Sənət adam
"- Gedim, çay gətirim...
- Gətir də. Səhərdən yüz dəfə "preduprejdat"
eləmisən".
- Bu, hansı tamaşadan idi?
- Əli Əmirlinin "Bala, başa bəla" tamaşasından
İzzət Nəfislinin
yoldaşına dediyi replika...
Məkan
- Fəxri xiyaban. Heykəllərin arasındayam.
Sağım-solum heykəlləşən
ömürlərdir, daha
doğrusu, Azərbaycan
xalqının fəxri
olan şəxsiyyətlər.
Bəziləri vaxtilə
müsahibim olub, bəziləri isə araşdırdığım mövzuların
baş qəhrəmanı.
Qəribədir, onların
arasında dolandıqca
pıçıltılarını eşidirəm, real həyatda
izlədiyim üz ifadələrini görürəm,
əsərlərindən fraqmentləri
xatırlayıram.
Bugünkü müsahibim də
sənət çəkisi,
yaradıcılıq sanbalı
ilə bu heykəllərdən fərqlənmir.
Xalq artisti, tanınmış teatr və kino aktyoru, rejissor, pedaqoq Cahangir Novruzovu deyirəm.
Yaxşı xatirimdədir, onunla
ilk görüşümüz illər öncə evində baş tutmuşdu:
- Cahangir müəllim,
"Sələflər və
xələflər" layihəsinin
müəllifiyəm. Sizi
də bu layihədə görmək
istərdik.
- Buyurun, gəlin.
Bura qızının evidir. İllər öncə məskunlaşdığı Türkiyədən
hər səfər Bakıya gələndə
burada yerləşir. Qonaq otağının bir neçə yerindən rəhmətlik
aktrisamız Nəsibə
Zeynalovanın təbəssümlü
fotoları boylanır.
Cahangir müəllim fotolara diqqət kəsildiyimi görüb gülümsünür:
- Qızım Nəsibə
son illər məndən
çox olurdu nənəsinin yanında...
- Cahangir müəllim, sizcə, yaxşı övlad olmaq çətindir, ya yaxşı valideyn?
- Hmm. Əslində ikisi də böyük məsuliyyətdir. Amma adlı-sanlı
nəslin xələfi
olmaq daha çətindir... Çalışmalısan,
həm onlara layiq olasan, həm
də özünü
doğrulda biləsən.
Bir də ki, Nəsibə
xanım gülüş
ustası olsa da, xaraktercə zəhmli və tələbkar qadın idi axı.
Oturub fikirləşirəm, Cahangir
Novruzovun nə maraqlı taleyi var. Hər mərhələsi
sənət qoxulu... Uşaqlıqdan hamının
efirdən tanıdığı
sənətkarların çevrəsi,
şeir, sənət,
musiqi aləmi. Atası kamança ifaçısı Mütəllim
Novruov, anası xalqın sevimlisi Nəsibə Zeynalova... Hələ üzünü
görmədiyi, amma adını daşıdığı
babası Cahangir Zeynalovu demirəm. Yadıma gəlir, illər öncə verilişə müsahibə
verəndə danışmışdı
ki, Azərbaycan professional teatrının
yaradıcısı və
realist teatr məktəbinin
banisi olub babası. Dövrünün
varlı-hallı insanlarından
olan Cahangir Zeynalov xeyriyyəçiliklə
məşğul imiş.
Çoxotaqlı mülkünün
böyük zalında
teatr səhnəsi qurubmuş. Deyilənə
görə, məşqləri
qəsdən nahar vaxtına salırmış
ki, kasıb aktyorlar onun evində doyunca yesinlər. Üstəlik, Azərbaycan
teatr tarixində ilk dəfə həmin aktyorlara öz cibinin pulu ilə
məvacib verərmiş.
Babası haqda bu faktları isə Cahangir Novruzova həmin hadisələrin şahidi
olan Məhəmməd
Əlili danışırmış...
