"Pək
əfsus..."
İCTİMAİ TELEVİZİYANIN EFİRİNDƏ YAYIMLANAN "ŞEYX SƏNAN" SERİALI HAQQINDA QEYDLƏR
Ölkəmizin təhlükəsizliyi və ərazi
bütövlüyü, sərhədlərimizdə əmin-amanlığın
bərqərar olunması mənim üçün hər
şeydən, hətta çox sevdiyim kino sənətindən
də vacibdir.
Amma təəssüf ki, bir vətəndaş
kimi ölkəmə verəcəyim əhəmiyyətli fayda
film və serialların təhlilindən, tənqidindən ibarətdir.
Vətənimizin və hər birimizin təhlükəsizliyini
qoruyan hər kəsə sevgi və dualarımı əsirgəmədən
mətləbə keçirəm.
Öncəki
yazımdakı bir fikri bir daha vurğulamağa ehtiyac duyuram:
İctimai televiziyanın (İTV) rəhbərliyi, xüsusən,
Balakişi Qasımov milli kinomuz üçün bu sahəyə
məsul olan məmurlardan daha çox iş görür.
Telekanalın klassik ədəbi əsərləri
("Solğun çiçəklər", "Xosrov və
Şirin", "Anamın kitabı")
ekranlaşdırmasını, bu mənada, Sovet İttifaqı
dağılandan sonra ədəbiyyatla kino arasında
qırılmış bağların bərpası
yönündə apardığı işi təqdir edirəm.
Bununla belə, onu da deməyi özümə borc bilirəm
ki, Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin bu
yaxınlarda İTV efirində yayımlanan ekran versiyası
Nizaminin "Xosrov və Şirin" serialı kimi bədii-estetik
və interpretasiya baxımından uğurlu alınmayıb.
Hüseyn Cavidin "Şeyx Sənan"ında personajlardan
birinin təbirincə desək: "Pək əfsus..."
Yuxarıda adı keçən serialların
rejissorluğunu Xəyyam Abdullazadə Elməddin Alıyevlə
birlikdə edib. "Şeyx Sənan" serialı isə Xəyyam Abdullazadənin
Elçin Elxanlı ilə birgə əməkdaşlığının
nəticəsidir.
"Şeyx Sənan" mənzum dramı tamamilə
müasirləşdirilərək, orijinal əsərə
ciddi redaktələr edilərək (ssenari müəllifi Xəyyam
Abdullazadə) adaptasiya olunub. Hadisələr
müasir dövrdə, ölkəmizin əsasən xristian icmasının
yaşadığı ərazisində baş verir. Günümüzün Şeyx Sənanı (Sənan
Əlləz) arxeoloq, Tamara isə (Esmiralda Abdullayeva) həkimdir.
Şeyx Sənanın da daxil olduğu ekspedisiya
rayonlardan birinə arxeoloji qazıntılar aparmağa gəlir.
Ekspedisiyanın rəhbəri Kəbirin
(Ayşad Məmmədov) qızı Zəhranın (Aygün Fətullayeva)
Sənana hissləri qarşılıqsızdır. Arxeoloq qrupunun digər üzvü Hadinin (Bəhram
Əliheydər) sevgisinə isə Zəhra laqeyddir. Hadi Sənandan qisas almaq məqsədilə onu
çaya itələyir. Çaydan sağ çıxan
və yaralanan Sənan xəstəxanada keşiş (Platon - Pərviz
Məmmədrzayev) qızı Tamara ilə tanış
olur. Hər kəsin onların sevgisinə
qarşı çıxdığı hekayədə əsas
məsələ gənclərin üzləşdikləri maneələrdən
keçərək evlənməsidir.
Hər hansı ədəbi mətnin ekran adaptasiyası
zamanı müəllifin onu öz baxış
bucağından görmək və istənilən janrda
işləmək hüququ var. Və bu zaman müəllif əsərin
ideya problematikasını tamlıqla dəyişə də
bilər.
Melodram,
dram, horror, detektiv və kriminal janrların hibridi üzərində
qurulmuş "Şeyx Sənan" serialında personajlar
zaman, məkan əhəmiyyətli redaktələrə məruz
qalsalar da, müəlliflər Hüseyn Cavidin ideyasını,
qoyduğu problemi saxlamaq niyyətində olublar. Sual isə
budur: yaradıcı heyətin niyyəti alınıbmı?
