"Heç kəsin
tanımadığı, ancaq hamını tanıyan" insan
"Çalışmalıyıq
ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra
bütün dünyaya öz tarixi nailliyyətlərini, milli ənənələrini
nümayiş etdirə bilsin. Azərbaycan xalqının
bu barədə həm tarixi, həm müasir potensialı
olduqca böyükdür. Bunların hamısından istifadə
olunarsa, Azərbaycan həm tam müstəqil dövlət
olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik,
hüquqi, ümumbəşəri dəyərlərin əsasında
qurulan demokratik bir cəmiyyət olacaq! "Hələ
90-cı illərdə Naxçıvanda olarkən
böyük uzaqgörənliklə bu sözləri deyən
ümummilli lider Heydər Əliyev demokratik inkişafa
insanların daxili azadlığını, mənəvi
ucalığını, qanunçuluğa riayət etməsini
şərtləndirən mühüm siyasi vasitə kimi
yanaşmışdır.
Bütün
həyatını xalqının milli-mənəvi dəyərlərinin
inkişafına və birliyinə həsr etmiş Heydər
Əliyev özünün fitri idarəçilik istedadı
sayəsində respublikada ümumbəşəri dəyərlərlə
çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri
qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin
möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş
münasibətlərində onların hər birinin mənafeyini
prioritet hesab etmişdir. Ulu öndərin
respublikamıza rəhbərlik etdiyi bütün dövrlər
xalqımızın milli mənlik şüurunun oyanması,
azadlığa və müstəqilliyə qovuşmaq
arzularının çiçəklənməsi, ictimai həyatımızın,
iqtisadiyyatımızın bütün sahələrində,
elm, təhsil və mədəniyyətimizin inkişafında
böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar
olmuşdur.
Heydər
Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi
seçilməsi ilə ölkəmizin tarixində milli
oyanış və dövlət müstəqilliyinə doğru
dönüş dövrü başlandı.
Moskvanın böyük ümidlərlə millətçiliyi
boğmaq, milli oyanışın qarşısını almaq
məqsədilə təyin etdiyi yeni rəhbər "Brejnevi
tərifləyə-tərifləyə", "rus dilini Lenin
dili kimi təqdim edə-edə", "Kommunist
partiyasını ideoloji məktəb
adlandıra-adlandıra"
Vaqiflərə, Hüseyn Cavidlərə, Cəfər
Cabbarlılara heykəl qoydurdu,
bütün idarəetmə qurumlarını, o cümlədən,
hüquq-mühafizə orqanlarını və hərbi sistemi
azərbaycanlılaşdırdı, milli ideoloqları - Bəxtiyar
Vahabzadələri, Xəlil Rzaları, Ziya Bünyadovları
mükafatlandırdı,
"Qobustan" kimi jurnalları,
"Gülüstan" kimi əsərləri dəstəklədi.
Ulu öndər kosmopolit ideyaların zehinlərə zorla
yerləşdirildiyi bir dövrdə milli məfkurənin qorunub
saxlanılması, habelə azərbaycançılığın
ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi
sahəsində də mühüm tədbirlər həyata
keçirmişdir. Heydər Əliyev üçün ana
dili azərbaycançılığın başlanğıc
məqamı, təməl pirinsipi olmuşdur. Müdrik rəhbər yaxşı bilirdi ki, xalqa
milli-mənəvi dəyərlərini aşılamaq
üçün ona ilk növbədə öz dilini qaytarmaq və
sevdirmək lazımdır. Rus dilinin
dövlət dili olmasına rəğmən, Ulu öndər
həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan
dilində edir, bunu rəhbər vəzifəlilərin hər
birindən tələb edirdi. Hələ 1978-ci ildə
Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən
Ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə
ana dili kimi təsbitlənməsi və qorunub
saxlanılması sahəsində nümayiş etdirdiyi cəsarəti
də xüsusi xatırlanmalıdır. Bununla bağlı
Kreml "emissarları"nın dəfələrlə
Bakıya gələrək Heydər Əliyevi fikrindən
daşındırmağa səy göstərdiyini, lakin məqsədlərinə
nail olmadıqlarını da mühüm fakt kimi vurğulamaq
lazımdır. Eyni zamanda, Ümummilli liderin ötən əsrin
70-ci illərində nəşr olunmuş 3 cildlik
"Müasir Azərbaycan dili" dərsliyinə Dövlət
mükafatı verməsi də xalqın milli şüurunun
formalaşmasına mühüm töhfə olmuşdur.
