Azərbaycan mədəniyyətinin unudulmaz himayədarı

 

Hər xalq öz qədim tarixi, milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti ilə tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır. XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr - intibah dövrü başlamışdır ki, bu da Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndərimiz hər zaman deyirdi ki, hər xalq bir çox xüsusiyyətləri ilə tanınır və dünya xalqları arasında fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir. Məhz bu səbəbdən ulu o, hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətimizin inkişafına və tərəqqisinə xüsusi diqqət yetirdi, qayğı göstərdi.

Ulu öndər Heydər Əliyev 20-ci əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi həyatına fəal rəhbər, uzaqgörən dövlət xadimi kimi daxil oldu. O, Azərbaycanın sürətli inkişafına güclü təkan verən misilsiz fəaliyyəti ilə hər sahədə ölkəmizin nüfuzunu beynəlxalq miqyasda yüksəklərə qaldırdı. Azərbaycan mədəniyyətinin və incəsənətinin hər sahəsi, o cümlədən, musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq, rəssamlıq, xalçaçılıq daima Ulu öndərin himayəsində olub, onun dəyərli ideyalarından bəhrələnib. Azərbaycanın müqtədir sənətkarları hər zaman, hətta sovet dövrünün qadağalarının hökm sürdüyü illərdə də H.Əliyevin qayğısı ilə əhatə olundular.

Atam - Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğam ifaçılıq məktəbinin dərin özüllü sütunlarından biri Xan Şuşinski hər zaman deyərdi ki, mən bir uzun ömür yaşadım, xeyli dövlət başçısı gördüm, ancaq Heydər Əliyev qədər sənətə, sənətkara dəyər verən ikinci bir dövlət başçısı görmədim. Mədəniyyətimizin elə sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin.

Ulu öndərimiz Heydər Əliyev Xalq artisti, "Şərəf" ordenli Xan Şuşinskinin sənətinə və şəxsiyyətinə hər zaman yüksək dəyər verib. Yadımdadır, Ümummilli lider hələ sovet illərində ara-sıra telefon bağlantısı yaratdıraraq böyük sənətkarın yaradıcılığı ilə maraqlanardı. 1971-ci ildə o, anadan olmasının 70 illiyi ilə əlaqədar Xan Şuşinskini Fəxri Fərmanla təltif etməklə, onun SSRİ-nin ən böyük ordenlərindən biri - Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması barədə Moskvaya məktub göndərdi. 1976-cı ildə ildə - 75 illik yubileyində isə ustad sənətkarı mənzillə təmin edərək ailəni sevindirdi, telefon bağlantısı yaratdıraraq sənətkara xoş arzularını bildirdi. Nəhayət, 2001-ci ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev Xan Şuşinskinin anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzaladı. Bu sərəncama əsasən ustad sənətkarın yubiley bütün respublikamızda çox böyük sevgi və sayqı ilə qeyd olundu.

 

lll    

 

Ulu öndərin hər çıxışı sanki mədəniyyətimizin gələcək inkişaf proqramı idi. Hələ gənc yaşlarında incəsənətin bir qolu olan memarlıq peşəsinə yiyələnməyi arzulayan Ulu öndəri tale siyasət memarına - Azərbaycan dövlətçiliyinin qurucusuna çevirdi.