Deməyim o ki, belə
bir ailədə görüb-götürən Cahangir
Novruzov başqa cür ola bilməzdi. Özü də mən bu məqamda
nə yaradıcılığı,
nə qazanılan nailiyyətləri qəsd
edirəm. Söhbət
şəxsiyyətin bütövlüyündən
gedir. Məsuliyyətli,
sözünə sadiq
və ciddi xarakterli şəxsiyyətdir
Cahangir müəllim.
Bir epizodu xatırladım. Aylar öncə onunla votsap üzərindən
yazışmamız olmuşdu:
- Cahangir müəllim, sizi İTV-dən Günel Mehri narahat edir. Siz Bakıda
olanda üzbəüz
görüşüb çəkiliş
aparmaq istəyirəm.
- Mehri, Bakıda olan kimi bir günü
sizə ayıracam. Arxayın olun.
Həmin
yazışmanın üstündən
aylar keçir. Cahangir müəllim mənə mövzu ilə bağlı lazım olan foto materialları göndərir. Üstəlik,
özü məni axtarıb, Bakıya gələcəyi və çəkiliş üçün
ayıracağı günü
öncədən yazıb
bildirir. Bax belə...
Hə, Cahangir müəllim də gəlib çıxdı axı.
Tez müsahibimi qarşılayıram:
- Xoş gördük sizi Vətəndə.
- Xoş günləriniz olsun. Məkanı çox dəqiq seçmisiz a.
- Sizin kimi rejissordan
bunu eşitmək nə gözəl. Çalışdım ki, həm
rahat, həm də səmimi bir ortam olsun.
- Hə... Mənim üçün Fəxri xiyabanın yeri başqadır. Burda gəzişməyi sevirəm.
Sizə çox az adamın bildiyi bir faktı
danışım. Babam
Cahangir Zeynalovun da nəşi haradasa, buralardadır. Anam danışırdı ki, o vaxt
babam tif xəstəliyinə tutulur
və tez bir zamanda dünyasını
dəyişir. Onda anamın iki yaşı varmış. Babamı indiki Şəhidlər xiyabanının
yerində olan şəhər qəbiristanlığında
dəfn edirlər.
Sonra qərar çıxır
ki, bu qəbiristanlıq
ləğv edilsin və orada Kirov parkı salınsın. Anamın 9 yaşı olanda onlar molla
çağırıb qayda-qanunla
babamın nəşinin
qalıqlarını indiki
Fəxri xiyabanın yerində olan şəhər qəbiristanlığında
basdırırlar. İllər
sonra yeni qərar çıxır ki, bəs
bu yerdə Fəxri xiyaban salınacaq və kim istəyir, öz yaxınlarının
nəşini götürüb
başqa qəbiristanlığa
aparsın. Bu dəfə
anamla nənəm gəlib babamın məzarını axtaranda
o qarışıqlıqda məzarın yerinin itdiyini görürlər və beləliklə, bir təsadüf nəticəsində babam Cahangir Zeynalovun nəşi yeri naməlum olsa da, Fəxri xiyabanda qalır... Mən bilirəm ki, Nəsibə
xanımın arzusu vardı, Cahangir Zeynalovun qəbri bəlli olmasa da, heç olmazsa, abidəsi bu məkanda ucaldılsın...
Yəni bu məkan mənim üçün əzizdir.
Həm anama, həm babama görə, həm də bu gördüyünüz
şəxsiyyətlərin əksəriyyəti ilə
bir vaxtlar yaxın ünsiyyətim olub.
Bunu deyir və bəstəkar
Fikrət Əmirovun büstü ilə qabaq-qənşər dayanır.
Hətta bir anlıq salamlamağı
da unutmur:
- Salam, Fikrət əmi. Mehri, bu böyük insan qonşumuz idi. Yadıma gəlir ki, yay vaxtı həyətə çıxanda
onun açıq pəncərəsindən ətrafa
yayılan melodiyaları,
İlhamə Quliyeva ilə birgə məşq etdiyi ifalarını eşidirdim.