Faktlar göstərir ki, əgər sovet hakimiyyətinin
ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil
alanların sayı dinamik surətdə artırdısa, bu zərərli
tendensiyaya məhz ötən əsrin 70-ci illərinin əvvəllərində
son qoyulmuşdur. Bu dinamika Azərbaycan dilində təhsil alanların say
artımı hesabına kəskin şəkildə
azalmış, ana dilində elmi nəşrlərin sayı
çoxalmış, elmi tədqiqatların və
araşdırmaların məhz bu dildə aparılması dəstəklənmişdir.
"Millətin milliliyini saxlayan onun dilidir.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat
da, ayrı-ayrı tarixi abidələr də millətin
milliliyini təsdiq edir. Amma millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində
mahnılar olmaz, musiqi olmaz. Bunların
hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi,
inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə dil məsələsi
deyil, həm də azərbaycançılıq məsələsidir"
- deyən Heydər Əliyev çox sonralar Azərbaycan
dilinin inkişafı üçün gördüyü tədbirləri
belə izah edirdi.
Bir maraqlı faktı da yaxşı xatırlayıram. Azərbaycanda hakimiyyətə
gəldiyi gündən dörd ay ötməmiş- 1969-cu il
noyabrın 1-də Dzerjinski adına klubda (indiki Şəhriyar
klubu) Bakı Dövlət Universitetinin 50 illik yubileyi
keçirilirdi. Ulu öndər yubiley mərasimində
totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri
aşaraq Azərbaycan dilində çıxış etdi və
onun dərin məzmunlu nitqi sonrakı mərhələdə
milli təhsil manifestinə çevrildi. Onun
Azərbaycan dilində çıxış etməsi tarixi hadisə
idi. Görkəmli alim, həmin yubiley tədbirinin
iştirakçısı olmuş akademik Ağamusa Axundov
danışırdı ki, Heydər Əliyev tribunaya qalxanda
hamının rusca müraciətini gözlədiyi halda
"Əziz yoldaşlar" sözləri ilə
çıxışına başlamasından sonra salona bir
sükut çökdü.
Hamı düşünürdü ki, indi nəsə
baş verəcək, ya tavan uçacaq, ya partlayış
olacaq, ya da bizim hamımızı həbs edib aparacaqlar. Zarafat deyildi, Stalinin
ölümündən cəmi 16 il keçirdi, totalitar rejim
bütün qüvvəsi ilə fəaliyyətdə idi,
hamının dəqiq bildiyi o idi ki, salonda kimə söz versələr,
mütləq rusca danışardı. Ancaq yeni
seçilmiş Birinci katib belə etmədi... Digər tərəfdən,
həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən
yüksək nümayəndələr, SSRİ Ali və Orta
ixtisas təhsili naziri, Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən
və digər şəhərlərdən gələn nazirlər,
rektorlar və başqa rusdilli
qonaqlar iştirak edirdi. Qeyd etmək lazımdır ki, o dövrdə öz
ana dilində çıxış etmək heç kimə rəsmi
şəkildə qadağan edilməsə də, Heydər
Əliyevə qədər bu qəbildən olan tədbirlərdə
yüksək vəzifəli şəxslər bir qayda olaraq
öz çıxışlarını yalnız rus dilində
edərdilər. Heydər Əliyev bu
qadağalara baxmayaraq Azərbaycan dilində
çıxış edib hamıya göstərdi ki, hər kəs
öz dilində də çıxış edə bilər və
əgər biz öz ana dilimizin inkişafına nail olmaq istəyiriksə,
məhz bu yolla getməliyik.
