Yeni dövrün teatrına doğru...
Əvvəla onu deyim ki, təəssürat və
mülahizələrimi elmi-nəzəri qata varmadan, mürəkkəb
terminlərə əl atmadan, çox sadə dildə sizinlə
bölüşməyi daha səmərəli hesab etdim.
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Heydər
Əliyev Mərkəzinin təşkilatçılığı
ilə Ulu öndər Heydər Əliyevin 100 və Azərbaycan
Teatrının 150 illiyinə həsr olunmuş Teatr Forumu
(11-12 aprel 2023-cü il) məni bir sıra önəmli məsələlərə,
ənənəvi anlayışlara sürətlə dəyişməkdə
olan rəqəmsal dünyanın sərt gözü ilə
yenidən baxmağa sövq etdi. Bu məqamda Teatr Forumu
güclü optika funksiyasını yerinə yetirərək
sanki böyüdülmüş güzgü vasitəsilə
Azərbaycanın "teatr icmasının portreti"ni əbədiləşdirdi. Bu minvalla həm
biz, yəni teatr adamları özümüzü olduğumuz
kimi - necə var gördük, həm də Forumun təşkilatçıları
(Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni
komandası) bizi olduğumuz kimi görübən, bizimlə tanış oldular. Azərbaycanın
teatr xadimləri ilə tanışlıq və dialoq (təəssüf
ki, dialoq qismən alındı) üçün görünür
ki, Forumdan daha səmərəli platforma seçmək
qeyri-mümkün idi.
Bu məqamda Forumun təşkilatçılarına minnətdarlıq
hisslərimi bəyan etmək istəyirəm. Teatr Forumu, əvvəla
teatr xadimlərini bir yerə topladı və çoxdan
bir-birini görməyən, bir yerə cəmləşəndə
sənət problemlərindən daha çox cari məsələlərə
taxılıb qalmağa məcbur olan bizlərə platforma
verməklə, həm də illərcə ürəyimizdə
qubarlanmış, aidiyyatlı qurumların eşitmək istəmədiyi
məsələləri (təəssüf ki, bu dəfə də
əsasən sosial məsələlərə köklənməli
olduq) bir daha səsləndirmək imkanı yaratdı. O bir
ayrı söhbətin mövzusudur ki, biz bu problemləri necə
səsləndirə bildik. Forum
iştirakçılarının çoxu görünən
bu mənzərədən, yəni teatr xadimlərimizin məsələlərə
daha böyük miqyas rakursundan baxa bilməmələrindən
narazı qaldılar.
Teatr
Forumunun iki iş günündə sırf yaradıcılıq
söhbətlərinə, teatrımızın inkişaf
strategiyasına, onun zamanla birgə addımlaması
üçün perspektiv yolların axtarılmasına, yeni hədəflərin
tapılmasına, yeniləşmə prosesində həm
müasir milli dramaturgiya, həm milli aktyor, rejissor və teatr rəssamlığı
sənətinə sistemli yanaşmaya qismən toxunulsa da, bu
problemlərin çözülməsinə yaranmış
aşırı ehtiyacımız ödənilmədi. Eyni
zamanda teatr və tamaşaçı probleminə, yeni iqtisadi
münasibətlərin formalaşması, prodüser
institutunun milli teatr məkanında tətbiqi, marketinq və
reklam strategiyası, region teatrlarının vəziyyəti,
müstəqil teatr siyasəti, bu günün festival
formasının funksiyalarının müəyyənləşdirilməsi,
teatr təhsili və teatr münasibətlərinin tənzimlənməsi
kimi dörd panel müzakirəsinə çıxarılan
önəmli mövzuların (etiraf edək ki,
mövzuların çoxluğu iki günün çərçivəsinə
sığmadı) araşdırılmasına istədiyimiz dərəcədə
nail olmasaq da, onlara da qismən nəzər salındı. Teatr
Forumu illərlə görüşməyə, bir yerə
yığışmağa və bir-birini dinləməyə
tamarzı olan bizlərə doğru söz demək, obyektiv
olmaq, dərdlərimizi bölüşmək imkanı verdi, bizi görüşdürdü,
arzuladığımız ünsiyyətə qovuşdurdu.
Forum təcrübəmizin olmaması və dialoqdan
yadırğamağımız səbəbindən istədiyimiz
səviyyədə dialoqa girə bilməsək də, hər
halda dialoqun əsası qoyuldu. Tarixi bir
görüş baş tutdu ki, bu da Teatr Forumunun uğurundan xəbər
verir. İnanıram ki, II Teatr Forumunda
arzularımız çin olacaq, yəni yüksək dialoq mədəniyyəti
ilə yaradıcılıq problemlərinə nüfuz edə,
onlara işıq sala və beləliklə də, bu problemlərin
həlli yollarının axtarışına çıxa biləcəyik.
