Heydər Əliyev və Azərbaycan Milli
Elmlər Akademiyası
Dünya
miqyasında elmin inkişafında Zaman faktoru həmişə
mühüm amillərdən biri olmuşdur. Ona görə
də uzaqgörən dövlət xadimləri, böyük
mütəfəkkirlər və maarifçilər öz fəaliyyətlərində
elm faktorundan yaradıcı şəkildə istifadə
etmişlər. Azərbaycan xalqının Ümummilli
lideri, görkəmli dövlət xadimi Heydər Əliyev
özünün çoxillik dövlətçilik fəaliyyətində
elm amilinə böyük önəm vermiş, rəhbərlik
etdiyi ölkəni və xalqı irəliyə doğru
inkişaf etdirmək üçün elmi ideyalardan istifadə
olunmasına xüsusi diqqət yetirmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev
siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə
elm faktorundan geniş şəkildə
faydalanmışdır. Bu məqsədlə o, ilk növbədə
elmin inkişaf etdirilməsinə ardıcıl surətdə
qayğı göstərmiş, alimləri cəmiyyət həyatının
diqqət mərkəzinə çəkmiş və
onların elmi ideyalarından və cəmiyyətdəki
nüfuzundan istifadə etməklə prosesləri irəliyə
doğru istiqamətləndirmişdir. Ümummilli liderin
siyasi hakimiyyətinin başlanğıc mərhələsində,
2 noyabr 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik
yubileyi mərasimində iştirakı və Azərbaycan
dilində çıxış etməsi ümumiyyətlə
elmə və təhsilə, xüsusən
xalqımızın mənəvi təkamülündə
mühüm rol oynamış bu böyük ali təhsil
ocağının alimlərinə və müəllimlərinə
xüsusi diqqət və ehtiramın ifadəsi idi. O, Azərbaycan
Sovet Respublikasında rəhbərlik edərkən bu qənaətə
gəlmişdir ki, ölkədə uzun illər ərzində
dözümlü münasibət bəslənilmiş
iqtisadi-mədəni geriliyin aradan qaldırılmasının,
bu sahədə əsaslı dönüşə və
dirçəlişə nail olmağın əsas yolları və
vasitələrindən biri də elmin bütün sahələr
üzrə gedən proseslərə daha fəal və məqsədyönlü
şəkildə müdaxilə etməsinin və təsir
göstərməsinin təmin edilməsi ilə üzvü
surətdə əlaqədardır. Ona görə
də respublikanı mövcud gerilikdən xilas etmək və
ölkəni yeni inkişaf mərhələsinə
çatdırmaq məqsədilə elm sahəsində kök
salmış ətaləti aradan qaldırmaq istiqamətində
kompleks tədbirlər həyata keçirmişdir.
Heydər
Əliyev ilk növbədə Azərbaycan SSR Elmlər
Akademiyasının 25 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan KP MK Bürosunun 30 dekabr 1969-cu il tarixli
qərarında bu elmi qurumun əsas vəzifələri
sırasında respublikanın təbii sərvətlərinin
öyrənilməsi və onlardan səmərəli
şəkildə istifadə olunması, neft, kimya sənayesi və
kənd təsərrüfatının inkişafı ilə
bağlı məsələlərin həll edilməsi
üzrə tədqiqatların aparılması ön mövqeyə
çəkilmişdir. Həmçinin Heydər Əliyevin sədrlik
etdiyi həmin Büro iclasında Elmlər Akademiyasının
ölkənin sənaye potensialının gücləndirilməsinə
daha səmərəli şəkildə kömək etməsini
təşkil etmək məqsədi ilə Akademiya Rəyasət
Heyətinin "Yer haqqında elmlər bölməsinin
bazasında iki bölmənin: texniki elmlər və neft,
geologiya və coğrafiya elmləri bölmələrinin
yaradılması haqqında" qərar qəbul
edilmişdir. Azərbaycan KP MK-nın 24 iyun 1970-ci il tarixli qərarı
ilə Azərbaycan SSR EA-nın tərkibindəki Aşqarlar
Kimyası İnstitutunun maddi-texniki bazasının
yaxşılaşdırılmasına dair tədbirlərin
müəyyənləşdirilməsi və MK Bürosunun 20
iyun 1972-ci il tarixdə Akademiyanın Neft-Kimya Prosesləri
İnstitutunun Sumqayıt filialının
laboratoriyalarının bazasında Ağır Üzvü
Sintez Kompleks Elmi Tədqiqat və layihələndirmə
İnstitutunun yaradılması haqqındakı qərarları
əsasən aqrar region kimi qəbul edilmiş respublikada
başlanmış genişmiqyaslı sənayeləşdirmə
proqramının uğurla həyata keçirilməsinə
hesablanmış məqsədyönlü tədbirlər idi.
