Böyük Qayıdışa yeni təkan
verəcək tarixi hadisə
"Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış
məntəqəmizin qurulması Azərbaycan tarixində əlamətdar
hadisə kimi qalacaq"
Aprelin
22-də Ermənistanın birtərəfli qaydada Azərbaycan
ilə sərhəddə Laçın-Xankəndi yolunun
girişində nəzarət buraxılış məntəqəsi
qurmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri
tərəfindən ölkəmizin suveren ərazilərində,
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında sərhəd-buraxılış
məntəqəsi qurulub. Bu addım 2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan
ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri
üçün canlı qüvvə, silah-sursat, mina, eləcə
də digər hərbi təyinatlı vasitələrin
daşınmasının qarşısının
alınması məqsədilə atılıb. Yeni yaradılan məntəqədə Azərbaycan
bayrağının ucaldılması mərasimi olub və sərhəd-buraxılış
məntəqəsindən Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevə
məruzə edilib. "Möhtərəm Prezident, cənab
Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki,
Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan
dövlət sərhədində, Həkəri
çayının üzərindəki körpünün
üstündə fəxarət rəmzimiz olan 3 rəngli
dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin
bütövlüyü təmin olunmuşdur.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!" - məruzədə
bu cümlələr yer alıb.
Ehtiyatda
olan polkovnik Şair Ramaldanov deyir ki, DSX bölmələri tərəfindən
ölkəmizin suveren ərazilərində, Ermənistan ilə
sərhəddə, Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış məntəqəmizin
qurulması tarixi və strateji əhəmiyyətli qərardır,
eyni zamanda, ölkəmizin suveren hüququdur:
"Laçın yolu Ermənistandan Azərbaycana keçirilən
yük və insanlar baxımından nəzarətsiz qalan ərazi
idi. Xatırladım ki, 2020-ci ildə Vətən
müharibəsi zamanı əsgər və zabitlərimiz
Xudafərin körpüsünü azad etdilər. Düşünürəm ki, məhz Laçın
dəhlizində Ermənistanla şərti sərhəd istiqamətində
sərhəd postunun yaradılması İranla sərhəddəki
Xudafərin qəsəbəsinin azad edilməsi kimi
böyük nailiyyətdir. Azərbaycanda
müvəqqəti yerləşən Rusiya sülhməramlı
kontingenti tərəfindən Laçın dəhlizinə nəzarət
etmək üçün müəyyən öhdəliklər
götürülsə də, biz bunun əksinə, oradan hərbi
yüklərin daşınmasına, arzuolunmaz şəxslərin
sərhəddən keçməsinə, sülhməramlıların
buna şərait yaratmasına şahid olduq. Bunun nəticəsində arzuedilməz şəxslər,
müxtəlif ölkələrdən, Ermənistandan
revanşist qüvvələrin rəhbərləri Azərbaycana
keçirdilər. Həmçinin Azərbaycanın
təbii sərvətləri talanır, ölkəmizin ərazilərinə
silah-sursatlar gətirilir, erməni hərbçiləri
Qarabağ iqtisadi zonasına gəlirdilər. Bəzi məlumatlara görə, hazırda Rusiya
sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində
10 min nəfərdən çox şəxsi heyəti olan hərbi
qüvvə təşkil edilib".
Ş.Ramaldanov bilidirir ki, sözügedən yoldan
sui-istifadənin nəticəsində Ermənistan tərəfindən
bu qüvvələrin imkanları davamlı olaraq
artırılırdı. Mina terroru və
diversiyalar mütəmadi törədilirdi. Vətən müharibəsindəki Zəfərdən
sonra 2021-ci ilin istehsalı olan yeni minaların Azərbaycan ərazisinə
daşınmasına başlanılmışdı. Rusiya sülhməramlı qüvvələrin
müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni
silahlı birləşmələrinin yaratdıqları
postların ətrafı minalanmışdı. Bir
gün əvvəl Azərbaycan hərbi
maşınının mina terroru nəticəsində
partladılması və hərbçilərin xəsarət
alması - bütün bunlar Laçın dəhlizinin nəzarətsiz
olduğunu, Azərbaycan maraqlarına zidd olaraq ölkəmizə
humanitar deyil, hərbi yüklərin gətirildiyini bir daha
göstərmişdi: "Laçın yolunda Azərbaycan sərhəd-buraxılış
məntəqəsinin yaradılması Azərbaycana gələn
bütün yüklərin və şəxslərin, o
cümlədən, ermənilərin keçməsini artıq
nəzarət altında saxlayacaq. Düşünürəm
ki, bütün proseslər, ilk növbədə, Rusiya
sülhməramlı kontingenti ilə
razılaşdırılmış şəkildə
aparılacaq. Əsas odur ki, biz artıq
gizli yollardan Azərbaycan ərazisinə hərbi təyinatlı
yüklərin ötürülməsinin önünü kəsəcəyik.
