O, BÜTÜN BORCLARINIZI QAYTARACAQ  

 

Sözü əsatirlə başlamağım sizə çeçin gəlməsin. Elə o özü hərdən ən ciddi siyasi mətləblərdən bəhs edəndə qəfilcə dini rəvayətə üz tuturdu həm bizim dinin hekayəti ilə başqa dinin təmsilçisi olan məşhur dövlət, hökumət adamlarına böyük siyasətin qəliz mətləblərini çatdırırdı.

Bir dəfə yenə avropalıların böyük dəstəsini Bakıda qəbul edirdi Azərbaycanın mürəkkəb geosiyasi durumu, yaxın-uzaq əhatəsindəki dövlətlərlə əlaqələrinin vəd etdiyi çətinlik təhlükələri çılpaqlığı ilə anlatmaqçün söylədi ki, bizim dinin hekayətinə görə, Cənnətə aparan yol tükdən nazik, qılıncdan iti, incədən-incə körpüdən keçir. Sağa, ya sola azacıq yanlış addımınla Cəhənnəmə yuvarlana bilərsən. Biz bu gün müstəqilliyin ilk illərinin dövlətlərarası münasibətlərdəki belə cüzi yanılmaları da istisna edən sınaqlarla dolu yolu ilə irəliləyirik.

Bunu deyən aralarındakı münasibətlərdə yetərincə narahatlıqlar müşahidə edilməkdə olan həm Gürcüstan, həm Rusiya ilə, eyni anda həm ABŞ yenə həmin Rusiya ilə dostluq, əməkdaşlıq münasibətlərinin ideal ülgüsünü yaradan, birinin digərinə yanaşmalarındakı gərginliklər gah qalxıb, gah azalan İranla da, İsraillə , Türkiyə ilə qarşılıqlı ehtirama əsaslanan əlaqələrin sağlam təməllərini yaradan Azərbaycan öndəri Heydər Əliyev idi.

çağdaş dünya siyasətinin burulğanlı axarındakı dincə xristian, yəhudi olan bu qonaqlar Heydər Əliyevin müsəlman dini mifologiyasından aldığı bu bənzətmə ilə önlara ötürdüyü mətləbi dərhal gözəlcə anlayırdılar, həmin incədən-incə körpünü adlayarkən Azərbaycanı hər an izləyən təhlükələrin nədən ibarət olduğunu, haradan qaynaqlandığını da aydınca təsəvvür edirdilər.

Elə özü edən kimi, mən o böyük şəxsiyyət haqqındakı bu ibrətli əhvalatı əsrlərin uzağından gələn hədislə başlayıram.

Həccin həcc yeri var, köməyə, qayğıya ehtiyac duyana diqqət göstərməyin öz yeri. O da savabdır, bu da. Ancaq zahirən həcc ziyarəti kimi mühüm dini borcu yerinə yetirməklə bir yetimə nəvaziş göstərərək onun qəlbini sevindirməyi müqayisə edərkən bircə yetim başını sığallamaq 70 həccə bərabərdir söyləyən orta çağın müdrik din ailmləri dərs verirdilər. Anlatmaq istəyirdilər ki, bəzən savabın üzdən kiçik görünəni çəkicə ən müqəddəs əməl sayılan hanısısa mühüm dini borcun icrasından daha yüksək tutulmağa layiq ola bilər.

1973-cü il mayın 22-si idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti Büro iclası işini başlayırdı. O gün bir neçə saat ərzində respublika həyatından müzakirələrdə həmin bir neçə saata sığmayacaq qədər geniş olan bir silsilə ümdə məsələlərə baxılıb.

Üstündən yarım əsr keçəndən, dünya da, Azərbaycan da büsbütün dəyişəndən sonra tamamilə ayrı bir zaman içərisində həmin olmuşları bir nəzərdən keçirirkən onu anlayırıq ki, mahnının sözləri dəyişib, nəğmə həmin nəğmədir, hava həmin havadır. O uzaqda sayrışan, işığı sozalıb-itən dünəndə öyrənməli çox şeylər var.