Buradaca yadıma Xalq şairi Qabilin
danışdığı bir söhbət düşdü. Qabil 1970-ci ildə
Şıx çimərliyinin yuxarı hissəsində Heydər
Əliyevin təşəbbüsü ilə keçirilən
iməcilikdən danışarkən deyirdi ki, "o zamanlar həmin
ərazilər unudulmuş yerlər idi, Heydər Əliyev
qısa müddətdə oraları abadlaşdırıb
yaşıl bir parka çevirdi. Ancaq
söhbət orasındadır ki, birinci dəfə iməcilik
təşkil ediləndə bütün dövlət
strukturları, nüfuzlu təşkilatlar, ictimai qurumlar ora cəlb
edilmişdi. Heydər Əliyev də
adamların arasında gəzir, işin gedişinə nəzarət
edirdi. Yazıçılar
İttifaqına həvalə edilən kiçik bir sahə
var idi, biz də orada işləyirdik. Birdən
Heydər Əliyevi bizə yaxınlaşan gördük.
Sonralar dəfələrlə
gördüyüm, səmimi, söhbətcil bu insanı
birinci dəfə yaxından görəcəkdim. Ona görə bir qədər həyəcanlı
idim. O, gərginliyi hiss edib zarafatla sözə
başladı, "yorulmamısınız ki", "qələmlə
işləmək rahatdır, yoxsa bellə", deyə suallar
verib bizimlə səmimi söhbətə başladı. "Heç kəsin tanımadığı, ancaq
hamını tanıyan" Heydər Əliyev adımızla
bir-bir bizə müraciət edəndə mən gördüm
ki, hamı özünü itirib, məndən də çətin
vəziyyətə düşüblər, ən azı bizi
adbaad tanıması hamını vahimələndirmişdi.
Fikirləşdim ki, heç kəs dillənən deyil, mən
danışsam yaxşıdır, başıma bəla dilim
dinc durmadı, dedim:
-
Yoldaş Əliyev, Siz Azərbaycanca necə gözəl
danışırsınız?
O
heç düşünmədən gülümsəyərək
cavab verdi:
- Qabil, sən
mənim rus dilini yaxşı bilməyimə təəccüblənmirsən,
azərbaycanca danışmağıma heyrət edirsən?! Axı bu mənim ana dilimdir, onu bilmək mənim
borcumdur. Özü də təkcə mənim yox, elə
hamımızın borcudur...
Onun bu
sözləri yazıçılar tərəfindən
alqışlarla qarşılandı..."
Heydər
Əliyevin milli dəyərlərə necə həssaslıqla
yanaşdığını göstərən yüzlərlə
fakt vardır ki, bunlardan biri də Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin
Bakıda açılmasıdır. Onu
xalqın rəhbəri kimi düşündürən məsələlərdən
biri də, Sovet ordusu sıralarında azərbaycanlı gənclərin
xüsusi hərbi bilik və hazırlıq tələb etməyən
hissələrə göndərilməsi, əsasən,
sıravi işlərə, tikinti batalyonlarına, texniki vəzifələrə
cəlb edilməsi idi. Bununla yanaşı,
böyük siyasi strateq Azərbaycanın gec-tez müstəqil
dövlət olacağını görürdü və bu
zaman hərbi mütəxəssislərin həlledici rolunu da
bilirdi.
