdiyimiz sözləri, cümlələri, ətrafımızdakı hər şeyi, ümumiyyətlə, bütün reallığı məhz belə düşüncə, mühakimə alqoritmi ilə başa düşürük. Deməli, nəyi isə başa düşmək duyğu üzvlərinə təsir edən nəsnələrin obrazlarının  şüurda emalı prosesidir. Bu proses uğurla başa çatanda biz nəyi isə anlayır, başa düşür, əks təqdirdə isə qeyri-müəyyən bir vəziyyətdə qalırıq.

Deyilənlər kontekstində hansısa bir melodiyaya baxaq.

İstənilən melodiya, yaxud onun ki

çik vahidi olan musiqi frazası 7 əsas səsdən, onların deformasiya olunmuş müxtəlif variantlarından, müxtəlif temp, ritm və tonallıqda təkrarından, düzülüşündən təşkil olunub. Digər tərəfdən, musiqi səsləri   yalnız musiqini bəstələyən və ifa edən subyektlərə gərəkli olan adlarından və not işarələrindən başqa heç nə ilə asossiasiya olunmur, nəsnəl olan heç nəyə bağlanmır. Çünki məzmun planında o bizə heç bir informasiya ötürmür. Bu o deməkdir ki, musiqi səslərinin söz, anlayış, məzmun analoqları yoxdur. Əslində danışıq səsləri də bu xassəyə malikdir. Lakin musiqi səslərindən fərqli olaraq danışıq səsləri bir-biriləri ilə əlaqəyə girib müəyyən anlayışları bildirən sözlərə çevrilir. Musiqi səslərini isə lap 1000  kombinasiyada da yan-yana düzəndə heç bir anlayış, məzmun vermir. "A" səsi ilə "y" səsi yan-yana dayananda "ay" kimi çoxmənalı söz yaratdığı halda, məsələn "lya", "mi", "sol" səslərinin istənilən ardıcıllıqda düzülüşündə konkret heç bir anlayış almaq mümkün deyi. Deməli, onlar bizə düşünüb hansısa anlayışlara çıxmaq üçün də heç bir şans yeri qoymur. Onda sual olunur: bir şey ki, konkret heç nəyi bildirmir, bir işarənin ki arxasında heç nə dayanmır, onu başa düşmək, yaxud düşməmək haqqında fikir yürütmək, hökm vermək absurd deyilmi?

Bu, bir tərəfdən, səslərin məkanda yox, zaman çərçivəsində olması, onların maddi, nəsnəl şeylərdən kənarda qalması ilə bağlıdırsa, digər tərəfdən onların şüurda, təfəkkürdə də obrazlarının olmamasının məticəsidir.

Deməli, musiqi təfəkkürün, zəkanın  yox, hissi idrakın predmetidir. Buna görə də musiqini başa düşməkdən yox, onu hiss etməkdən, duymaqdan danışmaq olar. Hansısa melodiya eşitmə kanalı ilə bizim hisslərimizə təsir edib onları qıcıqlandırır, əhvalımızı dəyişir, amma fikirləşmək hansısa məsələ barədə əqli nəticə çıxarmaq, yeni bilgilərə çıxmaq mənasında bizə heç nə vermir. Məhz elə buna görə də eşitdiyimiz alma sözü, yaxud "Mən evə gedirəm" hökmü hamı tərəfindən eyni cür başa düşüldüyü halda, hansısa musiqi əsəri temperamentindən, emosionallığından, həssaslığından asılı olaraq hər dinləyicidə müxtəlif reaksiyalar doğurur - biri dərhal təsirlənib reaksiya verir, hətta göz yaşlarını saxlaya bilmir, digərinin heç vecinə də olmur, elə bil  qulağının dibində arı vızıldayır, başqa birisi xatirələrə dalır, kimisə, nəyisə xatırlayır, bir başqası fikrə dalır, gələcək haqqında fikirləşir...

Bu rəngarənglik dinləyicilərin fantaziyalarının miqyasından, daxili yaşantılarının keyfiyyətindən, nəhayət, interpretasiya, yəni yozma, musiqi obrazlarını öz istədiyi kimi konkretləşdirmə qabiliyyətindən irəli gəlir.

Bəs musiqinin insana xoş gəlməsinin (yaxud gəlməməsinin) səbəbi nədir?

