Zəlilərlə müalicə haqqında sanballı nəşr
Tanınmış həkim-kardioloq, akupunktura
və zəlilərlə
müalicə üzrə
təcrübəli mütəxəssis
Şahmar Məmmədovun
"Hirudoterapiya" adlı
kitabının yeni nəşri işıq üzü görüb. Hirudoterapiya (zəlilərlə
müalicə) ilə
bağlı respublikamızda,
Azərbaycan dilində
ilk genişhəcmli elmi əsər olan bu kitab,
müəllifin uzun illər əldə etdiyi tibbi təcrübələr
və çalışdığı
sahədə qazandığı
biliklər əsasında
yazılıb. Aydın
təsvirlər, rəngli
şəkillər verilərək
nəfis formada tərtib olunmuş kitabda tarixən zəlidən istifadə və hirudoterapiya elmi haqqında son illərdə əldə edilən mühüm yeniliklər haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda, müəllif zəli istifadə olunan xəstəliklərin
klinikasını, zəli
qoyulan nahiyələrin
yerini, aparılan seansların sayını kitabda mümkün dəqiqliklə göstərir.
Mövzuya dair ədəbiyyat siyahısı
da ayrıca təqdim edilən nəşrdə istər Bexterev xəstəliyi, xroniki fiziki yorğunluq sindromu, yemək borusu xəstəlikləri, istərsə
də "yazı spazması", Reyno xəstəliyi, miqren, oynaq xəstəlikləri,
impotensiya və digər hallarda hirudoterapiyanın tətbiqi
haqqında ətraflı
məlumat verilib.
"Kitabı hazırlamaqda məqsəd"
adlı giriş yazısında müəllif
bu əsəri hazırlayarkən xarici ölkələrin çox
sayda tibbi ədəbiyyatına (türk,
rus, alman dillərində) və özünün, təxminən,
40 illik tibbi təcrübəsinə istinad
etdiyini diqqətə çatdırır. Ş.Məmmədov
yazır ki, hirudoterapiya son zamanlar Avropa, Asiya, Amerika ölkələrində geniş
yayılıb və uğurla tətbiq olunmaqdadır. Bu elm alternativ təbabət növü kimi tanınıb, geniş müalicə imkanları ilə naturopatiyanın digər sahələrindən fərqlənir.
Alimlər zəlinin ağız suyu ifrazatının fiziki, biokimyəvi xassələrini
öyrənərək çox
sayda maraqlı,
faydalı yeniliklər
ortaya çıxarırlar.
Hirudoterapiya haqqında
əksər elmi əsərlərin, demək
olar ki, son 25 il ərzində
meydana gəldiyini qeyd edən Ş.Məmmədov daha sonra yazır: "Ancaq təəssüf ki, yazılanların çoxu ümumi xarakter daşıyan, müxtəlif fikirlər yürütməklə orta
səviyyədə yazılmış
əsərlərdir. Bu
müəlliflərin, demək
olar ki, əksəriyyəti bioloq,
fizioloq, fitoterapevt, psixoloq və naturopatiyanın digər bölmələri ilə
məşğul olanlardır.
Yazılan kitablarda informasiyaların təqdimatında
qeyri-dəqiqliyə yol
verilir və bəzən bu yanlış fikirlər oxucunu çaşdırır.
Məsələn, bəzi
müəlliflər yazırlar
ki, hər bir zəli qan
sovurma zamanı yaradan 15-20 ml qan götürür. Əlbəttə, bu rəqəm xeyli şişirdilmişdir. Digər
bir misal: bəziləri yazırlar ki, zəli bədəndə
bioloji aktiv nöqtələri tapmaq qabiliyyətinə malik olub, özü orqanizmin balansını təmin edir. Bu, tamamilə səhv fikirdir. Əsl həqiqətdə
zəli termo və kimyəvi reseptorları ilə isti, nazik dəri
səthini, yaxın qan kapilyarlarını axtarır ki, oradan qidalansın. Bəzi müəlliflər
zəlinin həyat tərzini, çoxalmasını,
davranışını, zəli
müalicəsi aparılan
xəstəliyin klinik
təzahürünü və
formasını aydın
yazsa da, müalicə taktikasına
çatdıqda sanki dəqiq bir şey deməyib, ümumi sözlərlə
ötüşürlər.
Əyani olaraq
zəli müalicəsinin
metodu və üslubu göstərilmir.
Elmi əsərlərdə
bir çox sahələr - nevrologiya, revmatologiya çox az işıqlandırılıb.
Bu sahələri yazmaqda mənə təcrübəm və akupunktura sahəsindəki
biliklərim kömək
etdi. Təqdim etdiyim bu kitabda
çalışmışam ki, zəli qoyulan
nahiyə və nöqtələrin yeri mümkün qədər dəqiq və aydın göstərilsin".
Ş.Məmmədov belə bir vacib
məqamı da vurğulayır ki, kitabdakı məlumatlardan
istifadə etdikdə müalicə aparan həkim, heç şübhəsiz, hər
xəstəyə fərdi
yanaşmalıır.
Müəllifin akupunktura və hirudoterapiya ilə məşğul olan tələbələrinə ithaf
etdiyi kitabın elmi redaktoru tibb elmləri doktoru, professor S.Mahmudova, nəşriyyat redaktoru S.Ağababayeva, nəşrdəki fotoların
müəllifi A.Həsənovdur.
Qeyd edək ki, Şahmar Hüseynalı oğlu Məmmədov 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 12 il Rusiyanın qabaqcıl klinikalarında həkim-kardioloq işləyib. 1990-cı ildən isə Azərbaycana qayıdaraq Bakıda çalışmağa başlayıb. Dəfələrlə Rusiya və Azərbaycan mətbuatında akupunkturaya aid elmi məqalələri və tapıntıları ilə çıxış etmiş Ş.Məmmədov Moskva Hirudoterapevtlər Alyansının üzvüdür. Respublikamızda akupunktura və hirudoterapiya üzrə çalışan 80-ə yaxın həkim onun rəhbərliyi altında hazırlanıb. Onun 2014-cü ildə nəşr etdirdiyi "Akupunktura" kitabı da tibb ictimaiyyəti tərəfindən maraq və rəğbətlə qarşılanıb.
525-ci
qəzet.- 2023.- 5 avqust.- S.16.