O zaman
keçmiş SSRİ-də cəmi 2 hərbi məktəbdən
(Naximov və Suvorov adına) sonra
üçüncü (milli ucqarlarda isə yeganə!!!) hərbi
təmayüllü məktəbin Bakıda
açılışı böyük müqavimətlərlə
rastlaşmışdı. Ulu öndər isə Azərbaycan
Maarif Nazirliyindən riyaziyyat, fizika və digər elmlər
üzrə ixtisaslaşan təmayül məktəblərinin
təcrübəsinə əsaslanaraq Hərbi təmayüllü
məktəbin də açılmasının zəruriliyini əsaslandıran
kollegiya qərarı aldı və Moskvanı inandırdı
ki, bu lisey yalnız təhsil və təlim mərkəzi kimi
fəaliyyət göstərəcək, Sovet Ordusu
sıralarına hazırlıqlı gənclərin gəlməsini
təmin edəcəkdir. Əsas məqsəddən
yayındırmaq məqsədilə liseyin
açılış mərasimini 1971-ci ilin noyabrın 7-nə
Böyük Oktyabr Sosialist İnqilabının
ildönümü gününə salsa da, liseyə
böyük Azərbaycan sərkərdəsi-general Cəmşid
Naxçıvanskinin adını qoydurur. Bu gün Müzəffər
Azərbaycan Ordusunun generallarının, ali zabit heyətinin əksəriyyəti
həmin məktəbin yetirmələridir və Heydər
Əliyevin təxminən 50 il əvvəl gördüyü
bu nəcib işin bəhrəsini 44 günlük müharibədə
ağzın düşmənlə aparılan
döyüşlərdə yüksək hazırlıqlı
oğullarımızın rəşadətində
gördük.
Ulu öndər sovet sisteminin ağır təzyiqlərinə
baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi
addımlar atırdı. Keçmiş SSRİ-nin
ayrı-ayrı respublikalarında rejimin əleyhinə
çıxış edən elm və mədəniyyət
xadimləri, ziyalılar təqiblərə, təhdidlərə
məruz qaldıqları halda, Azərbaycanda yaradıcı
ziyalılar üçün sərbəst düşüncə
və iş şəraiti hökm sürürdü. Daha konkret desək, Azərbaycanda "dissident axtarışı"
aparılmırdı. Bütün bunlar Azərbaycan
ziyalılarının - şair və
yazıçıların, incəsənət nümayəndələrinin
milli ruhlu, milli tariximiz və ədəbiyyatımızla
bağlı əsərlər yaratması üçün
münbit şəraiti təmin edirdi (Bununla bağlı xeyli
misallar göstərmək mümkündür. Xalq şairimiz Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasının həmin illərdə
üzə çıxması və buna görə onun təqib
edilməməsi və hətta sonralar ona SSRİ Dövlət
Mükafatı alması məhz böyük şairin siyasi təqiblərdən
qorunması naminə atılan addım sayıla bilər).
Milli azadlıq və milli özünüdərk
ruhunun açıq və gizli təbliği üçün
həmin illərdə yaradılmış şərait
sonrakı mərhələlərdə öz bəhrəsini
vermişdir.
Heydər Əliyevin milli təəssübkeşliyi haqda
danışarkən mütləq qeyd etmək lazımdır
ki, onun yaşadığı və fəaliyyət göstərdiyi
70-ci illər belə niyyətlərin
reallaşdırılması üçün çox əlverişsiz
bir mərhələ idi. O zamanı yaşamış insanlar təsdiq edərlər
ki, ən kiçik vəzifəyə belə təyin edilən
adamın rus dilini ana dili kimi yüksək səviyyədə
bilməsilə yanaşı ailə tərkibində başqa
millətlərin qarışığının olması
vacib şərt idi. Bu məsələ ən
ciddi tələb kimi qoyulduğundan Heydər Əliyevin azərbaycanlıları
irəli çəkməsi, onları dövlət
strukturlarında yerləşdirməsi bir çox hallarda
Moskvanın böyük narazılığı və
etirazı ilə müşayiət olunurdu. Moskvada "böyük beynəlmiləlçi",
"Lenin milli siyasətinin davamçısı" kimi
tanınan Heydər Əliyev isə onları şübhələndirən
gedişlərini çox ustalıqla edirdi.