Azərbaycan Sovet Respublikasının rəhbəri Heydər
Əliyev haqlı olaraq geniş miqyasda ölkədə
iqtisadiyyatı hərtərəfli surətdə inkişaf
etdirmək üçün iqtisad elmi sahəsində zəruri
islahatların aparılmasını təxirəsalınmaz vəzifələrdən
biri hesab etmişdir. Bu məqsədlə Plan Komitəsində, Elmlər
Akademiyasında və digər nazirliklərin tabeliyində olan
iqtisadiyyat institutlarının fəaliyyəti əsaslı
şəkildə yoxlanılaraq Mərkəzi Komitənin
Bürosunda dərindən təhlil edilmiş və həmin
elmi müəssisələrin işini dövrün tələbləri
səviyyəsinə qaldırmaq üçün təsirli qərarlar
qəbul edilmişdir. Bu münasibətlə MK Bürosunun 9
oktyabr 1973-cü il tarixdə
keçirilmiş xüsusi iclasında iqtisadiyyat
institutlarındakı mövcud vəziyyət
aşağıdakı kimi təsbit edilmişdir:
"İqtisadiyyat institutları planlaşdırma
orqanlarına xalq təsərrüfatının
inkişafında perspektiv istiqamətlərin elmi əsaslandırılması
və proqnozlaşdırılması, istehsal
imkanlarının səmərəli şəkildə istifadəsi
və yerləşdirilməsi üzrə təklif və
tövsiyələrin verilməsinə lazımi dəstək
göstərmir... Respublikanın iqtisadiyyat
institutlarının fəaliyyətindəki
çatışmazlıqlar onların işində lazımi
koordinasiyanın olmaması, tədqiqatların pərakəndə
və paralel şəkildə aparılması ilə əlaqədardır".
Heydər Əliyevin prinsipial mövqeyi ilə qəbul
edilmiş kompleks xarakterli qərarlar yalnız iqtisadiyyat
institutlarının deyil, bütövlükdə respublika
iqtisadiyyatının elmi əsaslar üzərində
qurulmasına geniş meydan açmışdır. Mərkəzi Komitənin qəbul
etdiyi qərardakı aşağıdakı müddəalar nəinki
öz dövrü, aradan yarım əsr vaxt keçməsinə
baxmayaraq, hazırkı dövlət müstəqilliyi
dövrünün iqtisad elmi üçün də əhəmiyyətlidir:
"İqtisadiyyat institutlarının rəhbərliklərdən
tələb edilsin ki, respublikanın ümumi
istehsalının səmərəliliyini artırılması
ilə bağlı olan aktual problemlərin həllinə
xüsusi diqqət yetirsinlər. İnstitutların heyətlərinin
səylərini xalq təsərrüfatı strukturunun bərpası
və təkmilləşdirilməsi, uzunmüddətli optimal
planlaşdırma problemlərinin həlli, təbii və əmək
resurslarının istifadəsi, istehsal güclərinin yerləşdirilməsi,
sənaye və kənd təsərrüfatı
istehsalının intensifikasiyası, xalq təsərrüfatının
idarə edilməsində iqtisadi metodların təkmilləşdirilməsi
üzrə vacib məsələlərin həllinə yönəltsinlər".
Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi və
iradəsi ilə Azərbaycanda iqtisadiyyat tarixi ənənələr
və iqtisad elminin təhlilləri və
proqnozlaşdırmaları üsulu ilə idarə
olunmuşdur.
Elmlər Akademiyası və Plan Komitəsinin
iqtisadiyyat institutlarının alimləri bütün sahələr
üzrə Dövlət proqramlarının əsas müəllifləri
və iştirakçıları sırasında yer
almışlar. Elm faktoru Heydər
Əliyevin sürətli və hərtərəfli iqtisadi
marafonunun əsaslarını təşkil etmişdir. Ona görə də Sovet Azərbaycanı Heydər
Əliyevin çoxəsrlik iqtisadi ənənələrə
və iqtisad elminin nailiyyətlərinə əsaslanan
iqtisadiyyat platforması vasitəsilə qısa müddət ərzində
geridə qalmış aqrar respublikadan inkişaf etmiş
iqtisadiyyata malik olan bir ölkəyə çevrilmişdir.
Azərbaycan
Sovet Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər
Əliyev Azərbaycan elminin, Elmlər Akademiyasının
dünya elminin ən aktual, problemlərinin öyrənilməsinə
doğru istiqamətləndirilməsi sahəsində konkret
addımlar atmış, bununla da respublika alimlərinin beynəlxalq
miqyasda gedən elmi proseslərdən xəbərdar
olmalarına və müasir problemlər üzrə tədqiqatlar
aparmalarına ciddi fikir vermişdir. Məsələn, Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK
və Nazirlər Sovetinin "Molekulyar biologiya və molekulyar
genetikanın inkişafının sürətləndirilməsi
və nailiyyətlərindən xalq təsərrüfatında
istifadə edilməsi tədbirləri haqqında"kı 1
avqust 1974-cü il tarixdə qəbul etdiyi
qərar əsasında Qərb ölkələrində ön
mövqeyə çıxmış bu yeni elmi istiqamətin
respublikada da elmi əsasları yaradılmışdır. Həmin məqsədlə Azərbaycan EA Fizika
İnstitutundakı Biofizika laboratoriyasının nəzdində
Molekulyar biologiya molekulyar genetika sektoru yaradılmış və
ən müasir maddi-texniki baza ilə təchiz edilmişdir.
Bu yolla müstəqillik dövründə Elmlər
Akademiyasında fəaliyyətə başlayan Biofizika və
Molekulyar Biologiya və Biotexnologiyalar institutları
üçün münbit elmi zəmin
hazırlanmışdır.
Yaxud Azərbaycan
KP MK və Nazirlər Sovetinin 25 mart 1978-ci il
tarixdə qəbul etdiyi "Azərbaycan SSR Elmlər
Akademiyasında təbii resursların, kosmik tədqiqatlar sahəsində
işlərin daha da inkişaf etdirilməsi
haqqında"kı qərarı ilə radio-texnika elminin
inkişafına dəstək verilmiş və
respublikamızda radiofiziki cihazqayırma üzrə bir
çox sənaye sahələri yaradılmışdır. Bundan başqa, Dövlət proqrammı əsasında
1980-ci ildə EA-nın məxfi qriflə işləyən
"Kaspi" Elmi Mərkəzinin Təcrübə Zavodu yenidən
qurularaq, istehsal həcmi bir neçə dəfə
artırılmışdır. Eyni zamanda,
Naxçıvan Muxtar Respublikasında "Kaspi" Elmi Mərkəzinin
Xüsusi Konstruktor Bürosu açılmış, burada elm
yönlü olunmuşdur.
Beləliklə, Heydər Əliyev epoxasında sosializm
quruluşu şəraitində Xüsusi Konstruktor Bürosu
adı ilə kapitalizm cəmiyyəti üçün səciyyəvi
olan özəl elmi müəssisələr
yaradılmışdır. Belə elm-istehsalat
birlikləri keçmiş SSRİ-də yalnız Ukrayna və
Azərbaycan Elmlər Akademiyalarında səmərəli
şəkildə fəaliyyətlərini davam etdirmişlər.