Bu yerdə teatr ictimaiyyətinin diqqətini onları
yetişdirən, boya-başa çatdıran Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə yönəltmək istəyirəm. Bu müqəddəs
bədii təhsil məkanında zamanın tələbləri
mövqeyindən yetişdirilən istedadlı gənc kadrlar
göz qabağındadır. Bu il 100
illik yubileyinə hazırlaşdığımız
ADMİU-nun Teatr sənəti fakültəsinin və SABAH
qruplarının uğurları bizi sevindirir. Sözügedən
bu uğurlarda həm fakültənin, həm də SABAH
qruplarının əvəzedilməz dekanı, tələbələrin
və professor-müəllim heyətinin sevimlisi
Böyükxanım Talıbovanın danılmaz əməyini
ayrıca qeyd etməliyik. Bu fakültənin görkəmli
sənətkarımız, professor
Gülşad Baxşıyevanın rəhbərlik etdiyi Aktyor
sənəti kafedrasında böyük pedaqoji təcrübəyə
malik ustad teatr pedaqoqları ilə yanaşı, istedadlı gənc
müəllimlər də kadr yetişdirirlər. Sadalananların nəticəsində 2022-ci ildə
Universitetdə ilk dəfə "Pillə" adlı teatr
festivalı keçirildi və bu festival fəaliyyətini
bundan sonrakı illərdə də davam etdirəcək.
Onu da qeyd edim ki, Teatr Forumunda söz demək xatirinə
ADMİU-də yetişdirilən kadrların səviyyəsindən
giley-güzar səsləndirilsə də, süni problem
yaratmaq cəhdi müsbət qarşılanmadı.
Son illər ADMİU-nun SABAH qrupları universitetdaxili
eksperimental teatr studiyası rolunu oynamaqdadır. Sevindirici haldır ki, burada
pedaqoji fəaliyyətlə uğurla məşğul olan gənc
pedaqoqlar ali məktəbimizin müəllim
bazasına daxil ediliblər. Yəni onlar mənim
bu gün eksperimental teatr studiyası
adlandırıdığım yaradıcılıq atmosferində
yetişdikdən sonra pedaqoq kimi uğurla fəaliyyət
göstərməkdədirlər. Tələbə
tamaşaları kimi qəbul etdiyimiz bu quruluşlar dəfələrlə
dövlət teatrlarımızın böyük səhnələrinə
çıxmış, xarici ölkələrdə
keçirilmiş teatr festivallarına qatılmış və
hər dəfə arzuladığımız yeni teatr
düşüncəsini sərgiləməklə
böyük uğur qazanmışlar. Onda, gəlin,
rejissor qıtlığından az
danışaq və gənc rejissorlara böyük səhnələri
etibar edək.
Teatr Forumunda toxunulan problemlərə gəlincə isə,
bilməliyik ki, onların həllinə biz
qollarımızı çırmalayıb, köhnə teatr
düşüncəmizi yeniləmək və sovetdən qalma
teatr sistemimizi dəyişmək yoluna qədəm qoymaqla nail
olacağıq. Bunun üçün Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi bizə Azərbaycan teatrının inkişaf
proqramını təqdim etməli, Teatr və teatr fəaliyyəti
haqqında qanuna (29 dekabr 2006-cı il)
zamanın tələbləri müstəvisində yenidən
baxılmalıdır ki, teatrlarımız da bu dövlət sənədləri
çərçivəsində işlərini yenidən qura
bilsinlər. Teatrlarımız teatrdaxili işlər
sırasına daxil olan problemlərlə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyini yükləməməli,
bunları özləri həll etməlidirlər. Bu məqamda
teatr icmamızdan təvəqqe edərdim ki, "Teatrın
bazarı və bazar iqtisadiyyatı" adlı vaxtında
yazılmış bir məqaləni (Teatro.az.,
17.04.2023, Elçin Cəfərov) diqqətlə oxusunlar.
Avropa teatr modelini öyrənmiş və özünün səmərəli
təkliflərini sadalamış müəllifin bu
yazısında irəli sürülən müddəaların
teatrımızın praktikasına tətbiqi,
düşünürəm ki, arzusunda olduğumuz yenilənmə
prosesində sistemli yanaşmaya, yeni maliyyələşdirmə
mexanizmlərinin tapılmasına, prodüser institutunun milli
teatr məkanımıza tətbiqinə, teatr sənətinin
müxtəlif formalarının dirçəlişinə,
region teatrlarında kadr potensialının yenidən saf-çürük
edilməsinə, bir sözlə, milli teatrın inkişaf
strategiyasına bir işıq salacaqdır. Məncə,
Türkiyədə uzun illərin sınağından
çıxmış "Teatrların idarə edilməsi
modeli"ndən də bəhrələnə bilərik.