Bir qədər sonra həmin nəğmələr
dövrünün sevilən
mahnılarına çevriləndə
düşünürdüm ki, onların yaranma tarixçəsinin ilk şahidlərindən
biri olmuşam. Fikrət müəllim ədəb-ərkanlı insan
idi. Harda görsə, salamlaşırdı.
Övladları da özünə
bənzəmişdi. Təəssüf
ki, o boyda böyük
sənətkarları üzbəüz
qoyurdular. Qara Qarayevlə Fikrət Əmirovu deyirəm. İkisi də nəhəng sənətkar
idi. Amma aravuranlar olmayan söz-söhbəti
yaya-yaya onları bir-birindən
uzaqlaşdırmışdılar... Özü də tək onları yox, elə əksəriyyətini.
Gəzə-gəzə Arif Məlikovun qəbirüstü
abidəsinin qarşısında
dayanırıq. Əli
ilə ona işarə edir:
- Hə, bax bu
rəhmətliyin o qədər
kaprizli məqamlarının
şahidi olmuşam
ki. Həmişə də
demişəm ki, əsas
böyük sənətkardır.
Hələ Emin Sabitoğlunu demirəm...
Bir tamaşaya mahnı
yazdırmaq üçün
aylarla gözləməli
olurdum. Ən son anda yetişdirirdi bəstəni. Amma bilirdim
ki, gözlətsə də,
yubatsa da, ortaya dəyərli iş çıxaracaq. Hələ
mənim xətrimi istəyirdi a. Deyirdi, atamın əsərlərini
sənin kimi başa düşən, layiqli quruluş verən olmayıb. Şəki teatrında çalışanda Sabit Rəhmanın bir neçə əsərini
səhnələşdirmişdim axı.
- O bəstəkarlar pleyadası
təəssüf ki, sonlandı...
Elə kinoda da eyni durum.
- Əslində başqaları
da vardı. Sadəcə
böyük fiqurların
kölgəsində qalıb
çox tanınmadılar.
- Məsələn?
- Məsələn, bəstəkar
Fərhəng Hüseynov.
Qara Qarayevin şəxsən qiymətləndirdiyi
istedad idi. Həm peşəkar skripkaçı, həm bəstəkar idi. Təsəvvür edin ki,
1991-ci ildə Yaponiyada
YUNESKO-nun təşəbbüsü ilə "İpək yolu" beynəlxalq musiqi müsabiqəsi keçirilir. Müsabiqəyə
yüzlərlə əsər
göndərilir. Və
Fərhəng Hüseynovun
5 hissədən ibarət
olan "Zaman üzrə
səyahət" əsəri
mükafata layiq görülür. Diplomu təqdim edən təşkilatçılar söyləyirlər
ki, Yaponiya Azərbaycanı
ilk dəfə sizin simanızda tanıdı...
Bax belə istedadları olub bu məmləkətin. Və mən şanslı insanam ki, bir çoxu ilə bir məhəllədə
yaşamışam, bir
çoxu ilə çiyin-çiyinə çalışmışam...
- Kənardan baxanda Vətən necə görünür?
- Mehri, Vətən elə kənarda olanda duyulur da. Onda daha yaxşı hiss edirsən ona sevgini, ağı qaradan ayıra bilirsən. Bax mən uzun zamandır
Türkiyədə yaşayıram.
Adanada Çuxurova Universiteti Dövlət Konservatoriyasının teatr
aktyorluğu fakültəsində
pedaqoji fəaliyyətlə
məşğulam. Rusiya
teatr məktəbindən
öyrəndiyim klassik
ənənələr əsasında
nə qədər tələbələr yetişdirmişəm.
O tələbələrin bəziləri
indi bizim kafedrada dərs deyir, bəziləri üzdə olan simalara çevrilib. Yəni işlər çoxdur, bəhrəsini
də görürəm.
Amma bir məqam var ki,
mən teatra dövlət səviyyəsində
qoyulan hörməti, verilən dəyəri orada görmədim. Orada məmurların teatra marağı yoxdur. Bizdə isə hələ anamın sağlığında
ölkə rəhbəri
teatra gəlirdi, tamaşaları izləyirdi,
analiz edirdi, rəy bildirirdi. Mən orada yaşayanda, uzaqlaşanda bu fərqi anladım.