Azərbaycan KP MK Bürosunun Heydər Əliyevin sədrliyi ilə
keçirilmiş 23 yanvar 1976-cı il tarixli iclasında
"Azərbaycan SSR Elmlər Akademiyasının elmi-tədqiqatlarının
səmərəliliyinin artırılması və onların
nəticələrinin milli iqtisadiyyatda tətbiqi üzrə
işlərin genişləndirilməsi haqqında"
xüsusi bir məsələ müzakirə edərək
konkret qərarları qəbul etməsi ilə Akademiya elmi
mühiti üçün ənənəvi hesab edilməyən
özəl elmi fəaliyyət dövlət səviyyəsində
dəstəklənmişdir. Bütün bunlar isə hərbi-sənaye
məhsulları istehsal isə öz növbəsində Azərbaycanda
sovet hakimiyyəti illərində Kosmik Tədqiqatlar
İnstitutunun, müstəqillik illərində isə Azərkosmos
kimi müasir elm-istehsalat mərkəzinin yaradılması ilə
nəticələnmişdir. Həmçinin
Beynəlxalq Astronavtika Federasiyasının XXIV Qurultayın
1974-cü ildə Akademiyanın bazasında keçirilməsi
də Azərbaycanın kosmik tədqiqatlar ölkəsinə
çevrilməsinə öz töhfəsini vermişdir.
Yaxud da "Seysmologiya sahəsində elmi tədqiqatların
daha da inkişaf etdirilməsi və zəlzələ
proqnozlaşdırma xidmətinin təşkil edilməsi
haqqında 7 aprel 1978-ci il tarixli qərardan
sonra əsasən təcrübi xarakterli məlumat bürosu
kimi fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət
Mərkəzinin elmi fəaliyyətinin də təşkil
edilməsi Heydər Əliyev epoxasının mühüm
nailiyyətlərindəndir. Eynilə də
Sumqayıt şəhərində 1976-cı ildə Atom
nüvəsinin spektokimyası üzrə XXVI Qurultayın
keçirilməsi, yüksək enerjili fizikanın aktual
problemlərinə həsr olunmuş seminarın təşkili
respublikamızda dünya elmində yeni meydana
çıxmış elm sahələrinin yaradılmasına
və inkişaf etdirilməsinə böyük təkan
vermişdir. Beləliklə, Azərbaycanda
Heydər Əliyev dövrünün yeni tipli kimya, fizika,
riyaziyyat məktəbləri formalaşmışdır.
Heydər Əliyev epoxasında Humanitar və İctimai
Elmlər sahəsində də Elmlər Akademiyasında
genişmiqyaslı tədbirlər həyata
keçirilmişdir. Heydər Əliyevin Azərbaycan Sovet
Respublikasına rəhbərlik etdiyi illər ölkə
elminin intibah dövrü hesab olunur. Bu
dövrdə Heydər Əliyevin uğrunda mübarizə
apardığı azərbaycançılıq siyasətinin
həyata keçirilməsində ədəbiyyat və incəsənət
xadimləri ilə yanaşı, elm adamları da, Akademiya əməkdaşları
da yaxından iştirak etmişlər. Respublika
rəhbərinin "Azərbaycanda tarix və mədəniyyət
abidələrinin SSRİ-nin əsas muzeyləri vasitəsilə
təbliğ edilməsinin
yaxşılaşdırılması tədbirləri
haqqında" (1969), "Respublikada toponimiya tədqiqatlarının
inkişaf etdirilməsi haqqında" (1972), görkəmli Azərbaycan
yazıçı və şairlərinin yubileyləri
haqqındakı sərəncamları akademik elmin azərbaycançılıq
istiqamətində səfərbər olmasına şərait
yaratmışdır.
