Qlobal çağırışlara
uyğunlaşmada Azərbaycan
modeli
ÖLKƏDƏ RƏQƏMSAL
İQTİSADİYYATIN VƏ YENİ TEXNOLOGİYALARIN
İNKİŞAFI ÜÇÜN ƏLVERİŞLİ
İNFRASTRUKTUR FORMALAŞDIRILIR
Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı
sərhədlərin diferensiallaşmasını
əhatə və ehtiva edir. Bu,
süni intellekt, robototexnika, əşyaların
interneti, 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyaların gündəlik
həyatımıza və
sənayeyə inteqrasiyası
şəklində özünü
büruzə verir. Azərbaycan qlobal çağırışlara, eləcə
də ən yeni tendensiyalara adekvat cavab verən
və post-pandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində maraqlı
olan ölkədir. Bu baxımdan ölkədə rəqəmsal
iqtisadiyyatın və
yeni texnologiyaların inkişafı üçün
əlverişli infrastrukturun,
o cümlədən, Dördüncü
Sənaye İnqilabının
standartlarına uyğun
şəraitin formalaşdırılması
istiqamətində bir
sıra işlər görülür.
Azərbaycan Respublikası Təhsil İnstututunun Metodik Dəstək və Peşəkar İnkişaf
Mərkəzinin Əlaqələndirmə
şöbəsinin əməkdaşı
Səbinə Balayevanın
dediyinə görə,
artan texnoloji yeniliklər, əmək bazarının tələbləri
yüksək kompetensiyalı
şəxslərin formalaşdırılması
zərurətini meydana
çıxarır. Bu
istiqamətdə ümumtəhsil
məktəblərinin qarşısında
duran prioritet məsələ şagirdlərin
həyata hazırlanmasıdır.
Bunun üçün
elm, texnika, texnologiya və istehsalatın inkişaf səviyyəsi və ümumtəhsil məktəblərində
öyrədilən fənlərin
tədris səviyyəsi
bir-biri ilə vəhdət təşkil
etməlidir. Müasir
dövrdə elmi-texniki
tərəqqinin inkişafı
ilə əlaqədar
olaraq istehsalın bütün sahələrinə,
eləcə də təhsil sahələrinə
yeni-yeni texnologiyalar tətbiq olunur ki, bunların da hər biri
təhsil səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Buna görə də XXI əsr bacarıqlarının necə
əhəmiyyətli olduğu
məsələsi aktuallaşır:
"Qeyd olunan önəmli bacarıqlar şagirdlərin gələcəkdə
uğurlu karyera qurmasına zəmin yaradacaq. Burada müəllimin şagirdlərin
öyrənmə ehtiyaclarına
uyğun şəkildə
təlim prosesini təşkil etməsi məqsədəuyğun hesab
edilə bilər".
O bildirib ki,
dərsin məqsədinə
çatmaq üçün
səmərəli təlim
metodlarının seçilməsi
uzun müddət müzakirə və araşdırma mövzusu olub. Mövzu ilə bağlı bir sıra araşdırmalar
mövcuddur. Bu araşdırmalardan biri məşhur Amerika pedaqoqu və Oqayo Universitetinin professoru Edqar Deylin seçilən fəaliyyətlər əsasında
əldə olunan bacarıqlarla qavramanın
faiz göstəricisi əks olunan "təlim piramidası"dır:
"1946-cı ildə tədqiqat
nəticəsində Edqar
Deyl "Təlimin audiovizual metodu" adlı kitabını nəşr etdirir və bu kitabında
qavramanın üsullarını,
materialın yadda saxlanılmasının faiz
nisbətini təqdim edir. Tədqiqat zamanı eyni bilik şagirdlərə müxtəlif formalarda təqdim edilir və qavrama səviyyəsi təhlil edilir. Təlim konusuna baxanda bir çox sualların cavablarını
tapmaq mümkündür.