Biz Şura hökumətindən imtina etdik. Zatən çox eybəcərlikləri ilə elə imtina edilməli idi bihudə deyil ki, yaranışından ona qarşı barışmaz müqavimətlər həmişə olmuşdu. Ancaq hər ölməlinin yaşamalı keyfiyyətləri hökmən olur. Onunku da vardı. Ən vacibi elə adında idi. Şura, yəni məclis, bir yerə toplaşaraq məsləhətləşmə, bilginlərin, ağsaqqalların məşvərəti, düzgün seçimin, ən haqlı qərarın ortaq ağılla tapılma yığnağı. Söz yox, hər Şuranın öz birincisi olur, onun da sözünün təsir gücü, həllediciliyi daha çox. Avtoritar deyilən o sovet hökumətinin məzmunu aşağıdan yuxarı, ən ali mərtəbəyədək elə sıra-sıra şuralardan ibarət idi. Mərkəzi Komitənin Bürosu da Azərbaycanın ali şurası idi. Təbii ki, bu yığıncaqlarda son qərar daha çox Birinciyə bağlı idi. Ancaq o, dinlənilməli olanların hər birini eşidirdi. O, iclaslara hazır qərarla gəlmirdi. Hətta hazır qərarla gələndə belə həmin şuradakı müzakirələrdən sonra bəzən tam fərqli qənaətə gəlirdi. Ona görə o da, ondan əvvəlki zamanlarda dünyanın hər yerində aqil adamlar səy ediblər ki, qədər bilici olsalar belə, həmişə yan-yörələrindəki şuralara səriştəli, qabil, uzaqgörən adamları toplasınlar ki, tutuşdurmaq, saf-çürük etmək, dəqiqləşdirmək, dürüstləşdirmək, ən azı öz-özlərinin dərəcədə haqlı olmalarını yoxlaya bilməkçün fürsətləri yaransın. Həmin Şura hökumətinin ən uzun hakimiyyət sürmüş liderlərinin ən güclüsü olmuş İosuf Stalin çox təcrübəli, tədbirli şəxsiyyət olub, zəhmli, iradəli adammış, sözünün qarşısına söz çıxarmaq mümkünsüz kimiymiş, amma müharibə illərində Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edən Stavkanın da, SSRİ-nin ali şurası olan Siyasi Büronun da rəhbəri olan Stalin o seçilmişlər dəstəsindəkilərin fikirlərinə sayğı ilə yanaşaraq, səbirlə dinləyərək bu şuraları həmişə qəbul edəcəyi yekun qərarlardan ötrü məhək daşı sayarmış. Daim təzələnən dünyadakı bu köhnə qəlibdən əlində səlahiyyət cəmlənmişlər büdrəməməkçün gərək heç vaxt vaz keçməyə. Əlbəttə ki, şura dedikləri həmişə şuranın şəkli yox, özü olanda faydasını verib.

yarım əsr əvvəlin 22 may günündə baş tutmuş həmin Büro iclası elə klassik bir şura - məşvərət məclisi örnəyidir ki, içərisində həm tarix, həm dərslər daşıyır.

Həmin gün müzakirə ediləcək respublika əhəmiyyətli bir neçə mühüm mövzunun yanında bir jurnalistin məsələsi vardı. O biri mövzuların hər biri onlarca yüzlərcə insanı əhatə edən dövlət səciyyəli mövzular idi, bu isə bircə nəfərlə bağlı məsələ. İclasın gündəliyindəki o qədər çoxsurətli məsələ sırasından bircə nəfərlə bağlı olan bu hadisəni seçib ona görə önə gətirmirəm ki, həmin adam mənə tanış çıxdı. Bunun üzərində ona görə məxsusi olaraq ilk növbədə dayanıram ki, bu, elə həmin 70 həccə bərabər olan savablardandır.

İclasın gündəliyinə baxınca diqqətimi ilk çəkən mövzu bu olmuşdu: "İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetinin redaktoru F.Həmidovun şikayətinin yoxlanılması haqqında".

Etdiyi şikayət yoxlanaraq nəticələri Mərkəzi Komitənin Bürosuna çıxarılmış Faiz Həmidovu mən yaxşı tanıyırdım. Adətən şikayətlər jurnalistdən olsa da, bu dəfə jurnalist şikayətçi idi respublika rəhbərinə imdad təvəqqesi ilə müraciət etmişdi. Çarəsi kəsiləndən, ümidi hər yerdən üzüləndən, o günəcən qazandığı hər şeyi, o sıradan azadlığını hətta həyatını da itirmək labüdlüyü ilə göz-gözə qalarkən Heydər Əliyevə son ümid yeri kimi üz tutmuşdu.

Faiz Həmidov sanballı jurnalist, qabil publisist, mahir qəzetçi olsa, o vaxtlar hər yetənə deyil, ən seçilmiş jurnalistlərə qismət olan "Qızıl qələm" mükafatına layiq görülsə , onu Azərbaycan mətbuatının hətta köhnə nəslindən bu gün tanıyanlar tək-tükdür. Çünki o, yüksək səviyyəsi yazı mədəniyyəti ilə mərkəzi mətbuatda, ən aparıcı qəzetlərimizdə, elə həmin "Kommunist"də, "Azərbaycan gəncləri"ndə, "Sovet kəndi"ndə ən aparıcı müxbirlərdən biri olmağa peşəkarlığı ilə tam uyğun idisə , ömrü boyu rayon qəzetlərində işlədi. Hansı rayondakı redaksiyaya rəhbərlik etdisə, həmin nəşri yalnız dövrün ənənəsi tələbinə müvafiq olaraq təsərrüfat qəzeti kimi buraxmadı, ən istedadlı qələmləri ətrafına yığdı, çevrəsində qəlbə yatan ədəbi-mədəni mühit şəkilləndirməyi bacardı.