"Şeyx Sənan" əsərinə serial çəkiləcəyini
eşidəndə, məni düşündürən və
maraqlandıran o idi ki, ssenaristlər pyesə hansı rakursdan
yanaşıblar? Multikulturallığın və
tolerantlığın yüksək olduğu müasir cəmiyyətimizdə
xristianla müsəlmanın evliliyi hansı dramatik konfliktləri
doğura bilər ki?
Ssenarist son dərəcə mühüm bir diskursu nəzərdən
qaçırıb. Hüseyn Cavidin Şeyx Sənanı
qatı dindardır, islama həddən artıq
bağlıdır, özünü dini ideyaların təbliğinə
həsr edib, eyni zamanda mizoqonikdir, qadınları bütün
fəlakətlərin düşməni sayır. Qısaca desək, Şeyx Sənan ideologiya məhsuludur.
Tamara qarşısında isə o, tərki-silah
olur, qadına sevgisi onun ideoloji dəyərlərini,
baxışını dəyişir. Şeyx
Sənanın kimliyi bir növ yenidən yaranır, o, həyata,
inanclarına dair yenidən dəyərləndirmələr
edir. Bu mənada Cavidin nəzərdə
tutduğu sevgi məişət səviyyəsindən, adi
qadın-kişi münasibətindən uzaqdır, onun yozumunda
sevgi həqiqətə çatmaq, dünyanı,
özünü sevgidən keçərək dərk etməkdir.
Mənə
elə gəlir ki, "Şeyx Sənan" pyesinin ideyası
Apostol Pavelın korinflilərə yazdığı məktubda
daha dəqiq ifadəsini tapır: "Sevgi səbirlidir, mərhəmətlidir,
sevgi həsəd aparmır, xəyanətkar və qürurlu
deyil, sevgi alçaltmır, əsəbləşmir, pislikləri
düşünmür, səhvlərə sevinmir, əksinə,
sevgi həqiqətə sevinir".
Bəs serial müəllifləri bu ideyanı
saxlamağa iddalı ola-ola bizə nəyi və necə təqdim
edirlər?
Başlıca problemlərdən biri hekayənin
sıradan, ənənəvi sevgi dramı kimi çəkilməsidir. Obrazlı desək,
burada təsvir olunan sevgi ilahi yox, yer mənşəlidir.
İlk bölümlərdən başlayaraq ta sonadək
Sənanla Tamaranın sevgisinin fövqəladəliyini,
ilahiliyini əks etdirən materiala yer verilmir. Sevginin dərinliyi
yalnız musiqi həllində (o da sonda titrlər yazılarkən
səslənən mahnıda) əks olunur. Təsvirlər (təsvir rejissoru Elman Əliyev),
dialoqlar, təklif olunmuş vəziyyətlər hind, türk
seriallarındakı situasiyaların estetikasında qurulur.
Misalçün, Sənanla Tamaranın
tanışlıq səhnəsindəki mizan, onların
romantik baxışması, səthi emosional-psixo ovqatı tipik
serial klişesidir. Sonrakı bölümlərdə
sevgidən sözlərdə bəhs olunur və onun dərinliyini
təsdiqləyən vəziyyətlər, sevgi uğrunda həqiqi,
təsirli fədakarlıqlar demək olar ki, baş vermir.
Serialın orta bölümlərinədək
aşiqlər əsasən xəstəxanada, Tamara Sənanın
qolunun sarğısını dəyişəndə epizodik
görüşürlər. Onların
sevgisi yolunda çəkdikləri əzabı göstərən
nələrsə baş verməsə də, niyəsə gənclərin
duyğuları artıq dildən-dilə dolaşır, hadisə
kimi təqdim olunur. Və Sənanla
Tamaranın sevgisinin tarixçəsi olmadığı halda
qız ona "sənə səndən daha çox
inanıram" deyir. Bir epizodda Sənan sevgisini infantil
romantik kimi bəsit əsaslandırır: "Telefon
romantikanı öldürür. Sevgi hicrandan
keçməldir, darıxmalısan sən. Darıxdıqca daha da dərinləşir sevgi.
Əvvəllər niyə vardı ülvi məhəbbət,
dərin sevgi?"