Hələ Sovetlər dönəmində Azərbaycanda teatr binalarının, konsert salonlarının, kinoteatrların, muzeylərin tikilərək, bərpa edilərək tamaşaçıların ixtiyarına verilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Bakıda möhtəşəm konsert sarayının, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, daha neçə-neçə mədəniyyət abidəsinin inşası birbaşa onun tapşırığı ilə yerinə yetirilirdi. Molla Pənah Vaqifin məqbərəsinin Şuşa şəhərində inşa edilməsi və bu məqbərənin açılışına SSRİ-nin yüksək çinli şəxslərinin dəvət olunması ilə Ulu öndər hələ Sovet dönəmində, bəy-xan nəslinin sinfi düşmən sayıldığı bir vaxtda əalində bildirmək istəyirdi ki, bu yerlərdə Qarabağ xanlığı olub və bu ərazilər Azərbaycana, azərbaycanlılara məxsusdir. Həmçinin, dahi Hüseyn Cavigin nəşinin Azərbsycana gətirilərək vətənində dəfn edilməsi,  bir çox dahi şəxsiyyətlərin, elm, mədəniyyət xadimlərinin ev muzeylərinin açılışı, büstlərinin, heykəllərinin ucaldılması, regionlarda musiqi ocaqlarının, teatrların yaradılması,  Bülbül adına orta ixtisas musiqi məktəbində muğam ifaçılıq sinfinin açılması, istedadlı gənclərin ayrı-ayrı respublikaların müxtəlif ali məktəblərində təhil almalarına şəraitin yaradılması kimi uzaqgörən və müdrik addımlar Azərbaycan qarşısında misilsiz xidmətlər idi. Belə istedadlı gənclərdən biri də mənim həyat yoldaşım - tarzən, Azərbaycan Respublikasının Xalq artisti Fikrət Verdiyev olub. O, 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kursunda, Adil Gərayın sinfində qiyabi oxuya-oxuya Gəncə şəhərində Göygöl ansamblını yaratmış və səkkiz il bu kollektivi ictimai əsaslarla qoruyaraq, tanıdaraq, sevdirərək, dövlət tədbirlərində, böyük konsertlərdə çıxışlar edərək, xalqın sevgisini qazanaraq onlarla istedadlı gəncə sənət cığırı açıb. Belə dövlət tədbirlərində kollektivin mükəmməl ifasını görən Ulu öndərimiz 1977-ci ildə gənc tarzən Fikrət Verdiyevin zəhmətini yüksək dəyərləndirmiş, "Göygöl" ansamblına "Dövlət Mahnı və Rəqs ansamblı" statusu vermişdi. 1990-cı ildə isə bu ansamblın bazasında Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradıldı və Fikrət Verdiyev bu filarmoniyanın bədii rəhbəri oldu. 2000-ci ildə isə Fikrət Verdiyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində "Neftçi" Mahnı və Rəqs Ansamblını yaratdı.Yeni Azərbaycan Partiyasının yaranmasının 10 illiyinə həsr edilən tədbirdə Ulu öndərimiz bu kollektivi də çox bəyənmiş, Fikrət Verdiyevi təbrik edərək ona uğurlar arzulamışdı. Həmin tədbirdə xatirə şəkilləri də çəkilmişdi.

 

lll    

 

Hər sahədə olduğu kimi Ulu öndərimizin mədəniyyət siyasəti də bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu öndərin layiqli davamçısı kimi Gəncə Filarmoniyasına regionda analoqu olmayan möhtəşəm bir binanın tikilib ərməğan edilməsi bunu bir daha təsdiqləyir. Həmçinin, Bakıda Beynəlxaql Muğam Mərkəzinin, regionlarda filiallarının, Xalça muzeyinin və digər mədəniyyət ocaqlarının tikintisi dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi dəyərin bariz nümunəsidir.

Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması, təbliği və təşviqində Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.

Fond muğam sənətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərir.

Ulu öndərimiz Azərbaycan dövlətçiliyinin bütün sahələrdə dinamik inkişafına nail olmaqla mədəniyyətimizin yüksək zirvələr fəth etməsi üçün möhkəm zəmin yaratdı. Bu ənənələr Azərbaycan tarixinin qızıl salnaməsidir. Bütün bu nailiyyətlərə görə hər birimiz Azərbaycan mədəniyyətinin unudulmaz və əbədiyaşayar  himayədarı, Ulu öndər Heydər Əliyevə borcluyuq.

 

Bəyimxanım CAVANŞİROVA-VERDİYEVA

Xan Şuşinski Fondunun rəhbəri

525-ci qəzet.- 2023.- 28 aprel.- S.7.