Bahəddin Həzi: "Mən bir az ədəbiyyata sığınmaq istəmişəm"

 

Yazıçı-publisist Bahəddin Həzi ilə söhbət

 

- Aprelin 28-də 58 yaşın tamam olur. Nə hiss edirsən?

- Yəqin ki qocaldığımı. Həm də bir çox işlərə, çox arzularıma və planlarıma gec qaldığımı hiss edirəm. Amma bu müsahibədə ad günümdən danışmayaq.

- Bu mövzuda suallarım vardı axı. Niyə danışmayaq? Qocaldığını hiss etdiyinə görə?

- Yox. Mən ad günümə xüsusi bir məna yükləmirəm deyə. Bu tarix həyatımdakı günlərdən biridir. Əsas odur ki, insanın rahatlıqla daşıyacağı, özündən sonra qoyub arxayın gedəcəyi bir adı olsun. Gün önəmli deyil.

- Yaxşı. Başqa suallara keçməzdən əvvəl soruşum: Sənin özünün mənə sualın var?

- Demişdin, daha çox "Ölümcül həqiqətlər" kitabımdan danışacağıq. Mənim sənə sualım belə ola bilərdi: "Kitabı axıra qədər oxumusanmı?!" Ancaq müsahibəni alan sən olmasaydın, bu sualın yeri var idi. Sən isə kitabı redaktə etmisən.

- Bəli. Təkcə redaktor kimi yox, oxucu kimi də oxudum.

- Onda keçək sənin suallarına.

- Keçək. Doğrusu, "mən demişdim" demək istəmirəm. Amma gözlədiyim kimi də oldu: təqdimatda da kitabın adı ətrafında yüngülvari mübahisə düşdü. Mən özüm daha əvvəl səndən soruşmuşdum. Bu qədər polemika yaratdığına görə yenə soruşum: niyə "Ölümcül həqiqətlər?"

- Soruşmuşdun, bəli. Cavab qane etmədi?

- Bu dəfə oxucu üçün verirəm sualı. Çıxışlardan da gördüyün kimi, ad hamıya maraqlı gəldi. Həm də bir az da qəribə...

- Ad belə olmasaydı, bu sualı verməzdin...

- Adı sual altında qoymusan demək...

- Yox. Sual adın altında qoyulub.

- Oxucu cavab verməlidir bu suala?

- Xeyr, oxucu cavab verməyəcək. Cavab alacaq. Kitab bu sualın cavabıdır.

- Bəs mən sənin özündən soruşsam?

- Müsahibə alan kimi soruşursan, ya dostum kimi?

- Müsahibə alan kimi soruşuram, sən dostun kimi cavab verə bilərsən.

- Yaxşı. Bax, çoxumuz həqiqəti niyə yaza bilmirik?!

- Qorxuruq?!

- Nədən?!

- Çox şeydən... Ancaq deyəsən, müsahibəni alan mənəm axı.

- Bir məmləkətdə, elə bütün dünyada həqiqətə görə ölüm qorxusu varsa, Sözə görə canından keçməlisənsə, bu, elə ən ölümcül həqiqətdir...

- Onsuz da hamı öləcək...

- Amma vaxtından qabaq heç kim ölmək istəməz.

- Vaxtından qabaq? Vaxtını kim bilir?

- Allah bilir. Ancaq "vaxtından qabaq" deyəndə başqa mənasını nəzərdə tutmuşdum: ürəyindəkini dilinə gətirmədən heç kim ölmək istəmir. Qədimdən üzübəri edamdan əvvəl məhkuma son söz haqqı verilib. Elə indi də ölüm cəzasının qüvvədə olduğu, olmadığı ölkələrin hamısında məhkəmə hökmündən qabaq son söz demək ənənəsi də ordan qalıb. Ən qəddar məhkəmələr də müttəhimin son sözünü özü ilə aparmasına razı olmayıb. Qu quşunun son nəğməsi kimi düşün. Bəli, doğrudur, heç kim ölmək istəmir. Qurdla qiyamətə qalmağı da kimsə istəməz. Ancaq ölmədən öncə insan hətta ömür boyu gizlətdiyi sirrləri də açıb danışmaq istəyir. İllah da əlində qələm olan adam - yazdığı, dediyi həqiqətə görə hər an öz ölümünü gözləyir - demək istədiklərini demədən getmək istəmir. Yoxsa ölümdən qorxmağın nə mənası?!

- Yazılarının birində oxşar fikir də demisən: "Belə bir dünyada doğulmaqdan, yaşamaqdan, yaşlanmaqdan qorxmadıqsa, ölümdən niyə qorxaq?!" Maraqlı yanaşmadır. Amma çox tünd deyilmi?

- Ölümün bizdəki rəngi də elə tünddür axı. Necə deyərlər, qaradan artıq rəng yoxdur.

- Bir ifadə işlətdin bayaq: "Qurdla qiyamətə qalmaq". "Qurd" dedin yadıma düşdü:  "Qutu" hekayəndə canavar balası yaxşı tapıntıdır.