Arxeoloq Sənan qatı dindar yox, sıradan bir müsəlmandır. Və onun dindar kimliyi ötəri
işlənir: yalnız ayrı-ayrı səhnlərdə
iş yoldaşları ona "Şeyx" deyə müraciət
eləyir, o,
Həzrət Əlidən sitat gətirir, arada namaz
qılır. Ona hansı səbəbdən Şeyx deyilməsi
qaranlıq qalır, sufilik xətti işlənmir və
ümumiyyətlə, ekranda dinə idelogiya kimi baxan, çətin
sınaqlarla üzləşən Sənanı yox, məişət
dedi-qodularında, sevgi intriqalarında çırpınan,
funksiyası Zəhra, Hadi və Antonla (Tural Əhməd)
haqq-hesab çürütməkdən ibarət olan Sənanı
görürük.
Son bölümlərdə seriala Sənanın, onun
sevgisinə əngəl törətmək məqsədilə
başıbağlı anası (Kəmalə Mehdiyeva) təşrif
buyuranda, düşünmək olardı ki, nəhayət,
burada dinlə sevginin konfliktini görəcəyik. Amma müəlliflər
burada freydsit motivi əsas götürüblər. Aydınlaşır ki, ananın qəzəbi
oğlunun Tamaraya görə dinini dəyişməsi ilə
bağlı deyil. Onu narahat eləyən
oğlunun fədakarlığı
qarşılığında Tamaranın ona dəyər verməyəcəyi
qorxusudur. Çünki vaxtilə o, sevdiyi
kişiyə görə qurbanlar versə də, dəyərləndirilməyib,
tərk olunub. Yəni burada ideoloji faktor
yox, ananın travmaları önə keçir. Yaxud, atasının Tamara ilə Sənanın
qarşısına sədd çəkməsinin səbəbi
yenə dini, ideoloji qatda yox, şəxsi travma qatında həll
olunur. Çünki çox sevdiyi
arvadı gənc ikən ölüb. Arvadının ətrini
qızından alan ata ailə
quracağı təqdirdə qızını itirməkdən
qorxur.
Bu məqamlar
istər-istəməz bir sual doğurur: sıradan bir müsəlman,
dinini dəyişməkdə tərəddüd keçirməyən
Sənanın xristian qızla evlənməsinin,
xristianlığı qəbul etməsinin nə kimi dramaturji
yükü var, konfliktli məqam nədir, hardadır? Üstəlik, bizim cəmiyyətdə
xristianların müsəlmanla evliliyi, hətta dinini dəyişməsi
kimi hallar kimisə təəccübləndirmir.
Cavidin Sənanı əsər boyu dəyişikliyə
məruz qalırsa, ideyalarından imtina edərək fərqli
dəyərlərə üz tutub başqalaşırsa,
arxeoloq Sənanın şəxsiyyətində, dünyaya
baxışında dəyişiklik baş vermir və bununla
da dramaturgiyanın qanunları pozulur. Çünki arxeoloq Sənanın
dəyişiləsi, uğrunda mübarizə apardığı
ideologiyası, konsepti yoxdur. O, əvvəldən tolerant,
bütün dinlərə hörmət edən edən obraz
kimi təqdim olunur və buna görə də sonda onun dinini dəyişməsi
ağrısız, mənəvi çətinlik olmadan baş
verir.
Əgər
serialda Şeyx Sənan ifrat, kompromissiz dindar (məsələn,
vəhhabi, qatı şiə) kimi göstərilsəydi, onda
onun islamdan imtinası, xristianlığa tapınması maraq
doğurardı və ölkənin maraqlarına qarşı
çıxan radikal dindarların həbs olunduğu dönəmdə
bu, aktual görünərdi. Bu halda serialdakı
kimi süni konfliktlərə də ehtiyac qalmazdı. Çünki konflikt məhz Sənanın daxilində,
özüylə mübarizədə gedəcəkdi və dəyərlərindən
imtinası prosesi də maraqlı təsir
bağışlayacaqdı.
Arxeoloq Sənanın
isə dindar kimliyinin önə çıxmaması və ya
tamamilə mövcud olmaması, sevginin və konfliktlərin səthiliyi
səbəbindən, onun islamdan, Tamaranın xristianlıqdan
imtinası təsirli ola bilmir.
