GƏLƏN
KİMİ KİM OLDUĞU GÖRÜNƏN
Tək o
vaxt yox ki, elə sonra da ömrü boyu və əslində elə
o vaxtdan çox əvvəl də -lap ilk gəncliyindən o,
həmişə gələn kimi görünənlərdən
oldu. Fitrətdən parlaq olduğundan bu
işıq görünməyə də bilməzdi. Amma budəfəki görünmək bir başqa
görünmək idi. O, artıq vəzifəcə Azərbaycanın
Birinci adamı idi. Ancaq ona qədər də az
Birincilər olmamışdı. Həmin gün
böyük ölçüdə ilk "üzəçıxdı"sında
onun etdiyini, güman etmirəm ki, daha əvvəlki Birincilərin
hansısa etməyə təşəbbüs göstərəydi.
Onun qəliblərə
sığmazlığı elə ilk böyük
addımlarından hər kəsə aşkar
göründü.
...Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi
seçilməsindən vur-tut üçcə həftə
sonra - 1969-cu il avqustun 5-də onun hansı
miqyasın, hansı gücün sahibi olduğunun ilk
açıq nümayişi idi.
Həmin
gün Mərkəzi Komitənin növbəti plenumu
keçirilirdi və məhz o gün dünənəcən
çox mənada qapalı olan, məhdud dairədə az adamın tanıyıb-eşitdiyi yeni lider
Heydər Əliyevi bütün Azərbaycan və əslində
elə dünya da yaxın məsafədən görüb
tanıyacaq. Respublika rəhbəri kimi 1969-cu ilin 5 avqustunda
etdiyi ilk geniş məruzəsinin mətni avqustun 7-də
Bakı qəzetlərində dərc olununca əks-səda
isti-isti ABŞ-dan, Böyük Britaniyadan gəldisə,
"Nyu-York Tayms", "Morninq star" kimi məşhur
dünya qəzetləri həmin çıxışdan
iqtibaslar gətirməklə məqalələr dərc etdisə,
necə deməyəsən ki, bu, qeyri-adi hadisə idi. O
vaxtacan Sovet İttifaqında yüksək vəzifəyə
yeni təyin olunmuş heç kəs haqqında bircə
çıxışından sonra Qərb mətbuatı bu
cür kütləvi şəkildə və belə aniliklə,
bunca heyrət və eyni zamanda heyranlıqla reaksiya verməmişdi.
İş o yerə gəlib çatmışdı ki,
artıq ömrün ixtiyar çağlarında Heydər
Əliyevin özünün etiraf etdiyi kimi, Baş katib Leonid
Brejnev özü ona zəng vurmuşdu ki, sən neyləmisən,
nə demisən ki, xarici səslər belə danışır?
Nə demişdi, nə etmişdi ki, bunların sovet cəmiyyəti
üçün gözlənilməzliyi öz yerində, hətta
Qərbi də o deyişlərin qəfilliyi səksəndirmişdi?
Azərbaycan KP MK-nın Heydər Əliyevin Birinci katib
olaraq apardığı ilk plenumu Mərkəzi Komitənin
yerləşdiyi binada deyil, Siyasi Maarif Evində
keçirilirdi. Yayın qızmar vaxtıydı, hər
yerdə tətil mövsümü idi, elə rəhbər
partiya və dövlət işçilərinin də əksəriyyəti
məzuniyyətdəydi. Bəlkə də
bu plenumu avqustda deyil, bir qədər gözləyərək
sentyabrın ortalarına doğru keçirmək toplantıda
iştirak etməli olanların hamısının qatıla
bilməsi üçün daha məqsədəuyğun
olardı. Lakin qaynar fəaliyyətə adətkərdə
olan Heydər Əliyevin yeni və son dərəcə məsul
vəzifədə təxirə salmadan deyəcəyi sözləri
vardı, müəyyən mənada fəaliyyət
proqramını, xəttini elan etməyə tələsirdi və
bir ay-ay yarım vaxtı bihudə yerə itirmək istəmirdi.
Hətta bir qismi məzuniyyətdən geri
çağırılsa da, Mərkəzi Komitə üzvlərinin
126-sından 85-ini, üzvlüyə namizədlərin
74-ündən 48-ini, Təftiş Komissiyası üzvlərinin
53-ündən 47-sini yığmaq mümkün olmuşdu.
Plenumun həsr
edildiyi mövzu elə idi ki, mətləbdən çox
aralanmağa, digər vacib məsələlərə
toxunmağa və cavan liderin gəlişinin mahiyyətini,
öz xətti və məqsədlərini ürəyi istəyən
kimi ifadə etməyə sanki elə bir
meydan açmırdı: "Vladimir İliç Leninin anadan
olmasının 100 illiyinə hazırlıq haqqında".