Keçmiş SSRİ-nin müttəfiq respublikaları rəhbərlərindən
öz yüksək intellekti, qətiyyəti, cəsarəti ilə
seçilən Heydər Əliyevin onlardan bir fərqi də
var idi: o, həm SSRİ miqyasında, həm də Azərbaycanda,
demək olar ki, yeganə ali rəhbər vəzifəsində
olan adam idi ki, həm valideynləri, həm
bacı-qardaşları, həm də özü heç bir
başqa millətlə qarışıq ailə
qurmamışdı. Sonra bu ənənəni
övladlarında da davam etdirdi-şahidlərin dediyinə
görə, İlham Əliyev Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda təhsil alarkən
böyük nüfuz sahibi olan Heydər Əliyevin bu
yaraşıqlı, boy-buxunlu oğlu Siyasi Büronun ən
yüksək səlahiyyətli üzvlərinin maraq dairəsində
idi-onlar öz qızlarını bu oğlana verərək
Heydər Əliyevlə qohum olmaq arzularını gizlətmirdilər.
Bəlkə də həmin izdivac Ulu öndərin
sonralar Moskvada rastlaşdığı böyük problemlərin
qarşısını ala bilərdi, ancaq milli dəyərləri
şəxsi mənafedən yüksək tutan Heydər
Əliyev bu təkliflərə razılaşmadı-Azərbaycanın
tanınmış ziyalı ailəsini Moskvanın zirvədə
olan mənsəb sahiblərindən uca tutdu.
Həyatının
sonrakı mərhələlərində də milli
maraqları hər şeydən uca tutan Ulu öndər
90-cı illərdə verdiyi müsahibələrinin birində
deyirdi: "...İlk növbədə hiss etdim ki,
Qorbaçov SSRİ-də milli məsələdə çox
mənfi mövqe tutur. O milli respublikalarda ruslaşdırma
siyasəti aparmağa başladı. Bu isə
narazlıq yaratdı.
Mən
ona dəfələrə dedim: "Qazaxıstandakı
86-cı il dekabr hadisələrinə baxın". Bu, SSRİ Kommunist Partiyasına qarşı ilk
qığılcım idi. Amma biz
Qorbaçovu xəbərdar eləmişdik ki, bunu eləməsin.
Orada birinci katib qazax Kunayev idi. 22 il işləmişdi, qocalmışdı. İşləyə bilmirdi. Başqa
bir adamla dəyişdirmək olardı. Qorbaçov
isə özünün köhnə dostunu, rusu ora təyin
etdi. Elə o vaxt da birinci qiyam oldu.
Şimali Qafqazda-Çeçenistanda, İnquşetiyada,
Kabardin-Balkarda bugünkü hadisələrin əsası elə
o zaman qoyuldu.
Mən bu məsələ ilə bağlı Qorbaçovla elə
hey toqquşurdum..."
Ötən əsrin 90-cı illərinin əvvəllərində
cəmiyyətdə belə müzakirələr gedirdi ki,
milli ideyaya, milləti birləşdirəcək hansısa
prinsiplərə söykənmək lazımdırmı? Bu cür
müzakirələrə də Ulu öndər son qoydu. Heydər Əliyev göstərdi ki, bəli, Azərbaycan
xalqını birləşdirən müəyyən prinsiplərə,
ideoloji xəttə ehtiyac var. Xalqımız bu ideoloji prinsiplərə
söykənməlidir. Bəzən
ideologiya, ideoloji prinsip dedikdə sovet dövründəki
ideologiya ilə milli ideyalar qarışdırılır.
Sovet dövründə olan kommunist
ideologiyası tamam fərqli məqsədə xidmət edirdi.