Onunla ilk dəfə Kürdəmirdə tanış olmuşdum. Sovet dönəmində Kürdəmir Rayon Partiya Komitəsinin son birinci katibi müstəqillik dönəmində rayonun icra başçısı olmuş dostum Tofiq Kərimovla rayona hər səfərimdə mütləq görüşərdim növbəti gedişlərimdən birində onun otağında yerli "İrəli" qəzetinin yeni redaktoru Faiz Həmidovla rastlaşdıq. Həmin gündən başlanan dostluğumuz onun 1993-cü ildə 56 yaşında bitən ömrünün axırınadək davam etdi. O cür istedadlı, hələ çox faydalar verə biləcək bir insançün, əlbəttə ki, qısa bir ömür sürdü. Amma onun həyatı daha erkən, 1972-1973-cü illərdə - 35 yaşındaykən bitə bilərdi. Özü mənə danışmışdı. Bir dəfə Ağsu aşırımı səmtindəki bir yeməkxanada bizə gəlib qoşulası dostları gözləyə-gözləyə çay içirdik, ilıq bir payız günü idi, hava xoş, ətraf gözəlliklə dolu, birdən dalğınlaşdı: "Bilirsən, ola da bilərdi ki, biz bu gün səninlə heç üz-üzə oturmayaq, heç tanış, dost da olmayaq".

Elə bildim ona xas uzaqdan gəlməklə hansısa bir məzəli əhvalatı danışmaq istəyir, istər-istəməz güldüm. "Yox, həqiqi deyirəm. Mənim intiharın kandarında dayandığım da olub. Kürdəmirdəki dostlar heç bilmir, mən vaxtilə İsmayıllıda işləyəndə özümə qəsd etmək fikrinə düşmüşdüm. Sırf təsadüf o anda imkan vermədi həmin cəhdim baş tutsun. Ancaq onsuz da az sonra bir cəhd edəcəkdim bu dəfə hökmən alınacaqdı. Heydər Əliyev xilas etdi məni. Alınmayan intiharımdan əvvəl ona məktub göndərmişdim. Məktubu yola salmağımdan bir neçə gün sonra növbəti cəhdimə köklənmişdim ki, məni Bakıya, Mərkəzi Komitəyə çağırdılar hər şey dəyişdi".

Nədən xilas etmişdi onu Heydər Əliyev Faiz Həmidov onu yalnız respublikanın birinci səxsinin xilas edə biləcəyi bəlaya necə düşmüşdü?

Artıq 1969-cu ildən, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublika mətbuatının həyatında ciddi dönüş baş vermişdi. Heydər Əliyevin mətbuata jurnalistlərə səslənərək onları cəmiyyət həyatının gerçək güzgüsü olmağa dəvət etməsi, cəsarətli tənqidi yazılara geniş yer verilməsinə çağırması nəticəsiz qalmamışdı. Mərkəzi mətbuat öz yerində, rayon qəzetləri xeyli fəallaşmışdı. Ancaq 1970-ci illərin əvvəllərinin respublikanın şəhər rayon qəzetlərini vərəqləyərək müqayisə edərkən belə bir yəqinlik hasil olur ki, İsmayıllının "Zəhmətkeş"i bu baxımdan xüsusilə seçilib. Üstəlik, bu qəzetdə dərc edilən tənqidi yazılar nöqsanlara sərt ifşaçı münasibətilə yanaşı bədii səviyyəsi ilə fərqlənib. "Zəhmətkeş"in səhifələrində yer alan bu qəbil yazıların rayonun həyatında necə əks-səda oyatdığını canlanma yaratdığını o çağların canlı şahidləri, həmin dövrdə rayonun ictimai-siyasi, ədəbi-mədəni həyatı ilə sıx bağlı olmuş Saleh Valehov, Yaşar Nuriyev, Simran Həsənov digərləri yaxşı xatırlayırlar. Amma ən mötəbər şahidlər elə yazıların özləridir.

1972-ci ilin martında, Novruz ərəfəsində "Zəhmətkeş"in dalbadal çıxan iki yazısı rayonu əməlli-başlı silkələmişdi. Martın 4-ü qəzetindəki "Ağası gülüm olanın..." sərlövhəli felyetonun altında redaktorun imzası vardı. Güzəştsiz yazı rayonda torpaq sahələrinin qeyri-bərabər qanunsuz bölgüsündə peşəkarlaşmış Mican kənd sovetinin sədrindən başlayıb keçirdi "Oktyabr" kolxozunun sədrinə, oradan da gəlirdi artıq bu əməldə harınlaşmış İsmayıllı şəhər soveti sədrinin üzərinə. Kimə harada qədər torpaq verilib, hamısı adı ilə, ünvanı ilə dəqiq göstərilirdi felyetonun sonluğunda torpaq dəllallarının azğınlaşmasının səbəbini izah edir, onların himayədarını da barmaqla nişan verirdi: İsmayıllı Rayon Prokurorluğu. Felyetonun qəhrəmanı Qəmbərqulu Qəmiş oğlu İsmayıllıda torpaq paylamaqla bağlı saxtakarlıqları bitdə-bitdə bir dostuna nəql edəndən sonra o qayıdır ki, , indi gedib bunları prokurora söyləyəcəyəm. Qoy onların dərsini versin. Qəmbərqulu dostunun bu sadəlövh sözlərini istehza ilə qarşılayır: "Ağası gülüm olanın başına külüm olar".