Bu mövzuda plenumlar, büro iclasları və müvafiq
məsul yığıncaqlar, yəqin ki, o vaxt Moskvada da, digər
respublikalarda da keçirilirdi və qarşıdakı aylarda
da keçiriləcəkdi. Çünki irəlidən
gələn 1970-ci ildə sovet bütü Leninin doğumunun
bir əsrlik yubileyi əsl Ümumittifaq təntənəsinə
çevrilməli idi. Heydər Əliyevin
Mərkəzi Komitənin Birinci katibi kimi aparacağı ilk
plenumun məzmunu və gedişi nə təhər
olmalıdır sualının cavabını elə müəyyənləşdirilmiş
mövzu diktə edirdi. Ancaq Heydər
Əliyevin məruzəsində, elə bil ki, Lenin qaldı bir
tərəfdə və həmin plenum dönüb oldu onun
öz proqramını elan etdiyi və həm də adətən
yüksək kürsülərdən haqqında
danışılması Sovet İttifaqında dəb olmayan
ağrılı mətləblərin aləmə faş
edildiyi bir siyasi məclis. Adətən o
dövrdə belə iclaslar rusca aparılardı və məruzənin
mətni də irəlicədən hazırlanardı. Bu bənzəri olmayan məruzənin necə
yaranmasının öz hekayəti var.
Düz 44
il müddətində - 1942-ci ildən ta
1986-cı ilə qədər indiki AZƏRTAC-ın sələfi
olan Azərinforma təcrübəli jurnalist Yefim Qurviç rəhbərlik
etmişdi. Adətən Mərkəzi Komitənin
Birinci katiblərinin müxtəlif məruzələrini də
verilmiş tezislər əsasında siyasi məsələlərdə
də yetərincə səriştəli olan Yefim Qurviç və
onun komandası hazırlardı.
Və bu məruzənin necə ərsəyə gəlməsi
ilə bağlı əhvalatı 1980-ci illərin əvvəllərində
Mərkəzi Komitə katibi Həsən Həsənova o
özü söyləyib. Həsən müəllim
də bütün ayrıntıları ilə mənə
danışdı. Mövzu aydın idi və plenum ərəfəsində
məruzənin hazır mətni təqdim olunur Heydər Əliyevə.
Yefim Qurviç nağıl edirmiş ki, elə
yanımdaca vərəqlədi və soruşdu ki, bu nədir
yazmısınız? Belə xəbər almasından elə zənn etdim ki,
Vladimir İliç Leninlə bağlı tərifli epitetləri
az işlətmişik, ona görə belə deyir, cavab verdim
ki, dahi rəhbərin yubileyi ilə bağlı ənənəvi
mətndir, adətən belə məruzələr sırf
pozitiv ruhda olur, Leninin yaşayan yolunun uğurlu davamından bəhs
edilir. Yefim Qurviç üstündən illər
keçəndən sonra da həmin andakı
yaşadığı şaşqınlığı
unutmurmuş, çünki o, sözünü deyincə Heydər
Əliyev bir qədər kinayəli tərzdə dillənir
ki, bəs həmin yol uğurla davam etmirsə? Yefim
Qurviç düz Mircəfər Bağırovdan bu yana çox Birinci katiblərlə işləmişdi,
bişkin adam idi, amma sualın bu şəkildə qoyuluşu
o qədər gözlənilməz olur ki, özünü
itirir. Bütün bunlar öz etirafıdır.
Heydər Əliyev "Əyləşin" deyir,
başlayır məruzəni təfərrüatı ilə
diktə eləməyə. Qalırdı sadəcə
artıq söylənmiş və köhnə mətni
büsbütün alt-üst edən təzə variantı
yüngülvari redaktə edib makinadan çıxarmaq. Azərinform sədri bunu da yada salırmış ki,
hətta plenum vaxtı həmin özünün diktə etdiyi
və çap olunmuş mətndən də neçə dəfə
kənara çıxdı, ayrı-ayrı tənqidi fikirlərini
inkişaf etdirdi.
...Heydər
Əliyevin avqustun 5-də plenumda 2 saata yaxın müddətdə
etdiyi məruzənin mətni ayın 12-də "Kommunist"
və "Bakinski raboçi" qəzetlərində dərc
ediləcək, həm Azərbaycanda, həm də Azərbaycandan
kənarlarda həmin sensasion sayılan çıxışla
əlaqədar elə onun ilk dinləyicisi olmuş
Qurviçinki kimi həm heyran, həm şaşqın
baxışlar məhz bundan sonra ortaya çıxmağa
başlayacaq.
Həmin hamının oxuya bildiyi mətnsə hələ
Heydər Əliyevin plenumda dediklərinin hamısı deyildi. Qəzetdə mətnin
altında xırdaca hərflərlə bir qeyd də
verilmişdi: "İxtisarla". Əslində
isə mətn sadəcə olaraq ixtisarla deyil, lap çox
ixtisarla buraxılmışdı. Ona görə də həmin
5 avqust günü, plenumun davam etdiyi saatlarda Mərkəzi
Siyasi Maarif Evində Heydər Əliyevi ilk dəfə dinləyənlərin hansı hissləri
yaşadığını, Heydər Əliyevin Azərbaycan
dövlət idarəçiliyinə hansı əzmlə
başladığını aydın təsəvvür etməkçün
gərək məruzənin əslinə baxasan.