Bəli,
heç şəksiz ki, problemlərimiz çoxdur: binasız
fəaliyyət göstərən teatrlarımızın,
sosial problemləri həllini gözləyən teatr sənətçilərimizin
taleyi hamımızı düşündürür və
düşündürməlidir də. Amma və lakin
bütün bunlara ilk növbədə yeniləşməsi zəruri
olan teatr düşüncəsinə, yeni teatr
strategiyasına, cilalanmalı olan professionallığa, peşəkarlığa
və yeni idarəetmə sisteminə yiyələnəndən
sonra nail ola bilərik. Bir də
ki, mütləq və mütləq dövlət büdcəsindən
maliyyələşən teatrlarımız
vaxtaşırı olaraq maliyyə xərcləri barəsində
açıq hesabatlar sərgiləməlidirlər.
O ki qaldı nihilist əhval-ruhiyyəyə, gəlin, ondan qurtulaq, inkar mövqeyindən uzaqlaşıb, həllini gözləyən məsələlərə köklənək, teatr sosiologiyasının təməl daşını qoyaq, teatrlarımızda sözügedən problemləri tənzimləmək gücündə olan şöbələr açaq, potensial imkanı olan gənc teatrşünasları bu şöbələrin işinə cəlb edək, yeni layihələrlə meydana atılaq, ADMİU-də yetişdirilən gənc kadrların sonrakı sənət taleyi naminə Universitetlə teatrlarımızın yaradıcılıq əlaqələrini gücləndirək.
Hörmətli teatr xadimləri! Hamımız bilirik ki, arzuladığımız bu günün və sabahın teatrına doğru aparan yollar enişli-yoxuşlu, müzakirələrlə, münaqişələrlə, uğur və uğursuzluqlarla dolu olacaqdır. Çünki həyatımızı həsr etdiyimiz "Əlahəzrət Teatr!" canlı, sirli, sehrli olmaqla yanaşı, həm də daim dəyişməyə, yeniləşməyə məcbur olan mürəkkəb bir sənətdir. Amma yenə də qarşımızda keçilməsi çətin olan aşırımlar, sədlər bizi qorxutmur. Ona görə ki, teatr adlı bu canlı möcüzəni sevirik və bilirik ki, özümüzü bütünlüklə ona həsr etməsək, zamanla birgə addımlamasaq, teatra lazım olmayacağıq, zamandan kənara atılacağıq. Bu isə sənətkar üçün əsl faciədir.
Təəssürat və mülahizələrimin sonunda Konstantin Sergeyeviç Stanislavskinin teatr sənətçilərinə xitabən dediyi bu qiymətli fikri xatırlamaq yerinə düşərdi: "Bütün həyatınız boyu sənətdə yaxşını pisdən ayıran demarkasiya xəttini durmadan axtarıb tapın!" Aleksandr Blok isə daha kateqorik mövqe tutaraq: "Sənət əsəri adını o adı daşımağa layiq olmayana verməyək!" deyə həyəcan təbili çalırdı. İstər məmnunluq və inam hissi ilə ayrıldığım Teatr Forumu, istərsə də mübahisə və mülahizələrimiz bu iki dahinin səsləndirdiyi sadədən-sadə həqiqətin bərqərar olunmasına xidmət edir.
Bəli, Heydər Əliyev Mərkəzinin bəmbəyaz müasir salonuna toplaşan bizlərin də arzuları K.S.Stanislavskinin və A.Blokun tələb və arzuları ilə bir məcrada görüşdü. Sözügedən bu mənzərə hörmətli panel moderatorlarının və ekspertlərin (xarici qonaqlarımızdan Rusiya Teatr Sənəti İnstitutunun - QİTİS-in rektoru Q.A.Zaslavski və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt da ekspertlərin sırasında idi) maraqlı çıxışları toxunduqları məsələlərə dərindən bələdlikləri sayəsində hasil oldu.
Bu iki gün ərzində bizimlə
olan, bizi səbrlə dinləyən Azərbaycan
Respublikasının mədəniyyət naziri Adil Kərimliyə,
onun işgüzar və müsbət enerjili komandasına, fədakar
teatr icmamıza bizi gözləyən mürəkkəb məsələlərin
həllində uğurlar diləyibən böyük
inam, ümid və yenidən görüşmək arzusu ilə
Teatr Forumundan ayrıldım.
Məryəm
ƏLİZADƏ
Sənətşünaslıq
doktoru, professor
525-ci
qəzet.- 2023.- 29 aprel.- S.16.