Nizami Gəncəvi
və İmaməddin Nəsiminin yubileylərinin keçirilməsi,
əsərlərinin tədqiqi, nəşri, tərcümə
olunması və təbliğ edilməsi haqqında qərarların
qəbul edilməsi, habelə ədəbiyyat, incəsənət
və elm sahəsində ən yaxşı əsərlərə
görə Dövlət mükafatlarının verilməsi
ölkədə böyük canlanmaya şərait
yaratmışdır. ən yaxşı
Nizamişünaslıq əsərləri və İmaməddin
Nəsimi haqqında fundamental tədqiqatlar bu illərdə
meydana çıxmışdır. Akademik Ziya
Bünyadovun milli dövlətçilik tariximizə, Atabəylər
dövlətinə, müxtəlif müəlliflərin
Şirvanşahlar, Səfəvilər dövlətlərinə
həsr edilmiş sanballı monoqrafiyalar həmin dövrün
qiymətli elmi nəticələrindəndir. Nəriman Nərimanovun
anadan olmasının 100 illik yubileyinin Kremlin diktə etdiyi sadəcə
yazıçı və dramaturq kimi deyil, görkəmli
dövlət xadimi səviyyəsində qeyd edilməsinə və Bakı şəhərində əzəmətli
heykəlini ucalmağa nail olması proseslərində Elmlər
Akademiyasının müxtəlif elmi-tədqiqat
institutlarında çalışan alimlər də
yaxından iştirak etmişlər. Ölkə
miqyasında dövlət başçısı Heydər
Əliyev tərəfindən respublikada yaradılmış
sağlam azərbaycançı mühit, ümummilli
ideyaların və fəaliyyətlərin dövlət tərəfindən
dəstəklənməsi Elmlər Akademiyasında humanitar və
ictimai elmlər sahəsində bir sıra elmi məktəblərin
yaradılmasına səbəb olmuşdur. Dövrün
xüsusiyyətlərindən irəli gələn bəzi
ideoloji cizgilərinin də nəzərə çarpmasına
baxmayaraq, XX əsrin 70-80-ci illərində Azərbaycanda
akademik Həsən Abdullayevin
yarımkeçiricilər fizikası məktəbi,
akademik Firudin Köçərlinin
fəlsəfə məktəbi, akademik Məmməd Cəfər
Cəfərovun ədəbiyyat nəzəriyyəsi məktəbi,
akademik Ziya Bünyadovun şərqşünaslıq - mətnşünaslıq
məktəbi, müxbir üzv Kərim Kərimovun sənətşünaslıq
məktəbi, hətta müxbir üzv Xudu Məmmədovun
humanitar yönlü kristalloqrafiya məktəbi, Həsən
Əliyevin - Pəndaq Pəndaqov
coğrafiya məktəbi Heydər Əliyev epoxasının
möhtəşəm elmi nailiyyətləridir. Heydər Əliyevin iradəsi ilə 1978-ci ildə
Azərbaycan dilinin respublikamızın konstitusiyasına
dövlət dili daxil edilməsi dilçilik elminin
inkişafına böyük təkan vermiş, bir sıra
sanballı dilçilik tədqiqatları bu dövrdə
meydana çıxmışdır. Akademik Məmməd
ağa Şirəliyevin dialektoloji məktəbi və
ümumittifaq Türkologiya Komitəsinin orqanı olan
"Sovetskaya türkologiya" jurnalının Bakıda-Elmlər
Akademiyasında çap olunması, habelə Azərbaycan
Dövlət Universitetinin
tanınmış dilçi alimlərinə
çoxcildlik "Müasir Azərbaycan dili" dərsliyinə
görə Dövlət mükafatlarının verilməsi məhz
respublikanın rəhbəri, Siyasi Büronun üzvü Heydər
Əliyevin düşünülmüş və məqsədyönlü
fəaliyyətinin, möhkəm iradəsinin və
böyük nüfuzunun sayəsində mümkün
olmuşdur.
Azərbaycan
Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin
müstəqil şəkildə həyata keçirilməsində
görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan
mühüm xidmətdir. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə
"Xarici ölkələrdə elmi-texniki nailiyyətlərin
mübadiləsinin genişləndirilməsi haqqında" 25
sentyabr 1973-cü il tarixində çıxarılmış qərarın
icrasını təmin etmək məqsədi ilə bir il
sonra rəsmi olaraq Elmlər Akademiyasında xarici əlaqələr
şöbəsinin yaradılmasına icazə verilmişdir. Bununla da, Azərbaycan Elmlər Akademiyasının
xarici əlaqələri təşkil etmək
baxımından SSRİ Elmlər Akademiyasından
asılılığı aradan
qaldırılmışdır.