O gün
Heydər Əliyevin söylədikləri bir tərəfdən
hamının bildiyi və danışdığı həqiqətlər
idi. Ancaq bütün bunları auditoriyalarda,
insanlar qarşısında söyləmək, belə məsələlər
ətrafında açıq müzakirələr aparmaq vərdişi
yox idi. İnsanlar belə sözləri
ev-eşikdə, kənar qulaqlardan uzaqda danışar,
yaxınlar, simsarlar bütün bunları gündəlik həyatın
ağrıları kimi xısın söhbətlərində
bölüşərdilər. O idarədən ki Heydər
Əliyev Mərkəzi Komitə rəhbərliyinə gəlmişdi,
orada çalışanların vəzifələrindən
biri camaatın öz arasında etdiyi belə söhbətləri
də nəzarətdə saxlamaq, xəlvəti edilən
söhbətləri əsasında da həmin adamlar
haqqında rəy müəyyənləşdirmək idi.
Heydər Əliyev həmin idarəni də, içərisində
yaşadığı cəmiyyəti də yaxşı
tanıyıb-bildiyindən o cür söhbətlərin edilməsinin
deyil, məhz onların üzə çıxmadan adamların
daxilində yığılıb qaldıqca asta-asta kinə, qəzəbə,
narazılıqlara çevrildiyindən də agah idi. Eyni zamanda məhz
Dövlət Təhlükəsizlik Komitəsinin yüksək
peşəkarlarından biri kimi bunu da gözəlcə
anlayırdı ki, nə belə danışıqlar, nə də
belə danışanlar dövlətə təhlükədir.
Söz yox, bu həqiqəti DTK-da xidmətdə
olan bir çox başqa ağıllı əməkdaşlar
da, elə Mərkəzi Komitədə işləyən bəsirətli
adamlar da bilməmiş deyildilər. Ancaq lap
yuxarılardan gələn bir "olmaz" yasağı da
vardı. Kimsə günlərin birində bu
düyünü, nəhayət ki, qırmalı idi.
Və
Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərliyə
elə təxirə salmadan düyünü qırmaqdan
başlayırdı...
Bütün Sovet İttifaqı boyunca da, elə eyni
orqanizmin bir parçası olan Azərbaycanda da korrupsiya
baş alıb gedirdi. Hamı görürdü, bilirdi, lakin kimsə
bu haqda ucadan danışmırdı. Uşağa da bəlli
idi ki, ali məktəblərə qəbullarda
rüşvət, tapşırıq az qala rəsmiləşmiş
nəzarət-keçid məntəqəsi kimidir. Bunun
ucbatından hər il qəbul
imtahanlarında nə qədər qabiliyyətli yeniyetmə
layiq olduğundan daha aşağı qiymətlər alaraq kənarda
qalırdı. Yüksək vəzifə
tutanların alim olmaq azarı da bəlli gerçək idi.
Nazirlər, prokurorlar, raykom katibləri və digər bu qəbil
əliuzun məmurlar "dar günün
yarağıdır" düşüncəsiylə heç
qatını açıb oxumağı özlərinə rəva
bilmədikləri qalın dissertasiyaları "müvəffəqiyyətlə"
müdafiə edir, elmi dərəcələr
qazanırdılar. Bu və buna oxşar nə qədər
mərəzlər ki haçandan bəri Azərbaycan cəmiyyətini
daxildən incidirdi, Heydər Əliyev onlardan
danışırdı.
Burada
oturanların əksəri mötəbər bir
yığıncaqda belə sözlər danışanı
daha əvvəllərdə eşidib-görmüş
olsaydı, bu barədə ləngimədən Dövlət Təhlükəsizlik
Komitəsini xəbərdar etməyə çalışardılar
ki, belə bir adam peyda olub, belə sözlər
danışır, ölçü götürün! İndi matdım-matdım baxırdılar,
karıxmış halda dinləyirdilər və baş verənlərin
niyəsini dərk etməyə
çalışırdılar. Ənənəvi
sovet düşüncəsi ilə, oturuşmuş süst
idarəçilik məntiqi ilə bu suallara cavab tapmaq çətin
idi.
Bu sözləri deyən yalnız əlində yüksək
səlahiyyətlər olan respublika rəhbəri yox, həm də
ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr
etmiş general idi.
