Anar fenomeni: onu layiqincə tanıyaq!
Hər bir oxucunun öz Anarı var. Mən bu qeydlərimdə onun mənə nəyə görə bu qədər doğma olması, hansı yaradıcılıq
xüsusiyyətləri ilə
öz adını silinməz hərflərlə
ədəbiyyatımızın tarixinə yazması barədə düşüncələrimi
bölüşmək istərdim.
Şübhə yoxdur ki, Anar
sağlığında söz
sənətimizin klassiki
olmağı bacarıb. Allah ömrünü
uzun eləsin! Mənim nəzərimdə, Anar bizim ədəbiyyatımızda
intellektual nəsrin yaradıcısı, banisidir.
Həm də bu janrın
bütün dünyadakı
ən qüdrətli nümayəndələri ilə
müqayisə edilməyə
layiq bir sənətkardır. Qeyri-ixtiyari, sovet
epoxasının ən
tanınmış, nüfuzlu
tənqidçilərindən biri, milliyyətcə qaraçay olan Svetlana Əliyeva (1936-2020) yadıma
düşür. Bu xanım
1980-ci ildə "Yazıçı"
nəşriyyatında buraxılmış
"Çelovek v menyayuşemsya
mire" - ("Dəyişən dünyadakı insan") monoqrafiyasında Anarı və onunla birlikdə 60-cı illərdə
ədəbiyyata gələn
yazıçıları yeni
Azərbaycan nəsrinin
yaradıcıları kimi
təqdim etmişdi.
Anar ənənəvi
mövzulara yeni rakurs, yeni nəfəs,
yeni intonasiya gətirmək kimi üstün qabiliyyətə
malik bir ustaddır. Görkəmli rus tənqidçisi
Lev Anninski sovetlər birliyi dövrünün ən güclü yazıçıları siyahısında
dəfələrlə Anarın
adını birincilər
cərgəsində çəkirdi.
Onun vaxtilə Anarın portret ştrixlərinə
həsr etdiyi yazısı "Literaturnaya
qazeta"da çap olunanda böyük rezonansa səbəb olmuşdu. Bundan sonra çoxmillətli
oxucu auditoriyasında Anar nəsrinə maraq daha da
çoxaldı, Azərbaycan
yazıçısı dünya
səviyyəli nasir kimi səciyyələndirildi.
Mənim
çoxdankı dostum,
yarıuyğur, Azərbaycan
nəsrinə gözəl
bələd olan, Rusiya Elmlər Akademiyasının akademiki Lola Zvonaryova o illəri xatırlayanda Anardan əfsanəvi bir şəxsiyyət kimi danışır, onu möhtəşəm,
böyük ənənəli
Azərbaycan ədəbiyyatının
bugünkü zirvə
və mərkəzlərindən
biri kimi təqdim edir. Əgər idman terminologiyası ilə desək, Anar öz yaradıcılığında
həmişə formanı
saxlayan bir nasirdir. Bu hər
yazıçıya nəsib
olmur. Ədəbiyyat tarixi göstərir
ki, cavanlığında
çox yaxşı yazan nasirlər olur, yaşa dolanda o səviyyədə
qala bilmir. Rusdilli ədəbiyyatsevərlər bunu
Anarın "Drujba narodov" jurnalının
2016-cı ildə ard-arda
üç nömrəsində
çıxan "Gözmuncuğu"
("Amulet ot sqlaza")
povestini Natiq Rəsulzadənin tərcüməsində
oxuyanda bir daha hiss etdilər. Qeyd edim ki, məncə,
"Drujba narodov" Anarı rus dilində ən çox dərc etmiş jurnaldır.
Anarı
bir dəfə oxuyanda yenə oxumaq istəyirsən.
Rus ədəbi jurnalları bunu bilirlər. Elə bu səbəbə görə 2020-ci ildə nüfuzlu "Roman qazeta"da
onun seçilmiş nəsr nümunələri
anarsevərlərə çatdırıldı.
Anar haqqında Rusiyada bir kitab
da çıxdı: müəllifi Azərbaycana
böyük rəğbəti
olan, Anar yaradıcılığına sevgili-sayğılı
Lyudmila Lavrova idi. Bu kontekstdə istedada
çox həssas tənqidçi, Rusiyanın
keçmiş mədəniyyət
naziri Yevgeni Sidorovun da Anarın
rusca çıxmış
"Noçnıe mıslı"
("Gecə düşüncələri")
kitabına resenziyası
böyük yazıçımıza
olan rəğbət və marağının əyani təzahürüdür.
Bütün bunları ona görə xatırladıram
ki, çoxları Azərbaycandan kənarda Anara verilən dəyərdən bəlkə
də xəbərsizdilər. Amma Anarın
dəyərini zaman verib və hələ
verəcək də.
