Sözüm Tanrının payıdır
Oyaq pəncərəmdən çölə,
bir sısqa işıq axırdı;
ilahi, bu oyaq gecəm,
nədən bu qədər fağırdı;
yarpaqların, çiçəklərin,
quşların səsin dinlədim;
göy üzündə ulduzları,
bircə-bircə dənələdim;
qarşı dağların qoynuna,
ağca dumanlar qısılıb;
könlümün həsrət yerindən,
ufaq gümanlar asılıb;
buluda, göyə, ağaca,
söz deməyə üzüm gəlir;
bu tənha, fağır gecədən
təkcə mənim səsim gəlir;
çöldən, buluddan, ulduzdan,
hər yandan söz axtarıram;
bu dünyaya baxmaq üçün,
bir cüt də göz axtarıram;
söz gəzirəm, söz qovuram,
sözüm Tanrının payıdır;
gündüzlər çıxır canımdan,
ruhum gecələr qayıdır.
Dünya yoxdu, əzizim
dur, çıxıb gedək burdan,
daha vaxtdı, əzizim;
buralar ürəyimi,
əzdi, sıxdı, əzizim;
mən sevdamın kür özü,
həsrətin diri gözü;
ürəyimin hər sözü,
bir bulaxdı, əzizim;
ömür bir daş aynadı,
orda ruhum oynadı;
qara bulud qaynadı,
göydən axdı,
əzizim;
soyuq küləklər
əsir,
hərəni bir dərd əzir;
kimi şah, kimi vəzir -
baxta-baxtdı, əzizim;
gecə ulduz sanadım,
uçdum, sındı
qanadım;
bura dəlixanadı,
dərdi çoxdu,
əzizim;
kim varıydı, yoxuydu,
yarac yarı toxuydu;
bir qarışıq
yuxuydu,
dünya yoxdu, əzizim.
Könül, çox da ah eyləmə
Könül, çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda
düşər,
gəlib ahu-zarı
keçər;
gedər ağıl-huş
addıyar,
gözümüzdən yaş addıyar;
payız gedər,
qış addıyar,
dolanar baharı keçər;
yaman yuxaldır ney məni,
didərgin ruhum eymənir;
gətir, saplıyım
iynəni,
ildızından darı
keçər;
ötən günlər
nə saydadı,
dərdim o tay, bu taydadı;
dünya bir gözüm boydadı,
ortasından barı
keçər;
çıxdım daşın
arasınnan,
göznən qaşın
arasınnan;
yaynan qışın
arasınnan
bir dəlisov sarı keçər;
nədir, dünyadan
itiyim,
hansı cığırda
itdiyim;
bir ömür yoldu, getdiyim,
yarı qalar, yarı keçər.
Yatmadığım gecələr
Payız
yaman tələsdi,
yamaclar sap-sarıdı;
yatmadığım gecələr,
gözlərimdə qarıdı;
buludlar axıb gəlir,
tutur göyün üzünü;
bir ötüm bulud yuyur,
min çiçəyin üzünü;
üzüm nə rəngdə imiş,
daha bilmədim, öncə;
onsuz da yatmaq olmur,
nə gündüz, nə də gecə;
bu gün dünəni ötür,
sabah bugünkü günü;
yüz xoş günə tən olur,
həsrətin iki günü;
qaçıb itir gözümdən,
görmədiyim yuxular;
görmədiyim yuxumda,
göy üzü də yıxılar.
Bir az qərib kimiyəm
Küləklər at oynadır,
buludlar ləlik-ləlik;
deyən, çəkib
gedəcəm,
bu şəhərdən,
hələlik;
bir az qərib kimiyəm,
yenə dalğınam, bir az;
dəli duyğular məni,
götürüb gedir, bu yaz;
ürəyimin içində
bir həzin gizilti var;
gözlərimin kökündə,
həsrət var, üzüntü var;
yuxum ərşə çəkilir,
uzun gecələrimdə;
azıram bu günyanın
yorğun döngələrində;
günlərin də ayağı,
daşdan asılıb, deyən;
elə həsrət, intizar
mənə yazılıb deyən;
bu yazın buludları,
su atacaq dalımca;
yollarımın bir ucu,
uzaqların olunca.
Nazim Əhmədli
525-ci qəzet.- 2023.- 29 aprel.- S.21.