Bu proses Azərbaycanın suveren hüququdur. Burada
Azərbaycan beynəlxalq tələblərə zidd olan
heç bir addım atmayıb. Ali Baş
Komandan İlham Əliyev də dəfələrlə
Laçın yolunda nəzarət mexanizminin yaradılması
haqqında fikrini bildirib. Ermənistanın
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın
müddəalarına zidd olaraq, sərhəd postunu
yaratması Azərbaycanın adekvat addım atması
üçün şərait yaratdı".
Cənubi
Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq
Fuad Çıraqovun sözlərinə görə, 23 aprel
2023-cü il Azərbaycanın tarixində ən
əlamətdar günlərdən biri olaraq qalacaq. Çünki həmin gündə Azərbaycan tərəfindən
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında Dövlət Sərhəd
Xidmətinin nəzarət-buraxılış məntəqəsinin
qurulması gerçəkləşdi və bu, ölkəmizin
əraziləri üzərində suverenliyinin növbəti təsdiqidir.
Bununla yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin,
rifahın və əmin-amanlığın təməlinin
qoyulması istiqamətində mühüm addımdır:
"Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış
məntəqəsinin qurulması Qarabağda yaşayan
mülki ermənilərin hüquqları və təhlükəsizliyinin
təmin edilməsi istiqamətində atılan mühüm
addımdır. Son zamanlar xaricdə ölkəmizə
qarşı aparılan çirkin təbliğatın əsas
iddialarından biri odur ki, Azərbaycan Qarabağda yaşayan
ermənilərin hüquq və təhlükəsizliyini təmin
edə bilməz. Bu təbliğata uyan bəzi
dövlətlərin rəsmiləri də yersiz olaraq öz
çıxışlarında və bəyanatlarında Azərbaycanı
Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini
təmin etməyə çağırırlar. Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağda yaşayan
erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını
qəbul etməyə hazırdır, ancaq cinayətkar elementlər
30 il burada yaşayan insanları girov
saxlamaqdadır. Ona görə də Qarabağda
yaşayan ermənilərin təhlükəsizliyi və
hüquqlarının təminatını Azərbaycandan tələb
edən qüvvələr Laçın yolunda DSX postunun
qoyulmasını bu baxımdan qiymətləndirməli və
alqışlamalıdırlar. Belə ki, hər
hansı bir yerdə insanların hüquq və təhlükəsizliyinin
təmin edilməsindən bəhs edilərkən həmin ərazidə
beynəlxalq hüquq normalarına uyğun olaraq konstitusiya
quruluşunun və legitim dövlət orqanlarının normal
fəaliyyətinin bərqərar olunması ilkin şərtlərdəndir.
Bu məqsədlə həmin ərazi qeyri-qanuni
cinayətkar elementlərdən və silahlı dəstələrdən
təmizlənməli və hüququn aliliyi təmin edilməlidir.
Cinayətkar elementlərin və silahlı dəstələrin
əsirlərinə çevrilən Qarabağdakı ermənilərin
bu gün hansısa formada özlərinin fikirlərini və
iradələrini açıq şəkildə ifadə
etdiyini düşünmək absurddur. Laçın-Xankəndi
yolunun başlanğıcında sərhəd-buraxılış
məntəqəsinin qurulması Qarabağı cinayətkar
elementlərdən və qeyri-qanuni silahlı birləşmələrdən
azad etməklə, buradakı erməni əhalisini uzun illərin
girovluğundan azad edəcək. Eyni
zamanda, onların həqiqi hüquq və təhlükəsizliyini
təmin etməyə imkan verəcək".