Cədvələ diqqətlə
baxdıqda görünür
ki, insanın qavrama və yadda saxlaması yüksək olduqda mücərrəd təfəkkürü
daha da yüksək
olur. Lakin bu o demək deyil ki, mücərrəd
təfəkkürü aşağı
olan insanlar heç bir bacarığa malik olmurlar. Sadəcə, həyati bacarıqların
yüksəlməsi üçün
qavrama və yadda saxlamanı yüksəltmək, beləliklə
də, təfəkkürün
digər növlərini
- məntiqi,
tənqidi və yaradıcı təfəkkürü
inkişaf etdirmək lazımdır. Uzunmüddətli
araşdırmada göstərilir
ki, şagirdlər informasiyanı oxumaq və dinləməklə
materialın 10 faizini qavrayırlar və onlarda sadalamaq, təsvir etmək, izah etmək kimi bacarıqlar formalaşır ki, bu da aşağı
təfəkkür səviyyəsinin
bacarıqlarından bir
neçəsidir. Oxumaq
və dinləməklə
yanaşı, şagirdlərin
öyrənəcəyi materiala
vizual materiallar əlavə olunarsa, qavramanın faizi 20 faiz təşkil edəcək. Bununla yanaşı, şagird oxuma, dinləmə, görmə və eşitmə fəaliyyətlərini
eyni zamanda icra edərsə, bu zaman qavrama
30 faiz təşkil edəcək. Əgər şagirdlər hər hansı bir informasiyanı izləməklə
qəbul edirlərsə,
bu zaman qavrama 50 faiz təşkil edəcək.
Sadaladığımız bu
bacarıqlar hər biri aşağı təfəkkür səviyyəsini
əhatə edir. Şagirdlərdə təhliletmə,
dəyərləndirmə və
yaratma kimi bacarıqların formalaşması
üçün onları
hər hansı müzakirələrə cəlb
etmək, özlərini
ifadə edə bilmələri üçün
hər hansı araşdırma aparmağa
və onu təqdim etməyə imkan yaratmaq lazımdır. Bu zaman onlarda qavrama
faizi 70 faiz şəklində özünü
göstərəcək. Şagirdlər
hər hansı mövzunu digər şagirdə öyrədirlərsə,
bu halda qavrama faizi 90 faiz təşkil edəcək ki, bu da onlarda
ən yüksək qavrama faizi göstəricisidir.
Bu araşdırmaya əsaslanaraq pedaqoqlar sadalanan bacarıqları özündə ehtiva edən təlim metodları təklif və tətbiq etməyə başladılar.
Deməli, biz şagirdlərimizdə bir
sıra yuxarı təfəkkür səviyyəsinin
bacarıqlarını müşahidə
etmək istəyiriksə,
onları müxtəlif
mövzularda araşdırma,
layihə, təqdimatlar
hazırlama, müzakirə
və debatlar kimi fəaliyyətlərə
cəlb etməliyik".
Səbinə Balayevanın sözlərinə
əsasən, tədris
prosesində 2 əsas
yanaşma var: müəllimyönümlü və
şagirdyönümlü təlim
metodu. Müəllimyönümlü
yanaşmada müəllim
şagirdə informasiyanı
hazır şəkildə
ötürür, dərs
daha çox məruzə şəklində,
təlimatların verilməsi
yolu ilə keçirilir. Müəllimyönümlü
yanaşmada şagirdlərin
nəyi nə qədər və necə öyrənəcəkləri
müəllim tərəfindən
müəyyənləşdirilir. Belə dərslərdə
şagirdin hər addımı müəllimin
müəyyənləşdirdiyi şəkildə olur. Bir sözlə, şagirdlər müəllimin
verdiyi informasiya ilə sərhədlənirlər.
Müəllim mövzunu
özünün dərk
etdiyi şəkildə
şagirdlərə çatdırır
və onlara araşdırma inkanı yaratmır. Müəllim informasiyanı hazır şəkildə ötürən
əsas bilik mənbəyi, şagirdlər
passiv şəkildə
informasiyanı qəbul
edən tərəfdir.