Təbii, bu yazıdan sonra prokuror dişini bir tərəfdən qıcayır, şəhər sovetinin sədri obiri yandan, yazıda adı keçənlərin hərəsi qohum-əqrəbası ilə bərabər neçə səmtdən. Bir neçə gün ərzində bütün İsmayıllıda əsas söhbət pıçhapıç mövzusu olan bu felyetonun tozanağı yatmamış martın 16-da "Zəhmətkeş"də Faiz Həmidovun daha bir ifşaçı yazısı işıq üzü görür: "Milis sahə müfəttişi A.Bağıyevə açıq məktub". Bu yazısında da dikbaş redaktor dələduzlara quldurlara havadarlıq edən, onların cinayətlərini ört-basdıra çalışan bir milis işçisini qamçılasa da, əslində hədəfi rayon daxili işlər şöbəsidir. Yazır ki, qanunsuz əməllərinə, cinayətkarları qoruduğuna görə bu milis işçisinə idarəsində qaşının üstündə göz var deyən olmayacaq, ona görə düyünlərin çözülməsini burada yox, Bakıda, nazirlikdə aramaq gərəkdir. Qəzetin tribunasından həmin yolunu azmış milisə xəbərdarlıq edir ki, özünü yığışdır, sənə gəliş gələn tapılar: "Biz onu bilirik ki, şöbədə atamansan. Orada bir sözünü iki edən tapılmaz. Amma bu barədə respublika Daxili İşlər Nazirliyində xəbər tutsalar, sənə sağ ol deməzlər".

Oradan prokuror redaktorla qanlı-bıçaq olmuşdu, bu tərəfdən milis rəisi qoşulur ona. Söz yox, onlar rayon partiya komitəsinin birinci katibinə gileylənirdilər ki, qəzet sizə tabedir, onun ipini yığın, ya birdəfəlik buradan kənarlaşdırın. Ancaq təbiətcə qətiyyətli olmayan raykom katibinin ötkəm, inadkar redaktoru cilovlaması müşkül idi.

Faiz ruhca ədəbiyyat adamı idi, rayon qəzetinin imkanları qədər məhdud olsa da, Bakıda - "böyük" mətbuatda çap olunmaları heç sadə olmayan gənc ədəbi qüvvələrə meydan verirdi. Redaksiyanın qapıları Musa Yaqubun rəhbərlik etdiyi "Dağ çiçəkləri" ədəbi məclisinin üzünə həmişə açıq idi, bu söz yığnağında ilk dəfə səslənən neçə şeir az sonra "Zəhmətkeş"in səhifələrində İsmayıllını ev-ev gəzirdi. Baba Vəziroğlu, Maarif Soltan neçə başqa istedadlı gəncə səxavətlə qucaq açan yerli qəzet onlarçün əsl təkan nöqtəsi, tutduqları ədəbi yolda dayaq idi.

Qəzetdə artan ədəbi yazıları görəndə "deyəsən, təpinməyimizdən sonra redaktor bir az düzəldi" gümanına düşən rayon rəhbərliyini qəfilcə qəzetdə görünən yeni tənqidi yazılar təzədən cin atına mindirirdi. Görkəmli yazıçı Əbülhəsənin oğlu, sonraların respublikada tanınmış jurnalisti yazıçısı, redaksiyanın əməkdaşı Çingiz Ələkbərzadənin 1972-ci il sentyabrın 19-da dərc edilmiş "Bazarın gözləri" adlı məqaləsi redaktorun bir yox, bir dəstə yeni qatı əleyhdarını yaradır. Məzə qatışıq bu felyetonda bir oxla bir neçə dovşan vurulurdu. Kolxoz bazarının ara alverçilərinin meydan suladığı məkana çevrilməsi, milisin onlara havadarlıq etməsi, bu alverçilərin ucbatından qiymətlərin kəlləçarxa qalxmasından sadəcə ümumi sözlərlə bəhs edilmirdi, bir-bir adlar sadalanırdı. Bazardakı antisanitariya isə ayrıca qəziyyə idi. Müxbir bazarın həkimindən bazarın müdirini xəbər alır. Deyirlər ki, gözü ağrıyır, gedib Göyçaya müalicə etdirməyə. felyeton belə bitirdi: "Deməli, hələ ümid yeri var. Bazarın müdirinin gözü sağalandan sonra o, hər şeyə daha yeni, daha sağlam gözlə baxa blər".

sahə müvəkkilinin bazarda hökm sürən "bazar"a dözümlü münasibətini yazı elə bazarkomla əlbirlik kimi your.