Məsələ burasındadır ki, hər bir musiqi əsəri müəyyən temp, ritm, tonallıq, intonasiya quruluşua malikdir və bu xüsusiyyətlərinə görə onlar  minor (qəm, kədər) və major (oynaq, şux, dinamik ) ladlarda doğulur. İnsan duyğularının sayrışmalarının da temp, ritm xüsusiyyətləri var və əgər  eşitdiyi musiqi onun duyğularının bu parametrlərinə uyğun gəlirsə, təbii ki, həmin musiqi onun zövqünü oxşayacaq: rəqs havasıdırsa - sümüyünə düşəcək; qəmli, kədərli vaxtlarda isə onun ruhu minor ladlı musiqi tələb etdiyindən şux, oynaq melodiya onu nəinki zövqləndirəcək, əksinə qıcıqlandıracaq, əsəbiləşdirəcək.

Bəstəkarlar əksər hallarda polifonik quruluşa malik irihəcmli əsərlərinə, məsələn, simfoniyalarına, konsertlərinə konkret ad vermir, onları sadəcə nömrələyirlər (Birinci simfoniya, Tar ilə orkestr üçün 3 nömrəli konsert ). Heç fikirləşmisinizmi, nə üçün? Ona görə ki, belə əsərlərə qoyulan adlar dinləyicilərə eşidəcəkləri əsəri yozmaq üçün verilən resept, qulağına deyilən ipucu söz  kimi bir şey, yozum kodlarıdır və həmişə də subyektiv, şərti xarakter daşıyır. Əslində musiqi əsərinin əsl adı dinləyici onu eşidəndə yaşadığı hisslərin rəng çalarlarından asılı olaraq müxtəlif şəkildə səslənə bilər. Adı müəllifin özü verəndə o, bir növ dinləyicinin hissləri üzərində zorakılıq edir, onu öz istədiyi səmtə yönəldir. Məsələn, Qara Qarayevin "Leyli və Məcnun simfonik poeması"nın adı dinləyiciyə eşidəcəyi əsəri məhz bu kontekstdə yozmaq üçün verilən koddur və bu əsər sadəcə "Simfonik poema" adlandırılsaydı, onun məhz Leyli və Məcnun mövzusu ilə əlaqəsi barədə versiyaların yaranması ehtimalı 100000-də birlərlə ölçülərdi.

 

Alman filosofu A.Şopenhauer sadə, amma dahiyanə bir fikir söyləyib: "Sözün qurtardığı yerdə musiqi başlayır".

Bu fikir, məncə, musiqinin genezisi, fəlsəfəsi, estetikası, funksiyası barədə söylənilmiş bəlkə də ən dəqiq fikirdir. O bizə sadaladığım mövzularda yazılmış qalın-qalın elmi-nəzəri  kitablardan  qat-qat zəngin informasiya ötürür.  İş burasındadır ki, sözün qurtarması həm də anlayışların qurtarması deməkdir. Bilmək isə anlayışlar üzərində aparılan əməliyyatdır. Deyə bilərsiniz ki,  hamımızın şüurunda bir səs anlayışı da var axı. Doğrudur. Amma səslə bağlı  düşüncə, bilmək ehtiyacı    elə bu anlayışla da da bitir. Biz bu anlayışın köməyi ilə, məsələn, körpənin qığıltısı, xəstənin iniltisi, çəkdiyimiz ah, heyrət, təəccüb, qorxu bildirən nidaları... tanıyır və dərhal da bu səsləri reallığa identifikasiya edib müəyyən nəticələrə gəlirik ("bu, gülüş səsidir", yaxud "külək əsir" və s) . Amma eyni fikri mudiqi səsləri haqqında demək olmur. Uzaqbaşı deyə bilərik ki, eşitdiyimiz səs "fa" səsisidir. Lakin yuxarıda dediyim kimi, bu səsin, yaxud onun digər səslərlə kombinasiyalarının arxasında bizim anlamalı, başa düşməli olduğumuz konkret heç nə dayanmır.

Musiqi əslində Şopenhauerin  dediyi kimi, sözə çevrilə bilməyən duyğuların, fikirlərin dilidir.  Bu səslər rənglər kimi bir-birinə qovuşanda kiçik musiqi frazalarına, yəni səslərin ahəngdar sıralanmasına çevrilir və çatdırdıqları informasiyanın məzmunundan, həcmindən asılı olaraq bu frazalar da bir-birinə hörülüb rəngarəng səs çələnglərini - bir neçə səsin melodik uzlaşmasından, yəni zümzümədən tutmuş  mürəkləb quruluşa malik çoxsəsli kompozisiyalara - simfonik əsərlərə qədər müxtəlif musiqi əsərləri  yaradır.