Nəhayət,
sovet hakimiyyəti illərində, 1975-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının yaradılmasının 30
illik yubileyinin dövlət səviyyəsində qeyd
olunması Heydər Əliyev epoxasının elmə və
Akademiyaya yüksək münasibətinin əyani təzahürüdür.
O zaman məhz
ölkə rəhbəri Heydər Əliyevin yüksək
diqqəti və qayğısı ilə Azərbaycan Elmlər
Akademiyası dövrün ən yüksək
mükafatlarından olan "Xalqlar dostluğu" ordeni ilə
təltif olunmuş, Keçici Qırmızı Bayrağa
layiq görülmüşdür. Azərbaycan Sovet
Respublikasının başçısı Heydər
Əliyevin təntənəli yubiley mərasimindəki dərin
məzmunlu nitqi Akademiyanın fəaliyyətinin qiymətləndirilməsi ilə
bərabər, həm də istiqamətləndirilməsi
baxımından mühüm əhəmiyyətə malikdir.
Son illərdə Azərbaycan Elmlər Akademiyası xüsusilə
geniş, çoxcəhətli fəaliyyət göstərir,
elmi axtarışların yeni və ən yeni istiqamətlərini
yaradıb inkişaf edir, tətbiqi tədqiqatları əsaslı
tədqiqatlarla ahəngdar şəkildə əlaqələndirir,
qardaş respublikaların elmi kollektivləri ilə getdikcə
daha sıx qarşılıqlı əlaqə saxlayır. Tədqiqatların nəzəri səviyyəsi,
onların xalq təsərrüfatı üçün əməli
səmərəsi xeyli artmış, elmin kompleks
planlaşdırılması və təşkili
yaxşılaşdırılmış, alimlərə tələbkarlıq
yüksəldilmişdir.
Ölkəmizdə elmi işçilərin əməyi
şərəflidir, onlara ehtiram göstərilir. Odur ki, bizim hər
bir tədqiqatçı qarşısında yüksək tələblər
qoymağa haqqımız vardır. Respublikanın
qarşısında duran böyük vəzifələr elmin
təşkili, onun idarə edilməsi, quruluşunu təkmilləşdirilməsi
sahəsində ciddi iş aparmağı, elmi tədqiqatların
praktikanın təsərrüfat və mədəniyyət
quruculuğunun ehtiyaclarına maksimum yaxınlaşdırmaq
üçün onların planlaşdırılmasını
yaxşılaşdırmağı tələb edir".
Göründüyü
kimi, Heydər Əliyev Azərbaycan Sovet Respublikasına rəhbərlik
etdiyi 1969-1982-ci illərdə ölkə elmi, o cümlədən
də, Elmlər Akademiyası bütün istiqamətlər üzrə hərtərəfli
şəkildə inkişaf
etmişdir. Bu inkişaf xətti Akademiyanın
üzvlərinin elm sahəsində səmərəli fəaliyyətləri
ilə seçilən alimlərin hesabına daha da genişləndirilməsində
və alimlərin xidmətlərini dövlət səviyyəsində
də özünü göstərmişdir. Belə ki,
Heydər Əliyevin qayğısı sayəsində 1982-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının tərkibi 2 fəxri üzv, 54 həqiqi
üzv və 70 müxbir üzv olmaqla 126
çatdırılmışdır ki, bu da 1969-cu ilin göstəriciləri
ilə müqayisədə 2 dəfə çox idi. SSRİ
Elmlər Akademiyasının prezidenti, akademik
M.V.Keldışın və Gürcüstan SSR EA-nın
prezidenti, akademik N.İ.Musxeleşvilinin Azərbaycan Elmlər
Akademiyasının fəxri üzvi seçilmələri
Akademiyanın nüfuzunun artırılmasına əhəmiyyətli
dərəcədə müsbət təsir göstərmişdir.