Vaxtilə həmin "Zəhmətkeş" qəzetində çalışmış Valeh Salehov da təsdiqləyir ki, bütün bunlar yığıla-yığıla, başda rayon rəhbərliyi olmaqla, böyük bir dəstə tənqidə məruz qalmışları da birləşməyə, yolagəlməz müxbirə ağır qulaqburması verməyə sövq etdi, başladılar Faiz müəllimə tələ qurmağa. Redaktorun başı üzərindəki buludlar qatılaşmışdı. Valeh müəllim yada salır ki, hətta o yerə çatmışdı ki, redaktorun işə gəlməsinə imkan vermirdilər.

Həqiqətən , qaldırıram "Zəhmətkeş" qəzetinin köhnə saylarını, baxıram ki, 1971-ci ildən etibarən arada neçə nömrədə redaktor olaraq onun imzası yoxdur, amma bir az ötür, o, yenə üzə çıxır. Lakin 1972-ci ilin 2 noyabr sayından sonra qəzetdə daha Faiz Həmidovun adı görünmür, redaktor əvəzi kimi müavin Bəybala Babayev göstərilir. Sən demə, rəsmən işdən çıxarılmasa da (əslində, rayon partiya komitəsinin yerli qəzetin redaktorunu işdən çıxarmaq səlahiyyəti yox idi. Uzaqbaşı Mərkəzi Komitəyə təqdimat yaza bilərdilər son qərarı vermək Bakılıq idi), raykomdan redaksiyaya göstəriş verilirmiş ki, Həmidovu işə buraxmayın, maaşını verməyin. Bu hikkəli əmrə redaktor müavini Bəybala Babayev əməl etməli idi. Onu isə işə Faiz Həmidov götürmüşdü. Həm rahatlıqla deyil, buna mane olan raykomun müqavimətini qıraraq. Bəlkə Faiz Həmidova qarşı birinci katibin qərəzi elə o vaxtdan başlayıbmış. Bəybala Babayev 2015-ci ildə İsmayıllıdaklı mətbuatın tarixinə həsr edilmiş "Tarixi yaşadanlar" adlı bir kitab yazıb orada həmin sıxıntılı günlərlə bağlı xatirələrini əks etdirib: "Birinci katib Ramiz Qardaşov məzuniyyətə çıxmışdı, onu ikinci katib Bayram Əsədov əvəz edirdi. Birinci katib məzuniyyətə gedəndə qəzetə redaktor müavininin təyin edilməsi məsələsini növbəti büro iclasının gündəliyinə salmağı tapşırmışdı. Bu vəzifəyə raykomda təlimatçı işləyən, ixtisasca iqtisadçı olan bir nəfəri göndərməyi qərara almışdılar. Büro iclasına gələn F.Həmidovun bu məsələdən xəbəri yoxmuş. Gündəlikdəki növbəti məsələ elan ediləndə Faiz müəllim çaşqın qalır. Onda Faiz müəllim əməlli-başlı mübahisəyə qalxmalı olur. İkinci katib B.Əsədov israr edir ki, birinci məzuniyyətə gedəndə bu adamı təsdiqləməyi dönə-dönə tapşırıb. İndi deyirsən, biz birincinin tapşırığını yerinə yetirməyək?

"O ancaq mənim meyitimin üstündən keçib müavin kreslosunda əyləşə bilər. Elədirsə, mən işdən çıxmaq barədə ərizəmi yazıram", - deyərək Faiz müəllim iclasdan çıxır. Qəbul otağındaca işdən azad olunması barədə ərizəsini yazıb büro iclasına qayıdaraq onu B.Əsədovun qarşısına qoyur. İşi belə görən ikinci katib bu məsələni növbəti büro iclasına saxlayır. İkincinin sərbəst qərar qəbul etməyə səlahiyyəti, cəsarəti çatardı.".

Birinci katib məzuniyyətdən qayıdır, redaktor gedir onun qəbuluna, höcətləşir, əsaslandırır, israr edir R.Qardaşovu özlüyündə qəbul etmiş olduğu qərardan daşındırmağı bacarır məhz öz arzuladığı namizədin - Bəybala Babayevin müavin təyin edilməsinə nail olur. Sovet onillərində, görənlər bilir ki, raykom katiblərinə "balaca padşahlar" (bəlkə zamanında heç əski şahlarda bunlardakı təkəbbür olmamışdı) deyərdilər, onların bir sözünü iki eləmək idi! Təsəvvür edin ki, Faiz necə dirəşibmişsə, "balaca"nı tüpürdyünü yalamağa vadar edə bilibmiş. Belə sancmalarsa unudulmur, dərindəki kini bir az da qaynadır.

İndi həmin Bəybalaya birinci katib göstəriş verirdi ki, Faizi redaksiyaya buraxma, onun adı qəzetdə görünməsin. İsmayıllı balaca yer idi. Faizin redaksiyaya qədəm basmasının qadağan edilməsi, məvacibsiz saxlanması xəbəri onun felyetonlarının yayıldığı sürətlə rayonu dolaşır.