- O, məndən əvvəl ovçunun tapıntısı idi...

- Hə. Ancaq hekayədə çox incə, maraqlı toxunuşdur. Canavar balası körpə quzularla birlikdə süd içib böyüyür, ət yeməyə başlayanda isə quzulara xor baxır. Belə də yazmısan: "xor baxır". Burda nə demisən?

- Səncə?

- Hətta canavarın da körpəliyi günahsızdır. Düz tapdım?

- Əslində hamı günahsız doğulur, bəli. Ancaq heç kim günahsız ölmür. İnsan da əvvəl süd içir...

- Ət yedikcə günaha batır?

- Elə də demək olar yəqin ki. İnsanın ürəyi süd istəyəndə heyvan öz südünü ona könüllü verir, amma elə ki insan ət yemək istədi, heyvanı öldürür.

- İnsan bunu edirsə, canavar neynəsin? Özün yazırsan ki, çaydan çıxıb sahildəki adamın ayağından yapışan timsahda günah yoxdur. "Timsah da həmin vaxt o adama nahar kimi baxır"...

- Doğru deyil?! Ac timsah insana başqa nə cür baxar?! Qara Kayman timsahları acanda hətta öz balalarını yeyir, o da ola insanı.

- Bəs onda canavar balasını niyə günahlandırmısan?

- Günahlandırmamışam. Bu, bir bədii mesajdır.

- Kimə?! Heyvanlara mesajdırsa, nə xeyri var?! Heyvanlar kitab oxumur axı.

- İnsana mesajdır. Günaha batacaqsansa, cəzasını alacaqsan. Heyvanların da, bitkilərin də günahı bizim. Allah onları insana əmanət etdi.

- Ancaq heyvanlar da, bitkilər də bizdən qabaq vardı axı.

- Vardı. Biz gəlib onların yerini dar elədik. İnsan ov ətinə dadanana qədər heyvan təkcə heyvandan qorunurdu.

- Öz günahlarımız azmış kimi bir də heyvanların, bitkilərin də günahını yüklədin boynumuza.

- Onsuz da boynumuzdadır. Sultan Süleyman kimi bir Cahan hökmdarı deyib: "Dəclə sahilində bir qurd bir quzunu parçalasa, günahı mənim boynumadır". Əslində, bilirsənmi, insanları heyvanlar və bitkilər yaşadır. Təbiət onlarınkıdır; heyvanlar, bitkilər onu qoruyur, zənginləşdirir, ancaq insan talayır. Təbiət olmasa, yer üzündə insan cəmiyyəti də qalmaz. Məsələn, Avropada çox evlərdə ailə deyə üç canlı var: kişi, qadın və it. O evlərdə dünyaya uşaq gəlmədi. Ancaq bitkilər hər il vaxtında tozlanır, heyvanlar vaxtlı-vaxtında cütləşir. Elə isə İlahi nizamı pozan kimdir?! İnsan.

- Bu yerdə onu deyim: "Allahın Sizə Salamı var" adlı esse yazmısan. İzn ver, kitabdan həmin essedəki bir fikri oxuyum. Sonra sualımı verəcəm. Yazırsan ki: "Allahın hər kəsdə bir cür şəkli var. Ancaq bütün şəkillərin hamısında O çox gözəl düşüb". Bu fikrin müəllifi inanclıdırmı?

-  Allaha inanıram.

- Bu inanmağın kökündə nə durur? Allahdan qorxu, yoxsa Allaha sevgi?

- Xeyr, mən Allahdan qorxmuram. Rəhmli və bağışlayan Allahdan niyə qorxaq ki?

- Qəribə cavab oldu. Daha doğrusu, qəribə sual...

- Adamlar qorxduğuna görə "sevirsə", yəni sevirmiş kimi göstərirsə, bu, nəyə dəyər?! Adamlar sevdiyinə görə qorxmalıdır. Biz Allahdan qorxmayacağıq. Allahın bizə olan sevgisini itirməyimizdən qorxacağıq. Günaha batan bizik, hesab çəkən Allahdır. Allahın qarşısına günahkar çıxmaqdan qorxacağıq, sadəcə. Allaha mən ən böyük Sevgi kimi baxıram. Bu boyda sevgidən məhrum olmaq qorxutmalıdır bizi. Yoxsa belə mərhəmətli, səbrli, sevgi dolu Allahdan kim, niyə qorxsun?!

- Səni çoxmu sevir Allah?

- Allahın sevgisinin çoxu-azı olmur. Sevginin ölçüsü yoxdur; sevgi ya var, ya da yoxdur.

- Yaxşı, Allahın səni sevdiyini nədən bilirsən?

- Mənə balaca da olsa, bir qələm verib.

- Balaca?

- Bəli.

- O fikirlə razıyam ki, talant ilahidəndir...

- Ailəm, övladlarım, dostlarım, ölkəm, bir sözlə, həyatım, nəyim varsa, Allahın lütfüdür. Daha bundan artıq necə sevsin?! Bir də Allah bizə kitab göndərib. Kitabdan gözəl hədiyyə var?!

