Onun şair təbi...

 

Tanınmış şair Nazim Əhmədli ilə dostluğumuzun yaşı qırx ildən çoxdur. İlk tanıdığım günlərdən hiss edirdim ki, o, qələm dostlarımın çoxundan təbiiliyi və səmimiliyi ilə seçilir. Nazim, bəziləri kimi, heç vaxt özgə səmtə əsmədi, öz yolunu getdi, düz yolunu getdi...

Artıq o, 18 kitab müəllifidir, bu kitablardan 6-sı xarici ölkələrdə çap olunub. Yaxşı yadımdadır, birinci dəfə onun şeirlərini 70-ci illərin axırlarında "Azərbaycan" jurnalında oxuyub bəyənmişdim. şair taleyinin uğurlu olacağı qənətindəydim. İllər ötdü, mən öz qənaətimdə yanılmadığıma əmin oldum. Çünki Nazim Əhmədli ədəbi aləmə özününsözünün məsuliyyətini yaxşı dərk edən istedalı şair kimi gəlmişdi. Eyforiyaya qapılıb ötəri həvəslə yazmaq Nazimin təbiətinə yad idi. Onun "Təbiət lövhələri" silsiləsindən olan ilk mətbu şeirləri oxucuya xoş duyğular aşılayırdı. Mən bu şeirlərin ikisinibu məqalədə yer almasını ona görə istədim ki, qoy, bu günün oxucusu da bilsin ki, "Azərbaycan" jurnalının 1979-cu il, 5-ci sayında dərc olunmuş bu iki şeir hələ də öz təravətini qoruyub saxlayır.

Nazim o zaman çox gənc idi. Həmin illərdə Yazıçılar İttifaqının (İndiki AYB) bu mətbu nəşrində şeir çap etdirmək hər gənc şairə nəsib olan xoşbəxtlik deyildi. Nazim həmin xoşbəxtlərdən idi. Təvəzökarlıqdan uzaq olsa da, həmin illərdə, hələ tələbə ikən mənim iki şeirim "Azərbaycan" jurnalında işıq üzü görmüşdü. Həmin "Təzadlar" şeirinin işığında Nazimlə bizim tanışlığımız başladı. Yəni bizim şeirlərimiz bizi doğmalaşdırdı, dostluğumuza bir vəsilə oldu:

 

Zirvə açıb yaxasını Günəşə,

duman basıb, dərədə gecədi;

ildırımın tək səbiri gəlmədi,

Qara bulud göy üzündə çeçədi;

 

Bu şeiri oxuyub bənddən-bəndə keçdikcə, göz önündə canlanan təkcə təbiət lövhələri deyildi. Mən bu şeirdə sanki təbiətin təranəsini dinləyirdim:

 

Tellərini döşə yayıb qız bulaq,

dağ çayına pay göndərir yüz bulaq;

bir qayanı yarıb çıxan buz bulaq

düyməsindən pərvazlanan qönçədi.

 

Şairin ürəyindən süzülüb gələn bu misralar da bulaq suyunun zümzüməsindən yaranan nəğmələr kimidir. Bu şeirdə müəllifin düşüncə ürək çırpıntıları aydın duyulur:

 

Qoşa çinar - bir sevginin vüsləti,

yaz yağışı - quru çölün qisməti;

laləli düz dağlarımın isməti,

yastı təpə - çiçək dolu nimçədi.

 

 

 

əyri qaya - dəvələrin qozbeli,

buynuzlu daş - zirvədəki dağ kəli.

şümal qaya - bir igidin heykəli,

çovuş qaya qulpuqırıq çömçədi.

 

Nazim Əhmədli əslən Vətənimizin dilbər güşəsi Qarabağdandır. O, Laçın rayonunun Əhmədli kəndində böyüyüb, boya-başa çatıb. Ona görə çeşmələrin nəğməsindən, şəlalənin səsindən vəcdə gəlib. Təbiətin füsünkar boyalarını şeirə gətirib, öz şair dili ilə bir qədər gözəlləşdirib.