İllər ayrılığından sonra Bəybala Babayev o üzücü günləri anırdı: "Mən iki yol ayrıcında qalmışdım. Bu barədə Faiz müəllimə bildirdim. O da yuxarılara məlumat vermişdi. Mərkəzi Komitədən mənə zəng vurub soruşdular

"- Faiz Həmidovun əməkhaqqını verirsinizmi?

- Verirdim, birinci tapşırıb ki, saxlayım, - dedim.

- Bəs onun ailəsi necə dolanmalıdır, niyə vermirsiniz? - deyən əsəbi səs eşitdim.

...Mən birinci ilə olan söhbətim Mərkəzi Komitədən olan zənglər barədə Faiz müəllimə məlumat verdim. O da öz növbəsində Mərkəzi Komitədə kimlərləsə görüşüb məsələni izah eləmişdi, demişdi ki, axı onda günah var. Siz birinciyə tapşırın. Babayevə qalsa, əməkhaqqımı saxlamaz".

Bu cür gözümçıxdıya salmalar, işlə əlaqədar şəxsi zəmində müxtəlif qarayaxmalar, guya redaksiyanın xanım mühasibi ilə aralarında münasibətlər olması barədə böhtanların uydurulması, onu qadınla şərləmək istiqamətində digər çirkin şayiələrə rəvac verilməsi, nəhayət, həddi-büluğa çatmamış qız uşağını zorlama iftirası ilə cinayət işinin açılması, partiyadan çıxarılmasına tədarük görülməsi Faizi elə pisikdirir ki, sanki çıxılmaz görünən bu şər-şəbədə məngənəsindən qurtulmaqçün özünü öldürməyi yeganə çıxış yolu kimi görür.

Təzyiqlər ki belə başlamışdı, onu bir neçə ağır maddə ilə 15 ilə qədər həbs cəzası, rüsvayçılıq, ailəsinin , özünün taleyinin qırılması gözləyirdi.

Vaxtilə İsmayıllı rayonunda prokuror işləmiş general Akif Rəfiyevdən bu hadisələrlə bağlı dərəcədə məlumatlı olmağını soruşuram. Deyir ki, mən İsmayıllıda 1965-1970-ci illər arası işlədim. Oradan Mingəçevirə, sonra da Zaqatalaya getdim. Məndən sonra İsmayıllıda qısa müddətdə, təxminən 1 il Əhmədiyyə Hacıyev işlədi, ardınca isə İsmət Qayıbov gəldi. Həmin macəralı  raykom katibi Ramiz Qardaşovdan danışan Akif Rəfiyev söyləyir ki, mənimlə yola getmirdi, hətta buradan başqa rayona köçürüləndə mənə müsbət xasiyyətnamə belə vermək istəmirdi: "Zaqatalada işləyəndə Qardaşovla rastlaşdım. Əslən oralı idi. Dedi ki, işsizdir. Onu bir məktəbə direktor düzəltdim. Sonra gəlib yoldaşının da məsələsini xahiş etdi. Buna da yardımçı oldum. Ardınca da oğlunun sistemdə işləməsi xahişiylə gəlmişdi. Ona heç nəyi xatırlatmadan bu istəyinə əməl etdim".

...Heç vaxt Mərkəzi Komitənin Büro iclasında bir jurnalistin məsələsi bu şəkildə qoyulmamış, heç vaxt bir mətbuat adamı yüksək çinli dövlət məmurlarının həmlələrindən belə ürəklə qorunmamışdı. Bu bir tarixi an idi. Mətbuat tariximizi yazanlar bu ibrətli hekayəti yaddan çıxarmasınlar, dərsliklərə salsınlar.