Ona
görə də heç cür ağıllarına
sığışdıra bilmirdilər ki, necə ola bilər, belə adam belə sözlər
danışsın. Bunu öz aləmlərində
Moskvadan gələn tapşırıq, yeni başladılan
dövlət siyasəti kimi yozmağa
çalışırdılar. Ancaq bu
mülahizəni də hansısa məntiqə bağlamaq qəliz
idi. Onlar heç, üzü üzlər
görmüş və sovetə qarşı daim ifşaçı
mövqedə dayanan Qərb mətbuatı da bu hadisəyə
- siyasi arenaya çıxan Heydər Əliyev fenomeninin belə
davranışlarına məntiqli izah, sonacan qane edə bilən
cavab tapmaqda aciz qalmışdılar. Sovet
qəzeti nə idi, sovetəyaraşmaz belə sifətləri
qəzet sütunlarına çıxarmaq nə idi? Tərifli
sovet cəmiyyətində bir partiya liderinin açıqca bəyan
etdiyi və indi qəzetdə oxuna bilən bu cür sözləri
o vaxt insanlarımız yalnız gecə saatlarında
"Amerikanın səsi"nin vurulduqca
xışıltılara bürünən qısa
dalğalarından eşidə bilərdilər. Gör iş
nə yerə gəlib çatmışdı ki, 1969-cu il avqustun 12-də "Azadlıq" radiosunun
rus redaksiyası Heydər Əliyevin "Bakinski
raboçi"də dərc edilmiş məruzəsindən
sitat gətirirdi: "Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Birinci katibi Heydər Əliyev respublikanın məsul
vəzifə tutan bir sıra dövlət və partiya xadimlərinin
rüşvətxorluğunu, mənəviyyatsız əməllərini
faş edən məruzə ilə çıxış edib. Əliyev hökm sürən intizamsızlıq və
kommunist əxlaqı ilə uyğun gəlməyən hərəkətlərdən
bəhs edib. O, təqsirkarların ifşa edilməsi və
rüşvətə qurşananlarla mübarizə
aparılmasının zəruriliyindən söz
açıb. Eləcə də Əliyev
bildirib ki, Azərbaycan Sovet Respublikasında məsul dövlət
və partiya vəzifəsi daşıyanların bir çoxu
buna qohumluq münasibətlərinə görə layiq
görülüblər".
Düşmən
radioların əlinə sovet siyasəti və idarəçiliyinin
iç üzünü açan bir dissident düşsəydi,
onun başına fırlanar, dərhal mikrofon
qarşısına çəkərdilər.
Burada isə nə az-nə çox, Kremlin bir respublikaya
rəhbər təyin etdiyi şəxs sovet ideologiyası
baxımından hədyan hesab ediləsi belə
açıq-saçıq ifşalara
başlamışdı.
Necə
mat qalmayaydılar?!
...1969-cu il avqustun 5-i idi. Mərkəzi
Komitənin Plenumu gedirdi. Heydər
Əliyev danışırdı və zaldakıların bir
çoxu narahat-narahat yerində qurcalanırdı. Çünki o qüsurlar ki onlardan yeni rəhbər
bəhs edirdi, buradakıların əksəriyyəti həmin
qəbahətlərdən xali deyildi. O gün plenuma
qatılan 340 nəfərin qarşısında Heydər
Əliyevin söylədiklərinin hər kəsdə
yaratdığı ilk və əsas qənaət o idi ki, bu
gündən Azərbaycanın həyatında
büsbütün yeni dövrün təməli qoyulur və
respublikaya rəhbərliyində ilk qəti addımını
atan bu şəxs özündən əvvəlkilərin
heç birinə oxşamır, indi ortada olanların da
hamısından çox seçiləndir. Plenumun
mövzusu sovet dövlətinin banisi Vladimir Leninin 100 illik
yubileyinə hazırlıq məsələlərinin
müzakirəsi olsa da, "proletariatın dahi rəhbəri"
qalmışdı böyürdə, ən yaxşı halda
vasitəçiyə çevrilmişdi.
Heydər Əliyev sözünü Lenindən
başlayaraq qısa danışır, dərhal keçirdi
haqqında müfəssəl bəhs etdiyi vacib mətləblərə. Deyirdi ki,
respublikanın məktəblərində Leninə həsr
edilmiş yüzlərlə muzey, xüsusi otaq, guşə
yaradılıb. Əlavə edirdi ki,
bütün bunlar yaxşı. Ancaq bəs
məktəbimiz özü mahiyyətcə necə
olmalıdır?
Və istəyini,
baxışını açıqlayırdı:
"Mühümü budur ki, məktəb ümumilikdə nələrə
nail olmalıdır. Bu, tədris-tərbiyə
işini yaxşılaşdırmaq, müəllimlərin
xalq, partiya qarşısında məsuliyyətini
artırmaqdan ibarətdir. Təhsil alan
gənc nəslin tərbiyəsi yalnız əqidəli, mənəvi
cəhətdən saf insanlara etibar edilməlidir. Ancaq təəssüf,
bunu da etiraf etmək lazım gəlir ki, məktəblərin,
texnikumların və ali məktəblərin
müəllimləri arasında natəmiz, bəzənsə cəmiyyətə
zidd şəxslərə də rast gəlinir".