 

Çiçəklərin yanağına qonan şeh,

boz dumanın dodağının nəmidi,

göy talada dalğalanan lalələr

elə bildim, od vurulmuş zəmidi.

 

min təzad var çeşmələrin səsində,

meşə itib ilk baharın sisində,

daş kahalar qayaların köksündə -

bu dağların yuva-yuva qəmidi.

 

çeşmə açıb sərin sulu ovcunu,

qonaq edir gəlib-gedən yolçunu.

harayladı bir insaflı ovçunu

tərlan qovan bir kəkliyin ümidi.

 

təbiətdə gör qədər yazan var;

çeşmə, külək, yağış, dolu, boran, qar,

şəlalələr hərəsi bir sazandar,

dağlar özü elə şair kimidir.

 

...İndi şair dostum üçün artıq o mərhələ çoxdan arxada qalıb. Bu gün Nazim Əhmədli yetkin bitgin şairdir. Xalqımızın taleyi ilə bağlı duyğu-düşüncələr, ata-ana, Vətən sevgisi, mənəvi aləmə bağlılıq, həmişəyaşar, tükənməz mövzulara müasirlik baxımından yanaşma onun şeirlərinin qayəsini təşkil edir:

 

anam köçəndən bəri

gözüm yuxu yatmayıb,

hər gün məktub yazmışam,

biri gedib çatmayıb.

 

yatdım, oyanam,

çağırsam, dərd oyanar,

çıxıb gedəndə, anam

heç məni oyatmayıb.

 

anam bir dərd Vətəni,

hanı dərdin itəni;

opayızdan ötəni

gülüşü boy atmayıb...

 

...O zamanlar Azərbaycan Yazıçılar Birliyinin (İttifaqının) gözəl bir ənənəsi vardı. Şüvələndakı Yaradıcılıq evində gənc şair yazıçıların yaradıcılıq seminarları keçirilirdi. Həmin seminarlarda Nazimlə birlikdə iştirak edirdik. Hər görüşümüzdə yazdığımız yeni şeirlərimizi bir-birimizə oxuyub fikirlərimizi bölüşürdük. Bir dəfə görkəmli tərcüməçi Vladimir Qafarov Şüvəlandakı Yaradıcılıq evinə gəlmişdi. Nazim məni Vladimir Qafarovla tanış etdi. O da bizi özünün Şüvəlandakı bağına qonaq apardı. Xalq şairi Süleyman Rüstəmlə, Vladimir Qafarov bağ qonşusu idi. Hamımız çay süfrəsi ətrafında əyləşmişdik. Vladimir Qafarov bizi Süleyman Rüstəmə təqdim edib dedi:

- Həzi artıq tələbədir, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxuyur. Nazim isə M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmaq üçün hazırlaşır...

O zaman Vladimir Qafarov Nazimin  şeirlərini rus dilinə tərcümə edirdi. Bu, Nazimin Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmasından ötrü tələb olunan şərtlərdən biri idi. Nazim arzusuna çatdı. O, 1981-ci ildə Moskvada Ədəbiyyat İnstituna qəbul oldu. İnstitutu bitirdikdən sonra, 1986-cı ildə Azərbaycan Yazıçılar Birliyində  işləməyə başladı. Həm bir insan, həm bir şair kimi şərəfli ömür yolu keçdi bu günümüzə gəlib çatdı. Ömrünə ömür calansın. Nazim gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Rəhilə bacı ilə mənalı ömür yaşayır. Ümidli bir ailə-ocağın yanar çırağıdır. Yüksək təhsil görmüş Tural Vüsal kimi dəyərli oğulları xalqımızı Vətənimizdən uzaqlarda ləyaqətlə təmsil edirlər.