1973-ci il, mayın 22-si. Mərkəzi Komitənin Büro iclası gedir, Heydər Əliyev danışır, ona ümumi mənzərə məlumdur, bu gün bu iclasda jurnalisti ona hücum çəkənlərin caynağından birdəfəlik alacaq, bəraətini verəcək. Amma onu təqib etmişlərdən asanlıqla əl çəkmək fikri yoxdur: "Təqdim olunan arayış göstərir ki, bu, sözsüz ki, biabırçı faktdır, bu hadisə bizi çox narahat edir. Amma biz indi qərar da qəbul edə bilmirik. Çünki indi katib Ramiz Qardaşov başqa cür danışdı, milis rəisi Arif Əhmədov da başqa cür danışır. Ona görə belə təsəvvür yaranır ki, məsələ MK-da hələ sonacan araşdırılmayıb. Mən indiyə qədər yoldaşlara dəfələlə demişəm məsələləri burada müzakirəyə çıxarmaq üçün hazırlayanları bu gün Büro adından bir daha xəbərdar etmək istəyirəm. Mövzu ilə əlaqədar sənədi elə bişirib hazırlamaq lazımdır ki, MK Bürosu üzvlərində qərar qəbul edərkən heç bir tərəddüd yaranmasın. Prinsipcə, təqdim olunmuş layihəyə əsasən qərarı qəbul etmək bizimçün çətin deyil. Ancaq gərək hər bir Büro üzvündə məsələ ilə bağlı tam aydınlıq hasil olsun. Əgər Qardaşov bütün bu işləri özü saxtakarlıqla quraşdırıbsa, partiya onun yeri deyil, bu işi qaldıran inzibati orqanların işçiləri müvafiq cəzalarını almalıdırlar. Yox, əgər belə deyilsə, biz hansısa şübhələr əsasında Qardaşov yoldaşa şiddətli töhmət, ya hansısa başqa cəza verə bilmərik. Amma şəxsən məndə belə bir təsəvvür yaranmadı. Eyni zamanda Qardaşov yoldaşın davranışı çox ciddi şübhə doğurur. Çünki xüsusi marağı olmasaydı, belə qərar qəbul etməzdi. Gəlin Ramiz Məmmədzadənin sədrliyi ilə bir komissiya yaradaq. O komissiyaya Teymur Əliyev, inzibati orqanlarla şöbəsinin rəisi Cəfər Vəliyev, daxili işlər naziri Arif Heydərov, respublika prokurorunun birinci müavini köhnə komissiyada olmuş digər yoldaşlar daxil edilsinlər, 10 gün müddətində məsələni bir diqqətlə araşdıraraq öz yekun təkliflərini Mərkəzi Komitə Bürosuna təqdim etsinlər. Bu məsələni Büroda ikinci dəfə müzakirə etməyəcəyik. Biz komissiyanın qərarına əsasən qərar qəbul edəcəyik".

sözünü yekunlaşdıraraq deyir ki, biz bu gün bu məsələnin müzakirəsinə çox vaxt həsr etdik. Ancaq əsas məsələ ondan ibarətdir ki, gərək obyektiv qərar qəbul edək. Hansınızın hansı günahı var, öz vicdanınız qarşısında cavabdeh olun. Komissiyanı incitməyin, olubsa, hamısını səmimi söyləyin. Komissiya üzvlərindən xahiş edirəm ki, məsələyə bütün ciddiyyəti dəqiqliyi ilə yanaşın, elə edin ki, Büro üzvlərində bu məsələ ilə bağlı tam aydın fikir yaransın".

Heydər Əliyevi hiddətləndirən o idi ki, bir qələm adamına, jurnalistə sözündən, yolundan dönməyə vadar etmək üçün ağır fiziki təzyiq göstərmişdilər. Həm bu, milis işçilərinin iştirakı ilə edilmişdi.

F.Həmidov hələ 1971-ci il martın 16-da öz istəyi ilə işdən çıxmaq haqda raykoma ərizə yazmışdı, səbəb olaraq qəzetdə tənqidə məruz qalmış vəzifəlilər tərəfindən təhdid edildiyini göstərmişdi. Fəqət daha rəzil niyyətləri olduğundan onu belə sadəcə buraxmaq istəməmiş, ərizəsini bir qırağa qoymuşdular. Onların intiqam saatı qarşıdaymış.

1972-ci ilin 30 oktyabrında Faiz Həmidov kolxozçu B.Məhərrəmova qonaq gedir. Elə ora çatan kimi bir dəstə naməlum adam üstünə tökülərək onu çırpmağa başlayır. Heç dəqiqələr keçməmiş orada milis işçiləri peyda olur bunu belə yozurlar ki, guya redaktorun həmin kolxozçunun qızı ilə gəzməsi haqda camaat arasında şayiə gəzirdi, biz onun orada kötəklənməsindən xəbər tutduq, cəld özümüzü hadisə yerinə çatdırdıq. Ancaq araşdırma müəyyən etmişdi ki, bütün bunlar böhtandır (qız da, onun atası da bunun yalan olduğunu təsdiqləmişdilər) bu da sübut edilmişdi ki, döyən adamlar da əvvəlcədən təşkil olunubmuş, milis onlarla əlbirmiş. Qəti hərəkətə keçmiş rayon rəhbərliyi yubatmadan elə ertəsi gün - oktyabrın 31-də Faiz Həmidovun tutduğu vəzifədən kənarlaşdırılması haqda büronun qərarını qəbul edir. Ardınca da məkrli planın digər hissəsinin icrasına başlayırlar. Öz aləmlərində artıq işdən çıxarılmış sabiq redaktoru sonadək əzmək xəttini tuturlar. Faiz Həmidovu xəcil etmək, biryolluq gözdən salmaq məqsədi güdən qüvvələr tələm-tələsik saxta cinayət işi quraşdıraraq bu dəfə onu azyaşlı B.Y.-ni zorlamaqda ittiham edirlər istintaqı başlatdırırlar.

Komissiya bütün epizodları bir daha araşdırır, dəqiqləşdirir, ittihamların puçluğu, quramalığı aşkarlanır, redaktora atılan böhtanların əsassızlığı, quruca şər olması üzə çıxır bu da isbat olunur ki, F.Həmidova qarşı irtica onun ayrı-ayrı milis işçilərinin fəaliyyəti ilə bağlı qəzetdə dərc etdiyi yazılardan sonra vüsət almağa başlayıbmış.