Və
başlamışdı dərinə getməyə, hər il qəbul imtahanları ərəfəsində
Bakıda və Moskvadakı müxtəlif ünvanlara bu sahədə
rüşvətxorluğun olması barədə
yığın-yığın ərizə və şikayətlər
göndərilməsi haqqında danışmağa.
Rüşvət almaq üstündə M.F.Axundov adına
Pedaqoji İnstitutun elmi kommunizm fənnindən dərs deyən
müəllimi, fəlsəfə elmləri namizədi, dosent
R.Seyidovun, baş müəllim B.Əskərovun həbs edilməsindən
acınacaqlı fakt kimi söz açan Heydər Əliyevin
növbəti məlumatı plenum iştirakçılarına
əyan edirdi ki, təzə rəhbər artıq bu sahədə
də sahman yaratmaqçün hərəkətə
keçib. Heydər Əliyevin Birinci katibliyə
başladığı günlər texnikum və ali məktəblərə qəbul
imtahanlarının lap astanası idi. Bu gedişatın
anatomiyasına artıq DTK-dakı təcrübəsindən
yerli-yataqlı bələd olan Heydər Əliyevin ilk göstərişlərindən
biri Mərkəzi Komitənin Büro üzvlərinin onun təlimatlarına
uyğun olaraq rektorlarla görüşməsi idi: "Vəziyyətin
mürəkkəbliyindən narahat olaraq MK Büro üzvləri
qəbul imtahanları ərəfəsində ali
məktəblərin rektorları və partiya təşkilat
katibləri ilə görüşmüş, onların
qarşısına vəzifə qoyulmuşdur ki, abituriyentlərin
nümunəvi seçiminə görə şəxsən məsuliyyət
daşıyırlar və ümid edirik ki, bu iş uğurla
başa çatdırılacaq, ali məktəb rektorları
onlara həvalə edilən vəzifənin öhdəsindən
gələcəklər".
(Bu mübarizə çox sürəcək, Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi sonrakı illərdə
də davam edəcək. Bu, kökünün kəsilməsi qətiyyən
asan olmayan bir ağır xəstəliklə savaş idi.
Anarın 1977-ci ildə yazdığı
"Şəhərin yay günləri" pyesinin bir
ifşaçı xətti də elə qəbul
imtahanlarındakı əyintilərlə bağlı idi.
Mühafizəkar qüvvələr həmin pyesin səhnəyə
gəlişinin yoluna sədd çəkmişdilər, az qala antisovet əsər olduğu təəssüratını
yaratmağa çalışmışdılar. Ancaq Heydər
Əliyev "Şəhərin yay günləri"nə yol
açdı, gəlib tamaşaya baxandan sonra axırda, həmin
gündən etibarən ənənəyə çevirəcəyi
bir hərəkət etdi: səhnəyə qalxdı,
yaradıcı heyəti təbrik etdi və bir müddət
sonra pyesi Dövlət mükafatına da layiq gördü.
Bütün
bunlar baş verəndə 1970-ci illər bitirdi, hələ də
ali məktəblərə qəbullarda
rüşvət də tamam aradan getməmişdi, başqa
oxşar sapmalar da gözə dəyməkdəydi. Elə bircə
bunun özü sovet dönəmində ayrı-ayrı cəmiyyət
bəlalarının rişələrinin nə qədər dərinlərə
işləməsini, hətta Heydər Əliyev kimi qətiyyətli,
iradəli, əzmkar bir şəxsiyyətin belə
apardığı ardıcıl xəttin də o fəsadları
sona qədər yox edə bilməməsini göstərir və
bunun səbəbi də ilk növbədə sistemin
özü ilə bağlı idi. Çünki
sistemlə əlaqədar qüsurlar metastaz vermiş xərçəng
kimidir, onun qarşısını müalicə ilə almaq
olmur, gərək azarla bərabər sistem özü də
gedə).
Plenumun
stenoqramında ara-sıra Heydər Əliyevin nitqindəki
müəyyən kəskin keçidlərdən sonra mötərizədə
zalın o andakı durumunu dəqiqləşdirən bir kəlmə
işlənir: "Zalda canlanma". Ənənəvi,
qəlibləşmiş ifadədir. Bəlkə
həmin anların daha dəqiq ifadəsi "Zalda səksənmə"
olsa idi, daha yerinə düşərdi. Çünki
zalda oturanların neçəsi elə Heydər Əliyevin hədəfə
aldığı bəd keyfiyyətlərin
daşıyıcıları idilər. Heydər
Əliyev gündəlik həyatda adi normaya çevrilmişlərdən,
amma dilə gətirilməyənlərdən
danışırdı: "Mərkəzi Komitəyə və
respublikanın digər
orqanlarına (təbii ki, ilk növbədə daha
çox etibar etdiyi DTK-nı nəzərdə tutur) çoxlu
müraciətlər daxil olur ki, bəzi dövlət idarələrində,
milisdə, məhkəmələrdə, prokurorluqda, ali məktəblərdə,
hətta xəstəxanalarda bu və ya digər məsələnin
həlli üçün müəyyən şirinlik tələb
edilir. Başqa sözlə - rüşvət.