Çünki qəhrəmanları məlum akta gətirən
proses yoxdur. Həm də ona görə ki,
konfliktlər daha çox dedi-qodu səviyyəsində baş
verir. Münaqişələrin bir qismi
Ninanın (Vəfa Zeynalova) söz aparıb gətirməsi sayəsində
baş tutur. Beşinci bölüm isə
Sənanın xəstəxanada yatan Kəbir müəllimi
yoluxmamasının səbəbini axtarmaqdan ibarətdir.
Sənan Əlləz bəzi məqamlarda rolunun öhdəsindən
gəlsə də, əksər hallarda obrazın
energetikasını, daxili emosiyalarını ötürə
bilmir, vəziyyətlərə adekvat emosional-psixoloji oyun
göstərmir və statik oynayır. Ümumiyyətlə,
Sənan Əlləzin baş rola uyğun gəlib-gəlməməsinin
özü bir sualdır.
Serialda ən çox parlayan şübhəsiz ki, Zəhra
rolunun ifaçısı Aygün Fətullayevadır. Hadisələrin
əsas hərəkətverici qüvvəsi də, hadisəni
irəliyə aparan konflikti yaradan da Zəhradır. Aygün Fətullayeva əlindəki materialdan
potensialı, istedadı hesabına düzgün istifadə
edir, saxtalığa yol vermir, obrazın ziddiyyətini, dəyişkən
ruh halını doğru fiziki-emosional ştirxlərlə,
intonasiya ilə çatdırır və demək olar ki,
bütün tərəf müqabilləri ona uduzur. Sevgisində əsl fədakarlığı da məhz
o göstərir, obrazına bəraət verməyi bacarır.
Bununla belə, final bölümlərində
rejissorlar, Zəhranı horror filmlərindəki personajlara
oxşar, zombisayaq işləməsini əsaslandırmırlar.
Məsələ ondadır ki, Zəhra Sənanın
qardaşı olduğunu biləndə günah hissi
keçirir, əzab çəkir. Bütün
bunlardan sonra isə Serqonun (Rauf Şahsuvarov) təsirinə
düşərək onun qəhrəmanları öldürmək
istəməsinin, sonda qəfildən bu fikrindən
daşınmasının yetərli bəraəti yoxdur.
Tamara rolunun ifaçısı Esmiralda Adullayevanın
fakturası audiovzual əsərlər üçün əla
tapıntıdır, aktrisanın duru gözəlliyi xüsusən
seriallar üçün çox yararlıdır.
Hərçənd, "Anamın
kitabı" serialında Esmiralda Abdullayeva təsirli, təbii
oyun göstərsə də, "Şeyx Sənan"da o,
sönük oynayır.
Başqa bir problem mizanlarla bağlıdır. Rejissorlar sanki
uyğun mizanlar düşünməyə çətinlik
çəkiblər. Əksər səhnələrdə
personajların mizanı eynidir. Yaxud, cinayəti
araşdıran polis işçiləri ayaq üstə qəribə
bir rahatlıqla insidentlər haqda fikir mübadiləsi
aparır və onların müzakirəsinə psixoloq
intonasiyası hakimdir. Polis obrazlarına
funksiya düzgün yüklənmədiyindən serialda
detektiv, kriminal temp axsayır. Başqa bir
qüsur da çox səhnələrin iki personajın
dialoqlarıyla qurulmasıdır.
Bu yazıda "Şeyx Sənan" serialı ilə
bağlı tənqidlərimin yalnız bir qismini qeyd etdim.
Klassik əsərlərin müasirləşdirilməsi
dünyada geniş yayılmış fənddir və serial
müəlliflərinin bu yolla getməsi normaldır. Yuxarıda dediyim kimi,
İTV-nin klassik əsərləri
ekranlaşdırmasını təqdir edirəm. İTV
mötəbər qurumdur, proqramları keyfiyyətlidir, kinoya
imkan çərçivəsində dəstək verir. Ona
görə kanaldan yaxşı mənada gözləntilərimiz
çoxdur və buna görə də İTV-yə klassiklərimizin
əsərlərinə daha məsuliyyətlə
yanaşmağı arzulayıram.
Sevda
SULTANOVA
525-ci qəzet.- 2023.- 29 aprel.- S.12;13.