Yaşanmış duyğular

ŞEİR ŞƏKLİNDƏ PIÇILTILAR

 

Xalq şairi Musa Yaqub yazırdı ki, Əbülfət  yaşadığı sevgini şeir şəklində pıçıldayır. İnamla deyə bilərəm ki, bu kitabdakı şeirlər həmin pıçıltıların davamıdır.

Əbülfət Mədətoğlunun "Bir qadın unutdu məni" şeirlər kitabını oxudum böyük şairimiz Musa Yaqubun onun şeirləri  barədə söylədiyi həmin fikrin doğruluğuna heç  bir şübhəm qalmadı.  Musa Yaqub hər bir şairdən söz açanda ilk növbədə, həmin şairin duyğularının şeirdə necə əks olunduğuna diqqət yetirirdi. Əbülfətin şeirlərinin pıçıltı ilə müqayisə edilməsi heç şübhəsiz, bununla bağlıdır. Əlbəttə, pıçıltı sözünü şeirə yaraşdıranda təkcə bizim anladığımız ilkin məna nəzərdə tutulmur. Pıçıltıda (şeirdən söhbət gedirsə) bir çox mənalar ehtiva olunur- qəm , sevinc , etiraf da, gözəlliyə, gözəllərə heyranlıq da, həyat eşqi , kövrəklik ... Vüsal da hicran da.

 

Bağlama ürək qapımı,

Demə ki, gələn kədərdi...

Allahım bilir tabımı -

Dözümüm hara qədərdi.

 

Əbülfəti sırf sevgi şairi kimi səciyyələndirmək olarmı?  Məncə, o təbiət şeirlərində, ya yurda, Vətənə həsr etdiyi şeirlərdə olduğu kimi sevgi şeirlərində eyni ruhun, eyni ovqatın şairidir. Amma sevgi şeirlərində fərdi, subyektiv duyğular aparıcıdır. Bu şeirlərdə hər şey ürəklə bağlıdır-danışan ÜRƏKdir.

 

Ürəyim sevgi kitabı,

amma üstə bir şəkil var.

bu kitabın hər səhifəsi

sənin adınla başlar-

oxumasan, inanmazsan.

 

ürəyim sevgi kitabı

vərəqlər-sənli anlarım.

vergüldən nöqtəyə qədər

hər işarəni anladım.

 

"Bir qadın unutdu məni" kitabındakı sevgi şeirlərini bir ürəyin sevgi nağılları da adlandırmaq olar. Amma bu nağıllarda enişlər, yoxuşlar bir-birini təqib edir. Lirik qəhrəman, sevən aşiq- Şair daha çox öz kədərli, qüssəli, ayrılıqdan doğan anlarını qələmə alır, yəni hicran xətti şeirlərdə aparıcıdır. Görürsən ki, lirik qəhrəman həm ayrılıqdan əzab çəkir, həm bu ayrılığın sona yetmsəsi barədə düşünmür.

 

Qapını döyən sükutam,

Yanında dil-dil ötəcəm!..

Küncündə bir yer göstərsən-

Olacam bülbül, ötəcəm!..

 

 

İçimdəki sonsuz istək-

Eşqdir, verir dəstək!

Ürəyini saxla buztək

Səninçün min il ötəcəm!

 

Nağıllar heç həmişə döyüşsüz, mübarizəsiz, cəngsiz-cidasız başa gəlmir. Bəs Əbülfətin sevgi nağılında necə? Burada onun sevgi babası Məcnundan  gələn bir işarə var. Qeys -Leyli aşiqi öz hisslərini açıq şəkildə bildirməyə can atır uğursuz anlar yaşayır. Məcnunlaşandan sonra isə o mübarizə onun daxilinə, ruhuna köçür. Çünki Leyli artıq onun içindədir, Leyli ilə qarşılaşanda deyir ki: "Gər mən mən isəm, nəsən sən, ey yar? Vər, sən sən isən,  nəyəm məni-zar?". Əbülfətin sevgi şeirlərində vüsal haqqında çox danışılmır, heç bu vüsalın baş tutacağına  işarə çox az ümid verir.

Əsas odur ki, sevgi yaşantıları  - sevən adamın ürək çırpıntıları -içəridən gələn səslərlə qarşılaşırsan. O, sevgi yollarında yorulmadan  yol gedir bu yollar bitmir:

 

Asmışam yaddaşda xəlbir

Olmuşam xəyalla əlbir.

Ürəyin istəsə gəl bir

Gör hansı hallardayam mən.

Yol ölçüb yorulmuş kimi,

Kösövü qor olmuş kimi...

Havası sorulmuş kimi-

Yenə xəyallardayam mən.

 

 

Əlini əlimə verir

Bəxt məni imtahan edir.

Vuruşlar içimdə gedir-

Dərvişəm, yollardayam mən.

Əsl aşiq - sevən insan elə dərviş kimi yollarda olmalıdır.