Rüşvət bizim bütün siyasi və
iqtisadi işimizə ciddi ziyan vuran böyük ictimai bəladır.
Təəssüf ki, ayrı-ayrı rəhbər
işçilər onlara tabe olan qurumlarda rüşvətxorluqla
qəti mübarizə apara bilmir, bu mövzuda səmərəsiz
söhbətlərlə məşğul olurlar. Bizim vəzifəmiz
yalnız
günahkarları cəzalandırmaq, inzibati tədbirlər
görməkdən ibarət deyil".
Rüşvətxorluğa
qarşı hamılıqla mübarizəyə
çağıran Heydər Əliyev o gün əslində
müharibə elan edirdi: "Azərbaycan KP Mərkəzi
Komitəsi bu bəla, bu xəcalətverici təmayüllə
amansız mübarizə aparacaq" (Mərkəzi Komitə,
yəni Heydər Əliyev, onun müəyyən etdiyi xətt.
Mərkəzi Komitə də, respublikada
rüşvətxorluq da Heydər Əliyevin Birinci katib
olmasından əvvəl də vardı).
...Plenum
Vladimir Leninin 100 illiyi ilə əlaqədar görülən
və görüləsi işlərə həsr edilmişdi
və məruzəçi yenə qayıdır Leninə. Xatırladır ki, Lenin kadrların
hazırlığı, onların səviyyəli olmasına
diqqətin artırılmasını hər zaman
vurğulayırdı.
Lenindən bu qədər yetər. Bu ipucundan istifadə edib yenə
plenum iştirakçılarının xeylisini hövlləndirən
mövzunu başlayır: "Respublikada elmi kadrların
hazırlanması məsələsindən bəhs etmək
istəyirəm. Bizdə son dövrdə elmin
inkişafını və texniki tərəqqini təmin etməli
olan, intellektual
avanqard sayılan elmlər namizədləri və
elmlər doktorlarının sayı artmaqdadır. Elmlər doktorlarının miqdarı son 4 ildə
286-dan 507-yə qalxıb. Bu, çox
yaxşıdır. Elmlər namizədlərinin
sayı 2678-dən 4515-ə çatıb. Heyrət doğuran rəqəmlərdir. Ancaq bu nisbətlərin nəticə etibarı ilə
yaxşılığı-pisliyi haqqında o halda qəti yəqinlik
hasil etmək olardı ki, bu namizədlik və doktorluq
dissertasiyalarının tələb olunan səviyyədə
yerinə yetirilib-yetirilmədiyini bilək və müəyyən
edək ki, onlar elmə hər hansı töhfə
veribmi".
Gəlir aspirantura məsələsinin üstünə
və bu mövzuya da səbəbsiz toxunmur. Bir tərəfdən
aspiranturada təhsilə diqqətin
artırılmasının vacibliyini, əsl elmi
araşdırmalara, alimliyə aparan yolun ilk növbədə
aspiranturadan keçdiyini önə çəkir və bir
sıra elmə dal qapıdan girənlərin də
aspiranturadan yan keçərək müdafiələr etməsindən
narahatlıq və narazılığını ifadə edir:
"1968-ci ildə aspiranturanı 481 nəfər bitirməli
idi. Onlardan vur-tut 26-sının müdafiəsi
olub və yalnız 160-ı dissertasiyasını təqdim
edib. Ancaq eyni zamanda ötən il
aspiranturada oxumadan bundan iki dəfə yarımdan da çox
adam müdafiə edib. Beləliklə, adamlar
istehsalatda, sənayedə, inşaatda, kənd təsərrüfatında,
nəqliyyatda çalışmaqla təcrübələrini
elmlə zənginləşdirir, dissertasiya müdafiə edirlər.
Ancaq son vaxtlar nazirliklərin və idarələrin, iri sənaye
müəssisələrinin, kənd təsərrüfatı,
nəqliyyat
qurumlarının bir çox rəhbər
işçiləri, eləcə də partiya və sovet təşkilatlarında
rəhbər vəzifə tutanlardan bir çoxları
aspirantura keçmədən dissertasiya müdafiə ediblər".
Heydər Əliyev sadəcə rəqəmləri,
faktları sadalamır, müdafiə edilmiş dissertasiyaların
necə müdafiə edilməsi, hansı səviyyədə
olması məsələsinə də toxunur. Bunları həm də
çekist olan, məlumatlarının qaynaqları yetərincə
geniş Heydər Əliyev söyləyirdisə, demək, əlində
sübutları, dəlilləri vardı: "Etiraf etmək
lazımdır ki, dissertasiya müdafiələri bir çox
hallarda heç də vicdanla gerçəkləşmir. Bir
çox yoldaşlara, yəqin ki, SSRİ ali
və orta ixtisas təhsili naziri Yelyutinin ötən il Azərbaycan
KP MK-sına məktub göndərərək respublikada yerinə
yetirilmiş bəzi dissertasiyaların lazımi nəzəri səviyyədə
olmamasını yazması, məktuba da 182 səhifəlik mənfi
rəylərin əlavə edilməsi məlumdur. Həmin işlərin səviyyəsi haqda o rəylərdən
parçalara diqqət yetirməklə təsəvvür əldə
etmək mümkündür. Məsələn,
yazılır ki, işin heç bir elmi və praktik əhəmiyyəti
yoxdur. Yaxud başqa bir ifadə: "Müəllifin bir
sıra mülahizələri onun bisavadlığını
göstərir. İş sıravi müəllim
məruzələri səviyyəsində yazılıb".