Qiymətləndirmə yekunlaşdırıcı
xarakter daşıyır,
yəni təlim nailiyyətlərinin ölçülməsinə
yönəlmişdir. Müəllimyönümlü
dərsdə, adətən,
şagirdlər dinləyən
tərəf olduğu
üçün müəllimin
izahı bitməyənə
qədər informasiyanı
müzakirə etmir, sual vermirlər. Bu zaman tam
sakitlik olsa da, qarşılıqlı
öyrənmə şəraitinin
yaradılmaması şagirdlərin
əməkdaşlıq bacarıqlarının
formalaşmaması, ünsiyyət
bacarıqlarından istifadə
etməmələri ilə
nəticələnir. Bu
model şagirdlərdə
özlərini ifadə
etmək, müzakirə
aparmaq, müstəqil
öyrənmə bacarığını
formalaşdırmağa şərait
yaratmır: "Şagirdyönümlü
yanaşmada isə fərqlidir, şagirdlər
passiv dinləyici deyillər, onlar təlim prosesində fəaldırlar. Bu zaman "şagird fəaldır" dedikdə
şagirdin dərsdə
yalnız fiziki və ya emosional
fəallığı yox,
eyni zamanda, idraki fəallığı
nəzərdə tutulur.
Bu modeldə müəllimin əsas rolu materialın anlaşılması üçün
şagirdi yönəltməkdən,
ona yaxından kömək etməkdən,
bir sözlə, şagirdə materialı hazır şəkildə
verməkdən yox, öyrənməyin yollarını
öyrətməkdən ibarətdir.
Şagirdyönümlü təlim
şagirdlərin təfəkkürünün,
həyati və bir sıra sosial
bacarıqlarının formalaşmasına,
özlərini daha düzgün şəkildə
ifadə etmələrinə
də şərait yaradır. Şagirdin qarşısına informasiyanı
araşdırma, təhliletmə,
arqument gətirmə,
konflikt həlletmə,
vaxtın səmərəli
idarə olunması, fikrini əsaslandırma kimi mühüm fəaliyyətlərin icrası
çıxır ki, bunlar da öz
növbəsində onlarda
müəyyən bacarıq
və vərdişlərin
formalaşmasına xidmət
edir. Şagirdlər əldə etdikləri bilikləri tətbiq edərək inkişaf etdirir və bu da bacarığa
çevrilir. Bu yanaşmada əsas məqsəd idraki fəallıq və təfəkkürün inkişafına
yönəlik olmasıdır.
Buna görə də müstəqil öyrənmə bacarıqlarının
şagirdlərdə formalaşmasına
şərait yaradılmalıdır.
Əslində, hər
iki yanaşmanın özünəməxsus üstün
cəhətləri olsa
da, müəllim təlim prosesində bu yanaşmalardan məqsədli şəkildə
istifadə etməli, hətta lazım gələrsə, sintez etməyi bacarmalıdır.
Bu prosesdə də fasilitasiyanın rolu mühüm əhəmiyyətə malikdir.
Bilirik ki, fasilitator təlim prosesini idarə edən şəxsdir. Fasilitator qərar vermir, lakin səmərəli
qərar verməyə,
təhlil və qiymətləndirmə aprarmağa
istiqamət göstərir.
Fasilitasiya düzgün
şəkildə təşkil
olunarsa, uğurlu nəticə əldə etmək mümkündür.
Müəllimin bu prosesdəki əsas rolu şagirdə dəstək göstərməsi,
onu düşünməyə,
idraki fəallığa
yönəltməkdən ibarətdir
ki, bu zaman müəllim materialı hazır şəkildə təqdim
etməməli, əksinə,
şagirdlərə öyrənmənin
yollarını öyrətməlidir.