 

Əbülfətin sevgi şeirləri həm onun bir şair kimi sözlərə aşiqliyini sübut edir. Onun şeirlərində kələkötür, yerinə düşməyən ifadələrə rast gəlməzsən. Qoşma gəraylılarında, həmçinin, hecanın müxtəlif ölçülərində yazdığı şeirlərində poeziyanın yaraşığı olan təşbihlər, metaforalar, digər bədii təsvir vasitələri, poetik naxışlar onun şeirlərinin başlıca məziyyətləridir. Əbülfətin ümidə bağlı bir şeirini mən çox bəyənirəm:

 

Mən gözümü yığmışam

Sevincdən uğurdan.

Mən özümü yıxmışam

Ümiddən ağrıdan.

 

 

Ürəyimi sözbəsöz

Yandıraraq közbəköz.

Özümə döz!-deyib, döz-

Qorxuram  tay axırdan.

 

Gün ağrılı, zaman dar,

Tar bağlayıb, həsrət dar!

Ruhumda bir fərəh var..

Gözlərimdən axır dan.

 

Əbülfət Mədətoğlu qarabağlıdır Qarabağı təkcə bütün varlığında deyil, həm şeirlərində, yazdığı publisistik məqalələrində, müsahibə çıxışlarında da yaşadır. Onun hər yeni şeir kitabında biz Qarabağ  sevgisini hiss edirik, nəinki hiss edirik, həm o hisslərin təsiri ilə biz əbülfətləşirik, qarabağlaşırıq. Baxın:

 

Əlim ürəyi sıxdı,

Gözüm torpağı tutdu...

Dilimdən "MÜJDƏ" çıxdı,

Varlığımı unutdum -

 

ŞUŞAM!

 

Bu o Şuşadır ki, Vaqif poeziya günlərində Əbülfət orada iştirak edirdi mən onun gözlərində gördüyüm o sevinci bəlkə heç kimdə belə şahə qalxan görməmişdim.

 

 

Şuşa şölənində, Vaqif günündə

Ruhlar da, sözlər ləpələnirdi.

Sevgilər, sevinclər Xarı bülbültək-

Şuşa səmasına səpələnirdi.

 

Mən Şuşada ilk dəfə olurdum doğrudan da sevgilərin, sevinclərin Şuşa səmasına necə səpələndiyini görürdüm.

Əbülfət məşhur Tuğ kəndindəndir o kənd onun böyük Vətən sevgisinin başlanğıcıdır.. O, bu kənddə otuz illik həsrətdən sonra şəhid daşlara baş əyir:

 

Bir daşın üz-gözündə

Saydım güllə yerlərin...

Daş dəfn edib özündə

Düşmənin güllələrin.

 

Ümumiyyətlə, şəhidlik mövzusu onun son illərdə tez-tez müraciət etdiyi mövzudur Əbülfət şəhidliyi qəhrəmanlıq səviyyəsində dərk edir. Amma şəhidlikdə həm məhzunluq var, kədər var onun şəhid analarına həsr etdiyi şeirlərdə biz o anaların dolğun obrazları ilə qarşılaşırıq. Baxın:

 

Xəyaldakı dünəni,

Bu gününə calayır...

Çəkdiyi ahları da,

Öz içində qalayır!-

Şəhid anası...

 

Bununla kifayətlənməyib  "Şəhid anasının mənzərəsi"ni rəsm edir. O ana "Kükrəyən dənizdi, coşan dəryadı- Çıxıb yatağından üstümə gəlir".

Əbülfət Mədətoğlu bugünün şairidir, amma sifarişçi şair deyil, yəni onu düşündürürsə, o düşüncələrə kökləyir şeirlərini.  Bəzən şeirlərində dünyanın, həyatın, gerçəkliyin ona bəxş etdiyi sıxıntılardan söz açır, bəzən Allaha  üz tutur, "göydəki ünvana məktub" göndərir, bəzən ölüm son mənzil haqqında düşünür, amma nədən yazırsa-yazsın öz təbiilik meyarına sadiq qalır. Şeirdə təbiilik şairin həyat  hadisələrinə süni deyil, necə varsa-təbii yanaşması deməkdir. Həm bu təbiilik primitiv şəkildə deyil, poetik yanaşma ilə diqqəti cəlb etməlidir.

Mən Əbülfətin " qədər ki.." şeiri ilə fikrimi tamamlayıram. Bu şeir onun proqram səciyyəli şeirlərindəndir.

 

Yanaqlarım göynəyir,

Dodaqlarımda çat var...

Həsrətim qabıq qoyub

Bilinmir neçə qat var.

 

Söz gəlib meydən düşüb,

Düşünmə, göydən düşüb...

Yorulub, heydən düşüb-

Güllələnməli at var!..

 

Bu odun közü üstə,

Düşərəm üzü üstə!

Sən şahın dizi üstə-

Mənim kimi bir mat var...

 

Ruhumun yaylağında ,

Dərd sərib qaymağın da!..

Həsrətin oylağında-

Həm üst, həm ki alt var!..

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2023.- 9 avqust.- S.15;16.