Heydər
Əliyev vətənpərvər bir insan kimi belə həqarətli
qiymətverməni ən əvvəl Azərbaycana
qarşı hörmətsizlik kimi qavradığını
gizlətmir: "Görürəm ki, təəccüblənirsiniz.
Həqiqətən də, elmi dərəcə
almaq üçün təqdim edilmiş dissertasiyaya bu cür
çox məhvedici qiymətin verilməsi təəccüblüdür.
Elmi müəssisələrin rəhbərləri
hara baxır? Niyə elmi-tədqiqat institutlarının,
ali məktəblərin, akademiyanın və
digər qurumların rəhbərləri prinsipsizlik
nümayiş etdirirlər? Niyə onlar belə
ciddi nöqsanlı işləri buraxırlar? Axı buna elmdə yol vermək olmaz,
yoldaşlar!"
Və gəlir
zaldakıların bir çoxunun, onların ardınca da sabah bu plenumda deyilmişlərin
sorağını alanların canına vəlvələ
salacaq mətləb üzərinə: "Bəzi rəhbər
işçilər ki, ola bilsin, onların çoxu bəlkə
də buradadırlar, rəhbər vəzifəyə yüksələn
kimi daha çox dissertasiya haqqında düşünməyə
başlayırlar. Elə adamlar var ki, tutduğu
vəzifədə namizədlik dissertasiyasını müdafiə
etməyə imkan tapır, ardınca da fəal şəkildə
doktorluq dissertasiyasına doğru addımlamağa
başlayır".
Və bu stenoqramın həmin cümlələrindəndir
ki, mötərizədə "Zalda hərəkətlənmə"
yazılıb.
Növbəti cümlələrsə o narahat hərəkətlənməni,
yəqin ki, soyuq tərlə əvəz edir: "Rəhbər
işçilər arasından olan dissertantların
hazırladıqları dissertasiyaları həqiqətən
özləri hazırlamış olsalar, bu, ya dissertasiyaya zərər
vuracaq, ya da onların əsas işinə. Adətənsə
bu, daha çox onların əsas işinə ziyandır.
Çünki onlar dissertasiyaya daha artıq diqqət
ayırırlar. Ona görə də belə
yoldaşlara açıq deyirəm: ikisindən birini
seçin - ya dissertasiya, ya da sizə həvalə edilmiş əsas
vəzifənizdəki işiniz. Açıq
danışaq, belə yoldaşların çoxu
dissertasiyanı heç özləri də yazmırlar, bu
işə institutlardan alimləri cəlb edirlər. Həmin alimlər də bu qəbil dissertasiyaları
hazırlayarkən adətən şəxsi maraq güdürlər.
Bütün bunlarsa nəticə etibarı ilə
kadrlarımızın çürüməsinə, dəyərsizləşməsinə
gətirib çıxarır.
Qoy yoldaşlarda elə güman yaranmasın ki, biz elmin əleyhinəyik. Qətiyyən yox! Biz elmin inkişafının tərəfdarıyıq.
Partiya, sovet, təsərrüfat işçilərinin də
arasında istedadlı, vergili insanlara rast gəlinər ki, rəhbər
vəzifə tuta-tuta elmlə də məşğul ola bilərlər. Ancaq bu,
istisnalar təşkil edər".
Və iti
sözlü, istənilən gərgin məqamda da yumor hissini
qeyb etməyən Heydər Əliyev bu ağır söhbəti
də incə zarafatla yekunlaşdırır: "Amma öz
aramızdır, bu sahədə istisnanı da rəhbər vəzifə
tutub dissertasiya yazmayanlar təşkil edir".
Yəni təxminən
ucdantutma hamısı y
azır
(və yaxud yazdırır).
Heydər
Əliyev sözünü zarafatla bitirir, amma hər kəs də
gözəlcə dərk edir ki, bu gün söylənən mətləblərlə
bundan sonra daha zarafat etmək olmaz!