Mərkəzi Komitə Faiz Həmidovun işdən çıxarılması partiya üzvlüyü məsələsinə baxılması barədə İsmayıllı Rayon Partiya Komitəsi bürosunun qərarını əsassızlığına görə ləğv edir. İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibinə uçot vərəqinə yazılmaqla şiddətli töhmət elan edilir. Respublikanın Baş prokuroru Qambay Məmmədovun təqdimatına əsasən Faiz Həmidovu zorlamada ittiham edən cinayət işi cinayət tərkibi olmadığına görə dayandırılır. Büro daxili işlər naziri Arif Heydərova respublikanın Baş prokuroruna əsassız cinayət işinin başladılması Faiz Həmidova qarşı təxribatların təşkilində günahı olanların müəyyənləşdirilərək cəzalandırılmasını həvalə edir. Büronun qərarında Faiz Həmidovu məzəmmət edən cümlə var: onu zəiflik göstərərək özünəqəsdə cəhd etməsinə görə qınayırlar. Artıq redaktor vəzifəsinə bərpa edilmiş Faiz Həmidovun haqlı olaraq başqa işə keçirilməsi məqsədəuyğun hesab edilir bir müddət sonra o, yeni yerində - 1960-70-ci illərdə güclü rayon qəzetlərindən sayılan Əli Bayramlının (indiki Şirvan) "İşıq"ında fəaliyyətə başlayır. Orada lap az işləyəcək, sonra illərcə Kürdəmirin "İrəli"sinin redaktoru olacaq, qəzetə yeni hüsn verəcək indi onun həmin dövrdən mənə yadigar qalmış bir qovluğunu açıram. Kürdəmirin Ərəbqulu kəndinin Molla Nəsrəddini sayılmış Novruz kişinin el dilində gəzən lətifələrini toplayıb ( yaxşı ki, vaxtında edib bunları, nəsillər dəyişdi, o söyləmələri sinələrində daşıyanların, Novruz kişini görmüşlərin biri qalmayıb daha), özünün qısa hekayələri var bu qovluqda, bir şeirləri. 1980-ci illərin sonlarında vermişdi bu yazıları mənə, o vaxt bir toplu hazırlamağı düşünürdük, qarışıq illər başlandı, nəsə bu istək unuduldu, sonra da əbədi ayrılıq gəldi, amma yazıya pozu yoxdur, bu yazılar da qalır. Oradakı şeirlərdən birindəki bu misraların tarixçəsini bilirəm, tamam ayrı münasibətlə yazılıb, amma bu anlarda nəsə mənə elə gəlir ki, həmin sətirlər unudulmaz Faiz müəllimin ürəyindən, düşüncəsindən məhz 1973-cü ilin 22 may günü, Büro iclasından, Mərkəzi Komitənin binasından çıxaraq yenidən dünyaya gəlibmiş kimi Bakı küçələri ilə təkcə xoşbəxt addımladığı dəqiqələrdə keçib:

 

 

Bu gün dünya daha gözəl dünənkindən,

Bir başqayıq bugünkü mən, dünənki mən.

Bu çırağı sən yandırdın həyatımda,

Qalacaqsan varlığımda o işıqla.

 

 

..."Quran"ın 73-cü "Müzzəmmil" surəsinin 20-ci ayəsi öyüd verir: "Allaha gözəl borc (qərz ül-həsənə) verin".

Parlaq Şəms Təbrizi ehtiyacsız Pərvərdigara borc verilməsi ayəsini belə izah edirdi - Müqəddəs Kitabın bu tövsiyəsi onu nəzərdə tutur ki, çalışın həmişə ehtiyacı olanlara yardım edəsiniz. Müqabilində Allah-taala sizə borcu varmış kimi bunun əvəzini mütləq ödəyəcək!

Artıq uçurumun kənarında dayanan, məhv edilməsinə bircə addım qalmış Faiz Həmidovun məktubuna, hər gün ünvanına gələn yüzlərlə məktubdan ayıraraq, xüsusi həssaslıqla yanaşan Heydər Əliyevin 1973-cü ilin 22 mayındakı xilaskarlığı, bir qələm adamına yeni həyat qanad bağışlaması elə növbəti dəfə Allaha borc vermək idi. Təsadüfən rəsmi iclasa aid bu səhifələr məxsusən mənim - Faiz Həmidovu tanımış bir adamın qarşısına çıxmasaydı, yəqin ki, onlara daha heç fikir verən olmayacaqdı.

Əgər həmin səhifələr indi qarşıma çıxdısa, mənə əziz olan iki adamı o vərəqlərin hesabına yeni cilvədə görmək fürsəti açıldısa, bu da Allahın işidir.

...Allaha tez-tez borc verin. O, bütün borclarınızı qaytaracaqdır. Yaxşılıq borcları verin ki, qarşınıza yaxşılıqlar çıxsın!

 

2 avqust 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 5 avqust.- S.10-11.