Eyni zamanda Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan KP
MK-nın təqdimatı əsasında Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Mustafa bəy
Topçubaşovun 1975-ci ildə Sosialist Əməyi qəhrəmanı
kimi o dövrün ən yüksək mükafatını
alması, görkəmli elm xadimlərinə fəxri
adların verilməsi, onların orden və medallarla təltif
olunması elm adamlarına dövlətin yüksək
ehtiramını ifadə etmişdir. Beləliklə, Azərbaycan
elminin və Elmlər Akademiyasının gələcək vəzifələrinin
müəyyənləşdirilməsində görkəmli
dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin
birinci dövründə qəbul etdiyi tarixi qərarlar, irəli
sürdüyü ideyalar, həyata keçirdiyi islahatlar
uzunmüddətli proqram rolunu oynamışdır. Cəmiyyət
həyatının digər sahələrində olduğu
kimi, uzaqgörən dövlət xadimi Heydər Əliyev Azərbaycan
elminin və
Elmlər Akademiyasını da dövlət müstəqilliyinə
doğru hazırlamışdır. XX əsrin 8-ci illərində
Azərbaycanda milli azadlıq ideyalarının
yayılmasında və dövlət müstəqilliyi
uğrunda mübarizədə Azərbaycan alimlərinin və Elmlər Akademiyası əməkdaşlarının
fəal iştirakı bunun əyani nümunəsidir.
Müstəqillik
dövründə Azərbaycan Respublikasına ikinci rəhbərliyi
dövründə də görkəmli dövlət xadimi Heydər
Əliyev ölkə elmini və Elmlər
Akademiyasını xalqın və
dövlətimizin mənafelərinə uyğun şəkildə
inkişaf etdirmək istiqamətində əhəmiyyətli tədbirlər
həyata keçirmişdir. İlk növbədə
Ulu öndər Elmlər Akademiyasını keçid
dövrünün mürəkkəb böhran mərhələsinin
çətinliklərindən xilas etmişdir. Elmlər
Akademiyasında 21 sentyabr 1993-cü il tarixində Azərbaycan
ziyalıları ilə keçirilmiş yığıncaqda
O, Akademiyanın tarixi roluna və əhəmiyyətinə
yüksək qiymət verməklə bərabər, çətin
şəraitdə bu akademik qurumun qorunub saxlanılması və
inkişaf etdirilməsi zərurətini cəmiyyətin diqqət
mərkəzinə çəkmişdir. Heydər Əliyevin qətiyyətlə səsləndirdiyi
"hansı iqtisadiyyat olursa olsun, elm inkişaf etməlidir.
Elmlər Akademiyası xalqın tarixi nailiyyətidir... Əmin
ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət
göstərəcəklər, biz buna imkan
yaradacağıq" - müddəaları əslində
artıq ləğv ediləcəyi haqqında bəyanatların
səsləndiyi məsuliyyətli bir məqamda Akademiyanın xilas edilməsi
missiyasını həyata keçirmişdir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 31 yanvar 1997-ci
ildə Elmlər Akademiyasının rəhbər heyəti və
respublikanın aparıcı alimləri ilə görüşdə
yeni tarixi şəraitdə ölkə elminin vəziyyəti
və vəzifələrini müzakirə etmişdir.
Görüşdə Elmlər Akademiyasının statusunun
müəyyən edilməsi, ölkə elminin müstəqil
dövlət quruculuğuna xidmət göstərməsi, alimlərin
cəmiyyət qarşısındakı mövqeyi, onların maddi
vəziyyətinin
yaxşılaşdırılması kimi zəruri
və aktual məsələlər ətrafında
açıq söhbət aparılmışdır. Nəticədə Elmlər Akademiyasının rəhbər
heyəti yeniləşdirilmiş, Akademiyada yeni islahatlara
başlanılmışdır. Bundan sonra Heydər Əliyevin
imzaladığı 15 may 2001-ci il tarixli Fərmanla Akademiyaya
Milli Elmlər Akademiyası statusu verilməsi ilə Azərbaycan
elminin keçmiş sovet ideologiyasının təsirlərindən
ayrılaraq xalqımızın milli maraqlarına və
ölkəmizin dövlətçilik mənafelərinə
xidmət etmək vəzifəsinə istiqamətləndirilməsi məsələsi
rəsmi şəkildə həll edilmişdir. Sonrakı
illərdə Azərbaycan Milli Elmlər Akademiyası dünya
ölkələrinin akademik elmi qurumları və universitetləri
ilə bərabərhüquqlu şəraitdə əməkdaşlıq
müqavilələri imzalamış, öz işini dünya
elmi ilə inteqrasiya şəraitində müstəqil
dövlətimizin maraqları əsasında qurmuşdur.