...1979-cu ilin 18 noyabrında Sovet İttifaqının ən oxunan və ən sevilən qəzetlərindən olan "Literaturnaya qazeta"da dərc edilən, sərlövhəsinə dahi Nizami Gəncəvinin misrası çıxarılmış intervü Azərbaycanda sevinc, iftixar duyğusu doğurmaqla yanaşı, SSRİ-nin də ən müxtəlif guşələrində görünməmiş həssaslıqla qarşılandı. Bizdə o müsahibəyə belə münasibətin olması anlaşılan idi - qəzet əməkdaşının müsahibi Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev idi. Bəs İttifaqın ən müxtəlif səmtlərindən Moskvaya, redaksiyaya məhz bu yazı ilə bağlı məktubların göndərilməsinin səbəbi nə idi? Hələ adamların bir-birinə və qəzet-jurnallara məktublar yollamaq vərdişi yerindəydi, sevimli "Litqazeta"ya da adətən az yazmırdılar. Ancaq budəfəki reaksiyanın "görünməmiş"liyi onda idi ki, məktublar tək-tək yox, axın-axın gəlirdi.
Və bu yaddaşını da mənimlə həmin məqalə dərc edilən çağda Mərkəzi Komitənin ideologiya üzrə katibi işləyən Həsən Həsənov bölüşüb. Deyir, "Literaturnaya qazeta"nın baş redaktoru Aleksandr Çakovski zəng vurdu ki, Həsən, o müsahibə bizi işə salıb. Nə aşağıdakılara dinclik verir, nə yuxarıdakılara. Məktublar dənə-dənə yox, kisələrlə gəlir. İstəyirsiniz göndərək sizə. Həsən müəllim soruşur ki, axı bir başa sal, nə məsələdir, nə yazırlar o məktublarda, nə istəyirlər?
"Nə istəyəcəklər?! Rusiyanın ən müxtəlif regionlarından yazırlar ki, ya Əliyevi göndərin buraları da düzəltsin, ya da bizə o cür bir rəhbər təyin edin".
Həsən müəllim bunu da söyləyir ki, həmin intervü əslində 1969-cu ildə Heydər Əliyevin Mərkəzi Komitənin Birinci katibi seçiləndən sonra keçirdiyi ilk plenumun 10 illiyinə həsr edilmişdi. Azərbaycana rəhbərliyinin 10 ili tamam olanda ona Sosialist Əməyi Qəhrəmanı adı verildi, üstündən bir qədər keçəndən sonra da "Literaturnaya qazeta"dan gəldilər ki, 10 il qabaqkı plenumun izi ilə bir söhbət edək. Heydər Əliyev də respublikanı idarə etməyə başladığı ilk dövrdə atdığı əvvəlinci əsas addımlar nə olmuşdu, hansı qəlibləri sındırmışdı və indiyədək də o xətti necə davam etdirir, hansı işləri görür kimi məsələlərdən danışmışdı. SSRİ böyük olsa da, dərdlər, ağrılar, sıxıntılar, həyatın ayağından dartan əngəllər eyni idi və bu üst-üstə qalaqlanan çətinliklər o yekəlikdə SSRİ-ni edirdi hamının müştərək qayğıları yaşadığı balaca ortaq məkan. Ömründə-günündə yenilik, işıq görməyi diləyənlərsə bu müsahibədə ümid işartıları sezmişdilər, ona görə başlamışdılar ürəklərini "Literaturnaya qazeta"ya yönəltdikləri məktublara boşaltmağa. Hələ insanların məktublar yazmaqla da hansısa canayatan dəyişikliklərə nail olacaqlarına inandıqları, əslində hərdən elə nail də olduqları əyyamlar idi...
Ancaq bu əhvalatda diqqətəlayiq olan əsas məqam budur ki, Azərbaycanda sağaldılmasına hələ 10 ildən də öncə başlanılmış nə qədər ictimai kəm-kəsir Sovet İttifaqının dörd bucağında həllinə heç cəhd edilməmiş müşküllər kimi hələ də qalırdı və zavallı insanlar da bu dərdlərə əncam çəkəcək Ağ Atlı Oğlan intizarındaydılar...
...O sözləri ki Heydər Əliyev o gün - 1969-cu ilin 5 avqustunda, Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyə başladığı yolun əvvəlində deyirdi, o danışan zamanın indiki ucalığından baxaraq gördüyümüz, nəhəngliyi onillər ötdükcə bütün misilsizliyi ilə aşkara çıxacaq Böyük Heydər Əliyev deyildi.
Hansı qüdrətin sahibi olduğu hələ insanlara görsənməmiş, cəmi-cümlətanı 22 gün əvvəl hakimiyyətə gəlmiş cavan bir insan idi.
Ancaq elə o vaxt da Böyük imiş!
Həmin yığıncağa dəvətlilərin hamısı iclasa gələndə özgə bir Heydər Əliyevi görmüşdü. Bir neçə saat keçincə, toplantı sona çatanda onların gördüyü tamam fərqli Heydər Əliyev idi. Dağılışırdılar, hər birinin içərisi suallarla dolu idi. Ancaq bir cavab hamısına aydın idi: məhz bu gün bu insanla Azərbaycanda ayrı bir tarix başlanır!..
27 aprel, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 29 aprel.- S.10-11.