- Hə, amma sən qarşılığında Allaha həsəd aparmısan. Səbəbini də bir hekayəndə belə yazırsan: "Allahın kitabını Yer üzündə hər kəs oxuyur"... Allah səni sevirsə, niyə O-na həsəd aparmısan?!

- Dediyin kimi, O-nun kitabını Yer üzündə hər kəs oxuyur.

- "Həm də avazla, həm də sevə-sevə..." Beləcə də yazmısan burda...

-  Tam da elə. Ancaq bu həsəd özü də Allaha sevginin izharıdır.

-  Hə, bununla razılaşıram. Hətta başqa bir yazında Allahı öz bəndələrindən qorumağa da çalışmısan. "Əslində biz Allahdan çox şey istəyirik. Biz çoxuq, o təkdir" demisən.

- Allahı bəndələrindən qorumaq?! Maraqlı səhvdir.

- Səhvim nədədir?

- Biz kimik ki, Allahla bəndəsinin arasına girə bilək?! Hətta "qorumaq" üçün olsa belə...

- Avtobioqrafik povestinin epiqrafında yazılıb: "Əlində qələm olana dəyər verin. Çünki o, bir dəyərdir. Allahın da əlində qələm var". Əlində qələm olanın hamısını dəyərli sayırsan? Səncə, bütün qələmlərdə Allahın zərrəsi var?

-  Bu fikri məşhur rus yazıçısı Valentin Rasputinə dair bir statusumda yazmışdım. Rasputinin bir məqaləsi ilə ölkəsini fəlakətdən qurtardığına dair idi...

- Bir məqalə ilə?!

- Bəli. Bir məqalə ilə. Keçmiş Sovet İttifaqında şimal çaylarının cənuba axıdılması planı vardı; o, icra olunsaydı, Rusiyanın ekosisteminə sağalmaz zərbə dəyəcəkdi, təbiətdə nəhəng kataklizmlər olacaqdı. Valentin Rasputin proyektin əleyhinə bir məqalə yazdı, ziyalıları ayağa qaldırdı. Fəlakətin qarşısı alındı. Mənim əvvəl də yazdığım kmi: elə şəxsiyyətlər var, elə öz ölkəsi boydadır.

- Yazılarında kədərli məqamlara çox yer vermisən. Çox ağır mövzulardan yazırsan. Niyə?

- Yox, tam elə deyil. Sevgi hekayəsi də var. "Bir cüt yaşıl..." Prototip həyatdan götürülsə də, tam bədii yazıdır. Orda düşüncələrimi duyğuların "sousunda" çatdırmağa çalışmışam. Yumorlu epizodlar da çoxdur. Məsələn, "Ortalıq", "Qarışıq xatirələr" hekayələrimdə. Kədərli məqamlara gəlincə, dərdi də əzizləyəcəyik. O da bizimlə yaşayır. Doğmaları əzizləyərlər.

- Duyğular deyirsən. Amma zamanında rasionallığa əsaslanan işlə məşğul olmusan: siyasətlə. O vaxt yazmışdın ki, siyasətlə jurnalistikanın arasında qalmısan.

- Siyasətlə jurnalistika məni öz aralarında bölə bilmirdilər. Amma yaxşı ki, mən yaxşı siyasətçi olmadığımı vaxtında anladım.

 - Əslində sən daha çox siyasi analitikada, siyasi publisistikada tanınmısan. Kitabında isə bədii əsərlərin var. Bədii publisistika var. Nə baş verib?

- Yəqin mən bir az ədəbiyyata sığınmaq istəmişəm.

- Bu, hiss olunur.  Onu da bilirəm ki, şeir də yazmısan. Bir şeirində demişdin: "Dünya yaşanacaq yer deyil artıq". Bəs belə bir Dünyada Ədəbiyyatın yeri dar deyil ki?

- Bu Dünya Ədəbiyyata dar gəlmir, yox. Bu Ədəbiyyat belə bir Dünyaya dar gəlir.

- "Elə hisslər var ki, əyninə geyməyə söz tapmır". Bu da sənin sözündür.

- Doğrudur. Hələ deyilməmiş, yazılmamış çox söz var. Mən də hiss edirəm ki, bundan sonra yazacaqlarım indiyədək yazdıqlarımdan dəfələrlə çoxdur. Yeni, deyərdim ki, daha maraqlı yazılar, esselər var, yazmışam, dərc etmirəm. Yeni kitab üçün saxlamışam.

- Deməli, tezliklə yeni kitab olacaq.

- Ömrüm və gücüm çatsa, əlbəttə, olacaq.

- "Ömrüm və gücüm çatsa" deməsəydin, müsahibəni nikbin sonluqla bitirmək olardı.

- Onda sən söhbəti "yeni kitab olacaq" cümləsi ilə bitmiş say.

- Hə, elə daha yaxşı olar. Çox sağ ol. Maraqlı müsahibə idi.

- Maraqlı suallar idi. Sən sağ ol.

 

Mübariz PİRİ

525-ci qəzet.- 2023.- 28 aprel.- S.8.