Amma xalqın vəzifəsi və məqsədi
var. Bu məqsəd və vəzifə bütün xalqı
özündə birləşdirəcək amilləri ehtiva
edir. Bütün xalqı özündə
birləşdirən amillər bütövlükdə millət
tərəfindən qəbul edilən prinsiplərdir. Heydər Əliyevin xalqımıza bəxş etdiyi
əvəzsiz mənəvi-siyasi xəzinə həmin
dövrdə Azərbaycan xalqının qarşısında
duran əsas missiyalardan birinin - milli ideyanın müəyyənləşdirilməsi
baxımından olduqca əhəmiyyətli rol oynadı.
Mənbələrdən aldığımız dəqiq
məlumata görə, 1960-cı illərin sonunda Bakı əhalisinin
yalnız 33 faizi azərbaycanlı idi. İkinci Dünya müharibəsi
illərində Bakı neftinin oynadığı həlledici
rolu nəzərə alan Mərkəzi
Moskva hökuməti 40-cı illərdən etibarən
demoqrafik vəziyyəti onsuz da mürəkkəb olan şəhərimizə
SSRİ-nin müxtəlif xalqlarını kütləvi şəkildə
köçürməyə başlamışdı. Bu
köçürmənin həyata keçirilməsinin bir
neçə arqumenti var idi: "Faşistlərin işğal
etdiyi ərazilərdən Sovet xalqını təhlükəsiz
yerlərə köçürmək" (halbuki, həmin
dövrdə Tbilisi və Yerevana on dəfələrlə az miqrant yerləşdirilmişdi), "Neft
istehsalını yaxşılaşdırmaq və gücləndirmək
üçün Bakıya ailələri ilə birgə təcrübəli
mühəndislər göndərmək" və s. idi. Nəticə isə belə idi ki, XX əsrin əvvəllərində
Bakıda yaşayan ermənilərin sayı 5 %-ə yaxın
idisə, 60-cı illərdə onların sayı 20%-i
keçmişdi. 60-cı illərdə
Sov. İKP Siyasi Bürosunun qapalı iclaslarında isə
Bakının "beynəlmiləl" səciyyəsi və
iqtisadi əhəmiyyəti nəzərə alınaraq mərkəzlə
birbaşa əlaqəsini təmin etmək məqsədilə
Azərbaycanın paytaxtını Gəncəyə
köçürmək və Bakını şimal
rayonları ilə birlikdə Rusiya Federasiyasına birləşdirmək
məsələsi müzakirə edilmişdi. Bakı ermənilərinin
Moskvaya bu mövzuda yazdığı xahiş dolu kütləvi
məktublarının arxasında böyük siyasi ambisiyalar
dayanırdı: məqsəd yalnız neft və digər sənaye
sahələrinin cəmləşdiyi Bakı və Abşeron
yarımadasını Azərbaycandan ayırmaq, ölkəmizi
kənd təsərrüfatı
əyalətinə çevirmək deyildi, tarixin göstərdiyi
kimi, burada həm də Azərbaycanı zəiflətmək,
Qarabağ ehtirasını reallaşdırmaq üçün
yollar açmaq, "dənizdən
dənizə böyük Ermənistan" xülyasını
həyata keçirmək kimi çirkin niyyətlər gizlənirdi.
Bakının, həm də Azərbaycanın taleyinin həll
olunduğu belə bir mürəkkəb siyasi şəraitdə
Heydər Əliyev hakimiyyətə gəldi və bu məkrli
planları pozmaq üçün gərgin fəaliyyətə
başladı.
Çoxşaxəli işlərin tərkib hissəsinə
Bakının böyük tikinti meydanına çevrilməsi,
yeni nəhəng sənaye obyektlərinin inşası, bu
inşaat işlərinə regionlardan yerli əhalinin cəlb
edilməsi, Bakıda ali təhsil müəssisələri
şəbəkəsinin genişləndirilməsi,
istedadlı gənclərin Bakıda yerləşdirilməsi,
yeni tələbə şəhərciklərinin, aspirant
yataqxanalarının, yaşayış massivlərinin
salınması və digər çox mühüm məsələlər
daxil idi.