Bax adi bir
epizod danışım
da sizə. O vaxt anamın baş rolu canlandırdığı
"Qayınana" tamaşası
bəlkə də teatr tarixində ən çox oynanılan tamaşa idi. Və bir
gün səs-sədası
ölkə rəhbəri
Heydər Əliyevə
də çatır. Deyirlər ki, Nəsibə
xanım əzazil qayınana obrazını parlaq şəkildə təqdim edir. Heydər Əliyev anamın xətrini çox istəyirdi. Doğum günündə
zəng edib təbrikləşirdi və
hər il anamın yaşı qədər çiçəklər göndərirdi
evimizə. Sözümün
canı odur ki, Heydər Əliyev gəlir tamaşaya və necə bəyənirsə, deyir
ki, bu ki hazır filmdir, götürün, çəkin, tarixdə qalsın bu obraz. Filmi çəkirlər.
Amma filmdəki qayınana
başına gətirilən
oyunlara görə əzazil yox, məzlum görünür.
Heydər Əliyev filmə baxanda bu məqamı vurğulayır: "Tamaşada
qayınanaya baxıb gülürdük, filmdə
isə ona adamın yazığı
gəlir. Kaş elə tamaşadakı kimi obrazın əzazilliyini rejissor saxlayaydı". Yəni ölkə rəhbərinin
bu diqqəti, qayğısı sənət
adamlarında stimul yaradırdı. Allah hamısına
rəhmət eləsin.
...Gəlib çatırıq
Nəsibə xanımın
məzarüstü abidəsinə.
Əlindəki gülləri
düzməzdən öncə
heykəllə sözsüz
dialoqa "girir". Mənə o dialoq maraqlı olsa da, kadr arxasında qalıram. Sonra əliylə
heykəlin önünü
kəsən budağı
dartışdırır:
- Bu lap heykəlin üstünü
tutub ki...
Səhərdən ürəyimdə gəzdirdiyim
ən son sualı ünvanlayıram:
- Heç darıxmırsınız
ki?
- Çox darıxıram. Darıxmamaq mümkündürmü?
Hara getsək, köklər
bura bağlı. Mənim ölkədən
getməyimin səbəbi
o zamanın iqtisadi çətinlikləri ilə
bağlıydı. Keçid
dövrü idi və Nəsibə xanım xəstə yatırdı. Ona maliyyə
dəstəyi lazım idi. Mən heç kimə ağız açmadan gedib alnımın təri ilə, istedadım və bacarığımla
pulumu qazanmışam
və anamı 10 il yaşada bilmişəm.
İndi də deyəndə
getmək istəyirəm,
oradakı dost-tanışlar
inciyir ki, bura da sənin Vətənin. Biz
bir millət, iki dövlətik!..
...Vidalaşırıq. O uzaqlaşdıqca
yadıma Ceyms Kuperin "sonuncu mogikan" ifadəsi düşür. Bayaq onunla başladığım
dialoqu ürəyimdə
davam etdirirəm:
- Tanrı sizi qorusun, teatr adam, sənət adam. Bizim səhnə
sizin kimi sənətkarı itirsə
də, hər nailiyyətiniz baş ucalığımızdır. Və
ata nəsihətinə
görə də ayrıca təşəkkür:
"Qızım, bu həyatda kimsəyə görə cizgini pozma!.."
P.S. Saata baxıram - gecənin günortasıdır.
Haradasa itlər hürüşür, məncə,
tənhalıqlarını bölüşmək üçün.
Onlar səs-səsə
verdikcə mən gecənin bu vədəsi havanı dinləyən insanların
daha tənha olduqlarını anlayıram.
Və düşünürəm:
yəqin o insanlar elə cizgilərini pozmadıqları üçün
bu qədər tənhadırlar.
Günel
MEHRİ
525-ci
qəzet.- 2023.- 5 avqust.- S.13.