Filosof Niyazi Mehdi musiqini " başa düşməyənlər" üçün maraqlı bir resept təklif edir . O, musiqinin qavranılmasını onun interpresiyası - yəni mücərrəd olanın konkretliyə qaytarılması ilə əlaqələndirir. Doğru fikirdir. Qeyd edək ki, ustadın dediyi kimi,  bu proses   şüurumuzda mövcud olan anlayışları aparıb onların bildirdiklərinə bağlamaq yolu ilə yox, öz zövqümüzün, fantaziyamızın imkanları daxilində yaddaşımızdakı hansısa mənzərəyə-məsələn günəşin çıxmasına, gənizin ədib-coşmasına, şəlalənin şırıltısına adaptasiya etmək yolu ilə baş verir. Yəni biz anlayışlardan yox, istəyimizdən çıxış və seçim edirik.

1990-cı illərin sonlarında Arif Məlikovdan müsahibə alarkən aramızda  bu mövzu ətrafında qızğın mübahisə düşdü. Necə oldusa, mən dedim ki, musiqi sözlə, danışıq nitqi ilə ifadə oluna bilməyən hisslərin, duyğuların mücərrəd səs obrazları ilə ifadəsidir. Ona görə də musiqinin məzmununu sözə, yazı mətninə çevirmək mümkün deyil. Güman ki, Arif müəllim məni başqa cür başa düşdü və etiraz edib, dedi:

-  Sən musiqi ilə öz sənətini qarşı-qarşıya qoyur və üstünlüyü musiqiyə verirsən ki, bu da düz deyil.

Gətirdiyim arqumentlər inandırıcı alınmırdı və hər dəfə Arif müəllim tərəfindən təkzib olunurdu. Axırda söhbətin uzanacağını görən ustad maraqlı təklif verdi:

- Onsuz da 2-3 gündən sonra bir də görüşəcəyik. Get daha inandırıcı arqumentlər tap. Məni inandıra bilsən, özüm səni təbrik edəcəm.

İki gündən sonra konservatoriyada görüşəndə  birinci arqumentimi qoydum ortaya:

- Arif müəllim, bizim nitqimiz müxtəlif səslərin kombinasiyasından əmələ gəlir - məsələn, "a", "el", "em" səsləri müəyyən qanunauyğunluqla sıralananda "alma" sözünə çevrilir və konkret bir cismi, yəni almanı bildirir. Musiqi də səslərin kombinasiyasıdır, lakin bu səsləri min üsulla birləşdirsən də, konkret, sözlə ifadə olunan heç nəyi bildirməyəcək, çünki mücərrəddir. Deməli, musiqinin dili sözə çevrilməyən səslərdir.

Hiss elədim ki, fikirlərim Arif  müəllimə maraqlı gəldi. Lakin razılaşmağa tələsmədi:

- Pis deyil. Mülahizələrini daha nə ilə arqumentləşdirə bilərsən?

Mən hazırlıqlı gəlmişdim. Odur ki dedim:

- Arif müəllim, ustadınız Qara Qarayevin "Don Kixot"  simfonik poeması adlı gözəl bir əsəri var. Əsərin konkret adı olduğundan onu dinləyəndə biz musiqi obrazlarını konkret mövzu ilə asosiasiya edirik. İndi belə bir mənzərə təsəvvür edək: tutaq ki, həmin əsər ifa olunur, amma dinləyici onun adını bilmir. Siz əminsinizmi ki, o, eşitdiyi musiqi obrazlarını beynində mütləq Don Kixot mövzusu ilə konkretləşdirəcək?

Arif müəllim gülümsədi, şahmat oyununda məğlub olan şahmatçı kimi əlini  irəli uzadıb dedi:

- Təbrik edirəm, mən təslim...

...Sonda mənim fikirlərimə şübhə ilə yanaşanlara öz təcrübələrindən çıxış edib düzgün nəticəyə gəlmək üçün bir ipucu verirəm -   sevdiyiniz instrumental musiqi əsərlərindən birini dinləyin və sonra onun məzmununu bir kağızda yazmağa çalışın.

Əgər alınsa, mən təslim.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023.- 28 aprel.- S.13.