Yeri gəlmişkən,
milli məsələdə onun prinsipial mövqeyi ilə
bağlı Azərbaycanın sabiq xarici işlər naziri
Vilayət Quliyevin 1997-ci il 10 dekabr tarixində Ulu öndərin
İranın Ali dini-siyasi lideri Xamneyi ilə keçirilən
görüşü barədə müsahibəsini oxucuların müzakirəsinə
vermək istəyirəm: "Ali dini rəhbər Heydər
Əliyevi mərasim zalının qapısında
qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət
başlandı. Həm İran nümayəndə
heyəti, həm də biz sakitcə dayanıb söhbətə
qulaq kəsilmişdik.
Ümumi hal-əhval sözlərindən sonra Heydər
Əliyev Xamneyidən soruşdu.
-
Yaxşı, Xamnədə (Təbriz
yaxınlığında Xamneyinin doğulduğu kənd) nə
var, nə yox?
- Sən Xamnəni də bilirsən? - deyə
İranın ali dini rəhbəri təəccübləndi.
- Əlbəttə, tanıyıram. Xamnə
çox məşhur yerdir. Həm də təkcə
sizin vətəniniz kimi yox. Azərbaycanın
böyük şəxsiyyətlərindən biri olan Mirzə
Fətəli Axundov da əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundovun
adını eşitmisiniz?
-
Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.
Xamneyini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı
boyu fanatizmə qarşı mübarizə aparan, fars rejimi
haqqında bir-birindən kəskin ittihamlar irəli sürməkdən
çəkinməyən məşhur "Kəmalüddövlə
məktubları" traktatının müəllifi ilə həmyerli
olmasından xüsusi qürur duymurdu.
Sonra
İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin
Moskva dövrü, Qarabağ münaqişəsinin həlli,
Ermənistanla aparılan danışıqlar haqqında bir neçə
sual verdi. Prezident də
öz növbəsində İranın həm Ermənistan, həm
də Azərbaycanla qonşu olan dövlət kimi bu məsələyə
münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən
uzağa getmədi.
... Nəhayət, söhbətin rəsmi hissəsi
başladı. Təbii ki, Xamneyi artıq
İranın rəsmi dövlət dili sayılan farscaya
keçmişdi. Burada təəccüblü
bir şey yox idi. Təəccüblü
olan onun nitqinin rus dilinə, həm də çox naşı
və bisavad şəkildə tərcümə edilməsi
idi. Ortada bir anlaşılmazlıq
havası yaranmışdı. İki-üç
cümlədən sonra Heydər Əliyev tərcüməçiyə
hökmlə "Podojdite!" - deyib
söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:
-
Ağayi Xamneyi, bir az əvvəl biz sizinlə
öz ana dilimizdə danışırdıq. Başa
düşürəm ki, bura İran dövlətidir. Siz
də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma niyə
tərcümənin ruscaya edildiyini başa düşmürəm.- Bəs mən elə zənn eləyirəm
ki, sizin dövlətin dili urus dilidir?! - deyə
Xamneyi sifətinə sadəlöhv görkəm verərək
təəccübünü bildirdi.
- Ay kişi, - Heydər Əliyev onun
özünü bilməzliyə vurmasından
açıq-aşkar əsəbiləşmişdi. -
Heç şurəvi vaxtında da Azərbaycanın dövlət
dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda
yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da
onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər
çıxıb. Müstəqillik qazanandan sonra isə
hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə
olunur! Başım çıxmır, haradan sizin
ağlınıza gəlib ki, Azərbaycan Respublikasının
dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm,
amma dünyanın hər yerində rəsmi
danışıqları yalnız Azərbaycanın dövlət
dilində aparıram.
Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi
əl-ayağa düşmüşdü. Deyəsən
əvvəlcədən tərcüməçi gətirmədiklərindən,
yaxud Azərbaycan Prezidentinin reaksiyasını
düşünmədiklərindən vəziyyətdən necə
çıxacaqlarını bilmirdilər.