Bu fəaliyyətlərin
tətbiqi zamanı şagirdlərdə yüksək
təfəkkür bacarıqlarını
formalaşdırmaq üçün
ən səmərəli
metod şagirdyönümlü
təlim metodudur".
Bəs hansı
modellər vasitəsilə
bu bacarıqları təlim prosesində reallaşdırmaq olar? Səbinə Balayevanın
söylədiyinə görə,
şagirdyönümlü təlim
öyrənənlərin yeni
bilik və bacarıqlara yiyələnməsindən
ibarətdir. Bu məqsədlə müəllimlər
təlim iştirakçılarına
müxtəlif təlim
metodları və üslubları haqqında
təlimat verməklə
onları ən uyğun strategiyanı seçməyə yönəltməlidirlər.
Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim şagirdlərdə yalnız
bilik formalaşdırmır,
eyni zamanda, onların potensial və qabiliyyətlərinə
uyğun bacarıqlar formalaşdırır ki, bu da şagirdlərin
həm peşə seçimini asanlaşdırır,
həm də bir çox həyati bacarıqlara yiyələnmələrinə şərait yaradır. Hazırkı dövrdə
şagirdyönümlü təlim
bir sıra modellər şəklində
özünü büruzə
verir: "Layihəəsaslı
öyrənmə - şagirdlərin
müəyyən vaxt
ərzində araşdırma
aparmaqla, daha çətin sual va problemə cavab axtarmaqla bilik və bacarıq
əldə etdiyi təlim modelidir. Bu model şagirdlərin
real həyat problemləri ilə öyrənmə prosesinə
aktiv cəlb olunmasını təmin etməklə onlarda idraki inkişafa şərait yaradır.
Layihəəsaslı öyrənmə modelində
şagirdlər mövcud
bilik və bacarıqlarından istifadə
etməklə yanaşı,
proses boyu yeni bilik və
bacarıqlar qazanırlar.
Bu model şagirdlərdə XXI əsr
bacarıqlarını - tənqidi
təfəkkür, yaradıcılıq,
əməkdaşlıq, ünsiyyət
bacarıqları və
sair formalaşdırır.
Probleməsaslı öyrənmə şagirdlərin
real problemlər zamanı konsepsiya və prinsipləri dərk edərək həll üçün nəticə əldə etməsindən ibarətdir.
Probleməsaslı öyrənmədə
faktlar və informasiyanın təkcə
təqdimatı aparılmır,
onlarda tənqidi, yaradıcı təfəkkür,
ünsiyyət və əməkdaşlıq bacarıqları
ilə yanaşı, müstəqil öyrənmə,
problem həlletmə bacarıqları da formalaşır. Bu təlim metodu bütün fənlərdə
və istənilən
öyrənmə situasiyasında
istifadə edilə bilər. Burada problemin müəyyən edilməsi müəllimdən
yaradıcı yanaşma
tələb edir. Oyuna əsaslanan öyrənmə müəyyən
oyun prinsiplərinin əsas götürülərək
şagirdləri cəlb
etmək üçün
onların bilik və bacarıqlarının
real həyat parametrlərinə tətbiqi
deməkdir. Müasir dövrdə şagirdlər
daha çox əyanilik, dinamiklik sevdikləri üçün
onları müxtəlif
oyunlarla təlimə cəlb etmək daha uğurlu addımdır. Oyuna əsaslanan öyrənmədə
iştirak edən şagirdlərdə motivasiya
daha yüksək olduğundan təlim materialları ilə dinamik şəkildə məşğul olmağa
imkan verir. Araşdırmaəsaslı təlim
modeli şagirddə tədqiqatçı münasibətin
formalaşması kimi
mühüm bacarıqların
inkişafı ilə
yanaşı, konseptual
ardıcıllıqla biliklərə
yiyələnmək üçün
imkanlar yaradır".
Sevinc QARAYEVA
525-ci
qəzet.- 2023.- 5 avqust.- S.15.