Nazim Əhmədli ömrünün müdriklik çağlarını yaşayır, həm fəal bədii yaradıcılığını davam etdirir. Bununla yanaşı, o, Türkiyədəki "Kırımın səsi" qəzetinin Azərbaycan üzrə təmsilçisidir. Azərbaycan şair yazıçılarının əsərlərinin "Krımın səsi" digər qəzet dərgilərdə yayımlanmasında fədakarcasına çalışır. O, duyğuyla yoldaşlıq, qayğıyla qardaşlıq edən insandır. Ədəbi cameəmizdə özünəməxsus yeri olan qələm adamlarının təbliğ olunmasında bacardığı qədər yaxşı işlər görüb. Bu, onun AYB-nin Bədii ədəbiyyatı təbliğ bürosuna rəhbərlik etdiyi dövrlərdə daha aydın nəzərə çarpırdı. O, həm ictimai fəal kimi, qeyri-hökumət təşkilatları sektorunda Skandinaviya Ölkələri ilə Mədəni Elmi Əlaqələr İctimai Birliyinin sədridir. O, uzun illərdir ki, Azərbaycan həqiqətlərini Skandinaviya ölkələrində təbliğ edir.

Nazim Əhmədli 17 kitab müəllifidir. Dünyanın 7 dilində kitabları nəşr olunub. Eyni zamanda, dünyanın 9 dilində şeir hekayələri çap olunub. Nazimin son illərdə nəşr olunmuş "Yenə dönüb gələcəm", "Mən bir günah elçisiyəm", "Unutduğum göy üzü" adlı şeir kitablarını bir daha oxudum.

Bu kitabları da Nazim Əhmədlinin saf duyğular toplusudur. Bu kitablarda min-min duyğunun rəngi var. Onun şeir dili çox aydın cəlbecidir. Şeirlərinin hər misrasında dilin sehrinə ustalıqla baş vurur. Söz ustadı, qələm ustadı kimi...

Qələm dostumun bu il may ayının birində 70 yaşı tamam olur. Nurani - pirani baba ömrünü yaşayır, şirin-şəkər nəvələrinin sevinci ilə yaşayır. Bu yaşda təmiz ürəklə, gənclik şövqü ilə duyub düşünmək bir-birindən gözəl şeirlər yazmaq da şairin xoşbəxtliyidir. Bu yaşda da onun qaynar qəlbindən süzülüb gələn duyğuları könül oxşayır. Onun şeirlərini oxuduqca hiss edirsən ki, hələ canında yeni söz həvəsi var.

Şair Nazim Əhmədlinin haqqında çox yazılıb, bir çox ədəbiyyaşünas alimlər, ədəbi tənqidçilər onun yaradıcılığı haqqında yazıblar, dəyərli fikirlər söyləyiblər. İndi Nazimin haqqında kitab yazılır. Mənim yazdığım isə Nazim haqqında yazılanların yanında çox kiçikdir. Ona sağlam bərəkətli ömür arzulayıram. Arzu edirəm ki, bundan sonra da təbi tükənməsin, duyğular pəncərəsi həmişə Günəşin zərrin şəfəqlərinə bələnsin, daim yazsın, yaratsın. Sorağı gələcək günlərdən gəlsin... Bax, beləcə:

 

Salam, necəsən ürəyim,

sinəmin altı necədi;

məni hər yana çapırsan.

mindiyin atın necədi;

 

bu qələmim lələk deyil,

şair hələ mələk deyil;

hamı sənə ürək deyir,

adın, soyadın necədi;

 

bilmirəm ki, qışam, yazam,

saçıma baxdım, bəyazam;

gərək sənə nəsə yazam,

şeir, bayatı, necədi;

 

bir gün gələn bir gün gedər,

dərd - sərin məni əridər,

ürəyim, bir məktub göndər,

görüm, həyatın necədi.

 

Həzi HƏSƏNLİ

525-ci qəzet.- 2023.- 29 aprel.- S.20.