-
Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə
eləyər. Amma Azərbaycan elə uzaq ölkə deyil ki,
onun haqqında ən adi şeyləri də bilməyəsiniz,
- deyə Heydər Əliyev yaranmış gərginliyi aradan
qaldırdı.
Çıxanda
isə İran tərəfinin protokol baxımından naqolay hərəkətinə
bir daha işarə vuraraq Xamneiyə:
-
Düşünürəm ki, bugünkü
görüşümüzün ən böyük
faydalarından biri də Azərbaycanın dövlət dilinin
rus dili olmadığını bilməyiniz oldu, - dedi.
İranın
ali dini rəhbəri hədəfə dəyən
bu sözlərə:
- Əstəğfürullah!
Əstəğfürullah! - deməklə cavab verdi".
Onu da yaxşı xatırlayıram ki, Ümummilli lider
Dünya Azərbaycanlılarının qurultayını
keçirmək, bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanmasını
təmin etməyi necə vacib amil hesab edirdi. Sonralar tarix
göstərdi ki, Heydər Əliyev bu addımında da nə
qədər müdriklik və uzaqgörənlik, həm də
milli mənafelərə qəlbdən bağlılıq
nümayiş etdirmişdir. Uzun və
çoxşaxəli hazırlıq prosesindən sonra nəhayət,
2001-ci ildə çox mühüm hadisə olan Birinci
qurultayı keçirmək mümkün oldu. Bu zaman səhhəti
nisbətən zəifləməsinə baxmayaraq böyük
həvəslə onlarla xarici ölkədə yaşayan 600 nəfərə
yaxın azərbaycanlını tapmaq, onları Bakıya eyni
vaxtda gəlməyə razı salmaqdan otel problemlərinə,
ekskursiyalara, digər mədəni-kütləvi proqramlara qədər
çox mürəkkəb işlərə rəhbərlik edən
Ulu öndər mənə zəng etdi:
- Misir
müəllim, Sizin bir müddət əvvəl
çap olunmuş "Azərbaycan Respublikasının
Dövlət rəmzləri" adlı kitabınız var
idi. Ondan əlavə 600 ədəd çap
etdirin, qonaqlara paylayaq. Qoy onlar Dövlət
rəmzlərimizi öz ölkələrinə aparsınlar,
evlərində saxlasınlar, uşaqlarına göstərsinlər,
yaddan çıxarmasınlar ki, bura onların doğma vətənidir.
Mən bu
insanın böyüklüyünə, mənəviyyatına,vətənpərvərliyinə məəttəl
qaldım, heyrət etdim ki, bu qədər işin içində
gör nə yadına düşüb, vətən
üçün, xalq üçün gör nələri
düşünə bilir...
Azərbaycanda hansı dövr, hansı mühit, hansı tarixi şərait olursa-olsun, Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərdən kənarlaşmaq qeyri-mümkündür. Bu prinsiplər xalqımızın milli ideyasını təşkil edir. Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
"Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan
xalqından bizə verilən dəstək bizi gücləndirir
və bizim məsuliyyətimizi də artırır... Azərbaycan
xalqı əsrlər boyu müstəqillik həsrətində
idi. Nəsillər gəlirdi, gedirdi, ölkəmiz müstəqil
deyildi. Başqa ölkələrin tərkibində
yaşayırdı. Böyük sərvətdir, böyük
xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi
görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan
bayrağı bütün beynəlxalq tədbirlərdə,
beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq,
biz müstəqilik, biz güclü Azərbaycan
yaradırıq, güclü dövlət qururuq... İndi biz
inkişaf yolundayıq. Bizim qarşımızda bütün
yollar açıqdır, səma aydındır, üfüqlər
açıqdır və biz irəli gedirik..."
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.- 28 aprel.- S.10-11.