Anar öz yaradıcılığı
ilə zamana, vaxta, materiyaya qalib gələn sənətkardır.
O, Azərbaycan dilində olduğu kimi, rusca da gözəl
yazan ədibimizdir. Bunu da qeyd
edim ki, mən - Aran bölgəsində, Beyləqan
rayonunun Birinci Şahsevən kəndində
böyümüş bir
adam - 1977-ci ildə Rusiyaya köçəndən
sonra Anarın rusca kitablarını oxuya-oxuya Tolstoyun, Puşkinin dilini öyrəndim. Sonra da özüm
başladım bu dildə yazmağa. Və yazdıqlarımı rus ədəbi qəzet və jurnallarında dərc etdirirdim. Tam əminliklə deyirəm ki, Anar rus dilində
heyrətamiz dərəcədə
fərasətlə, ustalıqla,
incəliklə yazır.
Ən yaxşı rus nasirləri də ona bu mənada
qibtə edə bilərlər.
Anar dünyaduyumunda,
dünyagörüşündə və mental xüsusiyyətlərində
təpədən dırnağa
azərbaycanlıdır. O, hər
bir əsərində
ən mürəkkəb
şeylərdən yazanda
lazım olan yerdə elə vacib açar sözlər, ifadələr
tapır ki, bütün bunlar onun öz ana
dilini nə dərəcədə gözəl
bildiyini oxucuya çatdırır.
Qarabağ ətrafında hadisələr başlayanda Anar müəllim bədnam qonşularımıza xatırlatdı ki, Azərbaycan "suvenir yox, suveren respublikadır". Bu qanadlı sözü aforizm kimi bizim bəzi qədirilməzlərin, Anarı dananların yadına salmaq istərdim. O zaman belə ifadələri işlətməyə hər adamın cəsarəti çatmazdı.
Anar türk dünyasının etalon qeyrətli, böyük təəssübkeş yazıçısıdır. Orxan Pamuk Nobel mükafatına layiq görüləndə Anar müəllim yazmışdı ki, mən bir türk yazarının belə bir mükafata layiq görülməsini böyük məmmuniyyətlə qarşıladım, amma paralel olaraq çox təəssüf etdim ki, Pamukun erməni genosidi ilə bağlı fikirləri Türkiyə düşmənlərinin dəyirmanına su tökür...
Anar bax belə mərd, lazım gələndə sözünü deməyi bacaran cəsarətli şəxsiyyətdir. Belə bir ifadə var: Platon mənə dostdur, amma həqiqət mənə daha əzizdir. Anar Orxan Pamukla münasibətinə baxmayaraq, bu cür mühüm məsələdə bir türk oğlu kimi öz iradını bildirməkdən çəkinməyib. Deməli, o, daxilən mübariz bir yazar, azad bir insandır. Hər şeyi öz adıyla adlandırmağı bacarır. Bu, Anarın bütöv şəxsiyyət olmasından xəbər verir. Anar ədəbiyyat üzrə Nobel mükafatçısı İosif Brodskinin "Puteşestvie v Stambul" adlı yazısında islamofobiya və Şərqə qarşı əsaslandırılmamış qərəzli, istehzalı, snobist mövqeyini "Voprosı literatura" jurnalında kəskin tənqid etmişdi.
Anarın hələ sovet dönəmində insanı düşündürən bir çox əsərləri var ki, bu əsərlər tarix boyu yaşayacaqdır. "Yaxşı padşahın nağılı", "Adamın adamı", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Otel otağı", "Ağ qoç, qara qoç" və bir çox əsərləri ədəbiyyatımız üçün mənəvi sərvətdir.
Anar kimi yazıçı-filosofu sağlığında və layiqincə tanıyıb-qiymətləndirməsək, tariximiz və gələcəyimiz bizi bağışlamaz!
Ömrünüzün
85-ci ili mübarək, Anar
müəllim! Ulu Tanrı sizi
ədəbiyyatımıza və sizi sevənlərə
çox görməsin! Siz
bir yazar kimi ustadların ustadısınız. Bu, bir aksiomadır. Mən
sizə daim sənətin zirvəsində
olmağı arzulayıram. Özünüzü
qoruyun! Allah sizi qorusun, yer
və göy qüvvələri həmişə
sizə kömək olsun!
Knyaz
QOÇAQ
Yazıçı-publisist,
Azərbaycan və Rusiya Yazıçılar birliklərinin
üzvü, beynəlxalq ədəbi mükafatlar laureatı
525-ci qəzet.- 2023.- 28 aprel.- S.12.