Millət vəkili Mahir Abbaszadənin sözlərinə
əsasən, Azərbaycan tərəfinin Laçın-Xankəndi
yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi
əslində bundan sonra bölgədə sülhün və
təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərdən
vacib bir məqamdır. Azərbaycan Vətən müharibəsində qələbə
əldə etdikdən sonra imzalanmış 10 noyabr bəyannaməsinin
müddəalarına uyğun olaraq Ermənistan Silahlı
Qüvvələri Qarabağ ərazisindən
çıxarılmalı və bu əraziyə rus sülhməramlı
qüvvələri yerləşdirilməli idi: "Eyni zamanda
Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistanla
gediş-gəlişini asanlaşdırmaq məqsədilə
Laçın rayonu ərazisindən keçməklə Ermənistana
yeni yolun çəkilişini həyata keçirməli idi. Azərbaycan bu öhdəliyi tez bir zamanda yerinə
yetirdi. Baxmayaraq ki, burada müddət 3 ilə
qədər göstərilmişdi. Azərbaycan
tərəfi təxminən ilyarıma bu öhdəliyi yerinə
yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin
Laçın yolundan keçərək Ermənistana
gediş-gəlişi asanlaşdı. Amma
sonrakı tarixlərdə biz görürdük ki, ermənilər
Qarabağda yaşayan ermənilərin gediş-gəlişini
asanlaşdırmaq məqsədilə yaradılan yoldan digər
məqsədlərlə istifadə edirlər. Yəni Ermənistanda silahlı birləşmələrin
və minaların bu yol vasitəsilə Qarabağa
daşınması həyata keçirilir. Bütün bunlar isə rus sülhməramlı
qüvvələrinin gözü qarşısında baş
verir. Bəzən rus sülhməramlı
qüvvələri bunlara himayədarlıq edir. Bütün bunlar bir daha göstərir ki,
Laçın-Xankəndi yolundan humanitar məqsədlər
üçün deyil, hərbi məqsədlər
üçün istifadə edilir. Hərbi
məqsədlər üçün istifadə edildikdə isə
bu, heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir".
M.Abbaszadə
qeyd edib ki, Azərbaycan tərəfi hər dəfə bu məsələlərlə
bağlı çıxış edirdi: "Biz bildirirdik ki,
Qarabağdan Ermənistana keçən yolda, yəni
Laçın-Xankəndi yolunda nəzarət-buraxılış
məntəqəsinin qurulması bu prosesləri bir daha sürətləndirir.
Ermənistan tərəfinin birtərəfli
olaraq Azərbaycan-Ermənistan sərhədinin Laçın
rayonu ərazisində sərhəd müşahidə məntəqəsini
qurması göstərir ki, Azərbaycan tərəfi də
öz ərazisində bu sərhəd müşahidə məntəqəsini
reallaşdırmalı idi. Digər bir tərəfdən
isə ekofəalların Laçın-Xankəndi yolunda həyata
keçirdiyi aksiyalarda da bizim tələbimiz ondan ibarət idi
ki, həm Qarabağda mövcud olan Azərbaycan təbii sərvətlərinin
Ermənistan tərəfindən qeyri-qanuni daşınaraq
aparılmasının qarşısı kəsilsin, həm
bölgəyə Azərbaycan ekofəalları
buraxılsın, eyni zamanda Laçın-Xankəndi yolundan Azərbaycanın
təbii sərvətlərinin daşınmasının
qarşısı alınsın. Çünki
Qarabağa gediş-gəliş, yük
maşınlarının yoxlanılması göstərəcək
ki, bölgədə davamlı sülh davam edir. Burada qeyri-qanuni birləşmələrə
yardım etmək, silah daşımaq, minalar daşımaq, hərbi
riski artırmaq və başqa qonşu dövlətlərin
xüsusi xidmət orqanlarının tez-tez bu ərazilərə
səfərlərinə son qoyacaq. Bütün
bu amillər də bölgədə davamlı və təhlükəsiz
sülhün təmin olunmasına köməklik göstərəcək.
Bir sözlə, Azərbaycan 10 noyabr bəyannaməsinə
sadiqdir və müddəalara da əməl edir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 29 aprel.- S.23.