Uzun illərdən sonra Akademiyanın tərkibini genişləndirmək məqsədi ilə 29-30 iyun 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ən böyük seçki keçirilərək, bu akademik elmi təşkilatlara 27 həqiqi üzv, 88 müxbir üzv seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında"kı 7 avqust 2002-ci il tarixli Sərəncamı əsasında muxtar respublikada Akademiyanın yeni elmi bölməsinin və elmi tədqiqat institutlarının yaradılması ilə ölkə elminin üfüqləri daha da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü ildə Milli Elmlər Akademiyasının statusu və nizamnaməsi haqqında sərəncamlar imzalayaraq, Akademiyanın yeni formasını və vəzifələrini müəyyən etməsi ilə ölkə elmini müasir tarixi mərhələyə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının müstəqillik dövrünün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atmışdır.
Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinin AMEA-nın tabeliyinə verilməsi və Milli Ensiklopediya üçün ən müasir tələblərə cavab verən Ensiklopediya Kompleksinin istifadəyə verilməsi, "Milli" statusu verilməklə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Azərbaycan Tarixi Muzeyinin əsaslı şəkildə yenidən qurulması, Mərkəzi Elmi Kitabxana üçün hər cür maddi-texniki imkanları olan müasir tipli binanın istifadə üçün təqdim olunması, Şamaxı Astro-fizika Rəsədxanasının yenidən qurulması Akademiyanın həyatında İlham Əliyev erasının reallıqlarıdır. Regionlarda elmin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildə Lənkəran Elmi Mərkəzinin, 2010-cu ildə Gəncə Elmi Bölməsinin yaradılması və fəaliyyətinin təşkili yeni tarixi mərhələnin mühüm hadisələridir. Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması, 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın qəbul edilməsi, 11 dekabr 2014-cü ildə AMEA-nın yeni Nizamnaməsinin təsdiq olunması, Akademiyada struktur islahatların aparılması, 2016-cı ildə Yüksək Texnologiyalar Parkının yaradılması AMEA-nın XXI əsr salnaməsində mühüm yer tutan tarixi addımlardır. Elm, təhsil, mədəniyyət və islahatlar sahəsində elmin qarşılıqlı inteqrasiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı əsasında Azərbaycan elmi və Akademiyası yenidən təşkilatlanma istiqamətində islahatlar dövrünü yaşamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan elmi və Milli Elmlər Akademiyası ilə əlaqədar ifadə etdiyi aşağıdakı fikirlər müstəqillik epoxasında ölkəmizdə elmin qarşısında duran məsul vəzifələrə işıq salır: "Mən çox istəyərəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır.
Bu gün biz iqtisadiyyatımızın yeni modeli haqqında düşünürük. Çox istərdim ki, alimlərimiz bu işlərdə fəal iştirak etsinlər".
Göründüyü kimi, Azərbaycan elmi və Milli Elmlər Akademiyasının formalaşması və inkişafı yollarında Heydər Əliyev-İlham Əliyev epoxası xüsusi tarixi mərhələ təşkil edir. Milli Elmlər Akademiyası bu tarixi epoxanın böyük ideallarının işığında daha parlaq inkişafa doğru inamla yol getməkdə davam edir.
22 aprel 2023-cü il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin
deputatı, akademik,
525-ci qəzet.- 2023.- 29 aprel.- S.8-9.